Yay
Şəhər elə görsənir elə bil təbiətə
vurğun birinin bağıdır. Qulluqlu, səliqəli,
baxımlı botanika bağındasan elə
bil. Təmizlikdən küçəyə
zibil atmaq heç kimin ağlına
da gəlməz. Ortalıqda rus kişiləri görsənmir. Qadınsa
istənilən işdə rastına çıxır. Avropa mədəniyyətindən, hətta
şərq mədəniyyətindən tam
uzaq, tam fərqli bir yerdir. Hətta deyim ki, bizə daha yaxın bir kultla qarşılaşdım.
Qadın bütün çirkli
işlərdə var. Unitaz yumaqdan araba daşıyaraq
küçədə alver etməyə qədər.
İşgüzar və zəhmətkeşdir. Əgər
Avropa otellərində xadimə qadın çox az görəcəksizsə,
burda kişi görməzsiniz. Burda kişi ümumiyyətlə, görmək çox çətindir. Orda
masajist qadından “sizin
kişilər hardadır? ” soruşdum. Dedi ki, hamısı bir yerə yığışıb “araq içir” yəqin. Və
güldük. Ancaq
görəndə də “aman, nə
yakışıklıdır” düşünürsən.
İdmançıdır elə bil
hamısı. Hamısı da Putinə
oxşayır. Onun kimi
qıvraq, onun kimi sütunludurlar. Qamətli, dümdüz,
çevikdirlər. Qadınlarsa bizim
kişiləri görəndə yanında qadın var-yoxdur, fərq etmir, göz-qaş edirlər. Bizim
kişilər də əlbəttə ki,
hayıl-mayıl olurlar arıq,
idmançı bədənli, ucaboy, səmimi
rus qadınına. Eynən bizim qadınlar kimi
evcanlı, ailəcanlıdırlar. İşgüzardılar,
biş-düşü sevəndirlər. Kişi işlərinə əlləri
yatır. Bircə fərq var. Onlar ailə qurandan sonra da qadındırlar.
Yenə baxımlı, yenə sirli, yenə
arıq... O qədər zövq aldım ki, orda. Sakitlikdir.
Hamı ürəyində danışır. Azərbaycanlılar
çoxdur. Və alan-satan
hamı bizim dili
öyrənməyə çalışır. Çünki çörəyi azərbaycanlılardan
çıxır. Küçədə bərkdən
danışan adama, özünü
pis aparan,
ağzını ayırıb arxanca baxan birinə rast gəlsən,
matın-mutun quruyar. Şəhər bizim teatrlardan sakitdir. Operettada da olduq – “Jizel”
də. Baleti acgözlüklə izləyirdi
tamaşaçı. Neçə dəfə alqışla geri qaytardı balerinləri. Ayağa
qalxdı, “bravo” qışqırdı,
yerindən tərpənmədi, özünə gəlmədi
gedənədək. Başı şlyapalı, əli yelpikli, əyni fraklı tamaşaçı
getmək bilmirdi. 18-19 cu
əsrdə bildim özümü...
Kurort şəhər olduğu
üçün qoca-cavan
hamı özünə sevgili tapır. Bir də görürsən 70 yaşlı
qadın 80 yaşlı kişiylə sanatoriyanın həyətində
öpüşür. Onları kimsə görmür. Hamı öz
işiylədir. Sevgi duyulur
hər yerdə... Parklarda cavan
ailələrə baxmaqdan doymurdum.
5-6 qadın kalyaskaları yan-yana düzüb tum
çırtlamır. Qadın kişi və
cocuqlarla dincəlib gəzişir. Şirin-şirin söhbətləşir. Düzü adamın paxıllığı tutur. Özünü
dağıdıb yerə çırpan uşaq
da görmədim. Uşaqların elə
duruşları var sanki
böyüyüb sonra
balacalaşıblar. Ağıllı-ağıllı
danışır, başlarından böyük
suallar verirlər. Bütün
bunların fonunda rus
qadını mənimçün yenidən
açıldı. Və niyə bütün
dünya erkəkləri onlar
üçün ölür
– onu anladım. Çox
baxımlıdılar, çoox. Özlərinə
güvənləri var. Bir
rəqs edirlər ki, gəl görəsən.
Quş kimi uçurlar. Nə kişini
sevməyə, nə də ondan
ayrılmağa qorxurlar. Xırdaçı
deyillər. Aciz deyillər. Cəsarətlidirlər.
Azaddırlar. Yalançı və saxtakar
da deyillər. Üstlərinə
qır-qızıl taxışdırıb gəzmirlər. Hər
geyimlərinə uyğun bəzək əşyaları
olur. Və bunun qiyməti
onlar üçün
əsas deyil. Zövqlüdürlər. Ən
kökü də, ən arığı da özünə yaraşanı bilir. Saçları qaydasında, əlləri
baxımlı. Su masajı edən
qadının dırnaqlarının uzunluğunu
və manikürünü görəndə
şoka düşdüm.
Saç, dırnaq və aksesuar
onlar üçün
çox önəmlidir.
Qoçaqdılar, olduqca
qoçaqdılar. Və bu detallar mənə qədim türk
qadınını xatırladırdı. O zamanlar
ki, slavyanlarla türklər
dağlarda, yamaclarda,
çöllükdə bir arada yaşayırdılar, onların ortaq çox şeyləri
yarandı. Dildə eyni köklü
sözlər, qadınlarda cəsarət, kişilərin erkək
şirliyi. Şir ailəsində
dişi cocuqlara
baxır, erkəksə ailənin sərhədini qoruyur. Qayıtdım. Orayla doluydum. Face-də dostuma yazdım ki, ordan bir
reportaj hazırlayacam.
Sonra da Novxanıya bağa getdim. Və dənizə üz tutduq bir neçə
gün sonra. Bütün xoş təəssüratlarım
alt-üst oldu. Novxanı çimərliyinə baxınca
Yessentuki-zad yadımnan
çıxdı. Həyatınızda zibillik görməmisiz, əgər Novxanı çimərliyində olmamısızsa.
Sahilboyu zibil təpələri, boş
şüşələr, sok-mok
qabları... Qarpız qabıqları da
heç, o day qaydadır.
Adamın dili tutulur dəhşətdən. Fikirləşdim ki, yaxşı ki Essentukidəki tanışları bağımıza
qonaq dəvət etmədim. Gəlsəydilər, mütləq dənizə
getməli olacaqdıq.
Biabır edəcəkdim özümü
də, ölkəmi də. Novxanı bəysiz dərədir...
Maraqlandım, məlum oldu ki, burda ümumiyyətlə,
zibillik sistemi yoxdur. Bağlarda və evlərdə
yaşayanlar zibillərini
daşıyıb özləri
ilə şəhərə
gətirirlər. Heç orta
oxul da yox
imiş. Təzəcə tikilibmiş. Bakının ağzındaca bir kənddə oxul yoxmuş. Nələr
varmış dünyada...
Zibillik sistemi deyəsən işə
start verir. Onu daha bilmirəm.
Gözümlə gördüyümdən və eşitdiyimnən deyirəm. Və ən maraqlısı
budur ki, əziz oxucu, bir çox yüksək vəzifəli
adamların Novxanıda
bağı var. Başqa
bağlarda evlərdə
zibillik olmayıb zibil olsa da,
onların bağlarının
yan-yörəsi hər
gün təmizlənir,
gül kimidir. Şəhərdən birbaşa evlərinə
ayrıca su-mu kanalı da çəkilib. Evlərinin
qabağına yaxşıca
yol çəkilib, daha nələr çəkilir və çəkiləcək, kim bilir. Ancaq Novxanıda illərdir nə məktəb var, nə zibillik... Vəzifəliləri də qoyaq kənara. Bu Novxanı deyilən kəndin yiyəsi zadı yoxdurmu görən? Sahildə bir
boş yer tapılmır. Hərə bir
zontiki quma basdırıb öz obyekti elan edib.
Sahil başdan-başa arendaya verilib. Yiyəsi yoxdurmu bu sahilin? Adamı yoxdurmu bu yerlərin? Arenda da 3-dən, 5-dən deyil, əməlli puldur. Zibil ya dənizə,
ya sahilinə atılır. Üstəgəl
Sumqayıtın kanalizasiyası...
İyrənc kafelər yan-yana
düzülüb. Natəmizlik, çirkab. Dənizə gələn kiminsə
obyektində oturmağa
məcburdur. Masa almağa,
sifariş verməyə
məcburdur. Masalar pulludur.
İstədin-istəmədin alıb oturmalısan.
Arendator pulunu çıxarmalıdır.
İyrənc stəkanlarda qaynamış
çay içməlisən.
Saqqız kimi ətdən
alaçiy kabab yeməlisən. Bilmirsən bu
qədər obyektin suyu varmı? Yumağa imkanı varmı? Ayaqyolu da ayıb olmasın
qazılır. Dənizin kənarı
başdan-başa qazılmış
tualetdir. Hələ qazılmamış
tualetləri demirəm.
Gecə,
görməsən ayağın
pisliyə batır.
Nə deyim, Novxanı çimərliyini tərənnüm
etməyə söz yetmir. Ordan dilxor-dilxor qayıtdım
Bakıya. Gələn kimi
dostum soruşdu ki, niyə yazmadın
Yessentukidən. Dedim, Novxanıdan
gəlirəm qanım
qaradır. Xeyli güldü. Ancaq mən gülmədim.
Belə gözəl bir yerdə Dağların arasında, Xəzərin sahilində, çayların
əhatəsində yaşayasan.
Yarımadan olsun, neftin olsun, ağıllı başların olsun, üstəlik dahilərin-filanın,
ancaq pislikdən çıxmayasan. Heyrətdir...
Ötən il
Nabrana getmişdik. Eyni durumdur. Zir-zibil baş alıb
gedir. Adamın ürəyi ağrıyır
torpağa. Vətən yazıq
neyləsin? Ölkədə adamnan çox obyekt var. Cürbəcür
BECH-lər tikilib qurtarmaq bilmir. Hamısının da tullantısı
Xəzərə axır.
Əlimiz də dilimiz
də qabar oldu yazmaqdan, danışmaqdan. Meşələr nə gündə. Yollar nə gündə. Nabranda bir yer
var – “Dostluq Sanatoriyası ”. Yazıq öyrətmənləri dincəlmək üçün
ora göndərirlər.
İti bağlasan qalmaz orda. Sovetdən qalma taxta komalar dağılmaq üzrədir, nə hamamı, nə tualeti var. Cücü-mücü,
bit- birə basıb hər yanını.
Azərbaycanın öyrətməni orda dincəlir. Bu nədir, niyə
belədir? Öyrədənin nə maaşı, nə imkanı, nə əlaqələri yol verir ki,
yaxşı yerdə yay keçirsin. Göndəriş də “Dostluğa”dır.
Öyrətmən də
yaxşı öyrətsin!
Bizsə
basa-basa Yessentukiyə,
Antalyaya, Havaya gedirik dincəlməyə.
Oranı
tərifləyirik, bəyənirik.
Azərbaycanın gözəl yerləri
isə harın və acgözlərin ucbatından çirkaba bürünüb.
Aysel ƏLİZADƏ
525-ci qəzet.-
2010.- 4 sentyabr.- S.22.