Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Milli
iftixarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız
milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq
işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı
kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə tanış
etmək istədim.
2-ci kitab
(Əvvəli ötən şənbə
saylarımızda)
ORDAN-BURDAN
– Ay Rumıniya, Rumıniya!
Duymuşam sənin fikrini!
Bilmişəm sənin qəsdini!
Sənin istədigin nə
olduğunu yaxşı başa düşmüşəm! ...
Balkanda dinməz duran indi bir
sənsən:
Osmanlı davada, bolqar davada,
Serbiya davada,
Qaradağ davada, yunan da
davada;
Amma sən bitərəfsən
ki, bitərəfsən!
– Ay Rumıniya, Rumıniya!
Duymuşam sənin fikrini!
Bilmişəm sənin qəsdini!
Zahirinə
baxıb batinini görürəm.
1913-cü il
yadındadır!
Mənim də yaxşı
yadımdadır!
Bolqar, serb,
qaradağlı və yunan əlbir olub Osmanlının
üstünə töküləndə, sən dinməz durub
təsbeh çevirirdin və gülə-gülə diyordun
ki: xeyr a, mənim işim yoxdur! Amma əsil həqiqətdə
qonşun olan Bolqariyanın bir parçasına göz tikib
marıtlamışdın!
Sən yaxşı bilirdin
ki, bolqar, serb, yunan dostluğu baş tutan
iş degildir! Bir gün olacaqdır ki, bu dostlar bir-birlərinin
ətinə darışıb pay üstündə dava
salacaqdırlar:
Bəli, Osmanlı:
“Düşmən bir olsa dəfini
asandır eləmək,
Vay ol zaman ki,
üz qoya hər bir kənardan!”-deyib Makedoniyanı əldən verdi.
Paylaşmaq
zamanı yetişdi.
Dostlar
dalaşdılar.
Yunan ilə
Serbiya Bolqariya üstünə düşüb
şappaladılar.
O halda sən əba və təsbehi
yerə qoyub “seryozni” oldun və dedin ki:
“Fürsəti fövt eyləməz
aqil əgər nadan ola!”
Bir tərəfdən
Osmanlı, bir tərəfdən Serbiya, bir tərəfdən
Qaradağ, bir tərəfdən yunan hücumları
qarşısında əl-ayaq çabalatmaqda olan Bolqariyaya bir
tərəfdən də sən qalxıb dedin ki:
Aşna, ya budur ki, dinməz-söyləməz
Dubroviçə ilə Silistrəni mənə ver, ya da bu
yandan da mən dava edib səni yer yüzündən yox edəciyik!
Bədbəxt
Bolqariyanın əlacı kəsilib razı oldu.
Axırda
böylə oldu ki, sən müftə yerə topraq
qazandın.
Amma xəlq axar çaylar kimi qan tökdü
...
İndi fikrin nədir?!
– Ay Rumıniya, Rumıniya!
Duymuşam sənin fikrini!
Bilmişəm sənin qəsdini!
Örgənibsən dolmaya!
Genə əba bürünüb, təsbeh çevirirsən!
Yoxsa indi də
marıtlayıbsan?
Avstriyanın
Transilvaniyası ilə aran necədir?
Politikan pis politika degil! Xəlq
vuruşsun, sən mülk qazan!
Yox, aşna, onu sənə
müftə verməzlər!
İndi əqlin o vəqtə
getməsin!
Kömək lazımdır,
kömək!
Yoxsa birdən dəgirman tərsinə
işlər: bir gün olar ki, həm o tərəf və həm
bu tərəf səni aralığa salıb elə
sıxarlar ki, lap suyun süzülər!
Filankəs
“Yeni İqbal”, 1 oktyabr 1915, ¹
132
ORDAN-BURDAN
Qafqaz əhli belə
diyordular:
– Uşaqlarımızı əvvəlcə
kiçik məktəblərə qoyurduq: ordan qurtarandan sonra
realni, gimnaziya, kommerçeski kimi orta işkollarda oxudurduq. Oradan da qurtarandan sonra göndərirdik ki, gedib
İçəri Rusiyada böyük məktəb olan
universitetlərdə oxusunlar.
Aya, olmazmı
ki, öz ölkəmizdə kiçik məktəblər,
orta işkolalar olan kimi, bir dənə də universitet olsun ki,
daha bir də uşaqlarımızı uzaq yerlərə
göndərmiyək? Nahaq yerə bir o qədər pul xərcləmiyək,
uşaqlarımızı gözdən kənar qoymiyaq!
Nə olar ki; Petroqrad, Moskva,
Varşava, Kiyev və sair rus şəhərlərində
böyük işkol olan kimi, Tiflisdə və ya Bakıda da ola bilməzmi? Axı buralar dəxi
rus şəhərləridir.
Bu barədə çox
danışıb, çox çalışdılar: amma
yuxarıdan dedilər ki:
– Olmaz!
Qafqazlılar
qaş-qabaqların sallıyıb sakit oldular.
İndi iş belə
düşdü ki, bəzi şəhərlərin
böyük işkollarını özgə şəhərlərə
köçürmək lazım gəlir.
Qafqaz əhli işdən xəbərdar
olub qalmaqal saldılar:
Yığışırlar,
danışırlar, höcətləşirlər,
hesablaşırlar, məsləhətləşirlər,
teleqramlaşırlar,
çığrışıb-bağrışırlar –səs-küy
qalxır-ərşi-fələgə...
Yuxarıdan bunlara təəccüblə
baxıb diyorlar ki:
– Balam, nə olubdur? Nə səs-küydür?
Qafqazlılar cavabında:
– Necə nə olubdur? Məgər böyük işkolaları Qafqaza
daşımıyorsınızmı?
– Necə böyük
işkolaları?
– Varşavanınkini,
Riqanınkini...
– Kim diyor onu?!
– Biz deyirik!
– Siz çox qələt
eliyorsunuz və başınızı daşa
dögürsünüz!
– Yaxşı, bəs o
böyük işkolaları hara köçürəcəksiniz?
– O sizin borcunuz degil! Sizin borcunuz bunu bilməkdir ki, Qafqazın
böyük işkolası olmaq vəqti yetişmiyibdir.
Siz hələ balacasınız, böyük
işkollarınız olsa, başınız şişər
!
Qafqaz əhli genə
sımsırığın sallıyıb və
qaş-qabağın töküb öz-özlərinə
diyorlar ki:
– Bu da olmadı!
Filankəs
“Yeni iqbal”, 2 oktyabr 1915, ¹ 133
ORDAN-BURDAN
Oxucularımızın Qurban
bayramı mübarək olsun!
Qurban qoyunu diyor ki:
– “Ay Allahın
üzüağ bəndələri! Biz qoyunların həqqi siz
insanların boynunda çoxdur!
Hərgah biz olmasa idik-siz gərək
öz övladlarınızın başını kəsib
qurban edəydiniz!
O halda, bu gün qoyun qanı
əvəzinə, insan qanı axardı.
Doğrudur, bu
saət dava çöllərində həqiqətdə də
insan qanı axır. Amma o məsələ biz qoyunların işi degildir: onu
siz özünüz bilərsiniz.
Mənim mətləbim ancaq
budur ki, diyoram:
İndi ki, mənim
adımı qurban qoyunu qoyub, başımı kəsib,
qanımı axıdırsınız, izn verin bir danə vəsiyyət
edim:
– Ətimi hər
kəs yiyəcək yesin, amma dərimi aparın müsəlman
cəmiyyəti-xeyriyyəsinə verin ki, heç olmasa Qars fələkzədələri
ki, sizin öz cinsinizdəndir-kabab da olmasa, yavan çörək
tapıb yeyə bilsin.
Vəssəlam. İndi buyurun
başımı kəsin!”
lll
İbrahim peyğəmbər
deyibdir ki:
– Allah yolunda qurban kəsin və
bu yol ilə Allaha məhəbbət və
etiqadınızı izhar edin.
Məhəmməd peyğəmbər
deyibdir ki:
– Allah yolunda qurban kəsin,
amma o qurbanı fəqir-füqərayə, yetim-yesirlərə,
tamarzılara ehsan edin!
Çox əcəb! Borcumuz
itaət etməkdir!
Lakin –qurbanın yağlı
və qəşəng yerlərindən dövlətli
qonşulara göndərin! –Bunu hansı peyğəmbər
deyibdir-bilmirəm.
Hər halda onu əmr edən
“peyğəmbər” görünür çox vacib əlataədir
ki, əmrinə bu cürə sədaqət ilə itaət
edirik!
lll
Orenburq məhkəmeyi-şəriəsi
müsəlmanlara elan etdi ki:
– Qurban bayramı oktyabrın
altısında seşənbə günüdür. Çünki, ay görünüb və sabit olubdur.
Bakı qazi Quberniya məclisi
dəxi müsəlmanlara elan etdi ki:
Qurban
bayramı oktyabrın yeddisində caharşənbə
günüdür. Çünki ay görünüb və
sabit olubdur.
Bu iki elanın
ikisi də doğrudur. Ancaq bir para müsəlmanların Qurban bayramı bir
gün qabaq, bir parasınınkı da bir gün dal olmaqda təqsirkar
olan bir kimsə varsa, o da
– Aydır.
Ayın borcu
odur ki, bir gecədə hər yerdə görünsün. Halbuki, ay əvvəlcə
gedib özünü Orenburq məhkəmeyi-şəriəsinə
göstərir və gecəni Orenburqda qalıb, səhər
yola düşür və axşam Bakıya varid olub
özünü qazi məclisinə göstərir. Odur
ki, təqvimlərimiz bir-birini tutmuyor....
Əşi, müsəlmanların
hansı işi bir-birini tutur ki, təqvimləri də tutsun!
lll
Bağışlayın daha
yorulmuşam:
Qurban.....
Cəmiyyəti-xeyriyyə ...
Qars fələkzədələri
...
Kabab yeyəndə bu sözləri
unutmuyun!
Filankəs
“Yeni İqbal”, 7 oktyabr 1915, ¹
137
əlataə-Tanrıya itaət edən
ORDAN-BURDAN
Şəhərimizin bir para
məhəllələrində belə qaidə var ki, müsəlman
mülkdarları müsəlman kirayənişinlərinə ev vermiyorlar.
Bu bir köhnə
məsələdir ki, o barədə çox, çox da
danışıbdırlar.
Bəs buna nə deyirsiniz ki,
müsəlman dərzisinə, müsəlman dəlləginə,
müsəlman çəkməçisinə və sair
müsəlman sənətkarlarına iş
tapşırmıyıb, həmişə özgələri
axtarırlar? Bu nədəndir?
Deyəcəksiniz,
çünki millətpərəst degilik! Bu barədə
iki nəfərin mübahisəsinə qulaq asırdım.
Biri diyordu: –Mən çox
yaxşı millətpərəstəm və arzum da budur ki,
bizim millət də sairlər kimi tərəqqi edib, hətta
hamıdan da yaxşı olsunlar. Amma mənim
paltarımın təqsiri nədir ki, dərzi Məşhədi
Rəsula verdim korladı-Ambarsum kirvə isə verdim düzəltdi.
O biri diyordu: –Hərgah sən
millətpərəstsən, sən gərək
paltarını həmişə Məşhədi Rəsula verəsən:
zərər yoxdur, qoy korlasın! Özgələr millət
yolunda canından keçir, amma sən paltarından da
keçmək istəmirsən!?
Əvvəlinci diyordu:
–Canım, axı Məşhədi Rəsul pis tikir, xamdır!
İkinci diyordu: –Xam da olsa,
pis də olsa, genə də müsəlmandır, millətdir.
Mən bunların bu
mübahisəsi barəsində fikir elədim: xəyalım məni
çəkib uzaq-uzaq yerlərə apardı və axırda
götürüb bir meydana çıxartdı: orada bir xeyli məxluq
gördüm: hamısı müsəlman idilər. Ancaq birinin paltarı çox gödək olub
dümbüridə idi. Birininki, pək bir ətəgi
uzun, birininki gödək idi. Birisi
ufuldaya-ufuldaya güc ilə yeriyordu. Gördüm
ki, çəkmələri ayağına dardır,
sıxır, birisi başıaçıq gəzib
papağını əlində tutmuşdu, çünki papaq
başına girmiyordu ... Xəyalım istədi ki, məni
daha uzaq yerlərə aparıb bir çox şeylər
göstərsin. Lakin mən razı olmayıb
qayıtdım və ayıldım, onda bildim ki, bu
gördügüm adamlar hamısı “millətpərəst” imişlər ...
lll
Qaidə üzrə
götürsən-sənətkar iki cürə olar: ustad və
xam. Ustadın işi yaxşı çıxar, belə ki, xəlq
görəndə diyir ki:
–Ustadına bərəkallah!
Xamın da işi pis olar: deyərlər
ki, zalım oğlu malı
korlayıbdır!
Amma vay o gündən ki!
Əvvəla-
Ustad sənətkar, öz
işini başdansovuma edib sonra deyə ki:
–Əşi, keçər
gedər, həmişə yaxşı olub, bir kərə pis
olsun!
Və saniyən-
Xam sənətkar
özünü ustad hesab edib öz xamlığına məqərr
olmuya! Özündən başqa heç kəsi bəgənmiyə!
lll
Millətpərəstlik
o degil ki, müsəlman əlindən çıxan pis işə
yaxşı deyəsən. Yaxşı odur ki,
yaxşıdır; pis də odur ki, pisdir. Millətpərəstligin
buraya dəxli yoxdur. Qoy bizim sənətkarlar öz
işlərində tərəqqi edib qüsursuz iş
görsünlər ki, müsəlman da baxanda bəgənsin,
qeyri müsəlman da, nəinki, müsəlman baxanda ürəgi
xarab olub, özgəsi baxanda rişğənd edib
gülsün!
Filankəs
“Yeni iqbal”, 12 oktyabr 1915, ¹ 139
məqərr-qərar tutan
dümbüridə-quyruğu kəsik
Üzeyir HACIBƏYLİ
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2010.- 9 sentyabr.-
S.20.