Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

ORDAN-BURDAN

 

Cəmiyyəti-xeyriyyə imarətinin qabağından keçirdim. Bir nəfər dilənçi müsəlman arvadı bir körpə qucağında və ikinci də yanında məni əhatə etdilər: pul istədilər və zəli kimi yapışdılar.

Soruşdum ki, siz nə dilənçisiniz?

Dedilər ki: yetim-yesiriz.

Dedim ki, bəs bu cəmiyyəti-xeyriyyə ki bu saət qabağında söhbət edirik, yetimxanə açıbdır ki, orada yetimlərə yemək də verilir, geymək də verilir...

Dedilər ki-o yetimxanə bizdən ötrü degildir. O məxsus Qars və Ərdəhan yetimləri üçündür.

Dedim ki, nə təfavütü vardır ki, yetim-yetimdir, indi ki, bir kərəlik bu yetimxanə açılıbdır, qoy siz yetim-yesirləri də oraya qoysun ki, birkərəlik müsəlman məhlələri yolçu və dilənçilərdən təmizlənsin və yolçuluq aradan götürülsün!

Arvad körpələrilə bərabər gülüb dedi:

“Biz müsəlman bazar və küçələrinin ziynəti və yaraşığıyıq. Necə ola bilər ki, bizi buralardan təmizləsinlər! Və bir də onsuzda şəhərimizdə cürbəcür şeylərin qəhətligi olur, sən də istəyirsən ki, bir də yolçu-dilənçi qəhətligi olsun! Bundan əlavə biz burada yolçuluqdan başqa, bir də gəlib keçənlərə “keyf” veririk. Məsələn: rusca yalvarmaq sözlərini örgənib, adamları və qospodinləri güldürürük. Bəzən hammal və hummalar ilə nazu-qəmzə veririk, gözləşirik....uşaqlarımız da ki, indidən dilənçi və yolçuluğa örgənib, böyüyəndə bunlardan bir mahir və usta dilənçi çıxsın ki, gəlib-gedəni lap quldur kimi soysunlar! Sən nə fikir edirsən?!”

Gördüm ki, bunların sözləri “həqq” dir. Ona görə də cəmiyyəti-xeyriyyə bunlara məhəlgüzar olmuyor.

 

lll

 

Səhli-güzar olma!

Və mürç olur, onları məsxərəyə qoyanların namərdligi bolqar namərdligini ağac-ağac ötür, hətta öz dost və aşnaları da bugünkü Rumuniya və Yunanıstan kimi xof ilə rica arasında qalıb bilmiyorlıar ki, nə etsinlər!

Bəs bu cür mübahisələrin bərəkətindəndir ki, şəriət və din işlərində o qədər “tərəqqi” etmişik ki, şəriət qoyduğu qaidələrə daha da bərk “əməl” edib hələ bir az da o yana ötürük. Məsələn, şəriət buyurubdur ki, eydi-əzhada qoyun qurban kəsmək yaxşı şeydir. Şamaxı şəhərindəki müsəlmanlardan bir neçəsi isə “Allaha daha da xoş getmək üçün” qurban gecəsi qoyun əvəzinə adam başı kəsibdirlər! Hələ bu nədir ki, Şəriət işlərində o qədər tərəqqi etmişik ki, genə o qədər tərəqqi etmişik və genə o qədər tərəqqi etmişik ki, axırda şiddəti-tərəqqidən başımız xarab olub sərsəm dərəcəsinə gəlmişik. Belə ki o şey ki şəriətdə “əmr” dir, biz onu “binəhy” bilmişik. O şey ki, “nəhy”dir, biz onu “əmr” bilmişik. İndi bu babətdəndir ki, Bakı quberniyasının “xadimi-sərbəst” olan müsəlmanları şəriətin buyurduğu “müsəlman müsəlmanı öldürməsin” əmrini “müsəlman müsəlmanı öldürsün” bilib, “əməli-şəri” yə məşğuldurlar: bir-birilərini öldürürlər! Bu tərəfdən də qəzetəçilər başlayıbdırlar ki, biz gərək milli və ictimai işlərdə tərəqqi edək: Bəli! Biz ki “tərəqqi” ni bu cürə anlıyoruq, çox ağ günə çıxarıq!

Görək, Allah xeyir versin!

Filankəs

“Yeni İqbal”, 29 oktyabr 1915, ¹ 154

eydi-əzha – qurban bayramı

nəhy – qadağan etmə

 

ORDAN-BURDAN

 

“Qlasnı” rus sözüdür: özü də “qolos” kəlməsindən əmələ gəlir.

“Qolos”-yəni səs.

“Qlasnı”-yəni səs sahibi: daha açığı –səs verən

Odur ki, şəhər dumlarına seçilən adamların adına “qlasnı” diyorlar. Bu ümid iləki Duma seçilmiş olan “qlasnı” həm şəhərin abadlığından və həm də şəhərdə olan xəlqin ehtiyacatından söhbət açıb, deyib danışsın və bu cürə məsələlərin müzakirəsində dinməz oturmasın, səs versin, fikrini söyləsin, bildigini desin və sairə.

 

Bu səbəblə

 

Qafqazda bir şəhər var ki, onun adına Tiflis deyirlər. Haman bu şəhərdə otuz mindən yuxarı müsəlman taifəsi vardır. Bundan əlavə Tiflis şəhərində bir də bir Dum vardır. İndiyə qədər qaidə belə idi ki, Tiflis Dumunda müsəlman-falan olmazdı; Bunun bir çox səbəbi var idi. Biri də bu idi ki, Tiflis müsəlmanlarının öz xüsusi işlərinə başları qarışıb, Dum kimi, uprava kimi müsəlmanə “dəxli və təsərrüfi” olmuyan işlərə qatışmazlardı. Və bir də bu iş müsəlmana yaraşan degil idi! Müsəlmanlarınki odur ki, subhi-tezdən alış-verişinə və ya hamballığına gedib, axşam azan vəqti evinə qayıdıb bozbaşını yesin və namazını qılıb başını yerə qoysun ki, sabah tezdən durub genə işinə getsin, cümə günləri də bekar olanda o mollanın, bu müridin yanına gedib “şəriəti” məsələlər mübahisəsinə qulaq assın və feyziyab olsun, səvab sahibi olsun və bir çox bilmədigi şeyləri ögrənsin. Bilsin ki, xörək bişirəndə kişmişi nə sayaq etsin, başın kəsib xörək üstə qoysun, yoxsa diri-diri salsın: bunlar hamısı böyük şərtdir və dünyada asudə yaşamaq üçün bilməgi vacibdir. Bir kişinin ki, saqqalı yumuruqdan uzun ola və o da böyük haram olduğunu bilməyə-daha o kişi nə kişidir və nə müsəlmandır? Mənim yadımdadır ki, üç il bundan qabaq Bakıda mollalarımızdan bir nəfəri müsəlman cəmaətini ayıltmaq və xabi-qəflətdən oyatmaq üçün saqqal qırxdırmağın haramlığı xüsusunda təbii və səlis bir nitq söylədi ki, qulaq asanların hamısının ağzı açıq qaldı!? Pəs bu cürə məclisləri qoyub hara getmək olar? Dum nədir? Uprava nədir? Heç müsəlmana yaraşar ki, axşam evə gəlib arvadına deyə ki, ay arvad, bozbaşımı tez ver, tələsirəm, bu axşam Dumada zasedaniyamız var.

Amma çünki dünya getdikcə xarablaşır və xeyir-bərəkət götürülür: xəlq yoldan azır, onda görürsən ki, Tiflis müsəlmanlarının da içinə Dum sözü düşür, nəinki, boş söz. Hətta həvəs əmələ gəlir ki, Duma seçilsinlər və dumda “qlasnı” olsunlar. Hərçəndi bu cürə şeylərə “bidət” deyərlər, amma nə olsun? Zəmanə dönübdür: və olacağa da çarə yoxdur. Görünür ki, qəzavü-qədərdə böylə yazılıbmış ki, gərək Tiflis müsəlmanları arasından da Dumda qlasnı olsun. Bir şeyə təəccüb edirəm ki, bu iş Tiflis müsəlmanlarının əqlinə hardan gəlibdir?! Onları kim ögrədibdir? Desən ki, “bozbaş yeyənlər”?

–Yox: çünki yuxarıda ərz etdim, onların başı “mübahisələrə” və şirin söhbətlərə məşğuldur. Desən ki, “katlet beynlər”, o da yox! Çünki, bunlar birkərəlik müsəlman işlərindən əl çəkib heç qatışmaq da istəmirdilər. Məsələ nazik idi. Həsən diyordu ki, nə lazım, bəlkə məni seçmədilər. Onda şansdan düşərəm. Cəfər də diyordu ki, nə lazım, bəlkə məni seçmədilər, onda sınaram. Yaxşıcası budur ki, heç bu məsələ qalxmasın. İndi Tiflis Dumında müsəlman olmasa, Dum yaraşıqdan düşməz ki. Bəziləri də belə diyordular: Biz çox yaxşı bilir ki, Tiflis Dumında gərək müsəlman olsun! Amma kimi seçək? Siz göstərin, biz də seçək! Hərgah seçki qaydasına əməl olunsa, onda Tiflis Dumuna elə adamlarımız düşəcəkdir ki, daha da gedib bizi Dumda özgələrin yanında biabır edib, xəlqi üstümüzə güldürəcəkdirlər. Hamısından yaxşısı budur ki, heç dinmiyib səsimizi çıxartmayaq. İndi ki, bizim də özgələr kimi layiqli adamımız yoxdur-onda dinməməgimiz lazımdır!

Var idi bəzi “uşaq-muşaq”dan ki, atılıb-tullanıb Dum söhbəti salmaq istiyordular, amma uşaq-muşağın ağzına baxan kim idi?

İndi bilmirəm bu il Tiflis müsəlmanlarına nə olubsa Dum və qlasnı söhbəti salıbdırlar, Duma seçilmək istiyorlar. Cəmaət işlərinə qatışırlar. Deyəsən getdikcə elə olacaqdır ki, heç bu müsəlmanları axırda tanımaq olmayacaqdır?! Əyyam dönur, özü də yaman dönur! Hərçəndi bu işlər gərək heç olmaya idi, amma indiki olur, görək nə tövr olur. Axırı xeyir olsun, Allah qadadan, bəladan saxlasın, göz dəgməsin, yaman deyən olmasın...

–Balam, nə səs-küydür salıbsan, nədir səhərdən bəri mətləbi-mətləbə qatışdırıb yazırsan, nə olub ki?

Başımı qaldırıb görürəm ki, yoldaşım yazdığımı oxuyurmuş. Dedim ki, Tiflis Dumuna müsəlmanlardan qlasnı seçiləcəkdir, ondan yazıram! Dedi, yəni bizim Bakı Dumunda məclis qurulan vəqti yerləri boş qalan və yainki şirin-şirin mürgüləyən qlasnılardan olacaqlarsa, heç olmasalar yaxşıdır!

Dedim, nədən bədgüman olubsan?

Yoldaşım cibindən “Zakavkazski reç” qəzetəsinin bir nömrəsini göstərdi ki, orada “Müsəlmanin” imzalı bir fəqərə oxudum və o fəqərədən anladım ki, Tiflis Dumuna müsəlmanlardan “qlasnı” degil, bəlkə “bez qlasnı” adamlar seçmək istiyorlar ki, Dumda “yalançı pəhləvan” kimi əgləşib mürgüləsinlər, əsnəsinlər, yatsınlar, hər nə edəcəklər etsinlər. Ancaq dilə gəlib danışmasınlar!

Bunu oxuyub gördüm ki, daha qələmim işləmiyor, həvəsdən düşdüm, keyfim pozuldu, ovqatım pərt oldu.

Amma ... amma genə də heçə lənət!

Qoy Tiflis Dumunda təki müsəlman olsun, danışmasın! Çünki Dumda müsəlman olmaq bir məsələdir, Dumda danışmaq da başqa məsələdir!

Qoy lap lal da olsa, kar da olsa, müsəlman olsun!!

Filankəs

“Yeni İqbal”, 30 oktyabr 1915, ¹ 155

bidət – köhnə fikirli adamların bəyənmədiyi yenilik, küfr

 

ORDAN-BURDAN

 

Yetim cücə ...

 

Toyuq “cücəsin” çıxardıb ölür, cücələri yetim qalır, cüyüldiyə-cüyüldiyə sərgərdan qalıb o toyuğun, bu toyuğun qanadı altına yügürürlər. Lakin yad toyuqlar bunları qəbul etmiyib dimdikləyib qovurlar ...

Bizim Bakı şəhərinin küçə-bazarında avara və sərgərdan gəzib dilənçi və yolçuluq edən yetim-yesirlər dəxi haman yetim cücə qismindəndirlər ki, bu barədə keçən səfər dəxi yazmışdıq.

Amma bu gün Bakı cəmiyyəti-xeyriyyəsindən qəzetəmizdə yazılmış cavabdan görünür ki, cəmiyyətimiz qanadlarını bir az gen görüb yetim-yesirlərə də yuva vermək istiyor. Onun üçün əhaliyə elan edir ki, pərəstarsız yetimlərin yerini bilənlər cəmiyyət idarəsinə xəbər versinlər.

Cəmiyyətimiz böylə bir işi görsə, öylə böyük hünər göstərmiş olar və öz əsil məqsədini yeritməgə başlar.

Amma indiki cəmiyyətimiz bu xeyir işə qədəm qoyur, qoy qədəmi elə qoysun ki, sonra da o biri qədəmi daldan basıb adım-adım irəli yeriməgə başlasın və sonra gərək bir elan etməklə kifayətlənməsin və cəmiyyətimizə bir o qədər də ümid bağlamasın. Hanı bizim cəmiyyətimizdə o şüur ki, yetim-yesirlərini axtarıb cəmiyyətə də xəbər versin!..

Hamısından yaxşısı budur ki, öz içindən bir komitə seçsin və yetimxanə işini bu komitəyə həvalə etsin, onda işimiz əmələ gələr...

Cəmaət isə ...... ay cəmaət!

Cəmaət istəsə bir yaxşı iş görə bilər. O deyir ki:

–Bizdən pul, sizdən iş!

Məsələn, indi məhərəmlikdir: cəmaət hamısı təziyəyə məşğuldur. Bu gün-sabah məscidlərdə “pul yığma” olacaqdır. Nə olar ki, o yığılan pulun bir hissəsi cəmiyyəti-xeyriyyənin bu yetim saxlamaq işinə sərf edilsin!

Yəni mən demirəm ki, bir il müddəti bekar qalıb bütün ümidini məhərrəmligə tikmiş olan mərsiyəxanların ağzından alıb yetimlərə sərf etsinlər!

İndi ki, cəmaət mərsiyəxanlara möhtacdır və bu ehtiyacı rəf etmək üçün onlara pul verib çağırır, onda mərsiyəxanlar da cəmaətə ümid bağlayıb sənətlərini işlədirlər və mərsiyəxanlıq bizdə bir sənət olubdur.

İndi bu sənət qalsınmı, qalmasınmı, bu başqa məsələdir.

Mənim sözüm isə-budur: qoy təziyə saxlayan cəmaət iki savab eləsinlər, həm təziyə üçün pul versinlər, həm də yetim-yesirləri saxlamaq üçün. Məsələn nə olar? On manat verən, bu səfər on iki versin ki, onun on manatı həmişəki kimi təziyəyə və ikicəsi də yetimxanəyə sərf olunsun. Və bu ayağdan hər kəs, hər il təziyə üçün verdigi pulun üstünə iki manat, üç manat artırsa, özünə bir o qədər cəfa olmaz. Amma millətimiz üçün səfa olar! Və bu səvab iş Allahın da, peyğəmbərin də, imamın da xoşuna gələr!

Bizlərdə deyərlər ki:

–Elə iş tut ki, Allaha xoş gəlsin! Haman işin birisi bax budur ki, var dedim. Pəs mərsiyəxanlarımız cəmaətimizin səxavətinə ümid bağlayan kimi, biz də o səxavətə göz tikib cəmiyyəti-xeyriyyəyə deyirik ki:

–Yetimlərə zəhmət çəkib siz özünüz baxın, cəmaət isə:

–Pul versin!

Filankəs

“Yeni İqbal”, 1 noyabr 1915, ¹ 156

 

 

ORDAN-BURDAN

 

Faytonçularımız ...

 

Əvvəllərdə Bakıda bir-fayton!-deyib çığıranda bir fayton əvəzinə üçü-dördü çapıb gələrdi.

Amma indi ...

İndi fayton, fayton deməkdən boğazın yırtılır-amma fayton tapılmır.

Ələlxüsus, axşam çağı pasaj tərəfdən boş fayton tapmaq-böyük xoşbəxtliklərdən hesab olunur. Yəni faytonçu olur. Amma nə faytonçu! Faytonuna özü minib gəzir. Soruşanda ki, fayton, boşsanmı? Diyor ki, açmağa gedirəm. Çox vəqt heç cavab da vermiyor. Özünün də gözləri o tərəf bu tərəfdədir: elə bil ki, bir adam itiribdir, onu axtarır.

Əvvəllərdə buna diqqət yetirən olmurdu. Amma indi bu cürə hərəkət çox-çox gözə görünür. Odur ki, əhalidən bəziləri bu işə diqqət yetirib, faytonçuların kələklərini duyubdurlar.

Məlum olubdur ki, faytonçular bu cürə kələk ilə özlərini “kasıb” müştərilərin “əlindən” qurtarıb, müştərilərin “yağlı”sını axtarırlar.

Əgər pasaj qabağında bir faytonçu görsən ki, özü faytonun içinə minib boş-boş sürür və gözləri də o tərəf, bu tərəfdədir, onda bil ki, kələkbaz faytonçu “yağlı” müştəri axtarır.

Guya faytonçular bu növ ilə “bahalığa qarşı mübarizə” edib çox pul qazanmaq istiyorlar!

Amma bu boş fikirdir!

Əvvəla bazarı gəzib “yağlı” müştəri tapıncaya qədər iki “kasıb” müştərini aparıb iki başın pulunu almaq olar.

Və saniyən sirsifəti “yağlı” görünən miniklərin bir çoxu evinə yetişəndən sonra “yağsız” olub “taksi” ilə pul verib “yağ” o yanda qalsın, hələ qordovoyu da çağırırlar.

–Yaxşısı budur ki, faytonçular özlərindən “hoqqa” çıxartmayıb kəsbkardan qalmasınlar. Və əhalini özlərindən incitməsinlər. Yoxsa bir gün olar ki, incimiş əhali bir kərəlik tövbə edər ki, daha fayton minməsin.

Filankəs

 

“Yeni İqbal”, 2 noyabr 1915, ¹ 157

 

 

ORDAN-BURDAN

 

Ruslar almanlara “german” diyorlar. Bəzi yerlərdə də bunlara “cermən” diyorlar. Firənglər isə “aləman” diyorlar ki, guya biz də onlardan götürüb “alman” deyirik.

Amma burasını mən yəqin bilmirəm ki, bu “aləman” sözünü biz firənglərdən götürmüşük, yoxsa firənglər bizdən!

Mənim əqlim belə kəsir ki, firənglər bizdən götürübdürlər, nəinki biz firənglərdən.

Bir də mənim əqlimdən başqa, əhvalatın özü də bunu isbat eliyor. Məsələn:

–Almanlar hər yerə getsələr, çapıb-çalıb, qırıb dağıdırlar. Bizlərdə bu cürə çapovulçulara “alaman”çı deyirlər!

Bəs bundan məlum olur ki, firənglərin “aləman” sözü bizim həmin bu “alamançı” sözümüzdən götürülübdür. Odur ki, biz də bundan sonra almanlara “alamançı” desək, daha doğru olar!

Zalimlər doğrudan ki alamançıdırlar!

 

lll

 

Konka müdiri Hüstov cənabları upravanı qınıyor ki, faytonlar azlıq etdiginə görə konka gecə saət on birdən sonra da işləsin. Bu şərtlə ki, saət 11-dən sonra bilet pulu iki şahı olsun. Əlbəttə, bu məsələni gərək uprava təsdiq etsin. Amma bu gün yeddi nəfər müsəlman tərəfindən qol qoyulmuş və idarəmizə göndərilmiş kağızdan belə görünür ki, bu məsələni upravadan əvvəl konka konduktorlarından birisi təsdiq edib, özü də qol qoyubdur. Odur ki, gecə vağzala gedən konkaya minmiş olan bu yeddi nəfər müsəlmandan hər biletə iki şahı pul alıbdır.

Amma nədəndirsə konduktor bu “cərimə”ni əvvəlcə müsəlmanlardan istiyibdir. Belə ki, konkada olan sair miniklərdən bir şahı, amma müsəlmanlardan iki şahı alırmış. Bunun səbəbi odur ki, konduktor da müsəlman, onlar da müsəlman. Pəs müsəlmanın da borcu müsəlmana kömək ... yox səhv oldu – müsəlmana əziyyət eləməkdir.

Rəvayət edirlər ki, bu müsəlmanların içində bir nəfər “dil bilən” olduğuna görə bu işin üstü açılır.

İş açılcaq konduktorun bərk acığı tutur və müsəlmanın acığı tutanda o biri müsəlmana dedigi, “qəşəng” sözlərin lap zorbalarından seçib bunlara diyor.

– Amma genə də konduktorun insafı varmış, çünki sonradan-sonraya öz təqsirini boynuna alıb deyibdir ki:

– Bağışlayın mən sizi həmşəhri bildim!

Filankəs

“Yeni İqbal”, 9 noyabr 1915, ¹ 161

 

 

ORDAN-BURDAN

 

Azuqə və mənzil məsələsi

 

İndi dünəndən bəridir ki, bu məsələ Tiflisdəki böyük şurada başlanıb bunun barəsində danışılmaqdadır.

Bu şuraya hər tərəfdən adamlar seçildi. Bizim Bakıdan dəxi seçildi. Birisi-Vermişev, biri də Askerpinski, yəni bir nəfər erməni və bir nəfər də rus.

Bu seçkidən dörd mülahizəyə pey aparmaq olar:

Əvvəla:

–Bir şəhərdən ki, bir böyük şuraya bir nəfər erməni və bir nəfər rus seçilir-pəs bu şəhərdəki əhalinin yarısı erməni və yarısı rusdur.

İkinci:

–Ola bilsin ki, bu şəhərdə erməni ilə rusdan başqa ayrı millət adamları dəxi vardır.

–Amma şuradaki müzakirə olunacaq məsələnin bu ayrı millət adamlarına dəxl və təsrifi yoxdur.

Üçüncü:

–Yox, bu məsələnin şəhərdəki ayrı millət adamlarına da dəxl və təsrifi vardır. Ancaq onlara dair bir söz açılsa, onda əvəzlərindən bu seçilmiş bir nəfər erməni ilə bir nəfər rus danışarlar.

Dördüncü:

–Ah, təfavüt yoxdur! Ayrı millət adamlarından seçilmiş olsa da-olmasa da birdir! Gedib o şurada lal və kar “səm, bəgəm” oturub nahaq yerə məclisin havasını xarab edəcəkdir.

Bu mülahizələrin biri, ikisi, üçü heçdir. Çünki Bakıda bir çox, daha çox müsəlman var, bu müzakirə olunacaq azuqə və mənzil məsələsinin bunlara böyük dəxl və təsrifi var. Və heç vəqt ola bilməz ki, Bakı müsəlmanları əvəzindən özgəsi danışsın.

Dördüncü mülahizə ki, məclislərdə müsəlman vəkillər oldu-olmadı, təfavüt yoxdur.

–Heç danışmıyor-yarısına qədər doğru olub bizim başımızı aşağı salan işlərdən biridir.

Qlasnıları çox olan Bakı Dumunda bu seçgi əmələ gəlib, bir nəfər də müsəlman vəkili seçilməgini layiq bilmədilər?

Bu xüsusda rəvayət belədir:

Müsəlmanlardan da seçilmək üçün hazır adam varmış və o adamın da bu azuqə və mənzil məsələsi xüsusunda deyib-danışmaq üçün lazımı itlaatı varmış: ancaq bu adamı Dumda keçirmək lazım imiş və keçirmək üçün də müsəlman qlasnılarının Dumda hüzuri lazım imiş. Halbuki, haman gün Dumda cəmi-cümlətani səkkiz nəfər müsəlman qlasnısı mövcud imiş! Ona görə də müsəlman vəkilini keçirən olmuyubdur.

Bəli də! Məsələ aşkardır! Bu cürə qlasnıların vücudu ilə biz hər bir şeydə və hər bir işdə ancaq gendən baxan olacayıq!

 

lll

 

İdarəmizə rus şəhərlərinin birisindən fars dilində yazılmış bir məktub gəlib. Bizdən bir sual edirlər ki, aya:

“-Şəxs ke, çənd sal dəllal ke kərdə başəd,

Bə o mənsəbi dəhənd? İnce yek şəxs dəhsal dəllal ki, kərdəəst an şəxs konsul kərdəənd!”

Yəni, diyor ki: bir adam ki, on il dəllalıq etmiş ola, aya, o adamı konsul təyin etmək olarmı?

Cavab:

–Bəli, olar! Hətta bunun on illik “təcrübə”dən sonra konsul olmağı “işin” asanlıq ilə rəvac və tərəqqisinə böyük bir səbəb ola bilər. Belə ki, bəziləri konsul olub, sonra “dəllalıq” ögrənirlər, halbuki, bu şəxs dəllallığı əvvəlcə ögrənib pişəzvəqt təcrübə sahibi olubdur!

Keçən səfər qəzetəmizdə var idi ki, almanların İrandaki konsulları hamısı əsl həqiqətdə dəllal, komisyonçu və alver işlərini yaxşı bilən adamlardır.

Bunun əvəzində biz də deyirik ki, nə olsun?

İranın da özgə məmləkətlərdəki konsulları mahir və ustad dəllalardır!

Hər kəsin bir hünəri var!

Burada təəccüb ediləcək bir şey yoxdur!

Vəssəlam.

Filankəs

“Yeni İqbal”, 11 noyabr 1915, ¹ 163

pey – iz, ləpir

təsrif – istədiyi kimi dəyişmə

əxl – qarışma, müdaxilə etmə

 

 

ORDAN-BURDAN

 

Dayaq ...

 

Bir ağac çox meyvə gətirəndə ağac və budaqlarına güc düşüb meyvələrin ağırlığından az qalır ki, sınsın, ona görə bağbanlar o cürə meyvəli ağacların şax və budlarına dayaq verirlər.

İndi mən ki, işləri belə görürəm, bizim millət “bağban”larının dəxi borcudur ki, şəhərimizin upravasında olan müsəlman qlasnılarımıza da, əlbəttə, əlf-əlbəttə bir dayaq versinlər.

Deyəcəksiniz ki, necə yəni dayaq? Bu nə sözdür? Nə demək istiyorsan?

Demək istədigim bax budur:

Zakon ilə qoyulmuş seçgi qaidəsi belə düşübdür ki, Bakı şəhərində upravaya qlasnı seçəndə, bir də görürsən ki, elə adamlar qlasnı oldular ki, nə şəhər işlərindən, nə ümumdövlət işlərindən, nə cəmaət işlərindən, nə də ki, müsəlmanlara lazım olan iş və əməllərdən heç bir ittilai, məlumatı və bacarığı yoxdur: odur ki, çox vəqt dum iclaslarına gəlməyən və ya gəlsələr də oturub mürgüləyən qlasnıların vücudi ilə dumda iş yeritmək müsəlmanlara mümkün olmuyor.

Onda nə etməli?

Bacarıqlı adamlarımızın qlasnı olmağına seçgi qaidəsi yol vermiyor.

Seçilən bacarıqsız qlasnılardan da fayda görmürük. Pəs ona görə deyirəm ki, biz gərək bu qlasnılarımıza əlbəttə dayaq verək!

Bol meyvə verən ağac ilə bacarıqsız qlasnıları tutuşdurmaqdan məqsədim budur ki, ikisinə də dayaq lazım olduğunu bildirim.

Ancaq təfavüt burasındadır ki, ağac meyvə verdigi üçün dayağa möhtacdır, amma bizim qlasnılar “meyvə vermiyib bacarıqsız olduqlarına görə “möhtaci-dayaq”dırlar.

Çox əcəb.

Meyvəli ağacların dayağı nə olur?

Meyvəsiz və qurumuş bir ağac!

Bəs “meyvəsiz” qlasnıların dayağı nə ola bilər?

Əlbəttə, “meyvəli” və bacarıqlı bir adam!

Qərəz, burada hər şey tərsinə olur. İndi bu “filosofiyə” qalsın, amma qlasnılarımıza dayaq lazımdır.

Mənim yadımdadır ki, ikinci Dövlət duması qurulandan sonra orada olan müsəlman vəkillərinə “kömək” etmək lazım gəldi. Onun üçün bacarıqlı və bilikli adamlar oraya yığılıb Kazan qəzetələrinin istilahı ilə “yardım komitəsi” qurdular ki, bu komitə müsəlman deputatlarına yol göstərirdi. İndi dayaq dedigim söz-haman “yardım komitəsi” kimi bir şeydir ki, bu saət bizim şəhər dumundaki qlasnılarımız da o cürə “yardıma” və dayağa yaman möhtacdırlar. O millət “bağban”ları bu barədə yaxşı fikir etsələr, çox gözəl olardı...

Filankəs

“Yeni İqbal”, 12 noyabr 1915, ¹ 164

ittilai – xəbəri

Üzeyir HACIBƏYLİ

 

 

Üzeyir HACIBƏYLİ

 

525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.20-21.