Hələ ki, şam yanır...

 

Bu günlərdə görkəmli yazıçı Kamal Abdullanın Azərbaycan oxucusuna yaxşı tanış olanSehrbazlar dərəsi” romanı Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda işıq üzü görmüşdür. “Zlotoust” nəşriyyatında işıq üzü görmüş əsərin tərcüməçisi və ön sözünün müəllifi tanınmış rus yazıçısı Lyudmila Lavrovadır. Kitabın ön sözünü oxucularımızın diqqətinə təqdim edirik.  

Adama elə gəlir ki, səriştəli rus oxucusunu artıq heç nəylə təəccübləndirmək mümkün deyil. Bununla belə, çağdaş Azərbaycanın parlaq, dəyərli yazıçı və dramaturqu Kamal Abdullanın 2005–ci ildə Moskvada, Alla Axundovanın tərcüməsində çap olunmuşYolun sahibi” adlı kiçik şeirlər kitabı başqa nəşrlərin çoxluğunda itib-batmadı, tənqidçilərin diqqətini çəkdi və mətbuat səhifələrində geniş əks-səda doğurdu. Təkcə ona görə yox ki, bu kitab mədəniyyətlərimizin iki əsrlik dialoqunun əhəmiyyətli faktına çevrildi (əslində, bu da vacibdir), həm də ona görə ki, zaman keçdikcə islam Şərqinin fəlsəfəsinə və sənətinə Rusiyanın azalmayan marağı müstəvisində mənəvi hadisə kimi yadda qaldı. Bu ənənənin əsasını hələ A.Puşkin özününQurana nəzirələr” əsəri ilə qoymuşdu.

Kitabın ön sözündə deyilirdi ki, Kamal Abdullanın poeziyası iki şeyi yada salır: keçici və əbədi olanları fərqləndirməklə – həqiqətin mahiyyətini və İlahi Səmanın, ölümə və faniliyə qapılmayan mütləq Reallığın varlığını həmişə başımız üstə olduğunu idrak etməklə – Yolun mahiyyətini. Bu poeziya həyat və ölümdən sonrakı varlıq, yuxu və gerçəklik, görüş və ayrılıq, məkan və zaman, yaddaş və yaddaşsızlıq kimi bir-birinə zidd anlayışların bənzərliyinin idrakına istiqamətlənmişdir. Şüurda bu ziddiyyətləri aradan qaldırmadan Yer üzündə varolmanın mənasını dərk etməyə yaxınlaşmaq belə imkansızdır.

Kamal Abdulla şeirdə filosofluq etmir, öz əhval-ruhiyyəsinin geniş lirik təsvirlərini vermir, o uzaq anlayışları bir araya gətirir ki, bu toqquşmadan qığılcım qopsunpoetik obrazların, eynən yuxularımız kimi, efir materialından yoğrulmuş qorxuncvalehedici xəyali karnavalı, sehirli tamaşa yaransın. Yxununmifin kosmik səhnələrində isə, canlı və ölü, düşünülənlə reallıq, xülyayla gerçəklik arasında səhih sərhədlər yoxdur.

Ən heyrətamizi isə, öz lirikasında zamanın hərəkətini, onun paradoksal təbiətini müəllifin necə verməsidir. Zaman burada gah yavaşıyr, gah sürətini artırır, gah geriyə dönürbu, Peyğəmbər Mehraca çıxıb, geriyə dönən müddətdə onun çevrilmiş bardağından bir damcı belə axmadığını yadımıza salır. Yaxud, cəmi-cümlətanı bir gecə ərzində dağ mağarasında bir neçə yüz il yatıb qalmış yolçular və onların iti haqqında söz açanMağara” surəsindən pritçanı göz önünə gətirir.

Müəllif anı əbədiləşdirir, zaman içərisində yaşayanları zaman xaricində dayanıqlı hala gətirir, “zamanın təkəri”nin hərəkətini yavaşıdır. Və budur oonda yaradıcı rezonans doğuran hər şeyə: dənizin susqun dərinliklərinə, xəzəlin qızılı boyasına, tənha yolçuya, qadın gözlərinə... əbədiyyət bəxş edən “yolun sahibi”. Beləcə, onun lirik qəhrəmanı – “çarəsiz qərib” – öz ölümsüzlüyünü belə aşaraq, artıq sahibi olmadığı şeirlərə açılır:

 

Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

yollara sarılıb biz də uzandıq

yollar şahə qalxıb göyə dirəndi

 

hələ nələri də itirəcəyik,

gözündən görürəm, bu dost itəcək.

Yalın ayağıma batmaq istəyib,

Yolun ortasında tikan bitəcək.

 

Ən gümanlı yerə güman dalıyca

Dənizə su üçün, göyə su üçün!

Səninki bildiyin müqəddəs, uca

Ətəyi namazlı bir arzu üçün.

 

Bu arzu dalıyca yüyürən zaman

Qəfildən bu gözəl nağıl bitəcək

Tikanı hərlənən iz – dəmirdaban,

İzindən bilirəm bu dost itəcək.

 

Hələ nələri də itirəcəyik,

bu dərs olmayacaq yenə də bizə

İtmişə əvəz də gətirəcəyik –

yenə çiyin-çiyinə, yenə diz-dizə...

hər şey təzədən?..

hər şey təzədən!..

 

Şeirlər kitabının ardınca Moskvanın “Xronikyor” nəşriyyatında tanınmış teatr rejissoru Vaqif İbrahimoğlunun tərcuməsində və Lev Anninskinin ön sözü ilə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı çap olundu. Təxminən eyni vaxtlarda bu kitab Fransada, Türkiyədə, PolşadaBraziliyada da nəşr edildi. Sərbəst kompozisiyası və nəsrlə yazılmış özünəməxsus poemanı xatırladan intonasiyaları ilə seçilən bu romanda müəllif öz istedadının yeni cəhətlərini aşkarlayır, baxmayaraq ki, burada da onun əsas keyfıyyəti – müasir olanla əbədi olanı, günümüzün ahəngsizliyini və uzaq tarixin dolanbaclarını gözlənilməz şəkildə, üzvi olaraq uzlaşdırma bacarığı dəyişməz qalır. Kamal Abdullanın yazıçı individuallığının sirribu uzlaşmadadır. Onu çoxqatlı xəyallar qurmağa sövq edən nədir – çoxdan faniyə qovuşmuş nəsnələrə yeni həyat vermək, estetik tapşırıq, müasiryaxud, zamanın dərinliklərindəki xəyali həmsöhbətlə yaradıcı oyun? Buna hər oxucunun öz cavabı var, ancaq “Yarımçıq əlyazma”nı oxuyarkən bir şeyə şubhə yeri qalmır: Kamal Abdulla bir sənətkar kimi bir vaxtlar rus şairinin ifadə etdiyi nəsnəni çox aydın hiss edir – “Yer üzündə bütün talelər üzüdönükdür...”. Bu, əgər belədirsə, onda onun hekayətində əsas məsələ insan ehtirasları, hakimiyyət intriqaları və tarixi kataklizmlərin his-pası ilə örtülmüş varlığın sirlərindən agah olmaq istəyən insan ruhunun daimi əzab-əziyyətidir.

Dədə Qorqud haqqında rəvayətlərin və qədim türk epik rəvayətlərinin avantür-belletristik potensialından sənətkarcasına istifadə edərək, zəngin mədəni materialı detektiv elementləri ilə cilvələndirən yazıçı “Yarımçıq əlyazma” romanında uzaq keçmişin böyük hadisələrlə dolu parlaq mənzərəsini, insanların yumorla, sonsuz səmimiyyətlə və tragizmlə süslənmiş talelərini qələmə alır. Ancaq burada təkcə insanlar real həyat sürmürlər, onların yaratdığı, əsrlər boyu dəyişilməyən simvollar da canlıdır. Bütün bunlar təsadüfən üzə çıxarılmış qədim manuskripti təqdim edən qəhrəman fiquru vasitəsilə açılır. Özü də müəmmalı görünən bu qəhrəman hekayətdə özünəməxsus vasitəçidir, sanki bütün əsər boyu öz şərhləri və qeydləri ilə oxucunu müşayiət edən Vergilidir. Son dərəcə maraqlı süjet peripetiyalarını özümüzhiss etmədən, məhz onun gözləri ilə izləyirik, çeşidli personajların yarımçıq qalmış həyat hekayətlərini (təbii olaraq, zamanın təsirini nəzərdə tutan çoxmənalı priyom) onun köməyilə ipə-sapa düzürük. Və bu yarımçıqlıq, müəllifin tərəfsiz kimi görünən ədəbi mövqeyionun yarımçıq əlyazmanın müəllifinin kim olduğunu bildiyini iddia edən sirli alter eqosu ilə birgə, fantaziyanı oyadır, çoxsaylı interpretasiyalara yol açır. Lakin, kitabın yenə də qırılmaya məruz qalan sonluğu bizi artıq tamamilə başqa hüdudlara götürürPlatonun bütün biliklərin xatirələrdən başqa bir şey olmaması fikrini yada salır.

Bu kitabın redaktoru kimi mənə yazdığı məktubların birində V.İbrahimoğlu V. Xlebnikovun 1908-ci ildə qələmə aldığı gözəl sətirləri xatırlatmışdı:

 

Çaxmaq-çapacaqla dünyanı böldüm,

Nəni-təbəssümlə gülümsədim mən,

Tütün-ilğımla dərəni işıqlatdım

şirin dumanlığa baş vurdum

Ötüb-keçənlər haqda...

 

biz tərcüməçi ilə belə qərara gəldik ki, əsas məsələ K.Abdulla nəsrinin bax, bu gəzəri “ilğımı”, “keçmişlərin bu dumanlılığı”ndadır və “Yarımçıq əlyazma”nın rus variantında da bunların qorunub saxlanması çox yaxşı olardı. Sonralar, Aleksandr Tkaçenko, İnna Rostovtseva, Boris Yevseev, Lev Anninski, “İL” jurnalının baş redaktoru A.Liverqant kimi məşhur yazarların və tənqidçilərin iştirakı ilə “İnostrannaya literatura” jurnalında roman müzakirə olunarkən, çıxışçıların diqqətini çəkən əsas məsələ Kamal Abdullanın kitabındakı zamanbu zamanın insanları ilə bağlı baş verən metamorfozalar oldu. Müəllifin klassik eposu interpretasiya etməyə haqqı çatırmı, Dədə Qorqud əlyazmaları saxtadır, yoxsa həqiqi – bütün bunlarla bağlı elmi dartışmalara Lev Anninski kitaba yazdığı ön sözündə çox gözəl aydınlıq gətirdi: “Dünya qarışıqdır, nəhəngdir, anlaşılmaz və başıpozuqdur. Hər şey iddialar, təkziblər, gerçəkliklər və xəyallar, faktlarantifaktlar, həqiqi və yalançı məlumatlar burulğanında boğulur. Əlyazmaların variantlarını tutuşdurmaq mümkün deyil, orada yazılanların reallıqla zahiri əlaqəsinin çoxdan itdiyini, daxili əlaqənin isə sonacan idrak etməyin mümkün olmadığını anlayaraq, “saralmış kağız parçaları”na etibar etməli oluruq. Bu rəvayətləri yaratmış cəmiyyət artıq çoxdan yoxdur... Ani allüziya: bəs, bizim indi adi qaydada “cəmiyyət” adlandırdığımız nəsnə mövcuddurmu? Yoxsa, o da əfsanəyə çevrilmiş qədimlik kimi ilğımdır? Zaman şkalasının yoxluğuna qərq olmuş “qədimliyin” özü nə deməkdir? Homer, yaxud hansısa adsız Oğuz nəğməkarı? Poliflem, yoxsa Təpəgöz? Odissey, yoxsa Beyrək? Ağamemnon, yoxsa Salur Qazanbunlardan hansının daha qədim olduğunu nə bilmək olar? Ümumiyyətlə, Dədə Qorqud əlyazmalarının həqiqi və ya saxta olmasının nə fərqi var? Onsuz da ilğımdır. Bəlkə, mətndəki buraxılmalar təsadüfidir, bəlkə də ipin ucunu itirmək üçün qəsdli dolaşıqlıqdır... Deməli, əlyazmadakı buraxılışlar və süjetdəki “dəliklər” təkcə hekayətdəki zəruri “ilgəkləri” və “stop-kadrları” şərtləndirmir, onlar eyni zamanda mistik mənalar kəsb edə bilər və onları mütləq tarixi həqiqətlə uzlaşdırmaq vacib deyil. Çünki, belə bir həqiqət yoxdur.onda, nə də indi. Yalnız ilahi alətin simləri üzərində rəqs edən kəndirbaz var. “Əgər Tanrı Onun nə istədiyini bilsəydi və bu bilginin zahiri formalarından asılı olmayaraq, onu mənim beynimə göndərsəydi, onda mənim işim...” Bunu kim deyir? Dədə Qorqud? Yoxsa onun əlyazmalarının fraqmentlərini montaj etməklə Dədəni dirildən müasir romançı? Bəlkə Dədənin sonsuz sadəlövhlüyündən, sonra isə “yarımçıqlığın bütövlüyü” ilə kifayətlənən müasir insanın skeptik məyusluğundan keçirilmiş istənilən qədim qəhrəman?..”

K.Abdullanın nəsr dünyasında bu çox vacib məsələdir: kim danışır. Yaxud susur, lakinbaş verənləri müşahidə edir, dinləyir, təəssüratlarını öz canına hopdurur, onları sözə çevirirbiz onun varlığını hekayətdə hiss edirik. Kamal Abdullanın məşhur antik süjetlər əsasında qələmə aldığı, “Literaturnaya qazetada çap olunmuş novellalarında da bu belədir. Burada mifin kanonları zorakı müəllif interpretasiyası, yaxud mənaların dekonstruksiyası ilə pozulmur (istər-istəməz müasir ədəbiyyata təsir edən postmodernizm mühitində bunu gözləmək olardı), yalnız ənənəvi hekayətin verildiyi baxış bucağı dəyişdirilir. Sanki zamanların üstündən pərdə götürülürbiz əfsanəvi hadisələrin pərdəarxasını görürük. Buna uyğun olaraq, bu cür qavrama açılan dünya əlavə boyalar və məzmun qazanır, öz sərhədlərini genişləndirir, səsləri çoxaldır. Çoxplanlı məkan, insanlığın bütün tarixini, ölüləri və diriləri insan varlığının bir anına yerləşdirən çoxölçülü daxili zaman hissiyatı yaranır.

Rus oxucusunun diqqətinə təqdim olunanSehirbazlar dərəsi” romanında müəllif – həminki qəribdir. O, sanki varlıq və yoxluğun hüdudunda dayanaraq, zaman fenomeninininsan taleyinin idrak üfüqlərinə doğru daha da irəliləyir.

 Borxesin “ayrılan cığırlar bağı” təyinini haqlı olaraq, mükəmməl daxili kompozisiyaya malik olan bu romana şamil etmək olar. Əsər dünya ehtiraslarının puçluğu, insan təbiətinin və qanunlarının natamamlığına görə qaçılmaz cəzanı aşmağa çalışan borcsevgi hissi haqqında pritçadır, amma eyni zamanda bu, faciəvi sonluğa baxmayaraq, son dərəcə maraqlı, Şərq kaloriti ilə süslənmiş təsirli və işıqlı nağıldır. Romanda parlaq epizodlarkolliziyalar çoxdur, onlar Ömər Xəyyamın poeziyası kimi bilavasitə hissiyyatla qavranıla bilər, lakin onların hər birinin, eləcə də bütün hekayətin arxasında, sufi simvolikasının karvan yerişinə bənzəyən qatları sayrışır, diqqətli oxucunun fikrini özünə yönəldir. Burada şah və cəllad, əzab çəkən karvanbaşı, öz sevgisini gizlədən xədim, qovulmuş müdrikonun şəyirdləri, zamanı idarə etməyə və məkanla manipulyasiyalara məruz qoymağı bacaran, möcüzəvi Dərədə yaşayan sehrbazlar, Görükməz təpə, insan dünyasını vərəqə çevirən (sanki dünyanı yeni əlyazmalara hazırlayan), qar yağışı, ümumiyyətlə, kitabın istənilən personajı və obrazı – göründüyü kimi deyil, illüziyadır, ancaq kimin illüziyasıdır? Atasının qatilini arayan Karvanbaşının və onun sadiq xidmətçisinin arxasınca düşməyə bizisövq edir? Cəlladın və onun ehtiraslı məhəbbətinin tarixçəsini danışan kimdir? Nəhayət, ölmüş cəlladın Ruhu ilə təmasa girərkən, qəhrəmanlarlardan başqa orada kimlər olub? Ölülərin canlılar üçün əlçatmaz olan bilgilərinə işarə edən, insanı sarsıdan bu dəhşətli səhnə yaddaşlarda həkk olunur. Bukimin müəllifin özüya sirləri qorumağı bacaran sehrbaz-medium olduğunu iddia etmək (digərləri bunu edə bilməzdilər, çünki hələ tarixdən əvvəl dünyanı tərk etmişdilər və tarixdə öz iştiraklarının anlamı haqqında heç bir bilgiyə sahib deyildilər – uşağın qəlbinə qisas toxumları səpmiş qeyzli qarı kimi) sadəlövhlük olardı... Ancaq hələ ki, şahın cəza dəstəsi şiddətlə darvazanı yumruqlayır, şamın nazik işığı tüstüləyərək öləziyir, hələ ki Ruh məhkum olunmuş Karvanbaşının məskənini tərk etməyib, son sualları vermək gec deyil. Lakin artıq bu suallara cavab ala bilməyəcəksən, maddi müstəvidə əlaqələr qırılıb, baxmayaraq ki, bəlkə bu vacibdeyil, başlıcası odur ki, əbədi susqunluqdan öncə bu sualları səsləndirməyə macal tapmısan... Düşünürəm ki, yazıçı Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: o, yaradıcı təxəyyülünün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onları sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının, bəlkə də, əski zamanlarda gördüyü röyaya, çevrilirsən və bu röyalar haqqında roman yazırsan.

 

 

Lyudmila Lavrova

 

525-ci qəzet.- 2010.- 30 oktyabr.- S.16.