Azərbaycanın sovetləşməsi
və Qarabağın qara günləri (1920-1923)
Son 20 ildə
Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə
çevrilmiş Qarabağ olayları öz məcrasından
çıxaraq bütün dünyanın diqqət mərkəzinə
çevrilmişdir. Vətənimizin dilbər guşəsinə
qarşı erməni təcavüzü Qarabağın
tarixinin, mədəniyyətinin, dünəninin və bu
gününün saxtalaşdırılması fonunda həyata
keçirilmişdir. Bir sıra məqamlarda mənəvi
dünyamızın daşıyıcısı olan bu ulu
türk yurdu bəzən tamamilə başqa biçimdə
dünyaya təqdim edilmişdir. Təbiəti, tarixi, mədəniyyəti
ilə ruhumuza hopmuş Qarabağa qara əllər nə zaman
uzanmağa başladı? Azərbaycanın qəhrəmanlıq
tarixinə böyük nümunələr vermiş
Qarabağın bu gün düşmən tapdağına
çevrilməsinin tarixi kökləri haradan başlanır?
Azərbaycanın sovetləşməsi bölgənin taleyinə
hansı ağrılı dəyişiklikləri gətirdi?Qarabağın
dağlıq hissəsinə muxtar vilayət statusunun verilməsinin
gizli diplomatik məqamları nədən ibarət idi?Bütün bu çoxsaylı suallara professor Cəmil
Həsənlinin “Azərbaycanın sovetləşməsi və
Qarabağın qara günləri (1920-1923)” yazısında
geniş toxunulmuşdur.Tarixi, elmi və bu gün
üçün siyasi əhəmiyyətini nəzərə
alaraq həmin yazını oxucularımıza təqdim edirik.
(Əvvəli ötən şənbə
saylarımızda)
Levon Mirzoyan: “əgər siz muxtariyyət
alsanız, onda sizin bütün məsələləriniz həll
olunacaq”
Avqust ayının ilk günlərindən başlayaraq Qafqaz Bürosunun 5 iyul qərarının izahatı ilə bağlı Qarabağda geniş təbliğat işlərinə başlandı. 1921-ci ilin avqust ayının 1-də Şuşa qəzası 2-ci yaşayış sahəsi kəndlilərinin fövqəladə qurultayı keçirildi və bu iclasda Mərkəzin (Bakının – C.H.) nümayəndəsi kimi Levon Mirzoyan məruzə etdi. O, öz çıxışında bildirdi ki, həm iqtisadi, həm mənəvi və siyasi, həm də milli nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın mərkəzi olan Bakı ilə bağlıdır. Levon Mirzoyan Qarabağın dağlıq hissəsindən Bakıya tabe olan xüsusi inzibati vahidin yaradılması haqqında Qafqaz Bürosunun qərarını doğru qərar hesab edirdilər. O, Qarabağ ermənilərinə bildirirdi ki, “əgər siz muxtariyyət alsanız, onda sizin bütün məsələləriniz həll olunacaq”. Ezamiyyətdən döndükdən sonra Levon Mirzoyan AK(b)P MK-ya və RK(b)P MK Qafqaz Bürosuna Qarabağın dağlıq hissəsinə səfəri barədə hesabat yazmışdı və orada göstərirdi: “mənim dərin inamıma görə Qarabağ məsələsi bir tərəfdən bizim partiya və sovet rəhbər işçiləri, digər tərəfdən isə bəzi millətçi əhvalı- ruhiyyəli erməni ziyalıları tərəfindən yaradılıb və yaradılmaqdadır”. Bu mövqe Levon Mirzoyan və Əliheydər Qarayevin 1921-ci ilin avqust ayının 8-də keçirilən AK(b)P MK Siyasi və Təşkilat Bürosunun iclasında etdikləri “Qarabağda vəziyyət haqqında” məruzələrində də əks olunmuşdu. Daha çox Qarabağda partiya işinin vəziyyəti üzərində qurulmuş məruzə əsasında Şuşa qəzasının Adıgözəlov, Mahmudbəyov, Danelyans, Atayev, Səfərov, Avakyan, Qəmbərovdan ibarət partiya komitəsinin tərkibi iclasda təsdiq edildi. Ə.Qarayev müvəqqəti olaraq Qarabağa fövqəladə müvəkkil təyin edildi.
Levon Mirzoyanın hesabatında bəhs etdiyi həmin millətçi əhvalı-ruhiyyəli ermənilər 5 iyul qərarından sonra belə şaiyə yaymağa başlamışdılar ki, guya ermənilər Qarabağdan Ermənistana köçürülməyə başlayıblar. Bu şayiələr hətta RK(b)P MK-nın Qafqaz Bürosuna da gedib çatmışdı. Ümumiyyətlə, Sergey Kirov Azərbaycan K(b)P MK-nın birinci katibi seçiləndən sonra Qafqaz Bürosunun Dağlıq Qarabağ haqqında 5 iyul qərarından narazı qalan bəzi üzvləri indi Azərbaycana qarşı öz pozuculuq əməllərini onun vasitəsi ilə həyata keçirməyə çalışırdılar. RK(b)P MK-nın Qafqaz Bürosunun katibi Fiqatner Yuri Petroviç (Yakov İsakoviç)1921-ci ilin avqustunda Sergey Kirova yazırdı ki, guya Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında 5 iyul qərarından sonra Dağlıq Qarabağdan “bir çox erməni kəndləri Ermənistana” köçürülməyə başlamışdır. Bu haqda məlumat alan kimi Sergey Kirov həmin vaxt Qarabağda olan Əliheydər Qarayev və Levon Mirzəyana müvafiq sorğu göndərmişdi. Halbuki, çoxsaylı faktlar sovetləşmənin ilk aylarında ermənilərin deyil, məhz müsəlmanların Qarabağdan müxtəlif yerlərə köç etdiyini göstərir. A.Karakozov AK(b)P MK-ya göndərdiyi teleqramda yazırdı ki, “demək olar ki, Cavanşir qəzasının müsəlman əhalisinin hamısı öz yerlərindən qaçaraq bütün ətraf ərazilərə dağılmışlar”. Y.Fiqatnerin Qarabağ erməniləri üçün narahatlığına gəldikdə isə, ümumiyyətlə, 20-ci illərin əvvəllərində Qafqaz Bürosunda çalışan partiya işçilərinin milli tərkibinə diqqət yetirilərsə, Azərbaycana qarşı törədilən təxribatların və təhlükənin haradan gəldiyi açıq şəkildə üzə çıxar. Belə ki, bu dövrdə Qafqaz Bürosunda cəmisi 80 nəfər partiya işçisi çalışırdı. Onların 12 nəfəri gürcü, 28 nəfəri erməni, 25 nəfəri rus, 13 nəfəri digər millətlərin nümayəndəsi, vur-tut 2 nəfəri türk idi.
Azərbaycan rəhbərliyinin 1921-ci
ilin payızında muxtariyyətdən yayınmaq cəhdləri
1921-ci ilin sentyabr ayının 26-da “Qarabağ işi” adlı məsələ AK(b)P MK Siyasi və Təşkilat bürosunun müzakirəsinə çıxarıldı. İclasda qərara alındı ki, Qafqaz Bürosundan xahiş edilsin ki, “Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı məsələyə yenidən baxsın: həmin vaxta qədər muxtariyyət elan edilməsin”. Müzakirə olunan məsələ ilə bağlı material toplamaq üçün Qarayev, Əfəndiyev, Stukalov və Mirzoyandan ibarət bir komissiya yaradıb Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sessiyasından sonra Qarabağa göndərilməsi haqqında razılığa gəlindi. Qarabağda olduğu müddətdə komissiya eyni zamanda orada partiya və sovet işinə rəhbərlik etməli idi. Bu qərarı möhkəmləndirmək üçün AK(b)P MK Təşkilat Bürosu Nərimanovun iştirakı olmada oktyabrın 6-da yenidən bu məsələni müzakirə edib komissiyaya tapşırıq verdi ki, Stukalov istisna olmaqla oktyabrın 9-dan gec olmayaraq Qarabağa yola düşsün. Eyni zamanda maliyyə komissarı Tağıyevə tapşırdı ki, Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Qarabağda 4 qəza üçün 1 milyard rubl pul ayırsın və bu pulu Qarabağa yola düşən komissiyaya versin, daxili işlər komissarı Bağırova tapşırıldı ki, komissiyanı müşayiət etmək üçün məsul işçilər ayırsın, hərbi-dəniz komissarı Qarayevə tapşırıldı ki, Qarabağ milisi üçün 500 dəst formanı komissiyaya versin və Qarabağ üçün 3 kq xinin (malyariyaya qarşı dərman – C.H.) ayırsın. Komissiya Qarabağda vəziyyəti öyrəndikdən sonra oktyabr ayının 21-də AK(b)P MK Təşkilat Bürosu ilə birlikdə Qarabağda (Şuşa, Cavanşir, Qubadlı və Qaryagin qəzalarında) işləyən məsul işçilərin konfransını keçirdi. Qarabağda çalışan bütün məsul işçilər, həm azərbaycanlılar, həm də ermənilər bu konfransda iştirak edirdilər. Ə.Qarayevin məruzəsi və məruzə ətrafındakı uzun müzakirələrdən sonra konfrans “Dağlıq Qarabağın əlahiddə muxtar vilayətə ayrılmasını məqsədəuyğun hesab etmədi”. Qarabağa səfər və məsul işçilərin konfransının materialları əsasında komissiya AK(b)P MK-ya məruzə hazırladı və bu məruzə oktyabr ayının 24-də MK-nın Təşkilat Bürosunun müzakirəsinə çıxarıldı. Müzakirələrdən sonra Qarabağda banditizmə qarşı mübarizənin gücləndirilməsi Azərbaycan Dövlət Siyasi idarəsinə tapşırıldı, ən qısa vaxtda 4 qəzaya 1,5 milyard rubl vəsait ayrılması haqqında qərar qəbul edildi. Mübahisəli torpaq məsələlərini həll etmək üçün yerlərə səlahiyyətli komissiya göndərilməsi Torpaq komissarlığına təklif edildi. Eyni zamanda hər 4 qəzada partiya və sovet işinin yenidən təşkil olunması istiqamətində bir sıra addımların atılması məqsədəuyğun sayıldı, ilk addım kimi Şamil Mahmudbəyov Şuşa qəzası icraiyyə komitəsinin sədri vəzifəsindən azad edildi və onun yerinə Əlqulu Babayev təyin edildi. Təşkilat Bürosunun qərarına görə Qarabağın muxtar hissəsinin sərhədlərini müəyyənləşdirmək üçün Torpaq komissarlığı, Hərbi-dəniz və Daxili işlər komissarlıqlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradıldı. Halbuki, üç gün əvvəl AK(b)P MK-nın Təşkilat Bürosunun və Qarabağın məsul işçilərinin geniş təmsil olunduğu konfransda Dağlıq Qarabağa ayrıca muxtar vilayət statusu verilməsi məqsədəuyğun hesab edilməmişdi.
İosif Stalinin “əsl qarabağlı” olan Fonşteyn haqqında narahatlığı
Qarabağın
dağlıq hissəsinə muxtariyyət verilməsi
haqqında Qafqaz Bürosunun məlum qərarından sonra Mərkəz
bu istiqamətdə olan ən kiçik məqamları belə
diqqətdə saxlayırdı. 1922-ci ilin may ayının 22-də
İ.Stalin Azərbaycan K(b)P MK-nın
baş katibi S.Kirova məktubunda istehzalı formada soruşurdu:
“deyirlər Qarabağı Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsində demək olar ki, “əsl
qarabağlı” olan Fonşteyn təmsil edir”? İyun
ayının 18-də Stalinə göndərdiyi gizli cavabda
Kirov izahat verirdi ki, “kimsə sizi yanlış məlumatlandırıb...Qarabağdan
olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
üzvlərinin siyasisini sizə məlum edirəm: 1) Əhmədov,
2) Arzanyan, 3) Ələkbərov, 4) Məmmədxanov, 5) Mirzəbekyans,
6) İldırım. Azərbaycan Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər:
1) Hacıbəyli, 2) Avetisov, 3) Xanbudaqov, 4)
Hacıyev. Bundan əlavə Mirzəbekyans Azərbaycan
XKS-nə komissar vəzifəsinə keçirilib”. Eyni zamanda həmin dövrdə Qarabağda fəaliyyət
göstərən partiya təşkilatını Azərbaycan
partiya təşkilatına tabe etməməyə Mərkəz
tərəfindən müəyyən cəhdlər var idi.
Buna ermənilər Moskvanın vasitəsi ilə nail olmaq istəyirdilər.
Ona görə də, 1922-ci ilin avqust ayının 1-də RK(b)P MK-ya göndərdikləri teleqramda AK(b)P
MK-nın katibi S.Kirov və təşkilat şöbəsinin
müdiri Matyuşin yazırdılar ki, “Qarabağın ərazisi
Azərbaycanın tərkibinə daxildir və partiya təşkilatı
da AK(b)P-nin bir hissəsidir”.
1921-ci ilin 5 iyul qərarından
sonra bir müddət sakitlik olsa da, Kirov və Orconikidzenin təşəbbüsü
ilə Zaqafqaziya Diyar Komitəsi Rəyasət Heyətinin
1922-ci ilin oktyabr ayının 27-də keçirilən
iclasında AK(b)P MK-ya Qafqaz Bürosunun 5
iyul qərarının reallaşdırılması
tapşırıldı. Zaqafqaziya Diyar Komitəsinin həmin
iclasının qərarı ilə A.Karakozov Qarabağ
İcraiyyə Komitəsinin sədri təyin edildi, eyni zamanda
Ermənistanda fəaliyyət göstərən S.Şaduns
Qarabağa məsul vəzifəyə təyin edilmək
üçün Azərbaycan KP MK-nın sərəncamına
göndərildi. Bundan 3 gün sonra AK(b)P MK rəhbərliyi “Dağlıq Qarabağın
muxtariyyəti haqqında” məsələni müzakirə
edib Zaqafqaziya Diyar Komitəsinin
tapşırığını həyata keçirmək
üçün müvafiq komissiya yaratdı. Elə
həmin gün Ağamalıoğlu başda olmaqla Karakozov və
Sviridovdan ibarət olan komissiyanın tərkibi iclasda təsdiq
edildi.
Eyni zamanda AKP
MK-nın tapşırığı ilə Qarabağın
dağlıq hissəsində olan kənd sovetləri sədrlərinin
və partiya təşkilatları katiblərinin müşavirəsini
keçirmək üçün L.Mirzoyan və Ə.Qarayev həmin
ilin noyabrında Şuşaya ezam edildilər. Üç
günlük müzakirələrdən sonra müşavirə
Dağlıq Qarabağın Azərbaycanın tərkibində
saxlanılması haqqında qərar qəbul etdi.
Ermənistan kadrlarının Qarabağın rəhbərliyinə
gətirilməsi
1922-ci ilin dekabr ayının
14-də bəzi etirazlara baxmayaraq Zaqfqaziya Diyar Komitəsi
Dağlıq Qarabağ üzrə xüsusi komitə
yaradılmasına nail oldu və bir gün sonra, dekabr
ayının 15-də Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin kommunist fraksiyası və AK(b)P MK-nın Rəyasət
Heyəti “Qarabağ haqqında” Zaqafqaziya Diyar Komitəsinin qərarını
müzakirə edib Kirov, Mirzabekyans və Karakozovdan ibarət
xüsusi komissiya yaratdı, eyni zamanda elə həmin iclasda
Armenak Karakozovun sədrliyi ilə 7 nəfərdən ibarət
olan komitə formalaşdırdı. Komitəyə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının
icraiyyə komitələrinin sədrləri, üç nəfər
isə katibliklə birlikdə Karakozov tərəfindən irəli
sürülməli idi və onlar Sovet orqanlarından keçməklə
Rəyasət Heyətində təsdiq olunmalı idilər. Az sonra həmin üç nəfəri
A.Karakozov belə müəyyən etmişdi: Şaduns,
Tavakalyan və Parzyan. Rəyasət
Heyəti Azərbaycan MİK-nə və XKS-nə
tapşırdı ki, 7 gün müddətinə
Dağlıq Qarabağ üzrə komissiyanın və komitənin
yaradıldığı barədə dekret elan etsin. Dağlıq Qarabağ üzrə komitəyə Mərkəzi
orqanlarla müstəqil əlaqə saxlamaq hüququ verildi.
Dekabr ayının 17-də keçirilən AK(b)P MK-nın Rəyasət
Heyətinin iclasında A.Karakozov sədr olmaqla Məmmədxanov,
Ağazadə, Tavakalyan, Papzyan və Şadunsdan ibarət olan
Dağlıq Qarabağ komitəsinin tərkibi təsdiq edildi.
RK(b)P Zaqafqaziya Diyar Komitəsindən
xahiş edildi ki, Dağlıq Qarabağ komitəsində
işləmək üçün Papazyanı Ermənistan
XKS-nin katibi, Fanokolyansı isə Zəngəzur qəza komitəsinin
katibi vəzifəsindən azad etsin, Mir Cəfər
Bağırova tapşırıldı ki, yuxarıda adları
sadalanan tərkibi təcili olaraq XKS-ndən keçirsin,
Karakozova həvalə edildi ki, təcili olaraq komitənin fəaliyyəti
üçün zəruri olan vəsaitin smetasını tutub,
həmin axşam keçiriləcək XKS-nin iclasına təqdim
etsin. Ən qəribəsi o idi ki, 17 dekabr
iclasında İrəvana getmək üçün A.Karakozova
iki həftəlik məzuniyyət verildi.
Ümumiyyətlə,
1922-ci ilin payızından başlayaraq Qarabağda rəhbər
vəzifələrdə işləyən ermənilərin
Ermənistanla əlaqələri intensiv xarakter almağa
başladı.
Digər tərəfdən isə, 20-ci illərin
əvvəllərində Qarabağın Ermənistana birləşdirilməsi
uğrunda mübarizədə açıq və gizli şəkildə
fəal iştirak etmiş bir sıra ermənilər
İravandan Bakıya dəvət edilərək Qarabağa rəhbər
vəzifələrə təyinat aldılar. 1923-cü
ilin ilk günlərində AK(b)P MK-nın katibi S.Kirov Zaqafqaziya
Diyar Komitəsinə rəhbərlik edən A.Myasnikova teleqram
göndərərək ondan xahiş edirdi ki, “Ermənistan Mərkəzi
Komitəsi Qarabağ üçün Tavakelyanı və
Manusyanı bizə ezam etsin. Xahiş edirəm
onlara təklif edin ki, təcili olaraq Karakozovun yerləşdiyi
Şuşaya getsinlər”. 1923-cü ilin
yanvar ayının 23-də A.Karakozovla birllikdə Ermənistan
KP MK-nın katibi Hakop İonisyana göndərdiyi teleqramda
S.Kirov xahiş edirdi ki, “Qarabağda işləmək
üçün Tavakelyanı, Hakopyanı, Aydınyanı,
Vartanyanı, Axtınskini, Sero Manusyanı ezam etsinlər”.
Axı bu teleqram göndərilən şəxs
həmin Hakop İonisyan idi ki, 1921-ci ilin mayında Erməmistan
onu Dağlıq Qarabağda özünün müvəkkili təyin
etmişdi. Görünür teleqramda sadalanan
işçilərin siyahısını A.Karakozov az əvvəl AKP MK-nın Rəyasət Heyətinin
qərarı ilə özünün iki həftəlik məzuniyyətini
İrəvanda keçirərkən İonisyanla birlikdə
hazırlamışdı. Bu teleqramı eyni ilə
S.Kirov bir həftə sonra A.Myasnikova da göndərmişdi və
onun sonuna əlavə etmişdi ki, “kadrları möhkəmləndirmədən
Qarabağda işləri təşkil etmək mümkün
deyildir”.
Göründüyü kimi, 1923-cü ilin əvvəllərindən
etibarən Ermənistandan dəvət edilən rəhbər
partiya və sovet işçilərinin Qarabağa müxtəlif
məsul vəzifələrə təyin edilməsi geniş
xarakter almağa başladı və məhz bunun hesabına
ermənilər orada vəziyyəti dəyişməyə
nail oldular. Azərbaycan rəhbərliyinin belə
kadr siyasəti ermənilərin Dağlıq Qarabağda
möhkəmlənməsinə gətirib çıxardı.
Eyyub Xanbudaqovun xüsusi rəyi
Zaqafqaziya diyar Komitəsinin
1922-ci ilin sonlarında yaratdığı Qarabağ komitəsi
hələ 1923-cü ilin may ayının 20-də
hazırladığı “Qarabağ məsələsinin həlli
layihəsi” adlı təkliflərini iyun ayının 20-də
AK(b)P MK-nın Rəyasət Heyətinin
müzakirəsinə verdi. Orada göstərilirdi
ki, dağlıq və düzən Qarabağ iqtisadi
baxımdan bir-biri ilə sıx bağlıdır. Layihədə Dağlıq Qarabağın Ermənistana
meyl etməsi bölgədə işləri lazımi səviyyədə
aparan hazırlıqlı türk işçilərin
olmaması ilə izah edilirdi. Orada yazılırdı: “nə
qədər ki, Mərkəz (Bakı – C.H.) gücünün ən
böyük və ən yaxşı hissəsini neft cəbhəsinə
atır və öz diqqətini başlıca olaraq Bakı və
onun rayonlarına yönəldir, nə qədər ki, müsəlman
qüvvələrinin böyük
çatışmazlıqları vardır və üç
il ərzində vilayətin idarə olunmasında
planlaşdırılmış işin (maarif, yer quruluşu,
nəqliyyat, kooperasiya, ticarət və s.) hər
hansı əlaməti belə yoxdur, nə qədər ki,
Qarabağın böyük bir hissəsi öz coğrafi vəziyyətinə
görə Mərkəzdən ayrılıb, nə qədər
ki, azlığın hüquq və mənafeyini qorumaq zəruridir”,
bütün bunlar üçün Qarabağda inzibati-idarəçilik
islahatları həyata keçirilməlidir. Kirovun
sədrliyi və İnozemsovun katibliyi ilə keçən
iclasda Xanbudaqov, Qarayev, Mirzoyan, Bağırov, Vareykis,
Çaqin, Konyuşkin, Qasımov, Rəhmanov, Maşkeviç
və digərləri iştirak edirdi. Geniş
müzakirələrdən sonra bir neçə bənddən
ibarət qərar qəbul edildi. Orada göstərilirdi:
a) Qarabağın həm yuxarı, həm də
aşağı hissəsinin bir inzibati vahidə
ayrılması zəruri hesab edilsin; b) Qarayev sədr olmaqla
Bağırov, Dövlətov, Mirzoyan, Xanbudaqovdan ibarət
komissiyaya tapşırılsın ki, üç gün
müddətinə bu məsələni ayrıntıları
ilə öyrənib bəyənilməsi üçün
MK-nın Rəyasət heyətinə təqdim etsinlər; v)
A.Karakozov və X.Şadunsa təklif edilsin ki, Qarabağ məsələsinin
həllinin müzakirəsində iştirak etmək
üçün RKP Zaqafqaziya Diyar Komitəsinin iclasına
getsinlər; q) E.Xanbudaqov xüsusi rəydə
qaldığı üçün, onun rəyi protokola əlavə
olunsun. Orada qeyd olunurdu ki, “Qarabağ məsələsinin qəti
şəkildə həlli üçün Dağlıq
Qarabağın muxtar vahidə ayrılması haqqında Azərbaycan
XKS-nin 1920-ci il may tarixli dekretinin həyata
keçirilməsi zəruridir. Heç bir digər
qərar Qarabağın milli azlığının tələblərini
təmin edə bilməz. Əgər qeyd
edilən məsələ ayrı formada həll edilərsə,
biz dəfələrlə bu müzakirələri keçirməli
olacağıq”. Həmin günlərdə Moskvada gizli
danışıqlar aparan erməni nümayəndələrinə
Rusiya sovet hökumətinə çatdırılmaq
üçün Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi haqqında 1920-ci ilin aprel
ayının 29-da keçirilmiş IX erməni
qurultayının qərarı göndərilsə də,
lakin bu müraciətə əhəmiyyət verilmədiyindən,
sənədlərin araşdırılmasından aydın olur
ki, yeni formalaşan Azərbaycan XKS-nin 1920-ci ilin may ayında
belə bir dekreti olmamışdır. Bu hadisənin daha
çox 1921-ci ilin may ayında olması ehtimalı
mümkündür. Çünkü həmin vaxt Ermənistan
KP MK-nın plenumu 1921-ci ilin may ayının 23-də Hakop
İoannisyanı Ermənistanın Dağlıq Qarabağda
müvəkkili təyin etmişdi. Bu qeyri-qanuni
addıma Azərbaycan tərəfinin hər hansı
reaksiyasının olması mümkündür. Lakin Ermənistan
bu təyinatdan səssiz-küysüz geri çəkildiyindən
və məsələ Qafqaz Bürosunun iyunun 3-də
keçirilən plenumunun gizli müzakirəsinə
keçirildiyindən Azərbaycan XKS-nin 1921-ci ilin may
ayında Qarabağla bağlı hər hansı dekret verdiyinə
Xalq Komissarlar Sovetinin dekretləri siyahısında rast gəlinmir.
Qarabağın dağlıq hissəsində mərkəzi
Xankəndi olmaqla muxtar Qarabağ vilayətinin
yaradılması
Lakin Qarabağın həm
dağlıq həm də aran hissəsinin bir inzibati idarəçilikdə
birləşdirilməsi haqqında AK(b)P
MK-nın Rəyasət Heyətinin 20 iyun tarixli qərarı
Zaqafqaziya Diyar Komitəsinin 1923-cü ilin iyun ayının
sonunda keçirilən plenumunda bəyənilmədi. Ona
görə də, 1923-cü ilin iyulun 1-də keçirilən
AKP MK Rəyasət Heyətinin iclasında Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinə təklif edildi ki, Xankəndi mərkəz
olmaqla Dağlıq Qarabağın muxtariyyəti məsələsini
dekretləşdirsin. Mərkəzi Komitənin Rəyasət
Heyətinin qərarına görə dekretdə göstərilməli
idi ki, Dağlıq Qarabağın sərhədləri və
digər məsələlər xüsusi komissiya tərəfindən
müəyyən ediləcək və gələcəkdə
icraiyyə komitəsi yaranana qədər Karakozov başda
olmaqla 5 nəfərdən ibarət inqilab komitəsi, Manusyan
başda olmaqla 5 nəfərdən ibarət vilayət partiya
komitəsi yaranmalı idi. Dağlıq
Qarabağın sərhədlərini müəyyən etmək
üçün Ə.Qarayevin sədrliyi ilə Karakozov,
Sviridov, Çingiz İldırım və Dadaş
Bünyadzadədən ibarət komissiya yaradılması təklif
edilirdi. Komissiya 7 gün ərzində
öz təkliflərini MK-nın Rəyasət Heyətinə
verməli idi. İyulun 4-də bu təkliflər
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət
Heyətinin iclasında təsdiq edildi. Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin qərarının birinci bəndində
göstərilirdi: “Qarabağın dağlıq hissəsində
mərkəzi Xankəndi olmaqla muxtar Qarabağ vilayəti
yaradılsın”.
Üç ilə yaxın
davam edən hazırlıq işlərindən sonra nəhayət
ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
1923-cü ilin iyul ayının 7-də respublikanın tərkibində
Muxtar Qarabağ Vilayətinin yaradılması haqqında dekret
verdi. Azərbaycan MİK sədrinin
müavini Mir Bəşir Qasımovun və MİK-in katibi
Mahmud Xanbudaqovun (Müxtəlif dillərə tərcümə
edilmiş “Qarabağ: Real tarix. Faktlar. Sənədlər”
kitabının müəllifləri Y.Mahmudov və
K.Şükürov 1922-ci ilin avqustundan 1923-cü ilin
dekabrına qədər Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin katibi işləmiş Mahmud Fərəc oğlu
Xanbudaqovu (1898-1937), 1922-1924-cü illərdə Azərbaycan
K(b)P MK katibi işləmiş Eyyub Şirin oğlu Xanbudaqovla
(1893-1937) səhv saldıqlarından “Dağlıq Qarabağ
muxtar vilayətinin yaradılması haqqında” dekretin Ə.M.
Xanbudaqov (E.Ş.Xanbudaqov olmalıdır – C.H.) tərəfidən
imzalandığını yazırlar. (Bax: Y.Mahmudov, K.Şükürov.
Qarabağ: Real tarix. Faktlar. Sənədlər.
Bakı, 2005, s.64.) imzaladığı
dekretdə göstərilirdi: “Hansı formada təzahür
edir etsin, milli zülmün və milli bərabərsizliyin
aradan qaldırılması, milli düşmənçiliyin və
nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi
ilə vahid ittifaq dövlətində xalqların
qardaşcasına əməkdaşlığı ilə əvəz
edilməsi fəhlə-kənli inqilabının və sovet
hakimiyyətinin əsas vəzifələrindən biridir. Bu vəzifəni
yerinə yetirmək üçün Azərbaycan Sovetlərinin
MİK-si qərara alır: Dağlıq Qarabağın ermənilər
yaşayan hissəsində Xankəndi qəsəbəsi mərkəz
olmaqla, Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayət
təşkil edilsin”. Muxtar Qarabağ
Dağlıq Vilayətinin yaradılması barədə Azərbaycan
MİK-nin bu dekretindən iki həftə sonra vilayətin
İnqilab Komitəsinin tərkibi MİK-nin Rəyasət Heyətinin
və Azərbaycan XKS-nin birgə iclasında təsdiq edildi.
A.Karakozovun sədrliyi ilə beş nəfərdən ibarət
olan İnqilab Komitəsinə B.Biniatov ,
Kostonyan, Kafiyev (Kafiyan – C.H.) və Çalyan daxil idilər. Eyni zamanda Muxtar Vilayətin əsasnaməsinin
hazırlanıb başa çatdırılması işi
iclasın qərarı ilə Karakozov, Biniatov, Çalyan,
Vareykis və Manusyandan ibarət komissiyaya
tapşırıldı. A.Karakozova həvalə
edildi ki, komissiyanın iclasını təşkil etsin və
bir həftə müddətinə işi başa
çatdırsın. Muxtar vilayətin beş
nəfərdən ibarət olan inqilab komitəsinin tərkibində
yeganə azərbaycanlı olan Bəşir Biniatovun
iştirakı sırf formal xarakter daşıyırdı.
Bunu az sonra, 1923-cü ilin yanvarında
Şuşa qəza icraiyyə komitəsinin sədri təyin
edildikdən sonra o, özü də hiss etməyə
başladı və 1923-cü ilin sentyabrında S.Kirova məktubla
müraciət edərək xahiş etdi ki, onu mənəvi məhvdən
xilas etmək üçün Qarabağda tutduğu vəzifədən
azad etsin. O yazırdı: “xüsusən ona görə ki,
Qarabağda işlərin yenidən təşkilindən sonra
məni orada saxlamağa heç bir zərurət yoxdur, zira əhalinin
müsəlman hissəsi mənə satqına baxan kimi
baxır”.
“Mərkəz lazımdır və bu mərkəz
Qarabağın bütün rayonlarını coğrafi və
iqtisadi baxımdan əlaqələndirən Xankəndi olmalıdır”
Şuşa şəhər
əhalisi Qarabağın dağlıq hissəsinə muxtariyyət
verilməsinin qəti şəkildə əleyhinə idi.
Hətta, 1923-cü ilin əvvəllərində Şuşa şəhər əhalisinin
toplantısında Bəşir Biniatovun məruzəsindən
sonra Bakıya göndərilmək üçün nümayəndə
heyəti seçilmişdi ki, Qarabağın muxtariyyət məsələsində
ciddi dəyişikliklər edilməsi məsələsini Mərkəzin
qarşısında qaldırsın. Sergey Kirov həyəcanlı
şəkildə A.Karakozov və Bəşir Biniatovdan hesabat
tələb edirdi və soruşurdu: “təcili olaraq məlumat
verin, bu nə məsələdir”.
Qarabağın muxtar vilayət
hüdudlarından kənarda qalan əraziləri hesabına isə
Ağdam, Cəbrayıl və yeni bir münaqişə mənbəyi
kim Kürdüstan qəzaları
yaradıldı. Halbuki, az sonra, 1937-ci ildə
SSRİ də keçirilən və nəticələri
siyasi mülahizələrə görə ləğv edilən
əhali sayımının nəticələri göstərdi
ki, Azərbaycanda 10 878 nəfər kürd əhalisi
yaşadığı halda, Ermənistanda onların sayı 22
313 nəfər idi. (Bax: Vsesoöznaə
perepisğ naseleniə 1937 qoda: Obhie itoqi. Sbornik
dokumentov i materialov. M., 2007, s.107-108) Elə Muxtar
Qarabağ Dağlıq Vilayəti haqqında Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin dekreti elan edilən gün
Qarabağ muxtariyyətinin sərhədlərini müəyyən
edən komissiyada MQDV ilə sərhəddə “Kürdüstan
muxtariyyətinin yaradılması” ideyası səsləndirildi.
Lakin iyul ayının 16-da keçirilən AK(b)
MK-nın Rəyasət Heyətinin iclasında bu ideyadan imtina
edildi və Kürdüstan qəzası yaradılmasına qərar
verildi. İyulun 21-də Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi və respublika Xalq Komissarları
Soveti bu qərarı təsdiq etdi.
Əgər Muxtar Qarabağ
Vilayətinin yaradılması haqqında Azərbaycan Mərkəzi
İcraiyə Komitəsinin dekretinə diqqət yetirilərsə,
bu dekretlə RK(b)P MK-nın Qafqaz Bürosunun 5 iyul qərarı
arasında mühüm bir ziddiyyət vardır. Qafqaz Bürosunun qərarında yazılırdı
ki, “inzibati mərkəzi muxtar vilayətin tərkibindəki
Şuşa şəhəri olmaqla ona geniş vilayət
muxtariyyəti verilsin”. Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin 7 iyul dekretində isə qeyd
olunurdu ki, “Dağlıq
Qarabağın ermənilər yaşayan hissəsində Xankəndi
qəsəbəsi mərkəz olmaqla” muxtar vilayət
yaradılsın. Bu ziddiyyət nə ilə
bağlı idi? Məsələ brasındadır ki,
iyul ayının 7-də Muxtar Qarabağ Dağlıq Vilayəti
haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
dekreti elan olunarkən Şuşa şəhərinin
onun tərkibində olması nəzərdə
tutulmamışdı. Yalnız həmin dekretdən iki həftə
sonra, 1923-cü ilin iyul ayının 21-də Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin Rəyasət Heyətinin və
Xalq Komissarları Sovetinin birgə iclasında Dadaş
Bünyadzadə Dağlıq Qarabağ üzrə
komissiyanın məruzəsi ilə çıxış etdi
və həmin məruzənin müzakirəsindən sonra 8 bənddən
ibarət qərar qəbul edildi. Həmin qərarda göstərilirdi:
a) Dağıdılmış Skobelevski rus kənd cəmiyyətinin
azad torpaqları Muxtar Qarabağın ərazisinə daxil
edilsin; b) Şuşa şəhəri
Muxtar Qarabağ Dağlıq Vilayətinə daxil edilsin. Digər tərəfdən bu qərardan
sonra Şuşa yeni yaradılan muxtar vilayətin
ərazisində yeganə şəhər idi və bu şəhərin
əhalisi başlıca olaraq azərbaycanlılardan ibarət
idi. Ermənilər ehtiyat edirdilər ki, vilayət mərkəzi
kimi Şuşa şəhərinin azərbaycanlılardan
ibarət olması, muxtar qurumda hakimiyyət orqanlarının
onların nəzarətinə keçməsinə gətirib
çıxara bilər. Məhz ona görə də onlar
Qarabağda yeganə mərkəz ola biləcək
bu şəhərə deyil, onun yaxınlığında azərbaycanlıların
yaşadığı kənd tipli Xankəndi qəsəbəsinə
üstünlük verdilər. Əslində,
Xankəndi tarixən müsəlmanların
yaşadığı və Muxtar Vilayət yaradılarkən
türk yaşayış məntəqəsi kimi qeydə
alınan kiçik bir yaşayış məntəqəsi
idi. Ona qəsəbə statusunun verilməsi
Xankəndinin “paytaxt” olmaq zərurətindən irəli gəlirdi.
1920-ci ilin iyulundan başlayaraq Xankəndinin mərkəz
olması istiqamətində fikirlər səslənməyə
başlanmış, 1922-ci ilin payızından etibarən isə
bu istiqamətdə artıq əməli addımlar
atılmağa başlamışdı. Hələ,
1920-ci ilin aprel ayının sonunda yaradılmış əsasən
daşnaklardan ibarət olan Dağlıq Qarabağ erməni
komitəsi az sonra çox asanlıqla Azərbaycan Kommunist
Partiasının qəza komitəsinə çevrilmiş və
iyul ayının 11-də həmin komitənin
başçısı kimi S.Ambarsumyanın və digər bir
həmkarının Azərbaycan K(b)P MK-ya
göndərdiyi məruzədə bildirirdi ki, biz müsəlmanlar
arasında partiya işinin qoyuluşundan tamamilə məlumatsızıq
və müsəlman yoldaşlardan tamamilə ayrılıqda
işləyirik. “Partiya
nizamsızlığı Qarabağda bütün təşkilatı
işi məhv olmaq təhlükəsi altına alır.
Mərkəz lazımdır və bu mərkəz
Qarabağın bütün rayonlarının coğrafi və
iqtisadi baxımdan əlaqələndirən Xankəndi
olmalıdır”. Göründüyü
kimi, müxtəlif erməni təşkilatları hələ
sovetləşmənin ilk aylarından başlayaraq Xankəndini
mərkəz kimi gözaltı etmişdilər.
(Ardı var)
Cəmil HƏSƏNLİ
525-ci qəzet.- 2010.- 30 oktyabr.-
S.10-11.