Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV,

Toplayanı, ərəb əlifbasından

latın qrafikasına çevirəni

lüğətin tərtibçisi:

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

5 MAY. BAKI. QAFQAZ MÜSƏLMAN MÜTƏƏLLİMİN QURULTAYI

 

Müjdə sizə, ey millət!

Diyordular, diyordık ki, bizim mütəəllimlərimiz ruslaşmışlar, onlardan bizə mənfəət yoxdur.

Diyordular, diyordık ki, bizim mütəəllimlərimizdə millət və islamiyyət hissi qalmamışdır.

Diyordular, diyordık ki, bizim mütəəllimlərimiz başqalaşıb, cəmaətdən ayrıldığı üçün millətimiz arasına təfriqə düşüb, bir tərəfdə qara cəmaət, bir tərəfdə də istiqbalın intelligenti olan mütəəllimlərimiz duracaq və böyləliklə məhv olub gedəcəyiz.

Əvət, çox şey diyordular və diyordık, fəqət, müjdə sizə, ey millət! Öylə degilmiş. Əmin olunuz ki, bizim mütəəllimlərimizin damarlarında axan qan əsla təvəssüx etmiyib onların cavan qanlarında türklük və islamiyyət cərəyanı olduğu kibi var və davam edir. Bunu isbat üçün 5 mayda “İsmailiyyə” salonunda Ümumqafqaz müsəlman mütəəllimləri tərəfindən başlanan qurultaydır ki, burada iştirak edən mütəəllimlərin, gələcək millət qəhrəmanlarının meydanə qoyduqları gözəl fikirləri, ürəklərində sevə-sevə bəslədikləri milli amalları insan gördükcə nə qədər sevinir! Bunlar diyorlar ki, məktəblərimiz islah edilsin, dilimiz sadələşsin, qarmaqarışıq imlamız düzəlsin, hürufatımız asanlaşsın, millət və islamiyyətimiz mühafizə edilsin. Əzhər cəhət mütəəllimin mənafeini gözləyən xüsusi mətbuatımız və bunun üçün fondumuz olsun. Əhvali-hazirə ilə əlaqəmiz üsul altına alınsın, əhvali-hazırə ilə mütəəllimələrin hali tətbiq edilsin, ilax ...

Həqiqətən nə qədər gözəl fikirlər! Hələ adlarına mütəəllim denilən bu qəhrəmanların qurultayı öylə təcrübəkar kişilər qədər (yanılmayırsam bir az da artıq) idarə etmələri millətimizə nə qədər ümidlər veriyor!

Afərin övladi-millət! Çalışınız, çalışınız ki, istiqbal sizindir. Sizsiniz gələcək övladının ata və anaları! Bu vəqtə qədər sərnigün millətimizi ancaq siz rahi-nicat və səadətə sövq edəcəksiniz.

Bəli, müjdə sizə, ey millət! Haydı onların qurultayından bir qədər məlumat verəyim.

Cümə günü 5 mayda axşam saət 8-də qurultayın birinci iclası açıldı. Bu iclasda 55-ə qədər mütəəllim və mütəəllimə iştirak edir. Qurultayı banilərindən Əbdül Əbdülzadə məclisi açıb hali-hazirə dair gözəl bir nitq dedikdən sonra qurultayı idarə etməgə sədrlər və katiblər intixabını məclisə təklif etdi. Məclis dəxi açıq üsul ilə heyəti-sədarətə Əbdül Əbdülzadə, Xanım Tatubulac (mütəəllimə), Sədrəddin Vəzirov, Yusif Əlizadə, Əjdər Əlizadə və katibligə Balağa Ağayev, Ağahüseyn Məhəmmədov, Abbasəli Kazımov və Əli Qasımov intixab olundular. Bədə heyəti-sədarət arasından Əbdülzadə sədrligə seçilir və sədrin xahişi üzrə Axund Molla Ağa Ağaəlizadə məclisi iftitah edib fəsih bir xütbədən sonra gözəl bir nitq deyib qurultayı təbrik və müvəffəq olmalarını cənabi həqqdən isterham edir. Bədə sədrin təklifi üzrə hürriyyət qurbanlarının istirahəti-ruhları üçün məclis ayağa qalxır. Ondan sonra sıra ilə bu adamlar təbrikatda bulunurlar: “Bakı müsəlman mühərrir və ədibləri cəmiyyəti” və “Açıq söz” qəzetəsi tərəfindən Xəlil İbrahim, “Nicat” maarif cəmiyyəti tərəfindən İsabəy Aşurbəyli, Temirxanşura mütəəllimləri tərəfindən mütəəllimə Xanım Tatubulac, Bakı və ətrafı müsəlman mütəəllimələri tərəfindən Məhbubəxanım Mehmandarova, yəhudi və erməni mütəəllimləri tərəfindən iki mütəəllim, məhəlli müsəlman bürosu tərəfindən İslambəy Qabulov, “Musavat” firqəsi tərəfindən Abbasqulu Kazımzadə, “Yeni iqbal” qəzetəsi tərəfindən Orucov, “Səfa” maarif cəmiyyəti, sənaət və ticarətxanə xidmətkarları tərəfindən Əsədullah Məhəmmədov, Moskva müsəlman tələbələri tərəfindən student Məhəmməd Hənifə, Bakı müsəlman tələbələri tərəfindən Əziz Seyidov və Piri, “Sovqat” qəzetəsi tərəfindən Rza Zaki, “Cəmiyyəti-xeyriyyə” tərəfindən Əbdüləlibəy Əmirxanov, Hacıbəyov qardaşları müdiriyyəti və artistləri tərəfindən Xəlil Hüseynov, Benqazi müsəlman əmələləri tərəfindən Piri və sair yerlərdən gəlmiş mütəəllim nümayəndələri təbrikatda bulunub alqışlanırlar. Bu təbrikat nitqləri arasında öylə atəşin və müəssirləri var idi ki, gurultulu alqışlar ilə ruh yüksəkligi göz önündə təcəssüm edirdi. Bu nitqlərdə “Nicat” maarif cəmiyyəti tərəfindən İsabəy Aşurbəyli cənabları “Nicat” tərəfindən vəd edir ki, mütəəllimlərə müavinətdə bulunmaq üçün cəmiyyət hər vəqt hazırdır. “Səfa” maarif cəmiyyəti tərəfindən Əsədullah Məhəmmədov diyor ki, tələbələr üçün bir pansiyon açmağı cəmiyyət təhti-qərarə almışdır. Hacıbəyov qardaşları müdiriyyəti tərəfindən Xəlil Hüseynov diyor ki, məzkur müdiriyyət bu qurultayın nəfinə olaraq bu yaxında Tağıyev teatrında bir tamaşa göstərəcəkdir. Bu nitqlər sırasında osetin və acar müsəlman mütəəllimləri tərəfindən denilən nitqlər o qədər islamiyyətpərvəranə idi ki, uzun alqışlar arasında heyəti sədarətdən olan Əli Yusifzadə aşağa düşüb məzkur nümayəndələr ilə Qafqaz mütəəllimləri naminə hərarətli öpüşərək qardaş olduqlarını isbat etdilər.

Bir də bu iclas arasında mütəəllim Aslanovun təklifi üzrə Tiflisdə “Əmələ və saldat vəkilləri şurasi qəzetəsi”nə teleqram vurub möhtərəm Stralkovskiyə izhari-təşəkküratda bulunmaq məsələsi təhti-qərarə alınır. Axırda sədr ikinci iclasın sabah gündüz saət onda olacağını xəbər verməklə məclis qapanır.

 

İkinci iclas

 

Qurultayın ikinci iclası 6 may gündüz saət 10-da başlanır. Yenə təbrikat mərasimi davam edir və təbrikatdan sonra ətraf şəhərlərdən gələn teleqramlar oxunub alqışlanır. Bədə sədr cənabları təbrikatın tamam olduğunu xəbər verməklə məsələyə keçməgi təklif edib diyor ki, qurultayımızın baxacağı məsələlər hələlik bunlardır:

1) Məktəb məsələsi. 2) Əhavali-hazirə 3) Fond məsələsi. Sədr bu maddələri göstərib müfəssəl bəyanat verdikdən sonra yenə hankı maddələrin lazım olduğunu məclisdən sual edir. Bir çox müzakirədən sonra fond məsələsi “mərkəzi-idarə və fond” deyə təbdil edilir və Tiflis nümayəndələrindən Vəzirovun təklifi üzrə yuxarıkı üç maddə üzrə ittihadi-aray ilə dördüncü olaraq “əhvali-hazirə və mütəəllimələr” maddəsi də əlavə edilir.

Bədə bu dörd maddəni müzakirə etmək üçün hər biri on-on iki nəfər mütəəllimdən ibarət dörd komisiyə intixab edilir.

Məclisin axırında 8-mayda “Nicat” cəmiyyətinin “cəbə ianəsi”nə müavinət olunmaq üçün nümayəndə olan-mütəəllimlər tərəfindən cəbə gəzdirmək təklifi qəbul olunub, qərar verdilər ki, o günü qurultayda olan nümayəndələr cəbə gəzdirməglə “Nicat”a müavinətdə bulunsunlar.

 

 

“Sovqat” qəz., 8 may 1917, ¹ 201

 

Bu hesabat səciyyəli geniş məqalə haqqında Ü.Hacıbəyova aid heç bir nəşrdə, səlnamədə, biblioqrafiyada məlumat verilməmişdir. İlk dəfədir ki, yenidən işıq üzü görür-Ş. H.

mütəəllimin-məktəbli

əzhər-aydın, aşkar

iftitah-açma, açılma

müəssir-təsirli

ara-rəy

ittihad-birlik, yekdil

cəbə-yeşik, qutu

 

 

ORDAN-BURDAN

 

Bəli! İdareyi-ruhaniyyə məclisi quruldu. Lakin sədheyf!... Birinci məclisdə üzvlər arasında ittifaq olmadığına görə məclis bağlanıb və qurulmağı da qalıbdır Dövlət duması qurulandan sonraya. Təəccüb burasıdır ki, bir böylə ki, qəzetə sütunlarında ittifaq, ittifaq yazıyorlar heç bir kəsə bunun bir əsəri olmuyor. Hamı bu sözləri bir qulağından alıb o biri qulağından çıxarır. İndi hərgah idareyi-ruhaniyyə məsələsi üçün Tiflisə yığılan üzvlər bu ittifaq sözlərini yadlarında saxlasa idilər, heç bir vəqt məclis bağlanmazdı və sonraya da qalmazdı. Vaqeada belədir. İttifaqın qədrini bilən adam heç vəqt deməzdi ki, mən Şeyxülislam həzrətləri tərəfindən yazılmış məqaləyə qol qoymaram. Qəribə budur ki, Şeyx həzrətləri zəhmət çəkib gecə sabahadək oturub məclisin ən mühüm məsələsini yazıbdır, yəni bəyan edibdir ki, “İrşad”ın müdiri mollalara sataşır, amma vəkillər ittifaqı zadı yaddan çıxarıb Şeyxin bu məqaləsinə qol qoymuyubdurlar. Hərçənd iki nəfər qazı cənabları dəxi çox səy edibdirlər ki, bu məqaləyə qol qoysunlar, amma genə də iş baş tutmuyubdur. Odur ki, məclis də naçar bağlanıb, duma qurulandan sonraya qalıbdır ...

Ey üzvlər! Barı siz “sülh islah” komisyonu üzvlərindən “ittifaq” öyrənə idiniz ki, orada erməni vəkillərinin bir sözü iki degil! Və bir də əslinə baxsan, heç üzvlərin ixtiyarı yoxdur ki, bu məclisdə bir söz danışsınlar. Çünki, bunları cəmaət seçib göndərmiyibdir. Şeyx həzrətləri özü çağırıbdır. Yaxşı deyil ki, bir adam səni söhbətə çağıra. Sən də durub onunla mübahisə başlayıb yazdığına da qol qoymasın! Və bir də əsl mətləb isə bundadır ki, idareyi-ruhaniyyə islahı barəsində danışılanda həmişə ona baxırlar görək kim ruhanilərə sataşır. Və haman sataşan adama “rəddiyyə və bəyani həqiqət” yazarlar və bu “rəddiyyə və bəyani həqiqət”dən məlum olar ki, görək bizim ruhanilərə nə lazımdır. Necə ki, Şeyx həzrətləri öz “rəddiyyə və bəyani-həqiqət”ində bunu bilavasitə göstərib və bəzisini də balaman ilə qandırıbdır. Lakin nə eləmək? İttifaqsızlıq işin hamısını xarab edib və idareyi-ruhaniyyə məsələləri də qalıbdır ay batandan sonraya ... Amma bir yana baxsan bu məsələnin ay batandan sonraya qalması dəxi pis degil. Allah qoysa ay batar, hər yer qaranlıq olar, heç kəs heç kəsin eybini görməz və heç kəs də heç bir kəsə sataşmaz və bu məsələ də qaranlıqda tez həll olunar. Çünki, hamı qaranlıqda məsum göründügündən artıq mücadiləyə və mübahisəyə də ehtiyac olmaz ... Ayın batması da bağlıdır Dövlət dumasının qurulmağına. Duma quruldumu Rusiyanı öylə bir zülmət bürüsün ki, göz-gözü görməsin! Onda bildigini elə, hər çe bada-bad!

 

Filankəs

“İrşad” qəz., 28 may 1906, ¹ 124

Bu felyeton Üzeyirbəyin əsərlərinin heç bir nəşrinə salınmayıb. Qəzetin mətnindən çap olunur.

 

NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ

 

(1906-1915)

 

Ordan-burdan

 

Kim diyor ki, Bakı şəhər idarəsinin pulu yoxdur?

– Bakı rus-müsəlman məktəbinin sabiq müəllimi cənab M.A.Axundov diyor; Çünki, şəhər idarəsi ona pul borcludur, lakin vermək istəmiyor.

– Bəs, kim diyor ki, Bakı şəhər idarəsinin pulu çoxdur?

– Bakı şəhər idarəsinin sabiq üzvü M.A.Belyayevski diyor. Çünki, sırağa gün şəhər idarəsi ona təqaüd maaşı (pensiya) təyin ediyormuş.

Təəccüblü iş! O da M.A, bu da M.A. Ona pul yoxdur, buna var. Görünür ki, əvvəlinci M.A.-ın xəzinəsi vardır. Amma ikinci M.A. “bankrot” olubdur. Öylə isə Bakı şəhər upravası zalım degil, adildir!...

Cavad uyezd naçalniki ilə Gəncə uyezd naçalniki dəxi adildirlər. Əvvəlinci müsəlmanların tüfənglərini zəbt edib göndərir ki, gediniz silahlı İran quldurları ilə əliboş dava ediniz. Ermənilərin beşaçılanlarına dəgmiyor. Özünüz də-diyor-quldur-filan ilə işiniz olmasın... İkincisi də baydaq, muzuka, qoşun və top və tüfəng ilə Qaracaəmirli kəndinin üstə tökülüb iki igidlik edibdir: əvvəla zavallı kəndi lap nahaqca yerə topa basıbdır və saniyən kəndin arvad-uşağını Kür çayınadək qovubdur!! Şücaətə baxırsanmı?!... Əhsən “vaşe blaqorodiye”! Səni Əqsayi-Şərqə göndərsə idilər, əminəm ki, Port-Artur əldən getməzdi!

 “Port-Artur” adı çəkiləndə həmişə cibim yadıma düşür. Əvvəl mənim əqlim kəsmiyordu ki, cibim ilə “Port-Artur” arasında bir münasibət olsun. Sonra Bakı küçələrində bir qədər seyr edib gördüm doğrudan da cibim gəldikcə “Port-Artur”a dönür. Buna da səbəb odur ki, Bakı küçələri “yapon” qoşunu ilə doludur, hər qədəm də gərək cibini müdafiə edəsən. (Yaponun acığı tutmasın ki, mən onun qoşununu Bakı dilənçilərinə təşbihə ediyorum. Mən bu sözü buna istinaə diyoram ki, yapon saldatı ilə Bakı dilənçisi arasında ümumi bir sifət vardır ki, ona alıcılıq diyorlar). Yaxşı olardı ki, “Cəmiyyəti-xeyriyyə” yaxud “İttifaqi-xeyri” şəhərin küçələrini məzkur “qoşun”dan təxliyə (evakuatsiya) edib bir xeyir iş görə idi....

İş! ... Bütün dünyanı hərəkətə gətirən bu sözdür ha! İş görmək ... hünərin varsa tənbəl adama iş görmək təklif elə. Dünya dağılsın bir iş görməz. Amma erməni təəssübkeşinə söylə ki, “iş” gör, o saət sənin üçün bir “iş” görsün ki, özün də məəttəl qal! Onu da deyim ki, sənin söyləməgin əbəsdir, onsuz da erməni təəssübkeşləri “iş” görməkdədirlər. Onlardan birisi bu yaxınlarda bir “iş” görübdür ki, heç bizim dəli-qudurmuşumuz da öylə iş görməzdi. Nə qayırıbdır?

–Nə qayıracaq! Kitab qalmıyıb, kağız qalmıyıb, dəftər qalmıyıb, coğrafiya kartaları (xəritələri) qalmıyıb hamısını özünə şələləyib yügürübdür düz “Novoye-vremya”nın böyük yazıçılarından hesab olunan Menşikovun yanına, qapıdan içəri girəntək tərləmiş, pörtmüş ağzından köpük daşa-daşa qışqırıbdır ki: bu saət qəzetənizdə yaz ki, “müsəlmanlar rus dövlətinin böyük düşmənidir. Amma ermənilər rus dövlətinin əziz dostudur”. Menşikov da böylə-böylə “zakaz”ları Allahdan istiyormuş. Haman saət qələmi əlinə alıb erməni təəssübkeşinin sözlərini yazıbdır. İndi bütün Rusiyanın hər yerində oxuyurlar ki: müsəlmanlar rus dövlətinin böyük düşmənidir, amma ermənilər haman rus dövlətinin əziz dostudur. Bəs, erməni təəssübkeşi gördügü “iş” budur. Necədir, təəccüblü burasıdır ki, əvvəllərdə erməni təəssübkeşinin yanında Menşikovun adı çəkiləndə təəssübkeş durduğu yeri tüfürcək ilə buluyurdu. Amma indi ... ey bivəfa ruzigar!! Nə ruzigarbazlıqdır, burda iş görürlər. Buna politika deyirlər. Ancaq onu bilmiyormı ki, axırda Menşikov ermənilərin əlində kor bir alət olacaq, yoxsa kirvələr “menşikov”ların qapısında “formalni” casusluq edəcəkdir. Amma şəksiz bu ikisindən biri olacaqdır. Gözləyək, görək .

 

Gözləmək-biz müsəlmanların peşəsidir. Tariximiz bizi gözləməgə çoxdan ögrədibdir. Bir müsəlmana vədə ver ki, filan şeyi sənə verəcəgəm, amma gözlə-müsəlman gözlər. Qiyamətə kibi gözlər. Görürsən məsacidi-mövqufatımızı necə bir səbr ilə gözlüyoruz! Amma ermənilər gözləmədilər, özlərinkini aldılar, biz gözləyirik, gözləyirik: bu gün keçər, sabah ötər, o biri gün görürsən ki, dəvənin quyruğu yerə dəgdi. Məscidi-mövqufatımız da verildi. ... İnşallah!!

Filankəs

“İrşad”, 16 mart 1906, ¹ 69

Felyetonun axırıncı iki bölümü nəşrlərdə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 40-41; 2005, 2-ci c. səh. 190-191). Hər iki nəşrdə bir sıra sözlərdə yazılış xətaları hətta cümlə daxilində ixtisar da edilmişdir. Məsələn: “Müsəlmanların tüfənglərini zəbt edib göndərir ki, gediniz silahlı İran quldurları ilə əliboş dava ediniz. Ermənilərin beşaçılanlarına dəgilmiyor” cümləsindən ermənilərə aid son cümlə ixtisar edilmişdir.

məsacid-məscidlər

mövqufat-vəqf üçün ayrılmış mülk

 

 

ORDAN-BURDAN

 

Ermənilər bizi aldadırlar ki, guya Osmanlıda türklər ilə ermənilər arasında ədavət-filan vardır. Bunun yalan olduğunu mən bu gün İstanbul qəzetələrindən anladım. Əlimdə İstanbul qəzetələrindən iki məşhurları idi. Biri “İqdam” ki, onu nəşr edən müsəlmandır, o biri də “Sabah” ki, onu da çıxardan ermənidir. Bu qəzetələrdə erməni-müsəlman ədavətinə dair bir söz də yoxdur. Bundan masiva bu iki “din rəfiqinin” arasında mən bir “münasibəti-dostanə” dəxi müşahidə elədim: “İqdam”da Yevropa qəzetlərindən tərcümə olunan şeylərin hamısı “Sabah”da da var idi ki, bu da bunların “həmməsləkliginə” böyük bir dəlalətdir...

Rus məmləkətində, yaxud-Osmanlıdan siva-qeyri məmləkətlərdə nəşr olunan qəzetələri adam oxuduqda qəlbi hüzn, kədər, ələm, yasla dolub əhvalı pərişan olur, qanı xərab olur, canı sıxılır, başı agrıyor- bir kəlmə adamın ovqatı təlx olur, hətta ürəgi papiros kağızı kibi nazik olan damalardan bəziləri bitab olub ürəgi getməsin- deyəözünü sərin havaya verir, o biri “nervinni” deyilən əsəbi bir mərəzə mübtəla olmaqdan həzər edərək qezetə oxumağa tövbə ediyor- və sairə. Amma Osmanlı qezetələrində bu “nühusət” yoxdur. Odur ki, adam onları oxuduqda ovqatı- filanı təlx olmuyor. Çünki, buqezetələr vasitəsilə baxıb görür ki, dünya tamam bir sükut içindədir ki, nə “revolyusiya” var, nə “reaksiya” var, nə “ictimaiyyun-amiyyun”,nə “inqilabiyyun-amiyyun”, nə “məşruteyi-ammiyə”, nə “hürriyyəti-milliyyə”, nə Rusiya, nə Qafqaz, heç zad yoxdur. Aləm digər bir aləmdir: hər kəs öz işində-gücündə... Adam oxuduqca “qəlbi fərəhlənir”-bununla da belə “naşükr yeni türklər Osmanlı senzorlarından şakidirlər, halbuki, onlar görünür ki, çox “mürüvvətli və insaniyyətpərvər” adamlardır ...

Bizim başımızın sahibi cənab “Çerivanski” həzrətləri dəxi Osmanlı senzorları kibi çox “insaniyyətpərvər” adam imiş. Böylə “insaniyyətpərvər” imiş ki, hətta qırğızlara da yazığı gəlibdir. Baxıb görübdür ki, müsəlmanlıq binəva qırğızları “vəhşi heyvan sifətinə salır”-surəti-qətiyyədə bir “yox!”-deyib-mən heç vəqt qəbul etməzəm ki, insan durduğu yerdə vəhşi heyvana dönsün!” Haman saət qırğızları çağırıb deyibdir ki: qorxmayınız! Siz bundan sonra müsəlman degilsiniz, nicatınız xatirəsi üçün mən sizi xristiyan elədim! Bu”ehsanə” məni “insaniyyətpərvərligim” məcbur etdi! Gediniz!” Qırğızlar da gedibdirlər ...

Fars şairlərindən birisi talein müsəlmanlardan üz döndərib əğyarlara yardımı olduğunu nəzərə alıb bədbinalərə mənsub acı bir istehza ilə ruzgardan şikayətə başlıyor. Diyor, diyor axırda taleə böylə bir sual verir:

“... Bəs ma betamaşaye-cəhan amədeim? ...”

Şimdi görünür ki, talein binəva şairə yazığı gəlib dilbərlərə məxsus bir nazu hərəkət ilə başını döndərib müsəlmanlara da üzünü göstərməkdədir. Buna dəlil odur ki, şimdiyədək biz sairlərinə tamaşa ediyorduq, şimdi isə əğyar bizə tamaşa etməkdədir. Necə tamaşa etməsin? İki müsəlmanın bir-birini öldürdükdə təşkil etdikləri mənzərə şayani-tamaşa degilmi? Yaxud orada-burada müsəlmanlar tərəfindən “mövqeyi-tamaşaya vəz edilən” qoç dögüşməsi, it boğuşdurması, xoruz vuruşdurması kibi sirk oyunları və bunun bədində “sirkçilər”in özlərinin vuruşması, boğuşması, toqquşması əhəmiyyətsizmidir, zənn ediyorsınız? Şimdi şair sual etsə ki, “bəs ma betamaşaye-cahan amədəim?”-cavabında diyorum ki, xeyr: “mərdom betamaşaye şöma amədeənd!”. Bəli!

Farsca danışdım, fars mühafizəkarları xatirimə gəldi. Məzkurlardan birisi mənimlə türk dili xüsusunda söhbət edərək türklərin ərəb dili ilə təbiətə müğayir bir tərzilə istifadə etmələrindən şikayət etdi. Dedi ki: türklərin nə ixtiyarları var ki, “təkəmmül” sözündə “təfaül” babı qayırıb “təkamül” sözü istemal ediyorlar. Ərəbdə “təkamül” sözü yoxdur! Bu təbiidirmi?

Dedim, canım, nə təbiibazlıqdır. Ərəbin “təkamül” sözünə ehtiyacı yoxdur. Onun üçün də “təkamül” sözü istemal etmiyordu. Şimdi bu sözə ehtiyac vardır. Binaənileyh istemalı da lazımdır.

Mühafizəkar mənim ilə müvafiqət etmədi təbii degil, təbii degil!-deyə inadlıq etdi. Dedim: təbiiligə qalsa-dəmir yol qatarında on günlük yolu iki gündə qət etmək, telefon vasitəsilə görmədigin adamla danışmaq, bunlar da təbii degil, öyləmi? Hərif bir qədər duruqdusa da sonra tez: əlbəttə, əlbəttə!-dedi. Dedim: odur ki, İranda dəmir yol, telefon-filan tapılmaz və teleqrafın İranda mövcud olmağına siz mühafizəkarlar nə tövr ediyorsınız, onu qanmıyorum.

 

Filankəs

“İrşad”, 17 aprel 1906, ¹ 70

 

Felyetonda 1 və 3-cü bölmələr ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 42-43; 2005, 3-cü c. səh. 191-192). Felyetonun dili də müasirləşdirilib, hətta bəzi xətalara yol verilib. Məsələn, “şimdi”- “indi”, “bədə”- “sonra”, “masəva”- “başqa”, “təbiətinə”- “təbinə”, “şakidirlər” (şikayətçidirlər)- “şakirdirlər” (şükredəndirlər) və s.

Felyeton qəzetin mətnindən olduğu kimi çap olunur.

masiva- başqa, savayı

nühusət- uğursuzluq

şaki- şikayətçi

 

 

ORDAN-BURDAN

 

İkinci erməni-müsəlman sülh konfransı!! Bilirsinizmi?! Bir neçə gün bundan irəli ikinci erməni-müsəlman sülh konfransı vaqe olubdur! Ancaq bilmiyorum bu konfrans Tiflisdə münəqid olubdur, yaxud Ərəş uyezdində. Harda isə olubdur. Bunu bən dünən “Tiflisski listok”da oxudum (nömrə 61). Burada hər iki tərəfdən bircə vəkil varmış: erməni tərəfindən məşhur cənab “Xanzadə”, müsəlman tərəfindən də Ləmbəti kəndindən “möhtərəm bir qoca” imiş. Konfransın müddəti az çəkibdir. Bir neçə “sülhamiz” söz danışılandan sonra müvafiqəti-kamilə hasil olubdur və konfrans da qurtarıbdır. Cənab “Xanzadə” müsəlman vəkilinə təklif edibdir ki, müsəlmanlar ermənilərin zərər xəsarətini tamam-kəmal versinlər. Müsəlman vəkili “möhtərəm qoca” bu təklifi kəmali-şövq və zövq ilə qəbul edib deyibdir ki, bundan əlavə “bizim içimizdə bəzi bədəfkar və müfsid adamlar da var ki, qırğına baisdirlər (!). Gərək onları öz aramızdan təbyid və tərd edək”. Erməni vəkili cənab “Xanzadə” bu sözü eşitdikdə ları xoruz kibi ayağa sıçrayıb əllərini döşünə vurub uca səs ilə banlıyıbdır: “ququlu qu! Yaşasın üxüvvət və sülh!!”...

Ququlu qu! Yoxsul müsəlmanı cərimələmək üxüvvət təriqi degil! Ququlu qu! Müsəlmanların yarısını nəfyi-bələd etmək ilə sülh olmaz!

Sülh!... Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus-yapon ilə dalaşdı, axırda sülh oldu, erməni-müsəlman ilə savaşdı, axırda sülh oldu. Genə savaşdı, genə sülh oldu. Genə savaşdı, genə sülh oldu. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmiyorlar ki, istəmiyorlar!... Hökumət gürcülərin üstə yaman düşübdür; özlərini dögür, kənd-kəsəklərini viran ediyor, qəzetələrini də çıxdıqca bağlıyor, çıxdıqca bağlıyor. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzetə çıxarsalar, hökumət onu da bağlıyacaqdır. Dedigim doğru oldu; “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib “Na povorote” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər-yox dedilər, böylə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək” (!)

Hm! ... Bu nə oldu? Köhnə hamam, köhnə tas?! Nə etməli? “Hər şeyin tazəsi, dostun köhnəsi”. Senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”.

Amma müsəlmanların dürlü-dürlü “dost”ları vardır, ha! Uzaq “dost”, yaxın “dost”, laübali “dost”. Keyfin istəyən “dost”! Kutaisin sabiq qubernatoru Staroselski həzrətləri də görünür ki, müsəlmanların “dostu” imiş! Qafqaza əlvida edib Rusiyaya gedəndən sonra cənab Staroselski “dostluq” vəzifəsini ifa etmək niyyətilə Peterburqda “ictimai və siyasi klub”da müsəlmanları tərif və tövsifə başlıyıbdır. Deyibdir ki: “müsəlmanlar ermənilərin düşmənidir, özləri də vəhşidir, qanmazdırlar. Hökumət dəxi bunu bilib, onları sairlərin üstə qısqırır”. Lakin bunun səbəbini cənab Staroselski bəyan etmək istəmiyibdir. Çünki, o surətdə sözlərinin şayani-etibar olduğuna xələl yetərdi. Nə lazım? ...

Lakin buna “dostluq” deməzlər, əli dinc durmuyub salba (selbə) atmaq deyirlər. Amma hər “dostumuz” bizə bir salba atsa, bizdə baş-göz qalmaz. ...

Salba (selbə) dedim, yadıma türkün məsəli düşdü ki: “Ağac bar gətirəndə başını aşağı tutar”. Lakin biz türk ola-ola bizim “ağaclarımız bar gətirdikdə başlarını övci-səmayə qaldırırlar”. “Bar” yemək arzusunda olan əli gödəklərimiz də “ağaclarımız”ın dibində ora-bura fırlanıb “bar” ümidilə hərdəm bir başlarını yuxarı qalxızırlar. Lakin “bar”ın əl çatası olmadığını görüb, ya Krılovun tülküsü kibi “Əh! Yetişmiyibdir, kaldır”-deyə naümid gediyorlar. Yaxud əksər övqat acıqları tutub “ağaca” “salba” atmağa başlıyorlar, bu da “ağaclarımıza” xoş gəlmiyor. ... Məndən isə-başını övci-səmayə qaldırma, sana da “salba” dəgməsin.

 

Filankəs

“İrşad”, 22 mart 1906, ¹74

 

Felyetonda 1-ci bölmə və 2-ci bölmədə bir neçə cümlə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 44-45, 2-ci c. 2005, səh. 192-193).

münəqid- baş tutmuş

müfsid-fitnəçi

təbyid-sürgün etmə

tərd-qovma

üxüvvət-qardaşlıq

nəfyi-bələd-ölkədən çıxartm

 

 

Ardı var

 

Üzeyir HACIBƏYLİ

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2010.- 30 oktyabr.- S.20-21.