Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

ORDAN-BURDAN

 

“Açıq söz” rəfiqimiz şəhər dumasının müsəlman qlasnılarından şikayət edib diyor ki, məkulat kimi mühüm bir məsələnin müzakirəsinə bir çoxu ketməmişdi: gedənlər dəxi ya dinməz durubdurlar, ya da elə söz danışırdılar ki, mətləbə dəxli olmurdu.

 

lll

 

Şamaxı yolunda konkaya minib Quba meydanından keçəndə görürsən ki, müsəlmanlardan bir neçəsi konka yolunun içinə girib heç əqillərinə də gəlmir ki, konka gələndə kənar dursunlar və konka bunları basmasın. Konkasürən hələ gendən bunları görüb zəng çalır, çalır, çalır ... yol açılmıyor, səslənir, yol açılmayır. Elə ki, konka atı yetişib müsəlmanın belinə, bögrünə toxunur-o halda canım müsəlman başa düşür və sıçrıyıb yoldan qaçır.

 

lll

 

İndi haman bu məkulat və qəhətlik məsələləri də hələ ki, nə bizim, nə də bizim şəhərimizin sahibləri olan qlasnılarımızın vecinə degildir ... Biz hələ “zəng” səsini eşitmirik. Elə ki, qəhətlik konkasının “atları” bel-buğunumuzu sındırar və ya “konka” altına düşüb başımız əzilər-onda bu məsələnin nə qədər gərəkli olduğunu sonradan –sonraya başa düşərik və “əzilmiş” başımız ilə də heç bir iş görə bilmərik.

 

lll

 

Amma insaf ilə danışsan biz gərək bizim qlasnıların da halını nəzərə alaq.

Siz burasını yəqin bilin ki, “təb” deyilən şey tək bir şeir yazmaqdan ötrü degil, bəlkə nəsr yazmaqdan ötrü və hətta ağızdan danışmaqdan ötrü də lazımdır! Gərək təbin gəlsin ki, sən də durub bir şeydən şirin-şirin danışasan.

Təb də hər dəfə gəlməz. Təbi-... gətirmək lazımdır, gətirtmək üçün də ...

–Bir şey ilə aldatmaq lazımdır.

Bülbülün gül ağacı üstündə cəh-cəh vurması-şairin təbini çəkib gətirir, şair də şer diyor.

İndi bizim qlasnıları da danışmağa həvəsləndirmək üçün gərək onların təbini hızlıyasan.

Bu isə bir şeyilə mümkündür:

–Gərək müzakirə olunan məsələ qlasnıların öz xüsusi interesinə toxunan ola!

Məsələn: müsəlman qlasnısı mülkdardır. Məsələ də mülk naloğunun artması üstündədir.

O halda qlasnının təbi gəlir: dodaq-dodaqdan ayrılır, ağız açılır və dil maşın kimi işləməgə başlıyır. Onda məlum olur ki, müsəlman qlasnısı çox əcəb natiq imiş. Ancaq bizim xəbərimiz yox imiş!

Amma ümumi məsələlər danışılanda ki, onun qlasnının interesinə dəxli yoxdur, kişinin təbi yatır, həvəsi kəsilir və danışmağa da haləti olmuyor.

Nə etməli? Güc degil ki! Bizim qlasnılarımız belədirlər.

İstər xoşunuza gəlsin, istər heç gəlməsin.

Filankəs

“Yeni İqbal”, 16 oktyabr 1915,

¹ 143

məkulat-azuqə

 

ORDAN-BURDAN

 

Hə nə var.....

 

Məktəb, mədrəsə, elm, mərifət və tərəqqiyə qarşı düşmən olan kaftarlarımız hələ var ...

Bayquşlara oxşayan girəvə layüflihun diridirlər....

Hələ genə də uluyurlar...

Səsləri gəlir ... pis səsləri ...

Quba uyezdində Siyad Xızı kəndi var.

Kənd qaranlıqda yaşıyor: məktəbləri yoxdur.

İşıq və bilik arzusunda olanlar bu kəndin bu zamanda məktəbsiz qaldığını rəva görmüyüb cəm olmuşlar və cəm olub da direktora ərizə veribdirlər ki, Siyad Xızı kəndində bir məktəb açılsın.

Kəndin bayquşları bu əhvalatdan xəbərdar olub təşvişə düşübdürlər.

Səbəbi-təşviş budur:

Bayquş-qaranlıq sevər: bayquş xərabə və viranlıq dostudur. İşıq və abadanlıq bayquşun ölümüdür.

Halbu ki, məktəb qaranlığı işıqlandırar, xərabəzarı abadan edir...

Odur ki, Siyad Xızının bayquşları təşvişə düşüb onlarda cəm olubdurlar və cəm olub da, onlar da ərizə veribdirlər və ərizələrində yazıbdırlar ki:

–Biz məktəb istəmirik, çünki, dinimizə zərəri vardır!

Görün ha! Dinimizə!!

Görəsən bu bayquşlar nə dindədirlər ki, o dinə məktəbdən, elm və mərifətdən zərər gözlənir?

O hansı dindir?

İslam dinimi??

Haşa və kəlla!!

Bu islam dini haqqında ən ağır bir ittihamdır ki, bu cürə böhtanı ancaq islamın adını xərab və viran etmək istəyən bayquşlardan gözləmək olar !

Bunların “din” və “imanı” cəmaətin qaranlığından istifadə edib tovlamaq və soymaqdır ki, doğrudan da məktəbin bu cürə “din” və “imana” da zərəri vardır!

Bəli, hələ var...

Məktəb, mədrəsə, elm, mərifət və tərəqqiyə qarşı düşmən olan kaftarlarımız hələ var ...

Filankəs

“Yeni İqbal”, 13 oktyabr 1915,

¹ 144

layüflihun –nicat tapmayanlar

haşa və kəlla –qətiyyən, heç bir vaxt, əsla

 

ORDAN-BURDAN

 

Yevropa müharibəsi və ... saqqal ...

 

Osmanlının daxiliyyə vəziri Tələtbəy indiyə qədər saqqalını qırxdırırmış. Amma indi Tələtbəyi sədri-əzəm etmək istiyorlar. Ona görə Tələtbəy də üzünü qırxdırmıyıb saqqalını uzadır.

İndi işi təxirə salan saqqal məsələsidir. Saqqal uzunan kimi məsələ tamam olub Tələtbəy sədri-əzəm olacaqdır.

Diyorlar ki, Tələtbəy hər səhər yerdən duran kimi güzgüyə baxıb saqqalının neçə “santimetra” irəlilədigini ölçür.

Türkdə məsəl var deyirlər ki, “saqqalım yoxdur-deyə sözüm keçmir”.

Görünür ki, Tələtbəy də sədri-əzəm olandan sonra öz sözlərini saqqal gücü ilə keçirdəcəkdir.

İngilis vəzirləri nəinki saqqal, hətta buğlarını da qırxdırırlar. Odur ki, həmişəlik qoşun saxlamaq məsələsi üstündə nə qədər danışırlarsa da sözləri keçmiyor. Halbuki, bunun əlacı çox asandır:

– Saqqal!

 

lll

 

Bir manat kağız pul ..

 

Rusda bir məsəl var deyirlər ki: “Net xudo bez dobra”. Yəni: heç bir pislik yoxdur ki, içində bir yaxşılıq olmasın.

Səhər evdən çıxarkən bir manat kağız pulu cibimə qoyub konkaya mindim. Konduktor cibimə saldığım əlimə gözaltı baxa-baxa əlindəki bileti cırmağa hazır olub pulun çıxmağına müntəzir idi. Amma kağız manatın qulağı görünən kimi bileti tumarni torbaya salıb təvəqqe elədi ki, düşüm, çünki, xırda yoxdur.

Konkadan düşüb yanımdan keçən faytona atıldım. Deməgilən, faytonçu mənim xırda pul üstündə konkadan düşməgimi bilibmiş. Məni qəbul eləmədi, gah dedi evə gedirəm, gah dedi atımın nalı düşübdür, axırda xırda pul istədi. Qərəz piyadə getdim. Gördüm qəzetə satırlar, dedim aha, manatı xırdalamışam. Qəzetəçini çağırdım. Qəzetəçi kağız pulun ucunu görən kimi qəzetəni əlimdən qapıb güllə kimi qaçdı. Girdim dükana ispiçka almaq bəhanəsilə manatı xırdalıyam. Dükançı kağız manatı görüb heç dinmədi . Ancaq ispiçkanı geri götürüb öz yerinə qoydu. Dükandan məyus çıxıb o biri dükana girdim və dedim ki, bir manata xırda verin. Dükançı acığından güldü və mənim əqlimin azlığına heyfsiləndi. Çıxdım ki, çəkməmi sildirim, çəkməsilən xırda pul istədi. Bir dilənçiyə rast gəldim. Diyordi ki:

– Ağa, mənə bir çörək pulu ver!

Çox sevinib dedim ki, baş üstə, doqsan beş köpük ver, bir manat verim. Dilənçi də razı olmadı!...

Qərəz, baş ağrısı olmasın, axşam evə qayıdanda manat cibimdə idi və hələ indi də cibimdədir.

Pəs bundan məlum olur ki, hər pisligin bir yaxşılığı da var: xırda pul olmadısa da, manat cibimdə qalıb xərc edilmədi.

İndi qoy dükançıların malları dükanlarında, bizim də pullarımız cibimizdə qalsın. Görək axırda kim kimə yalvaracaqdır...

Biz onlara, yoxsa onlar bizə!

 

lll

 

Artıq tamah baş yarar ...

 

Hər kəs bu məsəlin doğru olduğuna inanmırsa, dörd manatlıq çustu qorodonaçalnikə on altı manata satmaq istəyən dükançının həbsxanədə öz əli ilə qapazlanan başına baxsın!

Hələ özü də qorodonaçalnikə diyormuş ki, bağışla, mən səni tanımamışam. Buna deyirlər:

Üzr bədtər əz günah!

Yəni mən bu surətlə ancaq əhalinin dərisini soyuram. Hökumət adamları ilə işim yoxdur.

“N.V” qəzetəsi diyor ki, bu bahacıl tacirlər Rusiyada alman saldatından çoxdur və o saldatlardan da daha artıq zalim, tamahkar və həyasızdırlar!

Qəzetənin sözü, əlbəttə, doğrudur!

 

lll

 

Müsəlman “intelligent”ləri müsəlman teatrına getmiyor, diyorlar ki, orada “iskustvo” yoxdur. Diyorlar ki, biz “intelligent” və “obrazovanni” adamlarıq: bizə “iskustvo” lazımdır!

Keçən gün Tağıyevin teatrında məşhur piano çalan İrina Enerinin konserti idi. Mən də “iskustvo” sevən olduğuma görə teatroya yügürüb gedə-gedə də fikir edirdim ki, indi yəqin müsəlmanların “iskustvo” atəşində olan “intelligent”ləri teatrın qapı-bacasını, kassasını dağıtmaqdadırlar!!

Amma ... teatra gedib bir neçə müsəlman artistindən başqa bir nəfər də olsun “intelligent” görmədim!

 

lll

 

Bəs əcəba, şəhərimizin bütün “iskustvo” sevənləri teatrda olduğu halda, müsəlman “intelligent” “iskustvo” sevənləri nərədə idilər? Yoxsa “intelligentlərimiz” müsəlman teatrolarını “iskustvo” hesab etmiyən kimi, Enerinin çalğısını və çaldığı havacatı da “iskustvo” hesab etmiyorlar?!

 

lll

 

Ravi belə rəvayət edir ki, “kazino” kafeşantanın yanından keçərkən içəridə bir çox müsəlman “intelligentlər”inin kəmali-huş və guş ilə əz cani-dil “iskustvo”yə məşğul olduğunu gördüm...

 

lll

 

İndi başa düşürəm ki, müsəlman “intelligentləri” “iskustvo” nəyə diyormuşlar!...

Filankəs

“Yeni İqbal”, 20 oktyabr 1915, ¹ 146

ravi-rəvayət edən

 

ORDAN-BURDAN

 

“Heydar təpmək”

 

Qarabağda bu vaxtlar, yəni məhərrəmlik yaxınlaşan zamanlar şəhərin cavanları və uşaqları yığılıb heydar təpərlər.

Heydar təpmək-qoşunbazlıq kimi bir işdir.

“Hərb üsulunu” yaxşı bilmək lazımdır.

Hər məhəllənin öz heydar təpənləri olub, sonra “bu məhlənin qoşunu” o biri məhlənin üzərinə “hücum” edib “müharibə” vaqe olur...

Bu işin təfsilatı belədir:

Əvvəla, hər bir “saldatın”, yəni heydar təpənin gərək əlində “silahı” olsun, silahdan ibarət-çomaq, ağac və ya çoban dəgənəgidir. Bundan əlavə, sair lavazimi-hərbiyəsi də yerində olub, ayağında başmaq əvəzinə çust, çuxa əvəzinə arxalıq və ya çuxası olsa da, “çənirə” vurulsun. Papaq da gözün üstündə olsun.

Və saniyən “qoşun əhli” içində “distiplina”, yəni inqiyad və itaət olsun, belə ki, hər bir “ləşkər” ali “baş komandan”ları olan dəstəbaşı tək hər bir əmrə müti olsun, hər nə buyursa, ona əməl etsin.

Bəli, məhərəmligə bir on-on beş gün qalmış hər məhəllənin dəstəbaşısı öz məhəlləsində “səfərbərlik” elan eliyor. “Qoşun əhli” məhəlləsinin dəstəbaşısı qorxub qaçıbdır. Gah diyorlar ki, Colaflı məhəlləsinin dəstəbaşısı da Hacıyusufluya köməgə gəlibdir. Lakin cuhudlar məhləsinin dəstəbaşısı bu təpərlərə etina etmiyib yürüşünə dəvam edir və o məhlənin məscidinə yaxınlaşdıqda ora “qoşunu”nun əllərində ağacların atılıb-düşmələri görünür. Buranın dəstəbaşısı əvvəlcə bir göz dolandırıb “düşmənin” qüvvətini mülahizəyə alır. “Müxalif” tərəfi zəif görsə, cürətli dəstəsini irəli çəkir. Çünki bilir ki, “düşmən” tərəfdən məmaniət göstərilməyəcəkdir, nümayişkaranə bir surətdə kəmali-kəbirü-qürur ilə o məhlənin məscidi həyətində bir neçə kərə dövrə edib, sonra mənsur və müzəffər öz məhləsinə qayıtmağa başlıyor və özü də həmişə ehtiyatda olur ki, ehtiyatən “düşmən” tərəfdən “xəyanətkəranə” bir əməl baş versə, haman dəm qabağını alsın.

Amma elə ki, “düşməni” güclü görür, o halda yürüşünü bir az dayandırır və “müxalif” tərəfin “müharibə” edib-etməyəcək fikrini duymaq istiyor, yainki, “parlamentor”, yəni “elçi” gözliyor ki, danışığa başlasınlar ki, hər tərəfin “sülhcuyanə” və yainki, “cəngcuyanə” fikri məlum olsun.

Çox vəqt olur ki, o tərəfin dəstəbaşısı öz “igidligini” göstərmək üçün bilamüzakirə və mühavirəziştəsini çəkib “düşmənə” qarşı çıxır. Və “müharibə” başlanır. Hər iki tərəf bir-biri üzərinə hücum edirlər: indiki müharibələrdə əvvəlcə top və tüfəng davası olub, sonra əl vuruşması və nizə-qılınc davası olur. Amma burada əvvəlcə ağac davası olub, sonra daş davasına keçir. Ağac şaqqıltısı, “əskər”lərin səs-kuyi, təbil və zəngin gürültusu, dəstəbaşıların hay-kuyü, “yaralı”ların nənəvay deməsi, cürbəcür sögüş-bunlar hamısı bir-birinə qarışıb asimanə bülənd olur. Bir qədərdən sonra zəif tərəf “geri çəkilməgə” məcbur olur, qüvvətli tərəf onları sıxışdırıyor. “Geri çəkilmək” “taktikası” tutub qaça-qaça mübəddəl olur. Məğlub dəstəbaşı “qoşunu”nu töküb dovşan kimi qaçır. “Qoşun” əhli isə kimi ağlaya-ağlaya, kimi ufuldaya-ufuldaya, kimi çığıra-çığıra və tabəldə cırıq təbili ilə hərəsi bir tərəfə qaçıb canlarını qurtarırlar. Qalib tərəf qıy-qıy edə-edə qaçan “düşməni” bir qədər “təqib” edib sonra qayıdır. Qalib və məğrur dəstəbaşı qoşununu yığıb zəfər və qələbələrindən naşi izhari-sürur və şadmani edirlər və düşmənin qorxaqlığına və dəstəbaşılarının bişüurliginə gülürlər...

Sizi and verirəm Allaha, bir deyin görüm bu “heydər-səfdər” “müharibə”sinin Kərbəla faciəsinə və imam Hüseyn təziyəsinə dəxli və təsərrüfi vardır??

Hər kəs bunu mənə qandırsa-səvab eləmiş kimi olar!

Gözləyirəm...

Filankəs

“Yeni İqbal”, 21 oktyabr 1915, ¹ 147

heydar-heydər-ərəbcə şir, aslan; məcazi-igid, cəsur (xəlifə Həzrət Əliyə verilmiş adlardan biri)

həyahu-hay-küy, mərəkə

inqiyad-boyun əymə, ram olma

müti-tabe

mənsur-qələbə çalmış, üstün gəlmiş

 

ORDAN-BURDAN

 

Qurdalamaq ...

 

Bir var Acarıstan, bir də var acarlılar. Acarıstan-yəni Batum və Artvin yaxınlarında bir yerdir ki, onun adıdır. Acarlılar-yəni Acarıstan əhli. Acarıstanı yox-bəlkə Acarıstan olan acarlılardan bəzilərinin üstünə yerimişdilər ki, guya bunlar hökumətin üzünə ağ olub Osmanlı qoşununa qatışıbdırlar. Dava vəqtində bir dövlətin adamları düşmən tərəfə keçib onlara kömək etsə-adına:

–xəyanət deyərlər.

Genə təkrar edirəm ki, Acarıstanı yox, acar əhlilərindən bəzilərinin üstə xəyanət yıxmışdılar.

Sud qurdular. Özü də voyenni sud. Xain hesab olunan acarlıların işlərinə baxıldı, axırda məlum oldu ki:

–Bu işdə xəyanət olmuyubdur!

Bu ağır töhmət acarlı müsəlman və gürcünün üzərindən götürüldü.

Amma görünür ki, işin bu surəti yeri qurdalamağa və hər yerdə qurdalanmağa ögrənmiş olan bəzi qərəzkarları rahat etmiyor.

Götürək məsələn, Tiflisdə çıxan “Kavkazski slovo” qəzetəsini, bu qəzetə işin ora-burasını qurdalıyor və diyor:

Pəs bütün Acarıstan xəyanət göstəribdir, lakin acarlılardan təkətəklikdə bir çox adamlar düşmən tərəfinə keçibdirlər. Yaxşı, eyib olmasın soruşmağa, o xəyanət işində kimi suda çəkmişdilər?

Acarıstanı, yoxsa acarların bəzilərini?

Hamıya aşkardır ki, acarlıların bəziləri.

Sud bu işə nə qərar qoydu?

Sud qərar qoydu ki, bu işdə xəyanət olmuyubdur.

Belə olan surətdə rusun ədalətli sudu öz hökmünü desin, sonra “Kavkazski slovo” kimi qurdalaqçıların nə həqqi var ki, bir də tazədən acarlılara xayin desin?!

Bu-araqurdalamaq degil də, nədir?

Acarlılar müsəlman və gürcüdürlər.

Sudun bu qərarından sonra uca səslə diyoruq ki:

–Müsəlmanlardan və gürcülərdən vətənə, dövlətə xəyanət edən və hökumətin üzünə ağ olub üsyan qalxızan olmuyubdur. “Kavkazski slovo” qəzetəsinin xayin və asi tapmaq həvəsi varsa, hər halda müsəlman və gürcülərin içini əbəs yerə qurdalamasın, tapmıyacaqdır! Hər yerdə olursa-olsun, xainlərin əməlindən mənfəət görənlərin özlərinin də o xayinlərdən zəhləsi gedər!

Çünki:

Xainlik namərdlikdir!

Namərdlik sifəti də bizdə yoxdur!

Nahaq yerə qurdalamayın: dinc durun: hamı sizdən yaxşı bilir. Sud öz sözünü dedi və məsələ tamam oldu.

Daldan atılan daş topuğa dəgər!

Filankəs

“Yeni İqbal”, 23 oktyabr 1915, ¹ 149

 

ORDAN-BURDAN

 

Məhərrəmlik gəldi.....

 

Cəmaət üç yerə bölünür:

Sağ, sol və orta.

Ortada olanlara “bitərəf” də demək olar.

O şey ki sağların xoşuna gəlir-solların xoşuna gəlmiyor.

O şey ki, solların xoşuna gəlir-sağların xoşuna gəlmiyor.

Ortadakı bitərəfdir. Dinmiyor və diyor ki:

–Mən qatışmıyacəgəm!

Amma məndən olsa, sağ da, sol da və orta da bir kərə bir yerə yığılıb, bu barədə danışsa idilər də, çox yaxşı olardı.

İmam Hüseyn Əleyhissəlamın təziyəsini ehtiram və qaidə ilə saxlamaq lazımdır, belə qaidə ki, həm özümüzün və həm də gendən baxanlarında təhsininə layiq olsun. Deməsinlər ki:

–Gör müsəlmanlar nə qədər nizamsız və qaidəsizligə ögrənibdirlər ki, öz imamlarının təziyəsini də qaidə və qonur ilə saxlaya bilmiyorlar.

Çürükfikirlilər qəzetəcilərin məhərrəmlik söhbətindən acıqları tutub diyorlar ki, güya biz təziyə saxlamaq istəmirik; belə şeylər xoşumuza gəlmiyor!...

Bu, qəzetəcilər haqqında böyük bir iftiradır, yalandır!

Biz hürriyyət həqq və həqqaniyyət yolunda can qurban etmiş olan övladı-peyğəmbərin təziyəsini dünya durduqca hər məhərrəm yada salıb ağlamaqla bərabər arzu edirik:

Əvvala:

Bu böyük və yanıqlı təziyə-

Hörmət və ehtiram ilə, qaidə və nizam ilə əmələ gəlsin.

Və saniyən:

Bu təziyə cəmaətimizin əhval və ovzaini, ovsaf və əxlaqını tərbiyəyə salıb, pis-pis əməllərdən kənar eləsin.

Gəlin hamımız:

Mollamız da, oxumuşumuz da, avamlarımız da, intelligentlərimiz də, əsnafımız da, qərəz bir kəlmə-hamımız bir yerə yığışaq bu barədə danışaq. Hər birimiz çalışaq, qəsd və qərəzi kənara ataq və işin sürətini əqli-səlimə tapşıraq. Hər bir sinifdən adam seçək və o adamlara məhvəl edək ki, bu təziyə işini qaidə, nizami-ehtiram və rövnəqli bir sürətdə əmələ gətirmək üçün çalışsınlar, lazımi tədbir və qərarlar qoysunlar. Biz də onların qoyduqları qaidəyə əməl edib bu möhtərəm təziyəni layiqli bir sürətdə saxlayaq.

Uşaqlarımızın əllərində təbil dögə-dögə heç yas və qəm əsəri olmuyan bir sürətdə küçələri dolanmaqla xariciləri istehzayə məcbur etmələri, küçələri dolanmaq, zəncir vurmaq yasa yaramaz.

Bəzi mərsiyəxanaların övladi-peyğəmbərə yaraşmayan sifətləri, onlara istinad vermələri, bu qəsidələr ilə avam cəmaət çox ağlasın, mərsiyəxanaların avam cəmaətin əxlaqını pozan “fitvaları” ki, hər kəs göz yaşı töksə-hər bir günahından azaddır ki, güya imama ağlamağımızdan məqsəd-tək bir günahdan azad olmaq üçündür. Deməli, günahı olmayan ağlamasa da olar!... Halbuki, bu cürə fitvalar, əvvəla sidqi-dil ilə ağlamağı aradan götürüb və saniyən cəmi oğruları, quldurları, qatilləri, mərdimazarları, ev yıxan və ocağı kor qoyanları arxayın edib pis və murdar əməllərinə daha da şövqləndirir! Diyorlar ki:

–Ah nə var ki; filanın evini yararam, filanı öldürərəm, filanın arvad və uşağını bihörmət edərəm, sonrada məhərrəmlikdə imam üçün ağlayıb bir-bir günahımdan pak olaram!....

Bu cürə “fitva” lar verən mərsiyəxanalar, imamın, peyğəmbərin, Allahın qəhr və qəzəbindən qorxmuyor və anlamıyor ki, bu cürə danışıqları ilə müsəlman cəmaətinin əxlaqını pozur, ovsafını xarab edir?!

Bu nə “rüşvət” dir ki, hər kəs ağlasa günühından azaddır?!

“Rüşvət” lazım degil, sidqi-dil lazımdır. İmamə və ovladına məhəbbət və canıyanalıq lazımdır!!

Bunlar keçəndən sonra sair məsələlər də var ki:

Məsciddə çay içmək, papiros çəkmək, pis-pis sözlər danışmaq Allahın evini yemək-içmək evi qayırmaq və bədə:

Neçə gün təziyə saxlamaq:

Nə vəqt yasdan çıxmaq?

Və bir çox məsələlər ki, həlli və müzakirəsi öz içimizdən seçilmiş adamların məclisinə həvalə olunsun ki, onlar bu barədə danışıb hər nə pisdir-aradan götürüb və hər nə yaxşı və layiqlidir, qərarə alıb müəyyən bir proqram düzəltsinlər ki, ona müvafiq ehtiram ilə təziyə saxlayıb şühədayi-giramin ruhi paklarını şad edək və bu cürə qaidə və hörmətimiz ilə özgələrin də bizim yas və təziyəmizə ehtiram ilə baxmasına səbəb olaq.

Pəs, bəndənizin fikrincə təziyə saxlamaqdan qabaq öz aramızda bir “təziyə komitəsi” seçmək lazımdır ki, o komitə nə sayaq qərar qoysa, öylə də təziyə saxlayaq.

Filankəs

“Yeni İqbal”, 25 oktyabr 1915, ¹ 150

ovsaf-vəcflər, keyfiyyət

 

ORDAN-BURDAN

 

–Bahalığa qarşı mübarizə. Yəni-bahalıqla dava etmək!

–Necə yəni bahalıqla dava etmək?

–Yəni qoymamaq ki, bahalıq olsun.

–Nə tövr qoymamaq ki, bahalıq olsun?

–Bəs sonda görünür ki, sənin xəbərin yoxdur!

–Nədən?

–Komitetlərdən!

–Hansı komitetlərdən?

–Bəs sırağa gün şəhərimizdə hər məhlədə komitetlər seçdilər, belə komitet ki, içində hələ desən bir neçə nəfər müsəlman da vardır! İndi o komitetlər qoymıyacaqlar ki, şəhərimizdə bahalıq olsun.

–Axı nə tövr qoymıyacaqlar?

–Bax, iş belə olacaqdır: məsələn, sən gedəcəksən bazara, istəyəcəksən bir şeyi alasan, dükançı sənə baha deyəcəkdir, sən onda gedib öz məhlə komitetinə şikayət edəcəksən: məhlə komiteti gedib dükançı ilə mübahisə edəcəkdir: axırda hərgah dükançı razı oldu-oldu: yox olmadı.

–O halda qorodovoy çağırılacaqdır və dükançıdan protokol bağlayıb, sonra işinə baxılacaqdır. Hərgah dükançı müqəssirsə, o halda ona tənbeh olunacaqdır.

–Yaxşı, mən gündə heç olmasa bir on kərə bazara yügürüb şey alıram. Aldığım şeylərin də hamısı baha olur. İndi mən nə edim, hər dəfə yügürüm komitetin üstünə?

–İstərsən yügür, istərsən yügürmə, o sənin hövsələnə bağlıdır!

–Yaxşı, fərz edək ki, mən bir sital adamam və hər dəfə komitet üstə yügürürəm, məgər bu komitet adamları o qədər bekardır ki, elə günüz axşama kimi durub gözləyəcəklər ki, görsünlər şikayətə gələn varmı?

–Ay canım, komitet, sırağagün əmələ gəlibdir, qoy bir neçə gün gözləyək görək nə tövr olur. Sonra genə işə baxarıq. Komitet hardan bekar olur ki, oraya seçilənlər hamısı qulluq adamlarıdır. Qulluq adamlarınında səhər saat 8-dən günorta saət 3-ə kimi qulluqları olur!

–Deməli, iş günortadan sonraya qalır?

–Qalır.

–Bəs nə tövr olsun?..... Sözün doğrusu .....

–Sözün doğrusu budur ki, sən çox səbrsiz adamsan, dünən komitet seçilib, hələ uyuşmamış qatıqdır, indi sən istiyorsan ki, bu gün ucuzluq olsun?

–Yaxşı indi götürək işin bu tərəfini: yəni əsil bahalığı. Məsələn, mən əvvəllərdə Lapşın ispiçkəsinə bir köpük verirdim, indi ikisini bir şahıya verirlər, komitet buna nə edəcəkdir.

–Heç nə! Çünki o fabrikadan gələn şeydir.

–Tütünün, tənbəkinin bir çetverkəsi əvvəllərdə 14 köpük idi. İndi altı şahı olubdur. Ona bəs komitet nə edər?

–Ona da heçnə. Çünki o da fabrik işidir.

–Adekolonun bir şişəsi əvvəllərdə doqsan köpük idi, amma indi manat yarımdan da çoxdur. Buna nə edər?

–Əşi sən elə şey götürürsən ki, iş onsuzda keçə bilər! Bu zamanlarda adekolon sənə nə gərəkdir, sən zəruriyatdan danış!

–Yaxşı, zəruriyatdan da danışaram. Çörək ki, zəruriyatdır?

–Zəruriyyatdır!

–Əla çörəgin girvənkəsi əvvəlcə bir şahı idi, indi altı köpük yarım olubdur, buna komitet nə edə bilər?

–Buna da heçnə, çünki o qiyməti uprava özü qoyubdur.

–Di bəs bu komitet hansı bahalıq ilə dava edəcəkdir?!

–Sən bir az səbr elə, onda görərsən!

–Yaxşı səbr elərəm. İndi bu tərəfi götürək. Diyorsan ki, o komitəyə seçilənlər hamısı qulluq adamıdır. Bəs bu alverçilərin, mülkdarların özləri yeyib içmiyorlar, geyinmiyorlar, bahalıq çəkmiyorlarmı?

–Əşi mən görürəm ki, sən çox fuzulsan! Gəl bu söhbəti qoyaq qalsın sonraya, bir də aşkardır ki, bu işdən nə sənin başın çıxır, nə də mənim!!

Filankəs

“Yeni İqbal”, 28 oktyabr 1915, ¹ 153

Üzeyir HACIBƏYLİ

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2010.- 18 sentyabr.- S.20-21.