Gənc ədiblərin əsərlərindən
ibarət kitabların təqdimatı olub
Ötən gün Yazıçılar
Birliyinin (AYB) Natəvan
klubunda Gənc Ədiblər Məktəbi
nümayəndələrinin kitablarının təqdimat
mərasimi keçirilib. Təqdim
olunan nəşrlərdən
ikisi – Qismətin “Vitrin” adlı şeirlər toplusu, Səməd Səfərovun
isə “Üçbucaq”
hekayələr kitabı
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə çap olunan “525 Kitab” seriyasının bu il üçün
növbəti – 9-cu və
10-cu buraxılışlarıdır.
Daha iki nəşr – Orxan
Muxtarlının “Xaç kölgəsində” kitabı və
“Almanax” isə “İrəli” İctimai Birliyi tərəfindən
Azərbaycanda gənc yazarların dəstəklənməsi məqsədilə
yaradılan “İrəli” Ədəbi Məclisinin layihəsinin
nəticəsi kimi meydana gəlib.
Mərasimi giriş
sözü ilə açan AYB katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid tədbirə qatılanları
salamlayaraq, kitabları işıq üzü görən gəncləri
təbrik edib: “Bu istedadlı gənclər öz
istedadları, intellektləri və ədəbiyyata olan
maraqları ilə bu səviyyəyə gəliblər. Hər
birinizi təbrik edirəm və gələcəkdə
uğurlarınızın davamlı olmasını arzu edirəm.
“İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlıya bu
işə dəstək verdikləri üçün minnətdarlığımı
bildirirəm. İnanıram ki, bu birliyin gənc
yazıçılara göstərdiyi diqqət digər
qurumlara da örnək olacaq”. Seriyanın tərtibçisi və
redaktoru, “Dünya Ədəbiyyatı” dərgisinin baş
yazarı, tanınmış şair-publisist və tərcüməçi
Səlim Babullaoğlu da çıxışında öncə
gənc yazarları təbrik edib və ilk olaraq, Qismətin
yaradıcılığı haqqında fikirlərini
bölüşdü: “Gənclər arasında öz
sözünü deyən yazarlardan biri Qismətdir. Onun
şeirlərində ictimai-siyasi motivlərlə
yanaşı, şəxsi duyğular, sevgi hissləri,
sarkastik, ironik ovqat üstünlük təşkil edir. Qismətin
yaradıcılığına stimul verən onun mütaliəsidir.
Düşünürəm ki, Qismət ilkin mərhələni
başa vurub. Bu illər ərzində onun
yaradıcılığı yüksələn xəttlə
inkişaf edib. 10 il sonra da onun şeirləri öz
aktuallığını qoruyub saxlayacaq”. S.Babullaoğlunun
fikrincə, Səməd Səfərovun
yaradıcılığında Avropa prozası tərzinə
meyl güclüdür və o, ardıcıl işləməklə
yaradıcılıqda daha səviyyəli nailiyyətlərə
imza ata bilər”. Digər iki kitab haqqında danışan
S.Babullaoğlu “İrəli” ictimai Birliyinə minnətdarlığını
bildirərək, kitabların poliqrafiya baxımından nəfisliyini
dilə gətirib: “Almanax”da orijinal yazılarla yanaşı, tərcümələr
də var. Poliqrafiya baxımından hər iki kitab diqqətəlayiqdir.
Orxan Muxtarlının “Xaç kölgəsində” kitabı
müəllifin ilkidir. Nəşrdə bugünkü
reallıq, tarixə ekskurs, Qarabağ problemi öz əksini
tapıb. Bir daha bütün müəllifləri təbrik
edirəm, uğurlarının davamlı olmasını diləyirəm”.
“Son dövrlərə qədər mən ədəbi gəncliyə
çox bədbin yanaşırdım. Gənclərin ədəbiyyata
olan marağı məni qane etmirdi. Lakin sizin kimi gənclərin
mədəni, intellektual səviyyəsi və digər keyfiyyətləri
bunun əksini sübut etdi. Bugün bir oxucu kimi deyə bilərəm
ki, gənclərin qələmindən çox maraqlı,
oxunaqlı əsərlər çıxır. Bu işdə
Rəşad Məcidin əməyi də danılmazdır.
İnsanın istedadı ola bilər, lakin təkcə bu kifayət
deyil, bu istedadı üzə çıxarmaq lazımdır
ki, bu sahədə Rəşad Məcid çox mühüm
işlər görür”. Bu fikirləri söyləyən
tanınmış tənqidçi, sözügedən iki
kitabın redaktoru Ə.Cahangir hər bir müəllif
haqqında düşüncələrini də dilə gətirib.
Tədbirdə yazarlardan Şərif Ağayar, İlqar Fəhmi
də söz alaraq, müəlliflərə yeni uğurlar
arzulayıblar. Kitabları işıq üzü görən
gənc yazarlar bu işdə əməyi keçənlərə
minnətdarlıqlarını bildiriblər. Seriyanın digər
kitabları kimi, bu nəşrlər də, hər biri 1000
tiraj olmaqla, “Mütərcim” nəşriyyatında çap
edilib. Rəşad Məcidin ön söz yazdığı
“Almanax”a Elxan Qaraqanın, Ariz Tarverdiyevin, Günel Rüstəmovanın,
Günel Eminlinin, Leyla Şərifovanın, Leyla
Hüseynovanın, Nahid Hacıyevin, Orxan Ömərin, Qismətin,
Ziyad Quliyevin və Orxan Muxtarlının orijinal hekayə və
şeirləri, həmçinin tərcümələri
daxildir.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 23 sentyabr.- S.7.