ORALARDA KİMLƏR VAR : MODİLYANİ-1

 

ÖMRÜN SON AKKORDLARI

 

Amadeo Modilyani kimdir : 1884-cü il iyulun 12-də İtaliyanın Livorna şəhərində gələcəkdə hamını heyrətə gətirəcək rəssam dünyaya gəlir. 1906-cı ildə Parisə köçən rəssam Pablo Pikasso ilə tanış olur, sonrakı yaradıcılığında bu dahi sənətkarın yaradıcılığından təsirlənir.Rəssam 1920-ci ildə, 36 yaşında Parisdə dünyasını dəyişir.Parisin ən yaraşıqlı,ən gözəl, ən poetik, ən ürəkağrıdan guşələrindən biri də Per-Laşez qəbiristanlığıdır.İllah da ki,yay aylarında...Yaşıllıqlar içindən keçirsən, darısqal cığırlar səni ardınca çəkir, körpə budaqların məzarlar arasına düşən kölgəsiylə addımlayırsan, hansısa başdaşının,büstün qarşısında bu isti yay günündə üşüyürsən, üşüyürsən. Bu soyuqluq məzarlarda yatan neçə-neçə insanın xatirəsinin soyuqluğudur.Ötən əsrlərin klassizmindən, romantizmindən nə qədər qiymətli əl yazıları,işləmələr,fiqurlar var burda. Bu məzar daşlarında həkk olunmuş dahi yazıçıların, filosofların, artistlərin, rəssamların, alimlərin adları önündə baş əyirsən.

Canlanır hər şey: xətlər,cizgilər. Burada diqqəti çəkən yeni,orijinal,gözlənilməz simvolik memarlıq detalları dipdiridir elə bil. Fransanın şöhrəti, Fransız dahiləri...uyuyur burada...Və bu dahilərin ömür salnaməsi ...Mərmər və qranit daşlar üzərində.

Bu məzarlar üstünə qoyulan təptəzə güllər və hətta süni çiçəklər belə göz oxşayır, canlılıq verir qəbirlərə.

Bu məzarlığın ayrıca olaraq böyük bir hissəsi də var. Bura böyük bir rayon sahəsini xatırladır. Tamam bambaşqadır burada hər şey. Sapsarıdır rənglər burada.

Burada da qəşəng, gözəgəlimli başdaşları var.Burada da təzə çiçəklərə rast gəlmək olar. Ancaq bu məzar daşları,bu çiçəklər bomboz qəbirlər,kasıb məzarlar, saralmış başdaşılar arasında itib-batır.

Burada əvvəllər Parisin kasıbları basdırılırdı.Yerlə bərabər bu məzarlar,bu sapsarı başdaşları məyus-məyus baxırlar.O qədər alçaqdırlar ki,torpağa batıblar.

Adsız,ünvansız nə qədər məzar var burda.

Və məhz bu gözəl Per-Laşez məzarlığının bu hissəsindəki qəbirlərdən birinin başdaşına italyanca yazılıb:

 

AMEDEO MODİLYANİ

12 iyul 1884-cü ildə Livornoda doğulub.

24 yanvar 1920-ci ildə Parisdə vəfat edib.

Ölüm onu ən şöhrətli çağında tapdı.

 

Eyni məzar daşının üstündə aşağıdakıları oxumaq mümkündür:

 

JANNA EBYUTERN

6 aprel 1898-ci ildə Parisdə doğulub.

25 yanvar 1920-ci ildə Parisdə vəfat edib.

Amedeo Modilyanisiz yaşamaq istəməyən vəfalı həyat yoldaşı.

 

Modilyani Janna Ebyüternlə 1917-ci ilin may ayında tanış olur.Və çox çəkmir ki,onunla evlənir.

...Deyirlər ki, guya Modilyani Janna ilə hansısa karnavalda tanış olub. Ancaq bu həqiqətə oxşamır. Ona görə ki, o vaxtlar Modilyani çətin ki,karnavala gedəydi və Jannaya rast gələydi.Deyənlər bəlkə ona istinad edirlər ki, Jannanın vur-tut cəmisi iki fotosu qalıb.Fotolardan birində onun əynində tünd qırmızı rəngdə yubka var, çiyninə damalı şal atmışdır. Qolları və çiyinləri görünür,o əllərini qoynuna qoymuşdur.Doğrudur, bu kostyum karnaval geyimidir,ancaq onun baxışlarındakı kədər, qüssə karnavallıqdan çox-çox uzaqdır. Onun bu məğrur, həm də eyni zamanda qəmli baxışında nə isə sirli bir şey gizlənib. Və bütün bunları –tərtəmiz,kədərli gözləri, bu duruşu biz Modilyaninin çəkdiyi bir neçə portretdə də aydın görürük.

Belə də deyirlər ki,guya Amedeo Jannanı Kolarassi Akademiyasında görüb. Buraya “Azad studiya” deyilən yerə hər gün saat beşdən yeddiyə kimi naturaçılar gələrdilər və bəzən də həvəskar rəssamlar əlli santim verib molbert alar,şəkillər çəkərdilər.

Və məhz belə günlərin birində Modilyani sıx, qısa hörüklü, işıqlı və solğun bənizli qızcığazın çox inadla rəsm çəkdiyini, nəyisə pozub yenidən düzəltdiyini görəndə ona rəhmi gəlir, bu qızcığazın əllərinin hərəkəti və rəsm manerası onun diqqətini çəkir. Yanaşır ona, bir neçə göstəriş verir.

O vaxt bu qızın ON DOQQUZ,

Modilyaninin isə OTUZ YAŞI vardı.

Məsələ ondaydı ki, həmin qız çoxdandı Modilyaninin rəsmlərinin “əsiri” idi.

Bir müddət sonra çox adam onları birlikdə görür. İlya Erenburq yazır ki, bir gün gördüm onlar necə də xoşbəxt, necə də mehriban əl-ələ tutub gedirdilər. Hiss edirdim ki, bu qız Modi üçün necə də sevinir və belə qənaətə gəldim ki, Modilyaninin “böyük romanı” başlayır.

Əslində isə heç kəs bilmirdi ki, Modilyaninin yanındakı bu qız kimdir və haradan peyda olub? O, öz kəsik hörüklərini oynada-oynada heç kimə məhəl qoymadan Modilyaninin yanında şəstlə addımlayar və harada oturardısa bir kəlmə də danışmazdı.

“O, quşa oxşayırdı, uçub gedə bilərdi, nazənin görümü heyran edirdi adamı. Astadan danışardı, danışanda bir qurtum da içki içməzdi. Ətrafdakılara heyranlıqla baxardı. “Rotonda”dakı hər şey ona evlərindəkindən fərqli görünərdi”. – Mark Talov belə yazır.

Janna ata-anasına deyəndə ki, rəssam olmaq istəyir, bəyəndilər fikrini. Valideynləri düşündülər ki, tətbiqi işləri ilə nəsə qazana bilər. Sonra deyəndə ki, Modilyaniyə ərə getmək istəyir, ev lərzəyə düşdü, aləm qarışdı bir-birinə. Dilənçi kökündə yaşayan, tanınmaz, yəhudi Modilyani bu katolik və meşşan ailə üçün yad idi.

Valideynləri demək olar ki, Jannanı evdən qovdular. Və unutdular. Hər halda uzun çəkdi bu ayrılıq.

Hamıya elə gəlirdi ki, Janna – bu qızcığaz zəifdir, dözməyəcək ata-anasından, qardaşından ayrılığa.

Düşünürdülər ki, gəldi-gedərdi onun bu hissləri, ancaq bu balaca qızcığazda nə boyda səbr, inad və cəsarət varmış!

Həmən bu qızcığaz Amedeonun başında olan bütün macəraları, əziyyətləri, faciəni onunla bölüşməyə hazır idi. Bilirdi ki, ona nə lazımdır, gözlərini yumub onun ardınca gedirdi. Onların arasında hələ heç vaxt kəbin söhbəti olmamışdı və ən təəccüblüsü bu idi ki, Janna bu barədə heç düşünmürdü də. Bütün bunlara baxmayaraq, Modilyaninin dostları da, Monparnasın rəssam təbəqəsi də, Florensiyada olan qohumları da, rəssamın qeydlərinə görə bu balaca qızcığazı onun dostu kimi yox, məhz həyat yoldaşı kimi tanıyırdılar.

Və nəhayət, Janna öz valideynlərini də məcbur elədi ki, onun hisslərinə, sevgisinə hörmət etsinlər.

Axı nə istəyirdi bu Adam...

Bütün bunlar yaxşıydı, gözəl idi, ancaq bəla bundaydı ki, bu balaca qızcığazın özü də Modilyaninin həyatında heç nəyi dəyişə bilmədi.Onun sərgərdan həyatını səhmana sala bilmədi, onu içkidən uzaqlaşdıra bilmədi.Qrand-Şomyerdəki nəmli emalatxanadan başqa onların qalacağı yer də yoxdu. Bu emalatxana iki darısqal otaqdan ibarət idi. Modilyani onun divarlarını narıncı rənglə rəngləmişdi.

Çoxları deyirdilər ki,Modilyani bu qədər içməklə, belə yaşamaqla “artistlik” edir. Pikassonun memuarlarından memuarlarına keçən zəhər dadlı ifadələrinə fikir verin: “Qəribəydi,Modilyanini bir dəfə də olsun Sen-Deni bulvarında sərxoş görməzsən, ancaq Monparnas bulvarı ilə Raspay bulvarının kəsişdiyi tində həmişə pis gündədir”

Ən təəccüblüsü, heyrətləndirici bu idi ki, içməyəndə Modilyani tamamilə başqa adam olurdu. Buna danılmaz misal onun işıqlı, gözəl əsərləri deyilmi? Təkcə əsərlərimi?!

Belə yazır Fransis Korko: “Qəribəydi, Modilyani heç vaxt, heç zaman öz dostlarından, öz yoldaşlarından birinin də xətrinə dəyməmişdi...”

Əlbəttə, bütün bu deyilənlər bir yana, “tamamilə başqa Modilyanini” Jannadan başqa heç kəs düzgün tanıya bilməzdi. Ancaq o, Modilyanini müalicəyə, həkimə getməyə dilə tuta bilərdi.

Həkim nəyə lazım idi? Həkimə ehtiyac yox idi. Həkimlikdən keçmişdi Modilyaninin işi. Gecələr səhərə qədər öskürəndə və get-gedə çöpə döndüyünü görəndə vərəmin onu nə günə saldığına şübhə ola bilməzdi.

Janna artıq hamilə idi. Uşaq gözləyirdi. Onun da vəziyyəti yaxşı deyildi.

Müalicə ümidi.

1918-ci ilin martında Zborovski (Modilyaninin hamisi ) və Jannanın qoca valideynləri gənc ər və arvadı öz pullarına cənuba göndərməyi qərara alırlar. Zborovski Nitsanı seçir. Onlar Massen küçəsindəki bir evə düşürlər. Jannanın anası da onlarla birgə yaşayır. Bir neçə gün keçməmiş Modilyani qaynanası ilə sözləşir və yaxınlıqdakı otelə köçməli olur. Və ümumiyyətlə, məlum olur ki, Nitsa Modilyani üçün heç də əlverişli yer deyil. Buradakı gözqamaşdırıcı mühit və harın adamlar Modilyanini boğaza yığır...

Payızın sonunda Modilyani yenidən Nitsaya gəlir. Burada noyabrın 29-da Jannanın qızı olur, adını da Janna qoyurlar.

Bu günlərdə Modilyani anasına yazırdı: “Çox xoşbəxtəm!”

Şübhəsiz, bu ifadənin ona heç bir dəxli yox idi. O, bu sözləri yazanda ilk növbədə hər iki Jannanı –həyat yoldaşını və qızını nəzərdə tuturdu.

Onun özünün işləri isə həddən ziyadə zülmlü idi.

Balaca Janna üçün dayə axtarmağa başlayırlar. Uşaq anasının –Janna Ebyüternin adına yazılır. Yazılır ona görə ki, onların kəbini yox idi.

Və buna görə də şəhadətnamədə ata adı yazılmamışdı. Artıq Janna ikinci uşağa hamilə olanda Amedeo qət elədi ki, kəbin lazımdır və dostlarından bir neçəsinin şahidliyi ilə sənədlər də hazırlandı.

Ancaq yenədə xəstəlik araya girdi.

 

( Davam edəcək)

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2010.- 30 oktyabr.- S.27.