UNUTMAĞA KİMSƏ YOX...

 

Əvvəli ötən şənbə saylarımızda

 

– Bax, budu! – Bəhram kişi boylanıb yazını gözü ilə aradı, onu F.Q.-yə özü divar-divar göstərməyə başladı:

– Amma əl vurma, eləcə bax. Allah bilir, bunların arxasında nə durur?! Sən, sən bunu açmalısan. Ürəyimə damıb, – bu adam sən olacaqsan. Gəlib-gedənlər nələr söyləmədilər, nələr demədilər... xalqın tarixi, ölkənin qədim dövrü, nə bilim, nələr, nələr, daha nələr... Amma... oxuya bilmədilər. Çox əlləşdilər, oxuya bilmədilər. Hm. Gör mən kimə nə deyirəm?! Bunları sən məndən qat-qat yaxşı bilirsən... Qaranlığa gözün alışdımı? Qorxmursan? Qorxma.

O qorxmurdu. Bəhram kişinin son kəskin hərəkəti və sözləri qəribəsinə gəlsə də bu xırda məsələyə daha diqqət vermədi, çünki Çiçəkli yazının səssiz gözəlliyi onu artıq ovsunlamışdı. F.Q. yerindəcə hərəkətsiz idi, gözlərini qıyıb divardan divara baxdıqca baxdığı bu xalça ilməsi qədər incə, zərif işarətlərdən (çiçək ləçəklərindən) gözlərini heç cür ayıra bilmirdi. “Necə oldu yadımdan çıxardım, hökmən fotoaparatı bura gətirmək lazım idi. Heç inanmıram ki, yazının üzünü köçürənlər (Cəfər müəllim!) bu naxışların əyrintilərini əsas şaxəyə nisbətdə düzgün tənasüblə verə biliblər. Çətin...”

Bir daha yadına salıb təsəvvüründə Çiçəkli yazının ilk surətini canlandırdı. Rəhmətlik Cəfər müəllimin üzünü çəkdiyi solğun surət hara, bu sənə baxıb az qala danışan canlı naxışlar hara?! “Mən buyam, nəyəm buyam, gəl məni oxu, gir, gir mənim çiçək dolu qəlbimə, əlbəttə, var mənim qəlbim, öyrən, öyrən mənim çiçəkli sirrimi, ağıllı olsan, mən öz sirrimi sənə açaram, sən heyran olacaqsan...”

F.Q.-ni qəribə bir qorxu hissi bürüdü. Uzaqdan-uzağa “belə oxuyaram, elə çözərəm” demək çox asan imiş... Hətta o qədər samballı, heybətli alimlərin, dostların və bədxahların qarşısında, kinli-kinsiz baxışların projektorunda çıxış eləmək, odlu-alovlu və inandırıcı dəlillər gətirmək, Professorun pişik kimi mülayim baxışlarından ilham alaraq, Aslanzadənin dərindən dərinə nüfuz edən qartal baxışına tab gətirmək, hücuma keçmək, müdafiəyə çəkilmək... sən demə, çox, özü də lap çox asanmış. Qat-qat çətini isə bu zərif “çiçəklərin” qarşısında durub onların mağaradan bayırdakı möhtəşəm Ahənglə əlaqəsini duymaq, öz ayağı ilə mağaranın içinəcən gəlib bu çiçək ləçəklərinə sığınmış (və yığılmış!) möhtəşəm Ahəngin az qala hənirtisini bütün varlığınla hiss eləmək idi. Hadisələrin üfüqündə onun anlaya bilmədiyi, amma fəhmlə duyduğu çatışmaz həlqə elə bu yazı idi, bu yazı ora (hadisələrin üfüqünə) qədər gedib çıxa bilmirdi, mağaranın divarlarına ilişib dolaşa-dolaşa qalmışdı, hardan başlayırdı, orda da bitirdi (labirint, labirint!!). O isə bu çözümü açmalı, bu çiçəkli sirri hamıya, hamıya əyan eləməliydi. F.Q. həyatında ilk dəfə idi ki, girdiyi bu qaranlıq mağarada özünü möhtəşəm Ahəngin bir həlqəsi kimi hiss etdi.

 

lll

 

“Bu günlük bəsdi, sabah bura hökmən fotoaparatla gəlmək lazımdır” – F.Q. Bəhram kişinin “çıxaqmı eşiyə?” sualına cavab vermədi, (heyi qalmamışdı, hələ də təsirliydi) dönüb onun arxasınca mağaradan sakitcə (eynən quzu kimi) o da çıxdı. İşıqlı dünya varmış. Gün işığı qəfildən birbaşa gözünə girdi, əlinin dalı ilə bu işıqdan qorunmaq istədi, səndələyən kimi oldu. Bəhram kişi F.Q.-nin qolundan bərk-bərk yapışdı. “Bir şey yoxdu, ilk dəfə girdin zülmət mağaraya, ondandı”.

– İstəyirsən, bir oturub nəfəsimizi dərək?! – Bəhram kişi, mağara ilə üzbəüzdəki quzğun dimdiyinin sağ kənarındakı yastı böyük daşa çomağı ilə işarə etdi. “İstəyirəm”. Orda oturub ləzzətlə üzüaşağını seyr etməkdən gözəl nə ola bilərdi?

Yenə dinməz-söyləməz əvvəlcə Bəhram kişinin oturmasını gözləyib o biri tərəfdən daşın üstünə F.Q. də oturdu. Bəhram kişi atasından qalma zoğal çomağını əlləri arasına aldı, çomağın əyri başına alnını əyib dayadı. Səsinə balaca təntənə verdi:

– Hə, balası... bu da sənin bu yerlərə gəlib çıxmağının baiskarı, bu da Çiçəkli yazı... Hə deyirsən? Əzəmətlidimi, əzəmətlidi. Elə mən özüm də birinci dəfə görəndə çaşıb qalmışdım.

F.Q.-nin səsi isə xeyli “prozaik” (adi) idi.

– Bəhram dayı, sən mağaranı tapanda içində nə var idi, nə yox idi, diqqətini çəkən nəsə... yadında qalmayıb? Ola bilər, bəlkə balta tiyəsi, naxış yeri açan ucu biz... zubuldu, nədi ondan...

Bəhram kişi hiss elədi ki, təmtərağın yeri və vaxtı deyil, odur ki, F.Q.-nin işgüzar sualına çalışdı işgüzar tərzdə cavab versin:

– Yox, gözümə sən deyən bir şey dəymədi. Əvvəl-əvvəl içəri zülmət qaranlıq idi. Heç nə görəmmədim, yazı nədi?! Adi mağaradı, dedim, Vəngdə yüz beləsi var... İkinci gün amma, yenə nəsə çəkib məni bura gətirdi. Bu dəfə kol-kosu bacardığım qədər təmizlədim, mağaranın ağzı beləcə açıldı, içərisi bir azca işıqlandı. Yoxsa birinci dəfə içəri girən kimi bu süngür ağacları, cındırış kolları, zəhrimara qalsın, arxamca qapı kimi təzədən bağlanmamışdımı, Bozlar olmasaydı yanımda, mağaranın ağzını çətin tapardım. Sənə bir sirr açım.

– Yenə sirr?! Aç.

– Bu sirr balaca bir sirdi. Əslində mağaranı mən yox, Bozlar tapıb. İnanmırsan?

– Niyə ki? İnanıram. “Bunun məsələyə bir dəxli var?” Bozlar bəyəm sənsiz girmişdi ora? – F.Q.-nin ağlından belə bir sual keçdi: orda nə ola bilərdi ki, bu nəhəng köpək bir insan oğlu mağaranın içinə girənədək onu məhv eləsin?! Heç bir şey! Bozlar ki, dəmir parçasını, çəkici (əgər qalmışdısa) götürüb aradan çıxarmayacaqdı ki?!

– Bircə Bozların dili olsaydı... – F.Q. bunun belə olmadığına, deyəsən, doğrudan-doğruya təəssüf etdi.

Bəhram kişinin xətrinəmi dəydi, amma üstün vurmadı, başını aşağı əydi. Çomağı ilə yerə çəkdiyi çızıqlara baxmağa başladı:

– Hə, elədi. Amma dili var kimidi.

Bozlar mağaranın elə içindən, duyuq düşdü ki, bayırdakılar ondan danışırlar, mağaranın lal-dinməzliyi yenə pozuldu, oradan yerlə sürünən, bir-birinə dolaşan zəncir səsi gəldi, köpək yenə sağa-sola, ora-bura gəzişməyə başlamışdı.

– Bəlkə acdı? – F.Q. sual dolu gözlərini Bəhram kişinin üzünə dikdi.

– Yox, zəncirini boşaltmışam, suyu da qabağındadı, yeməyi də. Bir də səhər gətirəcəyəm. Bu gün sabah-sabah qalxmışdım mən bura. Sən yatırdın...

“Hə, elədi, mən hələ yatan zaman gəlib”.

– Sən yatırdın, tez qalxdım, endim. Balası, yazını nə qayırassan, necə oxuyassan? – Bəhram kişinin səsində bir ümid vardı.

– Onu kim bilə bilər? “Allahdan başqa!”

Bəhram kişi ümidli və diqqətli bir baxış ilə onu süzdü:

– Hə, Allahdan başqa heç kim bilməz. Amma, bax, səninlə şərt kəsdik. Əlini naxışlara vurmayacaqsan, lazımın olanda... mənə de, mən özüm sən istəyən naxışın surətini sənin üçün çıxarım.

F.Q. başını buladı, sözü dəyişdi:

– Bəhram dayı, biz bura elə-belə gəlməklə düz eləmədik. Mən gərək fotoaparatımı özümlə götürəydim, lampadan, fənərdən nəsə gərək yanımızda olaydı... “Niyə axı mən əlimi naxışa vura bilmərəm, niyə?!”

– Sabah, balası, sabah gətirrik. Sən nə zaman başlayırsan işə? “Belə lazımdı, balası. Sonra, sonra istəsən mən bu sirri də sənə açaram”.

Bu sual səslənəndə F.Q. düşüncəli və Bəhram kişiyə elə gəldi ki, bir qədər də qüssəli gözlərini uzaqda kənd içində axtarıb tapdığı Kəhrizli körpüyə dikmişdi, ondan ayırıb dodağında gizli bir təbəssüm üzünü Bəhram kişiyə tutdu. Bəhram kişi sualını təkrar elədi:

– Nə zaman işə başlayırsan, balası?

– Mən artıq işə başlamışam, Bəhram dayı, – F.Q. ciddi tərzdə, bir qədər də mənalı-mənalı cavab verdi.

Bu cavab Bəhram kişinin xoşuna gəldi. “Bu oxuyacaq. İnşallah, bu oxuyacaq...”

– Eyləysə, sənə bir şey də deyim, bəlkə ağlın nəsə kəsdi.

F.Q (“yenə sirr??”) qaşlarını çatıb diqqətlə Bəhram kişini dinləməyə hazırlaşdı:

– Buyur.

– Balası, mən bura ilk dəfə qədəm basanda, o zülmət qaranlığın içində birdən ürəyimə damdı ki, mağaraya ilk girən kişi mən deyiləm. Bura bir dəfə artıq giriblər. Mağara məsum deyil. Hətta “çiçəkli” adını da yazıya bəlkə o zaman veriblər...

– Bəhram dayı, bəs yazını yazan?..

Bəhram kişi nəfəs dərdi, F.Q.-nin sual dolu baxışını, əlbəttə, anladı:

– Düz deyirsən, yazını divara nəqş edən var. Amma mən onu demirəm. O, əlbəttə, öz yerində. Nə zamansa, özü də yaxın zamanda yox, çoxdan, lap çoxdan mağarada kimsə bir başqa adam olub. Mağaraya giriblər.

– Nəyə görə belə düşünürsən? – F.Q. soruşdu. – Nəsə vardı içəridə? Amma yox, deyirsən, heç nə mağarada yox idi. Kiminsə burda olmağının əlaməti bəs nədir?

– Bilmirəm. Mən belə hiss elədim. – Bəhram kişi cavab verdi. – İstəyirsən, bu söhbəti axşam davam edək? Yox, əgər...

– Yox, yox, çox maraqlıdı. Elə indi danışaq. Bu saat hər şeyin mənim üçün çox vacib mənası var. Nədi demək istədiyin, Bəhram dayı, söylə. – F.Q., elə bil, dirçəldi, gözünü uzaqlardan çəkib xüsusi bir maraqla Bəhram dayısını dinləməyə hazırlaşdı.

– Bir şey deyil. Yəni, deyirəm, deyəcəyim elə bir şey yoxdu. – Bəhram kişiyə qəribə gəldi və o təəssüf etdi ki, F.Q. onun dediyində (əslində, demədiyində!) nə isə bir gizli məna axtarır.

F.Q.-nin isə, həqiqətən, “tərs damarı” tutmuşdu, hökmən Bəhram kişinin söhbətini (“axşama niyə saxlayaq, indi niyə eləməyək?”) ondan elə indicə çıxarmaq istəyirdi.

“Tərsdi. İndi mən buna necə deyim ki, özüm də bilmirəm, niyə belə bir fikir gəldi girdi ağlıma?! Mağarada bunu mənə eləcənə pıçıldadılar. Bəlkə mağaranın ruhu pıçıldadı?! Hardan bilim?!”

– Bəhram dayı!..

Bəhram kişi isə artıq dediyinə peşman olmuşdu:

– İnanırsan, özüm də bilmirəm, nə üçün, necə oldu bunu hiss elədim?! – dedi.

– Bir səbəbi olmamış deyil. – F.Q. dilucu bunu dedi, başını döndərib (“ciddi bir şey deyil”) yenidən Kəhrizli körpünü gözlərilə axtarıb tapdı, sonra sovetliyin binasını tapdı, Mübariz kişi artıq gözə dəymirdi, bir ikiqat olmuş arvad (Tükəz qarı idi) sovetliyin balaca həyətini süpürgə çəkib süpürürdü, aha, bu da onun “ala-bulası”, ceyran kimi dayanıb sovetliyin qapısında, ay səni... “rəngi, rəngi bu maşının müsibətdi...” Yenə fikri başqa səmtə dağıldı, Afaq gəlib girmədimi beyninə, gəlib girdi. Mağaranı da, Quzğun dimdiyinin üstündə onunla yanaşı daş üstündə oturmuş, fikirli-fikirli əlindəki çomağı ilə daşın ətrafında nəsə cızmağa çalışan, beynindəkini bəzən bərk-bərk ondan gizlədən (“yoxsa ki, bu da söz – sən əlini naxışa vurma, niyə, nə üçün – dünya dağılar?!.”) Bəhram kişini də, zəncir səsinə qarışmış zəhlə tökən mırıltısı heç cür mağaranın içində kəsilmək bilməyən Bozları da unutdu. Gözünün qabağında idilər, amma həm də deyildilər. Ancaq Afaq! Bir də Afaqın ifritə anası. Bir böyük tikənli kol olub (elə bu cındırış kolu kimi, süngür ağacı kimi Bəhram dayı ona hərdən süngür kolu deyirdi) bitib onların arasında bu arvad bütün fikri ilə, bütün hərəkətləri ilə ancaq və ancaq ara vurmaqla, onları bir-birindən ayırmaqla məşğuldur.

– Mən özüm də bilmirəm ki, niyə bu mağaraya ilk dəfə girəndə belə bir hiss girdi mənim qəlbimə, inanırsan, balası, bilmirəm. – Başındakı araxçını nə üçünsə başından götürüb əlində o üz, bu üzə hərləyə-hərləyə Bəhram kişi dediyini dübarə təkrar edib qüssəli bir səslə ortalığa çökmək istəyən sükutu pozdu. Bəhram kişinin səsi bu dəfə bir az uzaqdan gəldi.

 

DÖRD YÜZ İL BUNDAN ƏVVƏL. VƏNG DAĞININ YAXINLIĞINDA OLAN, İNDİ İSƏ OLMAYAN BİR ŞƏHƏRDƏ

 

1657-ci ilin ağır qışı üç gün, üç gecə sakit-sakit, lopa-lopa yagan qar dənələrinin titrək çiyinlərində gəldi. Bu qar dənələrinin az qala yarısı yerə toxunmaqdan qorxur, təkrar gəldiyi yerə qayıtmaq üçün havada aşağı-yuxarı vurnuxurdu. Sıxasıx yastı dağların arasındakı çökəyə sığınmış bu balaca şəhərin dar, əyri küçələri ilə yol getmək axşama yaxın lap çətinləşdi. Həmən axşam (qarın yagdığı ikinci gün) bu dağ ətəyində salınmış balaca şəhərin ən mərkəz meydanı olan At meydanının həm özündə və həm də ona gətirən dörd yolun hər birində adamlar artıq gözə xeyli az dəyirdi, bir kölgə orda, iki qaraltı burda – yavaş-yavaş, səndirləyə-səndirləyə...

At meydanından Bazarbaşına aparan həmən dörd yoldan biri Zəncirli yol idi. Zəncirli yol da bütün ətraf kimi ağappaq qara bürünmüşdü. Bu yolla bir qədər əvvəl iki atlı keçib getmişdi, atların ayaq izləri əvvəl-əvvəl bir az qaraldı, amma sonra çox keçmədi, yenə ağappaq qarla örtüldü. Yolun hər iki yanında ətraf dağlara bənzəyən yastı-yapalağ evlərin damları hələ az-maz (amma gərək gözünü zillədəydin), seçilirdi, qara tüstüsünü atların agız-burnundan dalğa-dalğa çıxıb şaxtalı, amma bəyaz, buğlu nəfəs kimi ayazlı çölə buraxan damdabacalar hələ var gücləri ilə görünməklərində səy edirdilər ki, atlılar bir az daha irəlilədilər və sağ tərəfdəki az qala uçqun altda batıb qaralan balaca bir darvazanın yanında dalqabaq dayandılar. Atlar bərkdən fınxırıb başlarını yerə dikdi. Qara rəngdə olmasaydı, bu alçaq evi öz içində gizlədən həyətin taxta darvazası görünüb-görünməyəcəkdi, onu o bir olan Allah bilirdi. Bəndə bunu bilməzdi. “Allah, sən özün bizi bağışla, bağışla ki, adını çəkməyə özümüzdə hələ qüvvə tapırıq...”

“Allah, məni bağışla!” – Bu sözləri irəlidəki atın üstündə iki qat olmuş Əliqumral yüzbaşı astaca dilinə gətirdi. O, atın yüyənini əlində cütləyib atdan bir təhər endi, bu zaman o biri atlıya da başı ilə gözəgörünməz bir işarət verdi: “en, çatdıq” dedi. O biri atlı daha gənc idi, qıs-qıvraq bir tərzdə (elə bil bu ağır və üzücü yolu gələ-gələ az qala buz heykələ dönən heç o deyildi) öz atından yerə sıçradı.

Bir xeyli taxta həyət darvazasını keyimiş əllərilə hər ikisi döydü. Darvaza təpəsinə endirilən bütün zərbələri öz içinə yığıb özündən o tərəfə heç bir səs-səmir buraxmadı. Belə olmağına əvvəlcə belə oldu, amma az sonra həyət tərəfdən boğuq öskürək səsinə bürünərək bu sözlər gəlib Əliqumral yüzbaşının və onun səfər yoldaşının qulağına çatdı:

– Gəldim, gəldim... Bir az gözlə. Çətin açılır, cəftə zalım, taxtası şişib bunun...

Darvaza, nəhayət, yavaş-yavaş açılmağa başladı. Bu iki nəfər də bu biri tərəfdən güc gəldi. Darvaza yerdə qarı eşə-eşə yarıyacan ancaq açıldı və qonaqları birtəhər həyətə buraxdı.

– Atları bura bağlayın... – Əynindəki uzun kürkünə bərk-bərk bürünmüş, başında zərif bir araxçın, ağzından buxar çıxan ev sahibi Mirzə Pirqulu, evin qapısına gedən cığırın sol tərəfində eləcə iki atlıq ağappaq qarla örtülü tövlə gözə göründü, onun yanında yer göstərdi. – Bura!

Atları bağladılar və Mirzə Pirqulu yenə də ağzından buğ çıxa-çıxa atların qabağına tövlədən ot gətirib tökdü. Soyuq tutmuş qonaqlar tərpənməz bir halətdə ona tamaşa edir, gözləyirdilər. Sonra ev sahibi qonaqlara yol göstərdi. Mirzə Pirqulu irəlidə, Əliqumral yüzbaşı arxasınca, yüzbaşının da arxasınca onun gənc səfər yoldaşı, ayaqlarının altındakı ağartını xırçıldada-xırçıldada gedib evin gizlin yerində qaralan alçaq qapıdan keçib içəri, geniş bir dəhlizə daxil oldular. Burada qonaqlar hər ikisi əyinlərindəki yamyaş olmuş qara, qalın çuxalarını çıxardılar. Mirzə Pirqulu da onlar kimi üstünə qonmuş qardan təmizlənmək üçün (evdən darvazayacan gedib balaca cığırla geri dönənəcən üst-başı (kürkü) qarla tamamən örtülmüşdü) bu üçü özlərini silkələyib qardan bacardıqca təmizləndilər. Qar getməyinə getdi, amma bu dəfə su olub bunların saç-saqqalında, üz-gözündə damla-damla qaldı, döşəməyə tökülən də tezcə əridi.

İçəri otağın yuxarı başında cırthacırt yanan yaşılkərpic sobanın ətrafına səliqə ilə, bir ölçüdə quru odun parçaları toplamışdılar. Sobanın kənarında alçaq bir miz var idi. Otağın bu biri küncündə yorğan-döşək dəsti az qala tavana dəyirdi. Elə oradaca alabəzək, böyük bir sandıq da suvağı orda-burda tökülmüş, daşları görünən divara söykənib durmuşdu.

– Buyurun, möhtərəm ağalar, əyləşin, keçin, xoş gəldiz, sobaya yaxın keçin. – Mirzə Pirqulu dil-ağız elədi.

Soba çatır-çatır yanmağında idi. Otaqda xoş bir istinin rayihəsi dolaşırdı.

Əliqumral yüzbaşı ağır-ağır keçib yaşılkərpic soba ilə üzbəüz bardaş qurub əyləşdi. Əliqumral yüzbaşının gənc səfər yoldaşı isə düz onun arxasında bardaşını qurdu, əlini yaş olmuş dizlərinin üstünə qoyub başını aşağı əydi və bir müddət bunlar bu cür sakit, səssiz-səmirsiz, üzləri sobaya hərəkətsiz oturmaqlarına davam etdilər. Donları açılmırdı ki, açılmırdı. Əliqumral yüzbaşının cod bığları taxta tilişkələrinə dönməmişdimi, dönmüşdü. Bir müddət keçdi, nəhayət, Mirzə Pirqulu əlində məcməyi (o, bir az əvvəl sobalı otaqdan mətbəxə keçmişdi) mətbəxdən geri döndü, məcməyinin içindəki şərbəti, pendiri, yağı, lavaşı, fincan və boşqabları sobanın sağ tərəfindəki alçaq mizin üstünə səliqəylə düzdü. Sonra mizi üstündəkilərlə bir yerə ehtiyatla bir qədər arxaya sürüşdürdü. Qonaqlar mizdən sol tərəfdə qaldılar. Mizdən sağ tərəfdə isə ev sahibi özü o da üzü sobaya tərəf bardaş qurub yerə çökdü.

Otağın sobadan sol tərəfdə bircə, amma bu otağa görə xeyli iri pəncərəsini bayır tərəfdən ağappaq qar yağa-yağa tamam tutmuşdu. Bu səbəbdən otaq işıqlı deyildi; sobada cır-cır yanan odun parçaları dil-dil hərdən sobanın içindən otağa özünü dürtüb tezcə də geri çəkilməsə və bu zaman otağa zəif işıq salmasa idilər...

Mirzə Pirqulu, yadından çıxardığı var idi, təzədən əli ilə ağır bədəninə öyrəncəli bir təkan verib yüngül quş kimi yerindən qalxdı, gedib qapı ağzındakı alabəzək sandığın qapağını qaldırdı, söykədi divara, eşələnib oradan iki şam çıxardı (şamların biri yarıyacan yanmışdı), gətirib bu şamları eləcənə şamdansız, mizin hər iki ucunda bərkidib qoydu, sobanın içinə (düz alovun ağzına) cəsarətlə əlini soxub bir uzun yanar çöp daha çıxardı, bu şamları yandırdı. Şamlar yandığında otaqda kölgələr peyda oldu, işığın dərəcəsi xeyli artdı. Qonaqlar fikir verib gördülər ki, təkcə işıq yox, işıqla bir yerdə qaranlıq da artdı.

– Allah, bizdən mərhəmətini əsirgəmə, Allah, bizi bağışla... – Əliqumral yüzbaşı donu yavaş-yavaş açılan əllərini ovuşdura-ovuşdura bilinmədi ki, bu sözləri hamı üçün dedi, yoxsa özü-özü üçün pıçıldadı, bu sözlərdən sonra sağ tərəfindəki mizə tərəf çöndü. Onun gənc səfər yoldaşı da, amma bu, dinməz-söyləməz onun kimi etdi. Mirzə Pirqulu, elə bil ki, bunu gözləyirdi:

– Buyurun, ağalar, “bismillah” eləyin. Varımız nədi, budu. Buyurun, tikəmi bölsəniz, məni məsud edərsiniz, buyurun, lütf qılın...

Əliqumral yüzbaşı zənlə bir mizin üstündəkilərini, bir də yana çöndərib baxışlarını məhzun bir halda oturmuş Mirzə Pirqulunu süzdü, nədənsə bir yanıqlı ah çəkdi, yavaşdan “bismillah” dedi, əlini lavaşa uzatdı. Onun gənc səfər yoldaşı da “bismillsh” edib o da əlini süfrəyə uzatdı...

Mirzə Pirqulu, (ev sahibi) qonaqların gəlişinin məqsədini, əlbəttə ki, bilirdi. Əliqumral yüzbaşını bir müddət bundan əqdəm Mirzə Pirqulunun keçmiş şəyirdi, indi isə uzaq kəndlərin birində kəndxudalıq edən Qəmər yüzbaşı onun yanına gətirmişdi və xahişi bu olmuşdu ki, Mirzə Pirqulu ki, elm və irfan yiyəsidi, məchulları yozandı, buna kömək eləsin, nəsə yazı-pozu işi var, nəyisə oxumaq, ya da oxutmaq istəyir. Əliqumral yüzbaşı uzun-uzadı bir az da anlaşılmaz şəkildə nələr isə danışdı. Müxtəsər, Mirzə Pirqulu bu işə razılıq vermişdi və Əliqumral yüzbaşı Mirzə Pirquludan məsələni həll etmək üçün vədəsini almışdı. Bir məqam elə oldu ki, otaqda təklikdə qaldılar, Qəmər yüzbaşı pıçıltı ilə Əliqumral yüzbaşıya dedi: “çalış, vədələşdiyiniz vaxt, nə olursa, olsun, istər qiyamət qopsun, gələsən, yetişəsən, xasiyyəti ağırdı, yoxsa səni bir daha yaxınına buraxmaz”.

Elə bu sözlərə görə qara-çovğuna baxmayıb bu iki yoldaş yola çıxmışdılar. “Allaha şükr olsun, inşallah, arzumuz, məqsədimiz puç olmaz, yerdə qalmaz. Əlbət, bu müşkilin də bir çarəsi vardır”.

Yeməklərini yeyib bitirdilər. Qaynadılmış kəkotu suyunu meyvə qurusu ilə xortuldada-xortuldada içəndən ancaq sonra qonaqlar hiss etdilər ki, bəli, canlarındakı qan, deyəsən, bir balaca qaynadı. Sobadakı alov dillərinin tənbəlliyi (hərdən-birdən dil uzadıb tezcə də sobanın dərinliyinə çəkilirdilər) bunlara da sirayət etdi, ləms düşdülər, gözləri xumarlandı. Mirzə Pirqulu mizi özündən bir qədər kənar edib, gedib gətirib yorğan-döşək dəstindən bunlara bir böyük mütəkkə verdi, qonaqların ikisi də, hərəsi bir tərəfdən bu mütəkkəyə dirsəklənib ayaqlarını ləzzətlə uzatdıqca uzatdılar. Bir azdan əsnəmə gəldi, nə gəldi, gözlər öz-özünə yumulmağa başladı, nə başladı. Mirzə Pirqulu qonaqlara diqqət və maraqla baxırdı və anladı ki, bunlar ki belə qəribə bir halətdədirlər, indi daha heç bir söhbət aralarında alınmayacaq, əyilib biri tamam sönmüş və tüstüləyən, o biri sönməkdə olan hər iki şamı bir əski ilə yaşlayıb tamam söndürdü, sonra yenə “bismillah” ayağa durub gedib otağın küncündəki divar uzunu yığılmış yorğan-döşəkdən sürütdəyib bunların yanına gətirdi. Artıq şirin yuxuya getmiş və hərdən də bir-birinə səs verib xorna çəkən bu adamlara bir daha diqqətli nəzər saldı. Əliqumral yüzbaşı yuxusundaca diksindi, elə bil, quyunun təkinə düşdü. “Yox, söhbət qaldı sonraya”. Mirzə Pirqulu sobaya bir-iki quru odun da atdı və daha sonra səs salmamağa çalışaraq yavaş-yavaş sobalı otaqdan çıxdı. Mirzə Pirqulu gedib girdi özünün kitab otağına. Bura həm də Mirzə Pirqulunun yataq otağı idi. Ömrünün ahıl vaxtına tək-tənha gəlib çıxdığı üçün idi ki, hər gecə yuxu gələn zaman yatağını özü salırdı. İndi də divar dibində yumrulanmış döşəyi açıb bir kənara çəkdi, əlində tutduğu şamdandakı şamı (onu yataq otağına gircək yandırmışdı) ufləyib söndürdü, otaq soyuq idi deyin, elə paltarlı-paltarlı, hətta başındakı araxçını da çıxarmadan yerinə girdi, yorğanını gözlərinə qədər çəkdi. Bir qədər bu soyuq yerində qurcuxdu, ora-burasını isitdi, bayırda qar hələ yağırdı, sonra köks ötürüb Mirzə Pirqulu gözlərini yumdu, elə o andaca dərin bir yuxuya qərq oldu.

Yuxusuna öz istəyilə yaşılkərpic sobalı otaqda qonaqlarla yemək zamanı etdikləri söhbət necə vardısa eynən eləcə (bəlkə xırda, çox xırda dəyişmələrlə) gəlib düşmədimi, eləcə gəlib düşdü.

İki nəfər qonaq dal-dala qırmızıkərpic sobanın (yuxuda sobanın kərpicləri qırmızı rəngdə idi) qarşısında, mizin sol tərəfində bardaş qurub əyləşmişdi, o isə, Mirzə Pirqulu mizin sağında dizini altına verib yerdən oturmuşdu. İştah qonaqlara qəfildən necə gəlmişdisə bir müddət səssiz-səmirsiz ancaq yeməyə məşğul oldular.

Sükutu ilk pozan Əliqumral yüzbaşı oldu. O ağzındakını səbrsiz çeynəyə-çeynəyə dedi:

– Mir Həsən ağa (Əliqumral yüzbaşı Mirzə Pirquluya yuxu boyunca elə Mir Həsən ağa deyib durdu), Mir Həsən ağa, biz səninlə necə ki, vədələşmiş idik, eləcə də görüşdük, inşallah.

– Bu qar quşbaşı qardı, ildə bir dəfə yağar, dünəndən əhalini lap əldən salıb. – Mirzə Pirqulu sakit-sakit dilləndi. – Siz özünüz yol uzunu olmazın əziyyəti, əlbəttə ki, çəkdiniz. Yerinizi rahat edin. Buyurun... – Yuxuda, deyəsən, isti oldu, əl atıb Mirzə Pirqulu araxçını başından götürdü, ağappaq saçları alnına töküldü və onun üzünə xüsusi bir mülayimlik verdi.

...Mirzə Pirqulu dizin-dizin sobaya tərəf sürünüb (yuxunun içində) yenidən sobaya bir-iki odun atdı, sonra yenə dizin-dizin geriyə, öz yerinə çəkildi. “Çırthaçırt” gücləndi.

Mizin üstündə lavaş, pendir, yağ, şərbət və halva (yuxuda halva da bunlara əlavə edilmişdi) var idi.

Əliqumral yüzbaşı sobadakı dəcəl alov dillərinə fikirli-fikirli nəzər yetirirdi. Başını qaldırmadan və heç kimə baxmadan dedi:

– Bu haman sənə barəsində bəhs etdiyim oğlandır ki var...

Əliqumral yüzbaşının gənc səfər yoldaşı (qızışandan sonra gözlərinə əməlli –başlı işıq gəlmişdi) ağzına dürmək apardığı yerdə başını ehmalca Mirzə Pirquluya tərəf tərpətdi. Yüzbaşı sözünə davam etdi:

– Bəli, özüdür ki, var. Mağaranın içində nə rəsm görübsə, olduğu kimi bir kağıza köçürüb. Rəssamlığı var. İntəhası...

Gənc səfər yoldaşı bu dəfə heç kimə deyil, özü-özünə başını tərpətdi, yəni ki, “bəli, bu belədir.”

– Maşallah, maşallah... – Mirzə Pirqulu söylədi və dodaqlarını bərk-bərk sıxdı.

– Mir Həsən ağa, sən və ancaq sən nüfuz edib öyrənə bilərsən ki, bu rəsmlər nə söyləyirlər. Vallahi və billahi, onlar ləl-cəvahirat dolu itmiş bir xəzinənin yerini bildirirlər ki, bu ancaq belədir, belə olmaya bilməz... Hansı xəzinəni deyirəm, sən bunu bilirsən. Sehrbazların xəzinəsini deyirəm.

Mirzə Pirqulunun üzündə bir cizgi də tərpənmədi. Əliqumral yüzbaşı nəfəs dərdi, bığlarına tumar çəkib (bığ bığlığına qayıtmışdı, ucu artıq aşağı əyilirdi), sonra üzünü öz gənc səfər yoldaşına tutdu:

– Sən söylə. Əfsanəni də olduğu kimi danış. Bizim işin açarı əql və mərifət sahibi bu kişidədi, biləsən. Allah onun ömrünü uzatsın.

Mirzə Pirqulu bu möhtərəm sözlərin müqabilində ancaq onu edə bildi ki, ağ saçları az qala üzünü örtən başını (araxçınını çıxarıb yanına qoymuşdu) acizanə sinəsinə endirdi.

Gənc oğlan əlin-əlinə sürtüb yediyi dürməyin qırıntılarını mizin bir kənarına tökdü. Ağzındakı loxmanı necə gəldi çeynəyib tələsik uddu və söhbətinə belə başladı:

– Allah evini, ocağını abad eləsin, ey möhtərəm Mirzə Pirqulu (bu gənc də yuxu boyunca Mirzə Pirquluya eləcə Mirzə Pirqulu dedi, başqa cür demədi), ağam necə ki ərz elədi, o deyən kimidi, mən mağaranın rəsmini bacardığım qədərinə olduğu kimi çıxarmışam. Budur, baxa bilərsən. – Bunu söyləyib əbasının iç tərəfdən cibinə girmək üçün düz ürəyinin üstünə əl atdı və oradan bir uzunasına bükülü kağız çıxartdı.

– Budur, bax, – dedi, – ağam bu rəsmləri deyirdi...

Mirzə Pirqulu yuxudaca yerində qurcuxdu. Sağ böyrü üstə çöndü, sol əli özünə rahat yer axtardı, tapmadı, ölü kimi qarnına sıxıldı. Qəribəsi o idi ki, bu gecəyədək nə zaman ki yuxusu qırılmışdı, davamı heç vədə gəlməmişdi, bu gecə isə gəldi.

Yuxunun davamında Mirzə Pirqulu artıq mizin sol tərəfində (yeri daha da rahat olsun deyə), qonaqlar isə artıq mizin sağ tərəfində oturmuşdular. Mizin üstündə heç bir şey yox idi və Əliqumral yüzbaşının gənc səfər yoldaşı bir yekə kağızı təmiz mizin üstünə sərdi, künc-bucağını səliqə ilə tumarladı, düzlədi. Yuxunun bu yerində sobanın kərpiclərinin rəngi tamam mavi olmuşdu.

 

(Ardı gələn şənbə sayımızda)

 

 

Kamal ABDULLA

 

525-ci qəzet.- 2010.- 18 sentyabr.- S.16-17.