Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

2-ci KİTAB

 

BALKANLARDA

 

Bu günki teleqramlardan anlaşıldığına görə Balkanlarda işlər mühüm bir halə girir. Əvvəla şayani-əhəmiyyət burasıdır ki, bolqarlar Rusiya dövlətinin notasına rədd cavab verib, bununla Rusiya dövləti ilə əlaqələrini kəsməgə qərar qoyubdurlar. Şübhəsizdir ki, Rusiya dövləti öz notasına cavab şafi almadıqdan sonra öz səfirini və konsullarını Bolqariyadan geri çağırıb münasibəti-siyasiyyəsini kəsəcəkdir. Böylə olan surətdə Bolqariya Rusiya dövləti ilə müharibə halında olacaqdır. Demək olar ki, Bolqariya Osmanlı dövlətindən ayrılıb müstəqil bir dövlət olandan bəri-bu birinci kərədir ki, Bolqariya öz xilaskarı olan Rusiyaya qarşı müharibə tədarükünə girir. Aşkardır ki, işin bu surəti Rusiyada bolqarlara qarşı böyük bir narazılığa səbəb olub, bolqarların bu əməli ruslar tərəfindən xəyanət ədd ediləcəkdir.

Fransa ilə İngiltərənin öz müttəfiqləri Rusiyaya, Bolqariyaya nota vermələri xəbəri hələ ki, yoxdur. Lakin bu gün böylə xəbər var ki, Bolqariya paytaxtı olan Sofiyadakı Fransa və ingilis səfirlərinə dövlətləri tərəfindən əmr olunmuşdur ki, onlar dəxi orada rus səfirinin tədabirinə şərik olsunlar.

Digər tərəfdən əhvalatı daha pərişan edən bir şey varsa, o da yunan baş vəziri Venezulisin istefasıdır. İş bundadır ki, müsyo Venezulis həmişə etilafi-mürəbbe tərəfdarı olub alman və Avstriyaya qarşı hərəkətlərdə bulunmağı öz dövləti üçün məsləhət bilibdi. Müharibə başlandıqdan sonra yunan kralı ilə Venezulis arasında ixtilaf əmələ gəlib. Venezulis bu məsələ üstündə istefa verdi. Lakin bu son günlərdə yunan kralı Konstantin ki Almaniya padşahı Vilhemin qaynıdır, xəstəlikdən şəfayab olub Venezulisi genə baş vəzirligə çağırdı.

İndi Bolqariyanın xüruci və bu xürucin də Serbistan və Sirbistan ilə bərabər etilafi-mürəbbe dövlətlərinə qarşı olduğundan dolayı Serbistan ilə əhdnaməsi olan yunan dövlətinin nə sayaq rəftarda bulunduğu məsələ araya düşüb, qəzetələr xəbər verdilər ki, yunan kralı ilə Venezulis arasında ittihad əmələ gəlib, Yunan dövləti Serbiyaya kömək edəcəkdir.

Bədə yunanın Bolqariyadan sonra səfərbərlik elanı bu xəbəri təsdiq və təbid etdi, xəbərlər gəldi ki, etilafi-mürəbbe dövlətlərindən İngiltərə ilə Fransa Serbiyanı bolqarlardan qorumaq və kömək etmək üçün yunan toprağından, yəni Səlanik şəhərindən qoşun çıxartmaq istiyorlar. Bu isə, əlbəttə, yunanın bitərəfligini pozur. Əlbəttə, əgər yunanlar birkərəlik Serbiyanı etilafi-mürəbbe dövlətləri tərəfdarı oluram-deyib, bu qərarı elan etsə idi: müttəfiqlərə Serbiyaya keçmək üçün yer verərdi. Görünür bu məsələ üstündədir ki, Almaniya ilə qohumluğu olan yunan kralı Konstantin ilə baş vəzir Venezulis arasında genə tazədən nifaq düşüb, baş vəzir istehfa verməgə məcbur olubdur.

Bu isə, bunun Serbiyaya kömək edə biləcəginə işarə kimi bir şeydir. Təəccüb burasıdır ki, Serbiyaya kömək edəcəgi gözlənilən Rusiya bugünkü teleqrafdan anlaşıldığına görə Bolqariyaya söz veribdir ki, bitərəf duracaqdır. Deməli, bu gün Bolqariya Serbistan üzərinə müharibə açsa, yunan və Rumıniyadan kömək gözləmək işi naməlum bir halda qalır. Böylə olan surətdə Serbiya nə kömək gözlərsə, etilafi-mürəbbe dövlətlərindən gözləyə bilər. Bu dövlətlərin isə Serbiya tərəfə bir yolları varsa, o da yunandan keçməkdir. Əlbəttə, Almaniya dövləti Belçikanın bitərəfligini pozub oradan keçmək kimi vəsilələrə əl qatdıqda etilafi-mürəbbe dövlətləri dəxi yunandan keçə bilərlər. Lakin bu halda yunan nə edərə O da Belçika kimi işə mane olmağa başlarmı; yoxsa başlamaz-burası gələcəkdə aşkar olacaq məsələdir. Daha bu saət Balkan işindən baş açmaq çox çətindir. Əmri-vaqeələr iqrar etməkdən başqa qabaqda nələr olacağı demək və ya fərz etmək çox müşküldür. Burası şübhəsizdir ki, əgər Rumıniya və yunan Serbistana kömək etməsələr, o halda etilafi-mürəbbe dövlətləri öz müttəfiqləri olan Serbiyanı bir tərəfdən Avstriya, digər tərəfdən Almaniya və üçüncü tərəfdən dəxi Bolqariya hücumuna qarşı yalnız başına qoymağa razı olmayacaqdırlar.

Bolqariyanın dəxi səfərbərlikdən əsl məqsədi “müsəlləh bitərəflik” olmuyub, məhz Serbiya ilə müharibə olduğu aşkara çıxdı. Odur ki, bugünkü xəbərlərdən görünür ki, Bolqariya Serbistana ultimatum veribdir ki, Bolqariyanın iddia etdigi yerləri Serbiya versin və bu ultimatumun cavabına bir gün gecə vəqt verilibdir.

Üzeyir

“Yeni İqbal”, 25 sentyabr 1915,

¹ 127

etilafi-mürəbbe-həmrəy dördlük

xüruc- qarşı çıxma

şafi – qənaətləndirici

 

PARLAQ ÜMİDLƏR

 

Veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin vürudi münasibətilə yazmış olduğumuz məqalədə izhar etmişdik ki, tazə canişinimizin vürudi ilə şikəstəxatir olmuş Qafqaz müsəlmanlarının ümidləri artıb gələcəyə xoş nəzərlə baxılacaqdır.

Veliki knyazın ilk görüşündə müsəlman nümayəndələrinə qarşı göstərmiş olduqları hüsnu-təvəccöh və qazi cənablarının xoşamədisinə cavabən irad etmiş olduqları sözlər ümidlərimizi daha da artırıb, qəlbimizi xoşhal ediyor.

Veliki knyaz Nikolay Nikolayeviç həzrətləri qazi cənablarına cavabən bu sözləri irad etmişlərdir: “təbrikati-dua və sənalara qarşı dərin təşəkküratımı müsəlmanlara yetiriniz. Müsəlmanların mənafei mənim qəlbimə yavuqdur. Onların ehtiyacatını rəf etmək üçün gücüm olduğu qədər iş görəcəyəm”.

Ölkəmizin idarəsinin ixtiyarına verilmiş həzrəti-alinin əvvəl görüşdə müsəlmanlara qarşı göstərmiş olduğu bu iltifat və hüsn-təvəccöh bizim üçün parlaq ümidlər törədir. İndi bu qədər etibar və etina olunmaz bir halda qalıb, bütün hüsnümüz, bütün ruhumuz sıxıntı içində ikən, bundan sonra biz də öz varlığımızı bildirməgə və biz də Qafqaz əhli olduğumuzu aşkar etməgə ümidvar oluruq. “Başıqapazlı müsəlman” adı üstümüzdən götürülüb sözümüzü yerinə yetirməgə, ürəgimizin dərdini açmağa, ehtiyacatımızı bildirməgə canişin həzrətləri yanına yolumuz və ixtiyarımız olacağına ümid edirik. Qafqaz müsəlmanları sair Qafqaz millətləri arasında bizim başıaşağılığımıza səbəb olan fərq və təfavüt qoyulmayacağına ümid edirik. “Vəhşi müsəlman” adını bir kərəlik hər kəsə unutdurmaq üçün qaili-mədəniyyət və tərəqqi olacağımızı isbatə yolumuz və imkanımız olacağına ümid edirik.

Veliki knyaz Nikolayeviç həzrətlərinin xoş olduğu qədər də qiymətli olan bu sözləri bizə parlaq ümidlər verməklə bərabər, azürdə xatirimizi də təskin edib, qabaqlarda həqqimizdə rəva görülmüş hər bir böhtan və suyi-zənnlərin boş və bimənaligi isbat edilmiş olduğunu da bildiriyor. Veliki knyazın xoşamədisinə böyük və mənidar bir məqalə dərc etmiş olan “Zakavkazski reç” qəzetəsi bizim keçən məqalədəki fikrimizi daha müfəssəl bir surətdə bəyan edib əzcümlə diyor ki: “Qafqazın tazə canişini olan veliki knyaz Nikolay Nikolayeviçin vürudi ölkəmizdəki gürcülərlə bərabər müsəlmanların qəlbində böyük və səmimi bir şadlıq əmələ gətirəcəkdir... Bu şadlıq səmimidir: çünki, istər gürcülər, istər müsəlmanlar lap əmindirlər ki, tazə canişin dövründə bir millətin o biri millətdən seçilməsi və qeyrilərinə nisbətən, mümtaz bir mövqeə qondarılması işi daha olmayacaqdır”. Bədə yenə haman “Gürcü” imzası ilə yazılmış məqalədə deyilir ki: “Qafqazın gürcüləri və müsəlmanları bilirlər ki, bu saət meydana çıxıb islahat tələb etmək vəqti degildir... Lakin gözlədikləri odur ki, bütün Qafqazda yaşayan millətlərə bir tərzlə baxılsın”.

Bizim də dedigimiz odur ki, indiyə qədər kənarda qalmış olan müsəlmanlar da bir kərəlik qabağa çəkilib sairlər kimi bir cərgədə dursunlar ki, bugün islahat zamanı yetişdikdə onlar da gözdə və nəzərdə olsunlar.

Veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin bu sözlərindən sonra işlərin böylə olacağına əminik və son dərəcə mütəşəkkirik. Biz də ehtiyacatımız yolunda veliki knyaz kibi ali bir zatın vargücü ilə iş görməginə layiq olduğumuzu isbata çalışarıq.

Üzeyir

“Yeni iqbal”, 25 sentyabr 1915,

¹ 127

suyi-zənn – pis xəyal, bədgümanlıq

xoşamədi – xoşa gəlmə

azürdə – qəmli, incimiş

durbin- uzaqgörən

 

ORDAN-BURDAN

 

Bu nədəndir ki, bizim bayramlar ikiləşib, birisi bir gün və o biri də onun səhərisi olur?

Bunun adına nə deməli? Və bunun mənası nədir?

Belə görünür ki, təqvimlərimiz düz degildir.

Məsələn, keçən rəmazan bayramı mən bir şəhərdə idim ki, əhalisinin çoxusu oruc tutan və namaz qılan olub-bir kəlmə müsəlmandırlar.

Lakin iş böylə oldu:

Əvvəla niyyət günü şəhərdə ki müsəlmanların bir yarısının ağzı bağlı və bir yarısının da ağzı açıq oldu. Bir yarısı diyordu ki, niyyət bu gündür.

O biri yarısı diyordu ki, xeyra, sabahdır.

O idi ki, bayram günü dəxi cəmaətin bir yarısı ağzı bağlı və bir yarısı ağzı açıq olub, oruc yiyənlər diyordular ki, bayram bu gündür.

Oruc tutanlar diyordular ki, xeyr sabahdır. Onlar diyordular ki, siz bayram günü oruc tutub haram iş görürsünüz. Bunlar diyordular ki, xeyr siz orucunuzu yeyib günah edirsiniz.

İndi qurban bayramı gəlir. Bizim təqvimlərə baxsan-qurban bayramı oktyabr ayının yeddisinə düşür.

Halbuki, Orenburq məhkəmeyi-şəriəsi öz dairələrində ki, mollalara xəbər veribdir ki, qurban bayramı oktyabrın altısındadır.

Doğrudur, iki gün bir-birinin dalınca kabab yemək pis şey degildir. Lakin iş tək bir kababda degildir.

İş bundadır ki, axı bu nə üçün belə olur?

Əlbəttə təqvimlərimiz düz degildir.

Hamı bilir ki, bizim ay-qəməridir. Yəni bizim hesabladığımız aylar gögdə çıxan ayın dövranına tabedir.

Ay ki, doğdu-bizim ayımızın əvvəlidir.

Ay ki, bir günlük oldu-bizim ayımızın biridir.

İki günlük oldu-ikisidir.

Üç günlük oldu-üçüdür. Ta gedir çıxır igirmi doqquza və ya otuza.

Belə olan surətdə madam ki, əlimizdə gögdəki ay kimi böyük dəlilimiz var, o halda nədəndir ki, bu gün və o biri yaramaz, sabah bayram edir.

Bu təqvimləri bir kərəlik ay ilə düzəltmək çətindirmi ki, bu gün müsəlmanların bayramıdır dedikdə, məlum olsun ki, Məşhədi Kərim də bayram edir, Təxvətillin Abiz də!

Daha aya ki, heç kəsin bir sözü olmaz!..

Yoxsa bir fərqi qəsdən belə eləməgin özgə bir mənası var ki, bizim əqlimiz o yerəcən çatmıyor?..

Onu bilmiyoram! Amma bilsə idim bəd olmazdı ...

Filankəs

“Yeni iqbal”, 27 sentyabr 1915, ¹ 128

 

ORDAN –BURDAN

 

Dunən “Bəsirət” qəzetəsində bir giley oxudum ki, guya qəzetələrimiz oz əhval və guzəranəməzdan hec zad yazmıyıb elə iyza muharibə, iyza müharibə və siyasi məqalələr...

Yaxşı?, oz əhval və guzəranımızdan nə yazaq?

Allaha sukur, nəyimiz əskikdir; nəyimiz yoxdur?

Hara əl aparsan – hər şeyimiz oz yerində cağbacağ: hər işimiz oz yerində, yarlı- yaraşıqları düzəlmiş; hər məsələmiz muzakirəyə qoyulub birkərəlik həll olunmuş...

Daha nəyimizdən yazaq, nədən şikayət edək?

Qoy o barədə ermənilər yazsın, ermənilər şikayət eləsin ki...

O cürə yazəb şikayət edə-edə axırda oz milli məktəb və milli kəlisa işlərini istədikləri kimi yoluna qoyub. Indi də sair dərdləri xüsusunda yazıb şikayət edirlər.

Bizə nə olub, Allaha şükür?

Nəyimiz əskikdir? Nəyimiz yoxdur?

Qoy o barədə gürcülər yazsınlar ki, onların dərdləri, ehtiyacları vardır; işləri-gücləri vardır. Din, məktəb, yer-torraq, bag, rəiyyət – qərəz min cürə məsələləri vardır ki, həlli ustundə calışmaq lazımdır!

Bizim nəyimiz var ki? Bizə nə düşübdür ki, elə şeyləri yazaq ki, cəmaət də oxumasın və desin ki, qəzetənizdə “interestni” şey yoxdur?

Erməniyə, gürcüyə baxmıyın, bizim işimiz özgə cürdür.

Biz hamımız – istər qəzetə yazan olsun, istər qəzetə oxuyan olsun – bir səliqə ilə böyümüşük ki, gözümüzü açıb qoç dögüşdürmək, it boguşdurmaq, xoruz vuruşdurmaq, adam güləşdirmək kimi şeylərə adətkərdə olub, onun üçün də dava xəbərlərini çox sevərik.

Əvvəla, necə ki, yuxarıda ərz elədim, hec bir dərdimiz, ehtiyacımız yoxdur. Və saniyən bu cürə “interestni” məqamda kimin yadına dərd düşür?

Rus-Almaniya və Avstriya ilə; Almaniya və Avstriya – Serbiya ilə; Serbiya – Bolqariya ilə; Bolqariya – ingilis və firəng ilə; İngilis və firəng Osmanlı ilə; Osmanlı-rus ilə dava edib vuruşdugu zamanda, biz gərək hər bir şeyi yaddan çıxarıb, məhz dava xəbərlərinə baxaq. Bu cürə tamaşanı görən adam da desən nə yada sala bilər?

Və bir də sən elə güman edirsən ki, daha bizdən başqa davadan yazan yoxdurmu? Yəni elə güman edirsən ki, erməni qəzetələri, gürcü qəzetələri davadan hec zad yazmıyorlar? Əlbəttə, yazırlar! Ancaq o bizim borcumuz degil ki, dava xəbərlərinin də axırına öz dərdimizi calamaq. Və dava işlərinə də öz ehtiyacımızın ceşməgi ilə baxaq!

Bizimki məhz təmaşayi-bimüzd və qərəzdir...

Hansı müsəlmandır ki, buyurub döşünə dögsün və desin ki, mən bazardan qatıq alıb evə aparırkən yolda qoç dögüşdürüldügünü görüb dayanmadım. Çünki fikrimə gəldi ki, o da dolma seviyor, əvvəla!

Və saniyən genə təkrar edirəm. Axı bizim nə dərdimiz var ki? Nə ehtiyacımız var ki? Hər şeyimiz öz yerində düz...

Allaha şükür, nə olub ki?

Və qəzetəçilərin burada nə təqsiri vardır?

Lap nahaq gileydir ki, edirlər!

Filankəs

“Yeni İqbal”, 28 sentyabr 1915, ¹ 129

iyza – əziyyət vermə

bimüzd- muzdsuz

 

ORDAN-BURDAN

 

– Bolqariyanın qoşunu çoxdur; saldatları artıq dərəcədə igiddirlər; komandanları tədbir biləndirlər. Top və tüfəngləri boldur...

Bunu mən demirəm, “Russkoye slovo” qəzetəsində bir nəfər adam var ki, dava işlərindən yaxşı başı çıxır, bu sözləri o diyor – idi. 1912- ci ildə, Balkan davasında... dili ağzına sığmıyordu.

– Bolqariyanın qoşunu azdır, saldatları yaramazdırlar; komandanları işgörən degildirlər. Topu və tüfəngi azdır...

Bunu da mən demirəm, “Russkoye slovo” qəzetəsində bir nəfər adam var ki, dava işlərindən yaxşı başı çıxır. Bu sözləri o diyor ...

Mixaylovski – (o adamın adı Mixaylovskidir) vətənə mənfəət yetirmək ucun xəlqi qarıxdırmasa yaxşı olardı. Onsuz da ara cox qatışıqdır. Onsuz da hərənin ağzından bir söz çıxır; onsuz da sözlərin dalını-qabağını başa düşən azdır.

Almanlar işin həqiqətini bilmək üçün min cürə hiylə ilə hər yerə casuslar dağıdıb düşmənlərinin güclü və zəif yerlərini bilmək istiyorlar. Mixaylovskilər isə məzmunsuz məqalələri ilə bizi qarıxdırırlar...

 

lll

 

– Ay bacı, de görək evinizdə neçə adam vardır. Gərək onların hamısı dəftərə yazılsın!

– Bıy, başıma xeyr! Yəqin bizdən saldat yığacaqdırlar ki, adamlarımızı soruşurlar!

A qız, Həsənin adını vermə; Hüseynin də adını demə, Əlini yada salma, denən ki, bir qoca kişimiz var, ikicə də arvadıq...

 

lll

 

– Ay əmi! De görək evinizdə neçə adam vardır. Gərək onların hamısı dəftərə yazılsın!

– Ya həqq! Yəqin hərəmizdən pul yığacaqdırlar, qoy Məhəmmədin adını demiyim, Cəfəri gizlədim; Vəlini bildirmiyim, deyim ki, bir mənəm, bir də arvadımdır.

 

lll

 

Qafqaz musəlmanlarının sayı bu növ ilə yığılıb, hesablanıb “Kafkazski kalendar”ın içində dərc olunubdur. On musəlman əvəzinə beşi göstərilib, axırda məlum olubdur ki, guya Qafqaz ölkəsində cəmi- cümlətani üç milyon yarım müsəlman varmış...

“Kafkazski teleqraf “ qəzetəsi də bu hesaba baxıb Hacı Zeynalabdin Tağıyev cənablarına diyor ki: Bəs sən namestnik ilə görüşərkən diyordun ki, Qafqazda altı milyon müsəlman var! Hanı? Bu hesab, bu da kitab!

Təəccüb burasıdır ki, müsəlmanların sayından söhbət düşən kimi “Baku” və “Kafkazski teleqraf” qəzetələrinin həmişə qıdıgı tutur! Hələ keçənlərdə “Baku” qəzetəsi şəhərimizdəki müsəlmanların yarısını “yemişdi”. Yaxşı ki, “Kaspi” qəzetəsi üstə çıxıb qoymadı!

 

Hər halda təkə-təklikdə Qafqaz müsəlmanları o biri millətlərin hamısından çoxdur. Nə olar? Qoy çox olsun! Daha burada qıdıq tutmaq və ya alaçıq tutmaqla musəlmanların sayı əskilməz ki!

Filankəs

“Yeni İqbal”, 29 sentyabr 1915, ¹ 130

 

BOLQARISTANIN CAVABI ƏTRAFINDA

 

Rusiyanın Bolqariya hökumətinə verdigi ultimatumuna qarşı hökuməti-məzkurənin cavabı dünki teleqraf xəbərlərində nəşr olunmuşdur. Bolqar hökuməti bu cavabilə Rusiyanın ultimatumda bəyan etdigi tələblərini rədd edir və bundan böylə gərək Rusiya və gərək sair müttəfiqlərlə Bolqariya arası açılmış, yəni diplomasi münasibat kəsilmiş oluyor. Çünki, Rusiya ultimatumunda əgər Bolqar cavabı qənaətbəxş olmasa, o halda Rusiyanın Sofiya səfiri geri çağrılacağı və binaənəleyhə müttəfiqlərlə Bolqariya arasında münasibat kəsiləcəgi bəyan olunmuş idi. Həm vaqeə böylə də oldu. Bolqar hökumətinin verdiyi cavab qənaətbəxş olmadığından, gərək Rusiya və gərək digər müttəfiqlər Bolqariyadan diplomasi nümayəndələrini (elçilərini) geri çağırdılar və bu surətlə münasibati-siyasiyi kəsmiş oldular. Buna görə Bolqar hökuməti bu gün müttəfiqlərlə hərb halında bulunur- demək mümkündür.

Bolqar hökumətinin bu kibi vəziyyət alması müttəfiqlərcə qeyri təbii olduğundan, bu dəfə bütün mətbuat şu məsələyi mütaliə etməklə məşğuldurlar. Bu cümlədən keçən nömrədə Bolqarıstan əhvalını əskəri cəhətdən mütaleə edən “R.V.” qəzetəsinin bu dəfə məsələnin siyasi cəhətləri həqqindəki məqaləsini əhəmiyyətinə görə nəql ediyoruz.

Məzkur qəzetə Bolqarıstanın bu kibi siyasət keçirməsindən baltəbii son dərəcə mütəəssir olaraq şu surətlə bəyani-əfkar ediyor:

“... Demək ki, bu günə qədər “ana ilə qız” adlanan bu iki məmləkət, indidən etibarən “müharib halında” bulunuyorlar. Buna bənzər bir hal daha dünyada yoxdur. Almaniya ilə İtaliyanın bu günki münasibətləri əsla və qətən bu halə bənzəməz.

Bolqarıstan bu gün-yarın Serbistana saldıracaq və onun bu hərəkətilə Rusiya ilə Bolqariya arasında da elani-hərb edilmiş olacaqdır. Bolqariya artıq özünün mövqeini təyin etdi və fəqət-layəttəğəyyər olaraq təyin etdi, yəni getdi baş yazısını (müqəddəratını) əbədi olaraq “ya ölüm, ya dirim” –deyərək Alman-Avstriya-Macar-Türk müqəddəratilə bağladı.

Binaənəleyhə slavlığın can düşməni olan bu heyətlə əl-ələ verib slav aləminə qarşı “ölüm –dirim” vuruşmasına girişmiş oldu. İndii Berlində nəhayətsiz fərəh və sürur hökmfərmadır. Orada şəşəəli şənliklər yapılıyor, gurultular qoparılıyor. Fiəlhəqiqə Alman diplomatları üçün şənliklər, şadmanlıqlar yapmağa yeri də vardır. Onlar Bolqarıstanı fəta-layəttəğəyyər təbii bir cəhətə çəkməgə müvəffəq olduqları ilə iftixar edə bilərlər. Çünki dünyada insanlığa və “insan” sözünə inanan heç kəs daha ümid edə bilməzdi ki, insanı bu kibi müdhiş xəyanətə sövq eləmək mümkün olsun. Fəqət Vilhelm ətrafında olan “insansevməz” adamlar bunu da yapa biliyorlarmış...

Əfkari-ümumiyyədə bu səbəblə qoyulmuş olan və ğələyan və həyəcanlar, bir daha digər tərəfdən Yunanıstan xəbərləri ilə qaynayıb qabarmış oldu. Oradan yunan baş vəkili Venezilosun istefa verdigi bildirilmişdir. Halbuki, hələ ancaq dünəndir ki, yunan xələfi, yunan məmləkəti Venezilos lisanı ilə kəndisinin Serbiyaya sədaqətli olduğunu bildirmiş və 1913 sənəsində əqd olunan serb-yunan müahidəsi ilə hərəkət edəcəyini cahana elan eləmişdi. Fəqət bir həftə keçər-keçməz bütün bu qərarlar, millət məclisində baş vəkil dili ilə bəyan olunan şu qərarlar, dərhal dəgişmiş oluyor; Venezilos iş başından çəkilərək əhvali- bəhram kəsb ediyor. Görünür ki, yunan başqa, kral Konstantin dəxi başqa bir şeydirlər. Çünki kral müşariley bir kərə Venezilosa millət məclisində məzkur fikiri, məzkur qərarı bəyan etməgə müsaidə vermiş idi; amma nə oldu ki, ertəsi gün Venezilos həzrətlərini çağırıb kəndisinin artıq bu siyasətə təhəmmül edəmiyəcəgini və binaənileyh bu siyasət gedişini istəmədigini bildirdi. Buna cavabən Venezilos da əldə olan son çarəyə təvəssül etməgə, yəni dərhal istefa verməklə iş başından çəkilməgə məcbur oldu. Bu səbəblə Berlin təkrar şənlik ediyor, şadmanlıqlar, şadmani-nümayişlər ediyor. Çünki birincidən pək az yüngül olan bu ikinci xəyanət Berlinin pək xoşuna gediyor.

Halbuki, Rusiya dövləti Bolqar həyatında, Bolqar tarixi-müqəddəRatında nə kibi rol oynamış isə, İngiltərə və Fransa dövlətləri də yunan həyatında o kibi rol oynamışdırlar. Həm Rusiyanın özü də Yunanıstandan şükrani- nemət gözləməklə Fransa ilə İngiltərədən az həqli degildir. Fəqət bunun yerinə ancaq nankorluq (nəməkbəhəramlıq) baş göstəriyor ... Görünür ki, nemsə tilsim və əfsunu bunlara şiddətlə təsir etmişdir. Bundan ötrü afinalılar (Yunanıstanın paytaxt adamları, yəni hökumət başında olanlar deməkdir) müttəfiqlərin Balkandakı işlərini qarışdırmaq istiyorlar ki, bu səbəblə Berlindəkilər (nemsələr) zəhərli şadlıq qəhqəhəsi ilə ortalığı vəlvələdar eyləsinlər.

Əlbəttə həqiqət halda xain olanlar hənuz bolqar xəlqi ilə yunan xəlqi degil, yalnız onların hökmdarı olan kral Ferdinandla kral Konstantindir. Onların məhafilində həmdəm olan ərkani-hərb olan əfradıdır. Bunların xəyanəti də hər şeydən əqdəm kəndilərini hökumət başına çağırmış olan millətlərə xəyanət etməkdən ibarət qalır.

Əgər bədbəxt bu millətlər kəndi hökmdarları və onların həmdəmləri tərəfindən çövrilən şu siyasət dəllallarına qarşı bir şey yapmağa qadir olmasalar, o halda müttəfiq dövlətlər də meydanda olan əhvala görə hərəkət etməgə məcbur qalacaqlardır.

Yunanıstanda əhval hənuz qətiyyət kəsb etməmiş kibidir; bəlkə yunan kralı hənuz alman əfsunundan başını xilas etməgə və Bizans təxtinə oturmaq xəyalından ayılmağa qadirdir. Çünki müttəfiqlər yunan səvahilini yalnız böylə işlər ilə, kralın təməəsi aclıqdan ölmək qorkusuna məruz qalacaqdır”.

“Yeni İqbal”, 30 sentyabr 1915, ¹ 131

Üzeyir HACIBƏYLİ

 

 

Hüseynov Şirməmməd

 

525-ci qəzet.- 2010.- 4 sentyabr.- S.20.