Gün keçdi
XATİRƏLƏR AXARINDA
Vasif Babayevi görəndə yadıma Arif Babayev düşür.
Sonra da yadıma Azər
Babayev düşür.
Vasifdən qabaq Arif müəllimi
tanımışam.
Vasifi tanıyandan sonra Azəri.
İndi nə Arif müəllim
var, nə də Azər. Allah bilir ruhları göyün
neçənci qatındadır. Amma düşünürəm
ki, harada, göyün neçənci qatında olsalar da, yəqin
mədəni, bilikli, hazırcavab, gülərüz və
zarafatcıl mələklər arasındadırlar. Ona görə
“mədəni, bilikli...” deyirəm ki, mələklərin
hamısı eyni cür ola bilməz. Robot deyillər ki,
bir-birlərinə bənzəsinlər! Yəqin peşələri
də müxtəlifdir, gördükləri işlər də.
Güman ki, mələklər arasında kinonu və
televiziyanı sevənlər də az deyil və hərdən
onlar göyün yeddinci qatına yığışıb,
Arif müəllimin filmlərinə də tamaşa edirlər...
Vasiflə tez-tez olmasa da,
arabir zəngləşir, imkan tapanda
görüşürük. Görüşlərimiz də
çox vaxt ya İçərişəhərin yuxarı
“qapısında” başlanıb, aşağı
“qapısında” qurtarır, ya da əksinə –
aşağı “qapısında” başlanıb, yuxarı
“qapısında” qurtarır. Hər dəfə də yolumuzu Mir
Mövsüm ağa ocağından və İçərişəhərin
gözmuncuğu sayılan məşhur tut ağacının
yanından salırıq, çünki köhnə içərişəhərli
kimi bu tut ağacının özü də Vasif
üçün müqəddəs bir məbəddir. Bu
ağacın dibində və həndəvərində
qalmış uşaqlıq illərindən söz açanda
artıq bəlkə yüzüncü dəfə fikrimdən
keçir ki, rejissor olmasaydı, turistlər üçün əla
bələdçi ola bilərdi Vasif. Elə sevdirərdi ki,
köhnə Bakını əcnəbilərə! Təkcə
onlara yox, – özümüzünkülərə də. Sehrləyərdi
onları söhbətlərilə. Neçə dəfə
elə özüm hiss etmişəm ki, İçərişəhərdən,
onun tarixindən, memarlıq abidələrindən,
“yaxşı atlara minib getmiş yaxşı kişilərindən”
danışmağa başlayanda daha bu dünyanın adamı
olmur Vasif, səsi sanki əsrlərin o üzündən gəlir,
adamı sirli-soraqlı bir aləmə çəkib
aparır.
Amma Arif müəllim
İçərişəhər sevgisini “yayımlamır” və
içində saxlayırdı. Həmkarlarına və
dostlarına bircə bu məlum idi ki, o İçərişəhər
damlarının vurğunudur. Elə bil ürəyinə
dammışdı ki, iyirminci əsrin sonlarında Qız
qalasından, qala divarlarından, Ağa ocağından, tut
ağacından, nəhayət, İçərişəhəri
ümumbəşəri möhtəşəm abidələr
sırasına yazmış YUNESKO-dan da utanmayan adamların hərəsi
qoltuğuna bir “layihə” vurub, hətta o qədim damlara da
müştəri gözü ilə baxacaq. Buna görə də
heç kəsə heç nə demədən İçərişəhər
damlarını poetik bir şövq və xəfif bir qüssə
ilə öz bədii filmlərinə –
“Uşaqlığın son gecəsi”nə, “Gün
keçdi”yə, “Bizi
bağışlayın”a...köçürür, onları
tarixə və tamaşaçılarına əmanət
verirdi.
1983-cü ildə
dünyasını dəyişəndə onun ruhunu şad etmək
üçün Vasif “İçərişəhərin əbədi
nağılı” adlı otuz dəqiqəlik sənədli bir
film çəkdi və onu Arif müəllimin xatirəsinə
həsr etdi. Film keçmiş İttifaqın Mərkəzi
Televiziyası ilə dəfələrlə nümayiş
etdirildi və bu, rejissor Vasif Babayevin yeni və uğurlu
yaradıcılıq işinin ucsuz-bucaqsız bir ölkədə
doğurduğu marağın göstəricisi oldu.
Mərkəzi Televiziya hər
sənədli filmi öz ekranına çıxarmırdı.
Çoxdanın söhbətidir,
İçərişəhərdə yenə başmaqseyrinə
çıxmışdıq. Qos-qoca tikililərin
qapıları, darvazaları yanından keçdikcə xəyalımda
suallar sıralanırdı. Görəsən, nə vaxt
tikilib bu bina? Hansı usta tikib? Kimin olub bina? Kimlər
yaşayıb burada?...
Vasif də bildiklərini,
eşitdiklərini və gördüklərini
xatırlayır, bələdçilik missiyasını yenə
də həvəslə yerinə yetirirdi. Qız qalasına, Xan
sarayına həmişəki kimi xeyli tamaşa edib (yəqin
ki, bu vaxt biz itirdiklərini neçə əsr bundan qabaq
hörülmüş divarların, çopur-çopur
olmuş daşların üzərində axtaran adamlara bənzəyirdik
– Ə.A.), ikimərtəbəli köhnə mülklərdən
birinin qənşərinə gəlib çatanda dedi:
– Bilirsən də, mənim
bir tərəfim ağşalvarlılardan, özü də
onların Sirri-Xuda qolundan, bir tərəfim də
cuhudzeynallılardandır ki, bax, bu mülk də onlara məxsus
olub.
Düzü, o vaxt kimlərdən
olduğunu, kimlərin törəməsi olduğunu Vasifin yenə
dilə gətirməsinin səbəbini bilmədim. Amma
sonralar anladım ki, ulularını, kimlərin kimsənəsi
olduğunu mənə yox, yeri düşdükcə
özünə xatırladır.
Kökündən
üzülməmək, qopmamaq üçün
xatırladır.
Kökündən qopan
ağacın taleyi, aqibəti məlumdur: odun kimi
doğranır, ocaqda yanır, külə dönür...
Elə o vaxt Vasifdən
soruşdum ki, yaxşı, ağşalvarlıları başa
düşdüm, deyilənə görə ruslar Xəzər
sahillərinə – Bakıya, Lənkəran tərəflərə
gələndə yerli sakinlərin cəsur dənizçilər
olduqlarını görüb, onları öz gəmilərinə
cəlb edir və bu zaman onlara ağ dənizçi
şalvarı geyindirirmişlər. Beləliklə də
İçərişəhərdə sizin
ağşalvarlılar məhəlləsi və yaxud
ağşalvarlılar icması əmələ gəlib. Bu
fikir nə dərəcədə doğrudur, deyə bilmərəm.
Bunlar eşitdiklərimdir. O ki qaldı Sirri-Xudaya, bunu da izah
etmək mümkündür: görünür, nəslinizin –
kökünüzün həyatında elə hadisələr,
elə məqam və mətləblər olub ki, bunları
eşidənlər, görənlər çaş-baş
qalıblar, qəribəliklərin açmasını tapa
bilməyiblər və təəccüb içində
bunları ilahi bir sirr kimi qəbul ediblər. Bəs
cuhudzeynallılar kimlərdir, sənin babana bu ayamanı niyə
yapışdırıblar?
Sualımı verəndə
biz artıq metronun “İçərişəhər”
stansiyası tərəfdən qala divarlarına gəlib
çatmışdıq. Vasif dayanıb, sağına-soluna
baxdı, sonra da yavaşdan dedi:
– Qulağını bəri
tut...Mənim babam, yəni anamın atası Zeynal kişi
çox varlı adam olub. Amma bir az...Əşşi, bir az yox
ey, lap əməlli-başlı simic olub. Camaat da bunu
görüb, adını Cuhud Zeynal qoyub və beləcə
bizim bir tərəfimiz dönüb olub cuhudzeynallılar...
Çiyinlərimi çəkib
dedim:
– Bir vaxtlar sənin də, mənim
də yəhudi tanışlarımız, həmkarlarımız
çox olub, amma onların arasında mən simicinə, xəsisinə
rast gəlməmişəm və hətta bədxərclik edənlərini
də görmüşəm. Maraqlıdır: içərişəhərlilər
xəsisləri niyə məhz yəhudilərə
oxşadıblar görəsən?
Bu dəfə Vasif
çiyinlərini çəkdi:
– Nə bilim?! Camaatdır
da...O ayamanı necə yoğurub yapıblarsa, hələ də
qopub düşmür. Amma burada bir iş var, axı. Məgər
sən Zeynal kişinin vaxtındakı yəhudiləri
görmüşdün? Nə bilirsən ki, onlar simic olmayıblar?!
– Düz deyirsən, o
vaxtın yəhudilərini görməmişəm və
görə də bilməzdim. Hər ikimiz – həm sən, həm
də mən qırxıncı ilin sentyabrında
doğulmuşuq, amma dünyaya sən məndən altı
gün tez göz açmısan. Sən görməmisənsə,
mən necə görəydim?! Amma altı gün ora, altı
gün bura – bu, prinsipial deyil. Gör mən nə fikirləşirəm:
deyirəm, bəlkə baban çox ağıllı
olduğuna görə adını Cuhud Zeynal qoyublar?
Vasif ürəkdən
gülüb cavab verdi:
– Ola bilər...Hər şey
ola bilər...Yəqin elə sən deyəndir,
ağıllı olub ki, pulu da, malı-mülkü də olub.
Nə qədər olub, – deyə bilmərəm, çünki
o puldan şəxsən mənə heç nə
çatmayıb. Amma burada pula qətiyyən dəxli olmayan
bir məsələ var ki, mənim üçün hələ
də qaranlıqdır: dəqiq bilirəm ki, bizimkilərin
arasında incəsənət adamları olmayıb. Atam
Hacağa nəqliyyat işçisi olub və uzun müddət
böyük bir nəqliyyat idarəsinə rəhbərlik
edib. 1941-1945-ci illər müharibəsindən sonra isə
neçə il Bakının baş “bazarkomu”, yəni kolxoz
bazarları idarəsinin rəisi vəzifəsində
çalışıb. Əlağa əmim həmin o müharibə
illərində Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin katibi olub. Davadan sonra
İrana gedən ilk sovet nümayəndə heyətinə rəhbərlik
edib, sonralar isə “Azərittifaq”ın sədri kimi uzun illər
səmərəli fəaliyyət göstərib...Bunlar ağşalvarlılardır
ha!..Cuhudzeynallılar da iş-güclə məşğul
olublar, amma tutaq ki, musiqiçi, rəssam, yaxud da
yazıçı kimi tanınmayıblar. Kişilər pul
qazanıblar. Yaxşı, bəs onda necə olub ki, “bazarkom”
Hacağanın beş oğlundan üçü televiziya və
kino rejissoru olub?! Bax, Sirri-Xuda budur ey!..
Sözünü kəsib, əlavə
etdim:
– Özü də biri əməkdar
incəsənət xadimi, biri xalq artisti, biri də
teleinformasiya proqramlarının virtuoz rejissoru. – Sonra da
gülümsəyib dedim:
– Görünür, sizinkilərdə
incəsənətə, xüsusilə də kino sənətinə
gizli bir sevgi olub və bu sevgi nəslin üç nümayəndəsinin
timsalında üzə çıxıb, parlayıb. Amma
bununla belə, mənim üçün də bir məsələ
qaranlıqdır: bir dəfə də eşitmədim ki, Arifə,
Azərə “Cuhud Arif”, “Cuhud Azər” desinlər. Səni isə
çoxları Cuhud Vasif kimi tanıyır. Bəlkə bu da
sirri-xudadır?
– Doğurdan a...a!...
Vasif bu sözü
dünyanın ən sadəlövh adamı kimi dedi və əlavə
etdi:
– Bilirsən, biri var ki,
mal-mülk varisi olasan, biri də var ki, əslini-nəslini
tanıdan adın varisi olasan. Bizə – mənə və
qardaşlarıma ata-babadan yalnız
çalışqanlıq, xeyirxahlıq, zövq, Azərbaycana,
Bakıya və İçərişəhərə sevgi
miras qaldı. Mən isə üstəlik rəmzi bir ayama
varisi də oldum və nəslin adının
daşıyıcısı kimi bununla fəxr edir, qürur
duyuram...
Vasiflə bəzən
ayaqüstü, bəzən də “fundamental” söhbətlərimiz
çox olub. Axı, bizim qırx altı illik
tanışlığımız qaradinməz adamların
tanışlığı olmayıb – demişik,
gülmüşük, mübahisə etmişik,
mısmırığımızı sallayıb
küsüşmüşük, hətta bir-birimizdən
incimişik də! Amma inciklik bir-iki gündən çox
çəkməyib, çünki bu incikliyin kökündə
şəxsi maraqlarımız, deyil, həmin o “fundamental”
söhbətlərin gedişində televiziya nəzəriyyəsi
və təcrübəsinə dair fikirlərimiz
dayanırdı. Yəni televiziya – Həvva nənənin bu “cənnət
alması” bizi bircə anın içində
küsdürdüyü kimi, çox tez də
barışdırırdı və məlum olurdu ki, əslində
elə ikimiz də məsələyə eyni cür
yanaşırıq, amma birimiz bir “küncdən”, o birimiz də
başqa “küncdən”... Və sonra heç nə
olmayıbmış kimi, Moskvada keçirilən Azərbaycan
mədəniyyəti və incəsənəti günlərindən,
ötən əsrin yetmişinci illərində
respublikanın rəhbəri Heydər Əliyevin rayonlara və
şəhərlərə səfərlərindən,
keçirdiyi zona müşavirələrindən reportajlar
hazırlayan, pambıq tarlalarında – açıq səma
altında televiziya “mavi işıq”larını təşkil
edib, onları Azərbaycanın bütün ərazisinə
birbaşa yayımlayan xüsusi yaradıcı – texniki
qrupların tərkibində birgə
çalışırdıq.
O vaxtdan illər keçsə
də Vasiflə söhbətlərimin çoxunu nöqtə
– vergülünə qədər xatırlayıram.
Yaddaşımda o söhbətlərin mövzusu olan o qədər
hadisə, təklif, təşəbbüs qalıb ki!
Maraqlı və maraqsız, mənalı və mənasız
fikirlər, ideyalar, mübahisələr, replikalar...Yadıma
salanda bəziləri yenə düşündürür məni,
bəziləri isə yenə təəccübləndirir,
güldürür... Düşündürənlərini də
unutmamışam, təəccübləndirənlərini,
güldürənlərini də. Çünki elə bil hələ
həmin o illərdə ürəyimə dammışdı
ki, vaxt gələcək, Vasif Babayev televiziyanın və
televiziya rejissorluğu sənətinin inkişafında
xüsusi xidmətləri ilə təkcə Azərbaycanda
deyil, Moskvada da tanınacaq, çoxillik yaradıcılıq
axtarışları və nailiyyətləri dövlət tərəfindən
layiqincə qiymətləndiriləcək və mən də
onun barəsində yubiley sözü yazacağam.
Ürəyimə damanlar
çin oldu. Vasif respublikanın televiziya, kino və teatr xadimləri
arasında sayılıb-seçilən yaradıcı
insanlarından biri kimi məşhurlaşdı. Amma yalan
danışa bilmərəm, otuz-qırx il bundan qabaq mənim
ürəyimə bu qədər vəzifə, fəxri ad,
mükafat və sair dama bilməzdi: Azərbaycan
televiziyasının sabiq baş rejissoru və bədii rəhbəri,
1994-1996-cı illərdə “MİR” dövlətlərarası
teleradio şirkətinin direktoru, sonra “SARA” müstəqil
teleradio şirkətinin icraçı direktoru, Moskvada
Rusiyanın “İNTER-AZ” müstəqil teleradio şirkətinin
vitse-prezidenti, Azərbaycanda xalq artisti adına layiq görülmüş
ilk televiziya rejissoru, Beynəlxalq Televiziya və Radio
Akademiyasının akademiki, Kinematoqrafçılar
İttifaqları Konfederasiyasının və Peşəkar Azərbaycan
kinorejissorları Gildiyasının üzvü, keçmiş
İttifaqın “Televiziya və radio əlaçısı”,
beynəlxalq “Humay” və “Akademik Yusif Məmmədəliyev”
mükafatları laureatı, üstəlik də Azərbaycan
Prezidentinin fərdi təqaüdçüsü və təzə
bir fərdi mənzil mükafatçısı...
Azər də gəlməmişdi.
Arif Babayev televiziyada öz
yaradıcılıq məktəbini yaradıb getmişdi və
gedəndə də estafeti rejissorların artıq yeni nəslinin
nümayəndələrinə vermişdi ki, onlardan da biri
Vasif idi.
Vasif televiziyaya 1964-cü ildə,
hələ Dövlət İncəsənət İnstitutunun
tələbəsiykən gəldi və özü ilə qəribə
bir deyim, mənası anlaşılmayan bir ifadə gətirdi:
“Kasıb oğlanam, yetim oğlanam”. İşə təzə
köynəkdə, yaxud təzə gödəkcədə gəlirdi,
tay-tuş “Mübarəkdir!” deyib, əlavə edəndə
ki, “Əcəb yaraşır sənə!”, cavab verirdi ki,
“Neynim, kasıb oğlanam, yetim oğlanam”! Yaxşı bir
veriliş hazırlayırdı, təbrik edirdilər, o da təbriklərə
eyni sözlərlə cavab verirdi.
Amma çox tez bir vaxtda məlum
oldu ki, bu “kasıb və yetim” oğlan gecə-gündüz
yemədən-içmədən çəkilişlərdə
olmağı, montaj otağında yatıb qalmağı hər
şeydən üstün tutan, liderlik keyfiyyətləri ilə
seçilən, işgüzarlığı, səmərəli
yaradıcılıq axtarışları qibtə doğuran,
narahat bir gəncdir.
İşə rejissor köməkçisi
kimi başlayan V.Babayev vəzifə pillələrini sürətlə
keçərək, cəmi beş ildən sonra baş rejissor
oldu. Bu, nəinki sovet respublikalarının, hətta sosialist ölkələrinin
televiziyaları üzrə rekord bir göstərici sayıla
bilərdi.
(Yeri gəlmişkən deyim
ki, jurnalistlər arasında buna bənzər bir “rekord” da
AzTV-yə məxsus idi: televiziyada işə
başlamağımın üçüncü ilində
–iyirmi beş yaşımda – Teleradio Komitəsi sədrinini
müavini Nəbi Xəzrinin təqdimatı və Komitə sədri
Ənvər Əlibəylinin xeyir-duası ilə proqram və
buraxılış baş redaksiyasının baş redaktoru təyin
edildim. Bundan bir həftə sonra SSRİ Televiziya və Radio
Verilişləri Komitəsi sədrinini müavini
Çernışov ölkə televiziyaları rəhbər
işçilərinin Moskvada keçirilən müşavirəsini
açarkən dedi: “Bakılı həmkarınızı təbrik
edə bilərsiniz. Bu gün o, Sovet İttifaqında ən gənc
baş redaktordur”).
Onun
yaradıcılığının qızıl dövrü
Azərbaycan televiziyasının tarixində silinməz iz
qoymuş iki böyük yaradıcı insanın – xalq
şairi Nəbi Xəzrinin və professor Elşad Quliyevin
adları ilə bağlıdır. Azərbaycan
televiziyasına rəhbərlik edərkən Nəbi müəllim
burada yaradıcılıq mühitinin işıqlanmasına,
rasional eksperimentlərə, fikir sərbəstliyinə yol
açır, sözün qədir-qiymətinin uca
tutulmasına çalışır, jurnalistlərə,
rejissor və operatorlara aşıladığı poetik
zövqün parlaqlığını sözlə təsvirin
vəhdətində görmək istəyirdi. Nəbi Xəzridən
sonra əvvəlcə televiziyaya, daha sonra isə həm də
radioya rəhbərlik edən Elşad Quliyev öz sələfinin
yaradıcılıq prinsiplərinə hörmət bəsləyib
yaşatmaqla bərabər, televiziyaya beynəlxalq təcrübəni
və kütləvi informasiyanın bu qüdrətli vasitəsinə
elmi yanaşmanı gətirdi, Azərbaycan televiziyasını
keçmiş sovet ölkəsinin ən qabaqcıl
televiziyaları sırasında görmək arzusunu gerçəkləşdirdi.
Onların hər ikisi Vasifin
rejissorluq istedadını yüksək qiymətləndirir və
mühüm məsələlərin müzakirəsində
onun iştirakını vacib sayırdılar.
Maraqlıdır ki, vaxtilə
Nəbi Xəzrinin ssenarisi əsasında Bolqarıstana həsr
olunmuş “Qızıl güllər diyarı” filmini çəkmiş
Vasif sonralar “Nəbi Xəzri” adlı sənədli lentində
unudulmaz xalq şairini və onun poeziyasını
tamaşaçılara sevə-sevə təqdim etdi,
böyük televiziyaçı Elşad Quliyev
dünyasını dəyişəndə isə onun xatirəsinə
ehtiramını “Televiziyanın xaç atası – Elşad
Quliyev gözlərini yumdu” (“Şərq qapısı” qəzeti,
28.05.2008) və “Elşad Quliev – telegpoxa” (“Zerkalo” qəzeti,
05.07.2008) adlı məqalələri ilə bildirdi.
İndi isə mən
yaşıdlarımın yaddaşına müraciət etmək
istəyirəm və inanıram ki, rejissor V.Babayevin
televeriliş və filmlərinin adlarını oxuduqca,
onların qəlbini həzin və isti bir nostalgiya
döyündürəcək.
“Hər çinardan bir
yarpaq”, “Arzular” musiqi poçtu, “Mahnı şəhəri gəzir”,
“Nəğməli bağ”, “Yaradıcılıq portretləri”,
“Korifeylər”, “Axşam görüşləri”, “24 saat”,
“Dalğa”, “Görüşlər, xatirələr”, “Şənbədən
şənbəyə”, “Dostluq” konsert studiyası”, “Asiman”, “Ədəbi
üfüqlər”, “Həftə”... Bunlar onun yalnız Az TV-də
hazırladığı silsilələrdir və buraya əlavə
ediləsi hələ çox işlər var ki, onlardan biri də
“Yeni il mavi işığı”dır. V.Babayev 1969-cu ildən
başlayaraq, düz on səkkiz il ərzində bu bayram
verilişlərinin quruluşçu rejissoru olub. 1988-ci ildə
isə o, jurnalist Nadejda İsmayılova ilə birlikdə Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsinin arxivində
araşdırmalar aparıb, Mikayıl Müşfiqin, Abbas Mirzə
Şərifzadənin, Ülvi Rəcəbin, Ruhulla Axundovun,
Hüseyn Rəhmanovun və Salman Mümtazın şəxsi
işlərindəki sənədlər əsasında
repressiya qurbanları barəsində silsilə verilişlər
hazırlayıb.
1970-1982-ci illərdə
V.Babayev şərəfli bir tapşırığa uğurla əməl
edib, Azərbaycanın lideri Heydər Əliyevin iştirakilə
keçirilən dövlət və hökumət tədbirləri
translyasiyalarının, canlı yayımlanan proqramların
aparıcı rejissoru olub. 1972-1987-ci illərdə isə o, həmkarı
Ramiz Həsənoğlu ilə birlikdə iki ildənbir
SSRİ Mərkəzi televiziyasından interviziya sistemi vasitəsilə
bütün Avropaya yayımlanan və Azərbaycana həsr
edilən verilişlərin müəllifi və rejissoru kimi də
tanınmışdı. Həmin proqramlarda ümummilli lider
Heydər Əliyev iştirak edirdi. Buradaca qeyd etməliyəm
ki, Heydər Əliyev haqqında televiziya və kino salnaməsinin
yaradıcılarından biri də Vasif Babayevdir.
Gəlib kinoya
çatdıq.
1966-cı ildə Leninqrad
televiziyası nəzdində ali televiziya rejissorları
kurslarını bitirmiş V.Babayev 40-a qədər sənədli
filmin müəllifi və rejissorudur. “Sahil bağı”,
artıq xatırladığımız “İçərişəhərin
əbədi nağılı”, “Qızıl güllər
diyarı” və “Nəbi Xəzri”, “Xuraman”, “Meksika
görüşləri”, “Qızıl yamaclar”, “Bakı –
Tümen”, “Azərbaycan təranələri”, “Xuraman on il
sonra”, “Xahiş edirəm, hazırlıq haqqında məlumat
verin”, “Quşlar üçün tələ”, “Ot kökü
üstə bitər” sənədli lentləri və Azərbaycanın
nailiyyətlərinə həsr olunmuş telefilmlər silsiləsi...
Bunların bir çoxu ümumittifaq telefilm festivallarında
diplomlara və xüsusi mükafatlara, priz və “Qran pri”lərə
layiq görülüb. Ötən əsrin 70-ci – 80-ci illərində
Vasif televiziyaya filmlərinin Mosrva, Leninqrad, Bakı, Kiyev,
Vladivostok, Tbilisi, Almaatı şəhərlərində
keçirilmiş ümumittifaq festivallarının münsiflər
heyətinin üzvü də olmuşdu və bu, rejissor və
istedadlı sənətkar kimi onun sayılması, nüfuzunun
etiraf edilməsi demək idi.
Həmin o səksən səkkizinci
ildə Vasif Babayevin həmkarları və Azərbaycan paytaxtının
ziyalı elitası onu həm də yurdsevər, lazım gəldikdə
müsəlləh bir əsgər olmağı bacaran insan kimi
də tanıdı. Və indi bu sözləri yazanda gözlərimin
önünə şahidi və iştirakçısı
olduğum o qədər hadisə gəlir ki!
Mayın 9-da Dövlət
Teleradio Şirkətinin sədri Elşad Quliyev Vasifə və
mənə dedi ki, “Azərbaycan KP MK-nin katibi Ramiz Mehdiyevin sizə
mühüm bir tapşırığı var. Tez Mərkəzi
Komitəyə gedin”.
Getdik. Ramiz müəllim bizi
oraya çatan kimi qəbul edib dedi:
– Burada məsləhətləşib,
qərara gəlmişik ki, təcili Moskvaya gedəsiniz. Məsələ
belədir ki, Henrix Borovik qrupunun aprelin 26-da Mərkəzi
televiziya ilə göstərilmiş “Pozisiya” verilişi birdən-birə
yenidən proqrama salınıb və mayın 12-də onu
ikinci dəfə efirə çıxarmaq istəyirlər.
Moskvada Mərkəzi televiziyanın rəhbərləri ilə,
lap Borovikin özü ilə görüşməyə
çalışmalı, Azərbaycan Respublikasına və
xalqına qarşı həmin verilişdə səsləndirilən
ittiham və böhtanların əsassız olduğunu
sübut etməli və bildirməlisiniz ki, Azərbaycan
ictimaiyyəti o verilişin təzədən nümayiş
etdirilməsinin qəti əleyhinədir. Çünki bu,
regionda vəziyyətin sabitləşməsi işinə zərbə
olar, Ermənistanı və Dağlıq Qarabağ
separatçılarını isə yeni fitnələrə
şirnikləndirər.
Sonra Ramiz müəllim bizə
Azərbaycan KP MK-nın mühazirəçilər qrupunun etiraz
məktubunu da verdi. Mərkəzi televiziyanın rəhbərliyinə
təqdim edəcəyimiz məktubda mühazirəçilərimiz
“Pozisiya”nın əsassız ittihamlar, böhtan və uydurmalar
üzərində qurulduğunu tutarlı dəlillərlə
bənd-bənd sübut etmişdilər.
Moskvaya elə həmin
gün, gərək ki, ikinci reyslə uçduq və oraya
çatan kimi Daimi Nümayəndəliyimizə getdik. Orada məsələdən
xəbərdar idilər.
Ertəsi gün səhər
Daimi Nümayəndəliyin rəhbəri, ikimizin də
çox yaxşı tanıdığımız Sənan
Axundovla görüşdük və xeyir-duamızı
alıb, Ostankinoya yollandıq.
...SSRİ Dövlət
Televiziya və Radio Verilişləri Komitəsi sədrinin
birinci müavini L. Kravçenko ədəbi-dram verilişləri
baş redaksiyasının baş redaktoru V.Yeqorovu, proqram
baş direktoru V. Trusovu otağına dəvət etdi. Sonra
üzünü bizə tutub gülə-gülə dedi:
– Dostlar, gəlin, elə edək
ki, söhbətimiz uzanmasın. O qədər iş var ki... Hə,
buyurun, dinləyirəm sizi.
Məktubu ona verdik və Azərbaycanda
kəskin etiraz doğuran məsələnin mahiyyətini izah
etməyə çalışıb dedik ki, Mərkəzi
televiziyanın hərəkəti adamlarda təəccübə
və çaşqınlığa səbəb olur. Moskvadan
bütün Sovet İttifaqına və xaricə translyasiya
olunan reportajlar, verilişlər onların müəlliflərinin
təfriqəçilərə xidmət etdiklərini
açıq-aşkar göstərir. Buna görə siz Azərbaycan
xalqının hiddətinin səbəbini anlamalı və
televiziya ekranında təxribatın qarşısını
almalısınız. “Pozisiya” onsuz da öz mənhus işini
gördü. Borovik və komandası daha nə istəyir? Məgər
aydın deyil ki, belə verilişlər ölüm hökmləridir?!
Axı Siz də, biz də televiziya işçiləriyik, həmkarıq
və bunu yaxşı bilirik ki, Ermənistanın ərazi
iddialarının bu cür verilişlərlə dəstəklənməsi
böyük faciələrə aparan yoldur. Doğrudanmı
sizə ölümlər, qanlar lazımdır?!
Söhbətin kəlməbəkəlmə
hafizəmdə və dəftərçəmdə
qalmış bir yeri:
L.Kravçenko: – Verilişin
proqramdan çıxarılması fikri real deyil. Bu məsələni
biz həll etmirik. Göstəriş yuxarıdan verilib.
Biz: – Yuxarıdan axı,
haradan? Lap yuxarıdan?
L.Kravçenko: – Yox, dostlar,
bu olmadı. Siz hər şeyi bilmək istəyirsiniz...
Biz: – Qəribədir! Axı
niyə də bilməyək?! Məgər aşkarlıq
deyil? Və bu aşkarlığı elə həmin o
“yuxarıdakılar” elan etməyiblər?
L.Kravçenko: – Belə
şeylərə bənd olmayın. Azərbaycanlıları
biz səbirli və təmkinli adamlar kimi tanıyırıq. Təmkininizi
pozmayın...
Ondan bir də soruşduq:
– Doğrudanmı
“Pozisiya”nı proqramdan çıxarmaq mümkün deyil?
Cavab verdi:
– O barədə heç
söz ola bilməz. Dedim ki, təşəbbüs bizim deyil.
Yuxarıda belə qərara gəliblər. Yaxşısı
budur, real işlərə keçək. Məsələn,
indi siz Vilen Vasilyeviçlə gedərsiniz, “Pozisiya”ya barəsində
nə iradınız varsa, ona deyərsiniz. Ağlabatan iradlar
olsa, verilişin müəyyən yerlərini bəlkə də
ixtisar edərik. Amma təkrar edirəm: mayın 12-də o,
mütləq efirə getməlidir...
V.V.Yeqorov zəkalı adam
idi. Bilirdik ki, elmlər doktorudur. Əvvəllər onu Azərbaycan
televiziyasına, onun rəhbərliyinə böyük rəğbətlə
yanaşan bir adam kimi tanıyırdıq. İndi də bizi
diqqətlə dinlədi. Verilişin mətnində səkkiz
yerdə ixtisarlar etdik. V.Yeqorovdan xahiş etdik ki, verilişin mətninin
çap edildiyi vərəqlərdə ixtisarları öz əli
ilə etsin, kənarda “Çıxarılsın”
sözünü yazıb, imzalasın. Vilen Vasilyeviç
“Baş redaktor kimi məsuliyyəti öz üzərimə
götürürəm”,- deyib, mətni qabağına çəkdi,
müəyyən olunmuş yerləri qələmi ilə
“qılıncladı”. Sonra da “Çıxarılsın”
sözünü yazıb imzaladı. (Verilişin mətninin həmin
nüsxəsini Bakıya qayıtdıqdan sonra Azərbaycan KP
MK-ya verdik. – Ə.A.)
Amma Mərkəzi
televiziyanın rəhbərliyi şərt qoydu: bu düzəlişlər
Boroviklə də razılaşdırmalıdır.
Həmin gün, yəni
mayın 11-də H.Borovik, ABŞ-dan qayıtmalıydı. Onun
evinə zəng edib tapşırdılar ki, aeroportdan zəng
etsə, qoy, əvvəlcə televiziyaya gəlsin...
Təqribən üç
saatdan sonra qapı açıldı və H.Borovik kandarda
göründü. Verilişi yenidən təhlil etməyə
başladıq. H.Borovik qulaq asdıqca əsəbiləşirdi.
– Qurtardınızmı? –
deyə axırda soruşdu,sonra da stolun üstündəki
kağızları qamarlayıb, L.Kravçenkonun yanına
getdi. Bir azdan qayıdıb gəldi və dedi:
– Vozmojno v vaşix slovax
estğ rezon. No gta moə poziüiə. Nikakix sokraheniy,
izmeneniy delatğ ne budem.”
Mayın 12-də “Pozisiya” Mərkəzi
televiziya ilə yenidən göstərildi. Bu dəfə onun bəzi
yerləri azacıq “yumşaldılmışdı”. Amma əsas
məsələ bu deyildi: biz artıq bilirdik ki, “Pozisiya” əslində
sovet rəhbəri Mixail Qorbaçovun mövqeyidir və ən
dəhşətlisi də elə bu idi.
Bakıya qayıdanda təyyarədə
bələdçi qızın verdiyi qəzet və
jurnalları könülsüz-könülsüz vərəqləyir,
nə axtardığımızı heç özümüz
də bilmirdik. Birdən Vasif əlindəki jurnalı qabaq
oturacağın dal “cibinə” dürtüb dedi:
– Bilirsən, nə
düşünürəm bayaqdan? Düşünürəm
ki, indi bizə döyüşən televiziya, döyüşən
radio və döyüşən mətbuat lazımdır. Yəni
bizə öz “Pozisiya”mız lazımdır. Azərbaycan
televiziyası səngərə girməli, müqavimət
göstərməli, hücuma keçməlidir...
O vaxtdan da Vasif Babayev
döyüşən televiziyanın əsgəri oldu və
indi də o, döyüşkən bir TeleMetrdir. (Jurnalist Mir
Şahinin ANS-dəki “Milli Metr”i düşdü yadıma).
Mən Vasif haqqında
söz söyləmək istəyirdim. Amma deyəsən, bu,
rejissor qardaşlar – Babayevlər haqqında, bizim
çox-çox uzaqlarda qalmış illər, televiziya və
ömrünü ona həsr etmiş insanlar haqqında söz
oldu.
Vasifi mən bütün
bunlardan ayırmağı bacarmadım və ayırmaq istəmədim.
Bəs, yazının
adı? Nə üçün məhz “Gün keçdi”?
Doğrudanmı bizim
günümüz keçdi?
Yox, elə deyil. Gün
keçməyib hələ.
Yazıya belə bir ad
seçməklə mən sadəcə olaraq, Ariflə Vasif
arasındakı sənət bağlılığına
işarə etmək istədim...
Ələkbər Abbasov
525-ci qəzet.- 2010.- 9 sentyabr.- S.24-25.