İkincilərin birinciliyi
Yox, bu bir yarışma deyildi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissoru və operator sənəti” kafedrasının operator ixtisası üzrə təhsil alan II kurs tələbələrinin fotolarının sərgisi idi. Bu işləri ilə tələbələr sanki iki ildən bəri aldıqları təhsilin bəhrəsini tamaşaçılarla bölüşürdülər. Axı, kinooperator sənətinin əlifbasını məhz fotoşəkillər təşkil edir. Burada fotoqrafın-gələcək operatorun ölçü hissi, yer seçmək, obyektin ən xarakterik nöqtəsini tapmaq məharəti, işıq-kölgə təzadlarını duymaq səriştəsi əsasdır. Və ADMİU-nun foyesində tələbələrin gərgin axtarışlarının nəticəsi kimi nümayiş olunan 80-dən çox foto əsərləri bunu deməyə əsas verir ki, bu təhsil ocağında digər ixtisaslar kimi həm də gələcəyin istedadlı operatorları yetişməkdədir. Sərginin açılış mərasimində çıxış edən ADMİU-nun prorektoru, professor Rafiq Sadıxov tələbələrin təqdim olunan əsərlərindən bir sənətşünas alim kimi məmnunluq duyduğunu söylədi, onlara daha gərgin bəhrəli axtarışlar aparmağı arzuladı. Özü də sənət etibarı ilə peşəkar operator olan “Kinorejissoru və operator sənəti” kafedrasının rəhbəri Amin Novruzov tələbələrinin işləri barədə tamaşaçılara müfəssəl məlumat verir, bu işlərdəki xırda çatışmazlıqlara baxmayaraq onların ümumən qəbul olunmuş standartlara uyğunluqlarını qeyd edirdi. Universitetin “Televiziya rejissorluğu” kafedrasının müdiri, görkəmli televiziya rejissoru Tariyel Vəliyevsə deyirdi ki, bu işlərdən kinooperatorluğa doğru birbaşa, düz yolun getdiyini apaydınca görür. Sərgi tamaşaçıları hər fotonun önündə dayanır, müəllifləri ilə söhbət edir, fikir mübadiləsi aparırdılar. Sərgidə daha çox və daha orijinal fotoları ilə iştirak edən Emil İmanverdiyevin, Samir Şahtaxtlının, Vaqif və Vüsal Rəşidov qardaşlarının, Nurlan Kərimovun, Şahpari Abbasovanın, Elçin Əliyevin, Zaur Rəsulovun işləri barədə xoş rəylər söylənildi, gələcək işlərdə onlara uğurlar diləndi.
Gündüz ƏLİYEV
525-ci qəzet.- 2010.- 30 oktyabr.- S.17.