Özü Gəncə üsyanının, arxivi isə
37-nin qurbanı oldu
“Qoridən gələn qatar” sənədli povestindən
parça
(Əvvəli ötən sayımızda)
Respublika Əlyazmaları
İnstitutunun elmi arxivindəki Badisəba xanıma məxsus sənədlərdən
məlum olur ki, o, ömrünün axırına kimi Firidun bəyə
məxsus bu qiymətli xəzinəni axtarmışdır. On
doqquz saylı fondda saxlanan məktubda Badisəba xanım Azərbaycan
KP(b)MK-nin katibi Mircəfər Bağırova da müraciət
etmişdir:
“Nuxa məktəbəqədər
iki saylı uşaq evinin müdirəsi Badisəba
Köçərlidən
Ə r i z ə
1921-ci ildən bu günə
qədər Xalq Maarif Komissarlığı xətti ilə
işləyirəm. 1925-ci ildən isə Azərbaycanın
rayonlarında çalışıram. O qədər də
çox olmayan ev əmlakımı özümlə
daşımaq imkanım olmadığından onları
Bakıda yaşayan qardaşım Məmməd Vəkilovun mənzilində
saxlamışdım. Qardaşım oğlu Karl Marks adına
Xalq Təsərrüfatı İnstitutunun hüquq fakültəsinin
keçmiş dekanı Mustafa Vəkilov onunla eyni mənzildə
yaşayırdı.
Mərhum ərim
Köçərlinin arxivi də mənim əşyalarım
arasında idi. Firidun Köçərlinski Qori Müəllimlər
Seminariyasının keçmiş müəllimi, sonralar Qazax
Müəllimlər Seminariyasının direktoru olmuşdu.
Onun arxivində çoxlu qiymətli ədəbi materiallar
vardı. O cümlədən: Mirzə Fətəli Axundovun
şair M.P.Vaqif haqqında əlyazmaları, Mirzə Ələkbər
Sabirlə ədəbi mühit haqqında yazışmalar,
“Molla Nəsrəddin”lə yazışmalar. F.Köçərlinin
özünün əlyazıları, müxtəlif ədəbi
xadimlərdən alınmış çoxlu materiallar.
10 noyabr 1937-ci ildə Mustafa
Vəkilov NKVD tərəfindən həbs edilərkən ona
aid materiallarla birgə mənim ərimin arxivini də
aparmışlar. Bunlar hamısı mənə bu yaxınlarda
məlum olub.
Xahiş edirəm mənə
cavab verin ki, göstərilən arxivi nə vaxt, harada geri ala
bilərəm.
Mənim ünvanım: Nuxa
şəhəri, 2 saylı məktəbəqədər
uşaq evi. Müdirə Badisəba Köçərli”.
M.C.Bağırovun nə
cavab verdiyi, yaxud, cavab verib-verməməsi indiyədək məlum
deyil. Yəqin ki, heç cavab verilməyib. Əgər versəydi,
belə işlərdə səliqə və səriştəsi
olan Badisəba xanıma məxsus sənədlər
arasında həmin cavab olardı.
1949-cu ildə Şəkidə
ezamiyyətdə olan maliyyə işçisi Rüstəm
Babaxanov Badisəba xanımla görüşmüş, onun
Qori, Qazax seminariyaları və Firidun bəy haqqında xatirələrini
qısa da olsa “Ədəbiyyat və incəsənət” qəzetinin
6 oktyabr 1989-cu il sayında dərc etdirmişdi. Burada da Badisəba
xanım yana-yana Firidun bəyin itmiş arxivinin
axtarılmasından söhbət açır. Lakin indiyə
qədər nəticəsi olmadığını göz
yaşı ilə bildirir.
Rüstəm Babaxanov söhbətin
sonunda yazır:
– Badisəba xanım, dedim –
arxiv idarəsində mənim universitet yoldaşlarımdan
işləyənlər var. Mən Firidun bəyin arxivini
axtaracam. Bir şey öyrənə bilsəm, hökmən sizə
xəbər verərəm.
Badisəba xanım
inamsızlıqla, –ya qismət, – dedi.
Firidun bəyin arxivinin taleyi
mənə rahatlıq vermədi. Ancaq o illər elə
şeylərə maraq göstərmək, hətta, yaxın
hesab etdiyin adamlarla bu barədə söhbət etmək
özü böyük xəta idi, nəticəsi çox pis
ola bilərdi. İllər keçdi.
1937-ci ildəki dəhşətli
sirlərin bir qisminin üstündən qalın örtüklər
götürüldü. Sibirdə salamat qalanlar bəraət
alıb evlərinə qayıtdılar. On yeddi ildən sonra mənim
qardaşlarıma da bəraət verildi.
Sibirdən qayıdanlardan
biri də mənim böyük qardaşımın yaxın
dostu, otuzuncu illərdə Bakı Şəhər Milis
İdarəsinin rəisi, oğruların, əyrilərin qənimi
Məmmədəmin Şəkinski Respublika Arxiv İdarəsinin
rəisi təyin olundu.
O, öz idarəsinin maliyyə
məsələləri ilə əlaqədar ara-sıra mənim
yanıma gəlir, bəzən də söhbətimiz ötən
illərə qayıdırdı.
Artıq Firidun bəyin
arxivini axtarmağın vaxtı çatmışdı. Mən
ona Firidun bəyin arxivi barədə Badisəba xanımdan
eşitdiklərimi danışdım. Məsələ Məmmədəmin
Şəkinskini çox maraqlandırdı. Aylar keçdi.
Bir gün Şəkinski işlə əlaqədar mənimlə
görüşəndə dedi:
– Bütün arxivi
yoxlatdırdım. Firidun bəyin əlyazmalarından əsər-əlamət
yoxdur.
Mən təəssüfləndiyimi
gizlətmədim. O, dedi:
– Ümidimizi üzməyək.
Mən Daxili İşlər Nazirliyinin arxivini də
yoxlatdıraram, bəlkə ora veriblər.
Bu, ağlabatan idi. O zaman
Respublika Dövlət Arxiv İdarəsi Daxili İşlər
Nazirliyinin tərkibində idi və Şəkinskinin orada
böyük hörməti vardı.
Yenidən mənim ürəyimdə
bu məsələyə inam baş qaldırdı, o da
böyük ümidlə getdi.
Yenə aylar keçdi. Nəhayət,
bir gün Şəkinski mənə dedi:
– Orada da tapılmadı...
Belə görünür ki, onu “lazımsız
kağızlar” kimi yandırıblar.
Fəlakətə bax... Dəhşətə
bax!.. Öldürülən insanlar az imiş, günahsız,
lakin çox lazımlı yazıları da məhv ediblər.
lll
“Badisəba xanım
sandığı açıb, oradan sapla bağlanmış
bir dəstə məktub çıxartdı və mənə
uzatdı. Üzərində Firidun bəyin xoş xəttilə
ərəb əlifbası ilə yazılmışdı: “Məktubati-Qurbanəli
Şərifzadə”
Əziz Şərif, professor
Firidun bəyin itmiş
arxivini görüb-tanış olan yeganə ədəbiyyat
mütəxəssisi professor Əziz Şərif olmuşdur.
1936-cı ilin noyabr ayında M.F.Axundovun yeni bir arxivini tapıb
onu dövlətə təhvil vermişdir. Bundan xəbər
tutan Badisəba xanım, Cəlil Məmmədqulizadənin həyat
yoldaşı Həmidə xanımdan xahiş etmişdir ki, Əziz
Şərifi onunla görüşdürsün. Bu
görüş 1937-ci il yanvarın 12-də olmuşdur. Badisəba
xanım evində olan arxivi Əziz Şərifə göstərərək
demişdir:
– Heç şübhə
etmirəm ki, bu sandıqlarda olan yazılar da millətimizə
və xalqımıza lazım olar. Firidun bəyin bütün
ömrü boyu axtarıb tapdığı əlyazmaları,
kitab, dəftər burdadır. Bu sandıqları mən
qorxa-qorxa, əsə-əsə bu günə kimi
saxlamışam, heç kəsə burdan bir vərəq də
inanıb verməmişəm. İndi sizin vasitənizlə mən
bu sandıqları hökumətə vermək istəyirəm.
Əziz Şərif arxivlə
əməlli-başlı tanış olur. Hətta,
M.F.Axundovun əlyazmasını, Firidun bəyin onun atası
Qurbanəli Şərifzadəyə ünvanlanmış məktublarını
və başqa qiymətli sənədləri görüb
heyranlığını bildirir. Gecədən xeyli keçənə
qədər dəyəri başa gəlməyən xəzinəni
araşdıran fədakar alim söz verir ki, bunları gün
işığına çıxaracaq, hətta, lazım gəlsə
bu barədə Mərkəzi Komitədə məsələ
qaldıracaq: “Gedərkən Badisəba xanıma öz sonsuz təşəkkürümü
bildirdim. Yazıq arvadın sevincdən gözləri
yaşardı”.
Əziz müəllim sonralar
– 1971-ci il mayın 2-də Moskvada yazdığı “Firidun bəy
Köçərli” məqaləsində qeyd edir ki, həmin
axşam materialları gözdən keçirdikcə ayrı
vərəqdə qələmlə qısaca (22 adda) siyahı
tutmuşam.
Lakin fədakar alim Əziz
Şərif arxiv barədə haraya müraciət edirsə
heç kəs, heç bir idarə – nə Elmlər
Akademiyasının Azərbaycan filialı, nə də Mərkəzi
Komitə bu məsələyə yaxın durmur.
Şübhəsiz ki, bəzi
idarə rəhbərləri 37-ci ilin xofundan ehtiyat edirdilər.
Yəqin ki, Firidun bəyin 1920-ci ilin iyun ayında Gəncədə
güllələnməsindən cəsarət edib onun ədəbi
irsini almayıblar. Axı, bizim bəzi
ziyalılarımızda ala çatını ilan kimi görənlər
var.
Professor Əziz Şərif
yazır:
– 1937-ci il fevralın 1-də
Mərkəzi Komitəyə yazdığım rəsmi məktubu
mədəniyyət şöbəsinin müdirinə təqdim
elədim və ərizənin nəticəsini gözləməyə
başladım. Aradan günlər keçdi. “Azərnəşr”də
işləyərkən mən yuxarı orqanda mədəniyyət
şöbəsinin müdiri ilə tez-tez görüşməli
və bilavasitə öz vəzifələrimə aid məsələlər
ətrafında onunla məsləhətləşməli
olurdum. Bu “hörmətli yoldaş” indi də sağdır və
mən biləni, fərdi təqaüdçüdür. Mən
onun adını çəkmirəm, lakin işdir, bu sətirlər
onun nəzərinə çatsa, bəlkə bu hadisələri
yadına salar və burada nəql edilən tarixi həqiqətləri
təsdiq edər.
...Ərizəni müdirə
verəndən bir neçə həftə sonra, fevralın
27-də mənə xəbər verilmişdi ki, rəis mən
qaldırdığım məsələnin həllini Xalq
Maarif Komissarı Məmmədsadiq Əfəndiyevə həvalə
etmiş, mənə isə çatdırmağı
tapşırmışdır ki, artıq belə işlərə
qarışmayım.
Bu ikinci göstərişin
mənasını və səbəbini anlamasam da, tabe
olmağa məcbur idim və artıq Köçərlinin
arxivi ətrafında bir tədbir görməyi mümkün
bilmirdim. Xalq Maarif Komissarına tapşırılmış məsələ
həll edilməmiş qaldı. Çünki komissarın
biri getdi, biri gəldi, mən isə Bakıdan yenə Tiflisə
qayıtmalı oldum. Sandıqların başına nə gəldiyini
mən bilmədim...
Mərhum professor Əziz
Şərif çox haqlı olaraq 1937-ci ildə yuxarıda
oturan o nadanın adını çəkmir. Ancaq onun adı
bizə yaxşı məlumdur. Biz də istəmirik ki,
xalqın qiymətli arxiv xəzinəsinə xor baxan
ikiüzlü, daşnak və bolşevikin qabının dibini
yalan, xalqımızın qeyrətli oğullarını dəstə-dəstə
sürgünə göndərib məhv etdirən nankorun
adı tarixə düşsün. Əziz müəllim bir
yerdə o nadanın haqqında hörmətli yoldaş
sözlərini işlədir. Mən isə professorun ruhu
qarşısında dayanıb üzr istəyərək
hörmətli yoldaş sözlərini dırnağa
aldım. Çünki o tünbətün olmuş hörmətə
layiq deyil. Bunu mən əsəbdən və Firidun bəy
Köçərliyə olan məhəbbətim naminə elədim.
O Ğ U L H Ə S R Ə T İ
“Ata məhəbbəti
dağlardan yüksək, ana məhəbbəti dəryalardan
dərindir”.
Yapon atalar sözü
Məmməd ağa otaqda tək
qalmışdı. Sürgündə olan oğlu Mustafanın
dərdi iri gövdəli kişini düyüb-düyüncəyə
döndərmişdi. O biri otaqda arvadı Mədinə
xanım, doktor Bahadır bəy, general Əliağa
Şıxlinski, qardaşı Əhməd ağa və bir
neçə qohum-qonşu kişinin ağır vəziyyətini
görüb həkimin məsləhəti ilə
hazırlıq görürdülər. Az da olsa huşu
özündə olan Məmməd ağa yarı açıq
qapıdan bəzi sözləri eşidirdi. Gözü tavana
zillənən kişi arabir Mədinə xanımı
çağırıb soruşurdu:
– Bacım Badisəba gəldimi?
“Hələ yox” kəlmələrini
eşidəndə azca yerində qurcalanıb, dedi:
– Bə nə təhər
teleqram vurdunuz ki, üç gündü gəlib
çıxmır?
Mədinə xanım da ərklə
cavab verdi:
– A kişi, bacıyın
şəxsi təyyarəsi-zadı var? Zəng eləmişdik,
dedilər yola düşüb, onların dediyinə görə
indilərdə gəlib çatmalıdır.
– Bəs Əliağa hara
getdi?
Burdadı, heç yana getməyib.
Əliağa, – deyə, Mədinə xanım əmisi
oğlunu çağırdı.
İri addımlarla otağa
girən qoca general xəstənin yatağı yanındakı
boş stulda əyləşdi. Ayağını ayağı
üstə aşırıb zarafatla:
– Nə olub cavan oğlan,
dedi, – yenə şıltaqlıq eləyib əmim
qızına naz satırsan...
– Əliağa, daha naz satmaq
bazarım bağlanıb. İndi mən əjdaha ilə
çiling-ağac oynayır...
Kandarda ayaq səsləri
eşidildi. Çöl qapısı açılıb
bağlandı. Yağışdan başı-gözü
islanmış Badisəba xanım pencəyini soyuna-soyuna;-
dedi:
– Mən özümlə
Şəkidən bolluca yağış da gətirdim.
Bakıda olmayan yağışlı hava... Həyəcanla
giriş qapısının ağzında dayanlara ötəri
nəzər salıb – Nə olub qardaşıma, hanı
ağam, hardadı? – Qollarını açıb üstünə
yeriyən Mədinə xanımı qucaqladı. Mədinə
xanım onun qoluna girib Məmməd ağa yatan otağa gətirdi.
– Ay kişi, ay ağa, dərdiyin
dərmanı gəldi. İndi sağalmalısan. Ala, bu da sənə
əziz bacın...
Dikəlməyə heyi
olmayan Məmməd ağa zorla da olsa mütəkkəyə
söykənmək istədi. Bacarmadı. İri ala gözlərini
döndərib bacısını görəndə
yaraşıqlı üzünə parlaq bir işıltı
yayıldı. Badisəba xanım qardaşını
qucaqlayıb üz-gözündən oldu. Xəstə
xırıltılı səslə kövrələ-kövrələ:
– Gəldin bacı, sənə
mən əziyyət vermişəm, görüşək...
deyəsən oğul dərdindən gedirəm.
Ağlamaqdan özünü
zorla saxlayan bacı başa düşdü ki,
qardaşının halı o hal deyil.
– Nə olub sənə ay
qardaş, hər şeyi ürəyinə salıb
özünü üzmə, vaxt gələr buraxarlar. Bu bəla
tək sənin oğlunun başında deyil ha...
– Yox, əziz bacı, bu
xına o xınadan deyil. Mustafa yazır ki, xəstəyəm.
Türmə, xəstəlik, indi gör nə haldadı, dərd
məni... – Ağlamsındı, gözünə yaş gilələri
duman çökdürdü.
– Təpədə tək
göz kimi, bircə oğlum vardı. Onun da taleyi belə gətirdi.
Bacı, sənə əziyyət verdiyim üçün
üzrxahlıq eləmək istəyirəm. Sənin
yanında günahkaram, üzü qarayam.
– Niyə, a qardaş, sənə
qurban olum. Atamız öləndən sonra sən bizə həm
ata olubsan, həm də böyük qardaş.
Hamımızı evli-eşikli elə...
– Sözümü kəsmə,
sənin yanında günahkaram ona görə ki, Firidun bəyin
əmanətini saxlaya bilmədim. Bilirəm, Firidun bəyin əlyazmalarının
itkisi ən çox səni yandırır, səni
ömrün boyu ağrıdacaq. O kitabların, əlyazmaların
hansı zəhmət bahasına yazılmasının yeganə
şahidi sənsən. Onların itirilməsinə səbəb
isə mən oldum.
– Sən niyə, ay
qardaş, əlyazmalar müxənnət əlinə
keçdi. Dövrün, zamanın balasına gəldi.
İndi hansı evdə ərəb, fars əlifbasında kitab
tapılırsa ev sahibini həbs edirlər, az qalırlar evi də
odlansınlar.
– Axı, sən Firidun bəyin
əmanətini mənə tapşırmışdın. Gedər-gəlməzə
də mənim evimdən apardılar. Of, – deyib kədərlə
köks ötürdü. – Firidun bəyin ruhu məndən...
– Sən də söz
danışdın, cavan professor oğlun Mustafanın dərdi
bizi qırıb-batırır. Ondan danış, görüm
məktub alırsanmı?
– Nəyini
danışım, bacı? Oğluma bəla savadının
ucundan gəldi. Onu paxıllar gözə gətirib tutdurdular.
Bu yeni quruluşun rəhbərləri bilikli türk
oğullarına qarşı ova çıxıblar. Onu elə
yerə göndəriblər ki, çətin bir də vətənə
qayıda bilsin. Çox gənc yaşında elmdə
qazandığı şan-şöhrət ona ağır
oturdu. Mustafanın sürgün olunduğu yerdən mində
biri sağ gəlir. Özü yazmır, onun yanında olan bir
nəfər yazıb ki, Mustafa xəstədir. Atamızın
adını qoymuşam, bəxti də onunkuna oxşadı. O
da cavan öldü. Görünür qisməti bu qədər
imiş.
Bayaqdan arxası üstə
uzanan Məmməd ağa qalın yastıqda başını
azca qaldırıb məlul-məlul bacısına baxdı.
Qımışıb şəhadət barmağı ilə
aşağı əyil işarəsi verdi. Badisəba
xanım özünü onun üstünə salıb
başını, boyunu qucaqladı. Məmməd ağa
pıçıltı ilə “öp məni – dedi – bacı,
qoy anam rəhmətliyin iyini səndən alım, son dəfə...”
– Nəfəs-nəfəsə duran bacı-qardaş ürəklərindən
qara qanlar axıda-axıda qucaqlaşıb qaldılar. Gecdən-gec
dilləndi qardaş: – Deynən anam Fatma xanımın goru
haqqı Firidun bəyin sənədlərinə görə səni
bağışlayıram. Yoxsa rahat öləmmirəm,
bacı, – deyib ağladı.
Sel kimi yaş ağıdan
Badisəba xanım:
– Ay qardaş, bəsdi,
ürəyimi qana döndərmə, belə anamın da,
atamın da əziz ruhu haqqı bu işdə sənin
günahın yoxdu. Sən neyləyəsən, hökumətlə
hökumətlik eləyəcəkdin ki? Hökmün
olsaydı bircə oğlun Mustafanı əlindən verməzdin.
– İki gün dalbadal Firidun
bəyi yuxuda gördüm. Çoxusu yadımda qalmayıb.
Bir o yadımdadı ki, seminariyada oxuyan vaxtımızdı.
Deyəsən Qori qalasının yanında şəkil
çəkdirirdik. Müəllimimiz Aleksey Osipoviç təəccüblə
baxıb Firidun bəyə dedi ki, bu nə saqqaldı, oğul,
dümağ, sənə tez deyil? Hamımız göy mahuddan
tikilmiş seminariyanın bayram paltarındayıq. Təkcə
Firidun bəy din xadimlərinin geyindiyi uzun ətəkli əbadadı.
Hə, əziz bacı, indi rahat ola bilərəm. Sənən
Firidun bəy haqqında halallıq aldım. Nə yaman
islanıbsan, çöldə yağış yağır?
Saçların bütün sudu...
– Hə, bərk
yağır. Avqustun axırında Bakıda görünməmiş
nur yağışı yağır.
Məmməd ağa aramla,
kövrək səslə:
– Sənin yadına gəlməz,
– dedi – onda beş yaşın tamam döyüldü.
Atamız Mustafa ağa öləndə də Salahlıya bir
yağış düşdü, sellər-sular oyandı. Mən
də yağışlı gündə öləcəm,
bacı.
– Ay qardaş, bəsdi, sən
allah, ölüm-zad nədi, səndə nə var ki?
– Yox, bacı, biz Vəkiluşağında
görücülük var. Əmimiz Bəhram ağa Vəkilovun
da uzaqgörənliyi və görücülüyü
vardı. Evin uçacağını, kimin nə vaxt öləcəyini
və nə vaxt güclü sel düşəcəyini əvvəlcədən
bilirdi.
1917-ci ilin bir payız
axşamı Bəhram ağa “Gəncimalı” adlı
atını tövlədən çıxardıb
üz-gözündən öpürdü. Bibim Pəri
xanım yarı şübhə, yarı doğru
üzünü Bəhram ağaya tutub dedi:
– Ay Bəhram ağa, atı
niyə öpürsən, nə olub, nə məsələdi?
Bikef Bəhram ağa Pəri
xanıma dedi ki, özün bilirsən, bu at mənə
qardaşım qədər sadiq olub. Neçə dəfə
məni ölüm-itimdən xilas edib. İndi son dəfə
onunla halallaşıram. Mən bu gecə öləcəm.
Həmin gecə Bəhram
ağa dünyasını dəyişdi...
2010-cu il, iyul
Şəmistan NƏZİRLİ
525-ci qəzet.- 2010.- 16 sentyabr.- S.7
.