Paşa Qəlbinurun “Qara su” romanı

 

Gənclik illərindən tanıdığım istedadlı rəssam Sürayyə Muğanlı Paşa Qəlbinurun bir neçə portretini işləyib. Şairin şeirlərinin motivləri əsasında bir silsilə qrafik əsərlər çəkib. Sürayyə xanımın portretlərinin birində mən Paşa Qəlbinuru Zamanın və Məkanın fövqündə duran bir uzay adamı kimi görmüşdüm.

Mübarək bir yaz günü cərrahiyyə əməliyyatından təzəcə çıxmış professoru daha gözəl bir dünyadan gəlmiş kosmik adama bənzətdiyim məqamı xatırlayıram.

 

lll

 

Rus şairi Yevgeni Reyn yazır ki, mən ömrümdə yaxşı mənada bir neçə dəfə heyrətlənmişəm. Onlardan biri Paşa Qəlbinuru oxuyub tərcümə edəndə olub. Qəlbinurun poeziyasında tanıdığım daha güclü şeir enerjisi və dünyanın heç bir şairini yada salmayan bənzərsizlik var.

Paşa Qəlbinuru xüsusi olaraq təqdim eləməyə ehtiyac duymuram. Elə bircə Qəlbinur imzası kifayətdir ki, onun haqqında önəmli informasiyaya malik olaq. Altı kitab müəllifi, istedadlı şair, ünlü oftalmoloq alim, cərrah və ictimai xadim – Paşa Qəlbinur universal şəxsiyyətdir. Mən onu orta çağ kahinlərinə, sufilərinə, İntibah dövründə yaşamış dühalara bənzədirəm. Və bu İntibah dövrünün insanı bizim müasirimizdi. Paşa Qəlbinur kimi insanlar cəmiyyətin şərəfi, namusu və vicdanıdır. Bir gün adi həqiqətlərdən, gündəlik məişət qayğılarından sıyrılıb çıxa bilsək, ömür vəfa qılsa, professorun portretini çəkmək istərdim. Onun çöhrəsi kamil insan çöhrəsidir. Bu çöhrə dəniz dalğası kimi dəyişir, kamilləşir. Dostumun çöhrəsində əbədiyyətin cizgilərini görmək mümkündür. Mən əbədiyyəti canlı kimi duyuram, hiss edirəm və qavrayıram. Paşanın gənclik illərində yazdığı bir misranı onun ömür kitabına epiqraf kimi yazmaq olar – “Anam məni şair doğub, sonra həkim olmuşam”.

Mən bir dəfə Paşa Qəlbinur poeziyasından əsinlənərək, “İşıq metaforası” adlı bir esse yazmışdım. O esseni qələmə aldığım gecə Bakıya qar yağırdı. Qar yağırdı və mən Paşa Qəlbinurun şeirləri ilə baş-başaydım. Onun ən çox sevdiyi rəng bənövşəyi rəngdi. O, şeirlərini bənövşəyi rənglə yazır. Bənövşəyi rəngin min bir çaları sayrışır onun misralarında. Onun şeirləri bənövşəyi rəngin min bir çalarını görə bilən gözlər üçün yazılıb. O, bu dünyanı rəngli görənlərin şairidi. O, zamanın poetik həqiqətlərini kəşf edən şairdi.

 

Ruham, möcüzəyəm,

işığam, ünəm, –

Gülün ləçəyində yeriyə billəm.

Şamın dodağında əriyə billəm,

Allah, bu sevdadan ölləm,

dirilləm...

 

lll

 

Paşa Qəlbinurun “Qara su” romanının jurnal variantını diqqətlə oxumuşdum desəm, yalan olar, hər halda vərəqləmişdim. (“Azərbaycan” jurnalı) Roman Moskvanın “Falinta” nəşriyyatı tərəfindən indiki ölçülərlə götürsək, böyük tirajla çap olunub. Roman üçün şair üç müqəddəs kitabdan üç surəni epiqraf seçib. Bəli, bəli, düz eşitdiniz, şair dedim, çünki bu psixoloji roman məhz şair qələminin məhsuludur. “Qara su” romanı şair ilhamıyla yazılmış nəsr əsəridir.

Üç müqəddəs kitabdan götürülmüş üç surəni müəllif epiqraf seçib. Bu surələr romanın qapısını açan qızıl açarlardı. Qızıl açarlarla romanın qapısını açan oxucu müəllifin yaratdığı mürəkkəb dünyanın atmosferinə daxil olur. Atmosfer kəlməsini təsadüfən işlətmədim, romanda təsvir olunan hadisə məhz göy üzündə, buludların arasında – təyyarədə cərəyan edir. Romanın məkanı irreal aləmdi. Və bu irreal aləmdə gerçək hadisələr yer alır.

“Bakı-Frankfurt-Çikaqo” reysi ilə uçan təyyarə. Təyyarədə yanaşı oturmuş iki adam – Aydın və Bəy Qasım. Aydının oğlu nahaq yerə həbs olunub, o, günahsızdı. Oğlunu türmədən qurtarmaq üçün Aydına külli miqdarda pul lazımdı. Bəy Qasımın pulunu balta kəsmir, amma o, ağır xəstədir. Aydın böyrəyini və ciyərinin bir hissəsini Bəy Qasıma verəcəkmi? Bu məqama diqqət verin, müəllif Qasım bəy demir, Bəy Qasım yazır. Qasım bəylə Bəy Qasım arasında necə böyük bir fərq olduğunu anlamaq üçün oxucudan xüsusi bir erudisiya tələb olunmur. İndi Qasım bəylər dövrü deyil, Bəy Qasımlar zəmanəsidir.

Əlbəttə, bu kiçik yazıda romanın süjetini nəql etmək fikrim yoxdu. Bu romanı oxuyun, mütləq oxuyun. Oxuyun və bir daha içində yaşadığınız dünyaya baxın. Romanı oxuyub qurtarandan sonra dünyaya, həyata və öz içinizdəki “mənə” yeni gözlə, təzə adam kimi baxacağınıza əminəm.

Bəri başdan deyim ki, “Qara su” miniatür romandı. Paşa Qəlbinurun “Qara su” romanı klassik roman anlayışından bir sıra özəllikləri ilə fərqlənir. Mən tənqidçi deyiləm, artıq şablonlaşmış terminlərdən, ənənəvi qəliblərdən, materialist-ədəbiyyatşünaslıq baxışlarından qaçıram.

Müəllifin üç ilə (2004-2007) yazdığı romanı oxuyub qurtarandan sonra qəlbimin içində böyük bir rahatlıq hissi duydum. Sevdiyim şairlərin şeirlərini oxuyanda belə bir özəl hiss duyuram – şeir dil işidir. Şeir dildə yanğınlar yaratma sənətidir. Paşa Qəlbinur orijinal şair olduğundan qələmə aldığı mətndə də poeziyaya məxsus özəlliklər açıq-aydın görünür. Mən zahiri, formal ifadəni deyil, daxili kamilliyi nəzərdə tuturam.

Məşhur bir Latın Amerika yazıçısı deyir ki, poeziya ilə müqayisə etsək, hekayə sonet kimi bir şeydir. Açığını deyim ki, bu müqayisə mənim çox xoşuma gəlir. Amma roman yazmaq başqa məsələdir. Bəzən mənə elə gəlir ki, roman yazmaq şair üçün hardasa bir qədər təhlükəlidir, mən bu duyğunu açıqlaya bilmirəm. Sonradan nəsr yazmağa başlayan şair dostlarımızla bu mövzuda uzun-uzadı söhbətlərimizi xatırlayıram. Nəsrin ritmik ardıcıllığı mənim üçün həmişə önəmli olub, indi də belədir.

“Qara su” romanının personajları Aydın və Bəy Qasım təyyarədə uzaq yol gelirlər. Zaman-zaman mürgüləyirlər, yuxu ilə ayıqlıq arasındakı sınırda uçurlar. Və romanın hadisələri yuxu ilə ayıqlıq arasında, sürreal bir aləmdə vaqe olur. Personajlar zaman-zaman öz uşaqlıq dünyalarına səyahət edirlər. Müəllif yuxu, röya metaforasından istifadə edir, bu üslubla qəhrəmanlarının şüuraltı dünyasını işıqlandırır. Yazıçı sanki öz personajlarının yuxularını görür, onların gördükləri yuxuların şəkillərini çəkir, çəkdiyi şəkillərin foto-surətlərini böyüdür. Yuxular isə bu və ya digər formada Bakıdan Çikaqoya uçan iki fərqli dünyagörüşünə, psixoloji duruma malik insanın qəlblərinin güzgüsüdür. Bu sehrli güzgüdə yazıçı Paşa Qəlbinur obrazlarının keçib gəldiyi ömür yolunu realist epizodlarla, dəqiq detallarla qələmə alır. Psixologiya elmində yuxuları ifadə etməyə, onları istiqamətləndirməyə səy göstərən bir sıra elmi eksperimentlər mövcuddur. İnanclar da yuxulara böyük önəm verir. Və bəzən elmlə din mübahisə eləyəndə araya şairlər girməli olurlar, eynən “Qara su” romanının müəllifi Paşa Qəlbinur kimi. Roman vahid, kamil və yığcam hadisələrin, həyat hekayələrinin təhlili, geniş mənada yazıçının həyatdan aldığı təəssüratlardan çıxardığı poetik, əxlaqi-ruhi nəticələrdir. Romanın epiqrafında verilmiş ayələri bir daha oxumaq məsləhətdir. Böyük mütəfəkkir Hüseyn Cavid deyir ki, ən faydalı düşüncələr, ən ciddi mühakimələr yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilər. Məşhur fransız romançısı Emil Zolyaya istinad edək – gələcəkdə roman yazan sənətin təkamül planının, sxemininin əsiri olmayacaq, əksinə, seçdiyi mövzunu özünün əsas məqsədinin hədəfinə çevirəcək. Haçansa, hardasa oxuduğum bu fikri modern nəsr artıq çoxdan sübut eləyib. “Qara su” romanı bu örnəklərdən biridir. Başqa bir ünlü fransız yazarı Alber Kamyu yazır ki, sənətkar mövzunu necə seçirsə, mövzu da öz sənətkarını seçir. Yadımdadır, zəmanəmizin böyük rəssamlarından biri Mircavad da buna oxşar fikirlər söyləyərdi. Paşa Qəlbinur xəyal ürünü olan olaylar haqqında müəmmalar uydurmur, o, adi adamlar, tanıdığımız canlı insanlar haqqında yazır. O, həqiqətən insanları yaxşı tanıyır. O, canlı, xalq danışıq dilində, təbir caizsə, dastan dilində yazır. Amma o, epiqonçu deyil, novatordu.

Romanda cərəyan edən hadisələr göy üzündə, təyyarədə vaqe olur – onun qəhrəmanları qapalı mühitdə yaşayırlar. Yazıçı qapalı mühitdə, hermetik məkanda yaşayan insanların faciəsini görümlü detallarla qələmə alır. “Qara su” romanını oxuduğum zaman Mircavadın rəsmləri, Tarkovskinin “Stalker” filmi yadıma düşdü. Aydın obrazından müəllifin bioqrafiyasından romana transfer olunmuş məqamlarla, görüntülərlə rastlaşanda heç də təəccüblənmədim – bunu təbii qarşıladım. O, oxucunu əyləndirmək amacında bulunmur, o, romanı bayağı məhəbbət macəraları ilə yükləyib süni dramatik situasiyalarla oxucunun başını qatmır, xoş sonluqla qurtaracaq melodram vəd eləmir. O, həyatın adi həqiqətlərinin sərt, amansız üzünü bir daha bizə göstərir. Sanki yazıçı oxucusunu qəflət yuxusundan oyadır, onu insan həyatının mənasını dərk etməyə çağırır.

Şair dostumuz Səyavuş Məmmədzadənin gözəl bir dillə rus dilinə çevirdiyi (müəllifin iştirakı ilə) romanı oxudum və bir müddət öncə romanın jurnal variantını xatırladım.

Roman iyirmi səkkiz fəsildən ibarətdir. Hər fəsil bir hekayət, bir portret, bir pritçadır. Qara sözünün dilimizdə nə az, nə çox, on yeddi mənası var. Bu mənada romanın adını tam mənada müəyyənləşdirmək, çözələmək çox çətindir. Amma romanın adı bir rebus-müəmma deyil, uğurlu bir rəmzdir. Müəllif epiqraflarda üç müqəddəs kitabdan nümunələr gətirir. Hər üç ayə insanlara xəbərdarlıq kimi səslənir.

Allah zalımları daha yaxşı tanıyır. Allahın mühakiməsindən qaçmaq mümkün deyil, yerin üstündə etdiyin günahların cəzasını sən yerin altında ödəyəcəksən.

“Qara su” romanının fabulası zahirən bir-biri ilə əlaqəsi olmayan hadisələrin bədii ardıcıllığı üzərində qurulub, əsərin kompozision həlli orijinal və uğurludur.

Akademik Ağamusa Axundov “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyi “Nəsrimizdə hadisə” məqaləsində (12 mart 2010-cu il) yazır: “Nəsrimizdə bu üslub (çarpaz üslub) yeni hadisədir. Klassik romanlarımızda mən bədii həqiqətin həyatiliyini qüvvətləndirən belə bədii təhkiyə üsuluna rast gəlməmişəm.

Romanın dilində də yeniliklər çoxdur. Əsərdə bədii dilimizin, demək olar ki, bütün üslubları, bədii üslub da, elmi üslub da, publisistik, işgüzarlıq-dəftərxana üslubu da öz inikasını tapıb”.

Mən Ağamusa müəllimin böyük və əhatəli məqaləsindən yalnız bir abzası sizin diqqətinizə çatdıra bildim, hörmətli akademik əlbəttə məni əfv edər, sanıram.

Türk şeirinin böyük ustadı Nazim Hikmətin “İnsan mənzərələri”ni bir daha vərəqlədim. “Baş barmaq boyda adamım”la, yəni vicdanımla həmsöhbət oldum. Sizin də içinizdə baş barmaq boyda bir adamınız var, “Qara su” romanını oxuyun, sonra baş barmaq boyundakı adamınızla, yəni öz vicdanınızla insan həyatının mənası haqqında söhbət eləyin. Amma baş barmaq boydakı adamınızı, yəni öz vicdanınızı öz əlinizlə boğmayın. ...Tanrının əli bütün əllərdən yuxarıdadır.

 

 

Adil MİRSEYİD

 

525-ci qəzet.- 2010.- 18 sentyabr.- S.23.