Şabrandan Şabrana yollar görünür...

 

(Publisistik düşüncələr)

 

1. DAİM OXUNAN KİTAB VƏ YA DEMƏYƏ BİLMƏDİKLƏRİM

 

Müstəqillik dövrünün məhək daşı inkişafdır. Böyük perspektivlərə, strateji milli hədəflərə istiqamətlənən kompleks inkişaf reallaşırsa,xalqın keçmişdən gəlib gələcəyə gedən ömür yolunda hər hansı imperiya asılılığına, böhrana, durğunluğa son qoyulur, müstəqil dövlətçiliyin tarixi tərəqqi, intibah mexanizmi qətiyyətlə işə salınırsa, deməli, on illər boyu azadlıq, istiqlal naminə verilən qurbanlar, tökülən qanlar hədər getməyib; deməli, yol və hədəf, taktika və strategiya düzgün seçilib, milli maraqlar yaxın və uzaq mənzil başına mütləq qovuşacaq, dövlət müstəqilliyi əbədi və dönməz olacaq... Mən buna “Naxçıvan: Azadlığın addımları”, “Naxçıvan: İnkişafın yeni mərhələsi”, “Şərqdə doğan günəş” sənədli filmlərini çəkərkən, son illər respublikamızın ən müxtəlif bölgələrinə səfərlər edərkən şahid və əmin olmuşam. Və indi bu saat qədim Gilgilçay səddinin üstündə dayanıb üzü şimala, Şabran şəhərinə tərəf baxdıqca, o şahidlik və əminlik duyğusu yenidən qəlbimdə fəxarət zirvəsinə dönür...

Gilgilçay, Taxtakörpu dərəsi və Dəvəçiçay üstündə son illərdə salınan unikal körpülərə, respublikanın paytaxtından şimal sərhəddinə doğru uzanan ikitərəfli, geniş, rahat beton yollara, bir qədər uzaqda diqqəti cəlb edən, 268 milyon kubmetr su saxlayacaq nəhəng Taxtakörpu hidroqovşağının, eləcə də həmin bənd üstündə 24-27 meqavat gücündə Su Elektrik Stansiyasının qaynar tikintisinə, Vəlvələçaydan Taxtakörpü anbarına, bu möhtəşəm inşaat kompleksindən isə Ceyranbatana doğru uzanan misilsiz qoşa kəmərə, suötürücü beton tunellərə – kiçik bir sahədəki heyrət doğuran qeyri-adi tikinti-quruculuq, tərəqqi, intibah mənzərəsinə baxıram və müstəqillik dövrünün həm kəmiyyət, həm keyfiyyət baxımından tariximizdə analoqu olmayan sürətli inkişaf ritmini, dirçəliş addımlarını görürəm. Bəli, bunlar adi körpu, yol-nəqliyyat qovşağı, adi dəryaça, SES və su tunelləri deyil, Vətənin sinəsində Azadlığın mübarək avtoqrafları, müasir dövrün tarixə dönən tarixi töhfələridir. Bunlar vətəndaşın qəlbinə, ruhuna təsir edən, onun bütöv mənəvi dünyasında əsrarəngiz təbəddülatlar yaradan, etnogenetik yaddaş enerjisini oyadıb hərəkətə gətirən, dövlətçilik düşüncəsinə, istiqlalçı təfəkkürə qol-qanad verən möhtəşəm MÜSTƏQİLLİK MODELLƏRİ, AZADLIQ ABİDƏLƏRİDİR. Bu məqamda dahi Azərbaycan memarı Məhəmməd Yusif Təbrizinin 600 il əvvəl Şəhrisəbzdə ucaltdığı möcüzəli Ağsarayın daş kitabəsinə həkk etdiyi məğrur bir cümlə düşür yadıma: “Bizim gücümüzə və böyüklüyümüzə şübhə edirsənsə, ucaltdığımız abidələrə, binalara bax”.

Gilgilçayla Dəvəçicay arasında, cəmi beş-on kilometrlik yolda son bir neçə ildə inşa edilən üç körpünü, xüsusilə, Şabran şəhərinin başı üstündən keçən, böyüklüyünə görə respublikada analoqu olmayan 544 metrlik 16 aşırımlı memarlıq kompleksini, eləcə də Taxtakörpü hidroqovşağı, SES və təxminən 150 kilometrlik nəhəng suötürücü tunelləri o 600 yaşlı sadə, ixtiyar cümlənin işığında daha aydın görürəm. Doğrudan da, müdriklərin bu fikri haqlıdır ki, memarlıq, inşaat abidələri daim göz önündə olan, daim oxunan açıq kitabdır; istər-istəməz o möcüzəli kitab anlar, günlər, illər, əsrlər, minillər boyu oxunur, baxanlara, görənlərə daimi təsir göstərir, insanın qəlbində və beynində, duyğu və düşüncələrində sehrkar bir rəssam qüdrətiylə öz milli, doğma eskizlərini çəkir, inkişafın, quruculuğun mənəvi mənzərəsini yaradır; beləcə insanla xalqı, vətənlə vətəndaş, fərdiyyətlə cəmiyyət arasında etnogenetik, ruhi bağlar, əlaqələr daha da möhkəmlənir, psixoanalitik ovqatda qurub-yaratmaq eşqi biganə bozluğa, işıq qaranlığa qalib gəlir...

Dahi hind mütəfəkkiri Rabindranat Taqor yazırdı: “Təbiətin qarmaqarışıqlığında iki qüvvə hökm sürür: biri səs, digəri xətt. Bunların hərəsinin öz dili var. Təbiətdə əsl hökmdar xətlərdir. Çünki bəzən səslər susur, sükuta uğrayır. Amma xətlər susmazdır; kainat susanda belə, xətlər danışır”.

Qədim Gilgilçay səddinin ucalığından enib üzü şimala, 2003 yaşlı ulu Şabran şəhərinə tərəf gedirəm. Müasir dünya standartlarına cavab verən ikitərəfli beton yol günəşin şüalarında bərq vuraraq, arada ilğım sehrinə bürünərək qızılı bir xətt – həmayil kimi uzanır. Bir qədər yuxarıda, yamacların ətəyi ilə uzanan, Taxtakörpü dəryaçasının suyunu Abşeron yarımadasına aparacaq beton suötürücü tunellərin Xəzərin səthi ilə, tarixi İpək Yoluyla paralel düz xətt harmoniyası göz oxşayır. Müstəqillik dövrünün möcüzəli əlləriylə çəkilən, sanki təbiətin əzəli dəniz-zirvə harmoniyasını daha da kamilləşdirən bu susmaz, ƏBƏDİ DANIŞACAQ quruculuq xətlərini, möhtəşəm inkişaf mənzərələrini könül xoşluğuyla seyr edə-edə irəliləyir, müasir ədəbiyyatımızın qəribə sükutu, biganəliyi haqqında düşünürəm.

Ötən əsrin ortalarında, Mingəçevir Su Elektrik Stansiyasının tikintisində söz-sənət adamlarının qeyri-adi fəallığını, Səməd Vurğun kimi ustad sənətkarın həmin tikinti işlərini sanki anbaan izlədiyini, gördüklərini heyrətləndirici bir sürət və ədəbi məsuliyyətlə, yəni ciddi sənət standartlarıyla böyük ədəbiyyata gətirdiyini yada salıram. “Ekskovator sözü yoxdur Sarvanımın öz dilində, lakin ona həmdəm oldu öz yurdunda, öz elində” – deyirdi şair. “Car çəkir çarxların çaxnaşıq səsi, Car çəkir, qışqırır nəhəng motorlar” – söyləyir, “Sement verin, beton tökün, Qaçırmayın Kürü gözdən” inadıyla tikinti-quruculuq işlərinin ön cəbhəsində, sanki inşaatçıların düz yanında çalışır, böyük əməyin böyük fəlsəfəsini, ədəbi sözün əbədi həqiqətlərini ortaya qoyur, dövrün bədii salnaməsini yaradırdı dahi sənətkar. Sanki ekskovator kabinəsi ilə yazı masası yan-yana idi, SARVANLA SƏMƏD SANKİ EYNİ İŞİ GÖRÜRDÜLƏR...

Bu günün tikinti-quruculuq işlərini, qlobal miqyaslı inkişaf mənzərələrini təsvir və tərənnüm edən “Körpüsalanlar” romanları, “Muğan” poemaları hanı, niyə yaranmır? Nadir şah Əfşarın öldürülməsiylə bütöv dövlətçiliyini itirən, xanlıqlara parçalanan, zaman-zaman azadlıq uğrunda böyük qurbanlar verə-verə istiqlala can atan Azərbaycanın çağdaş müstəqillik dövründəki çoxsaylı uğurları, həqiqi inkişaf reallığı niyə müasir milli ədəbiyyat və incəsənətimizin yaradıcı hədəfinə, daimi predmetinə, ardıcıl təsvir obyektinə çevrilə bilmir? Hikkə ilə, inadla neqativ, pozitiv axtarışında olan mətbuatımızda, rəsmi qəzetlərdəki rəsmi reportajlar nəzərə alınmazsa, genişmiqyaslı inkişafa bədii-sənədli güzgü tutan ciddi publisistikaya, oçerk və sənədli hekayələrə niyə tez-tez rast gəlinmir? Bir sözlə, müasir ədəbiyyat və incəsənətimizin çağdaş həyatımızla, müstəqillik dövrünün tarixi uğurlarıyla ayaqlaşa bilməməsi, bəzi hallarda hətta qəribə biganəliyi, paradoksal susqunluğu məncə həqiqətdir və bu istiqamətdə ciddi, konseptual düşünmənin, səbəb və nəticə müstəvisində praktik iş görmənin vaxtı çatıb.

Bir vaxtlar dahi Namiq Kamal Vətən haqqında silsilə şeirlər yazır, “Ədəbiyyat Vətən və xalq üçündür!” deyir, başqa bir böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə “Sənət sənət üçündür!” deyir, bu inamla yazıb- yaradırdı. Çox böyük sənətkarların qatıldığı, bir-biri ilə on illər boyu gərgin mübarizə apardığı bu iki ədəbi istiqamət XX əsrin əvvəllərində Azərbaycan söz-sənət mühitinə də təsirsiz qalmadı; önündə M.C.Məmmədquluzadə və Ə.Hüseynzadənin getdiyi “Molla Nəsrəddin”çilər və “Füyuzat”çıların şəxsində qismən davam edən həmin ədəbi tendensiyalar Sovet dövründə, demək olar ki, qırıldı, yaxud köklü deformasiyalara məruz qaldı; ədəbiyyat az qala sosial-ideoloji təbliğat və təşviqatçıya, məşhur sözləri yada salsaq, “partiyanın təkərçiyi və vintciyinə” çevrildi...

Və hərdən mənə elə gəlir ki, bu gün ədəbiyyatımız İKİ YOL ayrıcında qalıb, hansı tərəfə gedəcəyini qətiləşdirə bilməyən yorğun, qaçqın adama bənzəyir...

Mən “zakaz”, “sifariş” ədəbiyyatının tərəfdarı deyiləm, hərçənd min illik yazılı söz sənəti tariximizdə N.Gəncəvi poemaları da daxil olmaqla onlarla, yüzlərlə məşhur əsəri misal çəkmək mümkündür ki, məhz həmin yol, həmin ilkin təkanla yaradılıb...

Əlbəttə, neçə əsrlik suala kiçik bir yazıda cavab tapmaq, kiməsə yol göstərmək iddiasından çox-çox uzağam. Sadəcə, S.Vurğunun Mingəçevir SES-in tikintisini ehtiraslı təsvir və tərənnümü müqabilində Taxtakörpü hidroqovşağı, SES və yüz kilometrlərlə uzanan ikitərəfli beton nəqliyyat sisteminə, suötürücü tunellər kompleksinə, beş kilometrlik yolda üç nəhəng körpü tikən müstəqillik dövrünün çoxsaylı uğurlarına müasir ədəbiyyatımızın, eləcə də ciddi mətbuatımızın biganəliyi haqqında ürəyimdən gələn bir neçə sözü deməyə bilmədim...

 

2. BİR XATİRƏNİN YAŞIL İŞIĞI...

 

Gilgilçay səddindən üzü şimala baxanda yamacların döşündə cərgələnən yamyaşıl şam ağacları göz oxşayır. Keçmiş Dəvəçi, indiki Şabran rayonunun mərkəzinə, Şabran şəhərinə yaxınlaşdıqca şam ağaclarına badam, püstə bağları da qoşulur, süni meşə-bağ massivinin sehrkar cazibəsi duyğuları ovsunlayır.

Hər dəfə bu meşə-bağ massivi ilə üz-üzə, göz-gözə dayanıb könül söhbətinə dalanda insan əllərinin qüdrəti önündə baş əyirəm. Bir vaxtlar ilan mələyən bomboz yamacları yaşıllığın cənnət güşəsinə döndərən, susuz-susqun torpaqları meşənin, bağların gülgün çöhrəsi, tanrısal gözəlliyi ilə bəzəyən qadir insan əllərinin! Qısaca da olsa o qadir əllərin sahibi haqqında danışmaq, yazmaq istəyirəm...

lll

O, fədakar alim, qeyrətli ziyalı, böyük vətəndaş idi. Elmin qapısını açdığı gündən torpağa üz tutmuşdu, ana torpağın min bir sirrini öyrənməyə can atmışdı. Ümidlərinin, arzularının, cəsarətli elmi kəşflərinin, fundamental nəzəri-praktik tədqiqatlarının ilk beşiyiydi, sonu olmayan son mənzili, əbədi yurd yeriydi torpaq. Xeyirxah işləri, nurlu əməlləriylə, qeyri-adi elmi hünəri, ziyalı fədakarlığıyla əsl vətəndaşlıq, həqiqi ictimai xadim, müdrik el ağsaqqalı zirvəsinə ucaldı, nəsillərə örnək oldu Həsən Əliyev....

Hələ 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının akademiki olan bu fədakar insan meşə torpaqlarının coğrafiyasına, respublika torpaq xəritəsinin və Beynəlxalq Bioloji Proqramın hazırlanmasına, ətraf mühitin qorunmasına, torpaq və su ehtiyatlarından səmərəli istifadəyə dair ciddi elmi tədqiqatlar müəllifi kimi tanınmışdı. Amerika Birləşmiş Ştatları, Polşa, Yunanıstan, Rumıniya, İsveçrə və başqa ölkələrdə – nüfuzlu elmi məclislərdə, sanballı Beynəlxalq konqreslərdə etdiyi fundamental məruzələr, yazdığı müxtəlif konseptual monoqrafiyalar akademik Həsən Əliyevə görkəmli torpaqşünas alim kimi dünya şöhrəti qazandırmışdı.

Müxtəlif böyük vəzifələrdə, xüsusilə, 1952-57-ci illərdə AKP Mərkəzi Komitə katibi işləsə də, o, ən əvvəl alim idi. Daim Vətəni, Azərbaycanı, ana torpağın taleyini düşünən sadə, səmimi, təvazökar, sözün böyük mənasında əsl vətəndaş idi Həsən Əliyev. Azərbaycan təbiətini övlad məhəbbətiylə sevər, əzizlər, dar gündə həyəcan siqnalı qaldırıb bütün ictimaiyyətin diqqətini ağrılı problemlərə cəlb edərdi. Uzun illər Respublika Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti olan Həsən Əliyev Dəvəçi, Şabran torpağıyla, xüsusilə, 1600 yaşlı sənət yadigarı Çıraqqala ilə ülfət bağlamışdı. Tez-tez bu yerlərə gələr, təbiətin min bir gözəlliyinin tilsiminə düşərdi. Çıraqqalanın ətraf kəndlərində Həsən Əliyevin xeyirxahlığı, nəcibliyi, böyük vətəndaşlığı haqqında isti, duru xatirələr bu gün də hər bir evin, hər bir qəlbin bəzəyidir...

 

lll

 

Televiziya çəkilişi qurtarmışdı. Yüzdən artıq sənədli telefilmin operatoru, ustad sənətkar Nəriman Şıxəliyev özünəməxsus səliqə-sahmanla yır-yığış edirdi.

Böyük alim Həsən Əliyev, Qalaaltı sanatoriyasının baş həkimi Xalid və mən binanın həyətində, üçbucaq şəkilli hovuzun yanındakı yaşıl çəmənlikdə çay içir, söhbət edirdik. Qayaların zirvəsində qərar tutan Çıraqqala qürub günəşinin baxışları sayrışan yamyaşıl meşələrin panoramında daha əzəmətli görünürdü.

Akademik Həsən Əliyev Çıraqqala ətrafındakı meşələrin zəngin flora və faunasından, bioloji, coğrafi özəlliklərindən danışırdı, burada çıxan çoxsaylı mineral bulaqların, xüsusilə, Qalaaltı adıyla məşhur olan kükürdlü suyun qeyri-adi müalicəvi qüdrətini vurğulayırdı. Deyirdi ki, bütün bunlardan bizim üçün daha üstün, daha əhəmiyyətlisi 1600 yaşlı unikal maddi-mədəniyyət yadigarı olan Çıraqqaladır; Gilgilçay səddinin bu möhtəşəm narınqalası ulu babalarımızın müqəddəs xatirəsini yaşadır, onların misilsiz sənətkarlığından, möcüzəli qurub-yaratmaq qüdrətindən, hüdudsuz Vətən sevgisindən soraq verir. Qayaların ən uca zirvəsində, bu ətrafdakı hündürlüklərin hegemon nöqtəsində ucaldılan, təbiətin SINIQ XƏTLƏRİNİ tamamlayan, bərpa edən Çıraqqala Azərbaycan memarlığının şah əsərlərindən biridir. – Böyük alim bir qədər susdu, heyranlıq, heyrət dolu baxışlarla Çıraqqalanı uzun-uzadı seyr etdi və təəssüflə gülümsəyərək başını buladı, – bu yaxınlarda MK-nın mədəniyyət məsələlərinə baxan katibinin yanında Çıraqqalanın elmi bərpa və restavrasiyasının vacibliyini xatırlatdım, dedi, – o abidə elə yerdə yerləşir ki, bərpası texniki baxımdan mümkün deyil... Bəs 1600 il əvvəl, heç bir texnika, texniki baxım olmadan babalarımız bu abidəni yalın əllə necə tikib, necə ucaldıblar?!- Sonra məmnunluqla davam etdi. – Heydər Əliyevə demişəm, bu yaxınlarda Çıraqqalanın elmi bərpası, regenerasiyası ilə bağlı qərar veriləcək...

Həqiqətən bir qədər sonra qəzetlərdə Çıraqqala tarix-memarlıq kompleksinin öyrənilməsi, elmi bərpa və restavrasiyası ilə bağlı dövlət qərarı dərc edildi...

 

lll

 

Yolunuz düşsə böyük alim, unudulmaz akademikin, əsl xalq ziyalısı, el ağsaqqalı Həsən Əliyevin gördüyü çoxsaylı xeyirxah işlərdən, həyata keçirdiyi arzulardan biri ilə tanış olun: Bakı-Nabran magistralının üstündə – Siyəzən və Şabran rayonları ərazisindəki boz dağlarda yaradılan bu şam meşələrinə, püstə, badam bağlarına diqqətlə baxın... Ürəkdən gələn ehtiramla, qədirşünaslıqla yada salın, xatırlayın ki, bir vaxtlar akademik Həsən Əliyev bu süni meşələrin ilk ağaclarını öz əlləri ilə əkib; bu meşələrin, bağların, necə deyərlər, ideya müəllifi, praktik himayədarı da, nadan, qafil hücumlarından mübariz qoruyucusu da odur. (Dəfələrlə Çıraqqaladakı evində müsahibi olarkən, televiziya üçün çəkilişlər apararkən həmin meşə massivi uğrunda necə mübarizə etdiyini öz dilindən eşitmişəm – S.E.) Bəli, böyük alim illər boyu bu yaşıl sərvətin qayğısına qalıb, onu məqsədli şəkildə törədilən yanğınlardan, təbiətin yanar nəfəsindən, quraqlığın məhvedici zərbələrindən də, bəzən adamların laqeyd, nankor münasibətindən də qoruyub. Tikanlı kolun, acı yovşanın da bitmədiyi bomboz yamaclarda, susqun dağlarda yaradılan, Vətənin sinəsini bəzəyən bu süni meşə-bağ massivi – BU YAŞIL MÖCÜZƏ qurub-yaratmağın, doğma torpağa həqiqi sevginin, misilsiz məhəbbətin, Vətənə böyük vətəndaş xidmətinin nişanəsidir. Heydər Əliyev xeyir-duasının ilk təkanı, yaşıl işığıyla hərəkətə gələn, Heydər Əliyev vətənsevərliyinin nəticəsi olan belə süni meşə massivləri Azərbaycanda onlarla, yüzlərlədir. Bütün bunlar xalqa, Vətənə xidmət yolunda ən gözəl örnək, vətəndaşlıq nümunəsidir. Vətəni belə böyük məhəbbətlə sevmək, azad, müstəqil respublikamızı beləcə yaşıl cənnətə döndərmək hamımızın – bütün Azərbaycan vətəndaşlarının müqəddəs borcudur.

 

3. SİRLİ TƏBƏSSÜM ÇİÇƏKLƏRİ VƏ YA ŞƏHƏRLƏRİN ŞAHI ŞABRAN

 

Əsrlər, minilliklər boyu insanların, xalqların, dövlətlərin ayaq döydüyü, arzu və ümidlərinin mənzil başına tələsdiyi bir yolla – Qafqaz dağları ilə Xəzər – Quzğun – Oğuz – Hun dənizinin arasındakı düzənlikdə uzanan Böyük İpək Yoluyla üzü şimala doğru gedirəm. Arxada indi Gilgilçay səddi dediyimiz, tarixi mənbələrdə daha çox ŞABRAN SƏDDİ, Şabran qapıları adlandırılan yaddaş heykəli görünməz olur; qarşıda 2300 illik zəngin, mənalı bir ömrün sahibi, antik dünyadan yol alıb gələn ŞƏHƏRLƏR ŞƏHƏRİ ŞABRAN gözləyir məni. Son otuz ildə dəfələrlə hüzuruna getdiyim, daş yaddaşı, abidələriylə görüşdüyüm ulu xatirələr, susqun, səbrli sirlər şəhəri yenə üfüqlərdən intizarla boylanır, doyumsuz duyğular, səssiz qışqırıqlarla çağırır məni. Qəlbən, ruhən özümə toxtaqlıq verirəm; axı nə olub, dəfələrlə getdiyin yol, hər qarışına, hər yoluna, hər abidəsinə bələd olduğun qədim yurd yeri niyə bu qədər həyəcanlandırır səni; qəlbin səmalarında bu qəfil şimşəklər niyə çaxır, hansı mətləbi, muradı işıqlandırmaq, hansı həqiqətləri nişan vermək istəyir...

Qəfildən bir xatirə küləyi əsir...

 

lll

 

Hələ sovet dövrüydü. Görkəmli alim, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun ağ rəngli volqasında çəkiliş qrupuyla – kinooperator Cabbar Məmmədov və səs rejissoru Ələkbər Rəsulovla birlikdə Şabrana gedirdik. Səhərisi gün Beynəlxalq Arxeoloji toplantını çəkmək üçün Dəmirqapı Dərbənddə olmalıydıq. O vaxt Şabrandakı arxeoloji tədqiqatlara rəhbərlik edən R.Göyuşovla tamam başqa mövzuda – qardaşı, böyük filosof Ziyəddin Göyüşovun çapdan yenicə çıxan “Fəzilət və qəbahət” adlı sanballı kitabı haqqında söhbət edirdik.

Uzunboyat kəndini keçib bir qədər gedəndən sonra zahirən cılız, balacaboy, lakin böyük təmkin, səbr sahibi Rəşid müəllim əllərini rola çırparaq qəfildən qışqırdı:

– Bakıdan bura qədər rahat gəlirəm, burdan o yana 4-5 kilometrlik yolun həyəcanı, anlaşılmaz xofu, vahiməsi, min illərin o tayından gələn səslər seli öldürür məni!..

Allah sənə rəhmət eləsin Rəşid Göyüşov! İlk dəfədir ki, o hüdudsuz həyəcanı, o anlaşılmaz xofu, vahiməni, sirli səslər selini mən də hiss edirəm. Və ani olaraq xatırlayıram ki, belə bir duyğu girdabına Naxçıvanda, 14 il mühasirədə qalsa da fateh Teymurləngin qoşunlarına diz çökməyən, baş əyməyən məğrur Əlincə qalasıyla görüşə gedəndə də düşmüşdüm...

 

lll

Şabranı əbədi sükutuyla, sirli-sehrli səbriylə baş-başa gördüm. Ulu Xaqaninin, Fələki Şirvaninin yenə dustaqxana divarlarından köhnəlməyən köhnə kədərləri boylanırdı, dahi şairlərin həbsxana səmalarından “Həbsiyyə”yə dönən səsləri gəlirdi; əxilərin gizli yığıncağında kiməsə ölüm hökmü verilirdi – bir kasıbın namusuna tor-tələ qurduğuna görə; Sasanilər özlərinə dayaq olsun deyə Şabrana farsları, İslam xəlifələri Bəsrə, Kufə və Suriyadan ərəbləri köçürürdülər; 734-cü ilin qanlı döyüşlərində əsir alınan 40 min Xəzər əhlini də Samurla Şabran arasında yerləşdirmək qərara alınmışdı və bu qərar yerinə yetirilirdi; Şah İsmayıl Səfəvilərə dayaq olsun deyə İraqdan boyat tayfalarını, sonra Fətəli xan padarları, Ərdəbil şahsevənlərini köçürürdü Şabrana; Şabranın bir sıra yerli tayfaları da Qusara, Qubaya, Şamaxıya, hətta Dərbəndə, Naxçıvana köç edirdilər; gah ərəblərin işğalına məruz qalır, gah monqollar tutub əsir edir, dağıdır, gah Osmanlı qoşunları ayaqlayırdı Şabranı. Və Avropa ilə Asiyanı, Şərqlə Qərbi qovuşduran yollar sahibi Şabran hər dəfə yeni bir ümid, yeni bir qüdrətlə ayağa qalxır, əzəmətli tarix marafonunu davam etdirirdi...

Qılınc və qələm dahisi Şah İsmayıl Xətai Şeyx Heydəroğlunun yaratdığı 235 illik Səfəvilər dövlətinin qurub çağıydı. Dövlətçilik bağları zəiflədikcə faciəli dağılma, parçalanma prosesləri sürətlənir, ölkədə özbaşınalıq, dərəbəylik, qətl və qarətlər çoxalırdı. Sonuncu Səfəvi hökmdarı Nadir şah Əfşar faciəli sünni-şiə qarşıdurmasına, qanlı məzhəb davalarına son qoymaq istəyiylə ciddi islahatlara başladığı ərəfədə sui-qəsd nəticəsində öldürülmüşdü. Səfəvi-Osmanlı müharibələrində dəfələrlə əldən-ələ keçən Şabran şəhərində müxtəlif mövqeli qüvvələr üz-üzə gəlir, intiqama yerikləyən çəkişmələr, qan davaları, fanatik məzhəbçilik qovğaları meydan sulayır, gizli, xəyanətkar niyyətlərlə alovlandırılan KÜTLƏ KÜTLÜYÜ, itaətsizlik, üsyan dalğaları getdikcə qabarır, qarşısıalınmaz bir xaosa, çıxılmaz girdaba çevrilirdi.

Əsrlər boyu yüksələn coşqun tərəqqi, intibah yollarında irəliləmişdi, dünya sivilizasiyasının ən qədim məskənlərindən olan qoca Qafqaza, bütün Şərqə şöhrət olmuşdu bu şəhər. Əsası eramızdan əvvəl birinci minilliyin ortalarında qoyulan, Ptolemey, Strabon kimi onlarla böyük tarixçinin əsərində, nüfuzlu tarixi mənbələrdə adı çəkilən, haqqında sevgiylə, ehtiramla danışılan, türkologiyanın banisi, ulu babası Mahmud Kaşqarlının təxminən min il əvvəl Quz – Oğuz şəhəri adlandırdığı Şabran bəşəri mədəniyyət yolunun unikal uğurlarına özünəməxsus, layiqli imza atmışdı, sənət və sənətkarlıq zirvələri fəth etmişdi.

“Beləliklə, yazılı və maddi mənbələr Şabranın geniş bir əraziyə məxsus Şirvanşahlar dövlətinin tarixində onun ilkin paytaxtı olmasını, mövcudluğu dövründə təşkilati, siyasi-inzibati mərkəz kimi fəaliyyət göstərməsini, tarixin müəyyən dövrlərində Şirvanşahların həbsxanasının, zərbxanasının, cəbbəxanasının, nəsil sərdabəsinin burada yerləşməsini, dini və mədəni mərkəz olmasını təsdiq edir. Tarixi araşdırmalar sübut edir ki, Şabran şəhəri, Şirvanşahlar dövlətinin ilk paytaxtı kimi, antik dövrdən XVIII əsrin ortalarınadək Azərbaycanın inkişaf etmiş iqtisadi-siyasi-mədəni mərkəzlərindən biri olmuşdur”. (F.Ə.Abbasova, “Şabran şəhərinin tarixi-arxeoloji tədqiqinə dair materiallar”, “Elm” nəşriyyatı, 2009, səh.33)

Və qəfildən acı iflas küləkləri əsdi, süqutun qorxunc qara əlləri Şabranın tale qapılarını döydü...

Tarixi qaynaqlar soraq verir ki, 1743-cü ildə üsyançılar Şabrançayın sol sahilindəki qala divarını dağıdıb şəhərə daxil oldular, şəhər hakimi vəzifəsini icra edən Ustaclı Abdulla xanı tərəfdarları ilə birlikdə öldürdülər. Gözünü qan tutmuş kütlə şəhəri dağıdır, qarət edir, hər tərəfə od vurub yandırırdı, qocaları, uşaqları qılıncdan keçirirdilər. Və Şirvanşahlar dövlətinin ilk paytaxtı, Qafqazın, bütövlükdə dünyanın ən gözəl şəhərlərindən biri olan, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm”, CƏNNƏT BAĞI adlandırdığı Şabran dərd dənizində boğula-boğula süqut edir, yer üzündən silinirdi...

 

lll

 

Şəhərin qədim küçələriylə addımlayıram. Daş kimi susan YADDAŞIN köhnəlməyən köhnə kədəri körüklənir. Nə qədər qəribə olsa da son günlər oxuduğum təzə bir şeirin misraları duyğularımda qanad çalır, çırpınır:

 

Güzar quzeyədir, güneylər çəndi,

Atım qaranaldı, yol sürüşkəndi,

Aşinam ələmdi, həmdəmim qəmdi,

Bəlkə, tuş gəlmişəm qarğışa, dünya?

 

Doğrudan da əsl şeir, həqiqi poetik yaşantı möcüzədir; o, bəzən xalqın, elin, yurdun ümid və arzularına, sevinc və kədərinə, çox halda etnogenetik yaddaşda, təhtəlşüurda bizdən xəbərsiz yaşanan sirli-sehrli fəhmlərə, duyğu və düşüncələrə don kimi biçilir, köynək kimi yapışır, görünməzləri görünən, gizlinləri aşkar edir; çox tez-tez işlədilən, sanki enerjisi tükənib adiləşən “sənət kəşfi” ifadəsinin əsil mahiyyəti də elə budur...

Və günəş kimi qürub edən qədim şəhərin yaralı yollarında, kədər küçələrində tarixin susqun ağlaşma səslərindən qulaq tutulur, ürəklərin səması vəhşi ayaqlar altında qalıb əzilir, duyğuların damarından qara qan damırdı...

Hisslərin kədər çöküntüsü, duyğuların doyumsuz dərd dumanı kövrəltdi məni; əlimi ürək kimi döyünən divar daşlarına sürtdüm, əsrlərin, minillərin yaralı yaddaş göynərtisinə sığal çəkdim; ruhun rahat olsun, ulu yurdum, şəhərlər şəhəri Şabranım! Bilirsənmi nələr oldu, (bircə anda qəlbimdə baş qaldıran epik ovqat, möcüzəli Dədə Qorqud təhkiyəsi özümü də heyrətləndirir) adın tarixlərin qaranlıq hücrələrindən, yaralı yaddaş yollarından işıqlığa, aydınlığa çıxdı, taleyin yenidən doğma xalqın canlı həyat dövriyyəsinə qoşuldu. Səndən sonra varisin olan Dəvəçi indi sənin şərəfli adını daşıyır, Şabran adlanır. Səfəvilər dövlətinin süqutuyla kəsilən tarix yolun Azərbaycanın müstəqillik dövründə yenidən başlayır. İndi yeni Şabran rayonu və şəhəri öz ulu sələfinə layiq bir şəkildə inkişaf edir, doğma ənənələr və müasir şəhərsalma mədəniyyətinin yaradıcı vəhdətində uğurla tikilir, abadlaşır, göz güldürür, könül sevindirir. Bircə faktı, statistik göstəricini xatırladım ki, 2009-cu ildə Şabranda 12 milyon 727 min manatlıq tikinti, təmir, abadlıq, kompleks quruculuq işləri görülmüşdür və bu, 2008-ci ildəkindən 1,2 dəfə çoxdur. Şabran şəhərinin yanından, Dəvəçiçayın üstündən keçən, respublikada tayı-bərabəri olmayan möhtəşəm körpünü görə bilsəydin! Uzunluğu 544 metr, eni 23 metr, hündürlüyü 21 metr olan 16 aşırımlı belə körpü ilə fəxr eləyə bilərsən! Müasir uğurlara layiq şəkildə tarixin də öyrənilir.

Şabran Rayon İcra Hakimiyyətinin köməkliyi ilə çap olunan “Şabran: dünəndən bu günə” (“Şirvannəşr”, 2009) “Şabran” (Şabran şəhərinin tarixi-arxeoloji tədqiqinə dair materiallar) (“Elm” nəşriyyatı, 2009) və başqa kitabları müasir Şabranşünaslığa ciddi töhfələr adlandırmaq olar. Şabranla bağlı dünya, eləcə də Azərbaycan tarixşünaslığının əsrlər boyu təqdim etdiyi ən mötəbər elmi mənbələri toplu halında təqdim edən, on illər boyu aparılan arxeoloji tədqiqat işlərinin nəticələrini sistemləşdirən, perspektiv elmi-arxeoloji axtarışları daha düzgün hədəflərə doğru istiqamətləndirən bu yeni nəşrləri hazırlayanlara Şabranlı ziyalı kimi öz minnətdarlığımı bildirirəm.

Beləcə, 2300 yaşlı ulu Şabran şəhəriylə söhbətim yeni Şabran şəhərinin abad küçələrində davam edir; ürəkdən ürəyə yollar görünür və könül körpüləri uzandıqca uzanır. Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun dediyi sözləri xatırlayıram: “2011-ci ildə Şabran şəhərinin 2300 illiyinin çox geniş miqyasda qeyd olunması planlaşdırılır”.

Bəli, bu yubiley həqiqətən lazımdır, itirilmiş, unudulmuş tariximizə qətiyyətlə sahib çıxmaq, onu müstəqil dövlətimizin konseptual milli maraqları baxımından tam bərpa etmək, yaşatmaq naminə. Tarixi həqiqətlərin müasir xalq həyatına nəql, transformasiya olunması, canlı şəkildə kütləviləşməsi, böyük yaddaş enerjisinin çağdaş ürək və beyin meydanlarında kükrəməsi, necə deyərlər, uğurlu TƏKRAR İSTEHSALA QAYIDIŞI naminə! Xalq öz tarixi, gücü, milli-mənəvi yaddaşı, etnogenetik potensial imkanları ilə qovuşanda daha güclü, daha məğlubedilməz, gizli-aşkar assimilyasiya hücumlarına qarşı həm fiziki, həm mənəvi, ruhi baxımdan daha dözümlü və qalib perspektivli olur. Müdriklər demişkən, zaman-zaman etnosu, xalqı, milləti öz tarixi qələbələri, maddi və mənəvi mədəniyyət zirvələri – məhz tarixən nail olduğu QILINC ıə QƏLƏM ZİRVƏLƏRİ İLƏ PEYVƏND ETMƏK, onu kor kütlə, kütlük yuxularından oyatmaq lazımdır. Bunun ən gözəl örnəyini, misilsiz nümunəsini, ən işlək modelini Azərbaycanın ümummilli lideri, dahi dövlət və siyasət xadimi Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində göstərmiş, praktik reallığa çevirmişdir.

Bu məqamda qısa bir haşiyəyə ehtiyac duyuram...

 

lll

Azərbaycanın milli yaddaşını, tarixi gücünü oyatmaq, hərəkətə gətirmək, xalqın potensial imkanlarını səfərbər etmək, nəticədə qarşısıalınmaz dirçəlişə, intibaha nail olmaq – bəli, bunlar hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev rəhbərliyinin əsas strategiyasını, konseptual istiqamətlərini təşkil edirdi. Xalqı öz tarixi böyüklüyü – Dədə Qorqud, Babək, Nəsimi, Füzuli, Xətai, Əcəmi, Nəsirəddin Tusi zirvələri ilə qovuşdurmaq, onun qurucu, yaradıcı qüdrətinə geniş meydan açmaq, neçə minillik maddi və mənəvi mədəniyyətimizi, milli dövlətçilik yaddaşımızı müasir dövrə, canlı Azərbaycan reallığına NƏQL, TRANSFORMASİYA etmək – bu müdrik, uzaqgörən siyasətin, Heydər Əliyevin bütöv Azərbaycançılıq fəlsəfəsinin həyata keçirilməsində məhz yubileylər mühüm rol oynayırdı.

İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Aşıq Ələsgər kimi neçə-neçə dahilər, xalqın mənəvi, ruhi qabarmalarından yaranan söz-sənət nəhəngləri yubileylər vasitəsi ilə tarixin itkin qaranlıqlarından üzə çıxarılır, milli düşüncənin bədii-estetik söykənəcəyinə çevrilirdi. Bu yubileylər vasitəsi ilə xalq özünü tanıyır, unudulan, itirilən, (Çox halda məhz imperiya maraqları ilə unutdurulan, itgin salınan!) keçmişini tapır, misilsiz tarixi uğurları, o uğurların xilaskar mənəvi gücü, ruhi enerjisi ilə silahlanırdı; beləcə, son iki yüz ilin imperiyalar poliqonunda – “parçala hökm sür” meydanında itirilənlər, unutdurulanlar zərrə-zərrə geri qayıdırdı. Azərbaycan dahi övladlarının yubiley məclislərinə, yaddaşın milli mənəviyyat işığına yığışa-yığışa özünə gəlir, itirdiklərini yenidən tapa-tapa, toplaya-toplaya ruhən bütövləşir, bütünləşir, tarixi böyüklüyünü bərpa edirdi. Və təntənəli yubiley günlərində açılan abidələrin zirvəsindən, heykəllərin ucalığından Azərbaycan daha məğrur, daha qüdrətli, tarixi böyüklüyünə layiq şəkildə görünürdü. Beləliklə, Azərbaycan özünü dünyaya olduğu kimi göstərir, tanıdır, tarixdə neçənci dəfə dünyanı yenidən fəth edirdi. Bu siyasəti ardıcıl, konseptual genişlikdə həyata keçirmək, real nəticəyə nail olmaq Heydər Əliyevin öz xalqı, qədim və qüdrətli Azərbaycan sivilizasiyası qarşısında tarixi xidməti idi.

Dahi öndərin hələ 1983-cü ildə Şabrana səfəri zamanı dediyi sözləri xatırlayıram:

“Şabran bizim 2300 iilik şəhər tariximizi yaşadır. Bura baxdıqca biz həmin dövrün istehsal mədəniyyətini öyrənirik”.

 

lll

 

Bu gün Azərbaycan xalqının fəxarət yeri olan elm və sənət dahilərinin, misilsiz tarix və mədəniyyət abidələrinin yubileylərinin keçirilməsi haqqında rəsmi mətbuatda Prezident İlham Əliyevin imzasıyla çap olunan çoxsaylı sərəncamları oxuyanda, o yubileylərin canlı şahidi olanda, xilaskar Heydər Əliyev ideyalarının, ənənələrinin layiqincə davam və inkişaf etdirildiyini görəndə hədsiz qürur duyur, sonsuz sevinc hissləri yaşayıram. Bəli, xalq öz tarixi uğurlarına, maddi və mənəvi mədəniyyət xəzinəsinə layiqincə sahib çıxmalı, gələcəyə daha qətiyyətlə, daha qalibiyyətlə getmək naminə öz keçmişiylə, tarixi gücü, qələbələriylə silahlanmalıdır. Onda nə milli mənəviyyata qənim kəsilən xəyanətkar şou alverxanaları, nə zəhəri qana, sümüyə işləyən yad əxlaqlı yabançı serialların səlib yürüşləri, nə gizli missioner, assimilyasiya tələləri... heç nə xalqı öz saf, sağlam,həqiqətən AZAD, MÜSTƏQİL YOLUNDAN döndərə bilməz.

Bu ürək sözlərimi yaza-yaza tarix yolu eneolit, tunc dövrlərindən, antik dünyanın Qafqaz ətəklərindən, Xəzər sahillərindən başlayan ulu Şabran şəhərinin 2300 illik yubileyi haqqında düşünürəm. Və düşündükcə köhnəlməyən köhnə kədəri körüklənən daş yaddaş divarlarında, ulu şəhərin yaralı yaddaş yollarında işığa hamilə sehrli təbəssümlər çiçəklədiyinə şahid oluram. Və könlümdən ilk təbrik, ilkin mübarəkbadlıq keçir: 2300 yaşın mübarək, ulu yurdum, ŞƏHƏRLƏRİN ŞAHI ŞABRANIM!

P.S. S.Vurğunun “Ürəkdən ürəyə yollar görünür” misrası məşhurdur. Bu yaxınlarda Azərbaycan Televiziyasının “Poeziya” verilişi ilə bağlı M.P.Vaqifin şeirlərini yenidən oxuyurdum; gözləmədiyim halda “Könüldən könülə yollar görünür” misrasına rast gəldim. Və məqaləni bu böyük şairlərə hörmət əlaməti olaraq, eləcə də ədəbi ictimaiyyətimizin, xüsusilə, milli mətbuatımızın diqqətini Şabranın tarix yollarına və müasir uğurlarına cəlb etmək məqsədiylə belə adlandırdım: “Şabrandan Şabrana yollar görünür...”.

 

 

Sadıq ELCANLI

 

525-ci qəzet.- 2010.- 17 sentyabr.- S.4.