Səhnə sənətimiz dəyərli
rejissor İrina
Perlovanı itirib
Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib. Dövlət Gənc Tamaşaçılar teatrının quruluşçu rejissoru, xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova uzun sürən xəstəlikdən sonra 14 sentyabr 2010-cu ildə dünyasını dəyişib. 1962-ci ildə Minsk İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən İ.A.Perlova ilk yaradıcılıq fəaliyyətinə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrında başlayıb. Bu teatrın səhnəsində Sara (A.P.Çexov “İvanov”), Soniçka Marmeladovna (Dostoyevski “Cinayət və cəza”), Nastya və Nadejda Monaxova (M.Qorki “Həyatın dibində” və “Varvarlar”), Lal Katrin (B.Brext “Kuraj ana”), Elmira (J.B.Molyer “Tartuf”), Blanş Dyubua (T.Uilyams “Arzular Tramvayı”), Yelena (Ostrovski “Beluginin evlənməsi”), Elektra (P.Dyurko “Məhəbbətim mənim Elektra”) və başqa obrazlara maraqlı səhnə həyatı bəxş edib. 1991-ci ildə Bakı Kamera Teatrı fəaliyyətə başlayanda rejissor kimi dünya klassikasından 20 tamaşaya quruluş verən İ.Perlova Moskvada, Rusiyada və İranda keçirilən Beynəlxalq Teatr Festivallarında diplomlar və qızıl medallar alıb. Azərbaycan milli teatr sənəti sahəsindəki xidmətlərinə görə İ.A.Perlova 1981-ci ildə əməkdar artist, 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildən isə Prezident təqaüdçüsü idi. Son illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi yaradıcılığını davam etdirən sənətçinin dünya klassiklərinin ən qüdrətli nümunəsi sayılan V.Şekspirin “Otello”, Y.Şvarts “İfritənin kələyi” tamaşaları teatrın repertuarına daxil edilib və uğurla oynanılır. İ.A.Perlovanın xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.
525-ci qəzet.- 2010.- 18 sentyabr.- S.18.