Cəfər Cabbarlı irsinə yeni baxış
Ötən əsrin
80-ci illərində ilk elmi-tənqidi
yazıları ilə
ədəbi mühitə
yol alan və bu gün
özünəməxsus söz
sahibi olan Asif Rüstəmli “Çırpınırdı Qara
dəniz”, “Tufanlardan keçən ömür”,
“Susmaz duyğuların
səltənətində”, “Ədəbi istiqlalımız”
kimi dəyərli kitabların və yüzdən artıq elmi-publisistik məqalələrin
müəllifidir. O, 30 ilə
yaxındır ki, əsasən XIX əsrin
sonları, XX əsrin ilk onilliklərini tədqiqat
obyekti seçmiş bu dövrü müasirlik işığında, elmi düşüncənin yeniləşdiyi bir zamanın parametrləri səviyyəsində
dəyərləndirir. Hər yazısında, hər
tədqiqatında yeni bir
fikir, problem
qaldıran bu tədqiqatçı üçün bir
danılmaz fakt aparıcıdır – o da bundan
ibarətdir ki, A.Rüstəmli bir çox nailiyyətlərini
arxiv sənədlərinə, tarixi faktlara söykənərək
əldə etmişdir. İstər
yuxarıda adlarını çəkdiyimiz elmi
kitablar, istərsə də
adlarını çəkmədiyimiz bir
sıra məqalələrində bu fakt danılmaz həqiqət kimi
öz təsdiqini tapmaqdadır. Son on ilin müşahidəsinə
əsasən deyə bilərəm ki, Asif Rüstəmli tariximizin
ən şərəfli və şərəfli olduğu qədər də totalitar
rejim dövründə yasaqlanmış, tarixi təhrif edilmiş bir dövrünə – 1918-1920-ci illər
dönəminə, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu
dövrünə daha çox
maraq göstərmiş və onun bu gərgin zəhməti
nəticəsində məzmun və mahiyyət
baxımından bir-birini tamamlayan
“Ədəbi istiqlalımız” (Bakı 2004) adlı
araşdırmalar toplusu işıq üzü görmüşdür.
Filologiya
elmləri doktoru, professor
Nizaməddin Şəmsizadə Asif
Rüstəmlinin “Ədəbi istiqlalımız” kitabına
yazdığı “Ədəbi istiqlaldan əbədi
istiqlala” adlı dəyərli
yazısında haqlı olaraq bu qənaətə gəlir ki,
“XX əsrin ədəbi-tarixi prosesinin unudulmuş problemlərindən
professionallıqla yazsa da,
A.Rüstəmli Azərbaycan ədəbiyyatşünaslığı
tarixinə cabbarlışünas kimi daxil ola bilmişdir”.
Tədqiqatçının ciddi
və ardıcıl araşdırmalarının nəticəsi
kimi 2009-cu ildə “Elm”
nəşriyyatı tərəfindən işıq üzü görmüş
416 səhifəlik “Cəfər Cabbarlı: həyatı və
mühiti” monoqrafiyası
özlüyündə professor N.Şəmsizadənin
fikrini bir daha təsdiqləyir. A.Rüstəmli
bu dəyərli monoqrafiyaya
qədər C.Cabbarlı yaradıcılığını
müxtəlif aspektlərdən tədqiq edən və 2002-ci
ildə nəşr olunaraq geniş
oxucu auditoriyasına yol
alan “Susmaz
duyğuların səltənətində” kitabını
yazmışdır. Bu kitabı məzmun
və mahiyyət etibarı ilə “Cəfər Cabbarlı: həyatı
və mühiti” monoqrafiyasına gələn
uğurlu yol hesab etmək olar.
C.Cabbarlı elə bir nadir
yaradıcı simadır ki, onun haqqında az qala yüz ilə
yaxındır bu və ya digər səviyyələrdə
zamana və şəraitə uyğun tədqiqat işləri
aparılmış, istər ədəbiyyatşünas və
istərsə də teatrşünaslarımız bir sıra dəyərli
əsərlər yazmışlar. Bu, o deməkdir ki, C.Məmmədquluzadə,
H.Cavid, M.S.Ordubadi, S.Vurğun, R,Rza və digər böyük ədəbi
şəxsiyyətlərimiz kimi C.Cabbarlı haqqında da
bundan sonra yazmaq, təzə söz və fikir demək zərurəti
yaranacaqdır. Ancaq A.Rüstəmlinin “Cəfər
Cabbarlı: həyatı və mühiti” monoqrafiyası
çağdaş elmi auditoriyaya bir sıra gizli və
mühüm mətləbləri açdığı
üçün əhəmiyyətlidir. Məsələn, 70
il bizə təbliğ olunmuşdur ki, C.Cabbarlı “Azərbaycan
sovet dramaturgiyasının banisidir”, “C.Cabbarlı bolşevik
ideoloqudur” və s. Sonralar A.Rüstəmli kimi ciddi
araşdırmaçılar tərəfindən arxivlər
açıldı, bir çox mətləblər üzə
çıxdı və məlum oldu ki, C.Cabbarlı
“bolşevik ideoloqundan” çox milli istiqlalımız və
azadlığımız üçün çalışan
və bu yolda bir çox mərhumiyyətlərə məruz
qalan milli və həm də bəşəri
düşüncəyə malik bir fədaidir. Azərbaycanın
istiqlalına, Azərbaycan bayrağına ilk şeir yazıb
onu öyən və rəmzlərini mənalandıran,
qürurla vəsf edən qələm və düşüncə
adamlarından biri, bəzi məqamlarda da, elə birincisidir.
Ona görə də Asif Rüstəmlinin bu diqqətəlayiq
kitabına ümumimilli liderimiz, ədəbiyyatımızın
və ən başlıcası böyük və əzəmətli
istiqlalımızın əvəzsiz hamisi Heydər Əliyevin
C.Cabbarlı ilə bağlı dediyi “Cəfər Cabbarlı
mədəniyyətimizin, ədəbiyyatımızın
böyük, dahi insanlarından biridir” kimi müdrik fikrini
epiqraf seçməsi heç də təsadüfi deyil. Təkcə
bu epiqraf sübut edir ki, tədqiqtçının da öz qənati
kimi “Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin təkamülündə, mənəvi
dəyərlərimizin zənginləşməsində, milli
şüurun təşəkkülündə, vətənpərvərlik
duyğularının oyanmasında, dilimizin
saflığında, azadlıq və istiqlal məfkurəsinin
intişarında misilsiz xidmətlər göstərmiş
milli sənətkardır”.
“Cəfər
Cabbarlı: yaradıcılığın sübh
çağı”, “Cəfər Cabbarlı Cümhuriyyət
dönəmində”, “Cəfər Cabbarlı və gizli
istiqlalçılar”, “C.Cabbarlının təhsil illəri”,
“Bədii həqiqətlər axtarışında”, “Cəfər
Cabbarlı və gizli imzalar problemi”, “Mütərcim Cəfər
Cabbarlı”, “Həyat və yaradıcılığın son
dövrü” və “İstifadə edilmiş ədəbiyyat”
bölümlərindən ibarət olan monoqrafiyada yeni
düşüncə və yeni araşdırma metodu
aparıcı rol oynayır. Yəni bu əsər heç bir
ideoloji axının prinsipləri çərçivəsinə
sığmır. Hər bir fakt, hər bir yanaşma tarixilik və
həqiqət işığında təhlil edilir, oxucuya
çatdırılır. Təbii ki, C.Cabbarlı barmaqla
sayılacaq elə nadir simalardandır ki, onun haqqında hər
bir ziyalının az-çox ümumi məlumatı var.
Bütün bunlara baxmayaraq, tədqiqatçı
C.Cabbarlının doğum tarixi, bəzi əsərlərinin
dəqiq yazılma tarixi və nəşri barədə bir
sıra yeni faktlar aşkarlayıb, nəsil şəcərəsini
sistemli şəkildə tədqiqata cəlb edib. Bir sıra
hallarda, sağlam mənada, digər cabbarlışünaslarla
polemikaya girir, öz fikir və elmi qənaətlərini
faktların işıgında bölüşür.
Xüsusilə, C.Cabbarlının həyat və fəaliyyətinin
XX əsrin ilk onilliklərindən söhbət açanda o
dövrün təhsildə, maarif və mədəniyyətdə
qazanılmış Azərbaycan reallıqlarını da
geniş şəkildə tədqiq edir, mühit haqqında
aydın təsəvvür yaradır. Bu illərdə
Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy
Şıxlinski, Əlməmməd Mustafayev və digər
maarif və mədəniyyət xadimlərinin fəaliyyətlərini
də geniş şəkildə araşdırılması
C.Cabbarlını yetirən mühit və şəraitin
günümüzə qədər qaranlıq qalan tərəflərinə
işıq salır. Yeri gəlmişkən qeyd etmək gərəkdir
ki, XX əsrin ilk onilliklərinin Azərbaycana bəxş
etdiyi böyük elm, maarif, mədəniyyət, məfkunə
və düşüncə adamlarını aradan yüz il
keçməsinə baxmayaraq XXI əsrin əvvəlləri
verə bilmədi. A.Rüstəmlinin aşkarladığı
zəngin faktlarla tanış olandan sonra, bir daha qənaətini
qətiləşdirirsən ki, C.Cabbarlı kimi bir istedad məhz
elə o əsrin payına düşməli idi... Monoqrafiyada
bugünkü elmi-kütləvi auditoriya üçün maraq
doğuracaq zəruri bölümlərindən biri
xalqımız üçün uzun illər yasaq edilmiş,
gizlədilmiş C.Cabbarlının bir müsavatçı
kimi fəaliyyətini əks etdirən “Cəfər
Cabbarlı Cümhuriyyət dönəmində” və “Cəfər
Cabbarlı və gizli istiqlalçılar” bölümləridir.
Bu bölümlərdə tədqiqatçı təkcə
C.Cabbarlının deyil, həmçinin 1918-1920-ci illər
Cümhuriyyət dövrünün bütün tarixi, sosial,
iqtisadi, mədəni parametrlərini səbrlə, təmkinlə
araşdırır. M.Ə.Rəsulzadə, N.Yusifbəyli,
F.X.Xoyski, Ü.Hacıbəyov, M.B.Məhəmmədzadə və
digər tarixi şəxsiyyətlərlə bağlı
maraqlı faktları aşkarlayır, bu dövrün tarixi,
ideoloji istiqamətlərini bir ədəbiyyatşünasdan
çox ciddi bir tarixçi kimi təhlil edir. Müəllif
C.Cabbarlının bu dövrdəki fəaliyyətindən
danışarkən tarixin gerçəkliklərini önə
çəkir və yazır: “Məlumdur ki, Cəfər
Cabbarlının Cümhuriyyət dövrü ədəbi –
ictimai fəaliyyəti sovet ədəbi tənqidi qiymətləndirərkən
bəzən ifrata varmış, qərəzli və
qeyri-obyektiv nəticələr çıxarmaqdan çəkinməmiş,
əsassız ittihamlar irəli sürmüşdür”. Bu
fikrin davamı olaraq tədqiqatçı sovet əxlaq və
düşüncəsinin şər-şamatasını
canlı şəkildə əks etdirən bir neçə
faktlar gətirir ki, bu faktların ideoloji təsir gücü
bizim tarixi keçmişimizə atılan böhtan və
tarixi ədalətsizlikdən başqa bir şeyə xidmət
etmir.C.Cabbarlı kimi şəxsiyyətləri “öz
burjua-mülkədar ağalarına və Türkiyədəki
hamilərinə nökərçilik edən ...”lər kimi
damğalandırdılar. Bu tarixi ədalətsizliklərə
Cümhuriyyət dövründən yazan yeni düşüncə
və təfəkkürlü qələm adamları kimi,
A.Rüstəmli də tarixə elmi faktların
işığında obyektiv və gerçəklikdən
doğan sağlam münasibət bildirir və
Cabbarlını (həmçinin o dövrün Cümhuriyyətçi
şair və yazarlarını) xalq və vətən yolunda
çarpışan milli mücahidlər kimi qiymətləndirir.
C.Cabbarlının bu illərdə yazdığı, sovet
dövründə haqqında ötəri mülahizələr
irəli sürüldüyü “Ədrinə fəthi”, “Ulduz”
kimi sırf tarixi gerçəkliyi və milli- psixoloji
duyğuları əks etdirən əsərləri də dəyərincə
təhlilə cəlb edir, onların məfkurə istiqamətlərini
bu günün reallığı zəminində müvəffəqiyyətlə
açır. Yaxın keçmişimizin acı həqiqətləri
manoqrafiyanın “Cəfər Cabbarlı və gizli
istiqlalçılar” bölümündə geniş şəkildə
tədqiqə cəlb edilib. Bolşevik Rusiyasının Azərbaycanı
işğal etməsi və milli cümhuriyyətin
süqutundan sonra bir çox istiqlalçılar kimi, C.Cabbarlının
da millət və xalq naminə başladığı gizli fəaliyyət
və bu fəaliyyətin acı nəticələri bir vətəndaş
tədqiqatçı kimi A.Rüstəmlinin maraq dairəsinin
yeni qatlarını üzə çıxarır. Və bu
faktlar C.Cabbarlı şəxsiyyətinin
bütövlüyünə xidmət etməklə bərabər,
həm də tariximizin yetmiş il qaranlıq qalan səhifələrinə
işıq gətirir. Bir daha aydın olur ki, C.Cabbarlı təkcə
şair, nasir, dramaturq, ssenarist, tərcüməçi deyil,
eyni zamanda xalqın azadlığı və gələcəyi
uğrunda döyüşən bir vətən mücahididir.
Monoqrafiya, yuxarıda qeyd etdiyimiz kimi, zəngin faktlarla diqqəti
cəlb etdiyi qədər, həm də şirin və koloritli
dilə və üsluba malikdir. Bu da tədqiqatçının
daxili, mənəvi zənginliyindən qaynaqlanır.
Monoqrafiyada bəzi hallarda nəsr dili elmi dili, elmi üslubu
“sıxışdırır”. “Bakının yuxarı,
dağlıq hissəsindən öz ilkini, əvvəlini
başlayan, qara qənbər daş döşənmiş,
ensiz və köhnə “Poçtovı”... adına
küçə qrotesk səciyyəli fiqurlarla bəzədilmiş
iki-üç mərtəbəli binaların ənənəvi
düzümü ilə müşayiət olunur. Sadə
görkəm ilə ümumi ahəngi pozmasa da ətrafdakı
binalardan fərqlənən Hacı Məmmədhüseyn Bədəlovun
şəxsi mülkü bu küçədə yerləşir”.
Bu kimi nəsr
faktları mühitin və şəraitin daha da aydın şəkildə
qavranılmasına geniş imkan yaradır. Yeri gəlmişkən
qeyd edək ki, nəsr dilindən yaxşı mənada
yaradıcılıqla istifadə etmək bacarığı
A.Rüstəmli yaradıcılığının məziyyətlərindəndir.
...A.Rüstəmli bir çox ədəbi nəsildaşları
kimi xoşbəxt taleli tədqiqatçıdır.
Çünki onun apardığı tədqiqatlar,
araşdırmalar azad, müstəqil həyatımızın
inkişaf etdiyi bir dövrün məhsuludur ki, indi
bütün o dövrlə bağlı gizli qovluqlar, qara
bağlı qapılar açılıb. İndi tədqiqatçıdan
yalnız milli qeyrət, əxlaq və ləkəsiz vicdan tələb
olunur ki, haqqı nahaqqa qurban verməsin. A.Rüstəmlinin gərgin
axtarışlar və zəhmətlər bahasına ərsəyə
gələn, geniş elmi-ictimaiyyətin diqqətini cəlb edən
digər tədqiqatları kimi “Cəfər Cabbarlı: həyatı
və mühiti” monoqrafiyası yüksək əxlaqi-mənəvi
dəyərlər işığında yazılmış əsərlərdən
biridir. Bu monoqrafiya C.Cabbarlı irsinə, həyatı və
mühitinə bir çox cəhətdən işıq salan
yeni düşüncənin, yeni münasibətin aydın
faktları kimi diqqətəlayiqdir.
Xanəli KƏRİMLİ
525-ci qəzet.-
2010.- 23 sentyabr.- S.7.