Bayquş
(Əvvəli ötən şənbə
sayımızda)
Billur xanım yazın son ayından bağ evinə köçmüşdü. Oğlunun gəlişinə evin bütün səliqə-səhmanına əl gəzdirmişdi. Hərçənd ki bağın həyətyanı sahəsinə, ağaclarına qulluğa görə Bəhər bağbanın ailəsi cavabdeh idi, amma evin içinin təmizlik işinə Billur xanım özü baxırdı. Bəhər kişi özü divarın o tayındakı qonşu bağda qulluq göstərirdi, yoldaşı qızı iləsə Coşğungilin bağında. Sonuncu məzuniyyətdən xaricə geri qayıdanda Coşğun Bəhər bağbana tapşırıqlar vermişdi: bir sıra ağacların yerini dəyişdirmək, boş görünən bəzi yerlərdə yeni ağaclar əkmək, ağacları vaxtında belləmək, sulamaq, bağı ilan-çayırlardan təmizləmək və s. Anası ilə xaricdən mütəmadi telefon əlaqəsi saxlayan Coşğun, bağda hər şeyin öz qaydasında olduğuna əmin edilsə də, tam mənada əmin deyildi. Çünki anasının gözləri zəif olduğundan o təbiətin bir çox detallarını, həyətin hər künc-bucağını, ağacların yarpaqları arasında gizlənmiş qurd basmış budaqlarını dəqiqliklə görə bilmirdi. Coşğunun anası oğlunun gəlişinin ilk günü hələ altı aylığında ayrıldığı balaca nəvəsini, gəlinini bir-iki saatlıq görmək üçün şəhərə gəlmiş və yenidən bağ evinə qayıtmışdı. Qayıdarkən tezliklə onların bağa gəlmələrini arzulamışdı. İndi də evdən səhər saatlarında çıxan Coşğun hələ gün-günorta bağa çatmamışdı. Dərd də orasında idi ki, maşının təkəri buraxmış, akkumulyatoru zəif düşmüşdü. Təkəri dəyişməyinə dəyişmiş, lakin yaxınlıqda yeni akkumulyator tapa bilməmişdi. Hətta usta bildirmişdi ki, təkərlərin dördü də keçəldən də keçəldir. Hər an buraxa bilər, mütləq yenisi ilə dəyişilməlidir. Öyrənmişdi ki təkərin biri yüz manatadır. Səsini içinə qısıb bayaqdan bəri günün altında alışıb yanan maşının təndir kimi isti salonunda istidən haldan düşmüş həyat yoldaşına bunu bildirmədi. Ona görə də dinməzcə bir maşın saxlayıb onu bağa qədər buksirə qoşub aparmasını xahiş etdi. Bayaqdan bəri lovğa-lovğa mersedes s markalı maşının sükanı arxasında əyləşmiş Coşğun, indi xəcalətindən utanırdı. Çünki mersedesi qabağda dartan maşın VAZ 2107 markalı maşın idi. Beləcə tısbağa gedişiynən gəlib bağa çatdılar. Amma bağda yerbəyer olmaları, süfrə arxasına oturub yemək yeməkləri tez çəkdi. İncəvara gəlin əldən zirəng idi. Anası kimi beş daşın altında yır-yığış edib, süfrəyə yemək qoyardı-yoruldum deməzdi. Coşğunun gəlişini eşidən Bəhər kişi özünü tez həyətə salmışdı. Səhərdən bəri Coşğunun eşiyə çıxmasını gözləyərək ağacların dibində mücüllənirdi. Demək istəyirdi ki, qızı ilə yoldaşının onların bağında çalışmalarına baxmayaraq, elə onun da günü burada keçir.
–Həə, atalar necə deyib? “Bağ bağbansız, dəvə sarbansız olmaz”. Salam ay Bəhər kişi.
–Ay sizi xoş gördük müəllim. Xoş gəlmisüz. Həə, atalar təkcə onu deməyib. “Bağda əlləşənin qursağı qığ olar” da deyiblər. Sözaltı mənası da buydu ki, yəni bağda o qədər çalışıram ki heç ağzıma tikə ata bilmirəm. Coşğun sözü uddu və onu həzmdən keçirib yiyəsinə qaytardı.
–Yox, maşallah qursağı daralana oxşamırsız. Mən arıqlamışam, siz isə kökəlmisiniz.
Bu sözə hər ikisi gülüşdülər. Sonra Coşğun həyətdə görülən işlərlə tanış oldu. Abatxeyir həyət səliqəli idi. Anasının dediyinə görə bütün bu səliqə-sahmanı bağbanın qızı təkbaşına etmişdi. Bəhər isə yalnız bir iki ağacın yerini dəyişmişdi. Lakin həyətə gölgə salan və bir vaxtlar atasının əlləriynən əkdiyi, kölgəsində sərinlənməyi sevdiyi böyük söyüd ağacı dibindən kəsilmişdi. Bəhər kişi ağacı budaqlarını qurd basdığı üçün kəsdiyini isbat etməyə çalışsa da, Coşğunun üzündəki təəssüfü aradan götürə bilmədi. Bu təəssüf deyirdi ki, bəlkə də ağac vaxtında dərmanlansaydı heç qurd da basmazdı. Coşğun ona da təəssüf edirdi ki, məzuniyyətinin əsas hissəsini bağda keçirmədi. Bağın dənizə açılan mənzərəsi, yaşıllığı, bar gətirmiş meyvələri, axşamlar mehi, genişliyi, balaca oğlunun baba yurdunda sərbəst, azad o yana-bu yana qaçması onun üçün əsl rahatlıq, qulaq dincliyi idi. Anasının dediyinə görə hərdən onları əhatə edən bahalı bağ evləri sahiblərinin ərköyün övladları bu dincliyi uca musiqi sədaları, maşın siqnalları və yeyib içəndən sonra tapança və tüfəngdən göyə atdıqları güllə səsləri ilə pozurlar, lakin heç kim cürət edib səsini çıxara bilmir. Anası onu da demişdi ki, ortabab, kasıb bağ evlərini əhatə edən üç-dörd nəhəng imarətlərin ev yiyələri heç özləri bura gəlmirlər. Gələndə də keflərinə düşəndə övladları başının dəstəsi ilə kefə gəlirlər. Hələ gözləri doymurmuş kimi ətrafdakı yarımçıq qalmış tikililərə də göz qoyub oranı da almaq fikirlərinə düşürlər. Hətta bu yaxınlarda qənşər tərəfdəki təqaüdçü Murad kişinin yarımçıq qalmış bağ evini almaq üçün dəllal da göndəriblərmiş. Lakin Murad kişi razılıq verməyib. Bağda baş verənləri ovuc içi kimi əzbər bilən, lakin danışmaqdan ehtiyatlanan Bəhər kişi isə təklikdə Coşğuna ərz eləmişdi ki, Murad kişinin oğlu Elmin institutda əqidəsinə saf müəllim olduğu üçün heç bağ evini bundan sonra da çətin tikə. O yarımçıq qalmış bağ evinə ara-bir, onda da yalnız eyvanda üzü dənizə oturub kitab oxumağa gəlir.
Artıq hava qaralmışdı. Onlar mehriban bir ailə kimi həyətdə, evin dənizə baxan qənşərində çay süfrəsinə yığışmışdılar. Billur xanım həyətdə şıltaqlıq edən nəvəsinə baxıb rəhmətlik həyat yoldaşının bir zamanlar bağda nəvəsinin hay-küy qoparmaq arzusundan danışıb xoş bir xatirə kimi köks ötürürdü. Qənşərdə bir sükut hökm sürsə də, evin arxa tərəfindəki əcayib bir fısıltı, tez-tez nəfəs almağa bənzər bədbin bir səs Coşğunu rahat buraxmırdı. O pilləkənləri qalxıb ikinci mərtəbədən evin arxa tərəfinə boylandı. Ora zülmət də olmasa qaranlıq idi. Bağın həyətindəki işıq ora az-maz düşürdü. Onların evinin arxa tərəfi ilə qonşunun evinin hasarı arasında kiçik bir sahə var idi ki, ora da nə ev yeriydi, nə də yurd. Sadəcə olaraq kimsə bu yeri nə vaxtsa alıb, bir-iki beton döşəmə atıb, çıxıb getmişdi. Nə məqsədə almışdı, niyə geri qayıtmırdı bunu heç kəs bilmirdi. Amma deyəsən gecənin içərisinə doğru şiddətlə artan bu əcayib, bədbin bir fısıltının haradan gəldiyini Coşğundan savayı qonşular da bilirdi. Oğlunun nədənsə duyuq düşdüyünü bilən Billur xanım onu heçnə narahat etmirmiş kimi:
–Ay bala, narahat olma, səs o yandan gəlir-təqaüdçü Murad kişinin həyətindən. Bayquşların səsidir. Üç-dörd ay olar ki orada məskən salıblar. Narahat olma, gəl çayını iç.
–Bayquş? Sən nə danışırsan ay ana, bilmirsən ki bayquş bədbəxtlik gətirir? Bizimlə onun evi arası iyirmi metrdir. Bu gün orada fısıldayar, sabahısı gün bura da dadanar. Bir də ki onun nəfəsi adama ağırlıq gətirir. Evdə uşaq var, deyirsən indi ağırlığı mənim uşağıma düşsün?
–Ay bala, sən
nağıllara inanma. Allah pis əlamətlərə
inananları sevməz. Sən əgər
onu pis əlamət sayıb onun ardınca gedirsənsə, demək
haram bir əməlin ardınca getmiş olursan. Sən Allaha sığın, o sənə kömək
olar. Ondan başqa heçnədə,
heç kimdə qüdrət yoxdur.
–Yaxşı, əgər belədirsə
onda niyə bayquş haqqında atalar sözü, bayatılar
deyilib. Məsələn, “bülbül viranədən
ötməz, bayquş viranədən getməz”, və yaxud
“bayquşun ruzusu ayağında gedər”. Deyirsən
bir tikə halal ruzu qazanırıq onu da bayquş aparsın?
Nə çox villalar, odeey o arxadakı
üç mərtəbə villada niyə məskən
salmırlar, onsuz da elə ora da xaraba kimi bir şeydir. Nə gələni var, nə də gedəni. Neçə ildir tikiblər elə ağzı
qıfıllı da durub.
–Bala, onsuz da bir həftəyə
geri qayıdırsan, qoy oturmuşuq sakit yerimizdə. Gör bir səndən başqa narahat olan var? Elə rəhmətlik dədən də hər
şeyə qızışan idi.
–Rəhmətlik dədəm
qızışan deyildi, təəssübkeş idi. Həyətimizdəki itlərin belə, təəssübünü
çəkirdi. Bax, sən itlərə
süni yem verirsən, o isə gündə iki dəfə
qazan asdırırdı. İndi sağ
olsa idi vallah bütün qətərin axırına
çıxıb o bayquşları məhv eləmişdi.
Bu vaxt iki dəfə
dalbadal güllə səsi eşidildi. Coşğun
pilləkənləri aşağı düşüb
çöl darvazaya tərəf qaçdı və
qapını açıb bayıra çıxdı.
–Kimdir əə orada?
–Qonşu Şirzaddır,
müəllim, deyəsən vurdum. Həə,
vurmuşam, özü də ikisini.
Vurdum sözünə
Coşğun muştuluq alan kimi sevinib Murad
kişinin evinə sarı irəlilədi. Bağın dalana bənzər
küçəsində köz kimi közərən zəif
işıq qənşərindəki kişini görməyə
bir qədər imkan verdi. Bu, bəstəboy,
girdə sifət, köynəyinin qabaq düymələri
açıq, şalvarının balaqları dizə qədər
qatlanmış, suyu şirin, qırx beş
yaşlarında bir cavan idi. Əlindəki fənərlə
yerə işıq saçıb vurduğu bayquşlara
baxırdı.
–Axşamınız xeyir
müəllim.
–Ay aqibətin xeyir. Deyəsən ov qanlı oldu?
–Həə, elədir. Amma nə ürəyimdən tikan çıxdı.
Bu köpək uşaqları neçə
vaxtdır bizi yatmağa qoymurdular. Fıs-fıs,
fıs-fıs fısıldayıb bədliklərin
tökürdülər. Hərdən gəlib
bizim də hasara qonurdular. Anam uşaqlarla həyətdə
külafirəngidə bunların əlindən sabaha qədər
yata bilmirdilər. Özü kimi alçaq
quş yoxdur. Mağıl həyətdə
bir-iki bülbül ötürdü, bu əclaflar onları da
qaçırtdılar.
–Yaxşı, bəs
bunların sayı neçədir?
–Beş idilər. Bir anaları və dörd balası. Birini bir ay bundan qabaq gündüz çağı
vurdum. İki balasını da indi. Qaldı anaları və bircə balası. Ölü balalar qoy qalsın, səhər mən
bunları bu dirəkdən asacam ki, anaları çıxıb
getsin. Açığı gündüz
vurmaq olmur çünki həyətdə-bacada adamlar olur.
Bir də gündüzlər girirlər müxtəlif
dərmə-deşiklərə. Murad
kişinin də tikilisi yarımçıqdır deyən
döşəmə atma betonlar suvanmayıb, böyür
deşikləri açıqdır. Ev
sahibinə dəfələrlə zəng eləyib xahiş
etmişik ki gəlib tikilisinin dərmə-deşiklərinə
əncam çəksin. Elə-bu gün sabah
eləyə-eləyə axırda dedilər ki, kişi
yatağa düşüb-xəstədir. Kişinin
də oğlu Elmin müəllim bir ay bundan qabaq bura kitab
oxumağa gələndə bağbanı çək-cevirə
salırdı ki, guya şiferi deşilib. Şiferə
kimin güllə atdığını deməsə polisə
şikayət eləyəcək. Amma
birinci bayquşu düzü su çəninin üstündə
oturanda vurmuşdum. Şifer mənlik deyil,
o ərköyün balaların işidir. Nə
isə, gecəniz xeyirə. Yataq görək
başımıza nə iş gəlir. Günümüzə
bax da. Guya bağa istirahətə gəlmişik.
Səhəri gün
Coşğun yuxudan qalxanda fit səsinə bənzər
fısıltı yenə də gəlirdi. Həyat
yoldaşı qorxudan səhərə qədər
yatmadığından gileylənirdi. Elə
Coşğun özü də əməlli-başlı
yatmamışdı. Gecə
dörd-beş dəfə oyanıb pəncərə
ağzında kişə-kişə edərək bayquşu
hürkütməyə çalışmışdı.
Ona görə elə səhər yuxudan qalxanda
da yuxusuzluqdan ovqatı təlx idi. Əl-üzünə
su vurub eşiyə çıxdı. Pilləkənləri
asta-asta qalxaraq fısıltının daha yaxından gəldiyini
duydu. Evinin arxasındakı boş sahəyə,
bir qədər aralıdakı Murad kişinin evinə nəzər
saldı. Deyəsən qonşu Şirzad
bayquş məsələsinə ürəklə
girişmişdi. Çünki gecə
öldürdüyü iki bala bayquş artıq Murad
kişinin eyvanındakı dirəkdən
başı-aşağı asılmış, beton
atmalarının da dərmə-deşiklərinə iki litrlik
koka-kola qabları, bəzilərinə isə əski, qəzet
tıxanmışdı. Amma haradansa qulağına
getdikcə şiddətlənən fısıltı, nəfəs
ala-ala verilən fit səsi gəlirdi. O başını sola əyib
yuxarı baxanda ana və bala bayquşların onların peyk
antenasına qonduğunu gördü. Əli ilə
havada yelləyib kişə-kişə elədi. Bu vaxt bala bayquş antenanın üstündən
uçub Bəhər kişinin qulluq elədiyi evin
divarının deşiyinə girdi. Coşğun
fürsəti əldən verməyib aşağı
düşdü, maşın qarajına girib əlinə
keçən boş sement kisəsini götürüb, nərdivanı
çiyninə atıb dəmir darvazadan bayıra
çıxdı. Nərdivanı qonşu
evin divarına söykəyib ehmalca yuxarı qalxdı və
bayquşun əlini dişləməsindən ehtiyat eləyirmiş
kimi sement kisəsini əlində bükmələyib
ehmallıca bayquşun girdiyi divar deşiyinə saldı.
Fikirləşdi ki, ac-susuz bir iki günə bala
bayquş ölsə, Şirzadın dediyi doğru olsa, onda bir
ana bayquşdan savayı bayquş qalmamalıdır. Bu vaxt qonşu həyətdən çıxıb
Coşğungilə sarı gedən bağban onu görüb
ayaq saxladı.
–Sabahun xeyir, müəllim.
–Sabahınız xeyir Bəhər
kişi.
–Ay müəllim, nə var
özünüzü bu al günün altında
yandırırsız? Gedin bir hour evdə dincəlin,
ağacların meyvələrindən yeyin, ağrımayan
başınızı niyə ağrıdırsınız.
Şirzada bir söz deyə bilmirəm
çünki ərkim çatmır. O elə bir ho gəzir
tüfəng atsın, sizə ki ərkim çatır söz
deyəm.
–Bəhər kişi,
bayquş mənim başımı ağrıtmasa başqa
heç kim ağrıtmaz. Bir də ki mən
neynirəm ki, daha da camaatı bayquş şərindən
xilas edirəm.
–Elə deyil də müəllim.
Siz oraların (xarici nəzərdə tuturdu) vəziyyətinə
bələdsiz, biz də buraların. Hər
tində bir polisin adamı durur. Polis-patrul
maşını da bağlararası küçələri
dolaşır. Nəyə lazımdır e
baş ağrısı. Bir də ki
bayquşa qalsa elə bayquşun yekəsi biz
özümüzük. Mən özüm
xalq təsərrüfatını bitirmişəm. Hə, nə olsun? Kiçik
oğlum əsgərlikdə, böyük oğlum Şüvəlanda
yuxarıda oturan müəllimin bağında, qızım
yoldaşımla sizin bağda, mən də bunların
bağında işləyirəm. Elə
bayquş kimi səpələnib tək yaşayırıq.
Söhbətin
bu yerində maşın səsi eşidildi. Murad kişinin evinin
qabağında dayanan maşından ağır-ağır ağ saçlı, yetmiş yaşlarında
bir kişi düşdü. Bu Murad kişi
idi. Dəmir darvazanı açıb kol-kos
basmış həyətinə girdi, başı ilə
asta-asta yelləyərək eyvana qalxdı, bu başından o
başına addımlayaraq gözü dirəkdən
asılmış ölü bayquşlara sataşdı.
Sonra Coşğunla Bəhər kişini görüb:
–Salam əleyküm. Bu
bayquşları buradan kim asıb gündə
qurudur, qaxac eləyəcəklər?
–Xəbərim yoxdur, ay
ağsaqqal. Mənim işim bu iki
bağdadır. Heç günün
batmasından xəbərim olmur.
–Qonşulara deyin narahat
olmasınlar. Sabah səhərə demişəm,
bənna gəlib dərmə-deşikləri suvayacaq. Mən də görüm həyəti kol-kosdan necə
təmizləyirəm.
–Hava istidir, bir də ürəyüvüzə
güc düşər ağsaqqal. Asandı elə
ispışkadır. Vur kol-kos yansın.
–A kişi
nə danışırsan, bu istidə tüstünün iyindən
dayanmaq olar? Ölmərəm. Nəvələrimə
söz vermişəm ki, gələn yaya qədər bağa
bir az əl gəzdirim, gətirim dincəlsinlər,
dənizə getsinlər. Allah saxlamışlar
dənizi yaman sevirlər. Bu istidə şəhər
evində yaman darıxırlar. Şair
Şəhriyar demişkən- “Bayquşun da dar olmasın qəfəsi”.
–Amin. Allah
muradına yetirsin. Dar olmaz inşallah.
Gecə
Coşğun yatmağa hazırlaşmazdan əvvəl həyət-bacanı
bir neçə dövrə vurdu. Artıq ötən
gecələrdəki kimi bayquşların şiddətli
fısıltısı yox idi. Ara-sıra
aralıda eşidilən sakit fısıltı isə Murad
kişinin damına qonmuş ana bayquşdan gəlirdi.
Səhər
çoxdan açılsa da Coşğun hələ də
yatmışdı. Pəncərədən düz onun
yatağına düşən günəşin qızmar
şüasından gizlənərək başını bərk-bərk
bürüyən Coşğun, yuxusuz və narahat gecələrin
əvəzini bu səhərki şirin yuxusundan
çıxırdı. Artıq səhərin
yuxusu günorta yuxusuna qarışırdı. Saat bir idi. Göyə bir dəfə
açılan güllə səsi Coşğunu yuxudan
ayıltdı. Üstündəki
örtüyü üstündən atıb pəncərəyə
yaxınlaşdı. Yuxulu gözlərlə
ətrafa boylandı. Murad kişinin evinin ətrafında
yeddi-səkkiz nəfərin, bir polis maşınının
dayandığını və kimlərinsə ucadan, əl-qol
ilə danışdığını gördü. Ani olaraq paltarını geyib, əl-üzünə
su vurub bağın həyətindən eşiyə
çıxdı. Eşikdə bayaq
Coşğunun görə bildiyindən də artıq insan
toplaşmışdı. Bir nəfər
isə, iki polis serjantına ucadan nəyisə başa
salırmış kimi əl-qol ilə
danışırdı. Coşğun onlara sarı irəliləmək
istədikdə Bəhər kişi onu
görüb özü ona sarı getdi və geri qaytarıb
darvaza ağzında əhvalatı danışdı. Sən
demə Murad kişinin oğlu Elmin müəllim səhər
bağa usta ilə gələndə, Şirzad həyətdə
pusquda durub Murad kişinin damına qonmuş ana bayquşun
yerini dəyişməsini gözləyirmiş. Bu, Elmin müəllimin gözündən
yayınmayıb. Atasını
haylaya-haylaya evə girib içəri daxil olanda onun
keçindiyini görüb, çaşqın və əsəbi
halda eşiyə çıxaraq, Şirzaddan tüfəngi
alıb bayquşdan hayıfını çıxıb.
İndi də hadisə yerinə gələn
polislər Elminlə Şirzadı polis bölməsinə
aparırlar.
Aradan bir
neçə saat keçməsinə baxmayaraq, Elmin və
Şirzad polis bölməsindən qayıtmamışdılar. Artıq
bayquşların səsi kəsilmişdi. Bala
bayquşlar dirəkdən ölü vəziyyətdə
asılı qalmışdı, ana bayquş isə yerdə.
Murad kişinin ruhu isə göylərdə azad
idi. Bağda isə bayquş
fısıltısından da dəhşətli, şaxsey deyən
arvadların fəryadları eşidilirdi.
26 avqust 2010.
Jakarta.
Mətin Mirzə
525-ci qəzet.- 2010.- 9 sentyabr.-
S.30.