Gələcəyə ünvanlanan qəhrəmanlıq dastanı

 

Lirik poeziyası, məhəbbət misraları, kövrəkliklə süzülən ifadələri ilə qəlbləri riqqətləndirən Nəriman Həsənzadə tarixi mövzulara müraciətdə daha sərt, mətin, sərrast, döyüşkən bir libas geyir. Bu zaman o, cəngavərliyə, mübarizliyə, mətin olmağa, məğrurluğa sövq etdirir. Soydaşını keçmişi ilə qürur duyub, güvənli olub, basılmazlıq haqqını tapdamamağa çağırır. Nuru Paşa” əsəri də məndə həmin ovqatı yaşatdı. Bu ovqata pozitiv impuls verən, həm də əsərlə tanışlığım Moskvada elmi məzuniyyət zamanı olduğundan, qaldığım mehmanxananın yanından keçən uzun bir küçənin “Səməd Vurğun” adını daşımasının doğurduğu təəssürat oldu. Böyük şairin adı yazılmış lövhələri gördükcə qürurlanır, həm də Rusiyanın paytaxtında Azərbaycan şeirinin təntənəsini yaşayırdım. “Səməd Vurğun” küçəsini dolaşdıqca, Nəriman Həsənzadə şeiriyyətini duyduqca ölməz poeziyamızın hüdudlara sığmadığının təsdiqini yaşayaraq öz ürək düşüncələrimi soydaşlarımla Vətəndə paylaşmağı münasib bildim.

Tarixdə adətən qələbə çalanlar qəhrəman sayılır. Zirvədə tutulur, ehtiramla anılır, adına olub-olmamış rəvayətlər qoşulur. Bu rəvayətlərin, “qəhrəmanlıq dastanlarımızın ömrü qəhrəmanlığımızın ömründən daha uzun olur”. Professor Nizami Cəfərovun təəssüflə qeyd etdiyi bu fikir də cəmiyyətin funksional mövcudluğuna xas təbii haldir. Cəmiyyət daima qəhrəmanlıq, yaxud da daima uğursuzluq vəziyyətində qala bilməz. Hər iki hal davamlı prosesə çevriləcəyi ehtimalında belə, artıq öz mahiyyətindən kənarlaşır. Nizami bəyin xalq üçün arzuladığı qəhrəmanlıq ömrünün uzunluğunu şərtləndirən əsas dəyəri elə özü də təsdiqləyir.

Qəhrəmanlıq dastanlarının ömrü uzun olursa, deməli o dastanı yaradanyaşadan insanlar qəhrəmanlıq aşiqidir.

Qəhrəmanlıq təşnəsi ilə yaşayan cəmiyyət xarüqələr yaratmağa qadir olur.

Qəhrəmanlıq ruhunu oyandırmağa, səfərbər etməyə, səmərəli istifadəyə yönəltməyə qadir dastanlara, digər ədəbi janrda yazılmış əsərlərə böyük ehtiyac vardır. Bu hər zaman olduğundan daha çox bu günkü Azərbaycana lazımdir, strateji anlamda belə zəruridir.

Bəli, qəhrəmanlıq dastanı, haqqında bəhs etdiyi qəhrəmanın da, dastanı yaradanın da ömründən uzun olmalıdır. Əgər o həqiqi qəhrəmanlığa həsr olunubsa. Əks təqdirdə zamanın konyuktur kəsiklərində ilişib unudulacaqdır. Nuru Paşa, unudulmayacağını tarix təsdiqləyən qəhrəman oldu. Şəninə sağlığında nəğmələr oxunan qalib ordu komandanı Nuru Paşa 90 il sonra Azərbaycan seirinin baş qəhrəmanına çevrildi. Nəriman Həsənzadənin yaratdığı “Nuru Paşa” oxucuların təfəkküründə şairin gördüyü obrazda yaşayacaqdır. Bəs tarixi əsərlər təcrübəsi zəngin və uğurlu olan şair Nuru Paşanı necə gördü, necə yaratdı?

Nəriman Həsənzadə Nuru Paşanın özündən öncə onun qəhrəmanlıq meydanını yaratdı. O meydanda zaman və məkan hüdudları çox genişdir. Meydan Nuru Paşanın “at belində” Türkiyədən Gəncəyə gəldiyi 1918-ci il deyildir. Qəhrəmanlıq meydanının coğrafiyasını şair öz gözündə mətnə alıb. Azərbaycanın davasına qoşulmuş “Mehmetciklər”in doğulduğu hər bir diyarın imzasına minnətdarlıq duyğusunu poemada dönə-dönə vurğulayan şair “səngərdə doğmalaşan” kayserilər, ağdamlılar, samsunlular, ağdaşlılar nümunəsində türk birliyinin örnəyini təbliğ edir. Qəhrəmanlıq meydanının məkanı nə qədər genişdirsə, zaman hüdudları daha dərinliklərə uzanır. Səlcuqlardan, eldənizlərdən, səfəvilərdən güc alan türkün ermənilər tərəfindən qətliama məruz qaldığı ana ağı deyən şairtürkün qılınc ləhcəsində” danışmasına vadar edən düşmənə xəbərdarlıq edir:Türk qılıncı parlayanda, tarixə İstiqlal yazır”.

Türksoylu İskəndər” – Nuru Paşa şair bənzətməsində “Fatehlərin varisi – Turanlı şahzadə” kimi vəsf edilməklə yanaşı, türk millətinin xarakterinə, düşüncəsinə, mentalitetinə xas dəyərlər də təqdir edilir. Türkün genetik kod daşıyıcılarını düsturlaşdıran şair əsas döyüş meydanını unutmur, süjeti tarixi müstəvidə, dövrün mürəkkəb mənzərəsində davam etdirir. Hələ XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən istilasından qaynaqlanan erməni iddialarının reallaşması yönündə XX əsrin əvvəllərində aparılan qanlı savaşın Azərbaycan xalqına qarşı soyqırımına çevrilməsi şair qəlbini daxildən püskürdür:

 

...Torpağın üstünə püskür,

torpağın altını, Tanrım.

Yerdən çıxsın yer altında

yatanların...

 

Türkün qəhrəmanlıq salnaməsində kölgə görmək istəməyən şair son min ilin tarixini çək-çevir edir. Səfəvi-osmanlı, sünni-şiə savaşını qınaya-qınaya “qardaşa əl tutan” Nəriman Nərimanovu, “Bir millət, iki dövlət” deyən Heydər Əliyevi anır. Amma bu da bir reallıqdır ki, XX əsrin əvvəllərində türkün böyük bir dövləti var idi – Osmanlı imperatorluğu. Dünya savaşında məğlub olub çökən Osmanlı dövlətini parçalamaq niyyətli və əməlli dövlətlər bir araya gəlmişdi. Bax, o zaman türk xalqı Mustafa Kamalın başçılığı altında ölüm-qalım savaşına qalxdı. Bax, o zaman şairin “Turanlı şahzadəsi” – Nuru Paşa xalqının azadlıq mübarizəsinə dəstək verdi. Bu mübarizədə bolşevik Rusiyası ilə müttəfiqliyin faydalı olacağı zərurətini dərk edən Türkiyə milli-azadlıq mücahidləri Azərbaycan Cümhuriyyəti hökumətini əks mövqedə durmaqda qınayırdı. Hələlik isə qayıdaq 2 il öncəyə – 1918-ci ilə.

 

...Bizdən vətən istəyirdi

vətənsizə rus dövləti.

Həştərxana daşıyırdı

neftimizi gəmi-gəmi.

“Gülüstan”dan “Türkmənçay”dan

millətə qalmışdısa, miras kimi.

 

Xalqımızın bu gün də məruz qaldığı təcavüzün köklərini “Gülüstan”da, “Türkmənçay”da görməkdə haqlı olan şair Azərbaycanı bölüşdürmüş dövlətlərin himayəsindən azğınlaşan erməni təcavüzkarlığını səciyyələndirir.

 

Erməninin xəyanəti –

rusdan gəlir,

farsdan gəlir.

 

Yaranmaqda olan tarixi fürsətdən məharətlə istifadə edən erməni başbilənləri mövcud himayədarlarına, tərəfdaşlarına dərhal xəyanət edib müttəfiqlərini dəyişməkdə zəngin təcrübə qazanıblar. 1917-1920-ci illər ərzində rəqib düşərgələr arasında manevrlər edib, asanlıqla istiqamət dəyişdirərək Qafqazda erməni dövlətini əldə edə bildilər. Böyük dövlətlərin geopolitik maraqlarında oyunçuluq edərək bolşevik hakimiyyətinin siyasətini öz milli maraqları ilə uzlaşdırıb xeyli yeni torpaqlar mənimsədilər. Bu uzlaşmanı “daşnakbaşlı bolşeviklər qan gölündə avar çəkir” ifadəsində verən şair 1918-ci ilin yazında bolşeviklərin daşnaklarla işbirliyi nəticəsində minlərlə azərbaycanlının görünməmiş vəhşiliklə kütləvi qətliama məruz qaldığını təsvir edir:

 

...Bir cəhənnəm səhnəsiydi,

Şamaxı zəlzələsiydi,

Şamaxıda qətl-qarət...

...Ağsuda su qurudumu?

Göyçayda çay soğuldumu?..

...Kəndləri yandırırdılar,

türkləri oddayırdılar.

Ayaqlayıb meyitləri,

üstündən addayırdılar...

 

Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda ermənilərin eyni vaxtda törətdikləri qırğınlar beynəlxalq vəziyyətin gərgin dövründə baş vermişdir. Dünya müharibəsinin son ilində, Rusiyada yeni hakimiyyətin əlverişli siyasəti müstəvisində, Xəzər hövzəsi – Qafqaz regionu, başlıcası Bakı nefti uğrunda beynəlxalq rəqabətin qızğın çağında ermənilərin canfəşanlığı təsadüfi deyildi. Son dərəcə mürəkkəb bir mühiti Nəriman Həsənzadə poetik dillə oxuculara anladır:

 

...Bizim Poylu körpüsünə sancıb

alman – bayrağını.

Neft istəyir, –

bir başmağa qoyub iki ayağını.

O da guya menşeviklə canhacandı.

Orda rusdu, burda “yan”dı,

ingilisdi, italyandı.

Allah, allah, gör qədər quzğun gəlib...

 

Azərbaycandakı ictimai-siyasi qüvvələrin mövqeyi şairin diqqətindən kənarda qalmamışdır. “Susan millətçi natiqləri”, “Yoxa çıxan varlı Bakı qoçularını”, “sözü keçməyən hacıları”, “bəyləri, xanlarıqınayaraq yaradıcılığında əvvəllər neftlə bağlı bildirdiyi münasibəti təsdiqləyir: “Göz dağıdı neft, Allahım, əsiriyik bu sərvətin”.

Nuru Paşa Nəriman Həsənzadə poeziyasında bu günün gələcəyin simvoludur:

 

... qədər ki, sərhəd boyu hədələyir,

bizi yağı;

qədər ki, almamışıq Zəngəzuru,

Qarabağı...

 

Nuru Paşa” dastanının ruhu şair üçün aparıcı bir motivdən yoğrulmuşdur: “Tarix! Səni oxuyuram mən türkə “Can!” deyə-deyə. Bununla belə türk, müsəlman təəssübkeşliyinin kölgəsində qalmayan böyük bir sevgi var onun qəlbində: Vətən sevgisi – Azərbaycan sevgisi! Tarixin cazibədar ideologiyalarını bu sevginin fövqündə deyil, ona xidmətdə arzulayan Nəriman Həsənzadənin “Nuru Paşa” əsəri bu günün gələcəyə qəhrəmanlıq çağırışıdır.

 

 

Firdovsiyyə ƏHMƏDOVA

 

525-ci qəzet.- 2010.- 15 sentyabr.- S.4.