UNUTMAĞA KİMSƏ YOX...

 

III F ə s i l

 

Əvvəli ötən şənbə saylarımızda

 

F.Q.-NIN KƏNDƏ GƏLDIYI GÜNÜN SƏHƏRI

 

Hava burda şəhərdə olan kimi birdən işıqlanmadı, tədricən işıqlandı. Ətraf, səmanın qaranlığından sakit-sakit, yavaş-yavaş çıxdı. Dağ, yol, cığır, kənddəki orda-burda evlər görükməyə başladılar. Ulduzlar göyün təkinə çəkilmişdilər və hava sərinləmişdi (havada şax bir sərinlik vardı). F.Q. həyətə çıxan zaman hələ bir üşüyən kimi də oldu (əyninə bir şey almamışdı, alt köynəkdə idi, bircə şalvarını geymişdi), tez-tələsik cığırla ayaqyoluna tərəf getdi. Havadan yüz cür ətir gəlirdi, təzə günün başlanğıcında min il bundan əvvəl olan kimi balaca-balaca quşlar yenə də aramsız civildəməyə başladılar...

F.Q. getdiyi yerdən qayıdıb artırmaya çıxdı. Əsnəyib gərnəşə-gərnəşə Qarağaca tərəf göz gəzdirdi, yumruğu ilə sinəsinə döydü və təəccübləndi. Bəhram kişi artıq Balacanın altında idi; köynəyinin üstündən qolsuz kürkünü geymiş, alabəzək araxçınını başına qoymuş, samovarla əlləşirdi. Samovarın kömürü közərməyə başlayırdı, Bəhram kişi əyilib dibinə bir də üfürdü. Maqqaşla samovarın borusunu (dudkeşini) götürüb yerə qoydu, bu biri tərəfdən qəhvədana quru çay tökdü, üstünə artıq qaynayan sudan aldı, qəhvədanı təzədən samovarın təpəsinə qoydu, yerini düzəltdi, əli ilə belini tutub dikəldi, yenə də ucaboylu, yaraşıqlı kişiyə döndü. Hardan bildi, F.Q.-nin artırmada durub ona tamaşa etməsini – azacıq F.Q.-yə tərəf çevrilərək (bir gözü samovarda) gümrah bir səslə onu salamladı:

– Ay, sənin sabahın xeyir olsun. Necə yatdın?

– Sabahın xeyir, Bəhram dayı, yaxşı yatdım, çox yaxşı... Sağ ol.

Bəhram kişi çayın dəminə baxa-baxa məmnun halda başını tərpətdi:

– Soyuq vurar, balası, sabah-sabah hava burda hələ sərin olur. Əyninə bir şey al, bura gəl. Çayımızı elə burda içək. Nə deyirsən?!

F.Q. öz otağına keçib yol çantasını açdı. Üzqırxanı, darağı, odekalon şüşəsini diş pastasını və fırçasını çıxartdı. Ətrafa boylanıb çarpayının baş tərəfində dolab vardı, o dolaba bunları düzdü. Sonra pal-paltara, köynəyə, corablara baxdı: “Qoy elə çantada dursunlar”. Bircə cemperini çıxartdı. Köynəyinin üstdən bir onu geydi, “ağa deyir sür dərəyə, sür dərəyə!”, qara cemperdi, əyri qırmızı zolaqları vardı. Professoru xatırladı: “Oralar sərin olur, yay səni aldatmasın, əynini isti elə”.

Hava bir az da işıqlandı. Günəşin hənirtisi uzaqdan (üfüqdə, hələ ki, qızartı şəklində) gəlməyə başladı. Qarağacın qaranlığa qərq olmuş budaq və yarpaqlarının sirri elə qaranlığın özü kimi əriyib gedirdi. İşıq onların arasına girirdi. F.Q. Balacaya yaxınlaşanda Bəhram kişi artıq əski ilə Balacanın altındakı taxtın üstünü və mizi şehdən təmizləyib qurtardı:

– Otur, otur, silmişəm, qurudu.

Budaqlar yarpaq-yarpaq tərpəşdilər. F.Q. dünən gecəki yerinə keçib oturdu. Ləzzətlə əllərini açıb gərnəşdi.

– Kömək edim sənə? Mən də bir iş görüm... – Birdən anladı ki, bu axı düzgün deyil, Bəhram kişi ora-bura vurnuxur, o isə rahat-rahat oturub yemək, çay gözləyir. Anası belə vaxtlarda onun barəsində deyərdi: “ver yeyim, ört yatım, gözlə, canım çıxmasın”.

– Bəhram dayı!..

– Otur, sən otur, balası, sənlik bir iş yoxdu. Çay hazırdı, lavaşı sulamışam, pendir, yağ da... budu burda. Heç darıxma...

Hardansa əlini atıb (əslində, samovarın arxasından) içində yağı, pendiri bir qab çıxardı, mizin üstünə qoydu.

Yenə Professor gəldi düşdü F.Q.-nin yadına. F.Q. azacıq gülümsəyib yenə onu xatırladı: “Bu Bəhram kişi çox yaxşı adamdı, nə lazımdı edəcək, sənin heç nədən əziyyətin olmayacaq. Havası təmiz, buralara (Bakıya) bənzəməz, sakitlik, gözəl təbiət, bir də, ən əsası, oğul, sevdiyin iş... Daha nə istəmək olar Allahdan?”

Bəhram kişi gedib evdən yenə nə isə gətirib gəldi. Bir əlində masxoranın içində kəhrəba rəngində bal idi, o biri əlində isə yarıyaş dəsmalın arasındakı yuxa idi, bir qırağı görünürdü. Bəhram kişi balı gizli bir təmtəraqla mizə qoydu (toylarda plov gələn kimi) və dedi:

– Hə, indi başlamaq olar. Amma... bax, bəlkə sən səhər-səhər nəsə başqa bir yeməyə alışmısan? – Bəhram kişi həqiqi bir narahatçılıqla soruşdu.

– Yox, Bəhram dayı, sən nə danışırsan, bundan gözəl nola bilər?! Bunlar şəhərdə tapılmır. Hər şey təptəzə, hələ balın qoxusuna bax. Bəhram dayı, mən birinci dəfədi görürəm ki, balın qoxusu var.

Bal, doğrudan da, Bəhram kişinin qonaq-qara qarşısında əsas qüruru idi.

– Bu balı hər səhər yeyəcəksən (bilinmədi təklif edir, yoxsa təkid), heç bir xəstəlik səni tapmaz, öz balımdı, istəyirsən pətəyini göstərim?! Pendiri də özüm tutmuşam. Keçi pendiridi. Dadına hökmən bax. – Bəhram kişi səliqə ilə böyük stəkanlara çayları süzdü, qəhdqabını F.Q.-yə tərəf sürüşdürdü. – Çayını şirin elə.

Təmiz dağ havası səhər yeməyinin belə ləzzətli olmasının bəlkə də ən vacib şərti idi. “Hava... havası buranın müsibətdi”. F.Q. qəribə, özünə də tanış olmayan bir iştahla səhər yeməyinə girişmədimi, girişdi. Yağı bala, balı yuxaya, üstündən də bu dadlı pendir... Hətta şirin çayın belə bu Qarağacın altında şirinliyi bir başqa idi.

F.Q. yedikcə doymurdu, “görəsən şəhərdə adamın iştahı səhər-səhər niyə bağlanır?!” Ürəklə, iştahla yeyirdi. Ona nəvazişlə baxan Bəhram kişiyə bu lazım deyildimi, altdan-altdan onu süzür, məmnun-məmnun öz çayını içirdi.

– Bir stəkan da şirin çay içərsənmi? – Bəhram kişi soruşdu.

Yeməyi yeyib bitirirdilər. F.Q. son tikəsini (pendir içində yuxa idi) ağzında çeynəyə-çeynəyə:

– Sağ ol, – dedi və stəkanı bir kənara çəkdi. – Mən yox!

– O zaman acı çay iç. Balnan. Bilirsən nə xeyri var?!

– ...

– Hə, yox?

– Nə deyim?! Yarım stəkan...

Bəhram kişi stəkana yenə çay süzdü, bu dəfə bir az tünd elədi. Bunlar acı çayı içə-içə (şirin çaydan sonra acının da öz ləzzəti olurmuş) gördülər ki, günəş artıq yarıyacan özü-özünü doğub, işığını, istisini, bu gün onlara daha tez göndərmək istəyir: “İsti olacaq, yandıracaq...”

– Yerin, deyirsən, narahat deyildi? – Bəhram kişi baldan qaşıqlayıb bir daha soruşdu:

– Yox, lap əla idi.

– Səhər tezdən durmaq adətindi? Mən dedim, yorğunsan, hələ yatassan.

– Yox, mən elə şəhərdə də, yorğun oldum, olmadım, tezdən dururam.

Bəhram kişi razılıqla başını tərpətdi:

– Deyir, gecənin xeyrindən, səhərin şəri yaxşıdı.

– Hə, elədi... Bəhram dayı, mağara burdan çox uzaqdı? – F.Q. Vəng dağına tərəf baxdı və dilinin ucunda hərlənən sualı, nəhayət ki, verdi.

– Yox, çox uzaq deyil, bax, o cığırı görürsən, yanına aparır. – Bəhram kişi əlini uzadıb həyət boyunca bayır tərəfdən üzüyuxarı gedən (Vəng dağına qalxan) cığırı F.Q.-yə göstərdi, – görürsən?

Bəhram kişinin göstərdiyi cığır həyətin yanından keçir, burulub-düzəlib daşların, kol-kosların arasıyla, təxminən, iyirmi metrə yolu yuxarıya – dağa qalxıb, sonra sola, Quzğun dimdiyinə sarı dönürdü, dönən kimi də yox olurdu.

– Nədi, tələsirsən? – deyə Bəhram kişi sınayırmış kimi, amma F.Q.-dən cavab gözləmədən, soruşdu, sonra arxayın-arxayın, – tələsmə... – dedi. – Hər şeyin öz vaxtı var.

F.Q. maraq və heyrətlə dağ tərəfdən gözünü çəkmir, ovsunlanmış kimi baxdıqca baxır, elə bil, gözü ilə cığıra düşüb üzü yuxarı o da dağ döşünə qalxırdı. Uzaqdan hiss olunmurdu, amma yoxuş çox ağır yoxuş idi, dik yoxuş idi.

– Bir dəfə məndən sizinkilər soruşdu ki, gecələr qulağımıza zarıltı səsi gəlir, bəlkə, pişikdi, ağlayır?! – Bəhram kişinin gözünün dibinə təbəssüm çökdü. – “Pişik ağlayır”. Dedim, a bala, burda həyət-bacada pişik nə gəzir, olsa-olsa, kiminsə evində olar, o da ki, ağlamaz. Qulağınıza səs gəlibsə, dağdan-daşdan gəlib, qurd-quş səsi olar...

Bəhram kişi gözaltı F.Q.-yə baxdı. “Bir şey bu da eşidib, yoxsa...”

F.Q., həqiqətən, Bəhram kişinin ürəyinə yatmışdı. “Oxusa da qoy bu oxusun. Nə olacaqsa onsuz da olasıdı. Əvvəl-axır bu yazını oxuyacaqlar. Qoy elə bu oxusun!”. Mağaranın ruhunun müdhiş səsi yenə qulağını deşdi: “Heç kim bura sən olmadan girə bilməz, heç kim! Yadında saxla! Naxışlara isə əl dəymək heç olmaz. Hamıya söylə. Əməl etməyən öləcək!”. Bu səsi xatırlayan Bəhram kişinin tükləri yenə biz-biz oldu, qanı az qaldı qaralsın. “Nə olacaqsa qoy olsun. Bircə əlini naxışlara sürtməsin, yetər. Özüm qoymanam. Vacib ki, deyil. Bunsuz da keçinər, oxuyacaqsa, oxuyacaq. Bircə tez olsun, axır ki, oxunsun bu yazı, hər şey bitsin”.

Bəhram kişi inanırdı ki, mağaranın ruhunun təhdidi elə-belədən deyil. Yox, ona görə yox ki, Qulamhüseyn müəllim əlini naxışlara vurandan sonra necə ki ruh demişdi, elə də oldu – dünyasını dəyişdi, qəfildən, bir gecənin içində. Bəhram kişini ruhun təhdidinə inanmağa məcbur edən, ruhun çıxardığı səs idi – bu səs müdhiş idi, vahiməli idi. Mağaranın ruhunun qandonduran, mis kimi cingiltili, hardan dolanıb gəldiyi bilinməyən bu vahiməli səsi Bəhram kişinin yadına düşəndə kefinə əməlli-başlı soğan doğrayırdılar.

F.Q., elə bil, Bəhram kişinin nə barədə düşündüyünü ürəyilə duydu:

– Sənin yadında olar, Cəfər müəllim vardı, ilk gələnlərdən idi, yazının şəklini kağıza köçürmüşdü, yadındadı? Qaraqabaq bir adam idi...

– Yadımdadı. Allah rəhmət eləsin. Professor ikinci dəfə gələndə danışdı mənə.

– Heç nədən getdi. Maşın düz evlərinin yanında vurdu onu. Yerə yıxılmağıyla ölməyi bir olmuşdu, rəhmətlik...

Bəhram kişi baxışlarını gizlətdi:

– Həyatdı...

Günəşin artıq isti şüaları Qarağacın yarpaq və budaqlarından sürüşə-sürüşə gəlib onların üzünə, başına toxunurdu. Yaşıl yarpaqların arasından süzülən işıq ordan-burdan ayna kimi göz qamaşdırırdı. Bəhram kişi üzünü F.Q.-yə tutdu:

– Mənim sənə deyəcəyim var. Gərək söz verəsən, dediyimə əməl edəcəksən.

– Əlbəttə, Bəhram dayı, heç şübhən olmasın. – F.Q. Bəhram kişinin səsindəki ciddiliyi duydu, özünü yığışdırdı: “Təki elə xahiş edəydi ki, yerinə yetirə biləydim, xəcalətli qalmayaydım...”

Bəhram kişi soruşmadan qalxıb özünə də, F.Q.-yə də çay süzdü. Qəlbinin dərinliyində isə yenə tərəddüd edirdi. “Deyim, ya deməyim? Əgər desəm, hər halda bunu bilsə, faydası var. Ehtiyatlı olar. Birdən sözümə gülsə? İnanmasa? Bu, inadcıldı, tərsliyi tutar, gedib bilərəkdən bircə-bircə naxışlara toxunar, “Bəhram dayı, sən dünyanın bu vaxtında belə şeylərə inanırsan?” (F.Q.-nin səsini Bəhram kişi az qala qulaqlarıyla eşitdi). Sonrası nə olacaq?! Bunun da başına bir iş gəlsə...” Bəhram kişini elə bil cərəyan vurdu, fikir onu apardı.

... F.Q. yataqda qızdırmadan yanırdı, sayıqlayırdı. Bəhram kişi yaş dəsmalı onun alnına sürtə-sürtə yanında aciz-aciz durub dayanmış Mübarizə pıçıldadı:

– Yox, Mübariz, bu xına o xınadan deyil. Demişdim axı tərsdi bu. Elə tərsliyindən əlini vuracaq. Şəhərə xəbər verə bilsəydik... Şiraz nə vaxt gələcək, itdi bu, batdı bu? Başqa vaxt...

Şiraz kəndin “həkimi” idi. Əslində, Şiraz həkim deyildi. Atası Seyid Cəfər məktəbdən sonra onu rayon mərkəzinə baytarlıq öyrənməyə göndərmişdi, amma nahaq yerə göndərmişdi, Şirazdan qoyuna, mala baxan çıxmadı, Şiraz həkimlik eşqilə yanırdı, kəndə rəsmən baytarlığa qayıdıb gəlsə də, özü-özünü həkim kimi aparır, hamının səhhətilə dönə-dönə maraqlanırdı. Camaatın əvvəl-əvvəl zəhləsini töksə də atası Seyidə görə (“Bir ağılsız övladım var, Allah bilən məsləhətdi...”) yavaş-yavaş hamı başladı bunun səhhətlə bağlı suallarına birtəhər cavablar verdi. Bir dəfə o, əlini aparıb başı nə vaxtdı bərk ağrıyan Allahverdi kişinin (kənd soveti sədrinin) alnına dayadı. Nə deyirsən, kişinin başağrısı keçmədimi, keçdi, gözlərinə işıq gəlmədimi, gəldi. İnandılar, elə bil, bir-birinə söz verib unutdular ki, Şiraz həkim deyil, baytardır. Başı ağrıyan da, qarnı ağrıyan da artıq (həkim!) Şirazı axtarıb tapırdı. Adını Şiraz “həkim” qoymuşdular. Həkim sözünü bəziləri istehza ilə deyirdi. Çoxu isə onu həqiqi “həkim” kimi qəbul etdi və bu adamların gözündə o, uşağın da, böyüyün də işinə yarayan əsl həkim oldu. İki il əvvəl, ( o ilin qışı çox ağır keçmişdi, neçə gün sərasər qar yağmışdı, kənd də, dağ da, dörd ətraf da az qala görükməz olmuşdu. Qışda şofer Həsrətin balaca uşağı az qala öləcəkdi, qızcığaz qızdırıb yorğan-döşəyə düşmüşdü və titrədikcə titrəyir, artıq sayıqlayırdı, özü də elə şeylər deyirdi ki, ömründə bu qızcığaz onları öz-özünə bilə bilməzdi. Şofer Həsrətin doqquz yaşlı bu balaca qızı Humay (haman Kəhrizli arxın kənarında qab yumağa gələn: “o adama deyin...” allı tuman geymiş qızlardan biri: (“Atam bu gün yeməyini evdə, hamımızla bir yerdə yeyəcək”) yerində özünü ora-bura vuraraq, Əryən kişiyə yalvara-yalvara qalmışdı “Əryən əmi, ay Əryən əmi, sən Allah, Seyidin nəzirini ver, qurban olum, Seyidin nəziri yadından çıxmasın...” Hamı evdəkilər çaşıb qalmamışdımı, çaşıb qalmışdı.

Şiraz “həkim” dizəcən qara bata-bata, üzü-gözü, əyni-başı qardan ağappaq, təngnəfəs gəlib şofer Həsrətgilə çıxdı. Hamının əl üzdüyü bu balaca qızı eləcə əli ilə (özü titrəyə-titrəyə onun alnına qoyub düz iki saat əlini çəkmədi) sağaltdı. Qızın titrəməsi hara getdi, heç kim bilmədi.

Əryən kişi kəndin o biri başında yaşayırdı, daha doğrusu, nə zamansa yaşayardı, çünki bəlkə on, bəlkə də on bir il əvvəl dünyasını dəyişmişdi (balaca Humay doğulduğu gün və ay), bəlkə onunçün onunla Seyidin arasındakı söhbət artıq kənddə az adama məlum idi, balaca Humay bunu heç bilə bilməzdi.

... Davadan sonra ilk illərdə isə hamı bundan danışırdı. Kənddə söhbətin canı bu idi. Əryən ağıllı-başlı müharibə iştirakçısı idi, davada olmuşdu. Amma dava qurtarandan sonra bir müddət gəlib kəndə çıxmadı, iki il keçdi, gərək ki, iki ildən sonra Əryən, nəhayət, geri döndü. Dediyinə görə onu Sibirə sürmüşdülər, dava qurtaran kimi qundaqlayıb birbaşa Sibirə – nədi, nədi, iki, ya üç ay nemes əsirliyində olub. Olub, olub da, qaçıb çanını da qurtarıb ki... gedib belorus partizanlarına qoşulub və davanın axırına qədər oralarda, o meşə sənin, bu meşə mənim, partizanlıq edib. Əryən gör bir necə partizanlıq edib ki, tutulandan sonra Sibirə Belorusiyadan məktublar (məktub məktub dalınca) getmişdi. Əryənin dava yoldaşları onun barəsində bir çox yerə, tək Sibirə yox, elə Moskvaya da kişi kimi çox yaxşı şeylər yazdılar və... nəhayət, nəticəsi bunun o oldu ki, iki ildən sonra... Əryəni dustaqdan buraxdılar. Hərbi kitabçasını da, medallarını da (üç-dörd medalı vardı), dustaq olanda ondan alınan xırda-para əşyalarını da, hamısını qaytardılar. Əryən təcili (bir neçə gün içində) qayıdıb kəndə gəldi. Üç gün evdən bayıra çıxmadı, hamının (ondan maraqlı dava söhbətlərini, davadan sonrakı macəralarını gözləyənlər) səbr kasası daşmağa hazır olanda Əryən əsl qəhrəmanlar kimi birdən-birə Radio meydanında peyda oldu, qarşısına çıxanla ədəb-ərkanla və mehribanlıqla görüşdü, həm dustaqdan qayıtması, həm də nişanlanması münasibətilə yaşlıdan-qocadan təbrik yığdı. Bir müddət (hadisənin məğzini öyrənənə qədər) kənddə xəbər gəzdi ki, Əryənin Belorusiyada arvad-uşağı qalıb, bu gün-sabah onlar da gələcək (məşhur falçı Pəri arvad belə deyirdi). Allahverdi kişi Əryənin atası idi. Kənd sovetinin sədri Allahverdi kişi yox, bu onun adaşı idi, özü də kəndin milisi idi, rayon mərkəzindən kəndə təhkim edilmişdi. Niyə – niyəsini heç kim bilmirdi, hamı onu əvvəl-əvvəl bivec, “ortada yeyib qıraqda gəzən” kimi tanıyırdı. Amma hamını mat qoyaraq Allahverdi kişi anadangəlmə axsaq ayağını çəkə-çəkə (elə adına da axsaq Allahverdi deyirdilər) Radio meydanındakı çayçıdan çıxıb aradan çıxmaq istəyən və axtarışda olan qaçaq Sultanın əyri-üyrü kənd yolu ilə qarşısına çıxıb əllərini burub tutmamışdımı, tutmuşdu və bu hadisə kəndin (kimi deyirdi – şərəfli, kimi deyirdi – ləkəli) tarixinə əbədilik yazılmışdı. Qaçaq Sultan müharibəyə çağırış olan kimi çəkilmişdi Vəng dağına, çobanlıq etdiyi dərəni, düzü bir-birinə vurub hamıdan gizlənə bilmişdi: “öldürməmişəm, bundan sonra da öldürməyəcəyəm. Mən adam öldürməyəcəyəm”. Radio meydanına isə axsaq Allahverdi tərəfindən tutulub gətiriləndən sonra (kəndin balaca uşaqları düşmüşdü bunların dalıyca, irəlidə axsaq Allahverdi kişi, ardınca qaçaq Sultan gedirdilər. Uşaqlar qışqırışırdı: “Qaçaq Sultan, qaçaq Sultan, məni də apar özünlə, ay qaçaq Sultan...”) Sultan orda olan üç-beş adama güclə macal tapıb deyirdi ki, başqa niyyətim yoxdu, adamlarçün darıxıb gəlmişdim, bir də Allahverdi kişi onu tutuqlayıb yük maşınının kuzovunda rayon mərkəzinə aparıb Vayenkoma təhvil verəndə zır-zır ağlamağını heç cür saxlaya bilməyən Sultanın cibindən bir ovuc qənd çıxdı, çayxanadan götürmüşdü. Nə oldu, nə olmadı, bilinmədi – bir daha heç kəs Sultandan heç bir xəbər almadı.

Falçı Pəri arvad bir gün Əryənin atasına dedi ki, qorxma, oğlun sağdı, amma dərin bir quyunun dibindədi. Artıq Əryəndən az qala əllərini üzməkdə olan ata-anası əlləri göydə qalır, Allaha dönə-dönə dualar edirlər. Və müharibə bitəndən xeyli (iki il) sonra Əryən, nəhayət ki, kəndə qayıdır. Müharibəni kənddə keçirən axsaq Allahverdi kişi oğlu Əryən qaranəfəs evə girib çamadanını yerə qoymamış onun o üzündən bu üzündən öpüb ağlamsınır, daha evdə durmayıb gedib elə həmən gün Əryənin elçiliyini edir. Qərəz... Əryən bir il sonra haman gülümsər Gülsümün (Müzəffər – “ Mənim onu xatırlamadığım vaxt olurmu?!”) atası oldu.

... Əryən əsir düşməyinin maraqlı bir tarixçəsi varmış. Günlərin bir günü göydən də, yerdən də od saçılırmış, sağ da, sol da məhv edilmiş dava yoldaşlarının cəsədi ilə dolu, onun özü isə dərin quyunun dibində (falçı Pəri arvad deyən kimi!), cəhənnəmin ən isti yerindəymiş. Bir onu bilir ki, gözünü yumub kəndlərində ağ saqqallı Seyid vardı – Seyid Cəfər, oğlu Şirazdan əvvəl kəndin həm həqiqi həkimi, həm bilicisi, həm də hər dərdə çarəsi idi. Ağır seyid sayılırdı, ona pənah gətirən heç zaman naümid, əlacsız geri dönməzdi. Qərəz, Əryən gözünü yumub bu müsibətin içində ürəyində Seyid Cəfərlə danışmağa başlayır:

– Ya Seyid, sənin o gözəl cəddinə qurban olum, ya Seyid... məni bu cəhənnəm odunun içindən diri çıxart, səndən başqa heç nə istəmirəm, bircə sağ-salamat qayıdım kəndə... Sənə ... sənə bir qabardin palto alacağam. Bircə sağ qalım, cəddinə qurban olaram, təki sağ qalım.

Bunu deyən kimi Əryənin gözü qabağına yuxarıda, quyunun başında ona diqqətlə baxan Seyid Cəfərin saqqallı nurlu surəti gəlir, Əryən gülümsəyir (rəhmətliyin yeri gəldi-gəlmədi gülümsəməyi vardı – gülümsər Gülsümün atası deyilmiydi?!) bundan sonra qorxudanmı, ya nədənmi, huşunu itirir. Ayılanda özünü sappasağ... amma əsirlikdə görür. “Nolsun, əsas məsələ sağ qalmaq idi. Seyid sağ olsun, onun cəddinə qurban olum”.

Əryən dolanıb-dolanıb sağ-salamat evinə geri dönür, hətta vaxt itirməyib evlənir, amma Seyidə verdiyi sözə əməl eləmir, ona vəd etdiyi qabardin paltonu almır. Bir daş altda, bir daş üstdə – Əryən bu söhbəti bir adama açıb ağartmır: “Kim biləcək, tək mən bilirdim, başqa kim bilirdi ki?..Unudur, gedir. Günlərin bir günü (geri dönəndən beş, ya altı ay sonra) Əryən poçtun qarşısında (Radio meydanında) çayxanada çay içən kişilərə (kənd ağsaqqallarına) yaxınlaşır.

...Radionun xırıltılı səsi meydanı başına götürmüşdü. Əryən ədəb-ərkanla hamıya salam verdi. Hamı da hörmətlə onun salamını aldı. “Sibirdən gəlib, əzab çəkib...” Onun salamını almayan tək bircə saqqallı Seyid Cəfər oldu, Seyid üzünü yana çevirdi. Ortaya pərtlik düşdü.

– Seyid, sən bir ağsaqqal adamsan, cəddinə qurban olum, mənim günahım nədi, mənim salamıma niyə üz çevirirsən? – Əryən ürəyində tam arxayınçılıq ərklə Seyiddən soruşdu.

Seyid susmuş halda saqqalını tumarlamağa başladı, susdu: “Cavab verməyəcəm, qoy qalsın nigaran”. Bu hamıya qəribə gəldi. İndi artıq təkcə Əryən yox, bütün çayxanadakılar bir-birinə təəccüblə baxır və Seyiddən cavab gözləyirdi.

Seyid Cəfər görür ki, cavab verməsə taxsırın yiyəsi o olacaq, sirri açır:

– Get, – dedi, – sən yaxşı adam deyilsən.

– Niyə? – Yalnız indi Əryənin dalağı sancdı, ürəyinə nəsə damdı. Amma artıq gec idi.

– Sən mənə palto söz vermişdin, almadın.

Bu sözləri deyəndən sonra Seyid dərhal durub məclisi tərk edib getmək istədiyi yerdə Əryən az qalır huşunu itirsin (davada cəhənnəm içində olandakı kimi), güclə onu tutub bir stula oturdurlar. Seyid bunu görüb “lənət şeytana” qayıdır və əlini Əryənin gicgahına tutub ovuşdura-ovuşdura bir az gözləyib, sonra deyir:

– Bir şeyi yoxdu, indi gələr özünə.

Handan-hana Əryən özünə gəldi, əvvəlcə dili-dodağı söz tutmadı. Hamı qaldı bu işə mat-məəttəl. Allahverdi kişi (kənd sovetinin sədri) təlaşla soruşdu:

– Noldu, a bala, sənə?

Əryən ona baxıb müqəssirlər kimi başını buladı. Bir müddət danışa bilmədi. Dili söz tutar-tutmaz Əryən düşdü Seyidin ayaqlarına:

– Ağa, sən olasan o cəddin, məni bağışla. Qələt eləmişəm. Bağışla məni... bağışla... – Əryənin gözündən yaş sel kimi axdı.

Səhərisi gün Əryən Seyid Cəfərə palto almaq üçün rayon mərkəzinə yola düşür, orda o palto tapılmır, Əryən durmayıb Bakıya qədər gedir. Dayısı oğlu Varislə Bakını ələk-vələk edib Seyidin əyninə (Seyid çox arıq-sısqa birisi idi) təptəzə qabardin paltonu alıb geri dönür. Əryən avtobusla dizində palto bükülü bağlama kəndə girən zaman avtobusun pəncərəsindən baxıb görür ki, bütün kənd düşüb bir tabutun dalınca Dəyirman yolu ilə kənd qəbristanlığına tərəf gedir. Camaat gecə ikən gözlərini bu fani dünyaya əbədi qapamış saleh əməllər sahibi Seyid Cəfəri basdırmağa gedirmiş. Seyidin paltosunu Əryən gözündə yaş, qəlbində həqiqi peşmançılıq aparıb oğlu Şiraza verir, halallığını ondan alır...

... F.Q. yataqda sayıqlayır, Bəhram və Mübariz məlul-məlul bir-birinin üzünə baxır, Bəhramın gözləri az qala dolub, Mübarizə bıçaq vursan qanı çıxmaz. Bu zaman Şiraz “həkim” özünü içəri salır, şad, gümrah səslə onları salamlayır:

– Salam, a kişilər, nə var, nə yox... bu sabah vaxtı xeyirdimi, dalımca Tükəz qarını göndərmisiz?!... Tezdən durana oxşayırsız, qonağımız da xoş gəlib, səfa gətiribdi...

 

 

(Ardı gələn şənbə sayımızda)

 

Kamal ABDULLA

 

525-ci qəzet.- 2010.- 4 sentyabr.- S.16-17.