“HÖKMÜ QAYIMMIŞ ZAMANIN...”

 

Nurəngiz Günün doğum gününə bir neçə söz

 

Deyirlər yaradıcı insanlar Tanrının çox sevdiyi bəndələrdəndir. Tanrı onlara istedad verməzdən öncə, qəlblərinə, ürəklərinə mərhəmət, işıq, nur əta edir. Bu işıq onların önünə düşərək yol açan əməlləridir. Və belə mərhəmət sahibləri olan insanlar başqalarından fərqli olaraq bütün ömrünün mənasını xalqına xidmətdə görürlər. Bu günkü çağdaş ədəbiyyatımızı öz fərqli yaradıcılıq yolu ilə daha da rövnəqləndirən istedadlı şairə, publisist, ən əsası isə gözəl insan, gözəl şəxsiyyət olan Nurəngiz Gün kimi.

Bu gözəl xanımı mən də hamı kimi hələ orta məktəbdə oxuyarkən Azərbaycan televiziyasında görüb sevmişəm, aydın nitqinə, misilsiz gözəlliyinə heyran qalmışam. Qaraqaşlı, cazibədar, iri qara gözlü, əsl Azərbaycan gözəli olan nur üzlü bu xanıma o zaman təkcə mən yox, yəqin ki, bütün Azərbaycan valeh idi. Sonradan mətbuatda onun yazılarını, şeirlərini oxuduqca, bu şeirlərdəki mənaları anlayıb dərk etdikcə, bu xanıma daha da ürəkdən bağlandım.

Onu ilk dəfə on il bundan əvvəl “525-ci qəzet”də çalışdığım vaxtlar gördüm. Redaksiyada, Yaşar müəllimin otağında idik. Birdən qapı açıldı, içəri çox kübar görkəmli, baxışlarından səmimilik yağan bir xanım daxil oldu. Mən onu dərhal tanıdım. Bu, Nurəngiz Gün idi! Üzündə qeyri-adi, hətta mən deyərdim, sirli bir təbəssüm vardı. Bu anda Rafaelin məşhur “Sikstin madonnası”nı- Cakondanın təbəssümünü xatırladım. Onun qəlbinin işığı üzündə əks olunmuşdu. Heç şübhəsiz ki, bu işıq, bu təbəssüm məhz Tanrıdan gələn bir işıqdır və hər adama nəsib olmur. (Əhvalımızın yaxşı olduğu anlarda şeytansifətli adamlarla azmı qarşılaşmışıq?) Ən çox diqqətimi çəkən onun sadəliyi, səmimiliyi oldu.

Elə o zaman onun haqqında yazmaq keçdi könlümdən. Amma mən bunu demişəm, yenə də deyirəm: çox təəssüf ki, biz həmişə yazmaq istədiyimiz insanlar haqqında çox zaman gecikirik. Amma hər halda bu da taleyin xoş bir qismətidir ki, onun haqqında bu gün- məhz doğum günündə yazmaq qismət oldu mənə və bunu özümə mənəvi borc bilirəm.Ona görə ki, Nurəngiz xanımın həm yaradıcılığı, həm də bir insan kimi alicənablığı, yüksək mədəniyyəti məni həmişə özünə cəlb edib. Onun bu ağrılı-acılı zəmanəmizin, o tay-bu taylı vətənimizin, gedən torpaqlarımızın dərdləri ilə baş-başa qalıb yazdığı və bizləri də bu həsrətin oduna yandırdığı bir sıra şeirləri, poemaları var ki, bu əsərlər öz fəlsəfi-lirik, psixoloji mahiyyəti baxımından düşündürücüdür. Onun ürəyindəki yanğı, ağrı-acı, vətən təəssübkeşliyi, təmənnasız sevgi şeirlərinə də hopub. Yazdığı şeirlər bir qələm əhli kimi məni həmişə düşündürüb. Doğrudan da, əgər hansısa bir yazıçının, şairin bir sətri, lap elə bir misrası səni düşündürürsə, deməli, o, əsl qələm sahibidir, əsl yazıçıdır. Ədəbi senzuranın olmadığı bir zamanda şeirdən, poeziyadan xəbəri olmayanların kiminsə, nəyinsə hesabına ildə iki-üç kitab çıxartdıraraq “şairəm” deyə bağırması, çox zaman əsl qələm sahiblərini kölgədə qoyur. Acı da olsa, bu həqiqəti qeyd etməliyik. Bu isə ədəbiyyatımıza heç də başucalığı gətirmir. Və nə yazıq ki, belə şəraitdə çox zaman əsl həqiqət yalanın monopoliyasına çevrilir. Mənim qəhrəmanım Nurəngiz xanım isə sözün həqiqi mənasında, əsl qələm sahiblərindəndir. Təkcə elə dünyanın bir çox ölkəsində məşhur olan, haqqında film çəkilən“Xocalı simfoniyası” ilə o, adını əbədi olaraq tarixə yazdı. Baxmayaraq ki, ədəbiyyata ilk dəfə “Tanrı” povesti ilə gəldi və bu əsər 1981-ci ildə “Ulduz” jurnalında çap olundu. Özü də çox keçmədi ki, geniş oxucu auditoriyası qazandı. Təkcə dramatik süjeti, mövzusunun yeni olmasına görə yox, həm də ona görə ki, bu əsərlə Nurəngiz xanım uzun illər daxilində qaynayan böyük istedadını üzə çıxardı. Axı biz onu həmin əsərə qədər bir aparıcı, diktor kimi tanıyırdıq. Və birdən-birə belə gözlənilməz, möhtəşəm gəliş... Böyük yunan filosofu Aristotelin məşhur kəlamı düşür yada: “Təfəkkür təəccübdən başlayır.” Və heç şübhəsiz ki, bu əsərlə tanış olanlar mənim dediyimi təsdiq edərlər ki, Nurəngiz xanım doğrudan da ədəbiyyata gəlişi ilə çoxlarını təəccübləndirdi, həm də beyinlərdə, təfəkkürlərdə bir inqilab yaratdı. Sonradan qəzet və jurnallarda bir-birinin ardınca müxtəlif şeirləri çap olunmağa başladı. Şübhəsiz ki, paxıllığını çəkənlər də az deyildi. Amma ürəyində azca da olsa, kin-küdurəti olmayan, heç kimə paxıllıq etməyən Nurəngiz xanım həmin vaxtlar heç kimin qəlbinə dəymədən yalqız, tək-tənha, çiynində illərin ağrı-acısı, niskili, həsrəti eləcə var-yoxu olan təkcə ürəyini, bir də sevimli Jaləsini bağrına basaraq“daşlı-kəsəkli sərt qayalarda yol gedirdi...”, “Ürəyimi eşit, dünya!” – deyirdi.

 

“Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz.

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək”.

 

Hansısa dahi deyib ki, “xoşbəxtlik bədbəxtliyin başlanğıcıdır.” Düşünürəm ki, dünyada tamamilə xoşbəxt olan qadın yoxdur. Çünki xoşbəxtlik nisbidir və xoşbəxtlik sənin yaşadığın gözəl anlardır, dəqiqələrdir, saniyələrdir. Sonradan bu anlar, bu dəqiqələr kino lenti kimi yaddaşımıza köçür, bizlər o xatirələrlə yaşayırıq. Bu da bəsdir qadına.

 

“İkimizə bir yuva, ikimizə bircə dən... Bəs idi!

Qonşularımız idi yaşıl göllər.

Amma dimdiyimizə sıxılan “o tək damla”

demə təsəlli imiş göylərdən... Bəs idi!”

 

Budur əsl məhəbbət! İnsan sevəndə saflaşır, ucalır, müqəddəsləşir. Nurəngiz xanımın sevgisi də niskili qədər pakdır, ucadır. Düşünürəm ki, həyatda sevgi, bir də ümid olmasa, insan yaşaya bilməz. Bax, bunlardı bizləri yaşadan.

Nurəngiz xanımın yaradıcılığında mənim ən çox diqqətimi çəkən bir məqam da onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. O, daxilən azad bir şairdir. Belə insanlar nə satılmaz, nə də əyilməzlər! Bəlkə elə buna görə də “Haqqın gözlərinə həmişə dik baxmışam!”-deyən Nurəngiz xanım yazılarında olduğu kimi həyatda da çox səmimidir, kövrəkdir, sadədən də sadədir. Bu narahat dünyamızın bizim görə bilmədiyimiz, ya da ki görmək istəmədiyimiz həqiqətini yazır Nurəngiz xanım! Əsl yazıçılıq da elə budur! Əslində, şair içdən azad ola bilməsə, yazdıqları da səmimi alına bilməz! Şair daxilən azad deyilsə, Vətən də azad ola bilməz! Düşünürəm ki, vaxti ilə indi bəzi burnunun ucundan o tərəfi görə bilməyənlərin ağız büzdüyü həmin o ziyalılıq olmasaydı, heç sovet rejimi də dağılmazdı! Baxmayaraq ki, Nurəngiz xanım kimi ziyalılar sovet dövründə yaşayırdılar, amma öz sözlərini deməyi bacarırdılar. İndi söz deməyə nə var ki? Bizim bəzi görkəmli yazıçılarımızın bostanına daş atan bəzi “əhli-qələmlər” yəqin ki, sovet dövründə yaşasaydılar, eləcə tısbağa kimi qınlarına çəkilərdilər. Amma əsl söz, əsl sənət tarixin süzgəcindən keçərək həmişə yaşayır. Yazıçı gərək vicdanını məngənəyə salmaya. Belələrinə Nurəngiz xanım öz şeiri ilə cavab verir:

“Hansı məkan yaxşıdır?

O məkan ki,

Azadlıq qoxuyur onun göylərində!”

Zənnimcə, izahata ehtiyac yoxdur. Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim edir. Düşünürəm ki, yazmasaydı, yaşaya bilməzdi! Çünki daxilində elə bir ağrı-acı var ki, hər zaman yalqız qaldığı tənha gecələrində ağ vərəqlərlə bölüşür bu niskilini... “İncil”də deyildiyi kimi:”...yaza-yaza özünü xilas edir.”

Nurəngiz xanımın şeirlərindəki bu ağrı zaman-zaman içimizi göynədən, qəlbimizi sızladan bir ağrıdır: bütöv Vətən ağrısı, Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrəti...Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədir.

 

“Bu torpağın üstündən Araz adlı bir çay axır...

Qubar dolu suyundan hönkürüb

şərbət içmişəm.

Kənarında dəmir çəpər var!

Bu çəpərin küncündə ölmək üçün

Üç arşın yer seçmişəm”.

 

Nurəngiz xanım torpağını, xalqını,millətini sevən, türkçülüyü qoruyan bir ziyalıdır. Onun üçün türklərin hamısı eyni xalq, eyni millətdir.

 

“Yox! Yoxdur o türk, bu türk!

Türklər vardır ərzin üzündə...”

 

Nurəngiz xanım vaxtilə ustad Füzulimizin də böyük dəyər verdiyi Sözü yerli-yerində işlətməyi, sözə dəyər verməyi bacarır. Şeirlərinin adı da qeyri-adidir. Əksər şeirlərinin əsas qayəsi insan və onun mürəkkəb psixologiyasıdır. “Hökmü qayımmış zamanın” adlı hekayət xarakterli şeiri də çox fəlsəfi və düşündürücüdür. İllər sonra şair doğulub boya-başa çatdığı məkana gəlir.

“Xatırlayırsanmı məni, köhnə dalan, təngnəfəs döngələr?

Dər-divarlar, baba yurdum, od-ocağım?-deyə ürək ağrısı ilə soruşur. Bu ağrı-acılar hamımıza tanışdır. Hansı birimiz ata ocağına gedəndə bu hissləri keçirməmişik? Ancaq şairəyə ən çox təsir edən vaxtilə həyətlərində olan köpəyin kötükcəsi olan balaca küçüyün ona hürməsidir.

 

“Salam, qoçaq! Tanıyırsanmı, sən məni,

İtimizin kötükcəsi, quyruğu burcuq bala?

Hə, nə var belə, öz yiyənə hürürsən?

Dəli olma, mənəm də...

Sənin o ana nənəni öz tikəsiylə bəsləyən,

yemləyənəm də! Bala... oyam, o!”

 

Əslində, şair burada heyvanların simasında insanlara xitab edir. O qədər çörəyi dizinin üstündə olan, nankor insanlar var ki... Küçük heç olmasa, quyruğunu bulayıb hürür. Amma nankor insanlar var ki, ömrünün sonuna qədər öz xəbisliklərindən əl çəkmirlər.

“Heç bir hədiyyə istəmirəm. Mən elə bil haçansa padşah olmuşam. Gözüm o qədər toxdur ki.... İki balaca otağım var, bəsimdir. Nəhənglikdən, təmtəraqdan qorxuram. Həmişə küncdə otururam. Altı yerdə bağımız vardı. Otuz yeddidə babam Mirzə Ələkbər Hacızadəni sürgün etdilər. Hər şey...” Ardını demədi. Onun niskilini anladım. Qeyd etmək yerinə düşər ki, Nurəngiz xanımın hər iki babası zamanında milli ruhlu tarixi şəxsiyyətlər olub. Ata babası Bəşir bəy Qulubəyov dövlət məmuru olmasına rəğmən ruslaşmaya qarşı çıxıb və bu barışmaz mövqeyinə görə 1918-ci ildə rus generalı tərəfindən güllələnib. Ana babası dövrünün məşhur həkimi, köhnə bakılıların yaddaşında yaşayan Mirzə Ələkbər əfəndi Hacızadə 1937-ci ildə “pantürkist” damğası ilə repressiya qurbanı olub. Və ziyalıların bu cür “sıralanması” onun o zaman Təbrizdə yaşayan dayıları Ağasəlim və Agakərim Hacızadələrrdən də yan ötmədi.

 

“Budur işlərin əsli-

Min doqquz yüz otuz yeddi.

Dərəbəylik dərəbəyi

Soydu tökdü soy nəsli.

Ağlama, dərin quyum!

İzn ver, açım gözünü,

Deyim dərdi sözümü...”

 

Nurəngiz Gün əsrlərdən süzülüb gələn möhtəşəm Azərbaycan poeziyasını ideya-bədii, təkamül, həm də millilik baxımından bu günə qədər qoruyb saxlamağı bacaran dəyərli söz sahiblərindəndir. Həyati və fəlsəfi mövzular, zaman və məkan anlamı, insanın mürəkkəb-psixoloji xarakteri, gələcək nəsillərdən nigarançılıq həmişə onu düşündürür:

Deyirlər, yazıçılıq da bir taledi, bir qədər-qismətdi və Tanrı onu hər adama nəsib etmir. Heç şübhəsiz ki, şairlik onun alın yazısıdır. Onun haqqında ən dəyərli söz ustadlarımızı zamanında öz sözlərini deyiblər, bu gün də deyirlər. Şeirləri müxtəlif dillərə tərcümə olunaraq, dünyanın bir sıra ölkələrində, eləcə də qardaş Türkiyədə çap olunub. Dəfələrlə Azərbaycan nümayəndə heyətinin tərkibində müxtəlif konqreslərə qatılıb, orada Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Türk dünyasında xidmətlərinə görə Fəxri fərman və diplomlara layiq görülüb.

İllər çox sürətlə keçir. O qədər sürətlə ki, gözümüzü açıb yumunca dəqiqələr saata, günlər aylara, aylar illərə çevrilir. İllər isə insafsızcasına saçlarımıza, üzümüzə-gözümüzə “əl gəzdirir” və bir vaxt gözümüzü açıb görürük ki, ömür doğrudan da vəfasızmış... Amma ürəyində nur, sevgi olan insanlar həmişə cavan qalırlar. Nurəngiz xanım kimi.

Bu gün Nurəngiz xanımın doğum günüdür. Mən bilərəkdən onun yaşını yazmıram, heç özü də yaşını gizlətmir. Amma həmin yaşı Nurəngiz xanıma qətiyyən vermək mümkün deyil! Çünki ürəyi nurlu, qəlbi işıqlıdır.

Nurəngiz xanım həm də xoşbəxt ana və nəvəsini ürəkdən sevən bir nənədir. Ana olmaq qadın üçün çox böyük səadətdir.. Və bu səadəti illər öncə “Ağuşumda Jaləm və titrəyişim...”-deyən Nurəngiz xanıma Tanrı bəxş edib. Onun qızı Jalə Əliyeva çox istedadlı bir alim, filoloq, ən əsası isə anası kimi geniş qəlbli bir xanımdır. Bu gün millətin vəkili kimi çox işlər görür. Mən onu dəfələrlə müxtəlif toplantılarda, xalqın, millətin arasında görmüşəm. Vətən üçün belə övlad tərbiyə edib yetişdirən anaya eşq olsun!

O insan xoşbəxtdir ki, özündən sonra iz qoyub gedir. Mübarizələrlə dolu bu ağrılı-acılı həyatda bu adı qazanmaq çox çətindir. Və heç şübhəsiz ki, hər zaman türkçülüyümüzü, milliliyimizi qoruyan, ədəbiyyatımıza başucalığı gətirən ondan çox kitabın müəllifi, “Yoxdur o türk, bu türk!”, “Müqəddəs Ölülər tarixin bəzəyidir” deyərək böyük Türk dünyasına səs salan, dərdli Xocalıya, gedən Qarabağımıza yas tutan, “Qoca Dərya, di çalxan!”deyən Nurəngiz Günün adı tarixdə əbədi qalacaq!

 

“Arxamda sarp enişlər,

Çiynimdə günəş tayası.

Ağuşumda Jaləm və titrəyişim...

Yol gedirəm, yol olanadək!”

 

Əziz Nurəngiz xanım! Mən sizi bağrıma basaraq ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət arzulayıram.

Tanrı sizi qorusun!

 

 

Südabə SƏRVİ

 

525-ci qəzet.- 2010.- 21 sentyabr.- S.7.