İkinci “10 sentyabr”
“Mütərcim” nəşriyyatında yazıçı-publisist Rəşad Məcidin “10 sentyabr”adlı kitabı nəşr olunub. “Dünya ədəbiyyatı” dərgisinin “DƏB” seriyasından olan növbəti kitabda müəllifin eyniadlı hekayəsinin orijinalla birlikdə türk, ingilis, rus, macar, rumın, Litva, Ukrayna, polyak, özbək və gürcü dillərindəki tərcümələri, vaxtilə həmin ölkələrdəki populyar qəzet və jurnallarda, almanaxlarda çap olunan 11 variantı toplanmışdır. Kitabın naşiri Əliş Mirzalı, dizayner və redaktorları Mətanət Qaraxanlı və Vəfa Əhmədovadır. Kitaba hekayə haqqında vaxtilə söz demiş tanınmış ədəbiyyatçıların- Xalq Yazıçıları Anarın və Elçinin, şair Ramiz Rövşənin, şair və tənqidçi Bəsti Əlibəylinin fikirlərindən fraqmentlər daxil edilmişdir. Son söz yerinə qoyulmuş “İkinci “10 sentyabr” yazısının müəllifi “Dünya ədəbiyyatı” dərgisinin və “DƏB” seriyasının baş redaktoru, şair Səlim Babullaoğludur. Maraqlı olacağını nəzərə alaraq yazını oxucularımız üçün dərc edirik.
1.
Peredelkinoda, tanınmış yazıçı və naşir Aleksandr Ebanoidze ilə söhbət edirəm. Soruşuram ki, niyə onun jurnalında Rəşad Məcidin “10 sentyabr” hekayəsi başqa adla, “Taksist ponevole” (Zorən, yaxud biixtiyar taksi sürücüsü) kimi təqdim edilib? Diqqətlə ona dikilirəm. Tərəddüd edir... “Kömək edirəm”, deyirəm, bəlkə fikirləşirsiz ki, Amerikadan uzaqda yaşayan bir adi adamın, azərbaycanlının həyatının kədərli faktının 11 sentyabr hadisələri ilə bağlı təqdim olunması, əlbəttə, təhkiyə kontekstində, sizə inandırıcı görünməyib... Ara verirəm... Təsdiqə meylli tərzdə susur... Onu yaxşı tanıyıram, davam edib deyirəm ki, bəlkə bu cür təqdimat sizə “incə mətləbə kobud müdaxilə” kimi görünüb? Özünəxas xırıltılı səslə “da, da...” deyir, söhbəti dəyişmək istəyir. Kifayət qədər yaxşı tanıdığım bu adamı seminarlarda çox görmüşəm, çox mübahisə eləmişəm, hətta bir dəfə mənim çıxış vaxtımın hesabına gürcü klassikinin, Edqar Ponun bir şeirinin epiqonu olan “Merani” adlı şeirinin ruscada altı versiyada olan tərcüməsinin oxusunun və mənasız müzakirəsinin qarşısını kobudluqla almışam, ona, seminarın spikerinə ciddi irad etmişəm, bilirəm ki, bizi daha çox süfrə başında, bir də işləri bədə düşəndə “sevən”, ehtiraslı və subyektivliyi islah olunmayacaq qədər yaşlı moskvalı ədəbiyyatçılardan biridir... Ya yorulduğumdan, ya da mənasızlıqdan söhbəti davam etdirmirəm. Hərçənd, bir film haqqında deyə biləcəklərim vardı ona...
11 sentyabr
hadisələrinə həsr olunmuş 11 dəqiqəlik bədii
filmlərin müsabiqəsi keçirilmiş və nəticədə
11 film çəkilmişdi. O filmlərdən birinin süjeti
beləydi: “Bir ev. Evin alaqaranlıq küncü.
Televizor səssizcə işləyir. İkiadamlıq
çarpayı. Solğun üzlü, ortayaşlı kişi
öz-özüylə danışır və bütün
söhbəti, elə söhbətdən məlum olduğu
kimi vəfat etmiş qadının xatirələrilə
bağlıdır. Kişi (gərək ki,)
qadınının gecə köynəyini də gah əzizləyir,
gah qoxulayır. Sonra da handan-hana pəncərəyə
yaxınlaşır, dibçəklərdəki solğun
güllərə baxır, onlara su tökmək
üçün cəhdlər edir, danışır və
qadının xəyalına xitabən deyir ki, bir vaxtlar sən
onları sulayır, tozunu silirdin, indi görürsən, onlar
solub, hətta gün işığı belə
düşmür. Bu vaxt otağa güclü
gün işığı düşməyə
başlayır, getdikcə güclənir, kamera televizora
doğru panoram edir, canlı yayımda əkiz qüllələrin
uçması göstərilir... qüllələr uçur
və günəşin qabağı açılır...
2.
Üzərində
ABŞ-ın sabiq prezidentlərindən biri Əndrü Cəksonun
portreti olan 20 dollarlıq əskinasları çoxumuz, yəqin
ki, görmüşük. Banknotun revers tərəfini, yəni
“The United States of America” yazılmış üzünü hər
iki ucundan yapışmaqla özünüzə tərəf
tutun. Banknotu ortadan elə qatlayın ki, əskinasın həmin
sözlər yazılmış yuxarı hissəsi yenə
üzü sizə tərəf qalmaqla oxunsun. Sonra sol tərəfi
doxsan dərəcə olmaqla arxadan yuxarıya qatlayın,
sağ hissə ilə də eyni şeyi edin, əlinizdəki
uşaqlıqda kağızdan düzəltdiyimiz təyyarələrə
bənzər bir şey olacaq və görəcəksiz ki, sol
və sağ tərəflərdə biri balaca, biri
böyük 20 rəqəmləri (20-lər qüllələr
kimi simmetrikdir və hər bir 2, 1+1 demək olub 11 sentyabr
tarixinə işarə etmiş kimi görünür)
üz-üzə dayanıb. Və nəhayət əlinizdəkinin
arxa üzünə baxın (amma elə çevirin ki,
beşbucaqlının şiş ucu əvvəlki kimi
aşağı baxsın), onda tən ortada Dünya Ticarət
Mərkəzinin – əkiz binaların tüstülənən
şəklini, yaxud onun bənzərini görəcəksiz
(bax: Aydoğan Vatandaşın “Ezoterika, gizli cəmiyyətlər”
kitabına, “Timaş Yayınları”, İstanbul, 2005, 8-ci
baskı) Aydoğanın məndəki kitabı 8-ci basqı
olub 2005-ci ildə, yəni məlum hadisələrdən 4 il
sonra nəşr edilmişdi. Düzdü, bu təhlil
yalnız sonra baş verə bilərdi. Amma
başqa tərəfdən, üzərində eyni eksperimenti
apardığım, doğruluğuna əmin olsam da həmin
20 dollarlıq əskinasın yeni qoruyucu elementlərlə zənginləşdirilmiş
2003-cü ilin buraxılışına aid banknot olması, yəni
yenə də hadisələrdən sonrakı dövrə məxsusluğu
məni tərəddüddə saxladı. Sonra isə mən bunu unutdum, maraqlanmadım. İndi isə öz-özümə sizi kimi suallar
verirəm. Əvvəlki əskinaslarda bu
varmı? Varsa əgər, yalnız təsadüfi
bənzərlikdimi? Təsadüf deyilsə,
onda bəs nədi? Hansısa əski və
gizli planın yeni faş olunmuş işarələridimi?
Mən bunu bilmirəm. Hər
halda sizlərdə yazıya əlavə olunmuş 2-ci və
3-cü şəkillərə baxın.
Ümumiyyətlə,
11 sentyabr hadisələri ilə bağlı çoxlu
başqa ehtimallar, işarələr, eyniyyətlər var,
xüsusən də rəqəmlərlə və dini mətnlərlə
maraqlananlar üçün. Məsələn, bəzi müəlliflər
bu hadisəylə bağlı hələ 1900 il əvvəl
“İohanın vəhyləri”ndə (başqa sözlə
“Apokalipsis”də) öncəgörmələrin və xəbərdarlığın
olduğunu iddia edirlər. Yaxud numeroloqlar
çoxlu nəticələrə gəlirlər. 11 rəqəminin
simmetrikliyi ilə binaların simmetrikliyi, 11 sentyabrın ilin 254-cü
günü (2+5+4=11) olması, şimal qülləsinə girən
American Airlines-ə məxsus təyyarənin 11-ci reyslə
uçması, həmin qüllənin tam olaraq 10.28-də
(1+2+8=11) çöküşü, cənub qülləsində
65 adamın (6+5=11) olması, bir il sonra sayı
açıqlanan qurbanların 2081 (2+8+1=11) nəfər
olması (sonradan başqaları da əlavə olunacaqdı),
Pentaqona sancılan təyyarənin 77 reysə (7x11) məxsusluğu
və sair kimi bu qəbildən olan çoxlu misallar var ki, mən
bunları da izah edə bilmirəm. Amma bir şeyi intuitiv olaraq
hiss edirəm ki, bizim bu fani dünyada ilk baxışda əlaqəsiz
görünən bütün hadisələr və şeylər
hökmən bir biriylə bağlı və əlaqəlidir.
3.
Bu günlərdə
informasiya agentlikləri və qəzetlər belə bir xəbər
yaydı: Nyu Yorkda “çökmüş əkiz”lərin
yerində İslam Mədəniyyət Mərkəzi və Məscid
ucaldılacaq. Şəhərin Məşvərət
Şurası ideyası amerikalı islam
vaizlərindən olan Feysəl Abdula məxsus bu qərarı
dəstəkləmişdi də. Üstəgəl,
ABŞ prezidenti Barak Obama da çıxışlarının
birində – “həm bir vətəndaş, həm də bir
prezident kimi, müsəlmanların digər din
daşıyıcıları və amerikanlar kimi öz dinlərinə
bağlılıqlarını ifadə etmək haqqı
olduğu fikrindəyəm. Bu o deməkdi
ki, onların müvafiq qanunvericiliyə uyğun şəkildə
Manhettendə Mədəniyyət Mərkəzi və Məscid
tikmək hüquqları var” – demişdi. Əslində,
prezident Obama heç nə deməyib. Çünki
bu haqqı dilə gətirmək və gətirməmək,
günəşin var olduğunu dilə gətirib-gətirməmək
kimi bir şeydi məntiqcə. Axı, niyə
məhz əkiz binaların yerində? Bu yerdə bir
arayış: Qellapın keçirdiyi sorğuya əsasən
rəyi soruşulan amerikalıların 37 faizi ümumiyyətlə
məscidin tikilməsinin, üçdə biri isə məscidin
həmin yerdə tikilməsinin əleyhinədirlər. Amma tikinti planına əsasən, inşaat məhz
amerikalıların “Ground Zero” dedikləri yerdə, düz
partlayışın episentrində tikiləcək. Niyə? Bəlkə, bu məşum 11 sentyabr
hadisələrinin islam(çı)larla
bağlamaq kimi ümumdünya KİV təbliğatı
süqut etməkdədi? Bəlkə, məscidin
həmin yerdə inşa olunması, “qaşınmayan yerdən
qan çıxarmaq”, “dəlinin yadına daş salmaq” fəlsəfəsinə
söykənir? Bəlkə günahsız
övladlarını, valideynlərini, bacı və
qardaşlarını, yaxınlarını, dostlarını
itirmiş yüzlərlə insan və onların sonradan
dünyaya gətirəcəkləri, və artıq gətirdikləri
növbəti amerikalıların bu hadisənin islamla
bağlılığını beləcə xatırlatmaq
kimlərəsə sərf edir? Bəlkə, bu hadisələrin
islama sırınması kimi “turşumuş mass-media kokteyli”
artıq sərvaxt və həqiqətpərəst,
ağıllı adamları bezdirib, qəbul etmirlər, amma həmin
kimsələr elə bu inşaatla uğursuz da olsa öz
planlarına bu cəhdlə nöqtə qoymaq istəyirlər,
yəni “dediyimiz – dedikdi”?! Bəlkələr
çoxdu, doğrusunu yalnız Allah bilir. Və mən də
sizin bir çoxunuz kimi, 11 sentyabr hadisələrini xüsusi
xidmət orqanları tərəfindən hazırlanaraq bir tərəfdən
islamı gözdən salmaq, süni islam fobiyası yaratmaq,
digər tərəfdən hansısa iqtisadi fəlakətlərdən
Amerika vətəndaşlarını yayındırmaq, bəzilərinin
də böyük məbləğlərdə pul qazanmaq niyyəti
ilə törədildiyi haqda çoxlu yazıları
oxumuşam, “Hakimiyyət halqası” tipində bir neçə
filmə baxmışam. Həmin mətnlərdə və
filmlərdəki “əkiz binaların” dəmir-beton, nə
bilim polad, metal konstruksiyalarının spesifikliyi, yalnız hər
qatına xüsusi partlayıcı maddələrin
qoyulacağı təqdirdə yuxarıdan aşağıya
doğru çökə biləcəyi haqda ehtimallarla eynən
sizin qədər tanışam. Ciddi əndişələrə
əsas verən Con Kolemanın “300-lərin komitəsi”
kitabı və bu cürə “populyar+gizlin+mötəbər”
kitabların səhihliyinə da hamı qədər bələdəm
və inanıram.
4.
Bugünkü
reallıq belədi ki, gözəl Ramazan günləri və
ya öncəsi Nyu Yorkda mitinqlər keçirilirdi, hətta
mitinqçilər tərəfindən müqəddəs
Quranın yandırılacağı haqda söz-söhbətlər
vardı. Görəsən, üst qatında hər şeyin
hansısa ətürpədən, qorxunc planla baş verdiyi
görünsə və olsa belə, bəlkə başqa,
ilahi bir məntiqlə də hər şey elə məhz yenə
də bu cürə baş verməliydi. Amma
başqa yozumla. Bütün dövrlərdə
olduğu kimi, harınlıq, fövqəladə maddi rifah
simvolu olan göydələnlər uçmalıydı,
bütün yalan-doğru ehtimallara rəğmən, onun yerində
sonuncu böyük dinin nişanəsi tikilməliydi, yəni
tikiləcək demək istəyirəm. Doğrudu,
hər necə olur-olsun, günahsız qurbanlar var deyə bu məntiq
qəribə gələ bilər, amma Allah həm də onunla
böyükdür ki, istənilən şəri eyni zamanda
xeyirin alətinə çevirir. Günahsız qurbanlar və
dəhşət dolu təsvirlərə gəlincə, bu dəhşətin
həqiqi ağrısını bir ölənlər, sonra isə
yalnız onların yaxınları hiss edə bilir, baş verənlər
bu dünyadakılar, bizim əksərimiz üçün,
dirilər üçündür, yalnız
görüntüdür, onu da az sonra gündəlik həyatın
rəngarəngliyində unudacağıq; və yalnız
inananlar üçün “Yaradan tərəfindən günahsızlara
verilən əvəzin rahatlığı və feyzi, əlbəttə,
istənilən dəhşəti heç olmamış kimi
unutdurur” düşüncəsi var, yeri gəlmişkən, mən
Xocalıdakı dəhşətlərlə bağlı
xronikaya baxanda da oxşar duyğuları yaşayıram, bəlkə
Feysəl Abdulun da hərəkətverici qüvvəsi budur, əlbəttə
hökm vermirəm, doğrusunu yenə və yalnız Allah
bilir, günahkar ehtimallara görə O məni
bağışlasın.
5.
Memarı yapon
mənşəli Minoru Yamasaki olan məşhur binalar artıq
yoxdur. Rəsmi
təbliğat bu dəqiqliyə bir şeyi əlavə edir
ki, bu hadisə islam terrorçuları tərəfindən
törədilib. Hadisələrin isti-isti
vaxtında bir fələstinlinin bu dəhşətli hadisəni
necə sevinclə qarşıladığını,
atlanıb düşdüyünü göstərən video
süjetin dəfələrlə bütün dünya
telekanallarında göstərildiyi yadınızdadı.
İslam terrorizmi artıq ABŞ siyasi
doktrinasının ən vacib ünsürüdü desək,
yanılmarıq. Amma mən bu
düşüncəni, bu siyasəti bütün dünya
üçün yanlış və zərərli hesab edirəm.
6.
Terror və terrorizm
anlayışları siyasi leksikona artıq 200 ildən az bir zamandı ki, daxil olsa da, onun qədim
kökləri haqqında adətən
danışılmır. Yeni eranın
66-73-cü illərində Roma imperiyasının işğal
etdiyi Qədim İudeyada yaranmış sikarilərin dini
sektası ilk terror qruplaşması sayıla bilərdi. Onlar Roma məmurları ilə yanaşı, onlarla əməkdaşlıq
edən həmvətənlərini də terrorçu edirdilər.
Amma müasir terrorizmin kökü Fransa
inqilabı dövrünün hadisələri ilə
bağlıdır, ilk terrorizm məhz inqilabi terrorizm
sayılırdı. Məhz
inqilabçı-terroristlər – babuvistlər, blankistlər və
anarxistlər Qərbi Avropada, rus xalqçı-inqilabçıları
isə Rusiyada terror dalğalarını
alovlandırırdı. Bu gün isə terrorizmin dini,
etnik, siyasi, sosial xislətli çoxlu növləri olsa da,
dünya mediası daha çox islam
terrorizmindən danışmağa meyllidi, halbuki terrorçu
üçün qətlə yetirəcəyi insanlar da, guya
daşıyıcısı olduğu istənilən ideya da
yalnız vasitədi. 11 sentyabr hadisələri və
sonra baş verənlər bunu sübut elədi.
7.
Əslində
11 sentyabr adi bir gündü. Bu gün fransız
poeziyasının klassiki Pierre de Ronsard da anadan olub,
müasirimiz, tanınmış litva-polyak şairi Tomas Venslova
da. Bu gün səssiz kinonun əfsanəsi
Asta Nielsen, görkəmli amerikan kinorejissoru Brian De Palma da
doğulublar, tanınmış ingilis yazıçısı
Herbert Lourens də. 1986-cı ilin bu günü
Polşada bütün siyasi məhbusların azad olunması da
elan olunub, ABŞ da isə düz 20 il əvvəl ata Buş
soyuq müharibədən sonra ilk dəfə olaraq, sonradan
siyasi terminə, yaxud kateqoriyaya çevrilən “yeni dünya
düzəni” sözlərini işlədib, Pinoçet
çevriliş edib, Xruşşov vəfat edib və sair və
ilaxır. Nəhayət, günəş indiki təqvim
içində 733 650 dəfə doğub və qürub edib.
Anna Axmatova yazırdı ki, 20-ci əsr 1901-ci ildən yox,
17-ci il üsyanından başladı. Bəlkə həmin əsr elə 11 sentyabr hadisələri
ilə də bitib, bunu demək də olar, deməmək də.
Və dəqiq olan budu ki, sərnişin təyyarələrinin
qaçırılması və Dünya Ticarət Mərkəzi
binalarını və Pentaqonu taran nəticəsində 11
sentyabr 2001-ci ildə ABŞ-da, Nyu Yorkda kütləvi
qırğına səbəb olan hadisə baş verib.
Həmin gün və sonrakı müddət ərzində 19
terrorçu da daxil olmaqla 3000-ə yaxın adam
ölüb. Tanınmış və istedadlı Azərbaycan
yazıçısı Rəşad Məcid bu haqda, bəlkə
də daha çox başqa şeylər haqda öz
dünyagörüşünü və həqiqətini ortaya
qoyan, bu gün, hadisələrin baş verdiyi gündən bu
yana elə həmin 11 sentyabr da daxil olmaqla 10-cu dəfə
yaşadığımız sentyabr günlərində,
orijinal da daxil olmaqla 11 dildə olan “10 sentyabr” hekayəsini
yazıb.
8.
“10 sentyabr” hekayəsi
haqqında nəşr olunduğu ilk günlərdən bu yana
görkəmli ədəbiyyatçılarımız – Xalq
yazıçıları Anar və Elçin, habelə Ramiz
Rövşən və yəqin mənim bilmədiyim
başqaları sanballı rəylər yazıb, fikirlər
söyləyib. O fikirlərin fraqmentləri kitabın arxa
üzündə yer alıb və onları təkrarlamaq istəmirəm.
Amma istedadlı şair və tənqidçi Bəsti Əlibəylinin
həm o fikirlərin sırasında yer almış, həm də
Rəşad Məcidin daha əvvəlki kitabına (yeri gəlmişkən,
həmin kitab da “10 sentyabr” adlanır) giriş yazısı
olan məqaləsindəki bəzi fikirləri, hesab edirəm,
çox dəqiqliklə söylənib. Bəsti xanım
giriş məqaləsində yazır: “Aydınlıq. Sadəlik. Sadəlikdə
ciddilik. Və realizm. Bu dörd
ünsürün vəhdəti Rəşad Məcidin nəsrinin
qısa formulasıdır... “10 sentyabr” hekayəsində
isə bu dürüstlük əsas uğur amilidir.
Heç kim heç kimin kitabını oxumayıb öz
qınına çəkildiyi 15 illik dönəmdə
gözlənilməz rezonans doğuran, özü də
yalnız ədəbi mühitdə deyil, cəmiyyətin ən
müxtəlif zümrələrində geniş müzakirələrə
səbəb olan hekayənin başlıca uğuru,
şübhəsiz ki, dəqiq müşahidə ilə
bağlıdır. Əgər türkiyəli tərcüməçi,
yaxud orta asiyalı şəxs hekayəni oxuyub müəllifin
elektron ünvanına məktub yazırsa ki, sadəcə adam
və ölkə adlarını dəyişəndə “10
sentyabr” əlahiddə olaraq Azərbaycanın deyil, həm də
Türkiyənin, Orta Asiyanın və qeyri-ölkələrin
reallığıdır, deməli yazıçı
çağdaş dünyanın ən həssas
damarını da səhvsiz tutub...” Tamamilə
doğrudur, əsər bu mənada bəşəridir. Amma həm də reallıq və realizm
prizmasından baxanda, onun yalnız Azərbaycana xas əvəzsiz
detallarını görmək olar. Adlar,
şəhərin personajların hərəkət etdiyi “xəritəsi”,
mentallıq. Üstəgəl, Azərbaycana
və eləcə də bizimlə sovet taleyini
bölüşən digər respublikalara xas son 20 illik tarix və
sair. Hekayədə dəqiqliklə verilmiş elə
cümlələr var ki, onları yalnız bu tarixi
bütünlüklə öz dərisində hiss edən və
hələ də özündə gəzdirən insan deyə
bilər: “...Sovet dağılanda müdafiə eləməyə
hazırlaşırdı. Sonra elm-filan yaddan
çıxdı...” “Elm-filan” o qədər dəqiq,
böyük və təəssüf doğurucu yük
daşıyır ki. Belə təyinlər çoxdu...
Bəsti Əlibəylinin digər
fikri də çox qiymətlidir: “Son onilliyədək nəsrimizdə
sosial-psixoloji yöndə mövzulara müraciət
üstünlük təşkil edib. “10 sentyabr” hekayəsində
bu xətt gözlənilməzliklə, həm də
dünyada gedən siyasi proses bədii müstəviyə
çıxarılmaqla baş verir. Bu, Rəşad Məcidin
qloballaşmanın ədəbiyyat qarşısında da yeni
missiya qoymasını duyduğundan irəli gəlir...” Az əvvəl bəşərilikdən
danışdıq, amma indiki məqam artıq bir özgə bəşərilikdir,
bu müəllifdən artıq ictimai (=siyasi) düşüncə
tərzi, yanaşma tələb edir ki, əslində bədii ədəbiyyatda,
xüsusən hekayədə bunu göstərmək, eləmək,
büruzə vermək bəzən şüuri, bəzən də
təhtəlşüur olsa da az-az adama müyəssər
olur. Rəşad Məcid isə, elə öz sözü ilə
desək, həm də siyasətçidir, düzdü, bunu
sırf ədəbi ehtirasla yaşayan ədəbiyyatçıların
çevrəsində gülə-gülə deyir, amma
düşünürəm, o, qəlbinin dərinliyində, ədəbiyyatçı
+ siyasətçiliyin daha üstün, daha ağır çəkili
olması qənaətindədir.
“10 sentyabr”
hekayəsinin bir neçə özəlliyi var. Hekayədə
əsas personajların adı “yoxdur”, hətta amerikalılardan
birinin adı belə baş qəhrəman tərəfindən
vizitkasında yarımçıq oxunur. “Yoxluq” çətin
həyat şəraitində olan adamların həyatda özlərini
itirdiklərinə, yox olma həddində olduqlarına işarə
kimi də başa düşülə bilər. Üstəgəl,
həmin yarımçıqlıq detalı isə bir tərəfdən
haqlı olaraq şəxsiyyət
yarımçıqlığına eyham (!) kimi də başa
düşülə bilərsə, o biri tərəfdən,
fikrimcə, bu hörmətli Bəsti Əlibəylinin bəşəriliklə
bağlı indiyə qədər sitat etdiyimiz fikirlərini təsdiq
edir, gücləndirir. Personajların portret ştrixlərinə,
situasiya boyalarına xüsusi yer ayırmadan, adi, publisistik
göstərmə və nəql etmə texnikası ilə
yazılan “10 sentyabr” hekayəsi mili mentallığı,
reallığı faş etməsiylə (sözünə
düz olsun deyə qızının cərrahiyyə pulundan
dostlarına qonaqlıq vermək kimi bir məqam ki, bunu Xalq
yazıçısı Anar hekayə ilə bağlı fikirlərində
dəqiq olaraq qeyd edir), bəzi adların (məsələn, Məşhədi
ziyarətdən sonra saqqal saxlayan, ağır-oturub batman gələn
İslamın) rəmzi yük daşımasıyla öz
yerində, amma daha çox aqibəti, dünyada baş verən
və ilk baxışdan əlaqəsiz görünən,
irili-xırdalı, lokal-qlobal bütün olayların bir-biri
ilə bağlı olması fəlsəfəsini ortaya qoymaqla
qiymətlidir.
9.
“10 sentyabr”
hekayəsində 11 sentyabr hadisələri haqda bir kəlmə
belə bəhs olunmur. Təbiidir və doğrudur. Çünki qanlı olay 1 gün sonra baş verəcək.
Yalnız sonda qadının ərinə
danışdığı yuxusu, nəyəsə eyham edir.
Amma nəyə? Konkretlik
yoxdur və bu çox yaxşıdır. Ustalıqla
düşünülüb. Sabah çox şey ola bilər. Necə ki,
yazımızın 7-ci hissəsində kiçik bir siyahı
vermişik. Başqa tərəfdən, bu həm əsərin
insani-hissi planda gücünü azaltmır, yəni hekayədə
baş vermədiyi kimi 11 sentyabr hadisələri reallıqda
olmasaydı da biz yenə qınadıqlarımızı
qınayacaq, xoşlanmadıqlarımızdan
xoşlanmayacaqdıq, və hekayəni bu mənada
“sığortalayır”, ona ikinci oxu qazandırır. Üstəgəl, lap başlanğıcda, Aleksandr
Ebonaidze ilə bağlı məsələyə də
aydınlıq gətirir. Hekayə
naşir və redaktorlar tərəfindən diqqətlə
oxunsaydı, mənə axıradək demədiyi
yanlış düşüncəsindən vaz keçərdi.
Amma kim bilir, bəlkə axıradək deməmək,
elə bunun dolayı yolla etirafı idi?!
11 sentyabr hadisələrinin
hekayədə “hələ baş verməməsi”
faktının sonuncu dəyərli tərəfi isə budur:
bizim bir-birimizə milli mentallıqlardan, xarakterlərdən
asılı olmayaraq (xatırlayın: qərblilər hətta
çemodanlarının otel otağına qaldıran portye,
yaxud xidmətçi personala səxavətlə çay pulu
verənlərdilər; hekayə kontekstində isə
sürücüyə ən azı maşının
sürüb gəldiyi yol üçün kiçik qonorar
vermək doğru və ədalətli olmazdımı?) qeyri-həssas
münasibətimiz hökmən hansısa xoşagəlməz
hadisəyə aparıb çıxarır. Millətlərin
taleyində qlobal olan isə insanların taleyində lokal
olandır. Bu gün hekayə iki cür oxuna bilər, 11
sentyabr hadisələrini nəzərə almaqla və onsuz;
maraqlı budu ki, ikinci variantı təsəvvür edəndə
hekayə itirmir, qazanır; hekayənin yazıq personajları
daha çarəsiz, ümidsiz görünürlər və sən
bir oxucu kimi həmdərd olmaya bilmirsən. Sanki
müəllif bütün dövrlər və nəsillər
üçün oxu variantını təklif edib, onsuz da
gec-tez bütün hadisələr unudulur. Babil
qülləsi yıxılmadımı, unudulmadımı?!
10.
Biz 10 dilə tərcümə
olunmuş, orijinalı ilə 11 dildə olan bu hekayəni
Bakıda, Azərbaycanda birlikdə niyə çap elədik? Buna lüzum
vardımı? Əvvəla, ordan başlayım ki,
“Dünya ədəbiyyatı” dərgisinin belə təcrübəsi
vardı, bir il əvvəl, elə yenə də sentyabr ayında,
mərhum və istedadlı, şəhid-şairimizin doğum
günü ərəfəsində (sağ olsaydı 40
yaşı olacaqdı) Ülvi Bünyadzadənin “Ömür
yolu” poemasını 5 dildə və təsis etdiyimiz “DƏB”
seriyasında nəşr etmişdik. Bu həm də
dərginin milli ədəbiyyatımızı dünyada təbliğ
strategiyamızın bir hissəsiydi, davamıydı.
Üstəgəl, hekayənin bir çox dillərə tərcüməsi
və müxtəlif ölkələrdə nəşri elə
“Dünya ədəbiyyatı”nın
sifarişiylə baş vermişdi. Yəni
dolayı yolla biz iştirakçısı olduğumuz prosesə
sanki bir nöqtə qoyurduq. Xüsusən
bunun üçün “rəqəmli” zəmin vardısa.
Çünki “10 sentyabr” hekayəsi 11 dildəydi
artıq, 11 sentyabr olayları daxil olmaqla hadisələrdən
sonra biz 10-cu dəfə sentyabr ayını
yaşayırdıq.
Eyni zamanda
fikirləşirik ki, bu polilinqva toplu müqayisəli tərcümə
işi ilə məşğul olanlar üçün dəyərli
bir töhfədir də. Niyə də kitabxanalarda, elmi mərkəzlərdə
olmasın?!
Və nəhayət, bu
istedadlı yazıçı Rəşad Məcidə, AYB
katibi, “525-ci qəzet” kimi dəyərli mətbu
orqanının baş redaktoru və istedadlı təşkilatçı
Rəşad Məcidovun bu gün ədəbi mühitimiz , gələcəkdə
isə ədəbiyyat tariximiz üçün də
işıqlı hadisə olan və xatırlanacaq “Gənc Ədiblər”
məktəbinə görə, dəyərli şairimiz Elxan
Zalla mənim təklifimiz əsasında yaranan “525 Kitab”
seriyasını dəstəklədiyinə, onu gerçəkləşdirdiyinə,
inkişaf elətdirdiyinə, iki il ərzində, “Qadın
yazarlarımız” seriyasındakı nəşrlər də
daxil olmaqla, üst-üstə 27 kitabın nəşrinə fədakar
əməyi ilə nail olmasına görə həmkarları
tərəfindən bir minnətdarlıq jesti
sayılmasını istədik.
Bir də deyin, son 20-30 ildə
ana dilimizdə yazılmış bir hekayənin az vaxt içində bu qədər dilə tərcüməsi
və nəşri faktı olubmu?
İnanıram ki, Rəşad
Məcidin yazıçı bioqrafiyasının ikinci “10
sentyabr” kitabı olan bu toplunun öz yeri olacaq, lap dəqiqi, bu
hekayənin dünya səyahəti bununla bitməyəcək.
Uğurlar!
1 sentyabr, 2010-cu il, Bakı
Səlim BABULLAOĞLU
525-ci qəzet.- 2010.- 9 sentyabr.-
S.28-29.