Bir kəndin repressiya
mənzərələri: ağrılı faktlar,
acı həqiqətlər
Mustafa Ədil oğlunun
və erməni qəsbkarlarına qarşı
döyüşdə şəhid
olmuş tanınmış
göz həkimi Nizami Bəylər oğlunun işıqlı
xatirəsinə
(Əvvəli ötən şənbə sayımızda)
İstintaq materialları içərisində ən qarayaxan ifadələrdən biri də Xocavənd (o vaxt ki Martuni-B.Əziz) rayonunun Qarakənd kənd sakini Baqarşak Qriqoryeviçindir. “Sual: Mərzili Ədil Hacı Mustafa oğlunu tanıyırsınızmı?” Cavab: “Bəli, mən onu 1929-cu ildən tanıyıram. Mənim 40 qabanım (yəni donuz – B.Əziz) var idi. Ədilin qoyunları da Zəngəzur yaylaqlarına getməmişdi”. Sual: “Deyə bilərsinizmi, sizin 40 ədəd qabanınızdan başqa digər adamların da Ədildə qoyunu var idimi?” Cavab: “Ədilin öz sözlərinə görə, onda başqalarına məxsus olan 200 baş qoyun var idi. Bunu həmkəndliləri : 1) Cavad, 2) Allahverdi 3) Kərim təsdiq edə bilər”.
Dəyərli oxucu, göründüyü kimi bu, əslində, atası Hacı, sonuncu sevimli həyat yoldaşı – xanımı namazqılan, oructutan, özü mömin bir adam olan Ədil kişini milli-mənəvi dəyərlərə arxa çevirən bir şəxs kimi təqdim etmək məqsədi daşıyırdı.
18 sentyabr 1929-cu ildə 70 yaşlı Ədil Hacı Mustafa oğlu istintaq altında ifadə verir. (Əslində 52 olmalıdır. Nədənsə 1930-cu il istintaq materiallarında yaş məhz belə qeyd edilib – B.Əziz). O, irəli sürülən ittihamları, bütün çətinliklərə, təzyiqlərə baxmayaraq, rədd edir. “...Mən Sultan bəyi çoxdan tanıyıram. İrana qaçmasına qədər qoyunlarla yaylağa gedərkən və qışlağa qayıdarkən görüşdük. Onun qardaşı Müsavat dövründə Qarabağın baş qubernatoru təyin olunanda yaylaq icarəyə götürmək üçün onun yanına getmişəm. Mən yalnız şəxsən Xosrov bəyi və Sultan bəyi tanımışam. Digər qohumlarını tanımıram. Sultan bəyin İrana qaçmasından sonra qohumlarından heç kəsi görməmişəm və heç bir tapşırıq almamışam. Onun digər əlaqələri barədə də məlumatım yoxdur. Ancaq bilirəm ki, onun Qılıclıda (Kəlbəcər rayonu – B.Əziz) qohumları var. Ancaq bu qohumları ilə hər hansı bir əlaqəsinin olub-olmadığını bilmirəm... Rəcəb Hüseyn oğlu mənim qohumumdur və ümumi əmlakımız bölünən zaman onunla aramızda narazılıq yarandı”. Sonra bu narazılığın səbəbini izah edib, göstərir: “Mənim 12 nəfər ailəm var. Rəcəbgilin 4 nəfər. O istəyir ki, malı yarı bölək. Mən isə çoxailəli kimi buna razı olmadım... Mənim yanıma Salyan qəzasına, Hacı Əli Cəfər qışlağına 1928-ci ilin qışında silahlı atlılar gəldi. Bunu orada alan həmkəndlilərim – 24 evin hamısı təsdiq edə bilər. Mən qəti surətdə bildirirəm ki, 1927, 1928 və 1929-cu ildə İranda olmamışam. 1928-ci ildə Muğanda mənim evimdə banditlərdən Araz, Zili bəy Sultanov və Qarakişi adlı adamlar olmayıb və mən hətta onları üzdən tanımıram. Sultan bəy İrana qaçarkən mənə heç bir mal və ya saxlamağa qoyun verməyib. Mən 1926-cı ildə Sultan bəyə 200 baş qoyun satmamışam. Məndə olan “türk aynalısı”nın alınması belə olub. Bir neçə il bundan qabaq Qarabağın inzibati işçisi Camal Mirzəyev mənə “rus vintovkası” verdi. Bu vintovkanı qohumum Rəcəb Hüseyn oğlu “türk aynalısı” ilə bizim həmkəndlimiz Səlim Kərim oğlu ilə dəyişdi. Üstəlik ona 20 manat da verdi... Allahverdi, Süleyman Məşədi Abbas oğlu, Şöhlət Məmməd oğlu, Zeynalabdinə kasıb olduğu üçün ucuz qiymətə 4 qoyun verdilər. O, mənə Zili bəy haqqında heç nə demədi və mən da ondan heç nə soruşmadım. Mən Zeynalabdini keçmiş bir tacir kimi tanıyıram... Onun Sovet hakimiyyətinə düşmən münasibəti bəslədiyini də bilmirəm. Mən Yaylaq Komitəsinin sədri Bəhramı çoxdan tanıyıram. Aramızda düşmənçilik yoxdur. O, bir neçə dəfə yaylaqda bizə gəlib. Ancaq mən şəxsən ona və heç kimə heç bir vaxt bığını qırxmamaq haqqında məsləhət verməmişəm... Minkənddə (Laçın rayonu – B.Əziz) Bəhram mənə yaxınlaşıb 10 manat pul istədi. Üstümdə pul olsa da, vermədim. O isə bundan bərk dilxor oldu... Məni bu böhtanlara görə tutub sorğuya çəkdilər. Ağdam Siyasi İdarəsinin rəisi Qara İlyasov bu deyilənlərin mənə atılan böhtan olduğuna əmin olub, məni azad etdi”.
Beləliklə, ayıq Sovet çekistləri artıq “cinayətkarın bütün əməllərini” sübut edə bilmişdilər.
Ona görə Ədil Hacı Mustafa oğlu 8 fevral 1930-cu ildə Salyan qəzasının Hacı Mustafa qışlağında həbs edildi və həbsin səbəbi Azərbaycan DSİ-nin Şərq şöbəsinin rəisi Suxanovun imzası ilə tərtib edilən ittiham aktında belə göstərilir: “Vətəndaş Ədil yüzbaşı Hacı Mustafa oğlu Bayramov Sultan Sultanovla əlaqə saxlamaq və onun əmlakını gizlətməkdə ittiham olunur”.
Azərbaycan SSR DSİ 20 mart 1930-cu il tarixində bu qərarı təsdiq edib. “Hərtərəfli” araşdırılmış istintaq işinin yekun aktında deyilir: “Aydın olur ki, Sultanovun siyasi bandası Azərbaycan SSR-dən İrana qaçarkən müttəhimə saxlamaq üçün mal-mülk, o cümlədən xalça, qoyun və sairə verib. Ədil yüzbaşının həbsinə səbəb bu olub ki, o, həbs ərəfəsində mal-qarasını satıb İrana keçmək istəyirdi. İstintaq müəyyən etmişdir ki, Araz, Cümşüd, Qarakişi, Zili bəy Sultanov və başqaları doğrudan da onun evində gecələmiş, onları himayə etmiş, ərzaq vermiş, gecələmək üçün yer vermişdir. Bundan başqa müəyyənləşdirilmişdir ki, müttəhim siyasi mühacir Sultan bəy Sultanova məxsus 200-300 baş qoyunu saxlamaq üçün götürmüşdür. İstintaq zamanı müttəhim özünü günahkar saymadı və bildirdi ki, banditlərlə heç bir zaman əlaqə saxlamayıb, hətta onları üzdən belə tanımır. Həmçinin Sultan bəylə heç bir əlaqə saxlamadığını, ondan saxlamaq üçün mal-mülk almadığını söylədi. İşdə olan şahid ifadələrinə əsasən Ədil yüzbaşı banditlərlə əlaqə saxlamışdır. Ona görə ona Azərbaycan SSR C.M. 18/79-cu maddəsi tətbiq olunur”.
24 aprel 1930-cu ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası DSİ-nin Məhkəmə Kollegiyasının iclası işə baxır və Ədil kişiyə əmlakı müsadirə olunmaq və cəzasını Rusiyada çəkməklə 5 il həbs qərarı verir. Beləliklə, Sovet işğalı dövründə Ədil kişinin ilk uzunmüddətli həbsxana həyatı başlayır. Ancaq qurtarmır. Çünki qarşıdan hələ dəhşətli 37-ci il gəlirdi. 1935-ci ildə həbsdən qayıtdıqdan sonra hökumət orqanları Ədil kişini Beyləqan (o vaxtlar Jdanov adlanırdı) rayonunun Mil sovxozuna, pambıq yığımına, briqadir vəzifəsinə göndərir. O, burada kolxozda vicdanla işləməklə Sovet hakimiyyətinə “sədaqətini” sübut etməli idi. Və “etdi də”.
1937-ci ilin oktyabrın 3-də Ədil kişi yenidən həbs olunur. Ənənəvi olaraq ilkin dindirmədə o heç bir günahının olmadığını bildirir, irəli sürülən ittihamı rədd edir və müstəntiqi “artıq əziyyətə salır”. Və beləliklə, müstəntiq şahidləri dindirməyə başlayır, “tutarlı”, “təkzibedilməz” sübutlar toplayır. Belə tipik ifadələrdən birini müstəntiq 24 oktyabr 1937-ci ildə şahid Sərdarov Fətişdən alır... “Onu bir həmkəndli kimi tanıyıram. Çar hökuməti dövründə 7 il bizim kənddə kənd starşinası olub. Sovet hökuməti dövründə əksinqilabi fəaliyyətə görə kulak olub, səsdən məhrum edilib. Öz əqrabası ilə birlikdə (əslində digərlərinin də həbsi üçün zəmin hazırlanır – B.Əziz) 6 il sovxozda və kolxozda işləri pozub. Məsələn, mən Mil sovxozundan Mərziliyə getmək istəyirdim ki, arvadımı gətirim, pambıq yığımına kömək etsin. Amma o mənə maşın vermədi”. Beləliklə, pambıq yığımı “pozulub”. Digər ifadə və orada irəli sürülən ittiham həm ibrətamiz, həm də ikrahdoğurandır. Mil sovxozunda yaşayıb işləyən 25 yaşlı Zərifənin dediklərindən: “...1936-cı ildə Mil sovxozunda işləyərkən və pambıq yığarkən mən erməni Volodya ilə tanış oldum. Qərara gəldim ki, ona ərə gedim. Ədil yüzbaşı bunu eşidib mənə qəzəblə “nə üçün erməniyə ərə gedirsən” dedi. Mənə belə hərəkət etməmək göstərişini verib, “bu çox böyük günahdır” söylədi. Mən onun sözünə baxmadım və bir gün Volodyaya qoşulub onunla getdim. Amma... məni döydülər, Volodyanı öldürmək istədilər. Volodya öldürüləcəyindən qorxdu və sovxozdan getdi. Hara getdiyi məlum deyil. Bunun hamısını təşkil edən Ədil yüzbaşı idi”.
Digər bir şahid S.Abasqulu oğlu isə Ədil kişini iki kəndin adamlarını üz-üzə qoymaqda, ermənilərlə müsəlmanların yaxınlığına imkan verməməkdə ittiham edir: ”...1936-cı ildə mən Ədil yüzbaşı ilə birlikdə Mil sovxozunda işləyirdim. Orada həmçinin Martuni (indi Xocavənd – B.Əziz) Muğanlısından da adamlar var idi. Bir dəfə mən işə gələndə Muğanlı kəndinin sakinlərindən eşitdim ki, Bayramov Ədil işə yalnız mərzililəri göndərir, onları yox. Bu isə iki kəndin adamları arasında narazılıq yaradır”. Sonra o, “Zərifə məsələsi”ndə Ədil kişinin “günahlarını” sadalayır. Digər bir şahid Abışov Abış isə bildirir ki,”... o həmfikirləri ilə birlikdə kolxoza girməyib, antisovet təbliğat aparıb... Qohumları ilə birlikdə günü yaylaqlarda keçir. Öz mal-qarasını saxlayır. Camaatı kolxoza girməyə qoymur. Əhali içərisində böyük nüfuzu var. Kulaklarla əlaqə saxlayır... Sovet dövlətinə düşmən münasibət bəsləyir”.
İstintaq materialları arasında Ədil kişinin muzdlu əməkdən istifadə etdiyini və varlı kəndli olduğunu sübut etmək üçün əmlakı haqqında alınmış bir arayış da var.
29 oktyabr 1937-ci ildə müstəntiq növbəti dəfə Ədil kişini dindirir, ifadələrlə onun “ifşa olunduğunu” bildirir. Lakin o, növbəti dəfə heç bir günahının olmadığını deyir. Sual: “Nə vaxt və nəyə görə həbs edilmisiniz?” Cavab: “İki dəfə. 1929-cu ildə dini təbliğat aparmaqda ittiham edildim. 7 gün həbsdə qaldım. Sonra azad etdilər. 1930-cu ildə Salyan rayonunda qışlaqda həbs etdilər. Məni ittiham etdilər ki, guya İrana qaçmaq istəmişəm. Ona görə kollegiya mənə 5 il həbs verdi. Məni türmədən 1935-ci ildə vaxtından 3-4 ay əvvəl azad etdilər”. Sual: “İstintaq sübut etmişdir ki, siz 1936-cı ildə erməni Volodyanın və azərbaycanlı Zərifənin kütləvi şəkildə döyülməsini təşkil etmisiniz. Ona görə ki, erməni azərbaycanlı ilə evlənmək istəmişdir... Siz özünüzü millətçiliyi qızışdırmaqda günahkar bilirsinizmi?” Cavab: “Xeyr”. Sual: “İstintaq müəyyən etmişdir ki, Siz Sərdarov Fətişə arvadını kolxoza pambıq yığmağa gətirməyə icazə verməmisiniz. Bu isə pambıq yığımını pozmuşdur. Özünüzü günahkar bilirsiniz?” Cavab: “Xeyr”.
Şahidlərin bir qismi ilə üzləşdirmədən sonra 26 oktyabr 1937-də yekun ittiham aktı tərtib edilir.
Dəyərli oxucu! Yəqin ki, bu ittihamı oxuduqda səni də dəhşət bürüyər ki, Tanrının yaratdığı ali varlığı – insanı belə gülünc, cəfəng sözlərlə yaşamaqdan məhrum etmək olarmı?... “Antisovet əhval-ruhiyyəli, əksinqilabi fəaliyyətlə məşğul olmuş Bayramov Ədil Mustafa oğlu ittiham olunur:
a) onda ki, antikolxoz təbliğatı apararaq əmək intizamını pozmuş, işə çıxmamış, kolxoz quruculuğunu lağa qoymuşdur.
b) Sovxozda pambıq yığımına mane olaraq onu pozmuş və bu məqsədlə öz həmfikirlərini yaylağa göndərmişdir.
c) Bir ermənini kütləvi şəkildə döydürmüşdür. Ona görə ki, o, bir azərbaycanlı ilə evlənmək istəmişdir.
d) Müttəhimin evindən axtarış zamanı çar dövrünə aid 95 ədəd qızıl sikkə tapılmışdır.
e) Əksinqilabi fəaliyyətə görə həbs edilmiş keçmiş kulaklarla və digər bu cür adamlarla əlaqə saxlamışdır”.
Bütün bu ittihamlardan sonra 3 noyabr 1937-ci ildə Azərbaycan SSR XDİK üçlüyünün qərarı ilə Ədil kişiyə əmlakı müsadirə edilməklə güllələnmə cəzası verilir. Ancaq “ədalətli”, “humanist” sovet dövləti onun ailəsini nəinki bu barədə məlumatlandırmır, əksinə, bu zaman daha bir təəccüblü saxtakarlığa yol verirlər. İstintaq işində 29 noyabr 1937-ci il tarixdə DTİ-nin 10-cu şöbəsinin rəisi, DT leytenantı Suxanovun və 8-ci şöbənin rəisi, DT leytinantı Voqanın imzası ilə tərtib edilmiş arayışda qərarın yerinə yetirildiyi, yəni güllələndiyi göstərilsə də, ailəsinə Ədil kişinin 10 il iş aldığı bildirilmişdi. Bu işdə bir saxtakarlığa isə hətta Xruşşov “mülayimləşməsi” dövründə rast gəlinir. 1959-cu il dekabrın 1-də Bayramov Bayram Ədil oğlu dövlət orqanlarına yazdığı məktubda atasının günahsızlığı, onun həbs edildikdən sonrakı taleyi haqqında məlumatsız olmalarını bildirir və bu səbəbdən onun işinə yenidən obyektiv baxılmasını, bu barədə onlara məlumat verilməsini xahiş edir. 1960-cı il fevralın 25-də Azərbaycan SSR Ali Məhkəməsi 1937-ci ildə yerinə yetirilmiş güllələnmə işinə yenidən baxıb, Ədil kişiyə bəraət verir. Ən maraqlı saxtakarlıqlardan biri də elə bu mərhələdə baş verir:
Ağdam rayon milisinə və surəti Azərbaycan SSR DİN I xüsusi şöbəsinin rəisinə göndərilən məktubda yazılır ki, “1 May” kolxozunda yaşayan Bayramov Bayram Ədil oğluna bildirilsin ki, atası Bayramov Ədil yüzbaşı Mustafa oğlu 1937-ci ildə 10 il iş alıb və həbsdə olarkən 30 noyabr 1942-ci ildə mədə xərçəngindən ölüb”. Sonra isə Azərbaycan SSR DİN I xüsusi şöbəsinin rəisindən xahiş olunur ki, bu barədə Bayramov Ədil Mustafa oğlunun kartoçkasında lazımi qeydlər etsin.
1990-cı ilin dekabrında Azərbaycan SSR Ali Məhkəməsi Azərbaycan DSİ Məhkəmə kollegiyasının 05 aprel 1930-cu il və DSİ Məhkəmə kollegiyasının 24 aprel 1930-cu il tarixli qərarlarını da işdə cinayət tərkibi olmağı üçün ləğv edib.
Beləliklə, Ədil kişini
güllələməklə həyat yoldaşı
Dilşadı ərsiz, on nəfər
uşağı – altı oğlan, dörd qızı atasız qoyan
Sovet dövləti repressiyalar
hesabına daha da
“möhkəmləndi” və bu nəhəng
sistem dəhşətli 37-ci il repressiyasından 54 il
sonra çökdü.
Və bütün bunlar
tarixin insanlara növbəti
ibrət dərsi oldu.
Boran ƏZİZ,
tarix elmləri namizədi,
dosent
525-ci qəzet.-
2010.- 4 sentyabr.- S.18.