...Və dekan oldum

 

90- cı illərin əvvəllərində yenidən Universitetə qayıtdım. Çox gərgin, eyni zamanda məsuliyyətli illər idi. Ölkədə azadlıq, müstəqillik uğrunda mübarizə gedirdi. Ermənistanın Azərbaycana hərbi müdaxiləsi mürəkkəb ictimai- siyasi vəziyyət yaratmışdı... Belə bir dövrdə siyasətdən kənarda qalmaq mümkün deyildi. Demokratik qüvvələrin, demək olar ki, hamısı Xalq Cəbhəsinin ətrafında toplaşmışdı. Və təbii ki, mən də orada idim. Xalq Cəbhəsində partiyalaşma başlayanda tarixini az- çox bildiyim Müsavatın üzvü oldum, Divana- mərkəzi quruma seçildim. Mədəniyyət komitəsinə rəhbərlik etməklə yanaşı, “Yeni Müsavat” qəzetində baş redaktor müavini, sonra isə “Yeni Turan” qəzetində baş redaktor oldum. Ölkənin ictimai- siyasi həyatına, türkçülük ideologiyasına həsr edilmiş yazılar yazdım... Görürdüm ki, mən dilçiyəm, ədəbiyyatçıyam, bir az tarixçiyəm, müəyyən mənada ideoloqam... Ancaq praktik siyasətiçi deyiləm... Ona görə də bu sahədə çox dərinə getmir, siyasi münaqişələrdə, demək olar ki, iştirak eləmirdim. Və bunu görən “dostlar” 93- ün əvvəllərindən etibarən məni həm Divandan, həm partiya mətubatından, həm də partiyadan sıxışdırmağa başladılar. Və heç bir müqavimətlə də rastlaşmadılar... Bütün diqqətimi Universitetdəki işimə- müəllimliyə verdim.

Bir dəfə orta məktəbdə mənə ədəbiyyatdan dərs demiş müəllimlərimdən biri Bakıya gəlib məndən xahiş etdi ki, onu rektorla görüşdürüm. Riyaziyyat fakültəsinin son kursunda oxuyan oğlu üçün aspiranturaya yer istəyirdi... Rektor Firidun Səməndərovla tanışlığım yox idi. Ancaq mötəbər müəllimimin sözünü də yerə salmaq olmazdı. Birlikdə getdik...

Firidun müəllim məni tanıyırmış. Bizi çox mehriban qəbul elədi. Gəlişimizin səbəbini bilən kimi dekan, böyük alim Arif Babayevə telefon açdı. Soruşdu ki, filan tələbənin səviyyəsi necədir? Arif müəllim uşağı tərifləyəndə əlavə etdi: “onu aspiranturada saxlaya bilərsinizmi?” Dekan dərhal “Firidun müəllim, ondan daha güclü bir tələbəmiz də var, aspiranturaya yerimiz isə bir dənədir” dedi. Firidun müəllim bir az düşünüb “əlavə bir yer də versəm necə?” deyə soruşanda Arif müəllim “onda hər ikisini götürərik” dedi. Və məsələ həll olundu... Həmin oğlan indi elmlər doktoru, tanınmış riyaziyyatçıdır.

Təşəkkür edib çıxanda Firidun müəllim üzünü mənə tutub:

– Müəllimini yola sal, sonra geri qayıt, səninlə söhbətim var, – dedi.

Qayıtdım. Və belə bir söhbət oldu:

– Yəqin, bilirsən, və vaxtdır, filologiya fakültəsinə dekan axtarırıq. Böyük fakültədir. Dekan müavininin ümidinə qalıb... Belə məsləhət oldu ki, sənin əmrini verək, müvəqqəti... Bir az işlə, təcrübə qazan, sonra elan verərik, seçkiyə gedərsən...

– Firidum müəllim, çox sağ olun ki, məni belə böyük bir səlahiyyətə layiq bilirsiniz. Ancaq tələbəsi, aspirantı olduğum fakültəni yaxşı tanıyıram. Əmrlə dekan olmaq istəməzdim. Elan verin, seçki keçirilsin, məni də müdafiə edin... İnanmıram ki, “yuxarı”dan gələn adamı filfak dekan kimi tanısın... Seçilmədən işləmək mənə birtəhər gəlir.

– Oldu, sağ ol, elə bu cavabı da gözləyirdim.

Elan verildi. Ancaq Firidun Səməndərov öz rektorluq missiyasını bitirib estafeti Murtuz Ələsgərova verdi... Birinci seçkidə namizədlərin heç biri keçmədi, ikinci seçkidə böyük səs çoxluğu ilə filologiya fakültəsinin dekanı seçildim.

Seçkidən öncə keçirilən iclasda qocaman alimlərimizdən biri çıxış elədi, dedi ki, fakültə dağılır, ona bir ağsaqqal lazımdır. Məsələnin bu cür qoyuluşu mənim xeyrimə deyildi. Çünki mən gənc idim. Özünün də namizədliyi olan “ağsaqqal”ı orta yaşlı Kamil Vəliyev çətin vəziyyətə saldı:

– Fakültəyə ağsaqqal yox, dekan lazımdır... Biz buraya dekan seçməyə yığışmışıq. Elə bir adam seçək ki, qəbul imtahanında iştirak etməyib, cinayətə batmayıb... O da Nizami Cəfərovdur... Ağsaqqalı isə səsvermə ilə seçmirlər, o, tarixən seçilir.

Müdrik... Və müdrik olduğu qədər də emosional Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) həmişə sözü yerində deməyi bacarıb. Bir dost, yüz düşmən qazanıb. Ancaq deyib.

Mən Azərbaycan MEA- nın müxbir üzvü seçiləndə də demişdi ki, doktorluq dissertasiyasının mürəkkəbi qurumamış adamı müxbir üzv seçdilər. İncimədim... Çünki Kamil müəllimin dedikləri birinci növbədə həmişə onun özünə problem yaradıb... Ancaq yenə deyib. Çünki deyilməli sözü saxlamamaq, gecikdirməmək onun üçün hər şeydən irəlidir. Universitetdəki kafedrasını da itirdi, professorluq ştatını da... Ancaq dediyini dedi...

Yüyrək üslub sahibi olan Kamil müəllim son kursda bizə linqvistik poetikadan ixtisas kursu aparıb. Cəmisi iki- üç dəfə dərsə gəldi. Sentyabrda gəlib bir neçə müdrik fikir ərz edəndən sonra “hava çox istidir” deyib getdi. Bir də dekabrda gəldi... Onda da, təbii ki, hava çox soyuq idi və belə soyuqda dərs keçmək olmazdı.

Dekan olan kimi birinci növbədə, qapıları taybatay “xalq”ın üzünə açdım. Əslində, başqa cür də mümkün deyildi. Sənin müəllimin olmuş görkəmli alimlərə necə “rəhbərlik” etmək olardı?..

Xırda münaqişələr də oldu, incikliklər də... Ancaq sonda hər şey sülhlə qurtardı.

Nə az, nə çox, düz yeddi il dekan oldum. Bu müddətdə üç rektor dəyişdi: Murtuz Ələsgərov, Misir Mərdanov, Abel Məhərrəmov. Hər üçünün öz idarəçilik, rəhbərlik üslubu var idi. Və təbii ki, dekanlıqlar Universitetin “mətbəx”i olduğuna görə rektorlar bütün işlərini dekanlarla əlaqələndirməli, dekanlar isə rektorun iş üslübüna uyğunlaşmalı idilər.

Günlərin bir günü Böyük Elmi Şurada məsələ qaldırdım ki, şərqşünaslıq fakültəsi ilə filologiya fakültəsi birləşdirilsin. Çünki hər ikisi filoloq hazırlayır. Şərqşünaslar elə bildilər ki, onların fakültəsinin bağlanması məsələsi qoyulur. Ona görə də kəskin etiraz elədilər... Halbuki məqsəd başqa idi – təklif edirdim ki, ümumi bir filologiya fakültəsi, tərkibində isə Azərbaycan, Şərq və Qərb filologiyası olsun. Yəni normal bir struktur formalaşsın... Qeyri- analitik müqaviməti görüb bu maraqlı təklifin həyata keçməsini tarixin öhdəsinə buraxmalı oldum.

Dekan işlədiyim illərdə fakültənin elmi- tədris səviyyəsinin yüksəlməsinə, mənəvi mühitin daha da sağlamlaşmasına, demokratik ovqat yaranmasına çalışdım. Təcrübə də var idi: Muxtar Hüseynzadə, Əli Sultanlı, Məmməd Cəfər, Əlövsət Abdullayev, Ağamusa Axundov... kimi görkəmli alimlərin müxtəlif illərdə rəhbərlik etdikləri fakültə özünəməxsus böyük bir idarəçilik tarixi yaşamışdı... Və demokratikliyin maraqlı bir təcrübəsini də Məmməd Cəfər müəllim vermişdi; hansısa sənədə imza atmaq lazım gələrdisə, katibəni, yaxud laborantları yanına çağırmaz, özü gedib imzalayarmış. Axırda katibə, yaxud laborantlar o qədər “irəli” gedirlər ki, öz otaqlarından dekanı səsləyirlərmiş ki, “Məmməd Cəfər müəllim, filan kağız hazırdır, gəlin qol çəkin”.

Əlbəttə, rəhbər sadəcə inzibatçı olmamalı, hər bir işçinin problemləri ilə məşğul olmağa çalışmalıdır, ancaq bu problemlər bəzən o qədər çox olur, o qədər subyektiv xarakter daşıyırdı ki, axırına çıxmaq mümkün deyildi. Mentalitetimiz də elədir ki, işin içindən iş çıxardırıq.

Günlərin bir günü tədris ilinin əvvəlində Universitetin tanınmış bir professoru məndən xahiş etdi ki, işi Tələbə Qəbulu Komissiyasında “dolaşıq düşmüş” bir qızın dərslərdə iştirakına icazə verim. Belə şeylər olurdu. Bir də görürdün ki, Komissiya hansısa texniki səhv ucbatından qəbul siyahısına adı düşməyən bir nəfərin əmrini dərs başlayandan bir- iki ay sonra göndərdi... Xahişdə məqsəd o idi ki, uşaq dərsləri dinləsin, yoldaşlarından geri qalmasın. Yeri gəlmişkən, filologiya fakültəsində belə bir ənənə də vardı ki, hətta tələbə olmayanlar belə icazə alıb böyük alimlərin mühazirəsində sərbəst dinləyici kimi iştirak edə bilərdilər... Mən də razılaşdım, müavinimi çağırıb tapşırdım ki, bu xanım dərslərdə otursun, əmri gələndən sonra adını jurnala yazarsınız.

Qış sessiyasının qızğın vaxtında məni rektorluğa çağırıb dedilər ki, böyük bir cinayət eləmisiz. Qəbul əmri olmayan uşağı tələbələr siyahısına daxil edib oxudursuz. Güldüm, dedim ki, elə şey ola bilməz. Sən demə olubmuş...

Müavinimdən soruşdum ki, bu nə məsələdir?.. Dedi, qəbul əmrini gətirib göstərdilər, mən də adını yazdım jurnala... Əmri axtarıb tapa bilmədi. Və məlum oldu ki, fağırı aldadıblar...

Onu müavinlikdən çıxartdılar. Və mənə də töhmət verdilər. Demokratiyanın belə- belə fəsadları da olurdu...

Dekan olduğum illər mənə, akademik Teymur Bünyadovun ifadəsi ilə desəm, “xalq dekanı” adını qazandırdı, Universitetin səksən illiyində alim üçün ən yüksək ada – əməkdar elm xadimi adına layiq görüldüm, çoxlu kitablar, məqalələr yazıb çap etdirdim... Türkiyədə, İranda müxtəlif elmi konfranslarda iştirak elədim.

... Bir tələbə hansıa problemlə bağlı mənə müraciət edəndə, birinci, fikirləşirdim ki, böyük xələflərim bu məsələni necə həll edərdi, sonra yuxarısında “Filologiya fakültəsi” yazılmış guşənin qabağında dayanıb qəbul üçün sənədlərimi verdiyim anları xatırlayardım, sonra da elə qərar qəbul edərdim ki, mənə müraciət edən bu gənc gələcəkdə filologiya fakültəsinin dekanı olmaqdan daha böyük vəzifə barədə düşünməsin...

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2010.- 9 sentyabr.- S.30.