Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”nin partiturası təqdim edilib

 

Dünən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan milli musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin nəşr edilənLəzgi rəqsi”nin (1932) partiturasının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Xalq çalğı alətləri orkestri üçün hazırlanan partitura Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi və Musiqi Mədəniyyəti Muzeyi tərəfindən çap edilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirildiyini vurğulayıb. Nazir müavini bu nəşrin musiqiçilər tərəfindən sevinclə qarşılanacağını dilə gətirib. Muzeyin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova nəşrin orta ixtisas musiqi məktəblərinə, kitabxanalara paylanacağını qeyd edib. 1000 tirajla nəşr edilən “Ləzgi rəqsi”nin partiturasının satışa çıxarılması da nəzərdə tutulur. Mərasimdə eləcə də dosent Gülağa Zeynalovun rəhbərliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”, “Koroğlu” uvertürası, “Sevgili canan“ romansı, “Qaragöz”, “Sən o yanda, mən bu yanda” mahnıları səslənib, “GünayUşaq Teatrı “Arşın mal alanmusiqi komediyasından fraqmentlər ifa edilib. Tədbir iştirakçıları eləcə də muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd şounu izləmək imkanı qazanıblar.

 

 

525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.25.