Naxçıvan mətbuatı: 90 illik tarixin
şanlı salnaməsi
Birinci yazı
Mən həmişə
qəzetçiliklə, mətbuatla nəfəs
almışam. Elə olmasaydı ali təhsilli
hüquqşünas, tarix elmləri namizədi kimi həyatın
başqa sahələrində də gücümü, qabiliyyətimi
sınamağa çalışardım. Gənclik illərimdə
işlə, vəzifə ilə bağlı muxtar
respublikanın ayrı-ayrı icra strukturlarından
aldığım təkliflər də az olmayıb. Onlardan
biri də yerli daxili işlər nazirliyində mətbuat xidmətinin
rəhbəri olub. Amma heç bir halda yazı-pozu işlərimi
məmur işi ilə, digər rütbələrlə əvəz
etmək istəməmişəm. Buna peşiman da
olmamışam. Son beş ildə iki dəfə yüksək
hökumət mükafatına- Naxçıvan MR-in və Azərbaycan
Respublikasının “Əməkdar jurnalisti” fəxri adına
layiq görülməyimi də əməyimə verilən ən
yüksək qiymət hesab edirəm. Amma nə gizlədim, 37
yaşımda Muxtar Respublika Ali Məclisinin Sədri Vasif
Talıbovun sərəncamı ilə “Şərq
qapısı” qəzetinə baş redaktor təyin olunandan
sonra yerli mətbuat tarixinə olan marağım da artdı.
Xüsusən də redaksiyanın zəngin arxivi mənə
bu barədə çoxlu məlumatlar, bilgilər verdi. Bəzən
şənbə və istirahət günlərində saatlarla
vaxtımı bu materiallarla tanışlıqda keçirirdim.
90 illik tarixə malik olan Naxçıvan mətbuat tarixinin tədqiq
olunmayan səhifələri hələ də çoxdur. Bu
yazımda ötən əsrin birinci yarısına dair bəzi
məqamlardan danışmaq istəyirəm. lll
Naxçıvanda ilk dəfə qəzet çıxarmaq
ideyası hələ XIX əsrin 90-cı illərində
dövrün mütərəqqi ziyalıları tərəfindən
irəli sürülüb. Bu zaman artıq böyük maarifpərvər
Məhəmmədtağı Sidqinin yenicə
açmış olduğu “Məktəbi-tərbiyə” təhsil
ocağı xalqın savadlanması, təhsil alması yolunda
fəaliyyətə başlamış, Cəlil Məmmədquluzadə,
Eynəli Sultanov, Məhəmmədağa Şahtaxtlı kimi
milli demokratik düşüncəli ziyalılar mədəniyyətimizin
inkişafı istiqamətində bir sıra addımlar
atmışdılar. Filologiya elmləri namizədi, dosent
yorulmaz tədqiqatçı Lətif Hüseynzadənin fikrincə,
hələ 1894-cü ildən yerli ziyalılar qəzet nəşrinə
icazə almaq üçün Peterburqa ərizə və məktublarla
müraciət etmiş, lakin bu müraciətlərə
müsbət cavab verilməmişdi. 1918-ci ildə ölkəmiz
müstəqillik əldə etdikdən sonra bu məsələ
yenidən gündəmə gəldi. Nəhayət,
Naxçıvanda ilk qəzet sovet hakimiyyətinin ilk illərində,
daha doğrusu, 1921-ci ilin payızında işıq
üzü gördü. O da bolşevik rejiminə məxsus mətbu
nümunəsi oldu. Müxtəlif dövrlərdə
mövcud olan ideoloji, iqtisadi çətinliklər, bəzi
hallarda yaradılan süni maneələr isə qəzetin fəaliyyətini
dayandıra bilmədi. Qəzet ötən 89 il ərzində
ölkəmizdə ardıcıl və davamlı nəşr
olunan, heç zaman fəaliyyətini dayandırmayan mətbu
orqanlarından birinə çevrildi. Naxçıvanda ilk əvvəl
rus dilində “Naxrespublika” adlı qəzeti çıxıb,
lakin onun cəmi 2-3 nömrəsi işıq üzü
görüb. Sonra isə türk dilində “Cavanlar həyatı”
adı ilə gənclər ittifaqının “Cümlə
cahan füqərayi-kasibəsi toplaşın” şüarı
ilə ərəb əlifbası ilə bir vərəqə
şəklində qəzet çap olunub. Qəzetin ilk sətrində
isə “1921-ci il 1 noyabr, həm də hicri tarix 1340” sözləri
yazılmışdı ki, bu tarix də Naxçıvanda mətbuatın
yaradılış günü kimi qəbul olunub. Nömrənin
baş məqaləsi olan “1 noyabr” adlı yazıda isə onun
məramı açıqlanır: “Bu gündən etibarən
Naxçıvanda Azərbaycan Gənclər
İttifaqının Naxçıvan Ölkə Komitəsi tərəfindən
bu ruznamənin (qəzetin) nəşrinə iqdam olundu. Bu
ruznamə gələcəkdə cavanlar ittifaqının nə
olduğunu, cavanların gələcəkdə
ümumdünya sahəsində nə kimi rol oynamalı
olduqlarını fəhlə və kəndli cavanlarına bəqədri
imkan bildirəcək. Əminik ki, qeyrətli və məharətli
cavanlarımızın məhəbbət və məvəddətindən
tutduğu yol, boynumuza aldığımız vəzifə gələcəkdə
ifa olunar”. Bu qəzet Naxçıvan Ölkə Gənclər
İttifaqının orqanı olduğundan həmin ictimai təşkilatın
rəhbəri olan Həmid Mahmudov o dövrdə həm də
qəzetin redaktoru olmuşdu. Onu da deyək ki,
Naxçıvanda gənclər ittifaqı, o dövrkü ad
ilə desək, Azərbaycan Kommunist Gənclər
İttifaqı Naxçıvan Qəza Komitəsi 1921-ci il
martın 27-də yaradılmış, onun təşkilat
bürosuna H.Mahmudovla yanaşı, Əkbər Rzayev və Səməd
Allahverdiyev də daxil olmuşlar. Əyalətdə 1921-ci ilin
sonunda nəşr olunan qəzetlərdən biri də “Füqəra
səsi” adlanıb. Bu qəzetin başında isə Azərbaycan
K(b)P Naxçıvan Ölkə Komitəsinin,
Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi
İcraiyyə Komitəsinin və Naxçıvan Həmkarlar
İttifaqları Şurasının naşiri-əfkarı
olan, həftədə bir dəfə çıxan türk qəzetidir”
sözləri yazılıb. 1925-ci ildən sonra isə o,
Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı kimi nəşr
olunmağa başlayıb. 1922-ci ilin aprelindən “Füqəra
səsi” qəzeti “Şərq qapısı” adı ilə
çıxmağa başladı. Qəzet öz səhifələrində
müntəzəm olaraq partiyanın, hökumətin, komsomolun
və həmkarlar ittifaqları təşkilatlarının
qarşıya qoyduqları vəzifələri hərtərəfli
işıqlandırır, sovet hökumətinin həyata
keçirdiyi tədbirləri qızğın müdafiə
edirdi. Qəzet o dövrün rəsmi mətbuat orqanı
olduğundan Azərbaycan K (b) P Naxçıvan Ölkə
Komitəsi və Naxçıvan İctimai Şura
Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsi onun
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
ciddi məşğul olurdu. Təbii ki, ötən əsrin
ziddiyyətlərlə dolu olan 20-30-cu illərində qəzet
çıxarmağın olduqca çətin tərəfləri
var idi. Bu illərdə qəzetlə əməkdaşlıq
etmək olduqca ağır və məsuliyyətli bir iş
idi. Bu dövrdə qəzetlə əməkdaşlıq edən
fəhlə-kəndli müxbirlər, ziyalılar arasında Məhəmməd
Rəsizadə, Tofiq Fikrət, Fərəməz Mahmudbəyov,
Əli Həsənzadə kimi dövrünün
tanınmış ziyalıları da var idi. Onlar da insafən
xalqın maariflənməsi və savadlanması uğrunda əllərindən
gələni əsirgəmirdilər. XX əsrin otuzuncu illəri
isə məmləkətimizdə kollektivləşmə,
kolxoz quruculuğu və sovet hakimiyyətinin qolçomaqlarla
mübarizə dövrü kimi xarakterizə olunur. Ölkədə
kollektivləşmə siyasətinin həyata keçirilməsi,
birgə ictimai və dövlət təsərrüfatlarının
yaradılması, onların iqtisadi cəhətdən möhkəmləndirilməsi,
texnika ilə təchiz edilməsi başlıca məsələlərdən
birinə çevrilir. Belə bir dövrdə mətbuatın
üzərinə xüsusi missiya düşürdü. Məhz
bu illərdə Muxtar Respublikanın bir çox rayonlarında
da yerli mətbuatın təməli qoyulur. Şərur,
Şahbuz və Ordubad rayonlarında qəzetlər nəşrə
başlayır. 1931-ci ilin oktyabrında AK(b)P Noraşen rayon
komitəsinin və rayon zəhmətkeş deputatlar soveti icrayə
komitəsinin orqanı olan “Noraşen kolxozçusu” qəzeti
nəşr edilməyə başladı. Ordubadda nəşr
olunan qəzet ilk əvvəl “Ordubad fəhləsi”,
Şahbuzda “Sosializm maldarlığı”, 1938-ci ildə Əbrəqunus
da (indiki Culfa rayonu) isə “Zərbəçi heyvandar” adı
ilə fəaliyyətə başlamışdı. Muxtar
Respublika mətbuatının flaqmanı olan “Şərq
qapısı” qəzeti ötən əsrin otuzuncu illərin əvvəllərindən
öz fəaliyyətini daha da genişləndirir. Qəzetə
qüdrətli qələm sahibi, sonralar Azərbaycanın xalq
yazıçısı olan Əli Vəliyevin redaktorluğu
daha böyük şöhrət gətirdi. Məhz bu
dövrdə Naxçıvan MTS siyasi şöbəsində
“Sürət” adlı qəzet də nəşrə
başlanır. Mirzə İbrahimov kimi istedadlı və
qüdrətli qələm sahibinin Bakı şəhərindən
“Sürət” qəzetinə redaktor göndərilməsi də
regionda mətbuat mühitinin canlanmasına xidmət etdi. Əli
Vəliyevlə Mirzə İbrahimovun yaxın dostluqları,
birgə əməkdaşlıqları bu qəzetlərin
ideya-siyasi və mədəni səviyyəsinin yüksəldilməsində
də mühüm rol oynadı. Bu qəzetlər
Naxçıvanda gənc yazıçı və şairlərin
ilk ədəbi ocağına çevrilir. “Şərq
qapısı” qəzetinə məxsus müsbət ənənələrin
formalaşmasında da bu dövr əhəmiyyətli rol
oynayır. Qəzetdə “Ədəbiyyat səhifəsi” gənc
yazıçılar üçün sınaq meydanına
çevrilir. Yazıçı Ə.Şəkilinin, Ə.Lahutinin
şeir kitabları da bu dövrdə qəzetin mətbəəsi
tərəfindən işıq üzü görür. Qəzetin
mətbəəsində ilk dəfə olaraq müstəqil “Ədəbiyyat”
qəzeti də nəşr olunur, onun 2-3 nömrəsi
işıq üzü görür. Azərbaycanın xalq
yazıçısı Əli Vəliyev sonralar xatirələrində
yazırdı: “Mənim redaktor olduğum 30-cu illərdə qəzetin
səhifələrində Mirzə İbrahimov, Abbas Gülməmmədov,
Qurban Yusifzadə, Əyyub Abbasov, Məmmədəli
Tarverdiyev, Lətif Hüseynzadə kimi qabaqcıl ziyalılar
yeni həyatı təqdir və tərənnüm edən,
nöqsanları cəsarətlə açıb göstərən
yazılarla müntəzəm çıxış edirdilər”.
Ədəbiyyata qaynar yaradıcılıq istedadı ilə gələn
Mirzə İbrahimov üçün də Naxçıvan
sözün əsl mənasında ciddi həyat məktəbi
və tükənməz ilham mənbəyi oldu. O, burada təkcə
qəzetçilik fəaliyyəti ilə məşğul
olmamış, ədəbi yaradıcılığında
xüsusi rol oynayan “Həyat” pyesinin mövzusunu da yerli həyatdan
alaraq onu bitkin formada tamamlaya bildi. Muxtar Respublika mətbuatının
flaqmanı olan “Şərq qapısı” ilə bağlı
öyrəniləsi, hələ də qaranlıq qalan məqamlardan
biri də 1937-38-ci illərlə bağlıdır. Bu
dövrdə ölkədə baş qaldıran repressiyalar
dalğası bu qəzetin redaksiyasından yan ötməyib. Qəzetin
o dövrə aid “Əmrlər kitabı” ilə
tanışlıq bunu aydın göstərir. Məsələn,
1937-ci il 19 fevral tarixindən ilin sonunadək qəzetə 5 nəfər
redaktorluq edib: Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə,
Musa İsmayılov, Xəlil Əmirov. Ə.Hacıçadənin
redaktorluq fəaliyyəti isə cəmi 13 gün çəkib.
Qəzetin Böyük Vətən müharibəsi
dövründəki fəaliyyəti də maraqlıdır.
Müharibənin yaratdığı mürəkkəb şəraitdə
“Şərq qapısı” qəzeti cəbhə ilə xalq
arasında körpü yaradan mətbu orqan kimi regionda hər
evin qapısını açmış, döyüş cəbhələrinə
belə gedib çata bilmişdir. Qəzet müharibə illərində
partiya və hökumətimizin göstəriş və qərarlarının
kütlələrə çatdırılmasında, ön və
arxa cəbhədə igidlik göstərən həmyerlilərimizin
fəaliyyətinin işıqlandırılmasında
böyük rol oynayıb. Maraqlıdır ki, müharibə
başlanandan iki gün sonra, yəni 1941-ci ilin iyunun 24-də qəzetin
redaktoru Hüseyn Ağrılı vətənpərvərlik
nümunəsi göstərərək belə bir əmr
imzalayır: “Bu gündən etibarən ordu sıralarına
getdiyimdən məsul redaktorluq vəzifəsindən azad
olunub, məsul redaktorluq vəzifəsini Mirzəliyev
yoldaşa tapşırıram” . Həmin dövrdə qəzetin
əməkdaşı olmuş, müharibədən
sonrakı illərdə isə qəzetə redaktorluq etmiş
Əli Mirzəyev xatirələrinin birində yazır ki, həmin
gün Hüseyn Ağrılı yoldaş hamımızı,
bütün redaksiya kollektivini bir yerə toplayaraq: “Vətən
təhlükədədir, biz qələmimizi silaha
çevirib düşmənə sarsıdıcı zərbə
vurmalıyıq” dedi. Sonra da əlavə etdi ki, “mən
könüllü olaraq cəbhəyə gedirəm. Xahişim
budur ki, qəzetin yaxşı çıxarılmasına diqqət
edəsiniz. Bütün qüvvələri düşmən
üzərində qələbə çalmaq uğrunda
mübarizəyə yönəldin” deyib hamımızla bir-bir
görüşdü. Az sonra isə cəbhədən onun
ölüm xəbəri gəldi. Müharibə
başlanmazdan bir neçə il əvvəl qəzetə
redaktorluq edən Xəlil Əmirov və Musa İsmayılov,
eləcə də bir neçə əməkdaş alman
işğalçılarına qarşı müharibədə
qəhrəmancasına döyüşərək həlak
olmuşlar. Müharibənin ilk illərində qəzetə
redaktorluq edən Məmmədəli Tarverdiyev isə xatirələrinin
birində yazır ki, vətənin ilk
çağırışı ilə cəbhəyə
yollananlar arasında məsul katib Seyidtaöı Seyidov,
şöbə müdiri Abdulla Qulubəyov, xüsusi
müxbirlərdən Yunis Məmmədov, Rəhim Babayev və
başqaları da var idi. Amma bu itkilərə baxmayaraq qəzet
o dövrdəki fəaliyyətini dayandırmadı. Cəbhədə
misilsiz mərdlik və qəhrəmanlıq nümunəsi
göstərən oğul və qızların sorağı
artdıqca, onların haqqında geniş materiallar dərc
edirdi. Bu yazılar da döyüşçülərimizi qəhrəmanlığa
səsləyirdi. Böyük Vətən müharibəsi
qalibiyyətlə başa çatdıqdan sonra ölkə
miqyasında müharibənin gətirdiyi ağır bəlaların
aradan qaldırılması istiqamətində bərpa işlərinə
başlanıldı. Bu dövrdə də sovet hökuməti
mətbuatın gücündən ideoloji təbliğat vasitəsi
kimi istifadə etməyə çalışırdı.Bu mənada
müharibədən sonrakı illərdə qəzetin fəaliyyətində
böyük canlanma duyulur. 1946-cı ildən kiçik formatda
həftədə üç dəfə nəşr olunan qəzetdə
yeni imzalar görünür: İslam Səfərli, Seyid Səbri,
Müzəffər Nəsirli, Abbas Rəcəbli, Hüseyn
Razi, Hüseyn İbrahimov, Hüseyn Əzim, Əhməd
Mahmud, Rəşid Qazıbəyov kimi qələm sahibləri
mətbuat səhifələrində tez-tez maraqlı
yazılarla çıxışlar edirlər. Onların bir
çoxu sonralar Azərbaycan Yazıçılar
İttifaqının ən fəal üzvləri olur. O dövr
region mətbuatı üçün ən üstün və
qabarıq cəhətlərdən biri də qəzetdə
tez-tez mənzum felyetonların dərc olunması, eybəcərliklərə
və nöqsanlara qarşı cəsarətlə mübarizə
aparılması idi. Onu da qeyd edək ki, qəzet 1930-cu ilə
qədər ərəb, 1930-cu ildən 1940-cı ilə qədər
latın, 1940-cı ildən 2001-ci ilin iyul ayınadək kiril əlifbası
ilə çap olunub. lll Naxçıvan mətbuatı ötən
əsrin 70-ci illərindən yeni inkişaf mərhələsinə
qədəm qoyub. Heç şübhəsiz ki, muxtar
respublikada milli şüurun oyanmasında və
özünüdərk prosesinin formalaşmasında yerli mətbuatda
vətənpərvərlik ruhunda dərc olunan yazılar
mühüm rol oynayıb. Ən başlıcası isə bu
qəzetlərsəksəninci illərinin sonlarından,
90-cı illərin əvvəlindən isə ölkəmizdə
müstəqillik ideyalarının həyata keçirilməsində
fəal mübarizə aparıb. Xalqımızın
ümümmilli lideri Heydər Əliyevin Moskvadan
Naxçıvana qayıdışından, Muxtar Respublikaya rəhbərlik
etməyə başlamasından sonra Naxçıvan mətbuatında
yeni dövrə qədəm qoydu. Bu dövrdən Azərbaycanın
suverenliyi, xalqın sosial-iqtisadi vəziyyətinin
yaxşılaşması, siyasi sabitlik, ictimai gərginliyin
aradan qaldırılması və digər ümummilli məsələlər
Naxçıvanın söz tribunasının əsas qayəsini
əhatə etdi. Bunlar isə ikinci yazının mövzusudur.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri namizədi, əməkdar journalist
525-ci qəzet.- 2010.- 1 sentyabr.- S. 2;4.