“Ana olduğum an şairə, şairə olduğum an isə
evimin qadını ola bilmirəm...”
SONA YAQUBLU: “GÜNÜMÜZDƏ QADININ ZƏRİF
GÖRKƏMİNİN ARXASINDA NECƏ GÜCLÜ XİSLƏTİN
MÖVCUDLUĞUNDAN HƏLƏ DƏ BİXƏBƏR, CILIZ
DÜŞÜNCƏLİ, “KİŞİLƏR”VAR”
Naxçıvanda
yaşayıb-yaradan gənc yazıçılardan Sona Yaqublu
ilə müsahibə aparmaqda bir neçə səbəbim
var idi. Birincisi, yaradıcılıqla ciddi məşğul
olan çox az qadından biridir Naxçıvanda. İkincisi,
hələ ki, Naxçıvanda modern şeirə cəsarət
edən tək qadındır. Üçüncüsü, sərbəstdə
yazır və səmimidir. Nəysə... Keçək
suallara.
– Özünü
standartlardan fərqli təqdim etmək istəsən nələri
yazardın özün haqqında?
– Mən əslində kim
olduğumu bilmirəm, daha doğrusu, unutmuşam. Bildiyim tək
şey ata-anamın oğlan arzusuyla dünyaya gətirdikləri
evin üçüncü qızı və ya növbəti xəyal
qırıqlığıyam. Yaxud kiminsə bacısı,
kiminsə əmisi, dayısı, xalası, bibisi...
qızıyam. Bu sadaladığım böyük bir nəslin
soyadını onların kriteriyalarına uyğun
daşımaq məcburiyyətində olan bir qız. 16
yaşımdaydım anam bunları mənə deyəndə.
Kimliyim və rəngli xəyallarımla
bağlı gələcəkdəki planlarımı
qorxa-qorxa, hamıdan gizli gecələr yorğanı
başıma çəkib düşündüyüm
vaxtlarda anam məni bu acı “həqiqətlərə”
inandırdı. Və mən anamın cızdığı o
şəkilə girməkdən başqa şansımın
qalmadığını anladım. İndi çox az-maz
xatırlayıram bu şəklin kölgəsində on ildi
solan o qızcığazın əsl kimliyini.
– Ənənəvi sual vermək
istəmirəm. Niyə yazırsan?
– İstəmirəm desən
də, sualı vermən mənə uzaq bir yaxınımı
xatırlatdı. O, düşünür ki, istəmək hələ
nail olmaq demək deyil. Mən bunun əksini isbat edərək
onu bu fikrini mənim yanımda deməkdən məhrum
etmişəm. Deyəsən mövzudan uzaqlaşdıq.
Elə mən də ənənəvi
cavab vermək istəməzdim, amma təəssüf ki, bunu edəcəm.
Yazmaq mənim daxili
ehtiyacımdı. Əslində daha net cavab verə bilərdim.
12-13 yaşlarımda cızma-qara etməyə başlarkən,
isti-isti bu sualı versəydin... İndi ilk dəfə bu
ehtiyacın hansı məqamda və nədən
doğduğunu xatırlamıram.
– Səni şeirlərindəki
açıqlığa görə tənqid edirlər (bu bəzən
qeybət formasında da olur). Səncə, açıq fikirlərindən
qorxanlar belə danışır, yoxsa daxilən qapalı
olanların sənin kimi səmimi etiraflara cəsarəti
çatmayanlar?
– Bu tənqidlər mənim
heç vecimə də deyil. Hətta bəziləri şeirlərimi
daha kəskin xarakterizə edirlər, “Bu erotik şeirlər
qadın yaradıcılığında xoş olmayan
haldı” kimi daha kəskin fikirlərlə də
qarşılaşdığım məqamlar olur.
Açıq fikirlərimdən
qorxduqlarını sanmıram, axı heç şeirlərimdə
açıq-saçıqlıq deyə bir şey də
yoxdu, bunlar həsrətin, sevginin (hansı ki, bunlar
bütün insanlara xas, son dərəcə təbii və
xoş hisslərdi) bədii cümlələrlə ifadəsidi.
“Bunu qadın yazsa biabırçılıq, kişi yazsa
yeridi” kimi cılız fikirlərlə çıxış
edənlərin daxilən qapalı olma və cəsarət
çatışmamazlığından daha ötə problemləri
var, məncə. Müasir ədəbiyyatda qadın
yaradıcılığına bu cür yanaşmaları,
beyin qırışlarının
açıq-saçıqlıq və erotizm
anlayışını qavramayacaq qədər qapalı
olmasına işarədi.
Açığı, mən
poeziyada duyğuların çılpaq şəkildə verilməsinə
qarşı deyiləm. Əgər ortada yaxşı bir ədəbiyyat
nümunəsi varsa, niyə də olmasın. Bir ara gərək
mən də bu səpkili şeirlərimi ortaya
çıxarmaq haqqında düşünəm,
”açıq-saçıqlıq budur” başlığı
altında.
– Daha çox, sərbəstdə
yazırsan... Sərbəstsən?
– Yəqin ki, sərbəst
olmadığım üçün sərbəst yazmağa
meyilliyəm. Uşaqlığımdan əlimdə qalan yeganə
keyfiyyətim də deyəsən elə budu. Qadağan
olunmuş şeylərə daha çox meyl edirəm. Bir
sözlə çətinlikləri sevirəm. İlk dəfə
belə yazmağa uğursuzluğu gözə alıb risk
etdim, deyəsən bəxtim gətirib, çünki bu formada
özümü daha yaxşı ifadə edə bildiyimi
düşünürəm.
– Ədəbiyyatda qadın
olmağın çətinliyi altında əzilməmək
üçün nə etmək lazımdı? Yoxsa bu haqda
düşünməmisən?
– Burda çoxdan oxuduğum
holland filosofu Spinozanın yaxşı bir fikri yadıma
düşdü. Ona görə: “Kişinin qadından
üstün olduğu fikrini yaradan insan özüdür,
dolayısıyla bu fikri dəyişdirə biləcək də
yenə insan özüdür”.
Təəssüf ki,
günümüzdə qadının zərif görkəminin
arxasında necə güclü xislətin mövcudluğundan
hələ də bixəbər, cılız düşüncəli,
kiməsə görə güclü, mənim
üçünsə sadəcə kobud bir görüntüdən
başqa bir şey olmayan “kişilər” var.
Ədəbiyyata gəlincə,
bu günə kimi istər Azərbaycan, istərsə dünya
ədəbiyyatı tarixində nisbətən daha az qadın
imzası olmasını nəzərə alsaq bu günkü
oxucunu qadının iç dünyası, həyat fəlsəfəsi,
duyğularını hansı rəngdə və meyarlarla
yaşaması daha çox maraqlandırır. Zənnimcə,
qadınlar digər sahələrdə olduğu kimi ədəbiyyatda
da bu gün daha şanslıdırlar oxucu baxımından.
– Şeir yazmaq istəyəndə
ürəklə yola gedirsən, ağılla?
– Atdığım hər
addımda, verdiyim bütün mühüm qərarlarda belə
lider – ürəyimdi. Nəticəsindən asılı
olmayaraq, heç vaxt tutduğum işdən peşman olmuram.
Paşa Qəlbinurun dediyi kimi, “ürəyin ağlı var,
amma ağlın ürəyi yoxdur”. Amma şeirdən kənarda
sırf ağlımla hərəkət etdiyim vaxtlar da olur. Axı
ağıl və vicdanımız əzələ kimidi,
işlətmədikcə zəifləyir.
– Nəsə yazmaq
ehtiyacının şəklini təsəvvür eləmisən
heç?
– Məncə, bu, doğum
prosesinə oxşayır, bəzən doğmağa, bəzənsə
doğulmağa. Nəticə uğurlu da, yarımçıq
da, şikəst də ola bilər. Kəm-kəsirsiz olması
üçün çox qidalanmaq lazımdır, təbii ki,
mütaliə ilə.
– Bəs, yazdığın
şeirləri nə rəngdə görürsən?
– Demək olar ki,
yazılarımın əksəriyyəti
qıpqırmızıdı. Məncə, şeir müəllifinin
xarakterindən oxucuya ipucları verə bilirsə uğurlu və
səmimi şeirdi. Mən təbiətcə çox emosional
insanam. (Bir az da eqoist. Bunun mətləbə dəxli yoxdu,
ağlıma gəldi dedim). Qırmızı da həyəcanın,
ehtirasın, dəliliyin rəngidi. Şeir yazarkən
bütün bu hisslər məndə maksimal dərəcədə
olur. Həm də şeir yeganə yerdi ki, mən orda
olduğum kimiyəm. Heç yerdə bu qədər səmimi
olmuram. Hətta düşünürəm ki, şeir olmasa
yaşaya bilmək üçün situasiyalara görə
yaratdığım obrazlar, daha açıq desəm,
geyindiyim maskalar altında əsl “mənim” itib-batar. Bəlkə
də bu etiraflarım mənim üçün minusdu, amma nə
yazıq ki, yaşamın bu cür iyrənc tərəflərinin
olması da danılmazdı.
– Yazıçı və
şair azad olanda yaxşı yazır, yoxsa sərhədlənəndə.
Və sən hansı tərəfdəsən, azadsan, yoxsa
mühasirəyə alınıbsan?
– Tamamən azad insan deyə
bir şey yoxdu, mənim aləmimdə olanlar da mifik qəhrəmanlar
kimi bir şeydi. Azadlıqdı, xoşbəxtlikdi... bunlar
nisbi anlayışlardı. Alman şairi Schiller Kant deyir ki:
“İnsan yalnız oyun oynarkən azaddı, çünki
yalnız o zaman öz qanunlarını özü qoyur”.
Mövcud cəmiyyətdə
mənim qəbul olunmağım üçün yazar yox, ana
və ailəli biri kimi bundan artıq azadlığa
ixtiyarım yoxdu. Təbii ki, mənim üçün cəmiyyətin
əsas fərdlərindən biri oğlumdu.
Yaşam tərzimdə kifayət
qədər azad olmasam da, içimdəki duyğu və
düşüncələrimi yaza biləcək qədər
kısıtlı deyil azadlığım. İnsan kimi əziləndə
poeziyaya sığına bilirəm, yəni şairə kimi
tamamən azadam.
– Yazmaq istədiklərini
oxumusan heç, eləcə də oxumaq istədiklərini
yazmısan? Yaxud oxuyub yazmaqla, yazıb oxumaq arasındakı məsafədə
hansına daha yaxınsan?
– Hə, olur belə hallar.
Çoxdan bəri içimdə hansısa bir mövzu, ya
fikri yazmaq üçün yetəri qədər hazır
olmadığımı düşünmüşəm, amma
bir yerdə tam eyni olmasa da təqribən eyni mənada bir
yazı ilə qarşılaşıram. Həmişə də
müəllifləri qələminə hörmət və
yaxşı mənada paxıllıq etdiyim şairlər
olduğu üçün sevinmişəm.
Oxuyub yazmağa gəldikdə
isə, bütün şeirlərimin arxasında dağ kimi
dayanmışam, əgər kimsə mənim hansısa bir
şeirimdə, ya fikrimdə hansısa bir şairin ruhunu hiss
edirsə buyursun yazsın, mən bir də sözə
yaxın düşməyim. Bir çox şeirlərdən təsirlənib
şeir yaza bilərəm, amma o şeir sadəcə mənə
yazmaq üçün stimul verir, vəssalam. O an vətənpərvərlik
haqqında oxuyub lirik bir şey də yaza bilərəm. Mənim
bu barədə özümə güvənim sonsuzdu. Oxumaq istədiklərimi
yaza bilsəm... Yox, yəqin ki, bu heç vaxt mümkün
olmayacaq.
– Sənə susub, səssizcə
sual versələr, hansı şeirlərinlə cavab verərdin?
– Mənim şeirlə verəcəyim
cavab bu tərzdə sual verən şəxsin kimliyinə
bağlıdır. Və həm də sualını
baxışlarında canlandıra biləcək qədər
böyük hisslərə sahib olmalıdır. Anlaya bilməyəcəyim
halda şeirlə verəcəyim cavab yəqin ki, belə olar:
Baxışları yol
çəkdi,
Kirpikləri yola tikdi.
Gözlərdə həsrət,
əcəb kölgəlikdi.
– Özünü
böyük ədəbiyyatın parçası kimi
görürsən?
– Təssüf ki, yox.
– Niyə?
- Bunun üçün mənim
çox şikəstliklərim var. Məsələn, ali təhsilimin
olmamağı mənim yaradıcılığımda
böyük boşluq yaradır. Bu
açıqlığı qapatmağın yeganə yolu isə
güclü mütaliədi ki, bu gün mənim kifayət qədər
mütaliə üçün heç cür imkanım yoxdu.
Kimin olduğunu unutmuşam,
yaxşı bir fikir var: “Yaxşı şair olmağın
üç əsas şərti var: istedad, intellekt, əmək”.
İntelektual olmağınsa tək yolunun mütaliə
olduğunu nəzərə alsaq, mənim
çatışmazlıqlarımın nələr
olduğunu yəqin başa düşdün.
Amma mən bu gün belə
düşünürəm. Nəyin ən doğru, nəyin ən
məntiqli olduğunu zamandan başqa bir şey ortaya qoya bilməz.
Düşüncə durduğun bir nöqtədə
doğru, ya da yalnış ola bilər...
– “Növbəti xəyanətə
edə bilmədiyi etirazdan başlar ən böyük qəza
vərdişi...”. Sənin şeirindi. Hər dəfə “Xəyanət”
şeirinin bu hissəsini oxuyanda sənə çoxdan vermək
istədiyim suallar yorur məni. Səncə, etirazlar qəza vərdişlərini
azalda bilərmi? Bir də ki, etiraz daxili azadlığın
psixoloji görüntüsüdü. Etiraz eləməyi
bacarırsanmı?
– Həyatdakı
bütün hadisələr kimi, qəzaların da üzdə
də olmasa, hardasa məntiqli səbəbləri var. İlk dəfə
etdiyimiz bir şeyin nə vaxtsa vərdişimizə
çevriləcəyi ağlımızın ucundan belə
keçməz. Bu asılılığımızın
yaratdığı fəsadların qarşısında boynu
bükük qalmayınca, hər dəfə təkrar etdiyimiz
o ilkin artıq vərdişimizə çevrildiyindən xəbərimiz
olmaz. Yalnız o an qəzamızın baş vermə səbəbini
anlayarıq, bu həm səbəbi aradan qaldırmaq
üçün, həm də etiraz edə bilmək
üçün artıq çox gec olar. İstədiyim hər
şeyə və hamıya etiraz etməyi bacarıram,
özümdən başqa.
– Ana... evinin qadını...
şairə... Bu üçünü yola vermək
üçün Sona nələri qurban verir və nələrin
qurbanı olur?
– Bu üç böyük
ada sahib olduğumdan sanki heç vaxt xəbərim
olmamış qədər təəcübləndim sualı
eşidərkən. Təəccübümün səbəbini
açıqlamazdan əvvəl burda buraxdığın
kiçik, amma çox böyük bir səhvini düzəldim.
Bunları heç biri yola verilməyəcək qədər,
son dərəcə ciddi, çətin və məsuliyyətli
vəzifələrdi. Mən heç vaxt bu üç adı
birgə uğurla yürütməyi bacarmaram. Yenə ana il
ə evdar qadın surətini
kəm-kəsir də olsa birgə götürmək olar,
yaradıcılıq bunların heç biri ilə
uyğunlaşmır. Tək problemsə zaman
qıtlığıdır. Sadəcə, bu səbəbdən
yaradıcılığımda potensialımın yüzdə
birini göstərə bilmirəm. Onu da deyim ki, vaxt tapıb
şeirə oturduğum an, qayğılarımdan, vəzifələrimdən,
kimliyimdən, bir sözlə, bütün dünyadan qopuram.
Qısa bir sürəliyinə də olsa bağımsız
bir insan kimi. Qısası, ana olduğum an şairə,
şairə olduğum an isə evimin qadını ola bilmirəm.
– Son olaraq: Şeirlə sevmək
gözəldi, yoxsa şeirlə sevilmək?
– Mənim içimdəki
sevgi və sevilmə ehtiyacını qarşılaya biləcək
gücdə sevginin olmadığına əminəm. Və əminliklə,
daha doğrusu, manyaklıqla sevirəm.
– Sualımın
cavabını almadım...
– Bir vaxtlar at
oynadırdın qəlbimin yeddinci qatında.
Yüksəkliklərmi
sıxdı səni?
Yox-yox, qara qorxuların
yıxdı səni boynuma
bağışlanmaz
günahım tək, ölüncə mənimləsən.
Sən mənim bəxt
ulduzumdun, axıb ittin,
içimdə
bir də heç vaxt
qopmayacaq tufan kimi yattın.
İndi qəlbim, toz
içində batmış gəmi.
Daha heç kim tapmayacaq
ürəyimin qapısını
Səndən sonra,
Unudulub həyatın bir
küncündə
Yaşayıram arxama baxmadan
Sən də belə eləmişdin
mənnən keçəndə
Yadındamı,
qoyub getdin məni yolun
yarısında
Sanki ayaq izinmişəm
Mənnən keçən
bütün yolların sonu sənə çıxır
indi,
dünyam bütün sakinləri
qırılmış, dörd divardı
Sənnən
hörülmüş.
İçim sən,
çölüm sənsizlik dolu.
Bu da bir ömür yolu,
Keçdiyim hər
küçəsində sonsuzluq işarələri,
Azıram uşaq kimi
Gizlənpaç oynayıram
özümünən
Qaçıram güzgülərdən,
Qorxuram gözlərimdən
çıxasan qarşıma.
Hər dəfə də
uduzuram.
Bax yenə də cəzalıyam.
Saat gecənin yarısı
yatmamışam,
Sənə məktub
yazıram yarı yuxulu
Gözlərimdə rəqs
eləyir, sən qoxulu xatirələr,
Üzümdə
açılır iki xətt,
Dodaqlarım mötərizədə
Bax beləcə gülə-gülə,
Hər gecə qan
ağlayıram için-için
Göz yaşlarımı
qızıl gül ləçəkləri kimi qurudub,
saxlayıram ürəyimin
arasında
sənin üçün,
bilsən necə darıxıram.........
Daha yetmir nöqtələr,
hisslərimin üstün örtmür,
Üşüyürəm.
İşim-gücüm sənsizliyə
köləlik
Mən belə
yaşayıram, qoyub getdiyin yerdə,
Bir addım da
atmamışam səndən geriyə.
Sən dünyanın
harasındasan?....
Cavabını gözləyəcəm,
hələlik...
Söhbətləşdi: Elxan YURDOĞLU
525-ci qəzet.- 2010.- 16 sentyabr.- S.6.