Filologiyada yaşanmış
ömür
Bəkir Nəbiyev
böyük ədəbiyyat dünyasına navator kimi gəldi.
Həmişə bədii ədəbiyyat tarixi tələbata
görə, cəmiyyətin zövqünə görə
formalaşıb. İctimai sifariş olaraq, əsl ədəbiyyat,
bəşəri ədəbiyyat həmişə
ömrünü belə yaşayıb və bu gün də
elə yaşayır. Bir vaxt özünün zamanının
aynası sayılan ədəbiyyat faktı olmasını Nəsimi
belə ifadə elədi: “Ərşlə fərşü
kafü nun məndə bulundu cümlə... zərrə mənəm,
günəş mənəm, çar ilə pəncü
şeş mənəm...”
İki əsr sonra Nəsiminin
çiynində yüksələn Füzuli özünü,
sənət yolunu bu şəkildə e’lan etdi: “Qəzəldir
səfabəxşi-əhli-nəzər... Qəzəl de ki, məşhuri-dövran
ola”
Daha iki əsr sonra Vidadi ilə Vaqif
dedilər ki, “Külli Qarabağın abi-həyatı Nərmü
nazik bayatıdır, bayatı”. Bu böyük sələflərindən
mükəmməllik öyrənib öz üslubunu öz zəmanəsinin
estetik tələbləri üstündə quran Sabir daha iki əsr
keçdikdən sonra ustadlarına arxa çevirdi və onlara
güldü: “Ey alnın ay, ey üzün günəş, ey
qaşların kəman!... Qah, qah! Qəribə gülməlisən,
xaniman xərab”. Bu dövrün şeiri də bu idi. Və beləcə
Azərbaycan sovet ədəbiyyatını, yeni dövrün ədəbiyyatını
yaradan böyük sənətkarların ədəbi tənqidi
yetişdi. C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, R.Rza,
M.Rahim, Mir Jəlal, M.İbrahimov... ədəbiyyatının
təhlilini verən Ə.Nazim, M.Quliyev, M.Rəfili, M.Arif, M.Cəfər
kimi tənqidçilər nəsli fəaliyyət göstərdi.
Hər dövrün bədii
yaradıcılığını o nəslin
yaşıdı olan ədəbi tənqid daha dürüst dəyərləndirir.
Çünki eyni nəsildən olan yazıçı və
tənqidçi eyni ictimai və estetik zövqün yetirmələri
olurlar və bir-birlərini daha rahat duyurlar. Keçən əsrin
50-ci illərində yeni üslubi istiqamətdə, ətraf
mühiti daha həssaslıqla qavrayan və əks etdirən,
müasir dünya ədəbiyyatına aldıqları filoloji
biliklə, öz ağsaqqal nəsil
yazıçılarımızdan öyrəndikləri sənətkarlıq
təcrübəsi ilə daha yaxından təmas edən təzə,
gənc ədəbiyyat nəsli yaranırdı. Bu
yazıçı və şairlərin işlətdikləri
dil-ifadə nümunələri də əvvəlkilərdən
fərqlənirdi. İ.Səfərli, B.Vahabzadə,
İ.Şıxlı, İ.Hüseynov, S.Əhmədov, Ə.Kərim
nəsli ədəbiyyatımıza yeni nəfəs gətirir,
müasirləri olan gənc oxuculara yeni zövq
aşılayırdılar. Universitetin filoloji fakültəsinin
tələbəsi Bəkir Nəbiyev bu cavan ədəbiyyatın
tənqidçisi oldu. Gənc Bəkir gənc ədəbiyyatı
təcrübəli tənqidçilərdən daha artıq həssaslıqla
duyurdu. Bir növ atalar-oğullar qarşıdurmasına bənzər
ədəbi fikir haçalanması meydana
çıxırdı. Atalar keçmişə daha rəğbətlə
baxar, müəyyən dərəcəyə qədər
mühafizəkar olar, yeniliyə bir qədər tərəddüdlə
yanaşarlar. Oğullar heç bir tərəddüd göstərmədən
yenilikdən dörd əllə yapışar, yeniliyi dərhal
duyar və onu qoruyarlar. Təbii ki, söhbət istedadlı
oğuldan gedir, tutuquşu oğullardan yox. Bəkir Nəbiyevin
yenilikçi zövqü ilə ədəbi prosesə gəlişini
ədəbi prosesin özü hiss etdi və onu qəbul etdi. Mən
filologiya fakültəsinin birinci kursunda olanda o,
dördüncü, ya beşinci kursda idi. Onda biz onu tələbə
həmkarımız kimi yox, üslublu bir tənqidçi kimi
tanıyırdıq. Onun ədəbi tənqiddəki
yenilikçiliyini, məsələn, həmin onillikdə Əli
Kərimin şerdəki navatorluğu kimi qəbul edirdik. Mən
həmin illərdə Nətəvan klubunda S.Vurğunun, Mehdi
Hüseynin iştirak etdikləri məclislərdə rəğbətlə
qarşılanan çıxışları ilə Bəkirin
özünü, dərin biliyini göstərməsinin
şahidi olmuşam. Hələ o zamanlar, mətbuatdakı
yazıları ilə yanaşı, bu gün müxtəlif
kürsülərdən, televiziyalardan eşitdiyimiz aydın,
rəvan çıxışları ilə də Bəkir
diqqəti cəlb edirdi. Təbii ki, oxuduğu Azərbaycan
Dövlət Universiteti Bəkir Nəbiyevin bu istedadına
laqeyd qala bilməzdi. Aspirant Bəkir Nəbiyev dissertasiya
mövzusu seçməkdə də bir orijinal addım
atdı. O vaxta qədər bizdə ya ayrı-ayrı
yazıçı və şairlərin bədii
yaradıcılığı, ya da müəyyən dövrlər
üzrə bir janrın konkret materialı tədqiqat
mövzusu kimi götürülürdü. Bəkir ədəbiyyatşınaslığı
– bədii ədəbiyyatı öyrənən elm sahəsinin
özünü tədqiq etməyə başladı. Azərbaycanın
ilk professional ədəbiyyatşınas və tənqidçisi
Firidun bəy Köçərlinin elmi
yaradıcılığını özünə dissertasiya
mövzusu seçdi. Firidun bəyi bilmək
bütövlükdə Azərbaycan ədəbiyyat tarixini,
Şərq ədəbiyyatını, Şərqin fəlsəfi
fikir tarixini bilmək demək idi. Beləliklə, Bəkir Nəbiyev
iki universitet təhsili almış oldu. Biri 50-ci illərdə
mükəmməl proqramla tədris aparan Azərbaycan
universitetinin təhsili idi. Böyük ədəbiyyat biliciləri,
nəzəriyyəçiləri M.Rəfili, Ə.Sultanlı,
M.Arif, Mir Jəlal, H.Araslı, J.Xəndan, M.Jəfər,
F.Qasımzadə kimi ustad müəllimlərin kamil mülahizələrindən
istiqamətlənərək Azərbaycan ədəbiyyatı
ilə yanaşı, rus və dünya ədəbiyyatını
oxuyan B.Nəbiyev öz fərdi mütaliəsi sayəsində
Belinskini, Dobrolyubovu, Avropanın filosoflarını dərindən
öyrənməklə hələ tələbəlik illərində
sözün əsl mənasında müasir ədəbi tənqidin
istedadlı nümuyəndəsi kimi seçilməyə
başladı. O, ikinci universitet təhsilini məhz Firudun bəy
Köçərlidən aldı. Məhz Firudun bəyin sayəsində
B.Nəbiyev Azərbaycan ədəbiyyatını ümumşərq
kontekstində öyrəndi. Bəkirin təhsil
aldığı dövrdə ədəbi hadisələrin
şərhində adətən rus və Avropa nəzəri mənbələrinə
söykənirdilər. Firidun bəydə isə Şərqin
türk, fars, ərəb dillərində yazılmış
klassikləri əsas götürülürdü. Azərbaycan
klassik ədəbiyyatı təsəvvüf fəlsəfəsinin
üstündə durur. Firudun bəy Azərbaycan ədəbiyyatının
təsvirində həmin fəlsəfi məzmunu
açırdı. Beləliklə, gənc B.Nəbiyev ədəbiyyatımızı
bütöv bir sistem kimi, bünövrəsindən, doğma
fəlsəfəsi ilə öyrənirdi. Başqalarından
fərqli olaraq, Bəkir üzərində sovet ideoloji
yasaqları olan məqamları Firudun bəyin vasitəsilə,
Firudun bəyi tədqiq yolu ilə mənimsəyirdi. Beləcə,
dinin, islamın qadağan edildiyi dövrdə Bəkir Azərbaycan
və Şərqin klassik dünyəvi ədəbiyyatının
fəlsəfi açarı sayılan təsəvvüfə
yiyələnirdi. XIX əsrin təriqət ədəbiyyatının
məzmununa və estetikasına nüfuz edirdi. Məsələn,
Füzulinin “Hədiqətiüs-süədası”nın hər
cür tədqiqatdan kənarda qaldığı, kimlərinsə
Füzuli dilinin çətinliyindən gileyləndiyi dövrdə
Bəkir Nəbiyev Firudun bəydə oxuyurdu: “Türk dilinə
rövnəq verən və onu xarü xaşakdən təmizləyib
bir göyçək və səfalı çəmənə
bənzədən Füzuli olubdur... Əgərçi “Hədiqətüs-şüəda”
nəsr ilə təhrir olunubdur, lakin bu nəsrdə o qədər
məharət və fəsahət göstərmiş ki və
əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl
və şirin dil ilə yazmış ki, əhli-zövq və
ərbabi-mərifət indində onun dərəcə və mənziləti
çox nəzmlərdən artıqraqdır”.
Sözümün canı odur ki, Bəkir Nəbiyev müasir ədəbi
prosesin nümayəndəsi və sovet ədəbiyyatı
mütəxəssisi sayıldığı halda, klassik ədəbiyyatımızın
açılmamış qatlarına nüfuz edir, ən fəlsəfi
və ən zərif incəliklərinə yiyələnirdi.
Beləliklə, hələ ilk yaradıcılıq
dövründəcə Bəkir, bir tərəfdən, klassik
və müasir Azərbaycan ədəbiyyatı, o biri tərəfdən,
rus-Avropa və Azərbaycan-Şərq ədəbi
düşüncə təcrübələrini öz tədqiqlərində
birləşdirdi. Onun sonrakı bütün uğurları bu
bilik təməlində getdi. Məhz bu köklü, əhatəli
bilik onu bu günün böyük ədəbiyyatşünası
etdi; aspirantlığında Firidun bəy Köçərli
universitetində qazandığı klassik ədəbiyyat
biliyi sayəsində 80 yaşında klassik əruz
poeziyamızın mövzusunda təzə, orijinal söz deyəcək.
Hələ Bəkir Nəbiyevdə Şərq intellektinə
həvəs, milli ədəbiyyat tarixinə həssaslıq
Firudun bəylə bağlı məsələnin bir tərəfidir.
Məsələnin o biri tərəfi siyasi məzmun
daşıyır. Bəkir böyük siyasi cəsarət
işləyirdi. Firudun bəyi sovet dövləti qətl eləmişdi
və sonrakı dövrlərdə, tam qadağan edilməsə
də, onun yaradıcılığı üzərində
yarımyasaq vardı. 1960-cı ildə üç cildlik “Azərbaycan
ədəbiyyatı tarixi”ndə K.Talıbzadənin “Firudun bəy
Köçərli” oçerkindən və B.Nəbiyevin namizədlik
dissertasiyasından sonra ədəbiyyatşünaslığımızın
qapıları Firudun bəyin üzünə taybatay
açılır. Həm də üstündən otuz yeddi
rüzgarı keçmiş bir ailənin övladı bu
işi görürdü. Deməli, bu cəsarət Bəkirin
zatından gəlirdi: “Hər kimin var isə zatında şərarət
küfrü, İstilahati-ülum ilə müsəlman olmaz”.
Bəli, quyuya su tökməklə dolmur: Bəkirin əhatəli
mütaliə və istedadlı işgüzarlıqla
qazandığı filoloji mükəmməllik onun nəsil
şəcərəsinin kökləri üstündə
göyərirdi. Bəkir Nəbiyevin mükəmməl
elm-bilik üzərində duran ədəbi-tənqidi fəaliyyəti
dərhal ictimaiyyətin diqqətini çəkdi. Birinci
növbədə, dövrün mətbuat orqanları, necə
deyərlər, Bəkirin üstündə “dava saldılar”.
O, “Azərbaycan gəncləri” qəzetində işə
başladı. O zaman bu qəzetin cəsarətli
yazıları və aşkarlıq fəaliyyəti ilə
geniş oxucu kütləsinin rəğbətini
qazanmasında Bəkir Nəbiyevin də payı vardı. Bu
böyük qələm sahibini “yuxarıdan” səviyyəsini
yüksəltmək üçün mərkəzi Komitənin
mətbuat orqanı olan “Kommunist” qəzetinə şö’bə
müdiri apardılar. Əlbəttə, hara getsə, Bəkirin
istedadı özünü göstərirdi. Ancaq onun elm
istedadını başına buraxmaq, onu respublikanın
filologiya elminin inkişafına cəlb etməkdə ləngimək
ictimaiyyətimiz üçün çox şey itirmək demək
olardı. Azərbaycan sovet ədəbiyyatşünaslığının
patriarxı akademik Məmməd Arif Bəkir Nəbiyevi əsl
yerinə – Azərbaycan Elmlər Akkademiyasına gətirdi. Bəkir
öz həmişəlik yerini tapdı, öz böyük
müəlliminin elmini və elm təşkilatçılığını
ləyaqətlə davam etdirdi. Bu gün AMEA Ədəbiyyat
İnstitutunun rəhbəri kimi akademik Bəkir Nəbiyev
bütün enerjisini sərf edir. Enerji də ki, maşallah,
var. Ədəbiyyat tariximizin altıcildliyi sıra ilə
çıxır. “Molla Nəsrəddin” cildləri öz
tarixi gülüşlərini evlərimizə
daşıyır və s. Sevindirici odur ki, bu böyük təşkilatçılıq
işləri ilə yanaşı, akademik B.Nəbiyev elmi
yaradıcılığını da gənclik
gümrahlığı ilə davam etdirir. O, böyük
problemlərdən də yazır, ayrı-ayrı söz
ustalarının fərdi portretlərini də
canlandırır. Onun bu portret yaradıcılığı məqalələr
halında fasiləsiz olaraq, gündəlik mətbuat səhifələrində
çap olunur, həm də televiziya kanallarında söhbətlər
şəklində təqdim olunur. Onun bir neçə il əvvəl
Hüseyn Kürdoğlunun yaradıcılığı
haqqında məqaləsi böyük filoloji mətləblərin
yığcam ifadəsinə gözəl nümunədir. Məqalədə
hər abzas bir bitkin mətləbdir. Ayrı-ayrı şeirlərin
şərhində günümüzün ictimai məzmunu ifadə
olunur. Akademik B.Nəbiyevin bu məqaləsində onun
50-60-cı illərdəki yazılarının gənclik enerjisini
gördüm. Yə’ni “əlimdədir hələ qələm”
– deyir. Təki qələmi işləsin, bu qələm həmişə
elm deyib, həmişə yeni sözü deyib, həmişə
problem qaldırıb, həmişə ədəbi prosesi
yönəldib. Yaxud onun Əliağa Kürçaylı
haqqında televiziya söhbəti bir ciddi tədqiqat idi. Gətirdiyi
dil faktları ilə Əliağanın şeirindəki rəngləri,
mənzərəni film kimi tamaşaçıların
gözündə canlandırırdı. Yazıda bu işi
görmək olar, ancaq söhbətdə bu əyanilik bir
möcüzədir. Yəni B.Nəbiyev yazılarında da,
söhbətlərində də eyni dərəcədə tədqiqatçıdır.
Dərin, mükəmməl fikrin olması bir istedaddır, onu
danışdıqda bütün incəlikləri ilə
aydın çatdırmaq ayrıca bir istedaddır. Bilmirəm,
Bəkir müəllim həmin söhbətini yazıya
aldı, məqaləyə çevirdi, yoxsa yazmadı, ancaq
beş ay bundan əvvəlki həmin söhbət bu gün də
gözlərimin qabağındadır. Yeri gəlmişkən:
şairlərin, müğənnilərin, ümumiyyətlə,
sənət adamlarının fitri qabiliyyəti, Allah vergisi
deyilən bir keyfiyyəti olur. Bizim Bəkir müəllimin də
belə bir Allah vergisi var: natiqliyi – rəvan, aydın, bəlağətli,
dolğun nitqi. Bəkir müəllim gözəl nitq mədəniyyəti
ilə, bir qiraətçi səriştəsi ilə həmişə
auditoriyaların sevgisini görüb. Bu istedadı sayəsində
o, hələ 40 il bundan əvvəl Molla Pənah Vaqifin
yubileyindəki məruzəsi ilə Mərkəzi Komitənin
katibi H.Əliyevin rəğbətini qazandı. Məruzəsinin
kamil məzmunu ilə onun aydın nitqi üzvi şəkildə
birləşib bütün dinləyənlərin diqqətini
özünə çəkirdi. Məzmunlu sözlərə
böyük həssaslıq göstərən dövlət
başçısının məruzədən duyduğu məmunluğu
hamı kimi mən də seyr edirdim. Bunu da əlavə edim ki,
Bəkir müəllim rusca da eyni dərəcədə
dürüst və rəvan nitq sahibidir. O, sovetlər
zamanı dəfələrlə Moskvada məruzə və
çıxışları ilə Azərbaycan ədəbiyyatşünaslığının
başını uca eləyib. Bu istedadına görə Azərbaycan
yazıçılarının bir qurultayında ağsaqqal Məmməd
Arif müəllim öz məruzəsini oxumağı gənc
Bəkir Nəbiyevdən xahiş etdi. Mənzərə
gözümün qabağındadır: aydın tələffüzü,
yerli-yerində məntiqi vurğuları ilə məruzənin
məzmununu, incəliklərini böyük salona
çatdıran Bəkirin oxusunu Arif müəllim özü
təbəssümlə izləyirdi. Bəkir müəllim Hələb
Dövlət Universitetindəki məruzəsi haqqında belə
bir qeyd verir: “...birdən heç kəsin gözləmədiyi
bir hadisə baş verdi: mən Nəsiminin “Yanaram eşqindən,
axar gözlərimdən yaşlər, Firqətin dərdi
çıxardı yürəgimdən başlər” mətləli
qəzəlini oxuyub bitirən kimi onun sətri tərcüməsinin
səslənməsinə səbri çatmayan dinləyicilər
həyəcanla əl çalmağa başladılar və bu
alqışlar o qədər də tez kəsilmədi. Mən
elə o gün də, sonralar da bir götür-qoy edib bu qəribə
hadisənin səbəbini özüm
aydınlaşdırmağa çalışdım.
Salondakılar məna və məzmununu bilmədikləri bu qəzələ
nə üçün belə fəal reaksiya vermişdilər?”
Bu reaksiyanın səbəbini mən bilirəm. Nəsimi
şeirinin ahəngi, ritmi Bəkir müəllimin qiraətçi
oxusu ilə daha da dolğunlaşaraq dinləyicilərin beyninə,
duyğularına bir musiqi kimi hopub, bu musiqi semantikasının
dinləyicilər üçün əlavə sözlə
şərhinə ehtiyac qalmayıb. Mən bunun
analogiyasını şəxsən yaşamışam: dəfələrlə
olub ki, aşığın gözəl bir saz havası ilə
oxumağını dinləyərkən istəmişəm
ki, kaş oxumayaydı, elə çalaydı, elə bil
söz saz melodiyasının iliyimə işləməsinə
mane olur. Hesab edirəm ki, Bəkir müəllim Nəsimi
şeirini öz tələffüz bəlağətilə
dinləyicilərə musiqi kimi içirib və dinləyicilər
bu musiqi sərməstliyini sözlə dağıtmaq istəməyiblər.
Yəni “Öylə sərməstəm ki, idrak etməzəm
dünya nədir” hadisəsi baş verib.
Bu, Bəkir müəllimin
həmin Allah vergisi istedadının hikmətidir (mən tələbə
olarkən eşitmişdim ki, M.Qorki Bakıya gələrkən
ona Sabirin fəhlə mövzusunda satiralarını
oxumuşlar; o, şeirlərə qulaq asıb deyib: “Mənasını
anlamadım, ancaq melodiyasından gördüm ki, əsl
şeir belə olar”. Və deməli, Bəkir müəllim Nəsimi
şeirinin bədii semantikasını salona qəzəlin ritmi
və özünün intonasiyasıyla yetiribmiş). Adətən
yaradıcı insanlar əgər, necə deyərlər,
qablarında bir şey varsa, yaradıcılıqlarının
başlanğıcında navatorluq edərlər. Dedik ki, Bəkir
ədəbi-elmi mühitə navator kimi gəldi – bu
yaşın yenilikçiliyi dünya təcrübəsində
təbii haldır. Ancaq qeyri-adi olan odur ki, akademik Bəkir Nəbiyev
80 yaşında da ikinci dəfə özünü navator kimi
göstərdi – özü də məhz 80 yaş ərəfəsindəki
bir tədqiqatı ilə: “Nəsimi qəzəlindəki bir qədim
qafiyə yuvasının izi ilə”. Akademik B.Nəbiyev bu məqaləsini
Nəsiminin bir qəzəlinə həsr edib. Məqalədə
Nəsiminin bir qəzəlinin Azərbaycan şeir tarixindəki
yerindən söhbət gedir. Adətən bir şairin
(yazıçının) və ya məsələn,
Füzulinin “Leyli və Məcnun” poeması həcmində bir əsərin
ədəbiyyat tarixindəki yerindən danışarlar. Biz
belə görməyə vərdiş etmişik. Ancaq B.Nəbiyev
doqquz beytlik bir qəzəli götürüb, onun bələdçiliyi
ilə qədim tarixə malik olan Azərbaycan şerinin səkkiz
yüz illik dövrünü izləyir. İyirmi iki səhifəlik
məqalədə müəllif bir kitabın
sözünü deyib. Burada bədii söz tariximiz bir zəncir
kimi alınır – müxtəlif əsrlərdə
yaşamış şairlərimizdən hər biri bu uzun
silsilənin bir bəndi-bağı olur. Bu silsilə hələlik
XIII əsrdən XX əsrə qədər gəlir (“hələlik”
deyirəm, ona görə ki, bəlkə müəllif
özü, ya gələcəyin başqa bir gənc tədqiqatçısı
buraya yeni fakt-həlqələr qoşacaq): Qazi Bürhanəddin
– Nəsimi – Xətai – Təbrizi – M.Sabir. Bu, az qala,
bütöv Azərbaycan ədəbiyyatının, Azərbaycan
şeirinin tarixidir. Hər fərd bir bənd kimi bu zəncirə
bağlanır. Bu zənciri qırmaq olmaz. Bu, bir xalqın
yazılı yaradıcılığının səkkiz
yüz ilidir. Bir zamanlar bəzi-para adlı-sanlı Azərbaycan
tarixçiləri mənim türkcəmin, deməli, Azərbaycan
ədəbiyyatının tarixini XVIII əsrdən
başlayırdılar. Əgər Bəkir müəllimin bu
zəncirini qırmaq mümkündürsə, onda həmin
tarixçilərin də sözü bir söz ola bilərdi.
Deməli, akademik B.Nəbiyevin bu tədqiqatı sadəcə
bir ədəbiyyat işi olaraq qalmır, sözün əsl mənasında
azərbaycanşünaslığa xidmət göstərən
bir araşdırmadır, böyük azərbaycanşünaslıq
binasının tutumlu bir kərpicidir. Tədqiqatın elmi dərinliyi
olanda fikir bir mətləb dairəsindən çıxıb,
geniş əhatə dairəsinə düşür və
onun məzmunu bu məqalədəki kimi ümumxalq əhəmiyyəti
kəsb edir, milli dəyərə çevrilir. Bəkir müəllimin
bu tədqiqatı bir detalın əsasında
yazılmış, bir qafiyənin üstündə qurulmuşdur.
Arxada böyük yaradıcılıq yolu qoymuş nəhəng
alimin, muğam termini ilə desək, belə xırdalıqlar
– incəliklər etməsi elə-belə yeni bir məqalə
yazmaq deyil. Bu, filologiyanı təzə yaradıcılıq
yoluna yönəltməkdir. Ədəbiyyat tariximizin mahiyyətini
detallarla da açmağa diqqət verməliyik. Klassiklərimizi
məhz belə, şeir-şeir, misra-misra, qafiyə-qafiyə
öyrənməliyik. Ancaq onda deyə biləcəyik ki, ədəbiyyatımızı
mənimsəmişik, onu özümüzün etmişik. Əlbəttə,
ədəbiyyat tariximizi öyrənən monumental tədqiqatlarımız
var. Ancaq incəliklərə çox diqqət etməmişik.
Ən çox ictimai-ideya məzmununa baxmışıq, sənətkarlığa
nisbətən az yer vermişik. Biz klassiklərimizi ümumən
dərslik səviyyəsində öyrənmişik, incəliklərə
çox varmamışıq. B.Nəbiyevin tədqiqatındakı
kimi uzaq tarixi məsafələri əhatə etməsə də,
epizodik şəkildə dilçilərin tədqiqlərində
belə detalçılıqlara təsadüf olunur (məhz təsadüf
olunur). Ancaq Bəkir müəllim bir tədqiqat istiqaməti
kimi bu məsələyə diqqəti cəlb edir. O, deyilən
istiqaməti müasir ədəbiyyatşünaslığa
tövsiyə edir və özü də örnək verir, əyani
şəkildə nümunə göstərir. Orta əsrlərlə
yeni dövr Azərbaycan şeiri arasındakı əlaqənin
məntiq kələfinin ucunu aça-aça gəlir – yəni
“belə işləyin” – deyir. Və deyim ki, bugünkü ədəbiyyat
elmimizin ağsaqqalı kimi Bəkir müəllimin buna həm
mənəvi, həm də hüquqi haqqı var, hətta bu
onun bilavasitə elm təşkilatçısı kimi borcudur.
Bu məqalə köklü bir tədqiqatdır. Ciddi
axtarışın nəticəsidir – hər fakt aylarla, həftələrlə,
günlərlə aparılmış zəhmətli bir
axtarışın bəhrəsidir. Bu yığcam tədqiqat
bu yöndə gələcək monumental
araşdırmaların proqramıdır. Gələcəkdə
bu yöndə iş M.Füzulinin, M.P.Vaqifin, M.Sabirin, M.Hadinin
və başqa şairlərimizin
yaradıcılığı (qafiyələri) üzrə də
aparılmalıdır. Təfərrüatına varmasa da,
özü, məsələn, Ə.Vahiddə bir qafiyəyə
işarə edir. Yaxud Anadolu şairi Nicatidən verdiyi
nümunənin timsalında B.Nəbiyev bu istiqamətdə tədqiqatların
geniş mənada türk ədəbiyyatları kontekstində
aparılmasının da böyük filoloji əhəmiyyət
kəsb etdiyinə işarə etmiş olur. Buna bənzər
tədqiqatlar həm bizdə, həm də qohum türk ədəbiyyatlarında
nəzirə şeirləri üzrə
aparılmışdır. Ancaq Bəkir müəllimin tədqiqatı
ondan köklü surətdə fərqlənir. Onlarda tədqiqlər
formaya görə tutuşdurmadır. Bu, gözlə
görünən nümunələrdir. Ancaq B.Nəbiyevdəki
faktlar zərrəbinlə aşkar edilmişdir. Bu, iç
faktıdır, sənətkarlıq təhlilidir. Bu məqalənin
dəyəri təkcə onda deyil ki, Nəsiminin bir qafiyəsinin
izinə düşüb də, Azərbaycan klassik şer sənətində
bir sənətkarlıq sirrinin üstünü açıb.
Füzuli deyirdi: “Hər riştə ki Həqq əyan edibdir,
Sərriştəsini nihan edibdir”. Bu məqalədə Bəkir
müəllim bu gizli yaradıcılıq iplərinin ucunu
tapmağın sirlərini təlim edir. Nəsimi deyir: “Əridi
iligim, sındı sümügüm, Tənimdən can gedər,
yarım, səninçün”. Xətai deyir: “Əridi iligim,
qaldı sümügüm, Bu təni tərk edər canım,
nə dersən”; Nəsimi deyir: “Hökm anın, buyruq
anın, ol sahibi-əmri xitab”. Füzuli deyir: “Hökm anın
hökmüdürür, fərman anın fərmanıdır”;
Nəsimi deyir: “Aşiq oldur, canını qıldı fəda
cananına”; Füzuli deyir: “Aşiq oldur kim, qılır
canın fəda cananına”. Nəsimi deyir: “Fəraqi çəkməyən
aşiq vüsalin qədrini bilməz”. Füzuli deyir: “Şəfayi-vəsl
qədrin hicr ilə bimar olandan sor” və s. Müxtəlif əsrlərdəki
bu misra-misra eyniyyətlər nədir? Köçürmədirmi,
mənimsəmədirmi? Bəs onda bu nədir – xalqda: “İldə
qurban bir olsa, Sənə qurban gündə mən”; Nəsimidə:
“Əhli-aləm ildə bir qurban edərlər eyd için, Hər
zaman qurbaninəm, ey cümlə qurban sizlərə”.
Bütün bunlar bu bədii düşüncələrin eyni
etnik kökdən, bir milli düşüncədən qaynaqlanması
deməkdir. Bu, xalq ədəbiyyatı ilə
yazılının, sələflə xələfin
yaradıcılıq əlaqələrinin iç sirləridir.
Bəkir müəllim bu məqaləsində bu sirlərdən
birini açıb, indi gənc filoloji ictimaiyyətimizi bu sirlər
xəzinəsinə girməyə şövqləndirir. Əlbəttə,
məqalənin baş qayəsi budur. Ancaq tədqiqatçı
replikalarla çox mətləblərə işarə edir,
klassik şeirin yeri gəldikcə bəzi-bəzi janr əlamətləri
haqqında da sözünü deyir ki, bunlar bugünkü
halında klassik ədəbiyyatın təlimində və tədqiqində
öz faydasını verəcək. Məsələn, həqiqətən
qəzəlin beytlərində məzmun müstəqilliyi var.
Bu mənada hər qəzəl bir fikir almanaxıdır.
Sücet qəzəl üçün janr mahiyyəti deyil. Deyək
ki, Füzulinin “Qıldı ol sərv səhər naz ilə həmmamə
xüram” misrası ilə başlanan qəzəlində hər
sonrakı beyt əvvəlkinin davamıdır – qəzəlin
süjeti var. Bəkir müəllim göstərir ki, bu,
bütövlükdə Şərqin qəzəl şeirində
nadir hadisədir. Bəkir müəllimin təhlil
üçün seçdiyi qəzəl də şeir
tariximiz üçün qeyri-adi poetik hadisələrdəndir,
məsələn, “Məni candan usandırdı” qəzəli
kimi məşhur nümunələrdəndir. Qəzəl
lüğət tərkibinə görə də Nəsimi
dilini tipik şəkildə təmsil edir. Mənim hesablamama
görə, Nəsimi lüğətinin təxminən 60-65
faizi türkcədir, əksinə, türkcə leksika
Füzuli dilinin 35-40 faizi qədərdir. Qəzəlin dili həmin
nisbəti təsdiqləyir. Məqalə müəllifinin də
şəxsən diqqət yetirdiyi kimi, qəzəlin təkcə
qafiyə sistemində on sözdən (yaş, baş, daş,
qaş...) ancaq biri (nəqqaş) əcnəbi sözdür və
qəribədir ki, qəzəlin dilindəki yeganə izafət
də (dərdi-fəraq) məhz bu beytdədir: “Olmuşam dərdi-fəraqindən
zəif ol həddə kim, Gətirəmməzlər xəyalə
nəqşimi nəqqaşlər” (Füzulidə müq.et:
“Öylə zəif qıl tənimi firqətində kim, Vəslinə
mümkün ola yetirmək səba məni”). Qəzəl Nəsimi
dili üçün səciyyəvi olan xalq danışıq
türkcəsini olduğu kimi əks etdirir. Elə bil akademik
B.Nəbiyev, Hacıbəyovların təşbehi ilə desək,
80 yaşlı yaradıcılığında gənclik
enerjisini göstərmək üçün bu məqaləni
qəsdən yazıb – 80 yaşlı gənc ünvanı ona
yaraşır. B.Nəbiyev 80 illik ömrünün
bütün tərəfləri ilə nümunəvidir. O,
böyük vətəndaşdır. Vətəndaşlığın
həm mə’lum böyük mənasında, vətənə,
millətə qulluq mənasında, həm də fərdi,
kiçik mə’nasında, yəni ayrı-ayrı şəxslərə
, ehtiyacı olan insanlara kömək əli uzatmaq mə’nasında
vətəndaşdır. Elmi qabiliyyəti olan qaçqın-köçkün
kəslərin AMEA institutlarında işə düzəlmələrində
göstərdiyi qayğıkeşliyi görmüşəm.
O, gözəl ailə başçısıdır. Adı
keçən məqalədə “Ədalət naminə demək
lazımdır ki...” sözlərilə
başladığı obrazda birinci kəlməni görəndə
bir anlığa fikrə getdim. Düşündüm ki,
görəsən, bu sözü işlədəndə Bəkir
müəllim ürəyindən nə isə keçiribmi?
Onun evində fiziki-cismani mənada bir ədalət (əlbəttə,
Ədalət xanım) var ki, Bəkirin özündə mənəvi
və hüquqi mənadakı ədalətin biçimlənməsində,
şübhəsiz, bu xanımın böyük rolu olub. O,
yoldaşlarla söhbətlərində xanımının
adını çəkəndə həmişə “Ədalət
müəllimə” deyir. Bu müraciət mənim xoşuma gəlib.
Mən də evimizdə hərdən xanımıma bir söz
deyəndə “Bəkir müəllim demişkən, müəllimə,
filan şey filandır” formasından istifadə etmişəm.
Mən hesab edirəm ki, bu ailədə böyüyən
övladların tərbiyəsində atalarının
analarına “müəllimə” deməsi bir didaktik şeirin
işini görüb. Mən bu yazımda gah “Bəkir”, gah “Bəkir
müəllim”, gah “akademik Bəkir Nəbiyev” dedim. İkinci,
üçüncü ünvanları o, həyatda şərəflə
qazanıb, hamı ona bu sözləri işlədir. Birincini mən ona bir
tay-tuş, bir dost kimi deyirəm. Mənim Bəkirlə
çöl yoldaşlığım olub, sanatoriyada gözəl
günlər keçirmişik. Onun evində bir süfrə
başında oturmuşuq. O, mənim bağımda qumun
üstündə çəkdiyi maraqlı fiqurlarla kiçik
yaşlı oğlanlarımı əyləndirib... Bu
yaxınlarda televiziya çıxışında jurnalistin ona
“özünüzdə hansı keyfiyyətinizdən daha
çox razısınız?” sualına “ünsiyyətçilliyimdən”
– cavabını verdi. Həqiqətən, insanlarla ünsiyyət
saxlamaq, mehriban davranmaq onun istedadının bir
parçasıdır. Bu keyfiyyətinə görə, o,
uşaqla da, böyüklə də, dostla da, birinci dəfə
gördüyü bir insanla da çox asanlıqla dil tapa bilir.
Buna görə də o, hamını sevir. Ancaq
könlünün üç sevgili məhbubu var: vətəni
(milləti ilə birlikdə) Ədalət müəllimə
(övladları ilə birlikdə) və bir də filologiya
(bütün qolları ilə bir yerdə).
Tofiq HACIYEV
525-ci qəzet.- 2010.- 22 sentyabr.- S.7.