Bayquş
On gün olardı ki
Coşğun ailəsi ilə birlikdə xaricdən Bakıya məzuniyyətə
gəlmişdi. Artıq bir
ilə yaxın idi ki doğma Bakısı, onun
küçələri, insanları, gözü
yolda qalan tənha
anası, tanış-bilişi, qohum-əqrəbası, ata yurdu rayonu,
onun dağı, daşı, dərəsi,
yamacları, meşəsi, dəniz yaxasındakı bağ evi, hətta gecə-gündüz
keşiyində duran bir
cüt çoban
itləri üçün yaman
həsrət çəkirdi. Məzuniyyət
vaxtına az qalmış Coşğun
həyat yoldaşı ilə vətəndə səyahət
edəcəkləri yerlərlə bağlı bir plan da
cızmışdı. Plana əsasən
şəhərdə yerbəyer olduqdan sonra rayona çıxacaq,
qohum-əqrəbaya baş çəkəcək,
üzü o tərəflərə
təbiəti seyr edəcək, sonra şəhərə dönüb
bir müddət bağda
dincələcək və ən sonda başa çatmaqda olan məzuniyyətin son üç-dörd gününü
şəhərdə keçirəcəklər. Atalar yaxşı deyiblər: “ Sən
saydığını say, gör fələk nə sayır”.
Məzuniyyətin ilk
günündən isti hava Coşğunu onun həmvətənləri
ilə yaman əldən salmışdı. Havalar o qədər
isti keçirdi ki, ürək az qala dayanmağa, mədə nəsə
qəbul etməməyə meylli idi. Şəhər od tutub
yanırdı. Günəşin istisi şəhərin səliqə
ilə döşənmiş asfalt yolunu əritdikcə
asfaltdan püskürən isti insanlardan da çox olan
maşınların zəhərli tüstüsünə, hələ
bir davam etməkdə olan tikililərdən ayrılan
toza-dumana qarışaraq canlı varlıqların
yarı-sağlam, yarı xəstə ciyərlərinə
divan tuturdu. Dünyada baş verən iqlim dəyişkənliyinin,
üstə gəl insanların ekologiyaya vurduğu zərbə,
onsuz da məişət problemlərindən, dəyişən
cəmiyyətin dəyişən vərdiş və
qanunlarından təngə gəlmiş insanları daha da
karıxdırmış, əvvəlki isti baxışlar,
isti münasibət, sədaqət, saflıq, əqidə
çoxlarının üzündən silinmişdi. Şəhərin
insan və maşın sıxlığı içərisində
çoxdan bəri görmədiyi şəhərinin yeni
tikililərindən, yaraşıqlı parklarından zövq
ala-ala dolaşan Coşğun harasa tələsən insanları,
yolu qayğılı keçənləri, kiminsə ədəbsiz
kəlmələr işlədərək telefonla
hay-küylü danışığını, gecələr
bahalı maşınlar arxasında uca musiqi sədaları
altında yol hərəkəti qanununa məhəl qoymayan
dünənki uşaqların şelləndiyini, dənizə
getməyə vaxtı olmayan fəhlənin göyün
yeddinci qatında çəkic döyərək beli günəşə
zaqar qəbul etdiyini, beş manat alacağı on manat verəcəyi
olan dırnaqarası iş adamlarının-dəllalların
qəlyan damağında çayxanalarda daldalanaraq
qonşuluqda oturan ailəvi insanlara məhəl qoymayaraq
razborka aparmasını və.s və ilaxıraları seyr
etdikcə özünü tənha hiss etməyə,
darıxmağa başlayırdı. Coşğunun gəlişinə
rayondakı qohum-əqrəbaları ismarıc göndərmişdilər.
Havalar rayonda şəhərdən daha isti keçirdi.
Coşğunun həyat yoldaşı şəhərdə
bir-iki işləri olacağını, bərbərə,
kosmetoloqa gedəcəyini, uşağı peyvəndə
aparacağını, onun dişinin çıxması ilə
əlaqədar yenicə qızdırmadan
qalxdığını bəhanə gətirərək rayona
getməkdən mədəni surətdə boyun
qaçırdı. Əslində Coşğun da uşaqla hələ
uzaq yola çıxmağın tərəfdarı deyildi. Ailəsi
ilə fərqli bir iqlimdən və təyyarə ilə uzaq
yoldan hələ yenicə qayıtdığı
üçün belə qərara gəldi ki, ailəsi şəhərdə-hər
cür rahatlığı və qayğı ilə əhatə
olunmuş qayınatasıgildə qalsın. Coşğunun
maşını yox idi. Daha doğrusu xaricə işləməyə
getməzdən öncə hər iki maşınını
satmışdı. Rəhmətlik atası
sağlığında ona bir çox maşın alıb dəyişmişdi.
O da hər dəfə Bakıya məzuniyyətə gələndə
pulunu verib icarəyə maşın götürər və
icarədarın təminatı sayəsində heç bir
problemsiz bir ay maşını idarə edərdi. Allah tərəfi
qayınatası qayınanası vasitəsilə qızına
maşının üstünü düzəltmək
üçün görüm-baxım verirdi. Coşğunun
xasiyyətini bildikləri üçün birbaşa vermirdilər.
Çünki Coşğun heç sağlığında
bircə dəfə də olsun atasına pul üçün
müraciət etməmişdi. Atası da onun xasiyyətini bilib pulu anası vasitəsilə
ötürər və zarafatla deyərdi ki, “Coşğun pulu armud kimi
ötürür”. Əslində Coşğun pulu armud kimi içinə ötürmürdü. Ötürsəydi onun da gövdəsi armud kimi olardı, daha armud saplağına bənzəməzdi.
Neynəsin ki, ürəyi
açıq idi, yanında biri ağlayan kimi ürəyi yuxa olurdu, dükanda, bazarda alış-veriş üçün
çənə-boğaz aparmazdı, nə deyərdilər onu da verərdi,
maşın parkından maşını çıxaranda
bahalı maşınların sahibləri kimi
bir manata görə aradan çıxmazdı, bir
əvəzinə iki verərdi,
insanların haqqını kəsməzdi. Bunu,
elə atasından görmüşdü.
Bu dəfə heç
kəsin görüm-baxımı olmadan
maşın pulunu özü
vermək qərarına gəldi. Lakin qəfil
zəng onun bütün
rahatlığını alt-üst etdi. Zəng edən Dilqəm əmisi oğlu idi.
–Bəli.
–Salam əmioğlu.
Həmişə evdə-eşikdə. Necəsən? –Salam. Yaxşıyam əmioğlu. Elə,
gedirəm icarəyə maşın götürüb
üz tutum rayona.
–Bura bax e. Bir də
niyə maşına pul verirsən? Elə mənim maşınımı
istəyirsənsə götür
də.
–Vallah, belə pis
çıxmasın sən bilirsən ki mən kimdənsə
umudlu olmağı sevmirəm, bir də sənin də öz
işlərin var, ayağın yerdə qalacaq, mən də
maşını rahat sürə bilməyəcəm.
–Niyə ki, onsuz da mən
bütün günü işdə oluram, iş də evimin
yanındadır. Maşın da qarajda qalır. Prosto bir problem
var ki, mən onu sənə Astaradan necə gətirəcəm.
Mən axı işdən çıxa bilmirəm. Elə bir
adam da yoxdur ki onunla göndərəm. Bəlkə
özün gəlib götürəsən?
–Rəhmətliyin oğlu bu istidə
heç Bakı postunu keçməyə can çəkirəm,
sən deyirsən o boyda yolu gəlim?
–Əmioğlu, onda ən
yaxşısı elə Vəfadardır. (O biri əmioğlu)
Eşitmişəm onun da əli aşağıdır, tem
bole qızı da nişanlayıb pul lazımdır.
Özü də çox vaxt maşını sürmür.
Elə rayonun içində dostlarının
maşınında birgə fırlanırlar. Sən
maşına bir min göy(dollar nəzərdə tutulur) verəssən
də, elə deyil? –Hə də baxır maşına, min, min
beş yüz.
–Hə, elə ondansa bir
beş-altı yüz ver əmioğluya gətirsin mersedesi
qapıva. Həm də suvabdır. Mən də bir –iki günə
rəisdən icazə alıb gəlirəm rayona. Oldu əmioğlu.
Coşğunun tərəddüdü və intizarı
çox çəkmədi. Səhəri gün Vəfadar əmioğlu
qara mersedesi şərtləşdikləri kimi dostları ilə
birgə restoranın qabağına gətirdi. Uzaq yoldan gəldikləri
üçün Coşğun onları naharsız yola
salmadı. Yaxşı bir süfrə açdırdı. Məlum
oldu ki, onlar şəhərə iki maşınla gəliblər.
Vəfadarın mersedesi və İlyasın BMV-si ilə.
Yarı yolda İlyasın BMV-si xarab olduğundan o yol
qırağındakı maşın təmirxanasında
qalmış olub. Bu yerdə Coşğunun
yadına “ucuz ətin şorbası olmaz” atalar misalı düşdü. Ani olaraq fikirləşdi ki, təzə
maşın almağa gücü
çatmayan, eyni zamanda lovğalıqlarından da
qalmayıb xaricin tələkə, üstü bəzək-içi təzək,
işlənmiş, çapılmış
maşınlarını alan əksər
növ-cavanların maşınla tez-tez
belə problemləri olur. Ertəsi gün yola
çıxmağa, rayona getməyə
hazırlaşan Coşğun əvvəlcə
maşını baxdırmaq üçün
maşın təmirxanasına sürdü.
İlk gözünə sataşan-
“maşın qandisanerlərinə qaz
doldurulması” yazısı oldu. Bəli,
belə savadsız yazılmışdı. Hava
elə isti idi ki, dəri oturacaqlı maşında kondisionersiz yol
çıxmaq mümkünsüz idi. Coşğun bəstə
boylu, üzü tüklü, üst-başı mazut içində olan ustaya yaxınlaşdı və kondisionerin soyutmadığına işarə etdi. Usta adəti üzrə
maşına yaxınlaşıb qızmar kapotu
açdı və onun soyumasını
gözləməyi bildirdi. Saat on iki,
kölgədə də havanın hərarəti müsbət
otuz beş olardı.
Ustanın kliyentləri çox idi. Dövlətinin gəl-ha-gəliydi. Biri yola salınmadan o biri gəlir və hərə
də onu bir təfə
dartıb maşınının dərdini söyləyirdi.
Növbəyə, filana, ədəbə-ərkana,
böyüyə-kiçiyə riayət edən yox idi. Hərə istəyirdi
ki birinci onu yola salsınlar. Usta da kliyentin
maşınına və bahalığına baxıb onsuz da işi
çatdırmayan yoldan tutma
şagirdlərə göstərişlər verirdi.
Aləm biri-birinə qarışmışdı. Heç bilinmir di ki, hansı şagird hansı maşınının boltunu, şurupunu
açır və hansınınkını öz
yerinə bağlayır. Şagirdlər də bezmişdilər.
Nahar vaxtı olduğunu
bəhanə gətirib aradan
çıxmaq istəyirdilər. Usta isə hamıya “rəis
narahat olma, indi maşınınız
çıxır”-deyib yerini şirin satırdı. Aradan
iki saat keçməsinə
baxmayaraq Coşğunun
maşını soyumuşdu, amma hirsi soyumurdu,
hələ təzə qızışırdı. Nəhayət
usta nəsə bir elmi kəşf eləyirmiş kimi
kondisionerin frionunu
(qazını) vurduqdan sonra onu yoxlayıb belə
qənaətə gəldi ki, soyuq hava kütləsi salona daxil olmur
və maşını kompyuterə salmaq
lazımdır. Maşının bütün
detalları, elektrik avadanlıqları
kompyuterdə görünə-görünə usta Coşğunu sorğu-suala tutmağa
başladı: –Maşın tanış gəlir, Əlinin
maşını deyil?
–Xeyr. Coşğun əvvəl bir
istədi desin ki
maşın əmioğlunundur, amma bildi ki, bunu
etiraf etsə usta
maşının onun
olmadığını görüb yalandan çoxlu problemlərini
ortaya qoyacaq. Odur ki hələ ki dinmədi.
–Hardansan, ləhcən
tanış gəlir?
– X rayonundan. –Bay, mən də
oradanam ki. –Kimlərdənsən?
–Şaman müəllimin oğluyam. Şaman Elcanlı.
–Ə, o şair müəllimin oğlu?
–Bəli. Şair deyildi, amma yazırdı.
–Sən hələ bir de
görüm kompyuter mənim maşınım
üçün nə deyir? Yola çıxıram, rayona getməliyəm.
Usta bir xeyli kompyuterdə proqramlarda qurdalanaraq:
–Əmioğlu sənin blokunun biri təmamilə
işləmir. Cərəyan yoxdur deyə, kondisioner soyuğu salona ötürə bilmir. Vaxtın varsa biz o bloku
söküb yerində
baxaq. Daha yerlimizə də
kömək etməyəndən
sonra, kimə əl tutaq? Sən belə elə. Vaxt bir az çəkəcək,
qalx bizim sexin üstündəki kafedə bir az çörək ye, çay iç, biz də görək nə edirik. Mən özüm səni haylayacam. Coşğun əsəbi halda
kafeyə qalxıb aşağı düşəndə
saat axşam altı olardı. Maşının qabaq ehtiyatları
təmamilə sökülmüş
halda idi. Amma hələ heç nə düzəlməmişdi.
–Əmioğlu özün
gördün də, uşaqlar bu vaxta qədər işdə
qaldılar, daha çox çalışdılar. Demək,
bloku dəyişərsən, haradasa beş yüz
dollardır. Sveçaların islanmışdı, qurutduq amma
yenisini almaq lazımdır, injektorun biri çirklənmişdi,
yuduq, predaxranitellər geydirmə idi dəyişdik,
originalını qoyduq, dörd dəfə maşını
kompyuterə saldıq, üstə gəl əmək
haqqı-sənin üçün hamısı eləyir iki
yüz əlli manat. Coşğun tezliklə maşın təmiri
adlı dəllal bazarından azadlığa çıxmaq
üçün usta ilə haqq-hesabı
çürüdüb maşınına mindi. Coşğunun
xaricdə işlədiyindən tamsınan ustanın deyəsən
iştahı azalmamışdı. Maşının
sürücü əyləşən qapısına
yaxınlaşıb:
–Qohum, yaxşı
mersedes istəyirsənsə
tapa bilərəm. Mənim bir rəis tanışım
var, bu yaxınlarda
işdən çıxarıblar,
özündən də
nə qədər alıblar. Yaxşı satdıq iki
dənə cağ mersedesi var. İstəsən
danışarıq, yaxşı
qiymətə düzəldə
bilərəm. Coşğun camaatı mədəni
surətdə soyaraq həyatdan giley edib səhərdən
bəri ağzına gələni danışan bu ustadan canını qurtarmaq üçün “çox sağ ol” deyib hirsini
maşının qazından çıxdı. Ertəsi gün günorta Coşğun rayondakı həyətlərinə
çatanda əmioğlusu Dilqəm
bir litrlik araq şüşəsini yarı eləyib ləsəlmiş
vəziyyətdə çardağın altında oturmuşdu. Amma nə çardağ, nə də onun
kölgəsi istini uzaqlaşdıra bilmirdi. Yeganə ümid
gecənin mehinə idi. Qəribədir ki, gündüz rayonun nə qədər istisi
olsa idi, gecə
mütləq mehi olurdu.
Gecənin mehinə hələ dörd saat qalırdı. Saat səkkiz
olsa da məclis yenicə
qızışırdı. Coşğunu
görmək üçün
tanış-biliş, hətta qonşu rayondan da qohum-əqrəba
gəlmişdi. Coşğunu yuxarı başda otuzduran qohumların, əmi uşaqların
qismən imkanlıları ona yaxın,
imkansızları, qocaları, uşaqları məclisin
ayağına yaxın əyləşmişdilər. İsti hava şəraitinə
uyğun olmayaraq enli balaq tuman,
kofta geyinmiş və
üstündən də kəlağayı atmış
qadınlar təbii surətdə tər
tökürdülərsə, cahıllar qırx dərəcəlik
istidə qırx dərəcəlik arağı bir nəfəsə içməklə
canlarına qəsd edərək tər tökürdülər.
Araq boğazdan mədəyə
süzülüb tədricən qana işləyir, beyni
dumanlandıraraq orada
yığışıb qalan fikirləri
dilə gətirir, kimin nə düşündüyünü
ortalığa qoyurdu. Dərdlər
təzələndikcə məclisdə ona
aidiyyəti olmayan mövzular,
suallar yer
alırdı. Ay nə bilim
xaricdə güzaran necədir, Coşğunun maaşı nə qədərdir,
vergi kiminsə dükanına filan qədər pul oxuyub, filankəsi qonşu
ölkədə özününkülər
bıçaqlayıb pulunu atıblar, icra
başçısı yol qırağı
köhnə obyektləri sökdürüb
yenilərini öz adamlarına həvalə
edib, məmurların bir
aylıq məvacibləri rayonda mərkəzi
yolun təmirinə yönəldilib, filankəsin
əmlakı kreditin faizi
yüksək olduğundan verə bilmədiyi
üçün girovdadır və.s.
və ilaxır. Amma nədənsə bir nəfər
də olsun Coşğundan
soruşmadı ki, o
xaricdə olduğu müddətdə onun şəhərdə tənha qalan anası, Billur
xanım necə dolanırdı. Bir nəfər
də olsun cəsarət edib
sinəsini irəli vermədi ki, filan ayın filan tarixində
o bazarlıq edib
Billur xanıma baş
çəkməyə getmişdi. Bir adam tapılmadı desin ki, filan vaxtda
Şaman kişinin zəhmət
ilə qurub-yaratdığı bağ evini qoruyan, tənha
qalmış itlərə yem
aparmışdı. “Bəs nə vaxt
tapılacaq” sualı o gecə sabaha qədər Coşğunu
rahat buraxmadı. Səhər elə bil heç nə olmamş kimi həyət boş qalmışdı. Hamı öz evinə
dağılışmış, hərə öz
ocağına çəkilmişdi. Yenə həmənki
boğanaq isti, yenə
rayon mərkəzindəki çayxanada
baş girləyən bir
qism cavanların ara
söhbətləri, qeybətləri, yenə yol
qırağında səhərdən bəri yüz
dəfə qaynayıb soyuyan restoran simavərlərinin tüstüsü,
suyu qurumuş gölməçə
yerlərində camışların quyruqları ilə
milçək yelləməsi, örüş
yerlərinin qala divarları
hündürlüyündə hasara
alınmış vəziyyətdə əsl yiyəsini
gözləməsi.
(Ardı gələn şənbə
sayımızda)
Mətin Mirzə
525-ci qəzet.- 2010.- 4 sentyabr.- S.30.