Yusif müəllim, Məmmədəli,
Məhəmməd, Tofiq... və Əhəd
Yusif Seyidov mənə dərs
deməyib, ancaq onu öz müəllimlərimdən biri hesab
edirəm. Hər şeydən əvvəl ona görə
ki, qrammatikanın bir sıra məsələlərini,
xüsusilə söz birləşmələri sahəsini onun
ümumtürkoloji miqyaslı araşdırmalarından öyrənmişəm...
İkincisi, mənim opponentim olub, ilk elmi işlərimə
xeyirxahlıqla yanaşıb. Sonralar da bu
xeyirxahlığını heç zaman əsirgəməyib...
Və üçüncüsü, Yusif müəllimlə mənim
aramda həmişə elə böyük səmimiyyət olub
ki, onun düşündüyünü mən, mənim də
düşündüyümü o, bir kəlmədən
anlamışıq, uzun söhbətə, nəyisə
geniş izah etməyə ehtiyac olmayıb...
Mən dekan olanda hərdən
Yusif müəllimin maraqlı təklifləri olardı. Özü
də bilərdi ki, onları həyata keçirmək nə
onun, nə də mənim imkanım daxilindədir. Təəccüblə
baxdığımı görüb gülər, sonra da əlavə
edərdi: “bəs onda necə eləyək?” Deyirdim ki,
Yusif müəllim, gözləyək. Deyirdi: “Nə vaxta qədər?..”
“Köhnə kişi”lərdən
olduğuna görə Universitetdə həmişə hamı
onu tanıyıb, hörmət edib, məclislərdə
başda əyləşib. Və indi də belədir.
Çox şadam ki, özünün çoxcildliyini tərtib
etməyi, elmi redaktorluğunu mənə etibar etdi. Ancaq bu
işdə də “kiçik” bir xəta çıxdı.
Qırx- əlli il bundan əvvəl yazdığı məqaləsinə
elə bir “cümlə”- çıxarış əlavə elədi
ki, böyük bir qanqaraçılığı
çıxdı... Yusif müəllimin xətrinə gərək
dəyməyəsən, təsadüfən dəymisənsə,
gərək peşimanlığını hiss edə,
günahından keçə, yoxsa iyirmi- otuz ildən sonraya
qalsa da, əlindən bir xata çıxacaq. Çünki o nə
qədər böyük alim olsa da, həm də çox
böyük bir ürək adamıdır.
Yusif müəllim məhsuldar
işləyən, oxuyub yazan, yalnız dilçilik sahəsində
yox, ədəbiyyatşünaslıq, siyasətlə
bağlı maraqlı fikirlər irəli sürən enerjili
bir tədqiqatçıdır.
Və
görünür, elə bu enerji çoxluğunun nəticəsidir
ki, onun qarşısıalınmaz bir xüsusiyyəti də
var: Universitetdə hansısa kafedranın, müəllimin,
heç olmasa, bir laborantın fəaliyyətini yoxlamaq
(özü də əsaslı şəkildə!) həvəsini
heç zaman gizlədə bilmir. Ona belə bir iş
tapşırılanda xüsusi hazırlaşır, elə bir
yoxlama aparır ki, “obyekt” tamamilə tərk- silah olur. Və mənim
bildiyimə görə, Yusif müəllim yeganə professordur
ki, əgər Bakıdadırsa, dərs oldu- olmadı, hər
gün Universitetə gəlir, gedəndə isə rastına
çıxan, kiminsə səhlənkarlığı
ucbatından auditoriyalarda, dəhlizlərdə yanılı
qalmış lampaları da söndürür ki, bütün
həyatını bağışladığı bu müəssisəyə
ziyan dəyməsin. Həyatdan ləzzət almağı
bacaran, bu yaşında da məclislərə yaraşıq
verən Yusif Seyidov incə zarafatlardan da qaçan deyil. Hətta
bu zarafat onun özünə yönəlsə belə...
Danışır ki, bir dəfə bərk xəstələndim.
Kafedradakı müəllimlərdən biri
canıyananlıqla mənə dedi ki, Yusif müəllim, bizim
bir tanış da bu xəstəliyə tutulmuşdu, həmişə
filan dərmandan içirdi. Mən də soruşdum ki, nəticəsi
necə oldu? Dedi:
“Öldü”... Dedim: “Daha o dərmanın
nə xeyri oldu ki?” ...Bir dəfə də Gəncədə
gecə gözəl bir bağda gəzişə-gəzişə
söhbət edirdik. Vasim Məmmədəliyev, Yusif Seyidov,
Tofiq Hacıyev, bir də mən. Söhbətin axırı, həmişə
olduğu kimi, gəlib çıxdı lətifə danışmağa.
Əvvəl bir az ədəblilərini
danışırdıq. Bu məqamda mənim bir ziyalı, ədəbiyyat
həvəskarı kəndçim də gəlib bizə
qoşuldu. Gəncədə yaşayırdı, eşidib gəlmişdi.
Böyük alimlərlə tanış olmağından fəxr
duyur, getmək istəmirdi. Tədricən lətifələrin
ədəb səviyyəsi aşağı düşməyə
başladı. Mən də həvəslənib bir-iki biədəb
(ancaq mənalı!) lətifə danışdım.
Gülüşdülər. Tofiq müəllim də istədi
ki, belə bir şey desin, ancaq kənar adamın olduğunu
xatırlayıb söhbəti dayandırdı. Yusif müəllim
mənim bayaq həddimi aşmağıma işarə edib
gülə-gülə:
– Tofiq, danış, heç nə
olmaz, Nizaminin kəndçisidir,- dedi. Və o qədər zərif
dedi ki, hamıdan qabaq özüm uğunub getdim.
Belə bir sözü
ancaq yüksək dil duyumu olan bir insan deyə bilərdi... Universitetdə
böyük nüfuzu olan bu alimi, eşitdiyimə görə,
yerliçilik, ya da başqa bir zəmində müəyyən
intriqalara qoşmaq istəsələr də,
alınmırmış; çünki işin lap həlledici
məqamında onun heç nəyə güzəştə
getməyən humanizmi, içdən gələn obyektivliyi hər
şeyi vurub dağıdır, camaatın “zəhmət”i hədər
gedirmiş.
Yusif müəllimin elmi səviyyəsi
heç zaman mübahisə obyekti olmayıb, ancaq xarakterinə
gələndə ziddiyyətli fikirlər söylənir:
“liberaldır” deyənlər də var. “yox, prinsipialdır” deyənlər
də... Mənə isə elə gəlir ki, onda bu cəhətlərin
hər ikisi mövcuddur: o məsələ ki, vacib deyil, Yusif
müəllim liberallıq eləyir, o məsələ ki,
vacibdir, bircə addım geri çəkilə bilər, ikinci
addım mümkün deyil.
Filologiya fakültəsində
illər boyu dekanlıq uğrunda mübarizə getmişdi. Niyə?
Ona görə ki, qəbul imtahanı var idi... Və yazı
imtahanına düşən fəal müəllimlər
özləri ilə bir neçə rəngdə qələm
götürürdülər ki, tapşırılan
uşaqların səhvlərini qaydaya salsınlar.
İmtahanların getdiyi təxminən bir aylıq müddətdə
Universitetin həyətində kimi istəsən görə
bilərdin, su satandan fala baxana qədər.
Elə müəllimlər də
olurdu ki, yüksək qiymət yazılmalı olan işi
oxumurdular, “beş”dən, “dörd”dən yazıb
atırdılar o tərəfə. Və “yuxarı”dan göstəriş
olanda kimsə gəlib o yazını yoxlayanda turp əyri
bitirdi... Ona görə də rektor tez- tez deyirmiş ki,
yazı imtahanına savadlı müəllimləri salın.
Bu bir də ona görə lazım imiş ki,
tapşırılan uşağa yazdığı mövzudan
bir- iki kəlmə diqtə eləyə bilsinlər.
Görkəmli
professorlardan biri tamamilə yad bir uşağı
dayısı nəvəsi adı ilə qəbul etdirmək
istəyirmiş. Qəbula düşən müəllimlər
bilirlər ki, belə deyil. Uşağa qiymət yazandan sonra həmin
görkəmli professor təşəkkür eləməyə
gəlir. Təsadüfən oradan keçən abituriyentlərdən
birini göstərib deyirlər ki, uşaq budur. Professor
şübhə yaratmamaq üçün tanımadığı
uşağa diqqətlə baxıb:
– Ə, gözləri necə də
dayımın gözlərinə oxşayır,- deyir. “Gözləri
dayısının gözlərinə oxşayan” uşaqlar
bizimlə də oxuyurdular... Sonra da oxudular... Və mənim
dekan olduğum illərdə də oxuyurdular. İnanmıram
ki, hələ neçə illər oxuyub qurtara bilsinlər.
Nə mənə, nə
də Universitetin dilçi müəllimləri
sırasına bir yerdə daxil olduğumuz Məmmədəliyə,
Məhəmmədə, Tofiqə qəbul imtahanına
düşmək qismət olmadı, ancaq Əhəd bu
işin ləzzətini, deyəsən, aldı... ...Aspirant
vaxtı yataqxanada bir qaldığımız dostum Məmmədəli
Novruzov (onda hələ Qıpçaq deyildi) mənim dekan
seçkimdə qabağa düşmüşdü. Tək o
yox, Məhəmməd Məmmədov da, Tofiq Müzəffəroğlu
da... Ancaq Məmmədəli bu məsələ ilə
“strateji səviyyədə” məşğul olur, hərdən
mənasız bir adamı tutub gətirirdi ki, üç
gündür bununla məşğulam, sənə səs verəcək.
Deyirdim, Məmmədəli, bu adamdan mənim xoşum gəlmir.
Hirslənirdi ki, ə, guya mənim xoşum gəlir, qoy öz
tərəfimizə çəkək, səs versin... Tez- tez də
deyirdi ki, Nizami, bax, birdən elə bilərsən dekan
seçiləndə səndən vəzifə istəyəcəm,
mənə lazım deyil. Mən qeyri-rəsmi məsləhətçi
olacam, aha!.. Və əllərini əllərinə
sürtüb bu “aha!..”sını bir daha təkrar edirdi. Mən
Məmmədəlini həmişə çox istəmişəm,
özünü “vunderkind” sayan vaxtlarda da, tamamilə təvazökar
vaxtlarında da... On-on beş ciddi məqaləsi çap
olunmuşdu, hələ də laborant idi, namizədliyini də
çox gec müdafiə elədi...
Mən “Yeni Turan”ın
baş redaktoru olanda Məmmədəlini də işə
götürdüm. Bir dəfə maaş paylananda dedi ki,
Naxçıvandan qohumlarım gəlib, mənim gələn
ayımın maaşını da indi ver. Verdik. Gələn ay
maaş gələndə Məmmədəli hamıdan qabaq gəldi...
Dedik ki, Məmmədəli, sən maaşını keçən
ay almısan. Dedi, ə, siz nə danışırsız?..
Bir ay əvvəl də adama maaş verərlər. Mən Cəhriliyəm,
məhkəməyə verəcəm; baxmasalar, BMT- yə
yazacam. Mənim pulumu verin...
Və aldı. “Yeni Turan”a bir- iki elə
məqalə yazmışdı ki, həmin məqalələrə
görə maaş ərəfəsində qəzeti
bağladılar. Bundan xəbərsiz gəlib yenə məvacibini
istəyəndə hamımız gülüşdük. Məsələni
biləndə özü də güldü. Mən dekan olanda
ilk məsləhətlərindən biri o oldu ki, “filan müəllim
uşaqları incidir, elə bir savadı da yoxdur; eşitdiyimə
görə, xırda alverlə məşğuldur. Qoy dəqiqləşdirim,
sənə imzasız bir şikayət məktubu yazacam,
çağır onu danla, özünə yağışsın”...
Həmin müəllimi mən də tanıyırdım,
bilirdim ki, məzmunsuz adamdır. Dedim, dəqiqləşdir
görək nə məsələdir. Bir- iki gündən
sonra gəldi ki. hər şey aydındır. Hardansa iki
yüz- üç yüz litr tut arağı gətizdirib
satmaq istəyir, ona- buna təklif edir...
Dedim, a kişi, adam da tut arağını satarmı?..
Dedi, elə bədbəxtdi da!.. Heç nisyə də
vermir... Bir az fikirləşəndən sonra dedim ki, Məmmədəli,
tək araq söhbəti olsa, maraqlı olmaz, sən yazarsan ki,
həm də İran darağı satır... Məmmədəli
təəccüblə mənə baxanda əlavə elədim
ki, biz Astarada “zbor”da olanda “sovtransavto” şoferləri
İrandan xırdavat gətirib camaata ucuz qiymətə
satırdılar, o cümlədən də ətirli daraqlar...
Ona “İran darağı” deyirdik. Məmmədəli uğunub
getdi...Bilirdim ki, şikayət məktubu- filan yazası deyil;
yazsaydı, doktorluğunu yazardı. Heç bir gün çəkmədi,
“obyekt” çox həyəcanlı şəkildə mənə
yaxınlaşıb dedi ki, sizinlə söhbətim var, ancaq təklikdə...
Özümü gülməkdən zorla saxlaya- saxlaya “buyur”
dedim, “nə məsələdir?..
” Dedi ki, sizə məndən
şikayət məktubu yazıblar, sizdən əvvəlki
dekana da yazmışdılar, yoxlayıb gördü ki, qəsd
işidir... Dedim, a kişi, narahat olma, oxuyub gördüm ki, mənasız
şeydir, atdım getdi. Cəsarətləndi...
“Yox, bu işə son qoymaq
lazımdır, məni provakasiya edirlər. Guya mən
İrandan daraq gətirirəm”- dedi. Dözmədim...
– Bəs araq necə?
Tut arağı. Susdu. Cəsarəti
(və savadı!) çatmadı desin ki, İran araq ixrac eləmir,
o da ola tut arağı... Bir neçə gün gəlib- getdi
ki, mənim nə qərar qəbul edəcəyimi müəyyənləşdirsin.
Axırda Məmmədəliyə dedim ki, sən allah, bu
işi qurtar, məni işdən- gücdən qoydu. Dedi:
– Hələ dayan, bu elə tərbiyəsiz
iş tutur ki, gərək cəzasını axıra qədər
çəksin. İndicə onu görüb başa saldım
ki, şikayət məktubu iki nüsxə olub; biri
dekandadır, biri rektorda...
Dekan belə işlərə ciddi
baxan deyil, ancaq sabah rektorluq onu məcbur edə bilər. Sən
get kitabxanaçılıq fakültəsinin dekanından da
bir arayış al ki, oradakı dərslərini həmişə
vaxtı vaxtında demisən. Doğrudan da, bir az
keçmişdi ki, katabxanaçılığın dekanı
dostum Xəlil İsmayılov mənə zəng elədi.
– Nizami, sizin bir müəllim
mənim yanıma gəlib arayış istəyirdi. Başa
düşmədim. Nə arayışdı? Gülmək məni
tutdu. Uzun sözün qısası, Məmmədəlini
tapıb dedim ki, ayə, bu işi qurtar, o, onsuz da düzələn
deyil.
...Məmmədəli
Qıpçaq artıq xeyli vaxtdır ki, elmlər doktoru,
professordur, istedadlı türkoloqdur. Onun bir söhbətini də
xatırlayıram; danışır ki, tələbə
vaxtı bir dəfə Universitetin dəhlizində siqaret
çıxartdım ki, çəkəm. Baxdım,
spiçkam qurtarıb. Gördüm ki, o başda yaşlı
bir adam siqaret çəkir. Qaça- qaça gəldim
yanına, əlimdəki siqareti damağıma qoyub dedim:
– Olar? İnsanıq da. Siqaretini
ağzından çıxarıb tutmalı idi ki, mən də
yandırım... Gözləmədiyim halda dedi:
– Olmaz.
– Niyə?
– Çünki sən tələbəsən,
mən müəlliməm. Kor- peşiman geri qayıdıb
spiçka axtarmağa gedəndə kənardan bizi seyr edən
tələbə yoldaşım qarşımı kəsib
soruşdu:
– Həsən Şirəliyev sənin
qohumundu?
– Yoox.
– Bə nə şirin- şirin
söhbət edirdiniz? Dönüb Həsən Şirəliyevə
baxdım, o Həsən Şirəliyevə ki, nəinki tələbələr,
müəllimlər də ondan tük salırdılar. Necə
qaçdığımı bilmirəm, onda gördüm ki, dəhlizin
o bir başındayam.
...Keçən əsrin 90-
cı illərində Universitetdə Azərbaycan
dilçiliyinə yeni nəsil gəlirdi. Onlar, əsasən, Əlövsət
Abdullayevin, Yusif Seyidovun, Fərhad Zeynalovun, Tofiq Hacıyevin tələbələri
idilər: Məmmədəli Novruzov, Məhəmməd Məmmədov,
Tofiq Müzəffəroğlu (Hacıyev), mən... Və Əhəd
Cavadov... ...Bir az ağır vaxt idi. Siyasi təxribatlar gözlənirdi.
Ona görə də hər bir fakültədə
bütün sutka boyu növbəçilik təşkil
olunmuşdu. Ən ağırı gecə növbəçiliyi
idi. Saat 12- dən 8- ə qədər. Məmmədəli belə
məsləhət elədi ki, gecə növbəçiliyinin
birinə də Əhəd Cavadovu nəzərdə tutaq. Hiss
etdim ki, burada nə isə xatalı iş var, yoxsa Məmmədəli
boş- boşuna belə müdrik təklif eləməzdi. Əhəd
cədvəllə tanış olanda yüz cür bəhanə
gətirdi, işin axırına çıxmaq
üçün mən də “cədvəl dəyişə
bilməz” dedim. Axırda Əhəd çox qəribə bir
xahiş elədi:
– Olarmı səhər saat 8- dən
gəlib gecə saat 12- yə qədər durum?.. Dedim:
–Baxarıq... Məmmədəli bunu
eşidib gəldi. Gördüm gülür.
– Nədi?
– Bə sən bilmirsən, Əhəd
gecə qorxur. Sən allah, bir az da məcbur elə, gecə
qalsın, hələ görək nə olur. Dedim Məmmədəli,
bir- iki istedadlı dilçi yetişir, onları da dəli eləyib
çöllərə sala bilmərik. Get işinlə məşğul
ol... Əhəd dərslər qurtarandan sonra kafedrada orta məktəb
şagirdlərini Azərbaycan dilindən qəbula
hazırlaşdırırdı. Bir dəfə nə isə
lazım oldu, kafedranın qapısını açıb
içəri girəndə gördüm ki, Əhəd müəllim
elektrik peçinin üstünə qoyduğu qazanı
qarışdıra- qarışdıra, başını da
qaldırmadan, soruşur:
– Qrammatik hallar hansıdır, məkani-qrammatik
hallar hansıdır? Buğlanan qazandan otağa yayılan ləzzətli
yemək ətri isə uşaqları elə hala salıb ki, əliflərini
yanılıblar. Başını qaldıranda dedim: – Əhəd
müəllim, bu şəraitdə o suala cavab vermək mənim
üçün də çox çətindir.
– Neynəyim,- dedi- Allah köməyin
olsun, səhərdən dilimə bir şey dəyməyib.
...Mən uşaqların məktəbdənkənar
hazırlaşdırılmasının əleyhinə deyiləm.
Ancaq üç ilə- beş ilə öyrənilməsi nəzərdə
tutulan proqramı bir ildə öyrətmək böyük
psixoloji- intellektual təzyiqdir ki, hətta Universitetlərə
qəbul olduqdan sonra bu, özünü hiss etdirir; tələbə
məlumatı biliyə çevirməkdə, müstəqil
mühakimə yürütməkdə çətinlik çəkir...
Ancaq bu söhbətin Əhəd müəllimə heç
bir aidliyi yoxdur. Və Əhədi, Tofiqi, Məhəmmədi,
Məmmədəlini niyə çox istəyirəm?
Çünki onlar yalnız valideynlərinin deyil, böyük
müəllimlərinin (və dilçilik elminin) də
övladları ola bildilər.
Nizami CƏFƏROV
525-ci qəzet.- 2010.- 18 sentyabr.- S.30.