Azərbaycanda 138-ci teatr mövsümünün
təntənəli açılışı olub
Sumqayıt
Dövlət Musiqili Dram
Teatrının qarşısında Azərbaycan
teatrlarının 138-ci teatr mövsümünün təntənəli
açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə,
açılış mərasimində çıxış
edən Sumqayıt şəhər icra
hakimiyyətinin (İH) başçısı Vaqif
Əliyev yeni istifadəyə verilmiş Sumqayıt Dövlət Musiqili Dram Teatrının
qarşısına toplanmış qonaqları salamlayıb və
Azərbaycan teatrlarını təbrik edib.
İH başçısı Sumqayıt teatrlarındakı
yeniliklərdən, eləcə də bu
yaxınlarda daha bir teatr binasının istifadəyə veriləcəyindən
söz açıb.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev də bütün teatr
işçilərini bayram münasibəti ilə təbrik
edib və onlara yeni mövsümdə yaradıcılıq
uğurları arzulayıb. Nazir Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının binasının əsaslı təmirdən
sonra istifadəyə veriləcəyini və bundan sonra daha
möhtəşəm tamaşaların
hazırlanacağını diqqətə
çatdırıb. Ə. Qarayev eləcə də cari il ərzində
Azərbaycanda teatrla bağlı bir neçə beynəlxalq
tədbir və festivalların keçiriləcəyini, yeni
tamaşaların hazırlanacağını və ciddi
islahatların aparılacağını qeyd edib. Nazir
bütün bunların Azərbaycan teatrının
inkişafına zəmin yaradacağını bildirib. Daha
sonra Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan
Milli Kitabxanası tərəfindən hazırlanan, Milli
Teatrın 138 illiyinə həsr olunmuş səyyar sərgi və
kitab sərgisi Sumqayıt Teatrının
qarşısındakı meydanda nümayiş olunub. Daha sonra
tədbirdə Azərbaycanın bütün teatr kollektivlərinin
ifasında hazırlanmış səhnəciklər
nümayiş etdirilib. Açılış mərasimində
xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, müğənni
Röyanın ifasında mahnılar səslənib.
525-ci qəzet.- 2010.- 17 sentyabr.- S.7.