Naxçıvan mətbuatı: 90 illik tarixin canlı salnaməsi

 

İkinci yazı

 

Ötən əsrin 70-ci illərindən Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafında yeni mərhələ başlanıb. Bu dövrdən ölkəmizdə baş verən sosial-iqtisadi inkişafı, intibahı burada nəşr olunan qəzetlərin səhifələrində də aydın duymaq olur. Azad söz və sərbəst fikir, kütləvi informasiya vasitələrinə yeni baxış, mətbuat və ədəbi mühitdə yalan və qərəzdən uzaq tənqidin formalaşması da bu dövr üçün xarakterikdir. Təbii ki, mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olub. Bunlar respublikada böyük vüsətlə aparılan quruculuq siyasətinin tərkib hissəsinə çevrilib.

70-ci illərin əvvəllərində Naxçıvan şəhərində redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, muxtar respublikanın söz tribunası olan “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Mövzu genişliyi, janr əlvanlığı, operativlik qəzetin başlıca fəaliyyət istiqamətinə çevrilmişdir. Qəzetin ana dilimizə, milli mənəvi dəyərlərimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi əsas götürməsi onu mükəmməl bir yaradıcılıq məktəbinə çevirmişdir.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra qəzet təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərməyə başlamışdı. Qəzet adamların mövcud ideologiya əsasında tərbiyə olunması ilə bərabər, muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl əmək, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, regionun iqtisadi dirçəlişində və bu prosesin salnaməsinin yaradılmasında mühüm rol oynayıb. O, öz müsbət ənənələrinə sadiq qalaraq insanları yaşamağa, qurub-yaratmağa sövq edib.

1972-ci ilin yanvar ayında o vaxtkı respublika rəhbəri Heydər Əliyevin himayəsi ilə qəzetin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilmişdir. Qəzet redaksiyası sovet dövrünün ən yüksək dövlət mükafatlarından biri olan “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, qəzetin bir neçə əməkdaşına fəxri adlar verilmişdir. Bunlar yarım əsr ərzində qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət olmuşdur.

1981-ci ilin dekabr ayında isə qəzetin 60 illik yubileyi keçirilmişdir. Bu münasibətlə qəzet Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Qəzetin redaktoru Sənubər Kərimovaya Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi, üç əməkdaşa isə muxtar respublikanın fəxri adları verilmişdir.

Həmin illərdə qəzetdə tez-tez xalqımızın dil, ədəbiyyat, mədəniyyət və tarixinə həsr olunmuş, azərbaycançılıq ideologiyasına xidmət edən çoxlu yazılar dərc olunub. Bu baxımdan xalqımızın ən qədim tarixi abidələrindən biri olan Gəmiqaya haqqında dərc olunan “Xalqımızın mənlik heykəli” (31 yanvar 1986) adlı yazı diqqəti daha çox cəlb edir. Az sonra həmin yazının sorağı Sov.İKP MK Siyasi Bürosuna qədər çatmış, sovet imperiyasının başçısı M.S.Qorbaçov qəzetin bu çıxışını millətçilik təzahürü adlandırmışdır. Buna səbəb isə həmin yazıda Nuh peyğəmbərlə bağlı toponimlərin Naxçıvanda mövcud olması, əcdadlarımızın bəşəriyyətin ilkin sakinlərindən olması barədə qocaman alim, filologiya elmləri namizədi Əbülfəz Hüseyninin mülahizələrinin erməni millətçilərini qıcıqlandırması olmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev sonralar, 2002-ci ilin sentyabrındar Milli Elmlər Akedemiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə bu məsələyə toxunarkən demişdir: “Xatirimdədir, mən Moskvada işləyəndə “Şərq qapısı” qəzetində Gəmiqaya haqqında məqalə çıxmışdı. Onu böyük bir problemə çevirdilər. Ermənilər qalxdılar ki, burada –Azərbaycanda millətçilik var... Qorbaçov məndən soruşdu ki, Azərbaycanda millətçilik çoxdur, yoxsa azdır? Mən dedim ki, ümumiyyətlə, millətçilik müttəfiq respublikalarda var, Azərbaycan ən beynəlmiləl bir respublikadır... Onda bizim yanımızda oturan Siyasi Büronun üzvlərindən biri qayıtdı ki, “Yox, Heydər Əliyeviç, yəqin ki, siz düz demirsiniz. Bax, görürsünüzmü, Naxçıvanda “Şərq qapısı” qəzetində məqalə dərc ediblər, millətçilik haqqında... Düzü, mənim bundan heç xəbərim yox idi ki, nə məqalədir. Bunu şişirdərək elə bir vəziyyətə gətirib çıxarmışdılar ki, SSRİ-nin rəhbərliyi, Siyasi Büro səviyyəsində söhbətlər gedirdi... Nə üçün? Çünki ermənilər deyirdilər ki, bu abidə Azərbaycanın deyil, ermənilərindir...”

Heç şübhəsiz ki, 80-ci illərin ortalarından məmləkətimizdə milli şüurun oyanmasında və özünüdərk prosesinin formalaşmasında vətənpərvərlik ruhunda dərc olunan belə yazılar ulu öndərin Azərbaycanda yaratdığı şəraitin nəticəsi idi. Heydər Əliyev böyük siyasətçi, xalqının maraqlarını qoruyan dövlət xadimi kimi milli ruhlu ziyalılarımızı yad təzyiq və təqiblərdən qoruya bilmişdir.

Səksəninci illərin sonlarından, 90-cı illərin əvvəlindən isə “Şərq qapısı”qəzeti ölkəmizdə müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Soveti torpaqlarımıza erməni təcavüzü ilə bağlı ədalətsizliklərə etiraz olaraq sovet imperiyasının tərkibindən çıxmaq haqqında qərar qəbul edərkən “Şərq qapısı” həmin qısamüddətli “müstəqillik” dövründə də əsas mətbu orqanı kimi çıxış etmişdi. O ağır və mürəkkəb zamanda müstəqil “Şərq qapısı” qəzetinin 7 nömrəsi işıq üzü görmüşdü.

Azərbaycanda, o cümlədən, Naxçıvanda xalq hərəkatı, genişlənməkdə olan demokratikləşmə prosesi MR-də mətbu orqanların fəaliyyətində də özünü göstərməyə bilməzdi. Ulu öndərin Naxçıvanda tarixi xilaskarlıq missiyasını həyata keçirdiyi dövrdə Naxçıvan Vilayət Həmkarlar Şurasının “Ağrıdağ”, AXC Naxçıvan şöbəsinin “Varlıq” qəzetləri də nəşr olunmağa başlamışdır. Onlar qısa müddət ərzində fəaliyyət göstərmələrinə baxmayaraq milli şüurun oyanmasında əhəmiyyətli rol oynamışlar.

Müstəqillik dövrümüzdə Muxtar Respublikada rayon qəzetlərinin adları ilə yanaşı, fəaliyyət istiqamətləri də genişlənmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin “Nuh yurdu” (1996), Sədərəkdə “Oğuz yurdu” (2000), Kəngərli rayonunda isə “Yeni həyat” (2005) qəzetləri və “Naxçıvan” ictimai-siyasielmi publisistik jurnalı fəaliyyətə başlamışdır.

Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından, Muxtar Respublikaya rəhbərlik etməyə başlamasından sonra bu qədim diyarın çoxəsrlik tarixində yeni bir mərhələnin təməli qoyuldu.

Ağır günlər keçirən Naxçıvan Muxtar Respublikasının bu dövrü olduqca gərgin, ziddiyyətli, eyni zamanda, tələbkar və maraqlı bir dövr idi. Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan “taleyin ümidinə buraxılmış bir ada”nı (Heydər Əliyev) xatırladırdı. Azərbaycanla nəqliyyat- kommunikasiya əlaqələri kəsiləndən, iqtisadisiyasi böhran içərisində boğulan adamların son ümidləri olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə düşdüyü vəziyyətə SSRİ-nin tərkibindən çıxması ilə etirazını bildirdi. Bundan narazı qalan iqtidarixtiyar sahiblərinin qəzəbinə düçar olmuş Naxçıvana qarşı təzyiqlər gücləndi.

Vətən torpağına qayıdışından sonra, 22 iyul 1990-cı ildə geniş xalq kütləsi qarşısında ilk tarixi çıxışını Naxçıvan şəhərindəki Azadlıq meydanında edən ümummilli lider Heydər Əliyev hadisələrin gərginliyi fonunda mətbuatı da unutmamışdı. İlk müsahibəni bölgəyə gəlişindən dörd gün sonra “Şərq qapısı” qəzeti”nin müxbirinə vermişdi. “Daha susa bilməzdim...” adlı həmin yazını bəzən tədqiqatçılar “Vətənə qayıtdıqdan sonra Heydər Əliyevdən alınıb Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə” kimi də dəyərləndirirlər. Ulu öndər müsahibədə qəzetə olan münasibətini belə açıqlamışdı: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

Qəzetin 2 avqust 1990-cı il tarixli nömrəsində dərc olunan, müdrik siyasətçinin Naxçıvan gəncləri ilə görüşündən bəhs edən yazının sonunda verilən fikirlər də diqqəti cəlb edir: “Hələlik Naxçıvandayam, əgər bütün naxçıvanlılar mənim burada yaşamağımı arzu edərsə, buna etiraz etmərəm. Mənim başlıca arzum Azərbaycanı siyasiiqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.

Dahi rəhbər Ali Məclisin sədri kimi fəaliyyəti dövründə regionda kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Bununla bərabər o, vaxtaşırı yerli mətbuat nümayəndələri ilə görüşmüş, nəyi və necə yazmağı, ümummilli maraqlara qulluq etməyin nədən ibarət olduğunu onlara anlatmağa vaxt tapa bilmişdi. Yaxşı xatirimdədir ki, 1992-ci ilin may ayında muxtar respublikanın sərhəd bölgələrində erməni təcavüzkarları ilə döyüşlərin qızğın çağında müdrik siyasətçi kütləvi informasiya vasitələrinin Naxçıvandakı müxbirlərini otağına toplayaraq (onda bu sətirlərin müəllifi “Sovet kəndi” qəzetinin müxbiri idi) “sərhəd bölgələrində qızğın döyüşlər gedir, o yerlərdən niyə yazılar yazmırsınız” – deyə təəccüblə soruşmuşdu.

O vaxt hamımız təəccüblə bir-birimizin üzünə baxmışdıq. Məgər bunu bizlərə demək lazım imiş?! Elə həmin günlərdə mənim mətbuatda “Müharibə görməmişdim...” adlı publisistik qeydlərim dərc olundu.

Azərbaycanın suverenliyi, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, siyasi sabitlik, ictimai gərginliyin aradan qaldırılması və digər ümummilli məsələlər o dövrdə “Şərq qapısı” qəzetinin əsas mövzu dairəsini əhatə etmişdi. Böyük öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi qərarlar da məhz ilk dəfə bu qəzetin səhifələrində dərc olunmuşdu. Sovet rejiminin hökmranlıq etdiyi bir dövrdə məmləkətimizin müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasiideoloji əhəmiyyət kəsb edən tarixi qərarların qəbul edilməsi, həqiqətən, böyük uzaqgörənlik və cəsarət tələb edirdi.

Azərbaycanın ayrı-ayrı bölgələrindən daxil olan məktublar da ulu öndərin Naxçıvana rəhbərlik etməsi ilə bağlı qəzetin yayım dairəsinin muxtar respublika sərhədlərini xeyli aşdığını göstərirdi. Blokada şəraitində olan Naxçıvanın problemləri, muxtar respublikada baş verən ictimai-siyasi proseslər, o dövrkü hakimiyyət tərəfindən Heydər Əliyevə yönəldilən təzyiqlər və digər hadisələr obyektiv şəkildə qəzetin aparıcı mövzularını təşkil edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevə qarşı siyasi təqiblərin davam etdiyi illərdə qəzet, həqiqi mənada, demokratik fikrin, azad sözün tribunası kimi seçilmişdi.

 

 

Məmməd MƏMMƏDOV

 

525-ci qəzet.- 2010.- 17 sentyabr.- S.2.