UNUTMAĞA KİMSƏ YOX...

 

Əvvəli ötən şənbə saylarımızda

 

Həyət qapısını Şiraz “həkim” bayır tərəfdən ancaq özü bildiyi üsulla yerindən tərpədib (laxladıb) açardı. Şiraz “həkim” indi də o cür elədi, həyətə girdi və birbaşa Balacanın altına gəldi. Mübariz harasa uçdu, yox oldu, F.Q. sappasağ yemək mizinin arxasına, öz yerinə qayıtdı. Bəhram kişinin xəyalı göylər gəzirdi, yenə geri gəldi Qarağacın altına. F.Q. ilə bağlı bir anın içində beynindən keçirdiyi bu qorxulu vəziyyətin (F.Q.-nin guya Çiçəkli yazının naxışlarına əl vurandan sonra xəstələnməsini, sayıqlamasını və s. və i.a.) özünün düşüncə məhsulu olmasına sevindi, rahat-rahat köks ötürdü; Şiraz “həkimin” gəlişinə ilk dəfə ürəyində “Allaha şükür” dedi.

– Ay Şiraz, Ay Şiraz, gəl, xoş gəldin. Gəl, keç bura, çay içərsən? – Şiraz “həkim” çaşdı. Bəhram kişi onu bu cür hörmətlə qarşılayıb miz arxasına oturdur, niyə görəsən, xeyir ola, onu bu dəfə bu cürənə isti qarşılayır, çünki həmişə belə olmur, (heç vaxt axıracan mənə inanmayıb, atam Seyid Cəfərə isə ürəkdən inanardı”) bəlkə qonaq var, ondandı, başqa vaxt “get, ay Şiraz, get işinə, gücünə, heç bir yerim ağrımır, mənim görürsən ki, əıimdə işim var, sonra, sonra gələrsən...” üzünü, boynunu hər tərəfdən sıx-sıx tutan Don Kixotun dəbilqəsinə oxşayan tor papağını, əlcəklərini geyib arı pətəyinə əlini salan Bəhram kişi Şiraza çalışardı, bu vaxtlar üz verməsin. Üz versəydi, bilirdi ki, Şiraz ilk öncə soruşacaqdı:

– Nə var, nə yox?

– Heç.

– Yenə olsun...

– Heç.

Sükut. Bir xeyli belə keçəcəkdi. Sonra Şiraz “həkim” yenə soruşacaqdı:

– Daha nə var, nə yox? Bir yanın ağrımır ki?..

Bəhram kişi bu zaman əməlli-başlı hövsələdən çıxacaqdı. Onun üçün də əvvəlcədən “kəsib atırdı”. Şiraz “həkim” beləcənə buna alışdığından Bəhram kişinin bu günkü davranışına təəccüb etmədimi, təəccüb etdi: “qonaq yanında belə səxavətlə danışır”. Bu dəfə, doğrudan da, məsələ başqa cür idi – Şiraz “həkim” gəlişi ilə Bəhram kişini axmaq xəyalatdan ayırmış, diqqətini narahat fikirlərdən uzaqlaşdırmışdı. Odur ki, Bəhram kişi ürəyində “Allah, sənə çox şükür” deyib ona xoş üz göstərirdi:

– Çay iç.

– Özüm, özüm... – Şiraz “həkim” samovarın yanındakı sinidən stəkan-nəlbəki götürüb yaxaladı, özünə çay süzdü. – Nə var, nə yox? – deyib (adam öləcək, öz dediyinə özü də peşman oldu, bilirdi ki, Bəhram kişi bu sualı xoşlamır) dikdi məsum, günahkar gözlərini Bəhram kişinin, sonra da qonağın üzünə. Qonaq bənzəyişə mat qaldı: “Bu ki, bizim Mübariz müəllimin doğmaca qardaşıdı”.

Bəhram kişinin isə dodağı qaçdı, bilirdi ki, birinci sualına cavab gözləmədən Şiraz “həkim” ikinci sualını yağdıracaq: “Daha nə var, nə yox?” Sonra üçüncü sual gələcəkdi: “Yenə olsun...” Bəhram kişi üzünü çevirib maraqla, bir balaca da “yuxarıdan” Şiraz “həkimi” süzən F.Q.-yə dedi:

– Kənd adamıdı. – Gülümsədi. – Həkimdi. Yox, həkimbaşıdı. Özü də Seyiddi. Əlində şəfa damarı var. – Gözüylə isə başını hərləyib F.Q.-yə ancaq bunu çatdıra bildi: “Boş burax, sonra, bunun barəsində sonra, bənd olma”.

 

ŞIRAZ “HƏKIM” ÇAYINI IÇIB GEDƏNDƏN SONRA

 

Bəhram kişi, hələ də ürəyi yerinə gəlməmişdi, “Allah, bu nə görüntüydü, görükdü gözümə?! İraq elə, iraq elə...”

F.Q. isə heç nədən xəbəri yox, az qala kefi kök bir halda, ləzzətlə Qarağacın altındakı “öz” taxtına yayxanmışdı. “Bu kəndin özü çox qəribə bir kənddi, hər cür adamı var – ağıllısı var, ağılsızı var... Qabardin palto... Adam özü də bilmir, inansın, yoxsa inanmasın”. Bir qədər əvvəl Bəhram kişinin xahişi ilə (əslində, xahişə ehtiyac yox idi, Bəhram kişinin “Həkim, bir o söhbəti qonağımız üçün danış, rəhmətliyin söhbətini” deməsi bəs oldu) Şiraz “həkim” ləzzətlə yerində qurcuxub haman “qabardin palto” əhvalatını F.Q. üçün çay içə-içə şövqlə, nanə-cövhəri ilə danışdı. Çayını içib qurtarandan sonra isə son cümləsini az qala təntənə ilə dilə gətirdi:

– Palto indi də evdədi: “İstəsəniz göstərə bilərəm”.

... Bəhram kişinin xəyalı yenə uçub uzaqlara getdi. Yenə o müdhiş səsi sanki bir daha eşitdi. Mağaranın ruhu ilə “söhbət” heç cür yadından çıxmırdı. “Kim əlini naxışlara vursa, öləcək! Bunu hamıya söylə, qoy bilsinlər!” Mağaranın ruhu yazının sirrinin açılmasını istəmirdi, bu açıq-aşkar idi, çünki bu Ruh bəd Ruh idi, zalım Ruh idi. F.Q. istər-istəməz o naxışların bir daha şəklini çıxarmaq istəyəcək, başqa cür mümkün deyil. Bu zaman əlini istədi-istəmədi naxışlara vurası olacaq. Onlara toxunmaq istəyəcək. Bəhram kişi aydın şəkildə gözü önünə gətirdi: budur, F.Q. əlini yazının naxışlarına sürtür, məhəbbətlə onları əzizləyir, tozunu silir... “Bə sonra?” Sonra bu zalım Ruh sözünü tutsa, necə olsun? İndiyənəcən sözünü tutub. Elə axırıncı dəfəki hadisə – Qulamhüseynin ölümü. Mübariz özü çaşıb qalmamışdımı?! Bir daha əvvələ qayıdaq.

... O gecə Qarağacın altında dinməz-söyləməz oturub ikisi də susurdu. Qulamhüseyn müəllimin qəfil, müəmmalı ölümündən sonra Mübariz özü durub gəlmişdi Bəhramın həyətinə. Bu gəlməyilə, elə bil, üzrxahlıq edirdi. “Sən axı xəbərdarlıq etmişdin. Mən niyə sənə inanmadım, elə bildim, xərifləmisən? Bəhram, bə bu niyə belə oldu?..

– ... Gördün? – Nəhayət, Bəhram üzünü yan tutaraq Mübarizdən soruşmuşdu.

– Gördüm, – Mübariz cavab vermişdi.

Aylı, ulduzlu bir gecə idi, amma yer üzü zülmət qaranlığa bürünmüşdü. Ayın, ulduzun işığı gəlib-gəlib hardasa qırılırdı, aşağı çatmırdı. Heç biri üzünü çöndərib Vəng dağına tərəf baxa bilmirdi, əslində, dağın özü də görünmürdü, o da zülmətin içinə girib gizlənmişdi.

– Bə, indi biz nə edəcəyik? – Mübariz kişi havaya, Bəhram kişiyə ünvanlandırmadığı bir sual verdi.

Bəhram kişi naçar-naçar, o da öz-özünə cavab verdi:

– Bilmirəm.

– Hər halda ehtiyatlı olmaq lazımdır. Qulamhüseynin ölümü bir qəribə işdi. Sən çalış, heç kim mağaraya içəri girməsin. Cavanlar dəlisovdu, illah, “gedim özüm görüm, əlimi vurum” – deyəcək. Nə qayıracaqsan?

– Bilmirəm... Bozları aparım bəlkə mağaraya bağlayım?! – Bəhram kişi məsləhət almaqdan çox öz-özü ilə danışırdı.

– Apar. Bağla... – Mübariz kişi: “çıxış yolu tapıldı”, sevindi, – Hökmən apar, belə olsa, bir adam bu köpəyin qorxusundan mağaranın həndəvərinə gəlməz.

Bozlar nəhəng bir köpək idi, bütün nəhəng köpəklər kimi səsinin qiymətini bilirdi, az-az hallarda hürərdi (boşuna hürməzdi), indi isə həyətin dağa söykənən yerindəki yuvasından çıxıb bir ağız hürdü, dayandı. Bunlar yenə susdular. Handan-hana Mübariz kişi “lənət şeytana!” qalxdı:

– Mən gedim. Sən isə sabah köpəyi apar. – Qulaq verdi, Bozlar bu dəfə hürmədi.

– Gedirsən? Köpəyə bir şey olmasın...

– Olmaz! Apar! – Mübariz nədənsə buna qəti əmin idi. – Olmaz, qorxma. Amma, Bəhram, bu barədə, bu... ruh barədə deyirəm, hələ ki, bir adama da... bir kəlmə!

– Aydındı, a Mübariz, uşaq deyiləm ha... Allah axırını xeyrə calasın.

– Allah xeyrə calasın. Amma ehtiyatlı ol!

... İndi bu söhbəti xatırladıqca Bəhram kişi (“məsələni F.Q.-dən gizlətməyə haqqım varmıdı, yoxmudu?”) tərəddüdlü düşüncələrini özündən heç cür uzağa qova bilmirdi.

F.Q. hiss elədi ki, Şiraz “həkim” gedəndən sonra Bəhram kişi beynində ciddi bir tərzdə nəyisə götür-qoy etməkdədi. “Artıq, vaxtdı, günəş az qala təpəmizə vuracaq. Hələ ki bir işin sahibi olmamışıq. Getmək lazımdı. Vaxtdı.”

– Bəhram əmi! Ay Bəhram əmi! – F.Q. şux bir səslə Bəhram “əmisini” düşüncələr aləmindən dartıb çıxarmağa çalışdı. – Ay Bəhram əmi, deyirəm, çünki oldun dəyirmançı... yolçu yolda gərəkdir. Sən nə deyirsən?

Bəhram kişini bu səs, bəli, düşüncələr aləmindən qaytardı gətirdi, amma o düşüncələr aləminin özü yox olmadı (O öz yaşamını Bəhram kişinin və F.Q.-nin yaşadığı aləmlə yanaşı sürməyində davam etdi, bütün sonrakı gün ərzində hərdən Bəhram kişi yumbalanıb yenə o aləmə düşüb, tezcə də bu biri, “tanış” aləmə qayıdırdı).

– Gedək deyirsən, eləmi? – Bəhram kişi gümrah səslə soruşdu, cavab gözləmədi: “Ürəyi az qala atır, tələsir, səbrsizdi, səbrsiz...”

Bəhram kişi (“sən dur, sən belə dur”) yenə imkan vermədi ki, F.Q. ona kömək eləsin, qab-qacağı yığışdırsın. Özü hər şeyi yerinə qoydu, rahladı. Birlikdə həyətdən çıxdılar. Həyət qapısı yenə onların arxasınca örtülüb çəpərin bir hissəsinə çevrildi, qapılığından bir şey qalmadı. Bəhram kişi çıxarkən evdən çiyninə qolsuz kürkünü atdı, “olmaz, əyninə bir şey al, hökmən al” deyərək nazik ağ köynəyinin üstündən heç nə geyinmək istəməyən F.Q.-ni (gün işığı kürəyini yandırdıqca F.Q. cemperi əynindən çıxarmışdı) təkidlə məcbur elədi, qırmızı xətli cemperini təzədən ona geyindirdi. “Bu istidə cemper? Atam yanacaq. Sibirə gedirik, nədi?”

– Sibir deyil, amma dağ ətəyi ilə dağın döşündəki hava, biləsən, eyni hava deyil. Görəcəksən.

F.Q. Bəhram kişiyə növbəti dəfə səmimi bir maraqla baxdı. “Çox içidolu adamdı, adamı sözsüz-səssiz, gözündən başa düşür. Nə bildi, mənim ürəyimdən Sibir keçdi?” F.Q. hər ehtimal, özünü yığışdırdı. Beynini təmizləməyə çalışdı. “Çiçəkli yazı ilə ilk görüşə gedirəm. Gərək təmizlənim”. Lazımsız fikirləri beynindən çıxarmağa çalışdı, amma həyətdən ki çıxıb dağ başına qalxan cığıra qədəm qoydular, F.Q.-nin özünə də qəribə gəldi ki, bu zaman nəbzi şiddətlə vurmağa başladı (həsrətlilər uzun hicrandan sonra bir-birinin görüşünə belə tələsirlər).

– Nədi, bir şeymi oldu? – Bəhram kişi vəziyyəti duyduğundan səsinə bacardığı qədər sakitlik qatıb soruşdu.

– Yox, heç nə olmadı, ayağım burxulacaqdı.

– Ehtiyatlı ol, a balası.

İndi də tərs kimi gəlib Afaq da bu məqamda “heç dəxli var?” yada düşmədimi, yada düşdü. Daha doğrusu, güclə soxdu özünü onun beyninə: “mən də varam, unutmusan məni, gör, ikinci gündü zəng eləmirsən, gedəndə də xəbərsiz yola düşdün...”

Arı qovanlar kimi etmək istədi, etmədi. Yox, “arıqların dostu” bu fikirlərə müharibə elan eləmədi, dağ cığırı ilə addım-addım yuxarı qalxdıqca, onlar addım-addım kənara çəkildilər, yol verdilər. Çiçəkli yazı hər şeyi onun beynində əvəz eləməyə başladı.

Üzüyuxarı qalxdıqca kənd yavaş-yavaş (addım-addım) aşağıda qalırdı, budur, “çoban papağı”nın yan tərəfdən damı görünməyə başladı, Mübariz kişi ilə F.Q.-nin dünən gəldikləri naxır yolu düz Kəhrizli körpüyə qədər (“ o adama deyin ki...” – allı-güllü tuman geyinmiş gözəlçələr yadına düşdü, dodağı qaçdı: “mənə nə olub, sakit ol, F.Q., sakit ol. Burda nə var?! Çiçəkli yazı... Yox bir. Oxuyacağıq, əlbəttə, oxuyacağıq, çıxıb gedəcək işinə. Oxumayıb nə edəcəyik ki?! Bunu mən oxumasam... heç mən mən deyiləm”) artıq xeyli böyük bir ərazi gözə görükməyə başladı.

– Bax, o yolu görürsən?! Naxır yolu deyirik ona, o da Kəhrizli körpüdü, o biri tərəfdə, sağda isə məktəbdi, sovetlikdi... Bu tərəfə gedən yol Dəyirman yoludu...

F.Q. Bəhram kişi göstərən istiqamətə, əlbəttə ki, baxır, “bah, bah” deyir, bəzən səmimi, bəzən də qeyri-səmimi şəkildə təəccüblənirdi. Fikri isə başqa yerdə idi, fikri hələ görmədiyi mağarada, Çiçəkli yazının yanında idi. Bəhram kişi hərdən nəfəs dərib dayanır, çomağını (ata yadigarı əyri başlı çomaq həyətdən çıxanda qapının ağzında çəpərin altında idi, onu götürmüşdü) parça satan tacirlər kimi (yada “arşın mal alan” düşmədimi, düşdü) uzadıb kəndin ora-burasını F.Q.-yə göstərirdi. “Bax, məktəb odu, Radio meydanı...” F.Q.-nin baxışları beyninin içindəkilərdən ayrılmışdı: nə düşündüyü, nə gördüyündən kənarda idi. Artıq F.Q. Bəhram kişinin göstərdikləri ilə qənaətlənmir, baxışları Radio meydanın üstündən uçub göz işlədikcə uzanan sonsuzluğa dirənirdi. “Hadisələrin üfüqü!” Üfüq ilk dəfə idi ki, sirli, üzünü gah göstərən, gah göstərməyən, itən, qeyb olan, sonra yenidən (addımından asılı!) peyda olan adi xətt deyildi, üfüqdə nə isə baş verirdi, nə isə cərəyan edirdi, hadisə hadisəni əvəz edirdi, amma hansı, amma necə?.. – o bunu bilmirdi, o bunu hiss edirdi.

“Ora bax, sovetliyi görürsən, mən burdan görürəm”. Bəhram kişi çomağını dümdüz uzatdı sovetliyin üstünə. F.Q.-nin isə artıq marağı Çoban papağında idi, ona qonşu o biri evlərdə, həyətlərdə idi. (o, “hadisələrin üfüqündən artıq qayıtmışdı) Qarağac buradan baxanda get-gedə balaca bir kola oxşamağa başlamışdı. F.Q. ilk dəfə idi, bu cür qəribə üsulla tikilmiş kənd evləri görürdü. Vəng dağının bu tərəfində bəzi evlər ev üstündə tikilmişdi, bir evin həyəti ondan aşağıdakı evin damı idi. Balaca uşaqlar həyətdə ora-bura qaçışarkən o biri evin damı yerindən oynayırdı. Kənd gün işığının nurunda qərq olub qalmışdı. Yollarda tək-tük adamlar kölgə kimi görünürdülər, aha, bax, bax, Bəhram dayı, ora çayxana deyil?! O kişi Mübariz müəllim deyil?!

– Bəlkə də... Hanı? Pencəyi varsa odu. Odu!

– Var, var, pencəyi də var. Ay səni...

Yenə şəfqət damarı qaynadı. Dümdüzünə baxdıqca baxır, ən uzaq yerlərə qədər, seçəmməsə də qaraltıları görürdü. Göz işlədikcə uzanan düz, dərə, yamac ovcunun içindəydi. “Azərbaycan budur, Azərbaycan başqa yerdə deyil, buradadı”. Nə gözəl idi, adamın baxışları öz yolunda bir maneəyə dirənməyəndə beyin dincəlirmiş. “Burada yaşamağa nə var?! Burada adam hiss edir ki, dünyanın içindədi. Şəhərdə ya evdəsən, ya küçədə, on metrdən sonra nə isə gəlib girir gözünə, ya yol işarəsi, ya elektrik dirəyi... baxışın nəyə isə dirənir. Burda isə...”

Burda isə hər şey bir-birinə necə də bağlıdı?! Artıq kola oxşayan Qarağac torpağın altı ilə rişələrinə qədər, elə bil, ovcunun içindədi, ovcunun içindəki xətlər Qarağacın rişələri, zoğlarıdı, hadisələrin üfüqünə qədər ötür əyilib-düzəlib müxtəlif yerlərdən keçir; bir rişə sovetliyi dolanır ötür. Dəyirman yolunda uzaqlarda (bəlkə kənd qəbirstanlığında?) gözdən itir... Radio meydanında qırılanı var, çayxanada ilişəni var. “Hadisələrin üfüqü” isə gözləyir, səbrlə gözləyir, ona gəlib yetişən Qarağacın rişələrini qaldırır, qaldırır, aparır göyün yeddinci qatına, sabah-sabah görünməyən ulduzların, günəşin yanına, sonra onları saçaq-saçaq gün işığına döndərib yenidən qaytarır Çoban papağının həyətindəki Qarağacın yarpaqlarına, süzülən işıq damlası yavaş-yavaş, elə indicə üz tutdu torpağa, ona çatana qədər saniyənin milyonda biri keçdi, ya da milyon il ötdü...

Gün işığının altındakı Ahəng dünən axşam cazibəsinə düşdüyü Ay işığının, ulduzların altındakı Ahəngdən fərqlənmirdi, əslində Ahəng bir vahid Ahəng idi, libasının rəngi idi dəyişən, sabahkı rəng gecəki rəng deyildi.

Dağın ortasına qədər cığır burula-burula qalxıb, nəhayət, bir açıqlıq yerə çıxdı. Bura düppədüz meydança kimi bir yer (tala?) idi: sağ – sıldırım, sol – uçurum.

– Çatdıq, – deyib Bəhram kişi çomağını nə üçünsə iki dəfə yerə vurdu. (bəlkə məqamın təntənəsini xüsusi nəzərə çatdırmaq üçün, belə etdi?!) – Görüm tapacaqsan mağaranı?!

F.Q. bu “oyuna” getdi, ürəyi ata-ata dörd tərəfə boylanıb gözləri ilə bir xeyli gəzsə də heç bir mağara-filan görmədi. Sol tərəfdən sıldırıma sarmaşıq kimi tikənli otlar (cındırış kolları), kol-kos daraşmışdı, buna görə də sıldırım başdan-başa yaşıl rəngə bürünmüşdü.

– Əvvəlcə bir bura gəl. Amma ehtiyatlı ol.

Bəhram kişi F.Q.-ni əks tərəfə – uçurum tərəfə (sol tərəfə) çəkib qətiyyətlə, həm də ehtiyatla irəli üç-dörd addım atdı:

– Gəl, qorxma. – Əli ilə onu qayanın ucuna çağırdı.

Qayanın ucuna yaxın yerdə qəribə bir daş vardı. Skamya kimi hündür, enli idi və bu daşın üstünə oturub “hadisələrin üfüqü” nə qədər baxmaq olardı. Daşın bura gəlib hardansa (göydən?!) düşməsi mümkün deyildi, daş ağac da deyildi ki, torpağın içindən bitsin. Daş mərmər kimi cilalanmışdı, elə bil , öz içindən işıq saçırdı. Bəhram kişi dedi:

– Bu daş gecələr də içindən yanır, elə biləsən, içində nuru var.

İkisi də daşın üstünə oturdular. Gözlərini uzaqlara dikib susdular.

Bu füsunkar mənzərəni F.Q. bütün ömrü boyu unutdumu, unutmadı. Füsunkarlıq onda idi ki, aşağıda uzandıqca uzanan bayaqkı görüntü ilə F.Q. indi artıq birbaşa təkbətək qaldığını hiss elədi, gözünə yandan, kənardan heç bir dağ-daş parçası, kol-kos gəlib girmirdi (maneə yox idi). Elə oturduğu yerdəcə azca aşağı əyilib gördü ki, Çoban papağının düz üstündə oturub: quzğun dimdiyinin əyri ucunda. Qayanın ucu əsl nəhəng quş dimdiyi idi, irəlidən hətta bir az da aşağı əyilmişdi. Əlbəttə ki, o, bu nöqtədən Çoban papağını bütün ölçülərində görə bilməzdi, gözünə həyətin küncündə bir-iki pətək ancaq dəydi. Elə bu məqamda F.Q. harada durduğunu hiss elədi, F.Q. özü qəfildən özünü həyətin uzaq küncündə alma ağaclarının da arxasında (arı pətəklərinin yanında) gördü və hövlnak geri çəkildi. Qəfil meh saçlarına sığal çəkdi.

– Görürsən, eynən quzğun dimdiyidi, – Bəhram kişi onun gözlərinə baxdı: “qorxdumu, nədi?!”

F.Q. isə qorxmamışdı, sadəcə növbəti dəfə (“təəssüf ki, bu hal artıq tez-tez baş vermir”) özü-özünü bu cür aydın şəkildə kənardan görmüşdü. Sonuncu dəfə bu hal Afaqla bağdakı söhbət zamanı olmuşdu: zavallı və qəddar, miskin və iddialı (ikisi bir yerdə) – kənardan o özü özünə bu cür görükdü. Bəhram kişinin həyətində, pətəklərin yanında duran “F.Q.” əlini gözünün üstünə tutub (günün işığı onun düz gözünə vururdu) Quzğun dimdiyindən ehtiyatla aşağı əyilib boylanan və bu zaman saçlarını meh yalayan F.Q.-yə baxırdı, az qalırdı çığırsın: sən neynirsən, uçurumdu, geri, geriyə çəkil!”

– Bu da sənin mağaran! – Bəhram kişi daşın üstündən ayağa qalxdı, F.Q.-ni az qala bir əli ilə çiynindən qucaqlayıb Quzğun dimdiyindən uzaqlaşdırdı, onun düz qənşərinə (o biri tərəfinə), haman sıldırıma sarmaşıq kimi sarılmış kolluğun (əsl cəngəlliyin) önünə gətirdi.

F.Q. ancaq indi diqqətlə baxıb gördü ki, kol-kosların arasında balaca, lap balaca bir oyuq var, o da yaşıl idi deyin, birdən-birə görünmürdü, “yəqin ki, mağaranın ağzı elə budu”. Həqiqətən, mağaranın ağzı idi. F.Q. hələ içəri keçməmiş boğuq köpək mırıltısını qaranlığın içindən eşitdi. Sonra zəncir səsi gəldi. Bir nəhəng köpək (Bozlar) mağarada uzandığı yerdən artıq durmuşdu, silkələnirdi. Elə bil, külək Qarağacın saçını yolurdu. Bəhram kişinin hənirtisini duyduğundan sakitləşdi, hürmədi.

– Dayan. Dayan. Tələsmə. Gözlə bir balaca. Mən indi. Qoy bunu çəkim bir tərəfə...

Bəhram kişi əli ilə F.Q.-ni saxladı, qaranlığın içinə (mağaraya) birinci özü girdi. Bozlar zingildədi, özünü atacaqdı Bəhram kişinin üstünə, zəncirin uzunluğu buna imkan vermədi (imkan versəydi, Bəhram kişini az qala qucaqlayacaqdı). “Yavaş, yavaş, maralım, yavaş...” Köpək ayaqları zəncirə ilişdi, bu dəfə də başını ona yaxınlaşan Bəhram kişinin dizinə, ayaqlarına sürtməyə başladı. Hərdən mağaradan bayıra, işığa tərəf başını döndərir, kənar adamın iyini havadan alır, ləhləyə-ləhləyə Bəhram kişiyə baxırdı, “yaddı, yad deyil?!” Bəhram kişi isə bir əli ilə köpəyin ayaqlarına dolaşan zənciri açır, o biri əli ilə Bozların başını, qulağının dibini sığallayır, nəvazişlə qulağına “maralım, maralım, yavaş-yavaş...” deyib əzizləyirdi. Köpək yekə başı ilə, nəhəng bədəni ilə Bəhram kişiyə bir balaca küçük kimi qısıla-qısıla qalmışdı, eyni zamanda parıldayan gözlərini F.Q.-dən çəkmirdi. F.Q. (qulaqlara qurğuşun) bu nəhəng köpəyin zəhmli baxışından dişini dişinə sıxıb qorxmadı, ona görə yox ki, qəhrəman idi, bəlkə ona görə qorxmadı ki, Bozların gözləri ona sakit-sakit baxırdı, sanki: “qorxma, sən onunla (Bəhram kişi ilə!) gəlmisən, mən sənə dəymərəm” deyə işarət göndərirdi.

Bura (mağaranın içi) zil qaranlıq olsa da F.Q.-nin gözü bu qaranlığa yavaş-yavaş alışmağa başladı. Bəhram kişi Bozları çəkib mağaranın bir küncünə elə öz boynundakı zəncirlə bağladı, üstündən zənciri sanki heyrətlənmiş köpəyin başına bir neçə dəfə çevirib-çevirib bir az da qısaltdı. F.Q. diqqətlə və artıq daha böyük cəsarətlə köpəyə baxıb gördü ki, Bozlar sadəcə böyük köpək deyil, Bozlar nəhəng köpəkdir. Qaranlıqda Bozlar həm də vahiməli köpək idi. Bəhram kişi deyərdi, Bozlar ayıdan qopxmaz, onda ki, qurd-yalquzaq ola. F.Q köpəyin bu boydasını heç görməmişdi, Bozların boynuna üç-dörd qat keçirilmiş ağır, qalın zəncir, elə bil, nazik bir sap idi, Bozlar öz böyük başını bir az da bərk silkələsə, bu sap bir andaca qırılacaqdı. – Qorxma. Danış mənlə, qoy səsinə alışsın. Köpək səsi tutar, səsə sığınar. – Bəhram kişi Bozları əzizləyə-əzizləyə (“maralım, maralımdı bu, köpək ha deyil, maraldı”) F.Q.-yə dedi.

F.Q. isə Bəhram kişinin səsini artıq eşitmirdi, çünki qəfildən başını qaldırıb naxışları görmüşdü. Matı qurumuş halda heyrət və maraqla gözlərini mağaranın əyri-üyrü divarlarına həkk edilmiş Çiçəkli yazıya dikib çəkə bilmirdi. F.Q., möcüzələr aləmində idi. Gah bu divara, gah o biri divara baxdıqca baxırdı. Gözü çətin seçsə də beynində Çiçəkli yazının ona tanış olan yeganə surətini canlandırmağa çalışır, tanıdığı bir naxışa gözü sataşanda qəlbi sevinirdi, gözü gülürdü. “Bu da Çiçəkli yazı. Bu da həyatın əsl mənası. Bu meydan (boylanıb meydanın-mağaranın, enini-uzununu təxmini də olsa hesabladı, əyri-üyrülərini saya almadı, dördün altıya alındı – metr ilə), bu da... “şeytan” demək istədi, dili gəlmədi, bu da Çiçəkli yazı! Buyur, F.Q., göstər məharətini. Hamı səndən fərasət gözləyir. Səbr və mətanət! Səbr və mətanət!..”. Naxışların divar boyu səliqəylə yan-yana düzümündə qəribə bir məna var idi: arxayınçılıq, inam (həmən yazıldığı günə və bu günə), etimad, məhrəmlik – F.Q. bu siyahını zehnində uzada bilərdi, uzatmadı, əlini atıb naxışlara sürtmək, onları sevə-sevə əzizləmək, sığallamaq, onlara bi az daha yaxın olmaq istəyi qəlbinə hakim kəsildi, əlini uzatmaq... Bəhram kişi hardansa qaranlıqdan sıyrılıb qəflətən onun gözü önündə peyda oldu. F.Q. diksindi. Bəhram kişi müdhiş bir pıçıltıyla:

– Əl vurma!! – Səsi fışıldadı; eynən mağaranın Ruhunun səsi kimi. – Əl vurmaq olmaz, balası. Mənə qulaq asmalısan... inanmalısan. Əl vurmaq olmaz! Mən sənə demişdim axı...

Bozlar Bəhram kişinin səsindəki bu dəyişməni duyub təzədən mırıldamağa başladı.

Bəhram kişinin səsində adamı çaşdıran və diksindirən nəydisə, F.Q. sövq-təbii artıq divara uzatdığı əlini aparıb arxasında gizlətdi.

– Danışmışdıq biz axı, balası. – Bəhram kişi çalışıb səsinə həlimlik və mülayimlik qatdı. “Maralım, maralım...” Bozlar da sakitləşdi.

 

 

(Ardı gələn şənbə sayımızda)

 

Kamal ABDULLA

 

525-ci qəzet.- 2010.- 9 sentyabr.- S.30.