Görkəmli publisist Fazil Rəhmənzadə
və onun yeni “Sən olmasaydın...” kitabı barədə
düşüncələr
İstedad və zəhmətin vəhdəti
45 ildən çoxdur ki, Fazil Rəhmənzadə imzası müxtəlif səpgili nəşr nümunələrinin – kitabların, oçerklərin, xatirələrin reportajların, esselərin, irili-xırdalı qeydlərin ünvanını bəyan edir. Ağıllı, intellektual oxucuların özlərinə məxsus fərdi duyumları var; vaxtlarını yalnız “ağır” çəkili olan, böyük mənalar kəsb edən, fikrə düşüncəyə dalmağa sövq edən, nəhayət əsl əsərlərə daha çox sərf edirlər. Ağı qaradan seçməyin özü də bir nemətdir. Xüsusən də yaşadığımız indiki çağlarda. Bu baxımdan da Fazil Rəhmənzadə yaradıcılığını ayrıca kontekstdə araşdırmağa dəyər.
Söz ustasının yaradıcılığını səciyyələndirərkən təbii, onun istedad və zəhmətinin vəhdəti və bu cəhətin bariz nümunəsi olan əsərləri önəm kəsb edir. Bunlara əlavə kimi Fazil müəllimin tükənməz axtarış meylinin faydalılıq əmsalı da vacib amil kimi nəzərə çarpır.
Bu yerdə görkəmli bəstəkarımız Arif Məlikovun dedikləri yuxarıdakı fikri tam təsdiqləyir: “Fazil Rəhmənzadənin bütün kitablarında bir müəllif kimi onun ucalığı, bütövlüyü, dərin intellekti özünü aydın büruzə verir”. Çox dəqiq deyilib. Bir qədər tarixi keçmişə adlayaq. Fazil Rəhmənzadə hələ ötən əsrin 60-cı illərinin ortalarından başlayaraq oxucuların dərin rəğbətini qazanmış “Jurnalistin cib dəftərindən” rubrikası altında “Bakı” və “Baku” qəzetlərində, “Azərbaycan” jurnalında, habelə mətbuat orqanlarında dərc olunan qeydlərində artıq “mən”ini təsdiqləyərək özünəməxsus istedad və bacarığını, dərin fikir və düşüncə tərzini, geniş mövzular əhatəsində çarpışdığını aydın nəzərə çarpdırırdı. Beləliklə də o, öz yaradıcılıq dünyasında pərəstişkarlarının sayını durmadan artırırdı.
Sonradan həmin rubrikalar altında müxtəlif adlarla çapdan çıxan kitabları da eyni dərəcədə oxucular arasında rəğbət qazandı. Görünür, həmin uğurlar öncədən duymuş kimi onun kitablarına ön sözlərini yazmış professorlar Kamran Məmmədov, Qulu Xəlilov, Mehdi Məmmədov, Tofiq Məlikli və başqaları Fazil Rəhmənzadə yaradıcılığını səciyyələndirərkən məhz onun zəhmətsevərliyi, axtarış meyli ilə istedadının vəhdətə qələmə alınan yazı nümunələrinin dəyərini müəyyənləşdirmişlər. Bu səpgili qeydlərin cəmi bir neçəsinin adlarını xatırlamaqla müəllif özünəməxsusluğunu duymaq çətin olmayacaq. “İlk azərbaycanlı xoreoqraf” (XIX əsrin sonu, iyirminci əsrin” başlanğıcında Moskvada Böyük Teatrda görkəmli xoreoqrafı Petipa ilə yanaşı baletlərə quruluş vermiş azərabaycanlı P.Rəhmənov barədə), “Mirzə Şəfinin sərgiləri” operattası” (vaxtıilə Berlində tamaşaya qoyulmuş eyniadlı musiqili əsər barədə), Cəfər Cabbarlının üçüncü “Yumruq” şeiri (böyük ədibin müxtəlif adamlara istinad edilən şeirinin müəlliflik hüququnun təsdiqi haqqında), “Şah İsmayılın müəllifi” (eyniadlı operanın libretto müəllifinin adının qəti təsdiqlənməsi məsələsi), “Qoyya”nı yaradanlar”, “Xocəndinin nadir əlyazması, “Füzuli italyan tədqiqatında” və s. xatırlamaq kifayətdir. Adlarından da bilinir ki, söhbət elmimiz, ədəbiyyatımız, mədəniyyətimiz, tariximizlə bağlı olan, fəqət heç kəsin xəbər tutmadığı faktla Fazilə qədərki mənbələrin, yaradıcılıq nümunələrinin aşkarlanıb üzə çıxarılmasından gedir. Məhz belə səpgili yazılarında publisistik elmi biliyi, geniş dünyagörüşü, tədqiqatçılıq yönü, istedadı, bir vəhdət halında Fazil Rəhmənzadə ucalığını təmin edib.
Bir qədər öndə dedik ki, yaradıcılığının ilk dövrlərində işıq üzü görən kitablarına tanınmış şəxslər ön söz yazıblar. Sonradan F.Rəhmənzadə daha monumental kitablarını oxucularına çatdırdığı zaman (həmin əsərlərin bir qismi tarixi-publisistik toplular, digərləri isə respublikamızda, eləcə də xaricdə tanınan məşhur sənət xadimlərinə – Nəsibə Zeynalovaya, Zeynəb Xanlarovaya, Lütfiyar İmanova, Bədəlbəylilər nəslinə, Tahir Salahova və nəhayət, Müslüm Maqomayevə həsr olunmuş və yenicə oxuculara çatdırılmış monumental kitablardır. Adları sadalanan əsərlərin də ön sözləri Fikrət Əmirov, Mehdi Məmmədov kimi korifeylərə məxsusdur. Bu onu göstərir ki, Fazil Rəhmənzadə yaradıcılığı həmişə yüksək intellekt sahiblərinin, sənət xadimlərinin diqqətini çəkib.
Yeri gəlmişkən, o, məhz zəngin yaradıcılıq yönünün bəhrəsi olaraq keçmiş SSRİ junalistlər İttifaqının, habelə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” N.B.Zərdabi adına mükafatlarına, “Dan ulduzu” Humay” ödüllərinə, beynəlxalq jurnalist təşkilatlarının laureatlığına layiq görülüb, respublikanın əməkdar mədəniyyət işçisi fəxri adını alıb, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru seçilib. Bütün bunlarla bir sırada deyək ki, onun ən böyük mükafatı 30-a yaxın kitabının geniş oxucu kütləsinin qəlbinə yol tapması, sevilməsi, layiqincə dəyərləndirilməsidir.
Bu mənada, bir neçə fakta diqqəti cəlb etmək məncə, yerinə düşər. 1988-ci ildə Ermənistan və Dağlıq Qarabağ separatçıları birləşərək Azərbaycana qarşı “səlib yürüşünə” başladıqları bir məqamda Vətəninin işıqlı ziyalılarından biri kimi Fazil Rəhmənzadə yaradıcılıq yönünü yeni, mühüm çalarla zənginləşdirdi. Bizə düşmən kəsilən Zori Balayan kimi yırtıcı siqlətli daşnakın “Ocaq” kitabına cavab olaraq rus dilində “Tale töhfəsi” adı iri həcmli kitabını ərsəyə çıxardı. Eyni zamanda mütəmadi olaraq dünyanın müxtəlif qitələrinə səyahət etdi, 40-dan çox ölkənin saysız-hesabsız şəhərlərində oldu, soydaşlarımızla görüşüb onların fikir və arzularından, düşüncələrindən problemlərindən xəbər tutdu.
Son nəticədə bu fəaliyyətinin yekunu kimi “Yol” tarixi publisistik kitabının birinci hissəsini çapdan buraxdırdı.
Elə həmin dövrdə – 1994-cü ildə o, daha bir əsəri ilə çoxsaylı oxucuları, xüsusən xaricdə yaşayan soydaşlarımızı son dərəcə sevindirdi. Söhbət Vaşinqtonun “Cahan book” şirkətinin nəşr evində İngilis dilində buraxılmış “Sən mənimsən, Azərbaycan” kitabından gedir. Erməni irticacılarının yırtıcı xislətini açıqlayan adıçəkilən əsərin ABŞ-da nəşri yerli erməni diasporu arasında bomba kimi partlayışa səbəb oldu. Kaliforoniyada, xüsusən Los.Ancelesdəki erməni qəzetlərində Fazil Rəhmənzadəyə, onun həmin kitabına ikrah hissi ilə qələmə alınmış kəskin yazılar dərc olundu. Fazil müəllim həmin çağları xatrılayarkən deyir:
“Hərgah belə ciddi resenziyalar, “oxucu” məktubları verilməsəydi kədərlənərdim. Amma görəndə ki, yerli ermənilər vəlvələdədirlər, söyüş təhqir dolu yazılarını öz qəzetlərində dalbadal çap elətdirirlər, bu, böyük sevincimə səbəb olurdu; yəqinləşdirdim ki, kitab hədəfə dəyib. Yəni bir azərbaycanlı müəllif kimi yəqin ki, istəyimə çatmışam. Məhz bu, qürur hissimi artırırdı”.
“Sən mənimsən, Azərbaycan” kitabı ilə bağlı bir vacib məqama da indi xatırlamağa dəyər. Fazil Rəhmənzadə həmin kitabından 100 nüsxə götürüb “Amerikanın səsi” radiosunda Azərbaycan verilişləri redaksiyasının müdiri Həsən Cavadi ilə birlikdə Konqres binası qarşısında durub səhər işə tələsən hər konqresmenə müəllifin avtoqrafı ilə payladılar.
Daha sonra o, eyni işi Nyu-Yorkda təkrarladı. Yəni, Fazil Rəhmənzadə BMT binası qarşısında durub təşkilata təşrif gətirən müxtəlif ölkələrin nümayəndələrinə “Sən mənimsən, Azərbaycan”ı hədiyyə elədi. 50 nüsxəni isə BMT-nin əsas kitabxanasına bağışladı. Fazil müəllim mənimlə söhbətində bunu da xoşallıqla xatırladı.
“Jurnalistlik həyatımda
yaddaqalan çox hadisə olub. Fəqət BMT
qarşısında nümayəndələrə kitab
paylamağım heç zaman unutmayacağam. Məsələ
burasındadır ki, mən o gün axşam Londona
uçmalıydım, odur ki, vaxt darlığı var idi. Digər
tərəfdən bərk yağış yağırdı.
Bilmirdim, nə edim. BMT-dək nümayəndə heyətimizin
o zamankı başçısı Eldar Quliyevdən rica etdim
ki, evlərində stolüstü süfrə əvəzi
klyonka varsa bir neçə saatlığa mənə versin ki,
ona bürünüm, yağışdan qorunum. Belə də
elədik. Bu vəziyyətdə 100-ə yaxın kitabı
xarici ölkə nümayəndələrinə verdik, 50
nüsxəni də təşkilatın kitabxanasına
bağışladıq. Bu işdə o zaman BMT-də
müşavir, hazırda ABŞ-da Azərbaycanın səfiri
olan Yaşar Əliyev cənabları mənə çox
yardımcı oldu. Elə o da mənimlə birlikdə
güclü yağış altında kitabların
paylanmasında iştirak etdi. İndi özünüz fikirləşin,
bir jurnalist ömürlüyünə bərək verən o
məqamı necə yaddan çıxarmaq olar?!”
Fazil Rəhmənzadənin
dünya səyahəti, xüsusən də “Yol” və “Sən
mənimsən, Azərbaycan” kitablarından söhbət
açdığımız məqamda oxucuların diqqətini
“Yol”a ön söz yazmış tanınmış jurnalist
Telli Pənahqızının bir cümləsinə yönəltməyi
vacib sayıram; “Mən jurnalistikanı özünə sənət
seçən, ona bağlanan, onun bütün əzablarına
dözən cəfakeş fanatiklər arasında Fazil Rəhmanzadənin
yaradıcılığını xüsusi diqqətlə izləyirəm”...
Əla fikirdir, elə mənim da ürəiymcə deyilmiş
sözdür.
Yaşının müdrik
çağlarını yaşayan Fazil müəllim yenə
də coşqun yaradıcılıq eşqi, gənclik hərarəti
ilə yazıb yaratmaqdadır. Ustad sənətkar son beş
ildə beş iri həcmli dəyərli kitab ərsəyə
gətirib; “Bədəlbəylilər”, “Doqquza qədər
say...”, “Lütfiyar İmanov”, “Böyük
yaşantının naxışları” və nəhayət
“Sən olmasaydın...”.
Sonuncu əsər lap təzəcə
işıq üzü görüb və dahi müğənnimiz
Müslüm Maqomayev ömrünün,
yaradıcılığının unudulmaz məqamlarından
təsirli söhbət açır. Kitabda yazılış
üslubu, forma yeniliyi, məzmun əlvanlığı, təfsir
rəngarəngliyi ilk öncə diqqət çəkir; esse,
oçerk, portret cizgiləri, xatirələr və fotoşəkillər
toplusu... kimi təqdim olunan bu kitab Fazil Rəhmənzadə
yaradıcılığının bənzərsizliyini yenidən
nəzərə çarpdırır, həqiqi mənada birnəfəsə
oxunur.
Kitabın bir yerində
müəllif yazır: “Nə zamansa şair Mixail Tanicin “Sirli
ada” şeirini oxumuşam. Sətirləri hələ də
yaddaşımdadır: “İnsan-bir adadadır. Sirli ada. Onu məhəbbət
hər tərəfdən dəniz kimi əhatə etməlidir.
Bu dəniz qayğı dənizi olmalıdır”...
Müslüm Maqomayev də məhz
belə ada timsalındaydı-dünyanın müxtəlif
guşələrindən olan adamları onu məhəbbət
dənizi ilə əhatəyə almışdılar. Belə
halda onu başqa “ada” ilə müqayisə etmək gərəksizdir.
Hərgah kitabımda dəyərli
oxucularımı dahi müğənnimizə olan sonsuz sənətsevər
məhəbbətinin təcəssümü ilə
üz-üzə qoymağa nail olmuşamsa özümü bəxtəvər
sanaram”...
Üzümü müəllifə
tutub səmimiyyətlə deyirəm: hörmətli yazar
dostum, kitabı həvəslə oxuyub başa vurdum, bildirim
ki, sən özünü bəxtəvər sana bilərsən...
Kitabın “proloq əvəzi”
sözün həqiqi mənasında çox təsirli və
qəlboxşayandır.
“Ah... Müslüm,
Müslüm... Sən olmasaydın, qanad açıb
parvazlanan “Azərbaycan”ı çoxminli-çoxdilli dinləyicilərə
kim bunca sevdirə biləcəkdi?!
...Sən olmasaydın, Sopotda
dünya estradasının musiqi kəhkəşanında
özünün misilsiz parlaqlığı ilə bunca
gözləri qamaşdıran “ulduz” tapılacaqdırmı?!
... Sən olmasaydın,
musiqi-nəğmə divanəsi ola biləcək sənətçinin
Məcnun zirvəsini kim fəth edəcəkdi?!
... Sən olmasaydın,
dünyamızın Karuzo, Mario Del Monako, Mario Lantsa, Rəşid
Behbudov kimi dahiləri ilə bir sırada şahanə
duruşu ilə güvən duyğumuza çevriləcək
hansı sənətçimizlə rastlaşacaqdıq?!
...Sən olmasaydın
doğmalarına “Əlvida, Bakı” deyib saysız-hesabsız
pərəstişkarlarının aramsız alqış sədalarının
müşayiəti ilə Böyük hüznlə Kim son mənzilə
yollanacaqdı?!”...
Mənə elə gəlir
ki, kitabın bütün mənəvi-estetik, bədii-tarixi dəyəri
elə bu “Proloq əvəzi”ndə təcəssüm
tapıb. Və sanki oxucunu irəlidə rastlaşacağı
böyük həyat yolunun, mənalı yaradıcılıq
fəaliyyətinin ağuşuna atır. Kitabı vərəqlədikcə
həqiqətən də Müslüm Maqomayev dahiliyinin, onun əfsanəvi
istedadının canlı şahidinə çevrilirsən.
Müəllif sanki oxucunun əlindən tutub onunla
yanaşı Müslüm Maqomayev dünyasına səfərə
çıxır, elə həzin, elə şirin söhbət
aparır ki, istər-istəməz kövrələn yerdə
kövrəlir, düşünən məqamda
düşünürsən. Sonradan dərin xəyyallara
dalır, ötən illəri, ayları, günləri
canllı olaraq xəyyallarında görürsən.
Fazil Rəhmənzadə yeri
gəldikcə müğənninin “Xatirə dəftəri”nə
üz tutur, Müslümü danışdırır və
Müslümün ecazkar səsinin vurğunlarının
duyğularını, hisslərini riqqətə gətirir.
Müsahibələr, onun haqqında xatirələr elə-belə
forma xatirinə kitabda yer almayıb. Müəllifin
böyük ustalığı, bənzərsiz yazı tərzi
də ona görə dəyər kəsb edir ki, burada forma məzmuna
xidmət edir, bəlağətli ifadə tərzləri, əndazəsiz
fikirlər yorucu mühakimələr, mənasız hekayətlər
özünə yer tapmayıb. Fazil Rəhmənzadənin zərgər
incəliyi ilə cilalanan zövqü hər sətrdə,
cümlədə, fikirdə özünü qabarıq
büruzə verir.
Müslümün
özü, sənəti, ifaçılığı barədə,
atası, anası, babası, əmisi qohum-əqrəbası
haqqında söylədikləri nə qədər diqqət
çəkir, necə də xoş təsir
bağışlayır.
“Epiloq əvəzi” həm
müəllifin, həm də ümumən oxucuların
Müslüm Maqomayev ömürlüyünə nikbin
baxışın təcəssümüdür! Buradakı
duyğulu cümlələr tam mənasında belə deməyə
haqq qazandırır:
“...Ehey, dünya, eşit
elin-yurdun harayını:
Müslüm yenə
yanımızdadır, Müslüm elə aramızdadır.
Ona ikincilik yox, birincilik
yaraşır, yox bənzəri, yox oxşarı. Azərbaycanın
Müslüm cazibəsi, müslümün isə Azərbaycan
cazibəsi çox şeyi üstələdi. O, doğma
Bakısında heykələ döndü; xalqı ilə
ömürlük təmas üçün...
...Ah, Müslüm,
Müslüm! Getdin ki,
yenidən qayıdasan...
Çünki Sən
özün sonu olmayan
bir melodiyasan...”...
Görkəmli qələm
ustası Fariz Rəhmanzadənin bu yeni kitabı böyük zəhmətin,
ağlın-zəkanın hesabına başa gələn, əlvan
tərtibatı, nadir fotoşəkillərlə zəngin olan
yaradıcı sənət nümunəsidir, bədii
publisistikamızın yüksək vüsətinin layiqli təcəssümüdür.
Eyni zamanda müəllifin misilsiz yaradıcılıq qələbəsidir.
Urxan ƏLƏKBƏROV,
Akademik
525-ci qəzet.- 2010.- 24 sentyabr.- S.7.