Naxçıvan mətbuatı: 90 illik tarixin canlı salnaməsi

 

Üçüncü yazı

 

Müstəqillik dövründə “Şərq qapısı” fikir plüralizmini, əqidə, söz azadlığını, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ və tərəfsiz əks etdirməyə çalışan, milli maraqları hakimiyyət maraqlarından üstün tutan mətbu orqanlardan biri kimi fəaliyyət göstərmişdir. Geniş oxucu kütləsinin qəzetə böyük maraq göstərməsinin əsas səbəbi isə heç şübhəsiz ki, bu qəzetin Azərbaycanı bəlalardan xilas edəcək liderin məhz ulu öndər Heydər Əliyev olduğunu öz səhifələrində qətiyyətlə və cəsarətlə ifadə etməsi idi. Laçın rayon sakini, ziyalı Səfa Rzayevin məktubu (21 fevral 1991-ci il) bu baxımdan maraqlıdır. Məktubun bir yerində deyilirdi: “Bizə parçalanma lazım deyil. Axı, cəbhələşmə erməni daşnaklarının dəyirmanına su tökməkdən daha dəhşətlidir. Biz Heydər Əliyev kimi görkəmli siyasiictimai xadimdən, onun təcrübəsindən, nüfuzundan, potensial imkanlarından nə üçün istifadə etməyək?” Qəzetin 9 may 1992-ci il tarixli nömrəsində dərc olunan “Şəxsiyyət” adlı məqalənin müəllifi prezident seçkiləri ərəfəsində vəzifə hərisləri və hakimiyyətdən öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışanlara üz tutaraq atdıqları hər addımı yüz dəfə ölçüb-biçməyə və qəflət yuxusundan ayılıb Heydər Əliyev şəxsiyyətinin varlığını dərk etməyə çağırırdı. Müəllif indiki ağır bir durumda kimi prezident seçmək gərəkdir sualına birmənalı belə cavab verirdi: “Əgər o şəxs faciələrimizi doğuran səbəbləri aşkarlayıb bizi batdığımız böhran bataqlığından çəkib çıxara biləcəksə, bakirəliyi tapdalanmış qızlarımızın, başları kəsilmiş ağsaqqallarımızın, tonqallarda yandırılmış körpələrimizin intiqamını almaq üçün bayquşlar yuvası olan daşnakstanın baş kəndini ikinci Xocalıya döndərə biləcəksə, öz polad yumruğunu günahsız xalqımızı qızıl xəzinələri üstə dilənçi kökünə salmış acgöz Azərbaycan mafiyasının təpəsində Koroğlu gürzünə çevirə biləcəksə buyursun... Bunun üçün qüdrətli şəxsiyyət olmaq gərəkdir. Belə bir şəxsiyyət isə 7 milyonluq xalqın içərisində hələlik bir nəfərdir, təkcə bir nəfər: Heydər Əliyev. Qurtardıq!”. Muxtar respublika Ali Məclisinə rəhbərlik etdiyi dövrdə – 1991-ci ilin sentyabrından 1993-cü ilin iyun ayınadək ümummilli lider regionun yeganə mətbu orqanı olan “Şərq qapısı” qəzetinin maliyyə fəaliyyəti ilə yaxından maraqlanmış, keçid dövrünün ağır günlərində onun müntəzəm nəşri üçün lazımi kömək göstərmişdir. Bu səbəbdən həmin dövrdə qəzetin tirajı xeyli artmış, o, Bakıda və digər bölgələrimizdə də maraqla oxunmuşdu. Qəzetin ən çox yaddaqalan və tədqiqatçıların marağını özünə çəkən dövrü, heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin çətin günlərdə həmyerliləri ilə birgə keçirdiyi görüşlər olacaq. Böyük dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin Naxçıvan dövrünə müraciət edən tədqiqatçılar üçün də qəzetin bu dövrkü çıxışları ən yaxşı bələdçi rolunu oynayır. Dahi siyasətçi o dövrdə həm də ağır iqtisadi blokada şəraitində yaşamasına baxmayaraq, dünyanın nəzər-diqqətini də mətbuatın gücü ilə bu qədim diyara yönəltməyi bacarmışdı. Buna konkret və canlı bir misal göstərmək istəyirəm.

1992-ci ilin mayı Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü təşkil edir. Həmin ayda Bakıda siyasi qüvvələrin başı hakimiyyət mübarizəsinə qarışdığından və Qarabağı yaddan çıxarmalarından istifadə edən Ermənistan ölkəmizə qarşı hücumlarını genişləndirərək Şuşa və Laçın şəhərlərini tutmuş, bununla Dağlıq Qarabağın işğalını başa çatdırmışdı. Ermənilər yaranmış şəraitdən istifadə edərək Naxçıvanı da ələ keçirmək üçün mayın 1-də muxtar respublikaya qarşı hərbi təcavüzə başlamışdı. Bu təcavüz bir neçə gün davam etmiş, yalnız ulu öndərin gərgin siyasi və diplomatik səyləri nəticəsində onun qarşısını müvəqqəti almaq mümkün olmuşdu. Lakin mayın 18-də ermənilər yenidən hücuma keçərək bir sıra sərhəd məntəqələrini ələ keçirməyə çalışmışdılar. Düşmənin hücumu nəticəsində hərbçilər və dinc əhali arasında çoxlu şəhid və yaralanan olmuş, on min nəfərdən artıq əhalinin yaşadığı Sədərək kəndi dağıdılmışdı. Bir neçə sərhəd kəndinin əhalisi isə təhlükəsiz yerə köçürülmüşdü. Təbii ki, belə mürəkkəb şəraitdə Heydər Əliyevin fonomenal siyasətçi dühası, onun beynəlxalq aləmdəki nüfuzu regionu real işğal təhlükəsindən xilas etmişdi. Həmin günlərdə Ali Məclisin sədri kimi Heydər Əliyev xarici dövlətlərin başçılarına, beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana hərbi təcavüzü barədə məlumat vermiş, bu təcavüzü dayandırmaq üçün əməli tədbirlər görülməsini tələb etmişdi. Məhz dahi siyasətçinin müraciətindən sonra bir çox ölkələrin, o cümlədən Rusiyanın informasiya agentliklərinin, mətbuat orqanlarının nümayəndələri Naxçıvana gələrək buradakı vəziyyət haqqında dünya ictimaiyyətini məlumatlandırmışdılar. Ulu öndərin sonralar qeyd etdiyi kimi, bu, o zaman ölkəmiz üçün böyük nailiyyət idi. Çünki Dağlıq Qarabağ münaqişəsi başlanandan ölkəmiz günahlandırılmış, mətbuat orqanları, dünya ictimaiyyəti həmişə ermənilərin xeyirinə, birtərəfli məlumatlar almışlar. Heydər Əliyevin səyləri nəticəsində dünya ictimaiyyətində ilk dəfə olaraq ölkəmiz haqqında düzgün, obyektiv təsəvvür yaradılmışdı və Ermənistanın təcavüzkar mövqeyi ifşa edilmişdi. Bu yerdə “İnterfaksagentliyinin baş direktorunun xatirələrindən bir iqtibas gətirmək istəyirəm: “...1992-ci ilin baharında mənə dedilər ki, bizə feldyeger gəlib. Mən hətta bunun nə demək olduğunu anlamadım. İndiyədək bizim bu xidmətlə əlaqəmiz olmamışdı. Mənim kabinetimə bir zabit daxil oldu, çantasından üzərində iri qırmızı hərflərlə “hökumət” sözləri yazılmış teleqram çıxardı, mən beləsini heç vaxt görməmişdim və o, məndən teleqramı aldığıma görə qol çəkməyi xahiş etdi. Teleqramın Naxçıvandakı vəziyyətlə bağlı informasiyadan ibarət olması məni çox təəccübləndirdi. Aşağıda imza var idi: “Heydər Əliyev “. Biz, əlbəttə, məlumatı həvəslə hazırladıq və buraxdıq. Bu gündən etibarən bizim Naxçıvandakı yeni “ştatdankənar müxbirlə” sıx işimiz başladı. Bu qeyri-adi əməkdaşlıq onun Azərbaycan prezidenti seçilməsinədək davam etdi. Az qala hər gün bizə feldyegerlər gəlir və onun imzası ilə bizə “hökumət” teleqramları gətirirdilər”. Ümummilli lider Heydər Əliyevin Tbilisidəki “Gürcüstan” qəzeti ilə də yaxından əməkdaşlığı olub. Sonralar ulu öndər bu barədə belə demişdi: “O vaxt Naxçıvanda idim. Naxçıvan blokada şəraitində idi. Gediş-gəliş yox idi. Mənim üçün gözlənilməyən bir hal idi ki, gürcü müxbir Tbilisidən Naxçıvana gəldi. Tamamilə qəflətən. Məni arayıb tapdılar. Orada bacımın kiçik bir evində yaşayırdım. Məndən bir çox məsələlər barəsində müsahibə götürdülər. Mən azad və müstəqil bir adam idim. Hansı bir qəzetçi, jurnalist mənə müraciət edirdisə, suallarına cavab verirdim... Sonra həmin müsahibəni indiGürcüstan” adını daşıyan qəzet Azərbaycan dilində dərc etdionu mənə göndərdilər. O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi”. Amma nə gizlədək, ümummilli liderimiz 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra muxtar respublikanın ictimai-siyasi və mədəni həyatının digər sahələrində yaranan boşluqlardan, yerli hakimiyyət orqanları arasındakı anlaşılmazlıqlardan region mətbuatına da acı pay düşüb. Bu səbəbdən 1994-cü ilin əvvəllərindən “Şərq qapısı” qəzeti öz tirajinı və dövriyyəliyini xeyli azaltmış, ondan sonrakı ildə isə fasilələrlə nəşr olunmuşdur. Həmin il ərzində kiçik formatda, 4 səhifə həcmində nəşr olunan qəzetin cəmi 54 nömrəsi işıq üzü görmüşdür. Ən acınacaqlı hal isə odur ki, 1995-ci ildə Muxtar Respublika Ali Məclisi sədrinin imzaladığı bir çox fərman və sərəncamlar mətbuatda öz əksini tapmamışdır. Naxçıvan mətbuatının lideri hesab edilən “Şərq qapısı” qəzetinin müstəqillik dövrümüzdə ilk yubileyi 1996-cı ilin noyabr ayında keçirilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev qəzetin 75 illik yubileyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda kollektivin əməyini yüksək qiymətləndirmişdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində canlı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğudemokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur”.

Qəzet, eyni zamanda, uzun illər boyu muxtar respublikada milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbi olub. Onun ideya-siyasi və peşəkarlıq səviyyəsi rayon qəzetləri üçün örnək kimi qəbul olunub. Qəzetin fəaliyyətində növbəti canlanma 2000-ci ilin əvvəllərində başlanılıb. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” imzaladığı sənəd ümummilli liderimizin “Azərbaycan milli mətbuatının 125 illiyi haqqında” sərəncamından qaynaqlanmışdır. Məhz bu sərəncamlardan sonra yerli qəzetlərin maddi-texniki bazası xeyli gücləndirilmiş, onların problemləri həllini tapmışdır. Mətbu sözün dəyər və kəsərinə verilən qiymət jurnalistlərin fəaliyyətini xeyli canlandırmışdır. Artıq üç ildir ki, muxtar respublikada rayon (şəhər) qəzetlərinin həftədə bir dəfə nəşri təmin olunur. Region mətbuatında müsbət ənənələr bu gün də yaşadılır. Cari ildə ölkəmizdə analoqu olmayan nəşriyyat-redaksiya kompleksi milli mətbuatımızın 135 illik yubileyi günündə Naxçıvan şəhərində istifadəyə verildi. 4 mərtəbədən ibarət olan müasir tipli obyekt inşa olunub, Almaniya çap avadanlıqları quraşdırılıb. Yeni qəzet sexində məhsuldarlığı saatda 15 min nüsxə olan “KBA Rapida-75” markalı ofset maşını, cild sexində kitab və jurnal vərəqlərini avtomatik yığıb-bükərək hazır məhsula çevirən poliqrafiya avadanlıqları – kağız doğrayıcı, kəsici, qatlayıcı, cildləyici qurğular quraşdırılıb. Yeni poliqrafiya müəssisəsində qəzetlərin böyük formatda və rəngli çapı ilə yanaşı, müxtəlif çeşiddə kitabların, jurnalların, dəftərxana məhsullarının, sadə və ciddi hesabat blanklarının nəşri üçün də imkanlar yaranıb. İndiyədək bu cür məhsullar kənarda çap olunurdu. Rayon (şəhər) qəzetlərinin burada böyük formatda və rəngli çapı isə ümumən ölkəmizin mətbuat həyatında mühüm hadisəyə çevrildi. Obyektin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Azərbaycan” nəşriyyatından sonra Naxçıvanda belə bir müəssisənin quraşdırılmasını dövlətimizin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirdi. Bu, həm də mətbuata Heydər Əliyev qayğısının uğurla davam etdirilməsidir.

 

 

Məmməd MƏMMƏDOV

 

525-ci qəzet.- 2010.- 22 sentyabr.- S.2.