Biri var idi, Biri yox idi...
Və mənim
bir babam var idi.
Ermənilər Vedibasarda
qırğınlar törədəndə camaatla bir yerdə
Arazı o taya keçməli, ara sakitləşəndə
doğma yerlərə qaytmalı, keçən əsrin 30- cu
illərində mahiyyətini yaxşı bilmədiyi kolxozda
işləməli olmuşdu. Çox qoçaq qadın olan nənəm
Balaxanımla evlənəndən sonra çoxlu
uşaqları olmuşdu: Ələmqulu, Qulu, Dürrü, Əfruz,
Suca... Niyə çoxlu deyirəm, ona görə
ki, bəziləri də doğulub uşaqkən
ölmüşdülər.
Babam tək bu
sahədə yox, təsərrüfatda da çox qabiliyyətli
imiş, özü dam tikib ailəni içinə
yığmış, təsərrüfatda
çalışmış və o qədər hörmət
qazanmış ki, savadsızlığın ləğvi hərəkatı
zamanı rayondan kəndə göndərilən yeganə əlifba
kitabını mükafat kimi ona vermişlər. Ancaq “qolçomaq”ların –
“köhnə dünya”nın üzvü tərkib
hissəsi olan babam ağsaqqalların, birinci növbədə
məşhur Kərbəlayi İsmayılın təsiri ilə
qərara alır ki, Şura hökumətinin kitabını
oxumasın.
Ahıl vaxtlarında
soruşurdum ki, baba, niyə oxumaq istəmirdin, hərfləri
niyə öyrənmədin?.. Deyirdi ki, ağsaqqallarımız məsləhət
gördü ki, bu hökumətin kitabını oxumaq olmaz.
Köhnə kitablarda Allahdan, Qurandan
yazırdılar, indiki kitablarda yazırlar ki, “at ot yedi”, nə
bilim, “it ət yedi”.
Yüksək “dilçilik təfəkkürü”
olan babam başlayır ona əlifbadan dərs deyən müəllimə
kələk gəlməyə...
– Əziz, bax
bu, “a”dı, “a” de görüm.
– A.
– Bu da “tı”dı, de
görüm.
– Tı
– Hə, nə oldu?
– Atı.
– “Atı” yox,
“at”.
Müəllim “at” deyir, babam
“atı”... Kişinin kitabını alıb
verirlər bir başqasına. O zalım da bir- iki aya
yazı- pozunu öyrənib olur kolxoz sədri, babamı da
göndərir ən ağır işlərə.
Səhv elədiyini
gec də olsa anlayan, yeni hökumətin düşmənlərinin
qoparağının götürüldüyünü görən
babam əvvəlki qərarını dəyişib
övladlarını oxumağa məcbur edir.
Müharibəyə gedib, bir
qolunu itirib geri qayıtdıqdan bir neçə il sonra deportasiya olunur. Ailəsi
ilə “Vedinin yanı dağlar”dan Salyanın ilan mələyən
çöllərinə sürülür, oradan da
Ağstafaya qaçırlar.
Yenidən ev-
eşik qurmalı, yetkinlik yaşına çatmış
övladlarına təhsil verməli olur... Əmimlə atam
M.C.Bağırov adına Qazax ikiillik
müəllimlər institutunu qurtardıqdan sonra Qiyabi Pedaqoji
İnstitutda təhsil ala- ala İsmayıllı rayonunun
dağ kəndlərində müəllim işləyirlər.
Hər ikisi Azərbaycan dili və ədəbiyyat
müəllimi olublar. Ancaq maraqlıdır ki, yerli dili –
Lahıc dilini nə əmim, nə atam yox, ali
təhsili olmayan anam öyrənmişdi.
Ana babam yadıma gəlmir,
deyirdilər ki, partkom olub, çox sərt,
söyüşcül bir kişi imiş,
yadda o qalıb. Bir də Stalinə dəyişməz məhəbbəti
olduğunu ondan bilirəm ki, kənddə kolxoz
dağılıb sovxoza çevriləndə “kişi”nin idarədəki çərçivəli
iri şəklini, büstünü atmağa qoymamış,
evə gətirmişdi. Nənəm hərdən söylənirdi
ki, idarə pozulanda rəhbər işçilər evlərinə
stol, stul, pərdə gətirdilər. Bu rəhmətlik də “buları”, “öyə bir şey
gətirən döydü. Deyəndə də
deerdi, hökümətin malını yiməy olmaz. Elə
bil hökümət bunaja qalmışdı”...
Stalinə məhəbbət,
partiyaya, dövlətə sədaqət hara, söyüş
hara?..
Ona görə
düşünürəm ki, onun da yaxşı dil
inersiyası varmış... “Gəlmə” nəvə hərdən
“yerli” nənəmgilə gedərdim.. Və mənim leksikonumda “babagil”, yəni ata tərəf;
bir də “nənəgil”, yəni ana tərəf vardı.
Çünki “yerli” babamla “gəlmə” nənəm
tez rəhmətə getmişdilər.
Babamgildə
qaldığımıza görə özümü “gəlmə”
sayırdım. Hərdən nənəmgilə gedəndə
mənim – təcəzə dil açmış
uşağın “gələcəm”, “gedəcəm” deməyinə
gülürdülər. Və mənə
“irəvanlı” deyirdilər.
Artıq “irəvanlılaşmış”
kəsəmənli anam bir dəfə məni anası gilə
göndərib dedi ki, get nənəndən “nimdəri” al gətir.
Getdim, həyət qapısını açıb
qışqırdım: “Nənə, nimdəri ver...” Zərnişan
nənə səsimə aynabəndə çıxıb
yalvardı, “gəl, gəl, görüm nədi” dedi. Mən məsul
bir iş dalınca göndərilmiş adam
kimi yerindən tərpənmədən “nimdəri ver!” deyib
durdum. Rəhmətlik nə istədiyimi başa düşmədiyindən
geri çevrilib evdəkilərə səsləndi: “Gəlin
görün bu irəvanlı nə deyir”. Onlar
da başa düşmədi. Əlacım
kəsildi. İçəri girib iri bir
döşəkçənin qulağından
yapışıb eşiyə sürüməyə
başladım. Gülüşdülər.
Gördüm ki, döşəkçəni
apara bilməyəcəyəm, üç- dörd
yaşım vardı, həm də gülürlər... Atıb getdim. Nənəm dalımca gəlib
anamdan soruşdu ki, bu nəyə gəlmişdi?..
Nəsə deyirdi, bilmədik...
“Poliqlot” anam “gəlmə” ləhcədən
“yerli” ləhcəyə keçdi: “Aaz, ana, döşəkçeyi
isterdik dana”. Nənəm hirsləndi:
– Adam kimi istiyə
bilmerdinizmi? – dedi.
...Babamın təkidi ilə
oxusalar da, əmim də, atam da ana dilini, ədəbiyyatı
çox gözəl bilirdilər. Xüsusilə atam... Gözəl
şeirlər yazırdı... “Koroğlu”
dastanını, M.P.Vaqifi, Aşıq Ələsgəri dərindən
bilirdi. Kiyevdə əsgərlikdə olanda evə
şeirlə məktublar yazarmış... İyirmi-
otuz ildir ki, bu şeirləri çap etdirmək istəyirəm,
ancaq hər dəfə saralmış vərəqlərə
baxanda düşünürəm ki, əgər atam çap
elətdirməyibsə, deməli, lazım deyil.
...Bir dəfə
böyük yazıçımız İsmayıl
Şıxlı əlyazmalarını mənə vermişdi.
Məşhur “Cəbhə gündəlikləri” də orada
idi, gənclikdə yazdığı romantik şeirlər də...
Familim Şıxlıdı,
adım İsmayıl,
Haradasan, yatmış
baxtım, tez ayıl...
...Tədqiqatçı
marağı güc gəldi, özü ilə məsləhətləşmədən
şeirlərini yığıb mənasız bir qəzetdə
kiçik ön sözlə çap etdirdim. 80- ci illərin sonu 90- cı illərin əvvəlləri
idi. Həmin mənasız qəzetin mənasız redaktoru
hörmət qazanmaq üçün bu barədə
İsmayıl müəllimə xəbər vermişdi...
Böyük yazıçımız mənə zəng edib əvvəl
əlyazmalarını istədi, sonra da dedi ki, mən o
şeirləri çap etdirəsi olsaydım, qırx il bundan qabaq etdirərdim...
Deməli, lazım
deyilmiş... Və deməli, lazım deyil.
Atam Qulu müəllim əlifbanı
mənə beş yaşımda öyrətdi.
“Koroğlu” kitabının 50- ci illər nəşrini oxuda-
oxuda... Əvvəl bir qolun məzmununu
danışırdı, şeirləri əzbər deyirdi,
sonra həmin qolu oxudurdu. Mən bilirdim ki,
bu səhifədən o səhifəyə qədər nə
yazılıb, ancaq hərflər tez- tez yadımdan
çıxdığına görə konkret olaraq nəyin
harada yazıldığını
çaşdırırdım. Ancaq bu
çox çəkmədi.
...Bir dəfə anam gəldi
ki, yenicə tikilməkdə olan yarımçıq tikilinin-
təzə evimizin kölgəsinə kilim sərib atamla
oturmuşuq, ağır işdən sonra mən “Koroğlu ilə
Kürdoğlunun qolu”nu oxuyuram; o yerdəyik ki, Kürdoğlu
Koroğlunu iki dəfə yıxıb, indi ata
tanımadığı oğlunu məcbur edir ki, onunla
üçüncü dəfə güləşsin... Gözümün yaşı kitabın səhifələrinə
tökülürdü, ancaq davam eləyirdim. Anam əlindəki
çaydanı yerə qoyub gülə- gülə:
Sizə nə olub, niyə
ağlaşırsız,- deyəndə
başımı qaldırdım, gördüm ki, atam da əməlli-
başlı ağlayır.
Və mən məzmundan
mətnə, mətndən məzmuna rahat keçməyin
inersiyasını “Koroğlu”dan (və atamdan!) öyrəndim.
...Bizim geniş ailədə
hamı danışardı – “yerili”lər də, “gəlmələr”
də... Hərə öz “dili”ndə... Baş
vermiş əhvalatları elə danışardılar ki, həmin
əhvalatların özünün bu qədər təsiri, əhəmiyyəti
yox idi. Danışa- danışa sevinər, fəxr edər,
yaxud kədərlənərdilər; halbuki haqqında
danışdıqları əhvalatlar baş verəndə
heç bunun yarısı qədər də həyacanlanmamışdılar...
Eyni hadisənin şahidi olmuş adamlardan biri o
birinin sözünü kəsib “elə olmamışdı,
dayan mən deyim” deyib məharətini işə salar, daha məharətli
birisi meydana çıxana qədər davam edərdi.
Heç kim heç kimə “sən
yaxşı deyə bilmirsən” demirdi, sadəcə “sən
bilmirsən” deyirdilər.
...Babam eyvandakı taxtın
üstündə oturub Vedidə keçirdiyi günləri,
dağları, meşələri, bulaqları yadına
salıb hərdən bir pəsdən nə isə
oxuyardı. Qızları- gəlinləri
xısın- xısın gülüşərdilər.
Çünki qızları o yerlərdə ikən uşaq
olmuşdular, yadlarında az şey
qalmışdı, gəlinlər isə o yerləri
ümumiyyətlə görməmişdilər.
Böyüklərə qulaq
asa- asa uşaqlar da böyük- böyük
danışdılar... Bir dəfə evimizin
kiçiyi Aslan haqqında xəbər gəldi ki, siqaret
çəkib. Bu çox böyük qəbahət
idi. Uşağı “məhkəmə”yə
çəkdik. Adam danlamaqda usta olan əmim söhbəti
çox uzaqdan başladı: “Oğul, sən indidən tərbiyəsiz
bir yol tutmusan, belə getsə... Bax sənin baban papiros çəkməyib,
atan çəkməyib, mən çəkməmişəm,
böyük qardaşın çəkmir...” Bir az fikirləşib təəssüflə “bircə
nənən çəkirdi, o da...” deyə rəhmətlik
anasına haqq qazandırmaq istəyəndə danlanmaqdan
pörtmüş uşaq cəsarətli bir təmkinlə: “Əmi,
hamınız babamın yolunu davam etdirirsiz, çəkmirsiz;
mən nənəmin yolunu davam etdirib çəkəcəm”
– dedi. Əmi gördü ki, onun sadəlövh
məntiqi şüşə parçası kimi daşa dəyib
çilik- çilik oldu. Və təcrübəli
yuxarı sinif müəllimi aşağı sinif şagirdinə
– qardaşı oğluna baxıb kövrələndə Aslan
“əmi, elə- belə şey idi, narahat olma, daha çəkən
deyiləm” dedi.
Babam nəvələrinə
“Nizami kişi!
Şahin kişi! Daşdəmir kişi!..” deyə müraciət edərdi. Ən
kiçiyimizə də “Aslan kişi!” deyərdi... Bizim də
kişi olmaqdan başqa çərəmz
qalmırdı.
Orta məktəb
müəllimlərimiz, nə qədər bilikli olsalar da,
yerli dialektdə danışardılar. Hətta
yadımdadır ki, rus dili müəllimimiz imla deyəndə əvvəl
mətnə baxıb “Minqeçaur”, sonra təkrar eləyəndə
“Mingəçöür” deyirdi. Və müəllimin
günahı ucbatından səhv yazıb aşağı qiymət
alan uşaqlar etiraz edəndə heç nə
olmamış kimi hələ bir hirslənirdi ki, “əvvəl
necə deyirəm, çalışın elə yazın, dala
qalmayın”... Ancaq bu “yerli nitq mühiti” o qədər
təbii idi ki, Bakıdan yeni gəlmiş müəllimlərin
(onlar da kənddən getmişdilər) ədəbi tələffüzünə
bir təhər baxırdıq. Və yavaş- yavaş
onlar da “düzəlirdilər”...
Orta məktəbin bir
qüsuru bu günə qədər qalır: “Azərbaycan
dili” dərsləri elə keçilir ki, şagirddə, məsələn,
ədəbiyyatçı, tarixçi, riyaziyyatçı,
fizik, kimyaçı.. təsəvvürü
yarandığı halda, dilçi təsəvvürü
yaranmır. Müəllimlər də elə
düşünürlər ki, orta məktəbdə
dilçilik elmi yox, dil öyrədilir; halbuki uşaqlar məktəbə
ana dilini öyrənib gəlirlər. Və
bu dil orta məktəbdə bütün fənlərdə mənimsənilməlidir.
Çünki təbiət elmlərinin öz dili, texniki elmlərin
öz dili, ictimai elmlərin öz dili, hətta dilləri
var...
Və təsadüfi
deyil ki, nitq hissələrinin, cümlə üzvlərinin tərifini
bilməyən, onları bir- birindən çətin
ayıran yazıçılar, jurnalistlər,
hüquqşünaslar... var ki, ana dilində çox gözəl
yazır və danışırlar. Elə dilçilərə
də rast gəlmək olar ki, bunları bildikləri halda belə
istedad sahibi deyillər.
Hər nə isə... Biri var idi, biri yox idi. Belə bir
kənd, belə bir ünsiyyət mühiti var idi.
Mən həmin kənddə
– Qazax (indiki Ağstafa) rayonunun Zəlimxan kəndində
“yerli” və “gəlmə”lərin “ziddiyyətli” dil- ünsiyyət
mühitində boya- başa çatdım. Ona
görə də düşünürəm ki, mənim dil təfəkkürümdə
müxtləif türk tayfa (və xalq!) dillərinin təbii
(və tarixi!) diferensiasiyası əks olunur.
...Və mənim bir babam var
idi. Onun otuz yaşlarında qəsdən səhv oxuduğu hərfləri
mən beş- altı yaşımda düz oxumalı oldum...
Nizami Cəfərov
525-ci qəzet.- 2010.- 4 sentyabr.- S.19.