Özü Gəncə üsyanının, arxivi isə 37-nin qurbanı oldu

 

“Qoridən gələn qatar” sənədli povestindən parça

 

“Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-fikriyyəmizi təbii yoluna saldı.

Çox heyif ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu. Ən güzidəsi “Azərbaycan türklərinin ədəbiyyat tarixi” hələ təb olunmayıb qalır. Bu kitabı şərqşünas bir əcnəbi yazsa idi Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs bizim aramızda Firidun bəy Köçərli cənabları kimi adamların əmələ gəlməsini niyə şux və həvəs ilə qarşılamırıq?”

 

Yusif Vəzir Çəmənzəminli

 

(1887-1943), Ədəbiyyatşünas, yazıçı

 

Nə yaxşı ki, 1925-1926-cı illərdə Firidun bəyin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı sanballı əsəri dörd hissədə, iki cilddə Badisəba xanımın sayəsində nəşr olundu. Əvvəla qeyd edək ki, bolşevik hökuməti əsəri Firidun bəyin yazdığı adla nəşr etməmişdir. Müəllif özü Abdulla Şaiqə, naşir Orucov qardaşlarına, Abbas Səhhətə, Əli Səbriyə və başqa dostlarına yazdığı məktub və məqalələrində əsəri “Materiallar” deyil, “Azərbaycan türklərinin ədəbiyyat tarixi” adlandırır.

1922-ci ildə Badisəba xanım Köçərli Azərbaycan SSR Xalq Maarif Komissarlığına ərizə ilə müraciət edib. Xahiş edib ki, əri F.Köçərlinin əlyazma halında olan əsəri nəşr olunsun.

Həmin il avqustun 7-də Xalq Maarif Komissarlığı Badisəba xanımın ərizəsinə baxılmaq üçün iclas çağırıb. Komissar Mustafa Quliyevin sədrliyi və Kiriyevin katibliyi ilə 29 saylı protokolla əsərin elmi dəyəri və nəşrinin zəruriliyi haqqında elmi şura qərarını tələb etmək qərara alınıb. Həmçinin nəşr haqqında müqaviləyə təzədən baxmaq və F.Köçərlinin qadını ilə müqavilə bağlamaq nazir müavini Şahbazi yoldaşa həvalə edilib (Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 57, siy. 1, s. v. 234, vər. 2).

1924-cü il mayın 18-də Azərbaycan Dövlət Nəşriyyatının sədri Cəlil Məmmədzadə ilə Badisəba xanım Köçərli arasında on şərtdən ibarət “Müqavilənamə” bağlanıb. Orada göstərilir ki, Firidun bəyin zövcəsi əsərin orijinalını nəşriyyata təqdim etsin. Əsəri beş min nüsxə çap etmək üçün nəşriyyat Badisəba xanıma beş min rublə çervon verməyi öhdəyə götürür. Orijinaldan surət çıxarıldıqdan sonra əsli – orijinal yenə Badisəba xanıma qaytarılır.

Kitab yazıldığı kimi də nəşr ediləcəkdir. Ən cüzi dəyişiklik belə Badisəba xanımın razılığı ilə ola bilər. Firidun bəy Köçərlinin yazdığından başqa, heç bir şey əlavə olunmayacaq və kitab sentyabr ayının birinə qədər nəşr olunacaqdır.

Müqavilənamə iki nüsxədə tərtib edilib. Birisi Maarif Komissarlığında, digəri isə Badisəba xanımda saxlanılacaq.

Qəribə burasıdır ki, Azərbaycan Xalq Maarif Komissarı Mustafa Quliyev (1893-1938) 1924-cü il mayın 22-də 674 saylı əmirlə göstəriş verib ki, Firidun bəyin əsəri təcili nəşr olunsun. Nəşriyyat da müqavilədə söz verib ki, kitab həmin 1924-cü il sentyabrın birinə qədər nəşr olunacaq. Ancaq kitabın birinci cildi 1925-ci ildə, ikinci cildi isə 1926-cı ildə nəşr olunub.

Heç şübhəsiz ki, mərhum Firidun bəyin kitabının nəşr olunmaması üçün bəzi adamlar əngəl törədiblər. Bunu kitab çıxandan sonra haqsız yazılan tənqidi məqalələr də sübut edir.

“...Əsər sosialist mədəniyyətinin, xüsusilə nəşriyyat işinin yenicə formalaşıb yoluna düşdüyü mürəkkəb bir vaxtda çap olunduğundan ona münasibət də müxtəlif idi. Həmin illərdə Köçərlinin ədəbiyyatşünaslıq və tənqidi fəaliyyəti H.Zeynallının “Azərbaycan ədəbiyyatı tarixi materialları”na yazdığı müqəddimə və qeydlərdə, o zaman hələ çox gənc olan M.Hüseynin əsər haqqındakı resenziyalarında, M.Quliyevin “Oktyabr və türk ədəbiyyatı” kitabında lazımınca qiymətləndirilməmiş və kəskin tənqid olunmuşdur.

...Köçərliyə qarşı ədalətsiz münasibət sonralar da bir müddət davam etmiş, hətta, ədəbiyyatşünaslıqda vulqar sosiologiya nəzəriyyəsinin təsiri ilə o, burjua alimi kimi qələmə verilərək uzun zaman tədqiqatdan kənarda qalmışdır” (R.Qəmbər qızı “F.Köçərli və onun “Azərbaycan ədəbiyyatı” əsəri məqaləsindən).

Hənəfi Zeynallı və Mustafa Quliyev 1937-ci ilin qurbanı oldular. Yalnız yazıçı Mehdi Hüseyn altmışıncı illərin əvvəllərində həmin səhvini etiraf edərək yazırdı: “Biz sovet ədəbiyyatı uğrunda mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdıq”.

Yaxşı ki, repressiyanın qanlı bıçağı hələ tam işə düşməmiş Firidun bəyin kitabı nəşr olundu və xalqın əvəzsiz sərvətinə çevrildi.

Firidun bəy Köçərli on ilə yazdığı nadir və qiymətli əsərini 1908-ci ildə bitirmişdir. Sual olunur: bəs on iki ildə nə üçün özü bu kitabı nəşr etdirməmişdir. Kitaba yazdığı “Bir neçə söz”də müəllif özü səbəbini maddi imkansızlıqda görür və kitabın toz basa-basa neçə vaxtdan bəri yatıb qalmasından şikayətlənir: “Bu bizim üçün əziz və mübarək bir kitabdır. Ona bianən lazım idi ki, o, ləyaqətli tərzdə və gözəl surətdə təb olunaydı. Vəli maddi cəhətincə bizdə o qədər bacarıq və tavana yox idi ki, bu işə iqdam edə biləydik, bir heyində ki, məcmuə ziyadə böyük və zəxm halda başa gəlibdi”.

 

lll

 

Hər dəfə bir faktı xatırlayanda yanıb-yaxılıram. İnanıram ki, hər bir Azərbaycan türkü Firidun bəy Köçərlinin doqquz yüzdən çox məktubunun və “Azərbaycan türklərinin ədəbiyyat tarixi” kitabının üçüncü cildinin əlyazmasının indiyədək itib tapılmadığını eşidəndə kədər dolu hisslər keçirir, ürək ağrısı ilə bu qiymətli xəzinəyə təəssüflənir.

1884-cü ildən ta 1919-cu ilə qədər otuz beş illik dövrdə Firidun bəy Azərbaycanın çox görkəmli ziyalıları ilə məktublaşmışdır. Respublika Əlyazmalar İnstitutunun elmi arxivində ancaq siyahısı qalan həmin yazışmalar kimlərlə olmuşdur? Yalnız Soltan Məcid Qənizadədən 78, Eynalıbəy Sultanovdan 20, Abbas Səhhətin 32 səhifəlik tərcümeyi-halı, M.Ə.Sabirdən 3 məktub, Hüseyn Cəviddən 4 məktub, Haşım bəy Vəzirovdan 47, Üzeyir bəy Hacıbəyovdan 14, Ömər Faiq Nemanzadədən 23, Cəlil Məmmədquluzadədən 22, Abbas Səhhətdən 24, Sabir və Səhhət haqqında çap olunmamış altmış bir səhifəlik əl yazısı, Qori seminariyasının Azərbaycan şöbəsinin sabiq müdiri A.O.Çernyayevskidən 24 məktub, Salman Mümtazdan 17 məktub 1937-ci ildə yoxa çıxmışdır.

Firidun bəyin vəfalı ömür-gün yoldaşı Badisəba xanım 1920-cè ilin iyin ayında əri Gəncə daşnak-bolşeviklər tərəfindən güllələndən sonra Qazaxda tək-tənha yaşaya bilmədi. 1921-ci il yanvarın 11-də 1918-ci ildə Firidun bəylə birgə qaçqın uşaqlar üçün Qazaxda açdıqları yetimxananın əşyalarını, kitab və jurnalları Revkomun tapşırığı ilə Dağ Kəsəmən kəndindəki “Kasıblar Komitəsi”nin üzvü İsfəndiyar Əliskəndərova təhvil verdi.

1921-ci il yanvarın 25-də Bakıya köçüb böyük qardaşı Məmməd ağa Vəkilovun ailəsində yaşadı. Həmin ildən Bakı darülmüəllimatında (qız məktəbində) tərbiyəçi-müəllim işləyə-işləyə Ali Pedaqoji İnstitutunun ümumi şöbəsində üç il təhsilini davam etdirdi.

Badisəba xanım 1925-ci ildə Zaqatalaya təyinat alanda Darülmüəllimatın şagird və müəllim heyəti onu təntənə ilə yola salıblar. Ona metal qapaqlı mürəkkəbqabı hədiyyə ediblər. Mürəkkəbqabının dörd ətrafında ərəb əlifbası ilə bu sözləri yazdırmışdılar: “Möhtərəm anamız Badisəba xanıma, qızlardan kiçik xatirə. Darülmüəllimat talibələri. Bakı, 1925-ci il 26 aprel”.

Badisəba xanımın getməsi münasibətilə təntənəli yığıncaq keçiriləndə kövrəlib ağlayan qızları sakitləşdirən Darülmüəllimatın müdirəsi Mədinə xanım Qiyasbəyli bildirmişdi ki, Bədisəba xanıma kişi müəllimlərimizin də hədiyyəsi var. O, zərif naxışlarla işlənmiş qapaqlı bloknotun üzərindəki bu sözləri ucadan oxumuşdu: “Qiymətli həmşirəmiz Badisəba xanıma arkadaşları tərəfindən yadigar. Darülmüəllimat, 25 aprel 1925-cè il”.

1925-ci il mayın 1-də Badisəba xanım Xalq Maarif Komissarlığının əmri ilə Zaqatala Pedaqoji Texnikumunu təşkil etmək üçün direktor vəzifəsinə göndərilib. Badisəba xanım burada kənd qızlarının texnikuma cəlb edilməsində fəal çalışdı xeyirxah analıq qayğısını gənclərdən əsirgəmədi.

1990-cı ilin dekabr ayında Azərbaycan Televiziyasında işləyəndə “Maarif işığında” verilişinin bütöv hissəsini Firidun bəyə və Badisəba xanıma həsr etmişdim. Verilişdən sonra Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Mirəli Axundov redaksiyamıza gəlib Zaqatalada işləyəndə Badisəba xanımla görüşlərindən söhbət açdı:

– 1923-cü ildə Bakıdakı pansionlu-müəllim seminariyasını bitirdim. Məni öz xahişimlə Zaqatala maarif şöbəsinin sərəncamına göndərdilər. Əvvəl Zaqatala şəhər beşillik ibtidai məktəbinə müəllim, sonra müdir təyin etdilər.

Zaqatalada işləyəndə mənə bir xoşbəxtlik üz verdi. Məşhur ədəbiyyatşünas-alim Firidun bəy Köçərlinin arvadı Badisəba xanım Köçərli pansionlu qız məktəbinə müdir təyin edilmişdi. Az keçmədən mən və bir neçə müəllim Badisəba xanımın dəvətilə onun görüşünə getdik. O, ahıl, nurani bir qadın idi. Biz ondan müəllimliyin, xüsusilə tərbiyə üsullarının incə sirlərini öyrəndik. Badisəba xanımda özümə qarşı tərbiyəçi bir ana ruhunu duymuşdum. O, mənə həmişə “oğlum” – deyə müraciət edir, Firidun bəyin müəllimlik və ədəbi fəaliyyətindən danışırdı.

...Zaqatalada mən ruhuma, ixtisasıma stimul verən gözəl bir mühitə düşmüşdüm. Buna baxmayaraq məni bir hiss narahat edirdi. Fikirləşdim ki, öz biliyimi artırmalıyam, orta təhsil ilə mən xalq maarifinə arzu etdiyim səviyyədə xidmət edə bilməyəcəm, hökmən ali təhsil almalıyam.

1928-ci ildə Maarif Komissarı Mustafa Quliyevin qəbulunda oldum. O, Zaqatalada hələ müəllimlərə çox böyük ehtiyac var, get bir il də işlə, sonra baxarıq – deyə ərizəmi qəbul etmədi. Mən çox peşman halda komissarlığın pilləkənlərindən enəndə Badisəba xanıma rast gəldim; “oğlum, niyə belə bikefsən?” – dedi. Mən əhvalatı söylədim. “Gəl, bir də komissara müraciət edək” – deyə məni özü ilə apardı. Komissarın qapısını açıb içəri girdi və ona belə müraciət etdi:

– Mustafa, bu cavan müəllimii tanıyırsanmı?

Mustafa Quliyev ayağa durub Badisəba xanımı qarşıladı və “buyurun, əyləşin” – deyə ona yer göstərdi. Badisəba xanım öz rəsmi işlərinə keçmədən dedi:

– Mustafa, bu oğlan oxumalıdır, mənim ona ümidim çoxdur. O yaxşı alim ola bilər və maarifimizə daha artıq fayda verə bilər.

Komissar məndən ərizəmi aldı və üzərinə “Universitetə daxil olmağına icazə verirəm” dərkənarını yazdı. Mən hər ikisinə təşəkkür edib çıxdım” (Professor M.Axundovun əlyazması bu sətirlərin müəllifində saxlanır).

1929-cu ilin oktyabr ayında Badisəba xanımı xalq Maarif Komissarlığına çağırıb deyiblər ki, Quba rayonundakı Pedaqoji Texnikumunda həm dərs keyfiyyəti, həm də təsərrüfat işləri bərbad vəziyyətdədir. Sizi oraya müdir təyin etsək etiraz etməzsiniz ki?..

Bu fədai maarif xadimi qısa müddətdə orada da işləri sahmana saldıqdan sonra yenə Xalq Maarif Komissarlığında Badisəba xanıma deyiblər ki, Zaqatala və Şəki rayonları ərazisində sərgərdan gəzən yetim uşaqlar çoxdur. Sizin bu sahədə təcrübəniz var: hələ 1918-cè ildə İrəvan, Dilican və İcevandan qovulan azərbaycanlı uşaqlar üçün öz hesabınıza yetimxana təşkil etmisiniz. Şəkidə uşaq evi açmağı nəzərdə tutmuşuq. Sizi oraya direktor vəzifəsinə məsləhət bilirik.

Badisəba xanım bu vəzifəyə də razılıq verib Şəkiyə gedib, orada məktəbəqədər iki saylı nümunəvi uşaq evi təşkil edib.

Onda əri Firidun bəy Köçərliyə məxsus əlyazmalarını, doqquz yüzdən çox məktub və nadir kitabları Bakın-in Park küçəsində yaşayan böyük qardaşı Məmməd ağa Vəkilovun mənzilində qalmasını məsləhət bilmişdilər. Axı bu nadir arxivi aparmaq da çətin olardı. Bu arxiv nə az, nə də çox içi dolu ikiböyük sandıqdan və bir neçə səbətdən ibarət idi.

 

lll

 

“Xalqımıza, millətimizə su, çörək, hava kimi lazım olan Firidun bəyin böyük sərvəti sandıqda yatıb qalırdı. Ah, biz nə qədər də laqeydik! Firidun bəyin arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür”.

 

Əziz Şərif, professor

 

1937-ci il noyabrın 10-da Məmməd ağanın otuz səkkiz yaşlı oğlunu, hüquq elmləri üzrə professor Mustafa Vəkilovu həbs eləməyə gələndə evi axtaran orqan işçiləri hökumət əleyhinə heç nə tapmamışdılar. Yataq otağında axtarış aparanda çarpayının altında kağız dolu səbətlərdən və iki sandıqdan çıxan ərəb əlifbası ilə yazılı kağızları görüb təəccüblə soruşmuşdular:

– Bu nə kağızlardı belə?

Məmməd ağa demişdi:

– Bu, məşhur ədəbiyyatşünas-alim Firidun bəy Köçərlinin əlyazmalarıdır.

– Onun yazılarını siz burada niyə gizlədibsiniz? Özü hardadır?

– O, mənim yeznəm – bacımın əri idi. Bacım rayonda işləyir, özü ilə aparmağa imkanı olmadı. Ona görə də ərinin arxivini mənim evimdə saxlayır.

Orqan işçisi hökmlü səslə:

– Mən soruşdum ki, – deyib – yeznənizin özü hardadır?

– O, 1920-ci ilin iyun ayında Gəncədə həlak olub.

– Üsyan vaxtı, eləmi?

– Bəli, o, Qazaxda seminariyanın müdiri idi. Qarışıqlığa düşüb...

– Üsyan vaxtı həlak olubsa, demək xalq düşməni kimi güllələyiblər. – Yanındakı iki meşin pencəkli gəncə əmr edib: – Götürün, bunları aparaq, bizə lazımdır. Sonra üzünü ev sahibinə tutub kinayə ilə söyləyib: — Bu da bir əsas ola bilər.

Məmməd ağa heç nə deyə bilməyib. Bilməyib oğlunun xilas olunmasını xahiş etsin, yoxsa Firidun bəyin əlyazmalarını... Nitqi tamam itmişdi. Udquna-udquna qalan dağ cüssəli kişinin sinəsi körük kimi qalxıb enirmiş. Özlərini qəddarcasına aparan orqan işçiləri səbətlər və çamadanları ağır olduğuna görə onları qaldıra bilməyib, əlyazmalarını dəstə-dəstə götürüb vecsiz bir əşya kimi yük maşınına atırlar.

 

 

(Ardı var)

 

Şəmistan NƏZİRLİ

 

525-ci qəzet.- 2010.- 15 sentyabr.- S.7.