Sözə qələm sancan
Aqşin Yeniseyin “Ən yeni ədəbiyyat”
seriyasından çıxan (Bakı, Qanun, 2009) “Göləqarğısancan”
romanıyla bağlı fikirlərə keçməzdən
öncə, konuya müxtəsər girişə lüzum
görürəm.
Son 20 ildə yazarlarımızın nəsr çabalarında uğursuzluq uğuru üstələyir. Məncə, yaşlı yazarlarla bağlı bunun iki nədəni var: birincisi, bu yazarların bir çoxunun roman yox, memuar yazan vaxtıdır. Amma ən yaxşı nəsr örnəklərini yazanlar yenə də yaşlı və orta nəslin təmsilçiləridir: “Kef” (Sabir Əhmədli), “Ağ qoç, qara qoç” (Anar), “Ətirşah Masan” (Əkrəm Əylisli), “Azadlıq” (Afaq Məsud), “Yarımçıq əlyazma” (Kamal Abdulla), “İt qanı” (Kamil Əfsəroğlu), “Keçmiş döyüşçü və oğlan” (Aslan Quliyev) romanları, “Bayraqdar” (Elçin), “Qəmərlidən keçən qatar” (Azər Abdulla), “Rusiyadan gələn qardaş” (Aslan Quliyev) povestləri, “Yanvar hekayələri” (Sabir Əhmədli), “Vahimə”, “Qırmızı limuzin” (Anar), “Sarı gəlin”, “Qarabağ şikəstəsi” (Elçin), “Susuz gölün sonası”, (Məmməd Oruc), “S.V.A.C.O.” (Afaq Məsud), “Gül yağışı” (Azər Abdulla), “Burulğan” (Kamil Əfsəroğlu), “Qarabağ dərdi” (Eyvaz Zeynalov) hekayələri və s.; ikincisi, antisovet ruhlu bu yazıçıların bir çoxu sovet rejiminin çöküşüylə yaradıcılıq böhranına uğradı. Zaman ansızın döndü, yeni düşüncə ölçülərinə uyğunlaşmaq isə yaşla bağlı elə də asan deyildi. Amma bu fikir yuxarıda adı keçənlərin hamısına nəinki aid deyil, son 20 il onların bir çoxunun yaradıcılıq həyatına hətta aktivləşmə dönəmi kimi daxil oldu. Birbaşa konumuz olmadığından bu haqda incəliklərə varmayacağıq.
Yaxşı, bəs bu cavanlara
nə olub? Onlar imperiya dağıntıları altından
baş qaldıran otlara bənzəyir. Görünür, təkcə
gündən-günə gözəlləşən
Bakının deyil, estetik dünyamızın da təmirə
ehtiyacı var, təkcə qədim paytaxtımızın
küçələri arasında yox, həm də milli ədəbiyyatımızla
ən yeni dünya bədii fikri arasında da körpülər
salmaq zərurətiylə üz-üzəyik.
Özgürlük dönəmində, özəlliklə də
son on ildə buna qədərincə çabalar göstərilib,
müəyyən sonuclara varılıb da, amma genəl durum ən
yaxşı halda həvəskarlıqdan o yana keçmir. Bir çox
istisnaları (Yaşar, Fəxri Uğurlu, Balaxan, İlqar Fəhmi,
Şərif Ağayar, Elxan Qaraqan) çıxsaq, cavanların
böyük qisminin (Rasim Qaraca, Pərviz, Seymur Baycan, Əli Əkbər,
Sabutay, Qan Turalı, Orxan Eyp və s.) sözün ciddi
anlamında nəinki spesifik nasir istedadı, hətta nəsr
texnolojisinə kustar bələdliyi belə yoxdur. Və
söz Aqşinə gələndə bu da sonuc – “Göləqarğısancan”!
Aqşin yazmağa şair
kimi başlayıb, iki şeir kitabı çıxıb və
özünü təsdiqləməyə
ağıllı-başlı macal tapmamış dəbə
uyğun olaraq nəsrə keçir. Etirazınızı
görürəm – niyə bəs onun ədəbi
yaşıdlarından olan və eyni janrdəyişmə yolu
keçən İ.Fəhmi və ya Ş.Ağayara
yanaşmamız bir başqadır? Ona görə ki, hər
şeyi sonuclar deyir və biz, sadəcə, faktları
konstatasiya edirik. İ.Fəhminin “Aktrisa” və “Akvarium”
romanları yetərli ki, onun adını həvəskarlar
“pleyadası” siyahısına yazmayasan. Ş.Ağayara gəlincə,
onun hələ 10 il öncəki şeirlərində də
nasir potensialı görür, şeirlərinə isə nəsrə
gedən yol kimi baxırdıq. Zaman
yanılmadığımızı üzə
çıxardı. Şərifin “Milli Kitab Mükafatı”nda
onluğa daxil olan “Kərpickəsən kişinin dastanı”
povesti öz müəllifinin təkcə minillik bədii
düşüncəmizlə (N.Gəncəvi) dialoq
çabası yox, həm də romançı gələcəyindən
xəbər verir. Bunun tam əksinə, Aqşin öz
“roman”ında da şeir yazmaqda davam edir. Biz bu
qarşılaşdırmalarda nə şeiri nəsrə, nə
də nəsri şeirə tərcih eləmir, bunlardan birini
digərindən üstün tutmuruq. Çünki
üstün tutulası bircə janr var – istedadla yazılan! Bəs,
Aqşin öz romanını hansı “janrda” yazıb?
***
“Göləqarğısancan”ın
fabulasında Dağbasan kəndində doğulan Əlinin
ömür yolu durur. O, yeniyetmə yaşında doğma
xalasıyla günəbaxanlıqda tutulduğuna görə kənddən
qovulur, şəhərə gəlir, avara yazı-pozu
adamlarına qoşulur, uğursuz reket jurnalistliyi ilə məşğul
olur, sonra kəndə qayıdır, ailə qurur, maddi çətinlik
üzündən murdar olmuş heyvan cəmdəklərini
restoranlara, kafelərə satmaqla başını girləyir,
Leş Əli ayaması qazanır. Qocalığında
gözləri tutulan Əlinin “sənətini” indi oğlu davam
etdirir. Süjet bu olaylara söykənir.
Mozaika səciyyəli
“Göləqarğısancan”da hansısa konkret
mövzu-problematikanın qoyuluşundan danışmaq çətindir.
Bu, elə bir İsveç masası ki, müəllif
sosial-milli sorunlar (avamlıq, dini mövhumat və xurafat, elm, səhiyyə,
təhsil və maddi həyat durumunun acınacaqlı səviyyəsi,
ailə-uşaq sorunları, qadın hüquqsuzluğu,
zoofiliya, insest, ədəbi oyunbazlıq, siyasi populizm, mətbuatdakı
möhtəkirlik və s.) stolunun bu başından vurub o
başından çıxır və hər şeydən bir
dişləm alır. İlf və Petrovun özünü
“qrossmeyster” kimi təqdim edən boynuşərfli qəhrəmanı
yada düşür. O, oyun gedən müxtəlif şahmat
masalarına yaxınlaşaraq bircə an da düşünmədən
öz “dahiyanə” gedişlərini edir və azca keçən
kimi şoka düşüb ayağa qalxan rəqiblərin
bir-birinin ardınca gah bu, gah digər stoldan heyrət nidaları
ucalır: mat! mat! mat! mat! Heyrətlənməyib də neyləsinlər,
zarafat deyil, onlar “qrossmeysteri” mat ediblər, özü də
bircə gedişə! Aqşin at gedişləriylə
toxunduğu dürlü sorunların bədii
çözümünü verə bilməyib eləcə
onları sadalamaqla kifayətlənir və sonucda onların
qarşısında mat qalır. Bu sorunları şərq
durğunluğu və cəhalətində
(“qamışlıqdan” çıxmaq) ortaq məxrəcə
gətirmək olar.
“Göləqarğısancan”ın
metodunu təyin etmək isə elə də qolay deyil,
çünki müəllifin sözügedən konuda təsəvvürü
hələ biçimlənməyib, özünün də
dediyi kimi, “ağlına və ağzına gələni”
yazır. Realistik səhnələrin bəsdi deyincə
bolluğuna rəğmən, Aqşinin nə kəndi, nə
də şəhəri tanıdığımız məkanlar
deyil. Nədən ki qara yumor gerçəklik
ölçülərini aşır, bəzən hiperbolik, bəzən
parabolik hədlərə çatır və “Göləqarğısancan”ı
tipik realist düşüncə sınırları
dışına çıxarır: “... xalq öz geyimində
daha çox qara rəngə üstünlük verdiyindən
geyim dükanlarında qaradan başqa rəngə rast gəlmək
ağ milçək görmək qədər müşkil
iş idi” deyən Aqşin öz “qara kitab”ıyla millətinin
yavrusu olduğunu göstərir. Onun roman-dükanında iynənin
ucu boyda belə işıqlı söz yoxdur. C.Patrikin “Qəribə
missis Sevic”ində “psixuşka”dakı personajlardan biri olan Missis
Peddinin bütün pyes boyu təkrarladığı sözlər
yada düşür: “Hər şeydən zəhləm gedir,
duzqabından, metrodan, xardaldan, polisdən, elektrikdən, stəkandan,
qarğıdalıdan...”. Vur, memetim, vur, kolay gəlsin, hər
şey və hamı kötüymüş, aşqa-aşqa
missis Peddiylə mister Yeniseydən başqa!
Aradabir modernistik priyomlara
üz tutulması da (məsələn, təhkiyəçinin
Leş Əlinin ölümüylə bağlı qəzet məqaləsini
oxuya-oxuya paralel olaraq “Məlikməmmədin
nağılı”nı “şərh etdiyi” parça) heç
nəyi çözmür. Bircə qalır – postmodernizm!
Elədir ki, var, Aqşin qələmini
sözə postmodernistcəsinə sancmaq istəyir. Bu, hər
şeydən öncə, müəllifin öz sevimsiz qəhrəmanı
Leş Əlini postmodernist neytralitet mövqeyindən təqdimat
çabasında üzə çıxır: “Leş Əli
allahla şeytanın, xeyirlə şərin, halalla haramın əbədi
davam edən didişməsindən təngə gəlib,
yaxasını sonu görünməyən bu müqəddəs
boğuşmalardan qırağa çəkən, iki
dalaşan ilahi məxluğu öz öhdələrinə
buraxıb, bu müqəddəs qırğına şəriklik
etmək istəməyən bezgin müsəlmanlardan biri
idi...” Lakin bu təqdimat nəzəri tezisdən o yana
keçmir, eləcə çaba olaraq qalır. Nədən
ki, “postmodernist” qəhrəmanından fərqli, müəllif
postmodernist neytralitetdə dura bilmir, ikibaşlı mövqe sərgiləmək
istəsə də, bu, lazımi səviyyədə
alınmır, hətta çoğunluqla qatı
tendensiyalılıq nümayişində bulunur.
Müəllif mövqeyi
açıq-aşkar görünür demək burda hətta
azdır, az qala bütün kitab çılpaq, birbaşa,
diktor mətniylə oxunan müəllif mövqeyindən ibarətdir.
Çünki romanda qarşı duran tərəflər,
onları hərəkətə gətirən konfliktoloji
mexanizm, daxili hərəkətverici qüvvə – generator
yoxdur. Nəticədə müəllif öz
roman-maşınını daldan itələməklə hərəkətə
gətirmək zorunda qalır, amma ha gücənsə də,
ta finalacan mühərrik işə düşmür ki,
düşmür. Çünki romanın strukturoloji nüvəsi
ölüdür. Onu qəhrəmanın adına uyğun
leş-roman da adlandırmaq olar. Bu leşi sürümək isə
özəlliklə də finala doğru cəhənnəm əzabına
çevrilir. Oxucu intizarda qalmır, nəyinsə
çözümünü gözləmir. Və hər
şeydən əlini üzən fağır indi bircə
şeyin intizarını çəkir – görəsən, bu əzabdan
yaxam nə vaxt qurtaracaq?!
Daxili dinamikadan məhrumluq
bir amili önə çıxarır – dil boğaza qoymayan
müəllif diktaturası! O, dopinq atmış adamlara məxsus
süni bir aktivliklə olayların da, obrazların da
başına ip salıb istədiyi yerə sürüyür,
acı bağırsaq kimi uzandıqca uzanan, daxili
bağlılığı olmayan hadisələr silsiləsini
bir-birinə yamayır, güldən gülə qonan kəpənək
kimi hadisədən hadisəyə keçir. Cüzi
istisnaları çıxmaqla olaylar göstərmə yox, nəqletmə
yoluyla təsvir olunur. Və paradoksal sonuc: müəllfin şərq
zehniyyətinə bütün patoloji nifrətinə rəğmən
şərq əhvalatbazlığı qərb nəsr
texnolojisinin, nağılçılıq
romançılığın daşını daş
üstündə qoymur. “Göləqarğısancan”
müasir folklor nümunəsidir. Və təkcə elə bu
amil Aqşinin ilk roman çabasını gurultulu
uğursuzluğa düçar edir, hətta roman terminini belə
istisna edir. Onu romandan daha çox satirik nağıllar, yaxud
felyetonlar toplusu adlandırmaq olar. Məncə, müəllif
“Göləqarğısancan”ı nəsr məşqi kimi
sandıqda saxlayıb məşhur romançı olandan sonra
üzə çıxarsa, daha ağıllı iş görərdi.
Onda buna heç olmasa cavanlığın xoş səhvi kimi
baxmaq olardı.
Bir sıra digər amillər
də “Göləqarğısancan”ı postmodernist estetika
ölçüləri (yaxud
ölçüsüzlüyü) ilə yorumlamağa dəstək
verir: xaotiklik, fraqmentarlıq, ironiya və dekonstruksiya
çabaları (məsələn, Leş Əli şiələrin
müqəddəsləşdirdiyi İmam Əlinin, ümumən
hər cür qutsallığın dekonstruktiv
variantıdır), ana süjetin yardımçı əhvalat-pritçalarla
kəsilməsi (“Allah” deyə nərildəyən zoopark
şiri haqqında əhvalat), “elmi-fəlsəfi” və
publisistik düşüncəylə bədiiliyin simbiozu (ər-arvad,
qadın-kişi münasibətləri, “Hamlet” faciəsi, “Məlikməmmədin
nağılı”, məcnunluq fəlsəfəsi, dindar və
möminin müqayisəsi, aşıq sənəti və
muğamata aid fikirlər və s.). Amma nəzəri
hazırlığı olmadığından bunlar müəllifin
romançı ustalığı yox,
naşılığının göstəricisinə
çevrilir.
Aqşin ən ciddi məsələlər
barədə bir qayda olaraq bayağı sonuclara varır. Bu nədir?
Postmodern estetika üçün səciyyəvi olan ikili
kodlaşdırma, fikri həm elita, həm də kütləyə
hesablamaq? Müəllifə qalsa, hə. Doğrudan da, bu
bayağılıq bəzən hədəfə dəyir,
gözlənilən ikibaşlı ironiya effekti verir. Məsələn,
“Qoyun otarmaq... kənd uşaqlarında hələ körpəlikdən
liderlik bacarığının yaranmasına və
inkişafına kömək edir... Onlar sənətə gəldikdə
öz oxucuları və tamaşaçılarını, siyasətə
gəldikdə isə bütöv bir xalqı “otarmağı”
bacarırlar”. Amma elə ki söhbət qoyunçuluq
dışına çıxır, intellekt tələb edən
konular çevrəsinə keçir, Aqşinin
piyadalığı dərhal özünü büruzə
verir, ikibaşlılığın bircə başı
qalır – eləcə dayazlıq! “Göləqarğısancan”ın
ən zəif cəhətlərindən biri müəllifin
onu bıkdırıcı mülahizələr
dağarcığına çevirməsidir. Bir misal: “...
Hamletə bir neçə dəfə baxmışam və hər
dəfə də... hiss etmişəm ki, Hamlet sanki ...
başından bir tükün belə əskik
olmayacağına Şekspirdən zəmanət alıb. Zəmanət
alıb ki, xəyanətkar ana və tamahkar əmi ona
çırtma da vura bilməyəcəklər. Kimi istəyir
söysün, döysün, öldürsün. Bu cür zəmanətdən
sonra Hamlet olmağın harası “Olüm,
ölüm”lükdür?”.
Aqşin qərbə şərqlinin
gözüylə baxır, Danimarkanı (yaxud İngiltərəni)
İranla dəyişik salır. Konkret “Hamlet”ə gəlincə,
Klavdi öz qardaşını öldürüb hakimiyyətə
qanunsuz yiyələnmişdi. Heç kəs üzə vurmasa
da, sarayda hamı bunu bilir, amma nəyisə mülahizə edib
hələlik susurdu. Bu tufanqabağı sakitlikdə kral
özünü minalanmış sahədə gəzən adam
kimi hiss edirdi. Bundan başqa qara camaat xalqın mənafeyini
düşünən prinsi çox sevir, ona yeganə ümid
yeri kimi baxırdı. Hamletin açıq-aşkar qətli
gizli narazılığın üzə çıxmasına
təkan verər, partlayış doğura bilərdi.
Kralın övladı yoxuydu və əgər Hamlet
özünü “ağıllı” aparsaydı, əmi vəliəhdə
“mehriban ata” olmağa hazırıydı. O, professional qatil
deyildi, şeytana uyub qardaşını öldürməsindən
dolayı onsuz da vicdan əzabı çəkirdi. Üstəlik
də istəyinə çatan krala sorunu dərinləşdirmək
yox, malalamaq lazımıydı. Amma elə ki, Hamlet
“cızığından” çıxdı, intiqam fikrinə
düşdü, kralın kursu dəyişib prinsin ətrafında
ölüm toru qurmaqdan başqa çarəsi qalmadı.
Qardaşı oğlunu vergi yığmaq adıyla İngiltərəyə
ölümə göndərən kral onun sağ-salamat geri
döndüyünü görüb ikinci tələyə əl
atdı – atası Hamlet tərəfindən səhvən
öldürülən, bacısı dəli olub ölən
Laerti prinsə qarşı qızışdırdı,
ölkənin bu iki ən mahir qılıncoynadanının
“yarışını” təşkil etdi, Laertin
qılıncına zəhər sürtdü, “yarışdan”
qalib çıxacağı təqdirdə prinsə
içirmək üçün zəhərli badə
hazırladı... Görəsən, Aqşin bütün
bunları bir “çırtma” belə saymır? Əgər elədirsə,
onun “po-bozbaşski” şekspirşünaslığına bir
çırtma.
Bu parçanın
üstündə özəl olaraq durmağımızın
bir nədəni də var: təkcə Aqşin yox, onun əksər
yaşıdlarının məşhur olmaq, şok effekti
doğurmaq, “yeni” və “ağıllı” görünmək
üçün qutsal anlam və dəyərlərə
uğursuz və gülünc hücum çabaları –
Herostrat kompleksi! Şekspirə ilişməyindən, antik
yunan miflərinə əksərən yersiz müraciətlərindən
görünür ki, Aqşin öz herostratizmini “dünya
meridianlarına” çıxarmaq istəyir. Olsun, avtoritetlər
qarşısında təzimi rədd edən postmodernist
estetika buna qaildir. Ancaq hansı miqyasda olursa-olsun dekonstruksiya
öz müəllifindən bir şeyi tələb edir:
qutsallıq haləsini çıxardığın predmeti dərindən
bilmək və yalnız bundan sonra onu ələyib ələkdən
keçirmək. Aqşinin ələyindən
yoğunqurşaq Danimarka kralı da keçir.
“Göləqarğısancan”
müəllifi zahirən bir məsələdə uğurludur
– zahiri obrazyaratma işində! O cəmi bir neçə
ştrixlə obrazın yaddaqalan şəklini çəkir və
“Göləqarğısancan”ı yağlı (bəzən hətta
ürək vuracaq qədər yağlı) boyalarla çəkilmiş
portretlər qalereyasına çevirir. Örnəklər: “Bu
qara zırtıya ancaq Leş Əli deyəndə
adını eşidən qoca köpək kimi bitişik
qaşlarının bir ucunu qaldırıb adamın
üzünə baxırdı... Camış gözlərinə
oxşayan... bulanıq gözləri hey sulanır, onu əbədi
qripə yoluxmuş aciz xəstəyə bənzədirdi. Alt
çənəsinin üç-dörd dişi sarı
metaldan düzəldilmişdi və bu metal dişlər də
o biri dişlərə qoşulub dibdən
çürümüşdü... Üst damağında
diş olmadığından bığı sallanıb
ağzına təpilmişdi, elə bil ağzında həmişə
bir çəngə qəzil gəzdirirdi”; yaxud, “Keyşəbədənin
çox qəribə görkəmi vardı, nazik ayaqları
yumru gövdəsinə elə bitişmişdi ki, elə bil
iri İran kartofuna yan-yana iki kibrit çöpü
sancmışdılar. Şeir oxuyanda tez-tez əlini atıb
saçlarını qabardırdı və bu zaman yad bir
şey görüb pipiyini qabardan qoca tutuquşuya bənzəyirdi”.
Amma obrazın nəinki zahiri
(portret), hətta daxili şəkli (xarakter) belə daha
çox realist nəsrə məxsus anlamlardır. Postmodernizm
onlara boyat estetik göstəricilər kimi baxır. Aqşinin
məharəti isə ən çox məhz bu məsələdə
üzə çıxır. Parlaq, yağlı boyalara meyl,
poetik maksimalizm və ekstremizm – söz rəssamlığı
zatən şeirlərində də onun ən qabarıq
görünən cəhətiydi (Təsadüfi deyil ki,
2000-ci ildə dərc olunan ilk kitabı “Unutmaq
sözünün şəkli” adlanırdı). Amma şeirdə
onun xeyrinə işləyən bu cəhət nəsrdə
gözlənilən effekti vermir, hətta əks nəticə
doğurur. Nəsr (özəlliklə də postmodernist nəsr),
hər şeydən öncə, çıxılması gərəkən
situasiya tələb edir. Aqşinin romanında isə məhz
bu çatışmır. Nəticədə “Göləqarğısancan”
Əlinin leşindən də olur, Vəlinin aşından da!
Buna sözün ciddi mənasında nə realizm, nə də
postmodernizm demək olur. Əgər arada modernistik priyoma da əl
atıldığını göz önünə alsaq,
yaradıcılıq metodu sorununu belə sonuclamaq olar –
metodoloji mutasiya, kor atı minib köndələn çapmaq!
Metodoloji xaos Aqşinin yaradıcılıq metodu
anlayışının hələ biçimlənmədiyini
göstərir və romanın uğursuzluğunda bu amilin
rolu, məncə, az önəm daşımır.
Çözülməsi gərəkən
sorunlardan biri də romanın janrıdır. Arada Leş Əlinin
ölümüylə bağlı informasiya ani də olsa,
detektiv qənaəti doğurur. Amma bu məsələni
yarımçıq qoyan müəllif əsəri maraqlı
edə biləcək bu şansı qaçırır. Həndəsə
müəlliməsiylə təhkiyəçi
arasındakı bayağı erotik səhnələr
romanın melodramatizmindən danışmağa imkan verməyəcək
qədər önəmsizdir. Leş Əlinin daxili aləminin
açılmaması psixoloji roman amilini də istisna edir. Birsə
qalır, publisistik təhkiyə üstündə qurulmuş
sosial problematika!
Narazılıq doğuran məsələlərdən
biri də Aqşinin epiqonçuluğudur – o, ilk cümlədən
sonuncuya qədər Həmid Herisçinin “Nekroloq”unu təqlid
edir. Təqlidçilik ən genəl düşüncə tərzindən
tutmuş dil-üslub özəlliklərinəcən “Göləqarğısancan”ın
bütün məğzinə hopub. Bir misala baxaq: “Bakı
küləyi mussonlar, brizlər, fon küləkləri kimi,
sadəcə, hava axını, təbiət hadisəsi deyil. O
artıq təbiətdən qoparaq şəhərləşib,
bakılaşıb, küçələri, həyətləri
dolaşan kabusa çevrilib, böyük bir şəhəri əbədi
vahimədə saxlayan kabusa. Son yüz ildə bu küləkdən
gah soyuqqanlı kommunistlərin çəkdiyi acı “Prima”
siqaretinin, gah qəzəbli islamçıların
saqqallarına sürtdüyü yağlı gülabın,
gah da romantik ruhlu azadlıq aşiqlərinin içdiyi tut
arağının qoxusu gəlib. Üzü üzlər
görüb Bakı küləyinin”. Həmidin küləyinin
qoxusunu duyursunuzmu?
Etiraz edə bilərsiniz ki,
niyə bəs Çak Palanikin təsiriylə yazan Elxan
Qaraqana da eyni cür yanaşmırıq? Niyə birinə adət
olan, o birinə bidət sayılır? Niyə Elxan(ım)
sındıran qabın səsi çıxmır? Həmidanə
çılğınlıqla desək, niyə! Niyə!! Niyə!!!
Çünki Elxanın amerikan yazıçısını təqlidi
hardasa başadüşüləndir – o, naməlum
yazıçıya təqlidən sözümüzə
yenilik gətirir, bizi fərqli düçüncə və
üslubla tanış edir. Bəs, Herisçinin köhnə-küləşindən
“second hand” mağazası açmaq nə
üçündür? Həmidin qatı təqlidçilərindən
olan Orxan Eyp haqqında vaxtilə dediyim fikri təkrar etmək
zorundayam – bir Həmid olan yerdə, ikinciyə,
üçüncüyə nə hacət?
Amma əvvəlcə küləyi
gələn Herisçinin, nəhayət ki, özü də
zühur edir. Aqşin Həmidin obrazını da (Keyşəbədə)
yaradır və yuxarıdakı sitatdan da
gördüyünüz kimi, onu tutuquşuya təşbeh edir.
Dəqiq müşahidədən doğan bənzətmənin
zahiri parıltısına söz ola bilməz. Xub! Amma, görəsən,
hansı daha pisdir – zahiri, yoxsa daxili bənzərlik, görkəm,
yoxsa düşüncə tutuquşuluğu? Nöqtə-vergülünəcən
Həmidin tökdüklərini yığan və
ağına-bozuna baxmadan təkrarlayan Aqşin, görəsən,
bəs özünü nəyə təşbeh edir?
Həmidə belə
yanaşma Aqşinin öz içindəki Herisçi xofundan
qurtulmaq, onun etkisindən azad olmaq çabasının ifadəsi
də ola bilər və əgər elədirsə, şagirdin
öz ustadının üzünə ağ olması
anlaşılandır – gec-tez hamı gəlib özünə
çıxmalıdır. Amma bu daxili prosesi
açıq-saçıq formada zahirə çıxarmaq,
sirri-nihanı aləmə faş eyləmək beləmi
vacibdir?
Ümumən, Aqşinin təkcə
Keyşəbədə yox, prototiplərini yaxşı
tanıdığımız Gursəs (Yafəs Türksəs)
və Çörək (Dalğa) kimi şair obrazlarına, eləcə
də Cəlilabad şəhidlərinə təhqiramiz
yanaşması bir xalq deyimini yada salır – kor atlanar, kəndini
çapar! Aqşin istər söz kəndini, istərsə də
öz kəndini çapır. Bu yanaşmanı romanın
başlığına uyğun belə də adlandırmaq
olar: sözəqələmsancan!
“Göləqarğısancan”da
anlaşılmazlıq doğuran, təcrübəsizlikdən
xəbər verən silsilə faktlarla üzləşirik –
Aqşin bir qayda olaraq nəyisə unudur, nələrisə
qarışdırır. Məsələn, qəhrəmanın
doğulduğu kəndin adı (Dağbasan), əgər
yanılmıramsa, müəllifin yadına 56-cı səhifədə
düşür və sonra bir də xatırlanmır. Yaxud,
Leş Əlinin ölümüylə bağlı qəzetdə
yazı dərc olunur, amma müəllifin kəraməti
üzündən o, “dirilir” və dostlarını kəndə
qonaq aparır. Bu qəbil müəllif amneziyası
çoxsaylı suallar doğurur, oxucunu naqolay duruma salır.
Nəhayət, gəlib
çatırıq romanın finalına! Romanın arxetipində
Musa əleyhissəlam və Göləqarğısancan
uşaq haqqında əfsanə durur. Kitab sözügedən əfsanəylə
başlayıb onunla da bitir. Şər fitridir və buna
görə islaholunmazdır, Allah isə neylədiyini bizdən
yaxşı bilir. Əfsanənin həqiqəti budur. Aqşin
öz qəhrəmanını ilahi hökmlə kor edilən
uşağa təşbeh edir. Və burdan ən genəl qənaət
doğur: aşınmış mənəvi-əxlaqi dəyərlərin
təcəssümü olan Leş Əlinin islahı
mümkünsüzdür. Hətta onun dünya
işığına həsrət qalması da sorunu
çözmür – ataların yolunu oğullar
sürdürür, şər davam edir!
Əfsanənin ilahi-metafizik
haləsini çıxarıb onu sosial-milli qata endirmək! Və
prosesin kəsilməzliyini göstərmək. Yəhudi
peyğəmbərinə Azərbaycan yazarının elədiyi
“redaktələr” bunlardır. Amma burda qəhrəmanın
xarakteri və müəllifin proqram səciyyəli fəlsəfi
bəyanatıyla uyuşmayan iki məqam var. Əvvəla,
mağmın, kütbaş Əlini şeytan kimi diribaş
göləqarğısancana təşbeh etmək
özünü doğrultmur. İkincisi isə
başlanğıcda öz qəhrəmanını nə
şər, nə də xeyrə tərəf çıxmayan,
neytralitet təmsilçisi kimi təqdim edən müəllifdən
fərqli olaraq, romanın finalı tam əks fikri diktə edir
– sən demə, Leş Əli əbədi şərin
daşıyıcılarından biriymiş! Bu nədir, əskidən
əski əfsanənin biranlamlı təsdiqi, yoxsa postmodern
çözümü? Bizcə, heç biri, bu, sadəcə,
sözün baş-ayağını bir yerə yığa
bilməməkdir.
“Göləqarğısancan”ın
ən ümumi quruluşu – arxitektonikası da postmodernist təsəvvürlərlə
üst-üstə düşmür. Buna tam aydınlıq gətirmək
üçün kiçik bir strukturoloji remarkaya lüzum
görürük. Romanın ən ümumi quruluşu
qapalı xarakter daşıyır, hadisələr, yuxarıda
da dediyimiz kimi, eyni bir əfsanə ilə başlayıb onunla
da bitir – çevrə qapanır. Çevrə modeli
postmodernizmə qədər ki, bədii düşüncədə
məqbul olsa da, heç bir qapalı strukturu nəinki qəbul
etməyən, hətta dağıtmağa çağıran
postmodernizm üçün qeyri-səciyyəvidir. Və
bununla da, Aqşinin postmodernistik çabalarının
strukturoloji özülsüzlüyü üzə
çıxır.
Ən nəhayət,
dil-üslub məsələləri haqqında! “Göləqarğısancan”ın
sintaksisi bəzən H.Herisçinin “Nekroloq”undan gələn
pintiliklə səciyyələnir. Çoxmərtəbəli
cümlənin axırına çıxanacan əvvəlki
qatlardakını unudur, yenidən çıxış
nöqtəsinə dönməli olursan. Rus təhsilli şəhər
uşağı olan Həmid Azərbaycan dilinin bədii ifadə
imkanlarına qədərincə bələd olmaya bilər. Bəs,
görəsən, Aqşin niyə uşaqlıqdan
yaddaşına hopan canlı sintaksisi bir kənara qoyub Həmidin
ruscayla türkcənin hibridindən ibarət dilinə vurulub?
Amma sintaktik pintilik, məncə,
redaktə hesabına aradan qaldırıla bilər (kitabın
redaktoru Tahir Kazımlıdır), əsas sorun romanın dilindəki
aşırı şairanəlik, ifrat metaforizmdədir. Bu, indi
nəinki nəsr, hətta şeirin özündə də
biranlamlı qarşılanmır, bədii makiyaj təsiri
bağışlayır. Gözəl qadına makiyaj lazım
deyil, çirkini isə o, daha da eybəcərləşdirir.
“Göləqarğısancan” isə özəl gözəlliyi
ilə seçilmir. Metaforizmə aşırı meyl
Aqşinin şeirlə vidalaşıb
qurtarmadığını göstərir. Onun “ana dili”
şeir olaraq qalır, buna görə də daxili dialoqunu,
virtual nitqini hələ də şeirlə qurur, bütün
daxili enerjisini poetik nitqin realizəsinə verir və... roman
unudulur. Hətta əksər cümlələrini misralara
bölməklə romanı silsilə şeirlərə də
çevirmək olar.
Aqşinin yasaqlanmış
sözlərə, vulqarizmlərə aşırı meyli isə
artıq utanc doğurur. O, sərçəsindən tutmuş
qazına, eşşəyindən atına,
uşağından böyüyünə qədər hər
şeyin və hər kəsin quyruğunun altına baxır,
kitabın demək olar ki, hər səhifəsinə
ekskrementoloji “naxışlar” vurur, bir sıra personajlar hətta
nəcisə batıb ölür. Və bütün bunlar onun
postmodernizmini po...modernizmə, romanını isə unitaziyyat
örnəyinə çevrilmək təhlükəsiylə
üz-üzə qoyur. Onun erotik-pornoqrafik təsvirləri də
bayağılıq təəssüratı oyadır. “Kişi
təslim olanda əlini, qadın ayağını
qaldırır”. Aqşinsayağı “mən və sən” fəlsəfəsinin
zirvəsi budur!
Bu, nədir? Mənəvi
düşkünlüyün, xəstə düşüncənin
ifadəsi, yoxsa oxucu auditoriyası toplamaq vasitəsi? Hər nədirsə,
məncə, təfəkkür sahibinə yaraşmayan bir
şeydir. Doğrudanmı, Aqşin elə güman edir ki,
oxucular ictimai tualetlərdəki divar yazılarını qoyub,
bu qəbil şeyləri oxumaqdan zövq ala bilər? Məncə,
yanılır, belə ucuz vasitələrlə gözə
kül üfürmək, kimisə şoka salmağın
dönəmi keçib.
“Göləqarğısancan”
müəllifinin birmənalı (və yəqin ki, yeganə!)
uğuru canlı danışıq dili ifadələrindən
ardıcıl və bacarıqla istifadəsindədir. Onun
şirəsini minillik xalq dilindən alan satirik təhkiyəsi
var. Düzü, Aqşinin canlı dilə bu dərəcədə
bələdliyini güman eləməzdim, çünki
şeirlərində buna rast gəlməmişdim. Təəssüf
ki, gah ağır sintaksis və aşırı metaforizmlərlə
yükləmək, gah da vulqarizmlərlə zibilləməklə,
o öz dilini önəmli dərəcədə korlayır.
Sual edə bilərsiniz ki,
bunca tənqiddən sonra “Göləqarğısancan”a özəl
yazı həsr etmək nə gərək idi? Və bu, tamamilə
yerində verilmiş bir sual olar. İş bu ki, indi dərc
olunan kitablar, özəlliklə də yeni nəsil
yazarların böyük qisminin nəsr adıyla
çıxardıqları bundan yaxşı durumda deyil.
Cüzi istisnaları çıxmaqla, bədii nəsr
düşüncəsində hələ ki geriləmə
gedir, istər estetik, istərsə də mənəvi yöndən.
“Göləqarğısancan”, ilk öncə, bu faktın təsdiqidir.
Nəsr adıyla dərc olunan bu maklatura örnəklərinin
heç olmasa birini ələyib ələkdən keçirmək
lazımdır ki, eyforik özünəvurğunluq aşkar
olsun, kimsə nəsə bir mətləb hasil eləsin.
Mənə gəlincə,
“Göləqarğısancan”dan bir mətləbi qandım. Ən
yeni ədəbiyyat Aqşinin karikatur obrazları yox, min illərlə
yaşı olan canlı insan və onun təbii
ağrıları olan yerdədir. O yerdə ki, insan qəlbinin
sarı siminə toxunan heç nə yoxdur, orda sadəcə
yazmaq xatirinə yazmaq və adını “ən yeni ədəbiyyat”
qoymaq var. Aqşinin 258 səhifəlik romanında mənə
toxunan bircə cümlə oldu, onun öz atasının məzarı
başında durub fikrindən keçirdiyi cümlə: “Ruhun
şad olsun, ata! Artıq qəbirdəsən, vətənin ən
təhlükəsiz yerində”. Bu iki səhifəlik məqalədə
isə, olsun ki, Aqşinə toxunan çox şeylər
olacaq, amma harasına, bax, bunu bilmirəm...
Əsəd CAHANGİR
525-ci qəzet.- 2010.- 4 sentyabr.- S. 24.