Çiçəkli
Yazının sirri
Bir neçə həftə öncə dostlarla söhbətləşirdik. Əlimdə “525-ci qəzet”in şənbə sayı vardı. Kamal Abdullanın “Unutmağa kimsə yox...” romanından parçalar yenicə dərc olunmağa başlamışdı. Romanın adını oxuyan dostlardan biri sevdiyi musiqini təkrar eşitmiş adam kimi başını razılıqla yellədib dedi, nə gözəl addır. Mənə isə təsir edən Kamal müəllimin romanının adındakı ilk baxışdan lirik ovqat yox, roman barədə anons cəlb etmişdi. O elandakı tezislər istənilən adamı intizarda saxlamağa bəs edirdi. Öz adıma deyim ki, qəzetdə və ya jurnalda hissə-hissə , parça-parça roman oxumağı heç vədə sevməyən bir oxucu kimi elandan sonra səbrsizliklə növbəti həftənin sonunu gözləməyə başladım. Öz-özümə “unutmaq” sözünün məndə yaratdığı assosiasiyadan elandakı tezislər düşünməyə başlamışdım ki, romanda hadisələr necə ola bilər. Bu hiss yəqin ki, hamımızda olub. Televizorda maraqla baxdığımız bir filmin ortasında reklamlar verilir və filmin növbəti hissəsi ilə bağlı xəyal qurmağa başlayırıq. Beynimiz filmin yarımçıq yerdən davam etdirib, tezcə tamamlamaq istəyir. Bəzən baş qəhrəmanın yerinə özümüzü qoyub fikrimizlə o qızı xilas edib, o şəhəri azad edib, o pis adamı cəzalandırıb, o açılmaz sirri faş eləyib öz qəhrəmanlığımıza sevinirik. Məndə də bax elə bu cür oldu. Fikirləşməyə başladım. Beynimdə özümdən min cür sujet düzəltdim, özümü hər dəfə müxtəlif situasiyaların içinə saldım. Birində cadugərin şagirdi oldum, o birində xəzinənim gizləndiyi yerin sirrini aşkar eləyən ağıllı səyyah. Hollivud sağ olsun, artıq hər şeydən bir az başımız çıxır. Romanın adındakı “unutmaq” sözü məni Aidin yeraltı ölülər səltənətinə apardı. Stiks çayının sularına and olsun ki, düz deyirəm.Ordakı Leta çayının sahilinə hamı fani olan hər şeyi unutmağa gəlirdi. Özlüyümdə iki şey düşündüm : birincisi unutmağa heç nəyi, heç kimi olmayan birini Leta çayı görən necə qarşılayır ? İkincisi hansısa vacib bir sirri, bilgini bilən birinin – vacib bir yerə aparan yolun xəritəsini yaddaşına yazmış bir səyyahın, ya da tutaq ki,Quranın və ya İncilin sonuncu nüsxəsini əzbər bilən bir Hafizin – Leta çayına tərəf məcburi addımlaması nə qədər prozaik vəziyyətdi. Azərbaycan ədəbiyyatında o qədər imza və o qədər cızmaqara adam eləcə Leta çayının sahilində bir az dincəlib hamısını birdəfəlik unutmaq istəyir. Nə yaxşı ki,ədəbiyyatımızda Kamal müəllim var və bircə anons bəs edir ki, düşünməyə başlayaq . Nəhayət o gün gəlib çatdı və romandan parçalar dərc olunmağa başladı. Bax indicə bu yazının bu hissəsini yaza-yaza bir şeyi də dərk elədim ki, hələ tam mətni dərc olunmayan bir roman haqqında yazmaq istədiyim nə qədər mətləb var. Hardan başlayım, necə başlayım, bilmirəm. Romanın personajlarından olan Bəhram kişinin kürəyini Vəng dağına söykəmiş evinin həyətində bir qoca Qarağac var. Kamal müəllim çox yaxşı bələd olduğu bu mifoloji arxetipi çox məharətlə təkcə Bəhram kişinin həyətinin tən ortasına yox, həm də romanın düz ortasında yerləşdirib. Ağac demək olar ki, bütün mifologiyalarda dünyanı simvolizə edir. Harda belə bir ağac varsa, dərinlərə gedən köküylə başlanğıcı, əvvəli, gözlə görünən tərəfi, yəni gövdəsiylə ortanı, real dünyanı və nəhayət göylərə boy atan tərəfi ilə axırı, sonu özündə birləşdirir. Ağac ilahi nizamın obrazıdır. Bəhram kişinin həyətində belə bir ağac var və yaşlansa da şuxluğunu itirməyən bu personajın həyatı uzun illərdi saat kimi nizamla davam edir. Kamal müəllim Bəhram kişinin həyətinə bircə Qarağac “əkməklə” oranı dünyanın mərkəzinə çevirir. Romandan bir cümləyə diqqət edək: “Həyətin dörd tərəfi hara baxsan alma ağacı idi, amma həyətin düz ortasında nə zamandan burda bitdiyi bilinməyən qol-budaqlı, görümlü və boylu-buxunlu bir ağac olan “Balaca” adlı Qarağacın misli və əvəzi yox idi.” Sadəlövh bir kəndli olan Bəhram kişi qocaman ağaca – Dünya ağacına “Balaca” adını verib. Halbuki onun öz adı var – Qarağac. İnsan böyüklüyü, qocamanlığı bəlkə də ona əzizləyici şəkilçilər artıra-artıra kiçiltdi. Bəlkə də elə Kamal müəllim də bunu demək istəyir. Romandan sitat gətirdiyimiz cümlədə ayrı ağac da var. Bu isə Adəmlə Həvvanın qovuşduğu və cənnətdən qovulduğu əhvalatın qoca şahidi olmuş həmin alma ağacıdır. Fikir verin həyətin dörd tərəfi (dörd cəhət, dörd ünsür, dörd qutsal kitab) alma ağacıdı, amma tən ortada “Balaca” adlı Qarağac var. Mənim işarə kimi, eyham kimi anladığım ayrı bir məsələ də ayaqyolunun alma ağaclarının arasında yerləşməsidi. Alma təkcə qadın-kişi birləşməsini yox, həm də cənnəti simvolizə edir və biz cənnət ağaclarının əhatəsində ayaqyolu tikmişik.Romanı oxuduqca , get-gedə səhifələri geridə qoyduqca nizamı ifadə eləyən ağacın animistikası yerini romanın mistikasına, əsrarəngizliyinə verir. Bir gün Bəhram kişi təsadüf nəticəsində (köpəyi Bozların yardımını unutmaq insafsızlıq olar ) evinin kürəyini söykədiyi Vəng dağının “ürəyinə daxil” olur. Bu həm də dünyanın ürəyinə daxil olmaqdı. Ürək dediyimiz odur ki, Bəhram kişi Vəng dağında bir mağara tapır. Mağarının içi keçilməzdi, qaranlıqdı. Dünyalılar üçün artıq dünyanın qəlbi kol-kosdan günəş işığı dəymədiyindən qaranlığa, zülmətə qərq olub. Bəhram kişini ilk dəfə girəndə vahimələndiyi yerdən yenə sadiq köpəyi Bozlar qurtulduqdan sonra artıq ora ikinci dəfə dəryazla gəlir. Dünyanın qəlbini təmizləyib, onu gün işığına çıxarır. Uzaq illərin o tayında qalan, sevdiyi Gülsümün ürəyini ovlaya bilməyən Bəhram kişi dünyanın ürəyini təmizləyib onun sahibi ola bilir. Gün işığı mağaraya düşən kimi bir sirr aşkar olur. Mağaranın divarlarında yazılar var. Dünya öz ürəyində nələri saxlayır, orda nələr yazılıb Bəhram kişi anlaya bilmir. Amma bircə şeyə o saat diqqət edir : yazılar çiçəyə bənzəyir. Elə o andan bu yazılara Çiçəkli yazı deyir. Sonralar şəhərdən gələn Professordan tutmuş kənd camaatına kimi hamı sözsüz bu adla razılaşır. Bəhram kişi arıçılıqla məşğuldu. Görünür yazıları da çiçəyə bənzətməsi arı-çiçək ilişkisi ilə bağlıdır. Kim bilir bəlkə elə onun arıları həm də dünyanın qəlbindəki bu çiçəkli yazının şirəsindən qidalanıb? Bunu romanın yalnız növbəti hissələrində biləcəyik. Şəhərdən kəndə bu yazıları deşifrə etməyə gələn gənc alim F.Q (niyə F.Q ? bunu da maraqla gözləyirəm ) Bəhram kişinin həyətindəki ilk günündə Böyük Ahəng barədə düşünür. Qarağacın altında kosmik harmoniyanı hiss edir. Kamal müəllim bu həyətdəki söhbətlərdə, personajların hər birinin qəlbindən keçənlərdə, o həyətin təsvirində hər dəfə oxucunu mistik, əsrarəngiz auraya salır. Heç bir sual işarəsi qoymadan cümlələri elə bil nəyəsə verilmiş suala çevirir və sən həsrətlə növbəti cavab-cümləni gözləyirsən. Amma yenə olmur. Artıq mətnin ovsununa düşürsən. Minotavrın labirintində azırsan. Arada Aridnanın sapı görünür amma sən onu tutanacan bir fəsil bitib, o biri başlayır. Beləliklə, bu sirli oyunun iştirakçısına çevrilirsən. Kamal müəllim hər dəfə personajların müxtəlif düşüncələrinə uyğun mətni ayrı-ayrı dövrlərə aparır və sən haqqında düşündüyün məsələnin intizarında qalırsan.Bir cavabı tam tapmamış, başqa hala düşürsən. Bu yeni ovqat, hal səndə belə təsəvvür yaradır ki, əvvəlki sualın cavabı bəlkə elə burdadı, amma bu dəfə də Ariadna sapının ancaq ucu görünür. Çünki mətn sənə təslim olmaq üçün yox, səni oyuna cəlb etmək üçün bütün gücüylə çalışır. Romanda Mübariz kişi də maraqlı personajdır. Onun barəsinda informasiya verilən bir abzasda burnunun uzunluğu, ayağının axsaqlığı haqqında məlumat var. Bu informasiya mətnin içində balaca bir yerdə gizlənib. Burnun uzunluğu adamın yadına Pinokkiyonu (Karlo Kallodi ) salır. Bu isə aydındır ki, yalan danışdıqca burnu uzanan məşhur personajdır. Axsaqlıq isə şeytana aid detaldı. Romanın indiyəcən dərc olunan hissələrində Mübariz məktəbli vaxtı baş verən Bəhram-Gülsüm-Mübariz sevgi üçbucağındakı əhvalatdan qeyri elə də mənfi adam təsiri bağışlamır, amma nədənsə burnunun uzunluğu və axsaqlığı ilə bağlı ştrix məni şübhəyə salıb. Elə indicə ağlıma maraqlı təklif gəldi. Romanı oxuyan dostlardan xahiş edirəm gəlin maraqlı bir polemika, müzakirə-esperimenti başladaq. İlk dəfə bir romanı hissə-hissə oxuya-oxuya həm də onu müzakirə edək, dartışaq. Sonunu bilmədən yavaş-yavaş. Nə bilmək olar, bəlkə elə Çiçəkli yazının sirrini F.Q-dən öncə biz faş elədik.
II Qismət
525-ci qəzet.-
2010.- 9 sentyabr.- S.21.