Sevgi akkordları

 

Qahirə, 1992-ci il. Xüsusi solo konsertə dəvət edilən musiqiçinin ifasını Qahirə Opera Teatrının kamera zalı diqqətlə dinləyir. Böyük səhnədə güclə görünən saçı lentalı balaca musiqiçinin ifasında mürəkkəb klassik ifalar səslənir. “İnanılası deyil...”, “Bu ola bilməz” – deyə yerdən səslər eşidilir. Həyəcanlı atası isə səhnənin arxasından qızının hər bir hərəkətinə göz qoyur: axı, onun cəmi beş yaşı var...

Bakı, 2010-cu il. Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində əlində zərif skripka tutan gənc bir xanım görünür. O, yayın bürkülü günlərindən, təbiətin şıltaqlığından əsəbləri tarıma çəkilən auditoriyanı təbəssümlə salamlayır. İstirahətdən yenicə qayıdan, hisslərini sahmana salmağa çalışan, elə bu baxımdan da həmişə olduğundan da artıq tələbkar olan tamaşaçılar isə onu tələsdirirlər. O isə aramla skripkasını kökləyir və nəhayət ilk akkordlar səslənir...

 ...Konsertdən əvvəl, foyedə gənc yazar Ülviyyə Heydərova ilə görüşdük. Hal-əhvaldan sonra, heç gözləmədiyim halda qayıtdı ki, çoxdandır yoxsan! Lap elə beləcə də dedi. Düzü, alınsam da, üzə vurmadım. “Yoxsan” sözü ürəyimdən asılıb qalmışdı, yerimdə oturub səhnəni müşahidə eləsəm də, yox olmanın kədərini, ağrısını özümdən uzaqlaşdıra bilmirdim. Fikrimdə ona cavab verirdim ki, varam. Amma onun nə demək istədiyini yaxşı bildiyimdən, deyirdim ki, adama yazmağa bəhanə verən səviyyəli, maraqlı bir tədbirdə çoxdandır iştirak etmirəm... Yazı gərək bizdən xəbərsiz yazılsın... Yazı təkcə sözlə yazılmır... Hisslərimizi təzələyən, adamın ağlını, ürəyini oğurlayan hadisəyə həsrətik... Bu cavabların heç biri kəsərli olmadı, məcbur olub etiraf elədim ki, qəfil heyrətdən doğulan, bizdən xəbərsiz-ətərsiz böyüyən, sonra da ayağını bir başmağa dirəyib sözə çevrilən yazımız yoxdur. Hə, yoxluqdur! Səhnədəki xanım elə bil bu etirafımı gözləyirmiş kimi, ani bir toxunuşla, qəribə sərtlik və həssaslıqla gözlənilməz bir keçid elədi. Onun köksünə sıxdığı, bizə isə bir qədər yad olan skripkanın səsi bir ovsun kimi salonu bürümüşdü. İnanmaq olmurdu, amma musiqinin, klassikanın sehri bizim səbirsiz və hövsələsiz tamaşaçılarımızın dilini-ağzını bağlamışdı. Elə bir sükunət vardı ki, maestro Teymur Göyçəyevin çubuğunun işarəsi olmadan adam nəfəsini də ala bilmirdi. Doğmalığın, sevginin, əzəmətin heyrətli anları bir-birini əvəz edirdi. V.A.Motsartın musiqinin köməyi ilə birləşdirdiyi qlobal dünyamızı seyr edib F.Əmirovun “Muğam-poema”sına dönürük, muğam beşiyimizi anırıq... E.Elqar, Q.Qerşvin, S.Rahmaninov, A.Levi, İ.Stravinski musiqisi ilə həsrətimizi, kədərimizi ovundururuq, Q.Qarayevin “Yeddi gözəl”ini dərhal tanıyıb “Gözəllər gözəli”nə heyran oluruq və... Bu da mürəkkəb klassikanın əzəmətli son akkordları...

5 yaşındakı çıxışından sonra Azərbaycan filarmoniyasının səhnəsində bir də 17 ildən sonra görünən bu ifaçının adı Nəzrindir. Londonda, Musiqi Akademiyasında təhsil alan, “FeMuza” qadın simfonik orkestrinin rəhbəri Nəzrin Rəşidova. Onu təkrar bizimlə görüşdürən “Azərbaycan qadını” oldu. Vaxtı ilə oxucuların sevimlisi olan və indi də müntəzəm nəşr olunan bu jurnal hər yeni sayının təqdimatını belə qeyri-ənənəvi bir tərzdə qeyd edir. Sabahına inandığı gənc yaradıcılarla oxucularını əyani şəkildə görüşdürür. Ənənəyə çevriləsi gözəl bir nümunədir. Açığı, oxşarlıq və yeknəsəklik adamı elə doyurub ki, yeniliyə doğru kiçik bir cəhdə də uşaq kimi sevinirsən. ...Səhnədə olduqca əzəmətli görünən bir Azərbaycan qadını ilə sağollaşırıq. Evdə isə “Azərbaycan qadını” jurnalı gözləyir. Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə keçirilən “Gender bərabərliyi” adlı beynəlxalq konfransdan reportajı “Gülüstan” sarayında tamamlayıb, Moskvaya – Azərbaycanın Rusiyadakı Gənclər Təşkilatının II konfransına tələsirik. “Etiraf etməyə utanıram... ancaq mən şeir yazıram” – Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın portret cizgilərindəki bitmiş fikri ifadə edən bu söz birləşməsi adamı əvvəl heyrətləndirir, sonra onun ən azı libretto müəllifi olduğunu xatırlayıb yolumuza davam edirik.

 Qız qalası! Yox, bu qədim abidə yolumuzu kəsmir, bizi uzaqlara – dünyanın qız kimi bakirə, qala kimi əzəmətli dövrünə aparır. İçində də bir eşq hekayəti. Bura Şərqdir – eşqsiz və hekayətsiz ötüşməzsən. Qız qalası haqda yazılanlara inanmasanız, Vaqif-Elza Mustafazadə dastanına qulaq asın. Aşıq dilindən yox ha, məşuq dilindən. Elza xanım son qırx ildə ilk dəfə müsahibə verir.

“Azərbaycan qadını”nda Azərbaycan kişisi! Onun adı Məmməd Əliyevdir, bu imzanı unutmayın. Rusiya Federasiyası Prezidenti İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasının uşaq onkologiyası üzrə baş həkimi, Rusiya Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, professor, məşhur cərrah, Ümumrusiya Azərbaycan Konqresinin sədri və... olduqca sərt, mühafizəkar azərbaycanlı kişisi! Belə adamları mühit dəyişmir, onlar özləri mühit yaradırlar.

Yüksək dizayn, əla poliqrafiya, seçilmiş mətnlər, musiqili təqdimat və baş redaktor Fatma Abdullazadənin ön sözü: “Hər bir jurnalın siması onun tarixi, oxucu dairəsi ilə müəyyən olunur”.

...Filarmoniyada keçirilən tədbirdə ancaq kirpik qırpılanda səs eşidilirdi: səhnədə Azərbaycan qadını idi! Evdəsə göz qırpmağa da macal yoxdur: çünki masanın üstündə “Azərbaycan qadını” jurnalıdır!

 

P.S. Cavan həmkarlarıma onu deyirdim axı, yazmağa səbəb olmalıdır...

 

 

Laura CƏBRAYILLI

 

525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.19.