SOSREALİZM BİZƏ NƏ
VERDİ?
Sovet dövrü ədəbiyyatı
haqqında. Məsələnin qoyuluşuna dair.
İkinci məqalə
Sosrealizmin inzibati surətdə ədəbiyyata tətbiqində, ölkəni bürümüş “ifşa”çılıq kompaniyasında, Sistemin öz meyarları ilə ədəbiyyatı qiymətləndirmə prosesində və s.-də Yazıçılar İttifaqının iştirakı barədə danışmaq açıq qapını döymək kimi bir şeydir, ancaq bütün bunlarla bərabər, Sistemin yaratdığı və daimi diqqətlə nəzarət etdiyi həmin Yazıçılar İttifaqının SSRİ miqyasında, xüsusən müttəfiq (misal üçün Azərbaycan), eləcə də muxtar respublikalarda (Tatarstan, Başqırdıstan, Dağıstan və s.) gördüyü işi, göstərdiyi fəaliyyəti bu gün yalnız tənqid obyekti kimi təqdim etmək tarixi obyektivlikdən uzaqdır və məsələyə üzdən yanaşmanın göstəricisidir. Mən müttəfiq və muxtar respublikalarda Yazıçılar İttifaqlarının əhəmiyyətini xüsusi vurğuladım, çünki bu yerdə söhbət milli dillərin inkişafında, hətta bəzi bölgələrdə yazılı ədəbiyyatın ilk nümunələrinin yaradılmasında bu təşkilatın fəaliyyətindən gedir. Hərgah hər hansı bir dildə ilk dəfə hekayə yazılırsa, bu hadisənin əhəmiyyəti müqabilində onun hansı ədəbi metodda – indiki halda sosrealizmdə – yazılması, mənim fikrimcə, əhəmiyyətsiz bir şeydir.
Mən Azərbaycan Yazıçılar İttifaqının milli mənliyimizin, ədəbi-bədii dəyərlərimizin nəinki qorunub saxlanmasında, bunların inkişaf etdirilməsində oynadığı müstəsna rol barədə ayrıca yazmışam (bax: “Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz”, “525-ci qəzet”, 18 fevral 2010) və yenidən təkrara varmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycanı müstəqilliyinin bərpasına aparan keşməkeşli yolda bütün ziddiyyətləri, mürəkkəbliyi, paradoksları, bəzi hallarda eybəcərlikləri ilə bərabər, Sistemin tüğyan etdiyi 1930-40-50-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının yeganə milli özünüifadə mənbəyi kimi əhəmiyyətli və əlamətdar fəaliyyəti şəxsən mənim üçün mübahisəsizdir.
“Əlamətdar” sözünü də təsadüfən işlətmirəm.
Ədəbiyyat nədir?
İkicə sözlə desək: istedadın ifadəsi.
Sistemin sosrealizm vasitəsilə ədəbiyyatı idarə etməyə çalışması, əslində, istedadı idarə etmək istəyi və hərisliyi idi.
İstedad sahibini məhv etmək olar (Mikayıl Müşfiq), onu siyasi-ideoloji baxımdan fanatikləşdirmək olar (Mehdi Hüseyn), istedadın müəyyən hissəsini “özününküləşdirmək” olar (ədəbiyyatımız partiya rəhbərlərinin, yaxud da Kreml ulduzunun vəsfi əvəzinə daha artıq “Vaqif”lərə,Səməd Vurğun; “Cənub şeirləri”nə, Süleyman Rüstəm; “Rənglər”ə, Rəsul Rza; sahib ola bilərdi), ancaq sosrealizmin təcrübəsi bir daha sübut etdi ki, istedadı tam şəkildə ram etmək mümkün deyil.
Elə buna görə də bu gün – Sistemin (və sosrealizmin) süqutundan 20 il keçəndən sonra da Mikayıl Müşfiqin və Səməd Vurğunun, Süleyman Rüstəmin və Rəsul Rzanın, Süleyman Rəhimovun və Mir Cəlalın, Mirzə İbrahimovun və Əbülhəsənin, Əli Vəliyevin və Osman Sarıvəllinin, Mehdi Hüseynin (ilk əsərlərindən olan “Kin” povestini və son romanı olan “Yeraltı çaylar dənizə axır”ı xatırlayaq) və İlyas Əfəndiyevin, İsmayıl Şıxlının və İsa Hüseynovun, Bəxtiyar Vahabzadənin və Əli Kərimin, Məmməd Arazın və İsa İsmayılzadənin və başqalarının yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının (və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının!) bədii-estetik baxımdan bu və ya digər dərəcədə ciddi faktları olaraq qalır və şəxsən mənim buna şübhəm yoxdur ki, həmişə də qalacaq, çünki ədəbiyyat dilində yazıldığı və varlığını ifadə etdiyi xalqın tarixi və taleyi kontekstində qiymətlidir.
Əlbəttə, sistem güclü idi və onun həmləsinə tab gətirmək üçün həmin gücə də ekvivalent istedad tələb olunurdu. Bəzən, qəribə bir mənzərə yaranırdı: eyni bir əsərdə həm sosrealizmin tələbləri, həm də istedadın təhriki ilə sosrealizmin tələblərinə o qədər də doğma olmayan bədiiyyat tələbləri öz ifadəsini tapırdı. “Bir gəncin manifesti” (Mir Cəlal) romanını xatırlayaq: bir tərəfdən fon olaraq inqilabi mövzu, o biri tərəfdən, misal üçün, Bahar kimi neçə-neçə nəsillərin sevimlisi olan Azərbaycan Qavroşunun bədii-emossional təsir gücünə malik faciəsi.
Yaxud, “Bahar suları” (İlyas Əfəndiyev) pyesini xatırlayaq: bir tərəfdən fon olaraq kolxoz quruluşu. O biri tərəfdən isə kolxoz sədri Alxan kişinin zəngin daxili aləminin bədii-psixoloji təhlili (sonralar Mirzə İbrahimov Rüstəm kişi (“Böyük dayaq”) obrazı ilə ədəbiyyatımıza bu mövzunu davam etdirməyə çalışdı), Uğur ilə Şəfəqin insani hisslər dünyası və elə məhz bunlara görə də 1948-ci ildə – müharibədən sonra stalinizmin (Sistemin!) yenidən fironluq etdiyi bir dövrdə yazılmış bu pyes bu gün də teatrlarda tamaşaya qoyulur, müstəqil Azərbaycan respublikasının tamaşaçıları tərəfindən hərarətlə qarşılanır.
Sosrealizmin daxilində istedadsız konyuktura ilə bərabər, istedadlı konyuktura (!) da mövcud idi.
“İstedadlı konyuktura” – mən bu ifadəni yazıram və başa düşürəm ki, nə qədər qəribə səslənir, amma güman edirəm ki, nə qədər qəribə səslənsə də, dəqiq ifadədir.
Konyuktura (söhbət siyasi konyukturadan gedir) sosrealizmi yaradan və meydana çıxarıb formalaşdırmağa cəhd edən əsas komponentlərdən (gizli meyarlardan!) biri idi. Sosrealizm çərçivəsindəki yaradıcılıqda – hərgah sən həmin çərçivədən kənara çıxmamısansa – konyukturasız ötüşmək mümkün deyil, ona görə də istedadsız konyuktkura ilə bərabər, bu və ya digər dərəcədə istedadlı konyukturanın da bədii ifadəsi yaranırdı. Hər halda “Böyük dayaq”la (Mirzə İbrahimov), yaxud “Tamaşa qarının nəvələri” ilə (Əbülhəsən), yaxud da “Səhər”lə (Mehdi Hüseyn) “Mingəçevir”i (Əvəz Sadıq), “Yerin sirri”ni (Manaf Süleymanov), ya da ki, “Nina”nı (Sabit Rəhman) bədii cəhətdən eyniləşdirmək elmi obyektivlik baxımından düzgün deyil.
Bəli, siyasi konyuktura baxımından bu əsərlər eyni məqsədə – bolşevik inqilabının qələbəsini, sosializm cəmiyyəti və bu cəmiyyətin xoşbəxt inkişafını göstərmək məqsədinə xidmət edir, ancaq bədiilik baxımından onlar heç vəchlə eyni deyil və elə bilirəm ki, bizim postsovet ədəbiyyatşünaslığımız bu məsələdən sərf-nəzər etməməli, ona ciddi diqqət yetirməlidir. “Mingəçevir”, “Yerin sirri”, “Nina” tipli romanlar hakim ideologiyanın tələb etdiyi mövzuların zövqsüz afişası, ən yaxşı halda plakatı idisə, “Böyük dayaq”, “Tamaşa qarının nəvələri”, “Səhər” kimi romanlar həmin mövzularda bədii söz demək cəhdlərinin ifadəsi idi.
Ən maraqlı (və qəribə!) cəhətlərdən biri budur ki, istedadla yazılmış sosrealizm nümunələri ədəbiyyatın inkişafından qat-qat artıq dərəcədə cəmiyyətin inkişafında rol oynayırdı, həm də bu – xalqın milli-mədəni inkişafı baxımından vacib və əhəmiyyətli bir rol idi.
“Sevil”i (Cəfər
Cabbarlı) xatırlayaq.
Bir obraz kimi bədii-estetik
baxımdan Sevil (eləcə də Gülüş) kimi elə
həmin pyesdəki Balaşa, yaxud Dilbərə, yaxud da Əbdüləli
Məmmədəli cütlüyünə nisbətən
uduzur, bu surətlə – Sevillə bağlı irad tutmaq olar
ki, qurudur, plakat səciyyəlidir, onu dövrün bədiidən
artıq, sosioloji ifadəsi səhnəyə
çıxarıb, Sevil təbəddülatı bədii cəhətdən
zəif əsaslandırılıb və s. Ancaq Sevil azərbaycanlı
qadınların cəmiyyətdə öz yerlərinə
sahib çıxmasında müstəsna rol oynadı, nisbətən
zəif bədii surət güclü ictimai stimula
çevrildi. Bu gün bütün dünya gender problemi ilə
məşğuldur, Sevil isə bu işə elə səhnəyə
çıxdığı 1928-ci ildən başladı.
Bakıda ucaldılmış “Azad qadın” heykəlinə
xalq indiyə qədər “Sevilin heykəli” deyir.
Vaxtı ildə mən –
xüsusən gənclik illərimdə – Pavel Korçaginə
(“Polad necə bərkidi”, Nikolay Ostrovski) ironiya ilə
yanaşırdım və doğrudan da o, bədii surət
kimi bariz sosrealizm qəhrəmanıdır. Sosrealizm SSRİ ilə
birlikdə getdikdən sonra “Polad necə bərkidi” bizim tənqidimizdə
də, rus tənqidində də və güman edirəm ki,
digər postsovet ölkələrinin tənqidində də
antisənətin simvoluna çevrildi. Ancaq, baxın,
SSRİ-nin süqutundan və sosrealizmin iflasından artıq
iyirmi il keçib, Korçagin isə unudulmur və fikir versəniz,
görəcəksiniz ki, rus ədəbi tənqidinin ona
münasibəti də get-gedə yumuşalır, artıq əvvəlki
aqresivlik yoxdur.
Nə üçün?
Çünki Korçagin bədii-estetik
hadisə olmasa da, çox effektli sosioloji hadisəyə
çevrildi.
Artur (“Ovod”, Etel Voyniç)
bir bədii surət kimi canlı insandır, fanatiklikdən
qat-qat artıq dərəcədə romantikdir (sərt
romantik!), onun Cemma ilə sevgisi, Montanelli ilə münasibəti
incə, zərif və dəqiq psixoloji detal və ştrixlərlə
işlənib. Korçagini isə bolşevik fanatizmi robota
çevirib, onun insani xüsusiyyətlərini bütün həyat
hadisələrinə sinfi münasibət əvəz edib,
Korçaginin sərtliyində romantiklikdən əsər-əlamət
yoxdur, o, realistdir və onu yalnız yalandan romantik donuna
geyindirmək mümkündür ki, sosrealizm müddəaları
da uzun müddət bu işlə, yəni ədəbi
falsifikasiya ilə məşğul oldu.
Artur surətinin yaranması
bədii-estetik hadisə olmaqla bərabər, eyni zamanda
yeni-yeni nəsillərin formalaşmasında mərdlik,
prinsipiallıq, şəxsi igidlik, vətəndaşlıq
baxımından güclü sosial təsirə malik ictimai
hadisə idi. Ancaq məsələ (və sosrealizmin qəribəlikləri!)
də burasındadır ki, bədiilik baxımından birdən
yüzə kimi Artura uduzan Korçagin də güclü
sosial təsirə malik ictimai hadisəyə çevrildi.
Baxın, “Almas”da (Cəfər
Cabbarlı) bir bədii surət kimi İmamyar, yaxud Şərif,
yaxud da Mirzə Salman Almasa nisbətdə nə qədər
canlı, dolğun, koloritlidirlər, ancaq Almas sosial baxımdan
Azərbaycan qadınının hüquqlarının
qorunmasında, cəmiyyətin inkişafında vətəndaş
kimi rol oynamasında 1930-cu illərdə (əsər 1932-ci ildə
tamaşaya qoyulmuşdu) çox mühüm ictimai stimula,
hadisəyə çevrildi.
Sevil, Almas, Çapayev
(“Çapayev”, Dmitri Furmanov), Levinson (“Tarmar”, Aleksandr Fadeyev),
Mehman (“Mehman”, Süleyman Rəhimov), Mixaylo-Mehdi Hüseynzadə
(“Uzaq sahillərdə”, İmran Qasımov və Həsən
Seyidbəyli) və b. kimi obrazlar belə bir nəticə
çıxarmaq üçün münbit zəmin yaradır
ki, sosrealizmin özü filoloji-estetik hadisədən xeyli
artıq dərəcədə ictimai-sosioloji hadisədir.
Sosrealizm Sistemin qorunub saxlanmasında effektli bədii rol oynaya
bilmədi, ancaq cəmiyyətin ümumi inkişafında onun
ciddi xidmətləri oldu.
Mən mövzumuzun kontekstində
“Aydın”, “Od gəlini”, “1905-ci ildə”, “Dönüş”
kimi klassik pyeslərin müəllifi, səhnəmizə təkrarsız
obrazlar silsiləsi gətirmiş, XX əsr Azərbaycan ədəbiyyatında
son dərəcə istedadlı bir fiqur olan Cəfər
Cabbarlının iki pyesindən bəhs etdim və burada bir
vacib məsələyə toxunmaq istəyirəm. Sosrealizm
nümunəsi olan “Sevil”, “Almas”, “Yaşar” kimi əsərlərin
bu gün bədii-ideoloji yönünü dəyişdirməyə
çalışmaq meylinə mən qətiyyən ciddi
yanaşmıram. Əslində, belə bir süni təbəddülat
mümkün də deyil və mən vaxtı ilə Cəfər
Cabbarlı haqqında yazdığım geniş essedə bu
barədə bəhs etmişəm (bax: Şəxsiyyət və
istedad, Bakı, 2000).
Bu yaxınlarda
tanınmış rejissorlardan biri ilə söhbətim əsnasında
məlum oldu ki, o, “Almas”a yeni quruluş vermək istəyir,
çünki bu gün həmin əsərə “tamamilə
yeni gözlə” (onun ifadəsidir) baxmaq lazımdır və
İmamyarı, məktəb direktoru Mirzə Salmanı
“müsbət” planda vermək istəyir. Güman edirəm ki
(və rejissor dostumuza da bunu dedim), Cəfər
Cabbarlını bu cür “yenidən oxumağa”, ona belə bir
“tamamilə yeni gözlə” baxmağa qətiyyən ehtiyac
yoxdur və bu “yeni göz” də, əslində, sənətin
yox, yeni konyukturanın gözüdür: dünən konyuktura
Alması bədii cəhətdən qurudub səhnəyə
çıxarırdı, bu gün isə konyuktura bədii cəhətdən
zəngin bir obraz (“mənfi” obraz!) olan İmamyarı “müsbət”
görür. Konyukturanın bədii-estetik mündəricatı
elədir ki, onun “müsbət”i də, “mənfi”si də sənətdən
daha artıq zamanla bağlıdır, buna görə də bədiyyatın
yox, zamanın faktıdır.
“Almas”ı bu gün də
olduğu kimi səhnəyə qoymaq lazımdır və bu
tamaşa, elə bilirəm ki, dövrün xarakterini, psixoloji
səciyyəsini – o cəhətləri ki, tarix onları adi
söz ilə ifadə edə bilməyəcək – açmaq
və göstərmək üçün tutarlı bədii
sənəd ola bilər – bu, artıq rejissorun istedadından və
dünyagörüşünün genişliyindən
asılıdır.
“Sevil”in, “Almas”ın təcrübəsi
göstərir ki, sosrealizm tarixin sınağından
çıxa bilməsə də, onun çərçivələri
daxilində elə əsərlər də yaranıb ki (“Zəngəzur”,
Əyyub Abbasov; “Gələcək gün”, Mirzə
İbrahimov və s.), onların üzərindən qətiyyən
xətt çəkmək olmaz. Sosrealizmin özünü qəbul
etməmək, onun daxilindəki uğurları qiymətləndirməməyə
gətirib çıxarmamalıdır.
Belə bir yanlış
metodoloji prinsiplə yanaşsaq, onda gərək bu gün,
misal üçün, fransız ədəbiyyatında
sentimentalizmin yaratdığı “Manon Lesko”dan, yaxud rus ədəbiyyatında
“Bədbəxt Liza” kimi xrestomatik əsərlərdən imtina
etmiş olaydıq.
Düzdür, bu analogiyada
nüanslar var: sentimentalizm sırf bədii-estetik hadisə idi,
sosrealizm isə bədiiyyatda siyasi-inzibati hadisədir.
Sentimentalizm təbii axtarışların nəticəsi kimi
meydana çıxdı, sosrealizm isə inzibati yolla ədəbiyyata
tətbiq edildi; sentimentalizm mərhələ yaradıb
keçmişdə qaldı, sosrealizm isə iflasa
uğradı, bədii məğlubiyyətə düçar
oldu.
Ancaq bütün bunlarla bərabər,
Sevillərin və Mehmanların, Bayramların (“Səhər) və
Firudinlərin (“Gələcək gün”) cəmiyyətin
inkişafında oynadığı rol sosrealizmi məxsusiləşdirir,
onu ədəbiyyatın tarixi boyu bir-birini əvəzləyən,
yaxud da müştərək inkişaf edən (xüsusən
XX əsrdə) ədəbi cərəyan və metodlardan fərqləndirir.
Başqa ədəbi metodlara, cərəyanlara münasibətdəki
əsas meyar bədiilikdirsə, sosrealizmə münasibətdə
sosioloji-ideoloji amillər irəli çıxır. Bunu qəbul
edib-etməmək olar, amma bunu qiymətləndirməmək və
bundan sərf-nəzər etmək olmaz.
Mən qəti əminəm
ki, misal üçün, Səməd Vurğunun Stalin
haqqında şeirləri, 26-lar haqqında poeması,
Mikayıl Müşfiqin Stalin haqqında poeması, yaxud
Süleyman Rüstəmin dövrün kontekstində bir
çox “ideyalı” (yəni partiyalı) şeirləri, yaxud
da Rəsul Rzanın “Lenin” poeması bu şairləri həqiqətən
sevən, onlara həqiqi ehtiramla yanaşan ədəbiyyatçılar,
naşirlər, redaktorlar tərəfindən “gizlədilməməlidir”.
Bu sənətkarlar, artıq dediyim kimi, XX əsr Azərbaycan ədəbiyyatında
ciddi yeri olan və həmişə də olacaq qələm
sahibləridir. Onlar “37”-nin qorxunc aurası altında, hakim
ideologiyanın tərkib hissəsi olan rus şovinizm təzahürünün
tüğyan etdiyi bir vaxtda (İosif Stalin Papadan daha artıq
katolik idi!) yaradıcı insanları ana dilində yazmağa səsləyən
“Vaqif” kimi əsərin, yaxud “Yenə o bağ olaydı...”
tipli təkrarsız lirikanın (Müşfiqin lirikası
yalnız sosrealizm dövrünün yox, ümumiyyətlə,
XX əsr Azərbaycan lirikasının zirvəsi idi), yaxud
milli vətəndaş bədii təfəkkürünün
ifadəsi olan “Cənub şeirləri”nin, yaxud da sosrealizm
çərçivələrindən kənarda
yazılmış və heç vəchlə bu çərçivələrə
sığmayan “Qızıl gül olmayaydı...”, “Rənglər”
kimi poeziya nümunələrinin müəllifləridir və
belə bir “gizləmə əməliyyatına” qətiyyən
ehtiyac yoxdur.
Bir anlıq təsəvvür
edək ki, Xaqaninin Axsitana yazdığı:
Şah əvvəlinci
Mehdidir, sani Süleyman olsun həm,
İnsan ona xidmətçidir,
cinlər də dərban olsun həm.
Olmuş fələk
şahın qulu, camı günəş meylə dolu,
Keyvan-qılınc, nüsrət-yolu,
Bəhram-peykan olsun həm.
Və s.
– misraları katiblər, təzkirəçilər
tərəfindən ört-basdır edilərək, gizlədilərək,
gəlib bizə çatmayıb, o zaman nə qazanırıq?
Belə olsaydı, ədəbiyyatımız da, ədəbiyyatşünaslıq
elmimiz də tarixilik baxımından itgiyə məruz
qalardı və aydındır ki, bu fikirləri söyləyərkən,
mən, sadəcə, ədəbiyyatımızın
maraqlarını güdür və tarixi obyektivliyi nəzərdə
tuturam.
Digər tərəfdən,
həmin misraların qorunub saxlanmasından, gəlib bizə
çatmasından böyük Xaqani bu gün nə itirir?
Hərgah “Mədain
xarabalıqları” varsa, Xaqani heç nə itirmir.
Eyni fikir sosrealizm
dövründə sonrakı nəsillərin nümayəndələri,
misal üçün, Bəxtiyar Vahabzadənin Lenin
haqqında poemasına, yaxud Tofiq Bayramın partiya bileti haqqında
şeirinə və bu tipdən olan başqa yazılara da
şamildir. Bir var bütün yaradıcılığın
boyu balaca Valodyadan tutmuş Vladimir İliçin vəfatına
qədər Lenin haqqında sönük şeirlər yazasan,
bir də var ki, sənətkar (sənətkar!) sidq-ürəkdən
inanaraq, yaxud da başqa yazılarını “Qlavlit”in əlindən
qoparıb paravoz kimi çəkib aparmaq xətrinə
(söhbət sənətkardan gedirsə, hər halda, bu da sənətin
ifadəsidir) bu tipli mövzulara müraciət edir.
Yaddan çıxarmayaq ki,
Sistem ilə sosrealizm arasında üzvi bir vəhdət var idi.
Sistem Anna Axmatovaya şeir yazdıraraq sosrealizmin dili ilə:
“Stalin hardadır, orda azadlıq var!” (“Qde Stalin, tam svoboda!”)-
dedirdirdi, Mixail Bulqakova Koba haqqında pyes yazdırırdı
və biz sosrealizm çərçivələrinə
sığışmayan başqa böyük
yazıçıların, şairlərin
yaradıcılığında bu tipli nümunələrə
az rast gəlmirik.
Yaxud, dediyim həmin
“sidq-ürəkdən inam”ı götürək.
Mən yuxarıda Pavel
Korçagindən danışdım və şəxsən məndə
heç bir şübhə yoxdur ki, onu, yəni sidq-ürəkdən
gələn inamı iflic olmuş, kor bir insanın merkantil
mülahizələri, riyakarlığı yox, həqiqi
inamı, fanatizmi yaradıb. Baxın, Nikolay Ostrovski Lenin ordeni
ilə təltif edilir və rəhbərə belə bir məktub
yazır: “Sevimli yoldaş Stalin! Mən ölkənin
böyük rəhbərinə və müəlliminə, mənim
üçün əziz insana bir neçə ürək
sözlərimi demək istəyirəm: mən düşmənə
başqa silahla zərbə vuracağam. O silahla ki, onunla məni
Lenin-Stalin partiyası silahlandırıb.” Bu kor, iflic insan
dostuna yazdığı məktublarından birində isə
deyir: “Partiyadan kənar belə böyük, belə intəhasız
həyatda necə yaşamaq olar?” Bu sözlər Nikolay
Ostrovskinin ürəyindən gəlir və elə buna görə
də hörmətə layiqdir. Məhz bu sarsılmaz əqidə,
bu mövqe ona “Polad necə bərkidi”ni yazdırıb. Sadəcə
olaraq, bədii əsəri əqidə, mövqe yox, istedad
yazır.
Mehdi Hüseyn
yaradıcılığının ilk dövrlərində
“Kin”, “Fəryad” kimi bədii cəhətdən, olsun ki,
yüksək səviyyəyə çatmayan, ancaq hər halda
tam surətdə sosrealizmin də bəhrəsi olmayan
kiçik romanlar (povestlər) yazdı, ancaq sosializm
ideyalarına ürəkdən gələn inamı sonralar
onun “Abşeron”, “Qara daşlar” kimi əsərlərini meydana
çıxartdı və onu sosrealizm klassiki etdi.
Sönük yazılar, onsuz
da, illərin sınağından çıxmayacaq. Misal
üçün, sosrealizm bəhrəsi olan “Pəri xala və
Lenin” (Mirzə İboahimov) povesti yalnız mövzusuna görə
yox, bədii qadirsizliyinə, süni fabulasına görə
öz-özünə çıxıb gedəcək, ancaq həmin
müəllifin yenə də sosrealizm bəhrəsi olan “Gələcək
gün” romanı qalacaq, çünki burada sosrealizm imkan verib
ki, milli mənlik, milli azadlıq ideyaları ədəbiyyata gətirilsin.
Bir cəhəti də yaddan
çıxarmayaq ki, sosrealizmin inzibati yolla sənətə tətbiq
edildiyi həmin 70 ildə bu ədəbi metoda sədaqətlə
yazılmış (istedadlı və istedadsız!) əsərlərlə
bərabər, xüsusən XX partiya qurultayından sonra
sosrealizm prinsiplərindən kənarda yazılmış,
ancaq Sistemin ayırd edə bilmədiyi (bəlkə də
artıq təhtəlşüur olaraq ayırd etmək istəmədiyi!),
bəzi hallarda yüngül, bəzi hallarda isə ağır
tənqidlə üstündən keçdiyi əsərlər
də var ki, sosrealizmin yox, sənətin nümunələri
olduğu üçün bu gün də yaşayır, sabah
da yaşayacaq.
Rus ədəbiyyatını
xatırlayaq: onların, yəni həmin sənət nümunələrinin
bəzisi vaxtilə yazılıb, müəlliflərinin vəfatından
xeyli sonralar çap olundu (M. Bulqakov, A. Platonov və b.), bəzisi
tamam qadağan edildi və yalnız sosrealizmin süqutu
zamanı işıq üzü gördü (B. Pasternak, V.
Qrossman və b.), bir qismi də siyasi qalmaqalla müşaiyət
edildi (V.Dudintsev, V.Aksyonov, A.Qladilin, Y.Yevtuşenko, A.Voznesenski,
B.Axmadulina və b.), 70-80-ci illərdə isə ədəbiyyatda
əsas qüvvəyə çevrildi (yaşlarından
asılı olmayaraq: S.Zalıgin, V.Rasputin, V.Belov, Y.Trifonov,
V.Astafyev və b.).
Bu maraqlı bir fakt deyilmi ki,
Valentin Katayev müharibədən sonra “Alay oğlu” povestini
yazaraq, Stalin mükafatı aldı və sosrealizm klassiki oldu,
sonralar isə – 1960-cı illərdən başlayaraq məşhur
povestlərini yazdı və ümumiyyətlə, rus ədəbiyyatının
klassiki mərtəbəsinə qalxdı?
Maraqlı faktdır.
Azərbaycan ədəbiyyatında
yuxarıda bəhs etdiyim “Cənub şeirləri”, “Rənglər”,
eləcə də, misal üçün, “Sən həmişə
mənimləsən” və “Geriyə baxma, qoca” kimi əsərlər,
Bəxtiyar Vahabzadənin, yaxud İsa İsmayılzadənin
bir çox əsərləri, Qabilin 1960-cı illərdə
yazdığı “Tramvay parka gedir” tipli əsərlər,
İsa Hüseynov və Əli Kərim hadisələri – mən
ilk fikrimə gələnlərin adını çəkdim –
heç vəchlə sosrealizm nümunələri deyil.
Beləliklə, sosrealizm bizə
nə verdi?
Ancaq bu barədə növbəti
məqaləmizdə.
ELÇİN
525-ci qəzet.- 2010.- 30 oktyabr.- S.22-23.