İranda Azərbaycan Mədəniyyəti
Günləri bu gün
başlayır
Sentyabrın
25-dən etibarən İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti
Günləri keçiriləcək. Mədəniyyət
günləri çərçivəsində mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayevin rəhbərliyi altında geniş nümayəndə heyəti qonşu ölkədə səfərdə olacaq. Nazirliyin mətbuat katibi İntiqam
Hümbətovun APA-ya verdiyi
məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, professor Nizami
Cəfərov, Naxçıvan Muxtar
Respublikasının mədəniyyət və turizm
naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı Ağəli İbrahimov,
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya
şöbəsinin müdir müavini Müşfiq Hətəmov,
rejissor Ziya
Şıxlinski və digər şəxslər daxildir. Mədəniyyət günlərində
xalq artisti Teymur Göyçayevin rəhbərlik
etdiyi Qara Qarayev adına Dövlət Kamera
Orkestrinin, Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının
çıxışları nəzərdə tutulub.
Tehran və
Təbriz şəhərlərində təşkil olunacaq tədbirlərdə muğam
ifaçıları – xalq artisti
Mənsum İbrahimov, Təyyar Bayramov, vokalçılar Samir
Cəfərov, Anar Hüseynli,
aşıq Nemət Qasımov, şairlər Adil
Cəmil, Taleh Babayev və
başqa sənətçilər
çıxış edəcəklər. Musiqiçiləri
əməkdar artistlər Mircavad Cəfərov
(ud), Elçin Həşimov
(tar), Elnur Əhmədov
(kamança) və Kamran
Kərimov (nağara) müşayiət edəcəklər.
Mədəniyyət günləri çərçivəsində
Azərbaycanın tarixini, mədəniyyətini,
turizm potensialını əks etdirən
fotoşəkillərdən ibarət sərgi nümayiş
olunacaq. İranlı
tamaşaçılar Elçin Musaoğlunun “40-cı qapı” bədii filmi və Şamil Əliyevin
“İz...Qala”, Emil Mirabdullayevin “Azərbaycan
muğamı”, Ziya Şıxlinskinin “Azərbaycan
musiqisi” sənədli filmlərinə baxa biləcəklər.
525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.25.