Ocağın odu
Bu ocağın işığına milyonlar şərik
Qoşa çilçıraqlı salonu dövrələyən böyük dəyirmi masanın arxasında oturanlar bir-bir ayağa qalxıb çıxış edir, təqdimatı keçirilən yeni kitab haqqında fikirlərini söyləyirdilər. Baş tərəfdə, aparıcının yanında əyləşən müəllif, orta yaşlı xanım onlara diqqət kəsilir, arabir qeydlərini edirdi. Salonda dost məclisinə xas olan xoş ovqat, yüksək əhval-ruhiyyə vardı, müəllifin ünvanına ürəkaçan sözlər deyilirdi...
Fikir iti olur. Ani olaraq vaxtilə rayonda qonağım olmuş Şairin sözü yadıma düşdü. Adətim üzrə səhər tezdən oyananda Məmməd müəllimi bağçada gəzişən görmüşdüm. Narahat olub səhhətini, erkən durmasının səbəbini soruşdum.
– Adətim belədir, –
demişdi, – gec yatsam da tezdən oyanıram. Yerim rahatdı.
Ancaq balacama görə narahatam.
Sualımı gözlərimdən
oxuyub izah eləmişdi:
– Öyrəncəlidir, mənsiz
gözünə yuxu getməz.
O vaxt təzəcə ailə
qurmuşdum. Hələ ata deyildim. Qonağımın
sözü mənə çatmamışdı, qəribə
gəlmişdi. İstər-istəməz öz-özümə
sual vermişdim: “Bəs anası?”
Mənə çox təsir
bağışlayan həmin söhbəti neçə illər
sonra, Şair həyat yoldaşı ilə rayona gələndə
xatırlayıb Cülxanım anaya
danışmışdım. Qadın qayğılı halda
demişdi: “Hə, atası bir yerə gedəndə, İradə
qızımız darıxırdı, ovundura bilmirdim onu”.
Sonralar Bakıya gəlib “Mədəni-maarif”
jurnalının baş redaktoru işləyəndə
bütün bu olub keçənlər barədə Məmməd
müəllimlə söhbətimiz olurdu.
Redaksiyalarımız “Azərbaycan” nəşriyyatının
ikinci mərtəbəsində qonşu otaqlarda yerləşirdi.
Məmməd Arazın baş redaktoru olduğu “Azərbaycan təbiəti”
jurnalı redaksiya heyətinin üzvü idim. Onunla tez-tez
görüşür, hal-əhval tuturdum. Böyük
qızı İradə xanımın istedadlı jurnalist kimi
uğurları atanı sevindirirdi...
İradə Tuncay “Ədalət”in
baş redaktoru kimi işə başlayandan sonra qəzetdə
müntəzəm dərc olunan publisist yazıları
xüsusilə oxucuların diqqətini cəlb etdi və əks-səda
doğurdu.
İ.Tuncay publisistikası
oxucunu özünə cəlb edir, onu
düşündürür, bir vətəndaş kimi səfərbər
edir. Məmməd Araz ocağından od alan bu publisistika
İradə xanımın qələmində özünəməxsus
üslubu, dəst-xətti, mübarizliyi ilə diqqət
çəkir. O, Azərbaycan jurnalistikasında, mediasında,
eləcə də təqdimat mərasimində çox
haqlı olaraq vurğulandığı kimi bədii ədəbiyyatımızda
yenilikdir, bənzərsizdir.
Jurnalistin sözü fakta
söykənməlidir. Stendal vaxtilə çox obrazlı
deyib: “Hamı cənab fakt qarşısında
şlyapasını çıxarır”. Çox təəssüf
ki, indi məlum faktları da inkar edənlər olur. Ancaq elə
fakt da var ki, onu etiraf etməmək mümkün deyil. Bu, oxucu
qıtlığı, qəzet-jurnalların, kitabların
tirajının azalmasıdır. Belə bir vaxtda problemlərimizi
ürək ağrısı ilə özünəməxsus
üslubda qələmə alan İradə Tuncayın
publisistik yazıları maraqla oxunub əks-səda doğurur,
onun baş redaktoru olduğu qəzetin tirajı və
oxucuları getdikcə artır.
Bəs bunun “sirri” nədədir?!
Axı, indi hər müəllifi, hər yazını
oxumurlar.
“Ədalət”, “525-ci qəzet”,
“Ayna”, “Zerkalo” və “AiF – Arqumentı i faktı” kimi nəfis tərtibatlı,
dolğun məzmunlu, günün “nəbzi döyünən”
qəzetlər maraqla oxunur. “Ədalət” getdikcə daha
çox diqqəti cəlb edir, oxunaqlı yazıları
artır. Bu da qəzetin yaradıcı kollektivinə rəhbərlik
edən baş redaktorun danılmaz xidməti sayəsindədir.
O, heç kimin yazı üslubuna, dəst-xəttinə xələl
gətirmədən redaktə etməklə, hələ
püxtələşməmiş cavan yazarlara yerindəcə
dəyərli məsləhətlərini verməklə kifayətlənmir,
eyni zamanda əyani yaradıcılıq nümunəsi kimi qəzetin
şənbə nömrələrində publisistik məqalələri
ilə çıxış edir.
“Sarı Odalar” kitabında
toplanan həmin yazıları “Ədalət”in və “525-ci qəzet”in
son illərdə çıxan nömrələrində
oxumuşdum. Odur ki, nəfis şəkildə nəşr edilən
bu kitabı sadəcə vərəqləyib nəzərdən
keçirmək istəsəm də, bacarmadım. Vaxtilə
oxuduqlarım mənə yeni gəldi, beləliklə İradə
Tuncay qələminin, sözünün sehrinə
düşdüm, bənzərsiz publisistikasının dərin
qatlarına endim: müəllifin cəsarəti,
sözünün tutumu, gerçəkliyin bütün
çalarları, ağrısı, yanğısı və bu
uzun yolun, tunelin axırında közərən, getdikcə
şölələnən Ümidin doğurduğu İnam –
Tuncay publisistikasının məğzi, mahiyyəti budur.
Coğrafiyası, məkanı və zamanı olduqca əhatəli,
mövzuları rəngarəngdir. Ünvanı isə birdir:
oxucu!
Nədən yazır
yazsın oxucunu düşünməyə, ayıq-sayıq
olmağa, olmuşlardan ibrət götürməyə,
olacaqları duymağa, önləməyə, “imzalar
içində imzamızı” (M.Hadi) qorumağa, millətlər,
müstəqillər nizamında “dəstədən geri
qalmamağa” (S.Vurğun) səsləyir.
lll
Fikrimcə İ.Tuncay
publisistikasının ən önəmli məziyyəti səmimiyyətdir.
O, elə bil oxucusu ilə üz-üzə, ürək-ürəyə
söhbət edir, fikirlərini bölüşür. Problemlərimizi
ürək yanğısı ilə qələmə alan
müəllifin hər bir yazısının maraqla oxunub əks-səda
doğurmasının səbəbini bunda görürəm. Əgər
kimliyindən və nəçiliyindən asılı
olmayaraq insanlar müəllifə öz
sayğılarını, eləcə də
ağrı-acılarını bildirirlərsə, bu, qələm
sahibi üçün əvəzsiz mükafatdır.
“Sarı Odalar” kitabına
“Ön söz”ün müəllifi tanınmış jurnalist
Məzahir Əhmədoğlu yazır: “Sevinci
bölüşmək asandır, əzabların birgə
yaşanması da buna bərabər təsəllidir. Bir dəfə
polkovnik rütbəli ziyalı bir hərbçi mənə zəng
edərək “Yoldaş Çe” yazısına görə İradə
Tuncaya təşəkkürünü
çatdırmağı xahiş etmişdi. Və
bildirmişdi ki, Çe Gevara haqqında bütöv bir kitab
oxumaqdansa, həmin məqaləni oxumaq daha faydalıdır”.
“Ağlımdan ürəyimə
keçən yolları açmaq istəyirəm”, – deyən
İradə xanımın insanı duyğulandırıb silkələyən
həmin yazısını əvvəl “Ədalət”də,
sonra kitabında oxuyandan sonra onun gəldiyi nəticə ilə
mənim də fikrim üst-üstə düşüb: “Əsl
insanların həyatı ölümündən sonra
başlayır”. Və istər-istəməz Milli Qəhrəmanımız
Mübariz İbrahimovun döyüş ərəfəsi
ata-anasına yazdığı məktubdakı sözlər
ürəyimi göynədir: “Mənim üçün
ağlamayın”. Çe Gevaranın ailəsinə
yazdığı məktub: “Əgər siz bu məktubu
oxuyursunuzsa, deməli, mən sizin aranızda yoxam”.
Qəhrəmanlıq sərhəd
tanımır. Okeanın o tayında doğulan Çenin
ölümündən 40 il keçsə də şöhrəti
dünyanı gəzir. Bizim uşaqlar, yeniyetmələr də
üzərində onun şəkli olan köynəyi fəxrlə
geyirlər. Bu, yaxşı haldır. Daha yaxşı olar ki,
Milli qəhrəmanımızdan nümunə götürməyi
övladlarımıza, cavanlara öyrədək! Bu çox
vacib məsələ dövlət səviyyəsində,
ölkə miqyasında sistemli, davamlı şəkildə
öz həllini tapmalıdır. Həmin fikir “Sarı Odalar”
kitabındakı yazıların çoxunda müəllif tərəfindən
ustalıqla çözülür, İ.Tuncay
publisistikasının qayəsini təşkil edir.
Belə bir tarixi fakta diqqət
edək: “Əsir düşən Çeni güllələyir,
meyiti görk üçün bir neçə gün
açıqda saxlayırlar. Sonra Valye-Qrande qəsəbəsinin
kənarında basdırıb üstünə asfalt
tökürlər... Lap sonra Fidel Kastro Kubanın ən populyar
inqilabçısının cənazəsinin
qalıqlarını Boliviyadan Havanaya gətirir, qəhrəmana
möhtəşəm abidə ucaldılır”.
Azərbaycanın igid
oğlu Mübariz İbrahimovun şücaətindən dəhşətə
gələn düşmən neçə vaxtdır onun
meyitini vermir. İlk vaxtlar bunu inkar etmişdilər, sonra
internetdə göstərdilər. Və bunu görən qərb
jurnalistinin sözləri dünyaya yayıldı: “Ermənilər
ondan elə qorxublar ki, meyitinin də əl-qolunu
bağlayıblar”.
Şərhə ehtiyac yoxdur.
Hər şey dünyanın gözü qarşısında
baş verir: düşmənin qorxaqlığı, alçaq
xisləti, riyakarlığı və bunlara rəğmən
Azərbaycan oğullarının rəşadəti, cəsarəti,
qətiyyəti! Bu yenilməzlik, əzmkarlıq, hünər
sayəsində Xalq öz istəyinə mütləq nail
olacaq. Oxucu bu istəyi müəllifin dilindən eşidir: “Mən
istəyirəm al-əlvan Vətən bağında Xarı
bülbülü dərim. Mən istəyirəm Dəlidağda
qartalların səmada süzməsini görüm. Mən istəyirəm
Vətənin hər guşəsini bağrıma basım. Mən
istəyirəm övladlarımıza göstərə bilmədiyimiz
böyük Vətəni heç olmasa nəvələrimizə
göstərim. Mən torpağı bölünməyə
öyrəncəli olmaq istəmirəm!”
lll
Beş bölmədən
(Tarix, Ovqat, Səyahət, Gündəm, Portret), 91 yazıdan
ibarət olan “Sarı Odalar”ın baş qəhrəmanı
müəllifin özüdür. Ayrıca xatirə, tərcümeyi-hal
yazmasa da, onun obrazı az qala bütün çalarları ilə
kitabında görünür. Özünü
“adamayovuşmaz, dinməz-söyləməz, acıdil,
qapalı” kimi xarakterizə etsə də, bu, oxucunu
inandırmır. İstər-istəməz sual verir: kim,
harada, nə üçün? Cavab da özünü gözlətmir.
“Dost əlinin istisi” yazısını oxuyanda hər şey
aydın olur. Müəllif yazır: “Deyirlər, insan yeməksiz
qırx gün, susuz dörd gün, havasız dörd dəqiqə,
ümidsiz dörd saniyə yaşaya bilər. Var olsun
ümidli günlərin işığı olan insanlar”.
İradə xanım
özünün yazdığı kimi “işığı
olan insanları” sevir. Belə bir insan, ondan yaşca
böyük tələbə rəfiqəsi, jurnalist Suğra
Rəhimova haqqında olduqca səmimi, ürək
açıqlığı ilə yazır: “ Öz dərin
savadını, biliyini, bacarığını sevdiklərinə
xərcləyib. Suğra bizim qadınlarda az-az rast gəlinən
bir keyfiyyətə malikdir – eruditdi, böyük mütaliəsi
var, milli köklərə də, bəşəri dəyərlərə
də çox bağlıdır... Telefonla söhbətimizə
qulaq asan varsa, bizim danışdıqlarımız çox qəribə
görünəcək: fəlsəfədən, tarixdən, ədəbiyyatdan”.
Rəfiqəsi haqqında
yazdıqları tamamilə onun özünə də xas olan
keyfiyyətlərdir. “Sarı Odalar”ı oxuduqca
gözümüzün qarşısında zəngin mütaliəli,
məlumatlı, bilikli, dünyagörüşlü Söz
sahibinin obrazı canlanır. O, nədən yazır yazsın
qibtəediləcək yaddaşı sayəsində vaxtilə
oxuyub mənimsədiklərindən yararlanır, yerli-yerində
nümunələr, misallar gətirir, bugünümüz
üçün ibrətamizini ortaya qoyur, uyğun nəticə
çıxarmağı oxucusunun öz öhdəsinə
buraxır. Kitabın “Tarix” bölməsindəki yazılar
buna misal ola bilər. Elə başqa bölmələrdəki
bir çox yazılarında da müəllif necə deyərlər,
məqamı gələndə tarixi paralellər aparır, ibrətamiz
nəticə çıxarmağı oxucuya həvalə edir.
Kitabın “Ovqat” bölməsindəki “Dorian Qreyin portreti”
yazısında olduğu kimi.
... Cəmi 46 il ömür
sürən ingilis yazıçısı Oskar Uayldın əsərləri
yüz ildən çoxdur ki, yaşamaqdadır. Və həm
də sənətkarın şəxsiyyəti, bioqrafiyası
indi də birmənalı qiymətləndirilmir. Hətta ailəsi
onun familyasından imtina edib. Və bu gün yaşamaqda olan nəvə-nəticəsi
də onun adından uzaq durmaqdadı. Qəribə taleyi var bu
yazıçının. Yeganə romanının qəhrəmanına
bənzəyir.
Romanın süjeti öz
dövrü üçün ənənəvidir: İblislə
sazişə girən, ruhunu satan və bununla da öz istəklərinə
çatdığını zənn edən qəhrəmanın
həyat hekayəsidir. Roman çap ediləndən sonra
qalmaqala səbəb olmuşdu. Tənqid bu əsəri əxlaqsız
əsər kimi qiymətləndirmiş, bəziləri
yazıçını cəzalandırmağı,
kitablarını yandırmağı da tələb etmişdi.
Yazıçı ictimai əxlaqı təhqir etməkdə
ittiham olunurdu. Amma əslində Dorian Qreyin portreti öz zəmanəsinin
– Viktorian cəmiyyətinin portreti idi. Məsum, saf gənc –
hamını sevməyə hazır olan gənc elə həmin
cəmiyyətin yalançı dəyərləri ilə
qorxunc, mənfur varlığa çevrilir.
“Dorian Qreyin portreti” unikal ədəbi
nümunə, fəlsəfi romandır. Əsərdə bəşəriyyətin
özünə verdiyi əbədi suallar var – həyatın mənası,
əməllərə görə məsuliyyət, gözəlliyin
cazibəsi, sevgi və həm də günahların
dağıdıcı hakimiyyəti. Şöhrətinin zirvəsində
məhbəsə düşən yazıçının
çox illər sonra, lap bizim günlərdə Londondakı
evinin divarına şəkli olan barelyef vurdular, adını
yazmadılar. Ancaq bu söz yazıldı: ZƏKA”.
Oxucunu dərindən-dərinə
düşündürən, təsirləndirən məqaləsinin
axırında İradə Tuncay yazır: “Sənət və
gerçəklik. Sənət və əxlaq – əbədiyaşar
mövzu. Həyat adlı material... Və biz – bu qalereyanın
portretləri: kimi gənc, gözəl, kimi eybəcər. Bizə
elə gəlir ki, keçmiş arxada qalır. Qalmır,
vallah. Hər zaman bizimlə yanaşı addımlayır
keçmişimiz. Vaxtilə elədiyimiz günahların
cavabını verməli oluruq. Lap övladlarımızın
taleyində. Hamımız “Dorian Qrey” sindromundan əziyyət
çəkirik”.
lll
Portretlər qalereyası.
“Sarı Odalar”da müəllif bir-birindən fərqli
insanların, şəxsiyyətlərin bitkin obrazlarını
sərgiləyir, mübaliğəsiz deyə bilərəm
ki, bir növ portretlər qalereyası yaradır. Mən burada
“rəssam kimi” ifadəsi yerinə düşsə də, bilərəkdən
işlətmirəm. Səbəbi aydındır: Qələm
sahibinin yeganə silahı sözdür, ustad Vurğunun təbirincə
desək, “rəngsiz, boyaqsız, əmmasız olan söz”.
İradə xanım isə sözə özü demişkən
elə bil “zərrəbinlə” baxır, pafoslu, “qanadlı”
ifadələr onun qələminə yaddır. Hər bir
sözü yerli-yerində, sərrast işlətməyi
bacarır. Bu, onun yaradıcılığında, dəst-xəttində,
üslubunda özəl məqamdır. Kimin “şəklini
çəkir”, portretini yaradır, fərqi yoxdur, sözə
rəng qatmır. “Açıq sözü, doğru
sözü qorumaq əsl qələmin hünər işidir.
Qələm sahibinin vicdan işidir” – deyir. Və həmişə
buna əməl edir.
“Sarı Odalar”da XX əsrin
böyük şəxsiyyətlərinin (Atatürk, Heydər
Əliyev, İndira Qandi, Con Kennedi, Üzeyir Hacıbəyov,
Nazim Hikmət, Elçibəy...) portretlər qalereyası
yaradılıb.
Hər bir portreti səciyyələndirən,
xarakterizə edən ştrixlər, cizgilər diqqəti cəlb
edir.
“Sadə, orta hallı bir ailənin
övladı olub əyalət şəhərciyindən
böyük Kremlə, siyasi olimpə yüksələn bir yol
keçmişdi. Əslində, O, bir az da sovet hakimiyyətinin
övladı idi. Çünki o dövrdə fəhlə
oğlunun vəzifə pillələri ilə qalxması
mümkün sayılırdı. Sadəcə, Zəka,
bacarıq və qabiliyyət olmaq şərti ilə. Əsas
məsələ də bu idi: ZƏKA. Onu hamıdan fərqləndirən...
Zamanın gedişini dəyişməyi, hadisələri idarə
etməyi, yönəltməyi yalnız və yalnız O
bacarırdı... Birinci olmaq hər oğulun hünəri
deyil. Biz bunu yaxın tariximizdə yaşadıq. Balaca bir ailəni
doğru-düzgün idarə etmək çətin olur. O ki
ola Azərbaycan kimi qarışıq, mürəkkəb və
təzadlı məmləkəti idarə eləmək”.
“Seçilmiş” portret
oçerkini oxusanız XX əsrin parlaq simalarından olan
böyük şəxsiyyəti səciyyələndirən
sadə, sanki zərrəbinlə arınıb, tapılan sözləri,
ifadələri və ... müəllifin gəldiyi nəticəni
heç bir kitabda, məqalədə tapa bilməzsiniz.
Sübut üçün sözü yenə müəllifə
verək: “Hökmdarların ən böyük ehtiyacı Səmimiyyət
və Sevgidir, çünki yaltaqlar xorunun içində həqiqi
sözü seçib ayırmaq da müşkül məsələdir.
Mən bilmirəm O, gündəlik yazırdımı... Əgər
yazıbsa, oxumaq istərdim. Bizdən qat-qat ağıllı
olan, neçə baş yuxarıda duran, uzun və keşməkeşli
yol keçmiş bu ağsaqqalın adi insan
qayğılarını, ağrılarını öyrənmək
istərdim... Və hər zaman düşündüyüm bir
sual da var – niyə bir xalqın, bir millətin, hətta bir ailənin
içində də bir fərd digərlərindən tamamilə
fərqlənir, seçilir? Və seçilmiş olmaq
asandırmı? Və bu fərqləndirmənin bədəli
nədir?”
“Ata olmaq haqqı” portret
oçerkini İradə xanım Atatürkə sonsuz
sayğı ilə qələmə alıb. Hər zaman
bütün döyüşlərdə əsgərlərin
önündə vuruşan komandan həlledici Çanaqqala
savaşında tarixi zəfər qaxanmış, ordusu tərxis,
paytaxtı işğal olmuş bir ölkəni ayağa
qaldıraraq Türkiyə Respublikasını
yaratmışdır.
“Mən liderləri bütləşdirməyin,
ilahiləşdirməyin əleyhinəyəm. Onlar da bizim kimi
insandırlar... Onların da sevdikləri, sevmədikləri
olur. Zəifliyi, qüdrəti olur”, – deyən müəllif
Mustafa Kamal Atatürkün yalnız lider deyil, eyni zamanda Vətənə
Oğul, Millətə Ata olmaq haqqını xüsusi
vurğulayır. Bu haqqı öz qəhrəman
övladına qədirbilən xalqı verib, Türk
dünyası dəstəkləyib.
lll
İnsanın daxili aləminə
nüfuz etmək, iç dünyasını üzə
çıxarmaq, hansı istedadın, biliyin, hünərin, əməlin
sahibi olur olsun – qələmə aldığı obrazın insan
keyfiyyətlərinə, şəxsiyyətin
bütövlüyünə önəm vermək İradə
Tuncay publisistikasının məhək daşıdır.
Doğru sözü, olanı, həqiqəti sərrast demək,
hədəfə tuşlamaq onun kəsərli qələminə
xas olan keyfiyyətdir. Bu baxımdan Ramiz Rövşənə
xitabən “Canavar vaxtı” yazısı çox səciyyəvidir.
“Bir-birimizin ağzından
tikə qapırıq. Qarnımız doysa da,
gözümüz doymur. Biz hansı vaxt ölçüsü
ilə yaşayırıq? Canavar vaxtıyla, yoxsa adam
vaxtıyla? Bizim içimizdə canavarlar kimdi, adamlar kim? Bu
cavabsız suallar məmləkətində şairlər niyə
doğulur?”
Özünün etiraf etdiyi
kimi “ən çətin sualları”nı şairə verən
müəllif deyir ki, Ramiz Rövşənlə şəxsi
tanışlığı yoxdur. Və yazır: “Bilirəm
ki, Ramiz qadınlara yuxarıdan baxır, onları ciddiyə
almır. Əgər ona rahatlıq gətirəcəksə,
elə fikirləşsin ki, bu yazını da kişi yazıb.
Ancaq kişilər də bir olmur, atam balası –qorxağı
var, igidi var. Siz o qara paltarlı gözəl qadınlardan
ümidinizi üzməyin. Bu millətin sabaha gedən yoluna
tökülən daşları həmin qadınların
inadı, səbri, cəsarəti və göz yaşları təmizləyəcək”.
Sözünüz
doğru-düz, kəsərlidir, İradə Tuncay! Lap
adamın yeddi qatından keçir. Haqq sözə nə demək
olar? Həqiqət ikiüzlü olmur, bir üzü olur həqiqətin:
sərt, açıq!
Siz həmişə belə
yazırsınız: rəngsiz, boyaqsız, haqq olan
Sözü! 48 yaşında Hindistan kimi böyük bir
ölkədə mütləq hakimiyyəti əlində cəmləşdirən
zərif xanım İndira Qandi onu əhatə edən
güclü cinsin nümayəndələrinə öz iradəsini
göstərə bildiyini yazanda (“Ay ölkəsi”, səh.
307-311) bir haşiyə çıxıb qeyd edirsiniz: “Mən
kişilərin güclü adlandırılmasının əleyhinəyəm.
Olsa-olsa fiziki göstəriciləri üstün sayıla bilər.
Ruh və iradə baxımından isə qadınlar daha
güclüdür”. Və Siz həmin çox maraqlı və
təsirli portret oçerkinizin axırında
yazırsınız: “Söz hər şeyin
başlanğıcıdır. Qadın kimi...”
Ancaq atanız da oğul istəyirmiş.
O vaxt Moskvada təhsil alan Məmməd Araz evinə göndərdiyi
məktublarda oğlu olacağını yazırmış, ad
da fikirləşibmiş. Və... Siz dünyaya göz
açmısız. Sonralar bu məsələni biləndə
bir müddət, yeniyetmə yaşlarında
özünüzü narahat hiss etmiş, sıxıntı
keçirmisiniz. Bütün bunları özünüz
yazmısınız. Və nəhayət, həyatın
keşməkeşlərindən, sınaqlarından
çıxıb özünüzə əmin olandan sonra: “Hər
atanın İradə kimi oğlu ola bilməz”, – demisiz. Nə
bilmək olar, bəlkə də sizdən uzaq düşəndə
gözlərinə yuxu getməyən ataya da nəsə əyan
imiş. Axı, o da bunu etiraf edib, İradəsi ilə həmişə
qürur duyub.
Və nəhayət, qız
nəvənizə xitabən “Mən və Sən (Xoş gəldin,
balaca!)” yazınızda etirafınız: “Qız
uşaqları atalarına qəribə, izaholunmaz bir cazibə
ilə bağlı olurlar. Bir kitabda oxumuşdum – qızlar
dünyaya gələndə hərəsinin öz missiyası
olur. Biri ömrü boyu Ana olur, bir ancaq Qadın, biri də
Övlad. Mən böyük anlamda ancaq Övlad ola bildim”.
Həmkarı Aqil Abbasın
həyat yoldaşı, iki oğul anası, cavan nənə,
böyük oğlu Tuncayın adını təxəllüs
götürən İradə xanım özünün dediyi
kimi böyük anlamda Övladdır. Məmməd Araz qələmini
və sözünü yaşadan övlad. Azərbaycan
poeziyasında Məmməd Araz sözünü
jurnalistikamızda, mətbuatımızda və ədəbiyyatımızda
bənzərsiz publisist kimi deyən Övlad.
“Açıq sözü,
doğru sözü qorumaq əsl hünər işidir. Qələm
sahibinin vicdan işidir”, – deyən, düz sözə,
doğru sözə, haqq sözə qələm çalan
Övlad!
Əlövsət BƏŞİRLİ
525-ci qəzet.- 2010.- 30 oktyabr.- S.18.