Düşünməyə dəyər

 

Böyük rus rejissoru Stanislavskinin belə bir kəlamı var: “Teatr asılqandan başlayır”.

Bəs tamaşa? Tamaşa isə yəqin ki, ədəbi material seçimindən. Səviyyəsiz aktyorların ifasında ən dahiyanə pyes əsasında hazırlanmış tamaşa baxılmadığı kimi, zəif, məzmunsuz pyesdən də heç bir dahi rejissor, ən güclü aktyorlarla belə, maraqlı tamaşa hazırlaya bilməz. Son iki-üç ildə hazırladığı tamaşalarla diqqəti cəlb edən “PROCENT” prodüser mərkəzi əsrlərlə sınanmış bu köhnə teatr həqiqətlərini unutmadığını, ədəbi material seçiminə çox ciddi yanaşdığını “Sleduyuşşiy” (“Növbə kimindir?”) tamaşası ilə bir daha nümayiş etdirdi. Mərkəzin rəhbəri və tamaşanın quruluşçu rejissoru Ələkbər Tağızadədir. Bizim teatr mühitində yeni adamdır.

“Yeni adamdır” dedim və bilirsiz nə fikirləşdim? Fikirləşdim ki, bax, teatrımızın bu gün məhz yeni adamlara ehtiyacı var. Çünki çox az miqdarda sənətçimizi çıxmaq şərtilə, əksəriyyəti hal-hazırda yaradıcılığının durğunluq mərhələsini yaşayır. Sənətçün isə durğunluqdan təhlükəli xəstəlik yoxdur. Pas dəmiri yeyib-yeyib dağıtdığı kimi, durğunluq da sənəti iflic vəziyyətinə salır, sinə dolusu nəfəs almağa, yaşamağa qoymur.

Bu durğunluğa səbəb nədir? İllərlə yaranıb daşlaşmış münasibətlər, nüfuzlulara yarınmaq; qabiliyyətini, peşə vərdişlərini, hətta Allahın verdiyi istedadı belə yaşayış qayğılarının, məişət problemlərinin həllinə qurban vermək; fəxri adlara, mükafatlara hərislik və nəhayət, qulluq göstərmək xəstəliyi. Birdimi, ikidimi... Teatr artıq xroniki vəziyyətə keçmiş bu xəstəliyin caynağından xilas ola bilmir. Dövlət tərəfindən teatrları hərəkətə gətirməkçün bir çox tədbirlər görülür: teatr binaları əsaslı şəkildə təmir olunur, səhnələrin texniki təchizatı müasir tələblər səviyyəsinə çatdırılır, maddi yardımlar göstərilir, dövlət sifarişləri verilir və sairə. Bütün bunlar çox yaxşıdır, amma... Amma dirçəlişçün, yeniləşməkçün kifayət deyil. Yeniləşməkçün, təzələnməkçün SƏNƏTƏ MÜNASİBƏT və SƏNƏTDƏ MÜNASİBƏTLƏR durulmalıdır, saflaşmalıdır.

Bir sözlə, teatra qan köçürülməlidir – yeni adamlar gəlməlidir; köhnə münasibətlərdən uzaq adamlar, yeni təfəkkürlü, yeni düşüncəli, maddi və mənəvi buxovlardan azad adamlar gəlməlidir – Tağızadə Ələkbər kimi.

Ələkbərin professional səhnədə debütü bir il əvvəl olmuşdu, o, Eyb Berrouzun “Svetok kaktusa” (“Kaktus çiçəyi”) pyesinə quruluş vermişdi. Eyb Berrouz qərbdə kifayət qədər tanınan bir dramaturq olsa da, bu, onun əsəri əsasında Azərbaycanda hazırlanmış ilk tamaşa idi. O zaman həmin tamaşaya baxmaq mənə nəsib olmasa da, mətbuatda haqqında oxumuşdum; ümumiyyətlə, adi tamaşaçılardan tutmuş teatr bilicilərinə qədər hamı Ələkbərin debütünü bəyənmişdi, müsbət qiymətləndirirdi.

Və nəhayət, bu yay Ə.Tağızadə ikinci – “Növbə kimindir?” tamaşasını teatrsevərlərin mühakiməsinə təqdim etdi. Və bu dəfə də, bir az öncə vurğuladığım kimi, pyes seçiminə, ədəbi materialın konkret səhnə üçün məxsusi hazırlanmasına rejissorun necə böyük əhəmiyyət verdiyini gördük. O, tamaşa üçün Amerika dramaturqu Nil Saymonun “Məzhəkəçilər” pyesini seçmişdi. “Məzhəkəçilər” hər bir “əzası” yerində olan kifayət qədər kamil bir dramaturji əsərdir. Bununla belə, Ələkbər pyesi konkret mühitə, konkret tamaşaçıya və məkana, yəni bizim mühitə, bizim tamaşaçıya və ixtiyarında olan səhnənin texniki imkanlarına, daha doğrusu, imkansızlığına uyğunlaşdırmaq qərarına gəlir. Bununçün o, Ramiz Fətəliyevə müraciət edir. Bu seçimə də söz ola bilməz. Yalnız Azərbaycanda yox, bir çox başqa ölkələrdə də, o cümlədən Moskvanın ərköyün teatr və kino aləmində yaxşı tanınan Ramiz sadəcə istedadlı dramaturq deyil, o, həm də təcrübəli dramaturqdur və mahir dialoq ustasıdır. Beləliklə, Nil Saymonun “Məzhəkəçilər”inin Ramiz Fətəliyevin interpretasiyasında yeni variasiyası – “Növbə kimindir?” pyesi yaranır.

Gördüyümüz kimi, Ələkbər Tağızadə səhnəyə çıxmazdan əvvəl gələcək tamaşanın bünövrəsini əsaslı şəkildə hazırlayıb.

Əsərdə bütün hadisələr bir məkanda, Nyu-Yorkun göbəyində, Manhettendə, yuxarı Brodveydəki köhnə otellərdən birində, ayrıca mətbəxi və vannası olan birotaqlı mənzildə cərəyan edir. Həyatını səhnəyə həsr etmiş kiçik səhnəciklərin – sketçlərin mahir ifaçısı, bir zamanlar Brodveyin sevilən ulduzlarından sayılan, indi isə səhnədən uzaq düşmüş, yaşı yetmişi çoxdan adlamış qocaman məzhəkəçi-aktyor Villi Klark burada, bu miskin otel otağında yaşayır. Həftədə bir dəfə – çərşənbə günləri bazarlıq edib onu yoluxmağa gələn, teatr, kino, reklam müvəkkilliyi ilə məşğul olan bacısı oğlu Ben Silvermandan savayı bu dünyada kimsəsi yoxdur. Ben ara-sıra reklam roliklərində, şoularda bir-iki kəlmə replikası olan xırda rollar tapıb başını qatır. Amma getdikcə bu da çətinləşir, çünki Villinin günü-gündən yaddaşı korlaşır, mətni yadda saxlaya bilmir, əli əsir, bir sözlə, peşə qabiliyyətini itirir. Əsərin bütün ideya-məzmunu da tamaşaçının və oxucunun diqqətini belə bir əbədi problemə yönəldir ki, sənətçi qocaldıqca, ömrünün qürub çağında özünə qarşı diqqət, qayğı, maraq umduğu bir vaxtda, əksinə, insanlar tərəfindən ona marağın azaldığını, həyatını həsr etdiyi sənət aləmində ona tələbatın olmadığını, yavaş-yavaş unudulduğunu görür və bununla heç cür barışa bilmir. Və xüsusi vurğulamaq istərdim ki, bu, ayrı-ayrı şəxslərin problemi, faciəsi deyil, həyatın özündə olan bir gerçəklikdir; acı gerçəklik. Bütün normal insanlar bu konflikti yaşayırlar. Bu konflikt qaçılmazdır, sonun başlanğıcı deməkdir; qurd kimi insanı içindən yeyib-yeyib məhv edir. Çoxları, adətən, bu gerçəklikdən qaçmağa çalışırlar, işgüzar, məşğulluq illüziyası yaradırlar. Amma bu da, bir qayda olaraq, kömək etmir.

Bəli, “Növbə kimindir?” pyesinin qəhrəmanı məhz belə gərgin vəziyyətdədir. Və bu zaman onu yoluxmağa gələn bacısı oğlu, müvəkkili Ben ona iki təkliflə müraciət edir. Birinci təklif – məşhur televiziya aparıcısı Flip Uilstonun keçən əsrin əvvəlindən bizim günlərə qədər bütün varyete ulduzlarını toplayacağı bir neçə saatlıq böyük proqramda çıxış etmək, ikinci – yaşadığı miskin otel otağından yaşlı aktyorlar üçün təbiətin qoynunda tikilmiş gözəl, rahat qocalar evinə köçmək. Birinci təklif onun qəlbində sabaha bir ümid qığılcımı yandırdığı halda, ikinci təklif ildırım kimi tən ortasından keçir, son zəngin artıq çalındığını yada salır.

Villi Klark xalq artisti Rafiq Əliyevin ifasında hər şeyi çox gözəl başa düşür. Başa düşür ki, qocalıb – nə əvvəlki qəddi-qaməti qalıb, nə əvvəlki yaddaşı, amma təslim olmaq istəmir, batan adam saman çöpünə də əl atdığı kimi, o da hər təklifdən yapışır, yenidən səhnəyə qayıtmaq arzusu ilə yaşayır və buna – səhnəyə qayıdacağına inanır da. Rafiq Əliyevin – Villi Klarkın yaşına uyğun olmayan hərəkətləri, çevikliyi, zarafatları tamaşaçıda gülüş doğurur. Bu, istehza qarışıq acı bir gülüşdür.

Bəzi obrazlar haqqında aktyor dostlarımız “oynamağa bir şey yoxdur” deyə gileylənirlər. Villi Klark barədə bunu deməyə heç bir aktyorun dili gəlməz. Bu obrazın, səhnə arxasında qalan tərcümeyi-halından tutmuş hər şey – konkret zaman və məkan çərçivəsində yaşadığı vəziyyətlər, qarşılaşdığı konflikt və nəhayət, bütün bunların ifadə olunduğu dil, dialoqlar aktyora yaradıcılıq potensialından istifadə etməyə geniş imkan verir. Rafiq Əliyev də bu fürsəti “əldən buraxmır”, iki hissəli tamaşa boyu (xatırladım ki, o, bütün tamaşa boyu səhnədədir) yay kimi gah gərilir, gah açılır, çox rahatca dramatik vəziyyətdən komik vəziyyətə, komik vəziyyətdən dramatik vəziyyətə keçir, daim hərəkətdədir, yaxşı mənada fırfıra kimi fırlanır səhnədə. Birinci hissənin əvvəlində Villi Klarkın bacısı oğlu Ben Silverman rolunun ifaçısı Emin Mir-Abdullayevin inamsız oyunu Rafiq Əliyevə tərəf müqabili ilə sıx kontakt yaratmağa bir qədər mane olursa və biz tamaşaçılar da bunu dərhal hiss ediriksə, gözəl sənətkarımız Fuad Poladovun gəlişi ilə hər şey yerini alır, tamaşanın səviyyəsi dərhal bir neçə boy yüksəlir.

Fuad Poladov Villi Klarkın səhnədə düz otuz dörd il tərəf müqabili olmuş Ol Luis rolunu ifa edir. Ol Villinin yaşıdıdır, dediyim kimi, tərəf müqabilidir və ulduzları da Brodveydə birlikdə parlayıb. Uzun illər oynadıqları kiçik yumoristik səhnəciklərdə aralarında elə bir ahəngdarlıq yaranıb, bir-birinə elə qaynayıb qarışıblar ki, onları ayrı-ayrılıqda təsəvvür etmək çətindir. Belə ki, on bir il əvvəl Ol qəfil səhnədən getdikdən sonra Villi də əvvəlki şöhrətini itirməyə başlayır. Villi bunu ona heç cür bağışlaya bilmir və bacısı oğlu ona Olla birlikdə onların məşhur “Həkim” səhnəciyini televiziya proqramında oynamağı təklif etdikdə, əvvəlcə bu fikri qəti rədd edir, amma milyonlarla tamaşaçı ilə yenidən görüşmək, özünü təsdiq etmək fürsətini də əldən vermək istəmir, Olla məşq məqsədi ilə görüşə razılıq verir. Hər iki aktyor – Fuad Poladov və Rafiq Əliyev Villi ilə Olun on bir illik fasilədən sonra ilk görüşünü əla oynayırlar. Tədricən, dalaşa-dalaşa, didişə-didişə Villi onu illərlə rahat buraxmayan sualın – Olun səhnədən niyə birdən-birə, qəfil getməsinin səbəbini öyrənir; demə, hansısa həkimin qoyduğu diaqnoza görə, çarəsiz xəstəliyi varmış və bir ay, ən çoxu ay yarım ömrü qalıbmış. Bu xəbər Villini özündən çıxarır:

“Villi – ...sən tamam boş bir şeyin üstündə getmisən. Başdan-başa cəfəngiyyat!

Ol – Villi, başın xarab olub sənin?! Nədir o boş şey, cəfəngiyyat? Ölüm?!

Villi – Hə! Təsəvvür elə ki – hə! Həyatın yalnız bircə epizodu. Ayrılmaz, qaçılmaz – amma epizodu! Onsuz olmur, özü də biz bunu lap əvvəldən bilirik! Biz qətiyyətlə onunla görüşə gedirik. Və bu görüşün necə olacağı yalnız bizdən asılıdır!..”

Həmin səhnədə biz onların ölümə iki müxtəlif münasibətini görürük. Ol ölümdən qorxur, insan həyatının bu təbii, qaçılmaz sonluğunun yaxınlaşdığını bilincə sarsılır, fəaliyyətini tam dayandırır, ona təslim olur. Villi isə ölümə həyatın bir epizodu kimi baxır, hətta onu yaradıcılıq əzmi ilə, iş başında, səhnədə qarşılamağın daha düzgün, daha şərəfli olduğunu söyləyir. Tamaşanın final səhnəsində aralarında belə bir dialoq gedir:

“Ol – Bəli! Mən qorxdum ölümdən... Başa düşürsən? Hər şeyə marağım itdi! Teatra da! Ancaq ölüm haqqında düşünürdüm! İndi də düşünürəm!

Villi – Səfehsən, ona görə qorxmusan!

Ol – Sən qorxmazdın?

Villi – Yox! O şeydən qorxarlar ki, çətindir! Ölməksə asandır!.. başa düş – ölmək asan şeydir! Uzanırsan özünçün və ölürsən!.. Hər şey də bitir. İstəyirsən, göstərim?.. Buyur bax!”

O, qollarını yanlara atıb ifadəli bir tərzdə kresloya yıxılır. Və... və – ölür. Həqiqətən ölür.

Dostunun gerçəkdən öldüyünü hələ dərk etməyən Ol ona müraciətlə öz monoloqunu başlayır və təkbaşına tamaşanın nöqtəsini qoyur: bu görüşün, əslində, nə məqsədlə təşkil olunduğunu, Villiyə qarşı ürəyində olan, amma heç vaxt dilə gətirmədiyi hiss və duyğuları, həyatda ondan yaxın kimsəsi olmadığını, onunla səhnədə keçirdiyi dəqiqələrin ömrünün ən xoşbəxt anları olduğunu açıb söyləyir, Villinin hətta ölümü ilə də yenə onu qabaqladığını deyir: “Sən – yenə birinci oldun, mənsə... mənsə (gülümsəyir) yenə sıradan biri, növbəti. Mən – (qapı tıqqıldayır). (Ucadan) Növbətiyəm. (Daha ucadan) Növbəti mənəm!!!”

Ol təpədən-dırnağa otuz dörd illik tərəf-müqabilinin əksidir. Şübhəsiz, ədəbi mətndə bu var. Lakin onu tanımaqçün mətnlə axıra kimi tanış olmağa ehtiyac yoxdur. Fuad Poladov səhnəyə qədəmini qoyan andan yerişi, davranışı, hətta yan-yörəsinə, ətrafına səksəkəli baxışı ilə, bir sözlə, zərgər dəqiqliyi ilə tapdığı bir neçə incə, xəsis ştrixlə Olun möhürünü vurub onun “pasportunu” bizə təqdim edir. Fuadı – Olu dinlədikcə, ona tamaşa etdikcə aktyor oyunu ilə mətnin bir-birini necə tamamladığının şahidi olursan. Bəli, həqiqətən də, tam dolğun, canlı səhnə obrazı məhz bu harmoniyadan yaranır.

Mən əminəm ki, teatrşünaslar nə vaxtsa “Növbə kimindir?” (“Sleduyuşşiy”) tamaşasının dərin təhlilini verəcək, oradakı aktyor oyununun incəliklərini açıb göstərəcəklər. Hələliksə, bir tamaşaçı kimi mən onu deyə bilərəm ki, Azərbaycan səhnəsinin iki gözəl aktyoru – Fuad Poladov və Rafiq Əliyev Brodveydə ulduz səviyyəsinə yüksəlmiş iki qocaman sənətkarın dolğun, maraqlı obrazlarını böyük məharətlə yaratmışlar.

Tamaşada heç nə özü-özünə olmur, özü-özünə yaranmır. Teatr kollektiv sənət növlərindən olsa da, hər bir tamaşanın bir yiyəsi, bir sahibi var və o da rejissordur. Əgər səhnənin, məsələn, düz ortasına qara rəngli bir kətil qoyulubsa, onu da ora o qoydurub, onun ağ və yaxud qəhvəyi rəngli yox, məhz qara rəngli olmasını da o tapşırıb. Bir sözlə, tamaşada rekvizitdən, geyimlərdən tutmuş bədii tərtibata, musiqiyə və nəhayət, və ən başlıcası, ifaçı aktyorlara qədər hər şeyi o seçir, o müəyyən edir. Bu adi həqiqətlərdir və teatrla müəyyən qədər əlaqəsi olan hər bir kəs bunu yaxşı bilir. Amma bununla belə, onlardan bəzilərinin “Ələsgər Ələkbərovu, Hökumə Qurbanovası, Həsənağa Turabovu, Şəfiqə Məmmədovası olan teatrda əsər qoymağa nə var ki?!” – dediyini eşidəndə heyrət edirsən. Bəli, istedadlı aktyorlarının olması teatrın xoşbəxtliyidir. Onlar teatrın sərvətidir. Amma nəhəng aktyorları bir yerə yığmaqla tamaşa ərsəyə gəlir. Məlumdur ki, “Vaqif” pyesinin müəllifi Səməd Vurğundur, “Vaqif” tamaşasının müəllifi isə Adil İsgəndərovdur; Ələsgər Ələkbərovunmu, Dağıstanlınınmı Vaqif rolunda oynayıb-oynamamasından asılı olmayaraq. Eləcə də “Ölülər” tamaşası. Baş rollarda Həsənağa Turabov və Məlik Dadaşov kimi gözəl aktyorların çıxış etmələrinə, mütəfəkkir-rəssam Elçin Muxtar Elxanın (Aslanovun) tamaşaya son dərəcə maraqlı, düşündürücü tərtibat verməsinə baxmayaraq, o tamaşanın da müəllifi Tofiq Kazımovdur. Yəni hər hansı bir tamaşanın müvəffəqiyyəti onun hazırlanmasına cəlb olunmuş fərqli dünya görüşünə malik müxtəlif səpkili, müxtəlif səviyyəli sənətçilərin, şəxsi ambisiyalarını bir kənara qoyub, yaradıcılıq potensiallarını seçilmiş ədəbi materialın aşıladığı ideyanın nə dərəcədə tamaşaçıya çatdırılmasına yönəldə bilmələrindən asılıdır. Bu isə özbaşına əmələ gəlmir, quruluşçu rejissorun fərdi yaradıcılıq imkanları və gərgin əməyi sayəsində olur. İndiki halda isə, mən hesab edirəm ki, “Növbə kimindir?” tamaşasının uğuru ilk növbədə Ələkbər Tağızadənin adı ilə bağlıdır. O, bütün gücünü, yaradıcılıq enerjisini tamaşanın ərsəyə gəlməsinə həsr edib, amma özü səhnədə görünmür. Bəziləri kimi dəridən-qabıqdan çıxıb yerli-yersiz, “baxın, bu mənəm, bu mənim tapıntımdır” demir. O, iki sənətçinin taleyindən söz açır və bizi həyatın acı həqiqətləri və ölümün qaçılmazlığı haqqında düşünməyə dəvət edir.

Kədərlidir?!

Əlbəttə kədərlidir!

Amma düşünməyə dəyər!

 

 

İntiqam QASIMZADƏ,

Əməkdar incəsənət xadimi

 

525-ci qəzet.- 2010.- 30 oktyabr.- S.19.