Üzeyir Hacıbəyli tənqid haqqında
Musiqimizdə Şərq və Qərbin möhkəm vəhdətini ilk dəfə yaradıcılığında həyata keçirən bəstəkar şübhəsiz ki, Üzeyir Hacıbəyli olub. Şərqdə ilk opera və operettaların təməlinin qoyulması, kantata, romans qəzəl janrlarının yaranması, “Azərbaycan xalq musiqisinin əsasları” kimi mükəmməl elmi-nəzəri əsərinin ərsəyə gəlməsi, epik-qəhrəmanı “Koroğlu” operası və onun bu qün Türksoyun beynəlxalq layihəsi əsasında yeni tamaşasının təntənəli yürüşü – bütün bunlar dediyimizə gözəl, qürurverici misallardır.
Nəzəriyyədə də intonasiya, lad, melodiya, ritm, çoxsəslilik, musiqidə tərcümə, Şərq musiqisi və Qərb musiqi alətləri, Azərbaycan türk xalq musiqisi haqqinda, musiqidə xəlqilik, millilik və beynəlmiləllik, ənənə və novatorluq və sair bu kimi mürəkkəb problemlər böyük alim tərəfindən irəli sürülüb və həll edilib.
Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin inkişafına mane olan, bu inkişafı ləngidən müxtəlif təxirəsalınmaz məsələlərin çözülməsi üçün yaşıl işıq yandırmış və yeni perspektivlər açmışdır. Bu məsələlərdən biri də bu gün araşdıracağımız tənqid məsələləridir ki, bizim musiqişünaslığımızda və həm də başqa sənətlərdə və sahələrdə çox aktual və günümüzlə səsləşən məsələdir. Təəssüf ki, bu haqda musiqişünaslığımız çox az danışılmış və yazılmışdır. Amma Ü.Hacıbəyli həmin məsələyə yaradıcılığının müxtəlif illərində çox böyük önəm vermiş və onun törətdiyi fəsadları öz üzərində hiss etmiş, lazım gələndə onlarla mübarizə aparmışdı. Bu cəhətdən onun diqqətimizi xüsusilə çəkən maraqlı “Küyçülük” adlı məqaləsi üzərində dayanmaq istərdik. O, bu məqalədə yazırdı: “Biz tək bir dava söhbətlərində küyçü deyilik ki, hər bir barədə küyçüyük. Bir adami pisləyəndə elə pisləyirik ki, eşidənlər o adamdan nifrət edirlər. Həmçinin birisini tərifləyəndə, onu götürüb ərşifələkə qalxızırıq”. Doğrudan da əgər biz Üzeyir bəyin 1915-ci ildə dediyi bu fikri bu günə şamil etsək, deyə bilərik ki, lazım oldu-olmadı, layiq oldu-olmadı müxtəlif şəxsləri bizdə çox populyar ifadə olan “dünyaşöhrətli” və ya “dahi” sözlərilə tərifləyirlər. Bu sözlər də yerində işlədilməyəndə, təbii ki, əks təsir buraxır. Hələ o vaxtlar Üzeyir bəy yazırdı ki,“belə-belə şeylərin və hər bir kələ-kötürlərin səbəbi odur ki, tənqidçimiz yoxdur. Hər kəs bildiyini eləyir, bildiyini işlədir, bildiyini yazır, bildiyini deyir, bildiyini əmələ gətirir. Bir adam da olmur ki, bu işlərin yaxşı tərəfini yaxşı ayağına, pis tərəfini pis ayağına verib, yaxşını yamandan ayırsın”.
Şübhəsiz ki, bir şəxsi, müəllifi və ya əsəri dəyərləndirəndə də layiq olan qiyməti vermək daha məqsədəuyğundur.
Üzeyir bəy həmin məqalədə qeyd edirdi ki, dırnaq arasında “tənqidçilərimiz”var, yəni yalançı tənqidçilərimiz ki, yaxşıya pis və pisə yaxşı deməyə insafı yol verir. Bu yalançı tənqidçilərimiz iki cürədir: birisi anlaya-anlaya pisi yaxşı və yaxşını pisləyir, çünki qərəzişəxsisi var və o qərəzi-şəxsisi hər bir şeydən əvvəl tutur. Birisi də anlamadığına görə, pisə yaxşı və yaxşıya da pis deyir, çünki başa düşmür və ağlı da kəsmir”. Təəssüf ki, bu gün də hər iki tənqidçi növü mövcuddur və fəaliyyətlərini də davam etdirirlər. Üzeyir bəyin bu cür üzdəniraq tənqidçilər haqqında söylədiyi fikirləri bu qünümüzlə necə də səsləşir. Ümumiyyətlə, son illər xalqın fəxri, vicdanı olan sənətkarlar, yazıçılar, bəstəkarlar haqqında sensasiya naminə, məşhurlaşmaq naminə və ya başqa səbəblərə görə nalayiq fikirlər, təhqirlər, yalanlar, böhtanlar uydurub çap eləmək, onları ləkələmək həvəsi bir növ vərdişə, bəzi üzdəniraq tənqidçilərin həyat məqsədlərinə çevrilmişdir. Bu vərdişin, məqsədin də, Üzeyir bəyin təbirincə desək, “ cəmiyyətə böyük zərəri vardır”.
Üzeyir bəy elə həmin məqalədə bildirirdi ki, “dünyada iki şey var: haqq və nahaq. Kişilik ondadır ki, tutduğun işin nahaq olduğunu sənə bildirəndə boynuna almaq və bir də özgəsinin tutduğu işin də haqq olduğunu israr etmək. Hərgah hər bir işlərimizdə belə mərdanə olsaq, böyük hünər sahibi olarıq”. Necə də gözəl arzudur! Üzeyir bəyin arzusunun bu gün də həyata keçməsinə böyük ehtiyac vardır. Üzeyir bəyin özü həmişə belə böyük hünər sahibi olmuşdur. Üzeyir bəy tənqid məsələsinə təkrar-təkrar qayıdaraq bu haqda dəfələrlə yazmışdır. O, “İrşad” qəzetində bu haqda belə yazırdı: “İntiqad (kritika), (yəni tənqid – Z.S.) lazımdır, amma daha dalaşmaq lazım deyil. Bizim binəva camaat elə pis öyrənibdir ki, indi intiqad ilə dalaşmaqda heç bir fərq və təfavüt qoymurlar; çünki yazıçılarımızı həmişə şəxsiyyət üstündə dalaşan görübdülər. Bu günlərdə oxuculardan birisi yazıb deyir ki, eyb deyilmi ki, qəzet sütunlarında dalaşırsınız, məgər bilmirsiniz ki, sizlər dalaşanda, bizlər gərək bir-birimizi qırıb tələf edək. Deyirəm, qorxma, dalaşmırıq, bu, bizim bir-birimizi tənqid etməyimizdir, həqiqət axtarmağımızdır, yoxsa allah eləməsin ki, dalaşaq. Biz dalaşmırıq”.
Ü.Hacıbəyli həmişə prinsipial, cəsarətli, obyektiv tənqidin tərəfdarı idi və bu cür fikirləri ilə də seçilirdi. Bu da onun bədxahlarını narahat edir, qıcıqlandırırdı. Belə tənqidçilərdən biri onun məqaləsi haqqında yazırdı ki, “Üzeyir bəyin bu sözlərindən başqa bir iy gəlir”. Üzeyir bəy isə ona çox orijinal cavab vermişdir: “Sizdən təvəqqi edirəm ki, bir də mənim məqalələrimi iyləmiyəsiniz”.
Üzeyir Hacıbəyli özü yaradıcılığı boyu müxtəlif illərdə bir sıra ədalətsiz, haqsız tənqidlərə, qərəzli hücumlara məruz qalmışdır. O, özünün elə ilk əsəri “Leyli və Məcnun” operasını maddi vəziyyətinin çətin olması ilə əlaqədar “Nicat” xeyriyyə cəmiyyətinə çox aşağı məbləğə satmışdır. Operanın tamaşalarından böyük gəlir əldə edən cəmiyyət müəllifə müqavilə ilə nəzərdə tutulan kiçik məbləği belə vaxtında verməkdən boyun qaçırırdı. Səbəbi isə guya “operanın zəif olması, onların qoyduğu tələblərə cavab verməməsi” idi. Cəmiyyətin bu narazılığı bəstəkarın ünvanına deyilən nalayiq sözlərlə müşayiət olunurdu. Qüvvətli məntiqə sahib olan Üzeyir bəy cəmiyyətin üzvlərinə müraciət edib soruşurdu:
“Cənablar, icazə verin Sizdən soruşum, əgər mənim əsərlərimi bəyənmirsizsə, onların keyfiyyətinə mənfi münasibət bəsləyirsizsə, nə üçün inciyirsiz ki, mən onları sizə satmıram? Budur mənim məsləhətim: gah mənim lehimə, gah əleyhimə hərəkət etməkdənsə, öz əqidənizə görə hərəkət edin və məni rahat buraxın”.
“Nicatçıların bəyənmədikləri “Leyli və Məcnun” operası bir əsrdən çoxdur ki, səhnədən düşmür və YUNESKO-nun qərarı ilə 2008-ci il “Leyli və Məcnun” ilə kimi geniş qeyd olunmuşdur.
Üzeyir bəyin digər məşhur əsəri, “Arşın mal alan” operettasının dünya şöhrətinə baxmayaraq (o 70-dən artıq dilə tərcümə edilmiş, 120 səhnədə oynanılmışdır), o da qərəzli hücumlara məruz qalırdı. Bəziləri bu əsəri qızlarımızı pis yola aparmaqda təqsirləndirirdilər.
20-30-cu illərdə tənqid o yerə çatırdı ki, “Leyli və Məcnun”ların, “Əsli və Kərəm”lərin, “Arşın mal alan”ların köhnə ərəb əlifbası və çadra ilə bərabər arxivə təhvil verilməsi tələb olunurdu. Doğrudur, bu cür tənqid yalnız Azərbaycana deyil, bütün sovet məkanına xas idi və “Proletkult əyintisi” kimi xüsusiyyətləndirilirdi. Amma bir fərqi onda idi ki, o biri respublikalarda inqilabdan əvvəlki musiqi irsinin arxivə təhvil verilməsini heç kəs tələb etmirdi, yeni həyatla bağlı yeni mövzulu əsərlərin yaranması tələb olunurdu.
O vaxt Samit təxəllüsü ilə çıxış edən maarif komissarı Mustafa Quliyev Türk (yəni Azərbaycan) opera və operettalarının səhnədən qaldırılmasını qəribə görünən bir inad və cəsarətlə tələb edirdi. Üzeyir bəy ona belə cavab verirdi: “1907-ci ildən bəri Azərbaycan səhnəsində və o səhnə vasitəsilə Azərbaycan türklərinin tərəqqi və tərbiyə işində az rollar oynamayan türk opera və operettalarını bu gün vətəndaş Samitin istədiyi kimi səhnədən qaldırmaq Azərbaycan teatr və musiqi tarixinin mühüm səhifələrini cırıb atmaq deməkdir”.
Başqa bir məqalədə – “Türk (yəni Azərbaycan – Z.S.) operaları haqqında” Üzeyir bəy inqilabdan əvvəlki əsərlərini müdafiə edərək onların rolu haqqında yazırdı: “Əvvəla, Bakı şəhəri sanki daima bir yas içində idi, heç kəs öz evində azad surətdə çalğı çalmaq və ya hava oxumaqla məşğul ola bilməzdi, çünki qonşusundakı “hacı, molla və ya axund filankəs eşidər” – deyə çəkinirdi. Opera və operettalardan sonra havalar camaatın ağzına düşüb, hər bir yerə yayılmağa və hətta mollaların evlərinin içinə qədər icrayi-hökm etməyə başladı”.
Burada belə bir xüsusi əlaqə də qeyd olunmalıdır: operettaların melodiyaları məhz öz estetik keyfiyyətinə görə məşhur olmuşlar, məşhur olduqlarına görə isə eyni zamanda digər vacib əxlaqi məsələni də həll etmişlər, dini ehkamlara üstün gəlmişlər: “Pəncərələri taxtalanmış evlərin qaranlıq küncündə cəhalət qurbanı olan türk qadınının emansipasiyası yolunda türk opera və operettaları azmı xidmətlər göstərdilər?” – deyə bəstəkar soruşurdu. “İl uzunu ahu nəvayə və ağlamağa adət etmiş olan xalqı bir az da olsa gülərüzlü və yeni həyatlı edən türk opera və operettaları deyilmi?”
“Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında”, “Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında”. 1917-ci ildə “Kaspi” qəzetində Ü.Hacıbəylinin cavab əvəzinə publisist-tənqidçi Məmmədov-Əhliyevə yazdığı silsilə məqalələri qaldırdığımız məsələ kontekstində xüsusi maraq doğurur.
Məmmədov-Əhliyev yazırdı ki, “Ruhən ac olan bizim üçün əsas xörəklər, yəni dramalar lazımdır”. Opera və operettalar isə birinci dərəcəli drama görə ikinci və hətta üçüncü dərəcəli janrlardır. “İqbal” qəzetinin səhifələrində digər bir tənqidçi belə yazırdı: “Söz yox ki, Hacıbəyli cənablarının əsərləri məslək və fikri-alidən xali deyildir. Lakin biz müsəlmanlarda hələlik elə nazik baş yoxdur ki, o məslək və ideyanı çalğı lisanında əxz eyləyə bilək”.
Ü.Hacıbəyli Məmmədov-Əhliyevin məqalələrinə elmi-dəlilli əsaslarla cavab verirdisə, digər hücumlara o, felyeton janrında cavab verməyi lazım bilirdi. Ənənəvi “Ordan-burdan” başlığı altında yazan Ü.Hacıbəyli “Opera dramı məhv etmişdir” – deyə ah-vay edənlərə aşağıdakı felyetonda gülürdü. Ermənilərə müraciət edərək Ü.Hacıbəyli onlara xəbərdarlıq edirdi:
“Məgər Siz bilmirsiniz ki, opera pis şeydir, musiqi ziyandır, nə üçün özünüzü bəlaya salıb “Arşın mal alan”ları, “Məşədi İbad”ları dilinizə çevirdiniz, a bədbəxtlər?!
Məgər Sizin “vətənpərvər” və “millətpərəst” jurnalçılarınız yox idi ki, sizi bu “bəla”dan pişəzvəqt xəbərdar edə idi, ay, “yazıq ermənilər?”. Əlbəttə var idi. O vaxtlar ki, bizimkilər Ü.Hacıbəylinin əsərlərini tənqid atəşinə tuturdular, onların arxivə təhvil verilməyini tələb edirdilər, ermənilər bu əsərləri dillərinə tərcümə edib xaricdə öz əsərləri kimi tamaşaya qoyub böyük qazanc götürürdülər. Afişalarda Üzeyir Hacıbəylinin adı yox idi. Onun yerinə “erməni operettasının kraliçası “Arşın mal alan” yazılmışdı. Dəyərlərimizə sahib çıxmayanda nəticə də belə olur. Tənqidin musiqinin inkişafında mühüm rolunu anlayan Ü.Hacıbəyli Sovet dövründə də yalnız müsbət,mütərəqqi cəhətləri deyil, inkişafa mane olan qüsurları da göstərirdi. Özünün dərin əqidəsinə əsaslanaraq Ü.Hacıbəyli qeyd edirdi ki, milli incəsənət əsərləri bütün xalqlara aydın, ümumbəşəri olmalıdır və təəssüflə bildirirdi ki, Zaqafqaziya bəstəkarlarının heç də hamısı əsl milli əsərlər yarada bilməmişlər. Simfoniyaların bir çoxunda xalq intonasiyasına etinasızlıq nəzərə çarpır, bu da labüd olaraq mücərrədliyə, bədii dilin kifayət qədər ifadəli səslənməməsinə gətirib çıxarır. Belə nəticəyə bəstəkar 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi dekadasından sonra gəlmişdir.
O, mərkəzi “Sovetskoye iskusstvo” qəzeti haqqında tənqidi fikrini belə bildirmişdi: “Sovetskoye iskusstvo” qəzeti milli operanın inkişafına dair prinsipial yaradıcılıq məsələlərin üstündən daim sükutla keçir (milli operaları ancaq dekada günlərində yada salır). Qəzet ətraflı materiala malik olmasına baxmayaraq, ilk Azərbaycan operasının ənənəvi yubileyini qeyd etməyi özünə layiq bilməmişdir”.
Ü.Hacıbəylinin bu iradı, bu tənqidi şəxsi faktdan doğan kiçik inciklikdən irəli gəlmirdi. Bunun arxasında bəstəkarın dərin əqidəsi dayanmışdı: “Biz, azərbaycanlılar musiqi incəsənətimizi elə inkişaf etdirməliyik ki, bizim böyük İttifaqın bütün xalqları görsünlər ki, Azərbaycan musiqisinin inkişafı Sovet musiqi incəsənətinin, bütünlüklə musiqi mədəniyyətinin inkişafıdır”. İndi Üzeyir Hacıbəyli yaşasaydı, deyərdi ki, Azərbaycan musiqisinin inkişafı bütünlüklə dünya musiqi mədəniyyətinin inkişafıdır. Tənqid məsələləri də bu ümumi inkişafın tərkib hissəsidir. Onu həyata keçirmək üçün isə Üzeyir bəyin dediyi kimi böyük hünər sahibi olmaq lazımdır.
Böyük hünər sahibi,
Üzeyir bəy, 125 yaşın mübarək!
Zemfira SƏFƏROVA,
AMEA-nın müxbir üzvü,
professor, əməkdar
elm xadimi
525-ci qəzet.-
2010.- 18 sentyabr.- S.14.