Musiqi qədər məzmunlu...
Azərbaycan xalqının çox böyük dəyər verdiyi, milli iftixarı, professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin publisistikası musiqisi qədər məzmunlu və zəngindir. Azərbaycançılıq ruhunda köklənmiş bu publisistika xalqın maariflənməsinə və kamilləşməsinə xidmət edib.
Yaradıcılığın hər hansı sahəsində olduğu kimi, publisistikada da ideya aparıcı mövqe tutur. Əgər nəzərə alsaq ki, hər şey ideyadan, başlayır, onda Üzeyir Hacıbəyli publisistikasının ideya istiqaməti barədə geniş söhbət açmaq olar. “İdeya” yunanca “idea” sözündən olub insanın fikrində formalaşmış məqsədin gerçəkliyə çevrilməsi planı kimi başa düşülür. Hər bir işin, xüsusilə yaradıcılıq işinin başında ideya durur. Dini, səmavi kitabların əksəriyyətində olan “öncə söz gəldi” fikri, əslində, ideyaya bağlıdır. Söz, əslində ideyadır. İdeya irəli sürmək çətin deyil. Lakin gerçəkləşmə yolları aydın təsəvvür edilən aydın ideya düşünmək o qədər də asan deyil. Üzeyir Hacıbəyli publisistikasında ideya sənətkarın həyata ictimai baxışından, vətəndaş mövqeyindən doğur. Tədqiqatçıların da xüsusi qeyd etdiyi kimi, onun yaradıcılığında xəlqilik, millilik, realizm, ideyalılıq... kimi problemlər öz əkisni tapıb.
Üzeyir Hacıbəyli publisistikasındakı ideyaların hamısı ictimai məzmun kəsb edir. Poetika elminin görkəmli nümayəndəsi M.Baxtinin fikrincə, “ideyanın bədii təsvirində ya təsdiq, ya da inkar durur”. Lakin bu məqamda təsdiq də, inkar da yalnız kamilliyə, cəmiyyəti, insanı mükəmməl görməyə xidmət edir. Maraqlısı budur ki, bu ideyaların hamısının kökündə ədibin vətəndaşlıq qayəsi, vətəndaşlıq duyğusu dayanır. Ü.Hacıbəyli ideyalarının əsasında azərbaycançılıq dayanır.
Üzeyir Hacıbəylinin davamlı tədqiqatçısı professor A.Abasov doğru qeyd edir ki, müxtəlif üslublu əsərlərdə ədib adətən görkəmli alim, güclü natiq, yüksək istedadlı publisist, məşhur sosioloq... kimi çıxış edir.
Bu yerdə sənətkarın müşahidəsi xüsusi rol oynayır. Əlbəttə, müşahidə ədəbi yaradıcılığın bütün sahələri üçün çox vacib komponentdir. Lakin günün aktual problemləri ilə məşğul olan publisistin fəaliyyətində müşahidə, problemləri görmək, bunu ideyadan yaradıcı gerçəkliyə çevirmək ən başlıca keyfiyyətdir. Maraqlısı budur ki, Üzeyir Hacıbəyovun iddiası ilə imkanı arasında üzvü bir vəhdət var.
Əlbəttə, o publisistik əsərlər daha qiymətli, daha əhəmiyyətli sayılır ki, onlar gündəlik mübarizələrdən, həyatın canlı qaynaqlarından doğan böyük problemləri əks edir, böyük suallara cavab verir. Üzeyir Hacıbəyli publisistikası bu keyfiyyəti ilə xüsusi seçilir.
Üzeyir Hacıbəyli öz publisistikasında həyatın gündəlik problemlərini qrotesk üslubda oxucuya çatdırmağın böyük ustasıdır. Ədib publisistikanın bu imkanından məharətlə istifadə edib. Onun sual-cavab formasında felyetonları çoxdur. Müəllif bu üsluba o zaman müraciət edir ki, irəli sürdüyü ideya aydın başa düşülsün. “Mühüm suallar və əhəmiyyətli cavablar” felyetonunda olduğu kimi. Qeyd edək ki, bu felyetonun poetikasında qrotesk üslubu xüsusi yer tutur. Həm də xüsusi vurğulamaq vacibdir ki, bu felyeton yuxarıda haqqında bəhs etdiyimiz “Mərəzlərimizdən biri” məqaləsi ilə ideyaca üst-üstə düşür. Müəllif birincidə ciddi publisist üslubuna müraciət edirsə, ikincidə satirik-qrotesk məqamının şahidi oluruq. Ancaq hər ikisində milləti inkişafdan geri qoyan mental xarakter tənqid olunur.
Diqqət edək:
“Sual: Biz nə üçün geridə qalmışıq?
Cavab: Çünki bizi irəli aparanlar cibləri ağırlıq etdiyinə görə yorulub, yolda qalıblar...
Sual: Məktəblərimiz nə vaxt islah olunacaqdır?
Cavab: Ana dilimizi bilmərrə
unudandan sonra...”
Göründüyü kimi, birinci
iki sual çox dərin mətləblərin kinayə, ironiya,
istehza üslubunda qoyuluşudur. Cavablar o qədər kinayəlidir
ki, oxuyub, agah olub etinasız qalmaq mümkün deyil.
Felyetonun sonrakı
sualları və cavabları daha kəskindir:
“Sual: Bizə nə
lazımdır?
Cavab: Dinc-dinməz oturub,
öz hüquq və ixtiyaratını almaq üçün
mübarizə edən millətlərə tamaşa etmək”.
Bu cavab, əslində, milləti
öz hüquq və ixtiyaratı uğrunda mübarizəyə
çağırır.
Qeyd edək ki,
yaradıcılığa təkan verən ideya sənətkarın
müşahidə bacarığının məhsuludur.
Üzeyir Hacıbəyli publisistikasının əsasını
siyasi və sosial situasiyalar təşkil edir. Siyasi və sosial
situasiyalarla qarşılaşan publisist əsasən, bu hadisələrin
təzahür nişanələrini görür. Bu nişanələrin
yaradacağı, yaxud, yaratdığı problemlər publisistin
materialının ideyasına çevrilir. Şəxsi təcrübə
və müşahidə əsərin məzmununu,
ideyasını müəyyənləşdirir, sosial gərginliyin,
yaxud problemin ifadəsinə çevrilir.
Üzeyir Hacıbəylinin
dövlət duması, insan azadlığı, milli istiqlal,
hürriyyət və s. kimi məsələlər ətrafında
çoxlu sayda məqalə və felyetonu var. Bu
mövzuların hamısının ideyası müəllifin
şəxsi müşahidəsindən yaranıb.
Publisistikanın əsas mövzu hədəfi olan siyasi məsələlər
Üzeyir Hacıbəyli yaradıcılığının
da ana xəttini təşkil edir. Publisist xalqa heç nə
verməyən, saxta görüntü yaradan dövlət
dumasını ifşa etmək ideyasına tez-tez müraciət
edir. “Ay ötür, gün keçir...” felyetonunda əsasında
siyasi məzmun daşıyan bir neçə terminin izahı
fonunda da dövlət dumasının səbatsız siyasi
partiyaların cəmiyyətə baxışının
ifşası dayanır. Publisist əsərin elə ilk sətrindən
ideyanın nədən ibarət olduğunu açır:
“Dövlət Duması yaxınlaşır. Camaat da
hazırlaşır, hökumət də hazırlaşır.
Hökumət hazırlaşır ki, görsün elə bir
duma qayıra bilərmi ki, axırda camaatı öz zurnası
ilə oynatsın. Camaat dəxi bu kələyi duyub əlləşir
ki, görsün bir elə duma qüra bilərmi ki, hökuməti
zurnasına oynatsın. Axırda kim çalıb, kim oynayacaq,
onu Allah bilir.
Ancaq bir onu demək
lazımdır ki, indiyə kimi biz camaat hökumətin
zurnasına oynayıb, hamısının ləzzətini
görmüşük. İndi Allah elə eləsin, iş elə
gətirsin ki, hökumət camaatın zurnasına oynasın,
görək onun ləzzəti nə cürdür. Deyilənə
görə, o gərək çox dadlı olsun,
çünki o zurnada çalınacaqdır: hürriyyət
şikəstəsi, ədalət çahargahı və
müsavat bayatı-şirazı”.
Publisist əsərin
bütün ideyası son cümlədəki siyasi
anlayışların: hürriyyət, ədalət və
müsavat sözlərinin üzərindədir. Əsərin
sonrakı məzmunu çar Rusiyasının bir antidemokratik
dövlət kimi bu anlayışlara münasibətini ifadə
edir. Sənətkarın böyüklüyü ondadır ki,
o, öz müasirlərindən fərqli olaraq problemləri
qabaqcadan görür.
Üzeyir Hacıbəyli əsərlərinin
hamısının ideyası problemləri əvvəlcədən,
onların hələ qabarmadığı vaxtdan doğur.
Publisist XX əsrin əvvəllərində rus imperiyasının
siyasi kursunu əvvəlcədən görür və bunun
problemlər yaradacağını öncədən qələmə
alırdı.
Yaradıcı şəxsiyyətlərin,
böyük alimlərin əksəriyyəti hansı sahədə
fəaliyyət göstərmələrindən asılı
olmayaraq həmişə millətə, cəmiyyətə
öz sözünü demək ehtiyacı duymuşlar. Bu
ehtiyacın gerçəkləşməsi yolunda publisistika əvəzsiz
vasitə kimi çıxış edir. Dahi şəxsiyyətlərin
dahiliyi bir də ondadır ki, onlar məhz publisistika ilə
xalqa üz tutmuş, yaradıcılığın bu
növünü söz deməyin mükəmməl vasitəsi
hesab etmişlər. Dünya təcrübəsində Sokratdan
tutmuş B.Franklinədək, B.Paskaldan tutmuş T.Drayzerədək...
hər bir yaradıcı şəxs publisistikaya müraciət
edib. Azərbaycan ictimai fikir təcrübəsində
M.F.Axundovdan tutmuş M.Ə. Rəsulzadəyədək, C.Məmmədquluzadədən
tutmuş B.Vahabzadəyədək yaradıcı şəxsiyyətlərin
hamısı publisistikaya müqəddəs
yaradıcılıq növü kimi baxmışlar. Bu
sırada dahi Üzeyir Hacıbəylinin ayrıca yeri var.
Üzeyir Hacıbəylinin böyük bəstəkar
olduğu qədər də publisistdir. Bu iki sahədə
göstərdiyi mükəmməl yaradıcılıq məharəti
ona, sözün əsl mənasında dahi deməyə əsas
verir. Digər dahi bəstəkar Qara Qarayevin “musiqi mədəniyyətimizin
atası” adlandırdığı Üzeyir Hacıbəylinin
bu atalıq səlahiyyətinin daxili məzmunu o qədər
tutumludur ki, o, yalnız musiqi mədəniyyətimizin deyil,
ümumiyyətlə, müasir Azərbaycan mədəniyyətinin
ağsaqqalarından biridir.
Üzeyir Hacıbəylinin
istər musiqi əsərləri, istərsə də
publisistikası azərbaycançılıqla
yoğrulmuş, milli koloritə malikdir. Ən səciyyəvi
faktdır ki, Üzeyir Hacıbəyli publisistik yaradıcılığında
da Şərqə məxsus olan sənətkar idi. Akademik
Firudun Köçərli göstərir ki, “Üzeyir Hacıbəyli
Avropaya münasibət məsələsində öz
müasirləri olan bir sıra maarifçi-demokratlardan fərqlənərək,
Avropaya aludə olmur”. Ondan yalnız müsbət cəhətləri
qəbul edir. Ü.Hacıbəyli öz publisistikasında
demokratik dəyərləri aşılayır, həm Şərq,
həm də Qərbə müraciətlə milli-bəşəri
səciyyə kəsb edirdi.
XX əsrin əvvəllərində
mətbuat meydanında olan qabaqcıl ziyalılar Üzeyir
Hacıbəyli publisistik fəaliyyətini yetərincə qiymətləndirirdilər.
Buna misal olaraq böyük publisist və böyük mollanəsrəddinçi
Ömər Faiq Nemanzadənin “İşığımız
sönməyəcəkdir” adlı məqaləsindən bir
parçaya diqqət edək: “Bu son çağlarda milli
ehtiyac və diləklərimizdən ötrü yazılmaqda
olan məqalələr bizim mətbuatımızda öz
yoluna, öz həyatının qeydinə yavaş-yavaş
düşmək istədiyini göstərən birər
şahidlərdir. Bu şahidlərdlən biri də cənab
Üzeyir bəyin məqalələridir”. Üzeyir Hacıbəylinin
publisist fəaliyyəti milli ədəbi ənənələrin
davamı olsa da, onun öz üslubu vardı. Ona görə də
bu publisistika daha çox təsir edirdi, daha çox bəyənilirdi.
Bu publisist Azərbaycanın
problemlərini görürdü və bəzən kiçik
bir ədəbi detalla həmin problemi ictimaiyyətə
çatdırırdı. Cəlil Məmmədquluzadənin
“Hesab kitabı”ndakı felyetonvari üslubunu Üzeyir Hacıbəyli
kiçik səhnəcikdə belə qoyurdu:
Müəllim şagirdə:
Atan var?
Şagird: Var.
Müəllim: Anan var?
Şagird:Var.
Müəllim: Neçə
qardaşsınız?
Şagird: Üç.
Müəllim: Neçə
bacın var?
Şagird: Beş.
Müəllim: İndi hesab
elə gör sizin evdə neçə adam var?
Şagird: (bir qədər
fikirləşdikdən sonra) Mirzə, on bir adam.
Müəllim: Neçün
on bir oldu? Bu ki on eləyir?
Şagird: (utana-utana) Mirzə,
axı dədəmin iki arvadı var”.
Göründüyü kimi,
Öz məqalələrində xalqın taleyi ilə
yaşayan Üzeyir Hacıbəyli daim xalq adından
çıxış edir, felyetonlarında xalqın
düşmənlərini və çar istibdadını
ifşa ilə mollanəsrəddinçilərlə
çiyin-çiyinə gedirdi. Onun hələ 1908-ci ildə
“İrşad” qəzetində “Filankəs” imzası ilə
çap etdirdiyi “Nağıl” felyetonu müstəmləkəçi
çar dairələrini narahat etmişdi. Bu felyetondan sonra
Bakı qradonaçalniki, general-mayor Yermolov “İrşad” qəzetinin
nəşrinin dayandırılması barədə əmr
vermişdi.
Üzeyir Hacıbəylinin
publisistikasında çarizmin müstəmləkə siyasəti,
ermənilərin Azərbaycandan torpaq iddiaları daimi mövzu
olub. Rusiyada P.A.Stolıpin irticasının ən qatı bir
vaxtında yazdığı “Suallar və suallara da cavablar”
felyetonunda “dünyada hamıdan çox hürriyyətpərvər
və azadlığı sevən kimdir?” sualına
böyük bir cəsarətlə: “Rusiyanın baş naziri
Stolıpin və onun yoldaşlarıdır. Çünki
bunların bütün əlləşib vuruşduqları
odur ki, millət onların işinə qarışmayıb,
azadə dolanıb, bildiklərini eləməyə xələl
yetirməsinlər” cavabını verirdi. Jurnalist
özünün “Stolıpinin xəyalı” və s.
felyetonlarında da belə sarkazmdan istifadə ilə
azadlıq düşmənlərini ifşa edirdi.
Sənətkar publisistin
leksikonunda “xalq” və “hökumət” sözləri bir-birindən
köklü şəkildə fərqlənirdi. “Atalar sözləri”
adlı kiçik bir felyetonunda bunu açıq şəkildə
görürük: “Müsəlmanlarda bir misal var, deyirlər
ki, ağac bar gətirdikcə başını
aşağı tutar”. Amma bain həmə müsəlmanlarda
bir qayda vardır ki, onların “ağacları” bar gətirdikcə
başlarını yuxarı tutub, ancaq hökumət qapazı
dəydiyi zaman başlarını aşağı tuturlar ki,
qapaz vuran “rahat” olsun”.
Publisistin “Rəfiqimdən məktub”
adlı bir felyetonunda “millət, millət” deyib
özünü xalq qəhrəmanı kimi qələmə
vermək istəyən bir nəfər yuxuda belə bu “qəhrəmanlığı”
nəinki gerçəkləşdirmək istəmir, hətta
“dava meydanından” qaçıb gizlənir.
Üzeyir Hacıbəyli
publisistikasını Cəlil Məmmədquluzadə
publisistikası ilə müqayisə etmək fikrindən
uzağıq. Ona görə ki, böyük şəxsiyyətlərin
müqayisəsi qüsurludur. Ancaq bəzi paralellər aparmaq
olar. Üzeyir Hacıbəyli “Müəllimlərin
keçmiş günlərindən” adlı felyetonunda Cəlil
Məmmədquluzadənin “Bizim obrazovannılar” əsərində
qoyduğu ana dilinə nadan münasibətinii özünəməxsus
sarkazmla ifşa etməyə nail olur. Məlum olduğu kimi, Cəlil
Məmmədquluzadə ömrü boyu Azərbaycan dilinin təmizilyi
uğrunda mübarizə aparıb, özünün istər nəsrində,
istər dramaturgiyasında, istərsə də
publisistikasında dili korlayanlara qarşı amansız olub.
“Bizim obrazovannılar” felyetonunda da “təhsilli” cavanların ana
dilinə xor baxması ifşa edilir. Üzeyir Hacıbəyli
da yuxarıda adını çəkdiyimiz felyetonunda bu məsələni
sərt şəkildə qoyur və milli dilə etinasız
“obrazovannıları” belə lağa qoyur:
“ – Heç xəbərin
olubmu ki, Mirzəqulu ilə nə sluçitsa oldu?
–Yox, a çto?
– Pah! Bir görəydin,
direktor ona nə yaman vıqovor elədi.
– Mən ölüm?
– Yey boqu, sən öləsən...”
.
Göründüyü kimi,
güclü sarkastik bir üslubda müəllif dilimizi
korlayanları ifşa edib.
Üzeyir Hacıbəyli
publisistikasının mövzu dairəsi geniş, sənətkarlıq
xüsusiyyətləri intəhasızdır. Bu publisistika
müasir günlərimizdə də öz əhəmiyyətini,
məktəb səviyyəsini saxlamaqdadır. Bu məktəb,
hər şeydən əvvəl, azərbaycançılığın
publisistikada ifadəsi ilə maraq doğurur və bu
günümüz üçün də ciddi aktuallıq kəsb
edir.
Allahverdi Məmmədli,
filologiya elmləri namizədi
525-ci qəzet.- 2010.- 18 sentyabr.- S.15.