Məsələn, belə...
(esse)
Məsələn,
yazıya belə də başlaya bilərəm:
A.Fadayev deyirdi: “Nə
yaxşı ki, dünyada
Səməd Vurğun var”.
Səməd Vurğun ova
da gedirdi, saz da çalırdı. Zaman o zamandı ki, adamı gərək saznan
qandırasan. Söz ayrıdı, saz ayrı. Saznan qandırılan
yaddan çıxmır. Saz
nədir? Sazın formasına fikir vermisinizmi heç?! O, açara oxşayır. Bu
açarla türk təfəkkürünün
ən gizli kodlarını açmaq
mümkündür. Bu
xalqı sazdan, sazı da
xalqdan ayrı tutmaq olmaz!!! Və ya belə də
başlamaq olar
yazıya: Subay ölsəm deyərsən
ki, İçində bir
qız apardı. Bu şeiri
Qılman ağlayıb. Doğrudan da hər oğlan həm də
bir qızdı. Demək, harada
bir oğlan
ölürsə, hardasa bir
qız da ölür.
Harada bir əsgər oyaqdısa, demək hardasa bir ana,
bir qız da yatmayıb. Gənc dostum
elə bil ki, şeirlərini öz səsinə yazıb. Bəlkə şeiri kitabdan
ayırmaq, qopartmaq, şeiri səsə köçürmək lazımdı
elə? Oxucu şeiri
səsdən daha yaxşı əxz eliyə bilir. Qılman sazdan gəlib, sazın sirlərindən, pərdələrindən
doğulan, aşıq
yaradıcılığından, şifahi xalq ədəbiyyatından – Dədə
Qorquddan, qopuzdan süzlüb gələn türk şeirini müasir dövrümüzdə
yeni təfəkkür
tərzi ilə davam etdirir. Türk dilinin gözəlliyi, dərinliyi, dadı məhz bizim nağıllarımızda və
dastanlarımızdadır. Yazıçı üçün folklor ən gözəl kompasdır.
Əgər, bu kompas varsa, yazıçı
özünü itirməyəcək,
əsla! Bəlkə belə başlayım yazıya, məsələn,
bu cür: Düzdü, müasir dövrümüzdə dünyanın
texniki yenilikləri ilə yanaşı elə bil şeiri
də elmiləşir,
riyaziyyat qədər dəqiqləşir. Əgər belə
demək mümkünsə,
görürsən ki,
şeir artıq get-gedə ilham həndazəsindən kənara
çıxır. Ancaq Qılman
öz ilhamını çağıra bilir və daha dəqiqi
şeirlə məşğul
olmağı bacarır.
Demək, Yunis Əmrənin, Qaracoğlanın,
Aşıq Ələsgərin,
Səməd Vurğunun,
Hüseyn Arifin, Zəlimxan Yaqubun, Sərraf Şiruyənin başlanğıc götürdüyü
və xalqın bədii yaddaşına daha yaxın olan, onun milli-psixoloji
ovqatını, ruhunu,
düşüncəsini ifadə
edən min illik oğuz şeirinin bulaqları bu gün də ədəbi həyatımızda
qaynayır. Yaxud, bu cür də
başlamaq olar yazıya, məsələn,
belə: Həqiqət
həmişə uzaqda
olur. Mənsə uzaqları daha
yaxşı görürəm.
Lap uzaqlara, ürfan
şeirinə – şəriət,
mərifət, təriqət
və həqiqətə
içim daha yaxındı. Qılmanın da şeirləri müəyyən mənada
bu axardadır, həmin ruhdadır. Onun şeirləri təkcə
nəyinsə mənasını
dəyişmək, hadisənin
yanına təkrir – anafora, epifora, metafora, epitet qoşmaqdan ibarəd deyil, bu şeirlərin
enerjisi, gücü, ümumilikdə məzmunda,
hadisənin özündədir.
Qoy buradan başlayım ee yazıya, oktyabr ayından. Təhsil aldığım universitetdə
(Bakı Dövlət
Universiteti) neçə-neçə
tələbə-oxucu tanıyıram
ki, Qılmanın şeirlərini dodaqlarında
semiçka kimi çıtlaya-çıtlaya o baş-bu başa var-gəl edir. Düzü, mən tanış eləmişəm tələbələrlə
bu şeirləri. Heç vaxt yadımdan çıxmaz, həmişə
xatırlayanda gülürəm
bu hadisəni. Universitetin dəhlizində durmuşdum,
gördüm ki, şipşirin bir qız yanımdan ötüb getdi. Keçərkən belə
dedi: Dilimin altında sərçə
böyüdüb, Ağzımı
açanda “quş” çıxartmışam. Bildim ki,
qız Qılmanın
şeiri ilə mənə söz vurur. Mən də arxasınca
gülümsədim. Bu
o demək idi ki, ay qız, axı sən mənim şeirlərimi sevirdin? Noldu bəs?! Başdan başlayacam
ee, alınmır bu yazı. İlk gündən, lap Gənc Ədiblər Məktəbindən. Gördüm uzaqda heca vəzninə
oxşayan bir oğlan durub. Mən də bu başda
durmuşdum. Qoy belə
də deyim, elə mən də sərbəst şeirə oxşuyurdum.
Yaxın
gəldi. Görüşdük.
Dedi, düşək Sabir bağına. Elə bil həyatımızı
itirmişdik burda – bağda. Hardansa başlayıb, milyon
ildir yol gələn külək saçlarımızda gülür,
telimizlə heç yola getmirdi. Tanışlığımız da elə burdan başladı. Dost olduq. Və
həmin yağışsız
günlərin birində
Qılmana dedim: Mənim ən yaxın dostum atamdı. Acı bir təəssüflə
üzümə baxdı.
Upuzun bir həsrət vardı gözünün
ucunda. Əlini döş cibinə
salıb ağ-qara bir şəkil çıxartdı. Elə bil,
şəklin xatirəsi
önündə sükuta
daldı. Susan adamı dinləmək nə gözəlmiş.
Əslində bu sükutun
özü qışqırmaq
idi. Sən demə, Qılmanın dostu lap balacalığından
yoxmuş... Kövrəldim.
Kəramət BÖYÜKÇÖL
525-ci qəzet.- 2010.-
9 sentyabr.- S.22.