UNUTMAĞA KİMSƏ YOX...
Mirzə Pirqulu kağızı görən kimi rəngi dəyişdi. Əliqumral yüzbaşı onu diqqətlə süzüb söylədi:
– Hələ bir bax, bu rəsmlər mağaranın dörd tərəfinə çəkilib durublar.
Mirzə Pirqulu həyəcanlanmış idi və kağıza çəkilmiş rəsmlərə diqqətlə nəzər yetirib belə bir sual verdi:
– Bu işarətlər... onlar mağara içində nə cür, yuxarıdan aşağı düzümləniblər, yoxsa... yan-yana?
Əliqumral yüzbaşı səfər yoldaşına baxdı. Cavabı səfər yoldaşı verdi:
– Mağaranın yuxarı tağına tərəf, əlini qovzasan güclə çatar, yana yan bütün mağaranın dörd divarı boyu düzləniblər.
Əliqumral yüzbaşı gözlərini ümid və ehtirasla yenidən Mirzə Pirquluya dikdi:
– Mir Həsən ağa. Mən bilirəm ki, dəqiq bilirəm, bu işarətləri səndən başqa bir kimsə oxumaz. Oxuya bilməz. Nə deyirsən? – Yüzbaşı pıçıltıya keçdi. – Nə tapsaq sənin payın xüsusi olacaq.
Mirzə Pirqulu Əliqumral yüzbaşının sözlərinə heç fikir vermədi, mizin üstünə başını ki əymişdi və hələ də diqqət və maraq içində kağıza səliqə ilə köçürülmüş bu işarətlərə baxırdı, vücudunu qəfildən geri çəkdi, yox, nə isə, elə bil, onun vücudunu geri itələdi. Gözlərini bir məchul nöqtəyə zilləyib durdu.
– Hə, nə deyirsən? Özün getmək istəmədin ki, ora. Mənə söz verdin, əgər bu kağızı gətirmiş olsam, sən onun sirrini çözəcəksən. “Sirlərin sərgüzəşti” əsərini sən yazmısan. Amma... Budur sirlərin əsl sərgüzəşti. Qızılın yeri, xəzinə!.. Burda, burda xəzinənin yeri dəqiq göstərilib durub. Çöz bunu, Mir Həsən ağa, çöz...
Əliqumral yüzbaşı danışdıqca vəcdə gəlir, bütün vücudu əsir, gözləri par-par yanır, az qala hədəqəsindən çıxırdı.
Mirzə Pirqulu isə sakit
idi. Yenə yüzbaşının dediyi həyəcanlı
sözlərə bir məhəl qoymadı, üzünü
onun səfər yoldaşı gəncə tutub bu dəfə
də belə soruşdu:
– Mağaranı bəs necə
tapdın?
Gənc həvəslə
cavab verdi:
– Bizim kəndin bir
böyrü dağa dirənib. Dağ döşü ilə
qonşu kəndə gedən cığır bu
mağaranın yanından keçir. Dar bir ağzı var,
süngür ağacları, tamam kol-kos tutub ağzını,
heç kim onu görməyib, amma içi genişdi. Bir qoca
canavar oranı özünə məskən edibmiş.
Qoyun-quzudan hərdən gəlib ondan-bundan aparırdı.
Mağaranın içi sonradan gördük,
sür-sümüklə dolu... Pusqu qurduq, canavarı
oxladıq, qanı axa-axa sürünüb mağarada gizləndi.
Qanının izi ilə tapdıq...
– Qurdlar qızılı, mən
hardasa eşitmişəm, hiss edirlər, hiss etməz
olurlarmı?! – Əliqumral yüzbaşı
öz-özünü və birinci növbədə Mirzə
Pirqulunu guya daha çox həvəsləndirmək
üçün əminlik və ümid ilə əlavə
etdi.
Mirzə Pirqulu:
– Bəli, qərib əhvalatdı,
– deyə hələlik yalnız bunu söylədi və yenə
başını işarətlərə tərəf əydi.
Əliqumral yüzbaşı tələsik şamdanı o
baxan tərəfə sürüşdürdü.
Çox-çox uzaqda qurdmu uladı, köpəkmi
hürdü – bu bilinmədi.
– ...qərib əhvalatdı...
Mirzə Pirqulu yuxusundaca bunu
istədi və bu yerdə onun yuxusuna hardansa gəlib bir qoca
canavar girdi. Bu haman mağaranı özünə məskən
seçən, qanı axa-axa ora sığınan canavar idi.
Canavar otağa necə daxil oldu, qonaqlar bundan duyuq düşmədi,
otağa daxil olub keçib otağın bir küncündə
mavikərpic sobadan (yuxunun bu parçasında sobanın kərpicləri
yenə də mavi rəngə boyanmışdı) sol tərəfdə
qarnı üstə yerə sərildi. Onu elə bu zaman
gördülər. Canavarın böyrünə bir ox
batmışdı və oxun ucu hələ də yaranın
içində idi, başı sınmışdı. Bu yaradan
zəif-zəif döşəməyə qan axırdı.
Canavar yerə sərildi, başını ehmalca qabaq pəncələrinin
üstünə qoydu, gözlərini qırpmadan
yazıq-yazıq otaqdakılara baxmağa başladı. Hərdən
mırıldanırdı. Canavara nə heyrət edən
vardı, nə də ondan vəhmlənən, qorxan...
– İnanmırsan, bax, bu
canavar eynən o dediyim canavardı. Şahidlik eləmək
üçün gəldi. – Əliqumral yüzbaşının
səfər yoldaşı qanı axan canavara nəvazişlə
baxdı.
– İnanıram, amma əvvəlcə
bunun yarasını sarıyaq. Qanı axır. Allahın
heyvanıdı, savab olar. – Mirzə Pirqulu dedi.
– Hansı yarasını? – Əliqumral
yüzbaşı cəsarətlə qalxıb yerindən getdi
canavarın düz yanına, əlini onun başına
sürtdü, tüklərini tumarlamağa,
qulağının dibini qaşımağa başladı. –
Hanı yara? Yoxdu, yoxdu bunun bir yarası. Varmı? Yoxdu!
Yara həqiqət yox
olmuşdu. Qan izləri də artıq
görünmürdü.
– Yaxşı. Bəli, bu bir
yaxşı iş oldu. Savab iş oldu. – Mirzə Pirqulu Əliqumral
yüzbaşının bu hərəkətindən razı
qaldı və gedib bu da çöməldi düz canavarın
qənşərində oturdu. Baxdıqca doymadı,
baxdıqca baxdı canavarın gözlərinə.
Canavarın gözləri parıldamağa
başlamışdı. Özünə gəlirdi. Canavar, elə
biləsən, öz doğma məskəninə gəlib
yetişmişdi, bir dili yox idi, yoxsa ki, otaqdakılarla az qala
söhbət də edəcəkdi. Gözünə baxanın
düz gözünə baxırdı. Onu tumarlayanın əllərinə
ləhləyə-ləhləyə başını
sürtürdü və bu zaman zəhmli və iti dişləri
ağzında par-par yanırdı.
Mirzə Pirqulu bir xeyli bu
cür diqqətlə canavar ilə baxışdı, sonra gəlib
yenə keçdi öz yerinə. Əliqumral
yüzbaşı da canavarı son dəfə əzizlədi, əlində
qana bulaşmış ox ucu vardı, onu mavikərpic
sobanın düz içinə, alovların arasına atdı,
sonra o da qayıtdı öz yerinə.
Mirzə Pirqulu bu yerdə
diksinib yuxudan yenə ayıldı. Başını mütəkkədən
qaldırıb pəncərəyə diqqət etdi. Pəncərə
çöl tərəfdən əsl ağ pərdəyə
bürünmüşdü. Qar hələ də
yağırdı. Mirzə Pirqulu yatağında ora-bura
çöndü, su içməyi yox idi, bayıra
çıxmağı yox idi. Bir ah çəkdi “Göylərin
qarı, yağışı qurtaran deyil, qüdrətinə
şükür, xudaya..” və yenidən gözlərini yumdu.
Yuxusunun davamı bu dəfə belə gəldi.
... Mirzə Pirqulu
bütün vücudu ilə mizə və, əslində, mizə
yox, mizin üzərindəki üstünə cürbəcür
işarətlər çəkilmiş kağıza tərəf
əyilmişdi.
Bu kağıza çəkilmiş
işarətlər qəribə şəkillərə bənzəyirdi.
Bu şəkillər müxtəlif canlı və əşyaların,
bəzi halda, lap elə biləsən, rəssam tərəfindən
çəkilmiş rəsmlərindən ibarət idi. Bir
başqa halda bunlar rəsm də deyildilər, eləcə xətlər
və cızıqlar idilər.
Mirzə Pirqulu bu əyri və
düz cızıqları və həm də gah insanlara, gah
heyvanlara bənzəyən rəsmləri çox diqqətlə,
bəlkə bir-bir nəzərdən keçirirdi. Otaqda bir
sükut hökm sürürdü. Alovun qırmızı dilləri
yaşılkərpic sobanın içində gizlənib
qalmışdı. Artıq çölə-bacaya qaranlıq
gəlib var gücü ilə çökmüşdü. Qar
hələ də ağappaq, yavaş-yavaş
yağırdı. Yuxarıdan aşağı,
aşağıdan yuxarı yekə qar dənəcikləri
çətirlə enib qalxırdı. Hərdən pəncərənin
dibindən nə idisə “vıy” eləyib külək kimi
keçirdi. Hərdən də uzaqdan qurd ulamasına, köpək
zingiltisinə bənzər vahiməli, boğuq səslər
idi, gəlib yetişirdi otaqdakıların qulağına.
Mirzə Pirqulu yerində bir
də qurcuxdu. Sinəsindən gəlib ağzından bir inilti
çıxdı. Amma tezcə də sakitləşdi...
– Hacı ağa, nə deyirsən?!
– Əliqumral yüzbaşı bu zaman səbrsiz bir halətdə
soruşdu.
– Çox, çox qərib
bir yazıdı bu.
Mirzə Pirqulu dediyini, elə
bil, öz-özünə söyləyirdi və xınalı
saqqalını əzizləyə-əzizləyə
tumarlamağa başladı, kağızın rəsmlərini
seyr edib gözlərini yumaraq dərin fikrə getdi...
– Hacı ağa! Hacı Mir
Həsən ağa! – Əliqumral yüzbaşı gənc səfər
yoldaşına əli ilə anlaşılmaz işarələr
verib, sonra əlini miz üstdən uzadıb Mirzə Pirqulunu
yavaşcadan dümsüklədi.
– Mirzə... Mirzə... – Əliqumral
yüzbaşının səfər yoldaşı da Mirzə
Pirqulunu yenidən söhbətə qaytarmaq ümidilə asta
səslə çağırdı.
Mirzə Pirqulu isə, nəhayət,
fikri özünə qayıtdı, və o heç nəyə,
heç kimə məhəl qoymadan ahəstə-ahəstə
danışmağa başladı, belə dedi:
– Mən həyatım
sürəci bu cürənə yazını görməmiş
idim. “Sirlərin sərgüzəşti”ni yazdığım
zaman ustadım mövlanə Mir Həşim Dərdəçarə
deyərdi ki, Allah onun ruhuna rəhmət eləsin...
– Allah ona rəhmət eləsin.
– Allah qəni-qəni rəhmət
eləsin. Behiştlik olsun...
– Ustadım deyərdi ki, bəli,
naməlum və qaranlıq bir məsələnin üzərinə
işıq salmaq istirsənsə ilk əvvəl o naməlumun
içindəki təkrar məqamlarını axtarıb tapmaq
gərəkir. Sonrası xeyli asandır. Bağlı qapıya
açar salınar, qapı açılar, bunun açarı
təkrardır.
– Bəs sal açarı da,
tap da, Mirhəsən ağa, bu kağız, bu da təkrar! Niyə
durmusan?.. Tap da bə... – Əliqumral yüzbaşı getdikcə
daha çox səbrsizləşirdi, kağızı az qala
qamarlayıb Mirzə Pirqulunun gözünə soxacaqdı.
– Burada təkrar... əlbəttə
ki, vardır. Burdakı təkrar edilmiş şəkillər...
– Mirzə Pirqulu Əliqumral yüzbaşıya, onun
kağızı az qala qamarlamaq istəyən əlinə
altdan-altdan ehtiyatla, amma qətiyyən
qorxusuz-hürküsüz baxıb etinasız tövrlə
üzün çöndərdi səfər yoldaşı olan
gəncə və dedi:
– Bu şəkillər eynən
çiçək ləçəyidi ki durub. Bax, bax hələ
bura...
Əliqumral
yüzbaşı sakitləşdi. Mirzə Pirqulunun
dodaqlarına zərif bir təbəssüm qondu.
Kağızdakı rəsmlərin içərisində
çiçəyin ləçəyinə bənzəyənləri
bir-bir bu gəncə barmağı ilə nişan verməyə
başladı:
– Baxırsan, buna,
çiçəkdi ki, var. Hər üç, ya dörd
işarətdən sonra təkrarən bu çiçəkdi
gəlir, baxırsan?!..
Eynən onun dediyi kimi idi. Rəsmlərdən
hərdən ikisindən, hərdən üçündən,
ya da az bir halda dördündən sonra bir çiçək
rəsmi idi, çəkilmişdi kağıza – işarətin
alt tərəfinə. Belə ki, yazıya zənlə baxan
bir şəxs onun başa-baş çiçəklə dolu
olduğunu hökmən sezməli idi. Yazı
başdan-başa çiçəklə dolu idi.
Əliqumral
yüzbaşının gənc səfər yoldaşı ilk
dəfə görürmüş kimi bu çiçək rəsmlərinə
gözünü maddım-maddım zilləyib
qalmışdı. Güc ilə bu sözləri ancaq deyə
bildi:
– Bu çiçəkləri...
mən indi ilk dəfədi ki, gördüm. Necə mən
bunları sezə bilmədim?! Həqiqətdə də
çiçəkdilər bunlar... Əlbəttə,
görünür, bunları rəsmə çəkəndə...
özümdən bilhassə xəbərsiz olmuşam. Amma...
Necə olub ki, onları görə bilməmişəm?! Necə
olub?! Sirri müəmma...
Sonra Əliqumral
yüzbaşının ona xeyli sərt
baxdığını görüb gənc yazıq-yazıq
dediklərinə bunları əlavə elədi:
– ... bu çiçəkləri
görsə idim belə, mən bu yazını oxuya bilməyəcəkdim.
– Bilmək istərsən, –
Mirzə Pirqulu gəncə xitabən dilləndi. – Bu
yazını elə mən özüm də oxuya bilməyəcəyəm.
Bunun bir başqa sehri var. Bəlkə... Amma yox!..
Mirzə Pirqulu
sözünü yarımçıq kəsdi. Yazıya dikib
gözünü, fikrə getdi və eləcənə dinməz
qaldı.
Əliqumral
yüzbaşı ümid dolu bir baxışla bunun son sözündən
dördəlli yapışmadımı, yapışdı:
– Bəlkə, yəni?..
– “Bəlkə” elə bəlkədi,
yüzbaşı. Bəlkəni əkiblər, bitməyibdi,
bilmirsən?! – Mirzə Pirqulu sərt-sərt dedi (“artıq bəsdi!”)
və başını narazı bir halda yellədi.
Canavar dırnaqları ilə
döşəməni cırmaqlayıb qaşıdı. Bu
yerdə yuxu yenə qarışdı. Mirzə Pirqulu elə
yuxudaca nəfəsi az qaldı kəsilə və bu dəfə
əməlli-başlı zarımağa başladı...
Yuxunun içində isə
zarıyan canavar idi. Bu canavar bir qəribə canavar idi. Gah
zarıyırdı, gah ləhləyirdi, gah
mırıldanıb dururdu, gah da dırnaqları ilə
döşəməni deşirdi, gahdan isə
başını köpəklər kimi qabaq pəncələrinin
üstünə qoyub yazıq-yazıq artıq ancaq Mirzə
Pirquluya baxırdı. Ahənrubə kimi onu öz yanına
dartırdı. Qəfildən sarı göz bəbəkləri
qapı kimi açılıb Mirzə Pirqulunu içəri dəvət
elədi. Mirzə Pirqulu elə yuxudaca yavaşdan bir “bismillah”
deyib durub getdi canavarın qənşərində bir daha
çöməldi yerə, sonra özü özündən
gözləmədiyi bir cəsarətlə “bu yaşımda mənim
etdiyimə bax...”, canavarın gözlərinin deşiyindən
içəri keçib o tərəfə (içəriyə)
daxil oldu və özünü bu zaman bir qaranlıq
mağarada gördü.
Bu haman tərif edilən
mağara idi. Dörd bir yanı da çiçəkli
yazı ilə dolu idi. Yazı xətti yazı idi,
mağaranı dörd tərəfdən kəmər kimi
dolaşırdı, elə bil çölə, gün
işığına çıxmaq, üz tutub durna qatarı
kimi uçub gözdən itmək istəyirdi,
bacarmırdı, mağara onu içindən buraxmırdı.
“Bu qədər ki, mən bu dünyanı tanıyıram, bu qədər
ki, dünya məni tanır, bu cürə gözəlliyi mən
heç yerdə görməmişəm, hələ mənim
bu işarətlərin batinindən xəbərim yoxdu. Bunlara
nəfəs dəyə bilməz, yoxsa, bu zərif
çiçəklər dağılar, bunlara əl dəyə
bilməz...”
Mağaradan çölə
çıxmaq və ətrafa göz gəzdirmək
özü istəmədi (halbuki bu bir yuxu idi, istəsəydi
bunu da edə bilərdi; Mirzə Pirqulunun şöhrəti bir
tərəfdən yuxu yozmağında idisə, o biri tərəfdən
Mirzə Pirqulu öz elminin zirvəsinə də
yaxınlaşmış bir mərifət sahibi idi, belə ki,
yuxuları idarə etməyi mükəmməl öyrənmişdi).
... Mirzə Pirqulu
canavarın gözünün içindən
çıxıb yaşılkərpic sobalı otağa geri
qayıdanda xeyli zəif düşmüşdü. Elə bil,
mağarada nəyinisə qoyub qayıtmışdı.
Çöməlib otura bilmədi, eləcə arxası
üstə yerə uzandı. Güc ilə bu sözləri
dedi:
– Oxuya bildiyim yalnız bu
oldu: “yadıma salmağa bir kimsə qalmadı dəxi...”
Mirzə Pirqulu bu sözləri
deyib rahat-rahat köksünü ötürdü.
Əliqumral
yüzbaşı bir az qaldı bağırsın, amma Mirzə
Pirqulunun gözlənilməz, qəfil zəhmli
baxışı bu bağırtını bir
pıçıltıya çevirdi:
– Bəs hanı burda
yazılan xəzinə?.. – Yüzbaşının
sözü də yarımçıq qaldı və o, nifrətlə
gözünü dikdi öz səfər yoldaşının
üzünə.
Gənc səfər
yoldaşı günahkar-günahkar başını
dikmişdi yerə və baş qaldırıb Əliqumral
yüzbaşı tərəfə baxmağa belə cürət
etmirdi.
Mirzə Pirqulu onları
qüssəli-qüssəli seyr etdikdən sonra (yuxuda bu, bir
xeyli zaman apardı), yenə köks ötürüb, ah
çəkdi və bundan sonra daha səssiz qaldı. Mirzə
Pirqulu elə yuxunun içində gözlərini yumub bu iki nəfərin
olmadığı bir başqa yuxuya getdi. Bu onun ahıl
vaxtlarında alışdığı, məqam-məqam
özünün qurduğu sevimli yuxusu idi. Yuxuda bir dərə
vardı – başdan başa yaşıllığa
bürünmüş, çiçəyi çiçəyini,
bülbülü bülbülünü nəvazişlə
çağırdığı bir dərə. Burada ilin hər
bir fəslində ilıq bahar havası gül-çiçəyin
ətrinə qarışıb adamı məst edirdi.
Şırhaşır axan bulaqların başında qalın
yarpaqları günəş şüasını özündən
zorla buraxan minillik ağacların sərin altında müdrik
elm və fəzilət sahibləri əyləşib ədəb
və ərkanla sual verib, cavablar alar, söhbət və məhəbbət
edərdilər. Hər dəfə Mirzə Pirqulu orada – öz
sevimli yuxusunda peyda olanda bu şəxslər onu ehtiramla salamlayıb
deyirdilər: “Xoş gəldin, Mirzə, sən bizim Sehrbazlar dərəsinə
xoş gəldin...” Söhbət yenidən başlardı, bu
şəxslər indi də Mirzə Pirquluya acgözlüklə
suallar verirdilər, cavablar alırdılar. Mirzə Pirqulunun ən
çox sevdiyi sual bu idi: “Gəldiyin yerlərdə nə var,
nə yox, Mirzə?” Yuxunun bu yerində Mirzə Pirqulunun ürəyi
qısılır, gözləri yaşarırdı.
... O biri gün dinməz-söyləməz
səhər yeməyini yeyib (artıq günortaya yaxın bir
vaxt idi) atlarına minib Əliqumral yüzbaşı öz gənc
səfər yoldaşı ilə yenə də quşbaşı
yağan qar lopalarına qərq ola-ola gəldikləri yol ilə
geri döndülər. Həyətdə külək
vıyıldayırdı. Başında araxçın, əynində
qalın kürk Mirzə Pirqulu onların arxasınca həyətin
taxta qapısını birtəhər çəkib
bağladı, cəftəsini keçirdi. Sonra bir ləhzə
qapıya kürəyini söykəyib hərəkətsiz
qaldı, yağan qara, küləyin hansı deşikdənsə
özünü içəri soxan ürəküzən
vıyıltısına qulaq verdi. Soyuq bıçaq kimi kəsirdi.
Mirzə Pirqulu durduğu yerdə eləcə üşüyə-üşüyə,
buğlu havanı sinəsinə alıb verə-verə bir ləhzə
nəfəsini dərdi. Sonra bir yerə baxdı, bir göyə
baxdı – bir-birinə qarışmış ağ rəngdən
başqa heç nə görmədi. “Allah, min
şükür, Allah min şükür...” ayaqlarının
altına sürüşməmək üçün diqqət
edə-edə (bir əli də saqqalında) qar basıb
bağlamış cığırla (üstündə bir-iki
ləpir!) evinə qayıdıb girdi, qapını
arxasınca bərk-bərk bağladı.
Bu zaman Əliqumral
yüzbaşı artıq Zəncirli yola
çıxmışdı, atın yüyənini çəkib
arxadan gələn səfər yoldaşının onunla bərabərləşməsini
gözlədi. Gözləri soyuqdan və üzünə
macalsız vuran qardan yaşarmışdı, ağzından nəfəsi
buğ kimi çıxıb atının ağzından
çıxan buğa qarışırdı. Yol
yoldaşı yetişdi. Üzünü yana çöndərmədən
yüzbaşı dedi:
– Elə sabah gedib
Şahın topçu dəstəsinə qoşalassan. Sənin
yerin qoşundur. Daha məni aldadıb yoldan çıxara bilməzsən...
– Atın yüyənini boşaltdı. – Yox bir, sehrbazların
xəzinəsi belə gəldi, sehrbazların sərvəti
belə getdi... Bunları sən deyirdin, sən, sən! İntəhası...
Nə düşündü,
nə düşünmədisə daha sözünün
dalını gətirmədi. Mirzə Pirqulunun
ağsaqqallı, nurani surəti gözünün
qarşısında gəlib durmadımı, gəlib durdu.
“Eh” eləyib atını mahmızladı.
Əliqumral
yüzbaşının gənc səfər yoldaşı qəlbində
sonsuz qorxu və ahü-nalə müqəssir adamlar kimi
(atı da eləcə müqəssirmiş kimi ancaq
ayağının altına baxırdı) başı sinəsində,
fağır-fağır qulaq asmağında idi.
At meydanına çatanda hər
iki süvari ağappaq qar heykəllərə
dönmüşdülər, bircə ağızlarından
buğ idi, çıxırdı.
QUZĞUN DIMDIYININ ÜSTÜNDƏ ÖZ-ÖZÜNDƏN
IŞIQLANAN DAŞ ÜSTÜNDƏ OTURMUŞ BƏHRAM
KIŞI VƏ F.Q.
– Qəribə
mağaradı. Mən həyatımda birinci dəfə idi,
mağaraya girirdim. – F.Q. fikirli-fikirli, nəhayət ki,
üzücü xatirələrdən əl çəkib (bu
dəfə də yadına məktəb illəri, cavan
yaşında bir-bir dünyasını dəyişmiş məktəb
yoldaşları gəlib düşmüşdü) Bəhram
kişinin yanına “qayıtdı”.
– Mağaradı da... – Bəhram
kişi özü də, elə bil, haradansa qayıtdı.
F.Q.-nin səsini eşidib özünə gəldi. –
Naxışları eynən çiçəkdi, doğrudan
da çiçək ləçəkləridi. Tarixi sən
bilən beləcənə çiçək-çiçək
düzərlər bir-birinin yanına?! – Bəhram kişi sual
vermirdi, beləcənə F.Q. ilə, bir az da
özü-özü ilə söhbət edirdi. F.Q. də
sözünü bəzən Bəhram kişiyə deyil,
özü-özünə ünvanlayırdı; belə ki, əslində,
Quzğun dimdiyinin üstündə indi iki Bəhram kişi,
iki də F.Q. var idi, biri gözə görükürdü, o
biri gözə görükmürdü, sükuta qərq olmuşdu,
ancaq eşidə bilirdi.
– Bozlar nəhəng itdi... –
F.Q.-nin nədənsə Bozlar gəlib gözü
önündə canlandı. “Qaranlıqda bu, adamı
cırar. Baskervillərin itidi”.
– Bozlar başqa köpəkdi.
Köpək deyil, Bozlar vəfalı dostdu, mənim hər
sözümü anlayır. Adam var, anlamır.
“Məsələn,
Mübariz müəllim...” F.Q. təbəssümünü
zorla saxladı.
– Bilirsən, anasını
bunun gözü qabağında, nəydi ki, körpə,
bambalaca küçük idi, mən vurmuşam. Qurd idi,
qancıq... Bozlar canavardan dönmədi. Odu ki, heç kimə
mən qoymasam, isnişməz. Mənimçün həyatını
verər, kimi istəsən, parçalar.
F.Q. diqqətlə qulaq
asırdı. “Belə-belə işlər, Baskervillərin
iti, belə-belə işlər. Sən Mübariz müəllimdən,
demə, daha anlayışlısan...”
Bəhram kişi F.Q.-yə
baxıb başını yellədi və istər-istəməz
o da Mübarizi xatırlayıb gülümsədi. F.Q.
dodağını dişlədi. “Yenəmi beynimdən
keçəni anladı. Allah, Allah, adamın bu yerdə sirri də
ola bilməz. Ürəyi oxuyurlar.”
F.Q. yazı barədə,
onun oxunması ilə bağlı təklif etdiyi “açar”
barədə düşünmək istəyirdi, amma bilmirdi ki
nə düşünsün. “Şübhəsizdir ki, unikal
yazıdı, heç bir başqa yazını
xatırlatmır, hardansa gəlib, hardansa gətiriblər.
İndi bunu dur, elan elə, yalançı millət qəhrəmanları
çöküb otursun boğazına.”
F.Q. mağarada Bəhram
kişinin onu yazıya, naxışlara əl vurmasını təlaş
içində əngəlləməsini xatırladı. “Bəlkə
burda da nəsə bir sirr var?!” O biri F.Q., ( bayaqdan bəri bir kəlmə
də söyləməmişdi) nəhayət, dilə gəldi:
“Nə sirr olacaqmış?! Bəlkə durub deyəsən, Bəhram
kişi bu naxışları özü çəkib, sonra
küy salıb camaatı töküb bura? İndi də səndən
qoruyur ki, əl vurarsan, naxışların təzə
olduğu aşkar olar, yoxsa beyninə bu gəldi?!” O biri
görükməyən F.Q. bunları görükən
F.Q.-nin qulaqlarına pıçıldadı və “xırp” səsini
kəsdi.
– Bəhram dayı, bu
yazılar əməlli-başlı sirdi. Mən bu dərəcədə
bilməzdim. – F.Q. beyninə girmiş nahamvar fikirlərdən
özü də utandı, Bəhram kişi ilə istədi
ki, ciddi bir söhbət qursun, bir növ “günahını”
(bir qədər əvvəl onun nə isə gizlətdiyini
düşünürdü) yusun.
– Elədi, sən fikir
verdinmi, balası, səndəki şəkillərə həm
bənzəyirdi, həm də bənzəmirdi. – Bəhram
kişi naxışların surətini nəzərdə
tuturdu.
– Düz deyirsən, qəribədi.
Gəl indi buna açar tap.
– Necə yəni açar
tap?
– Uzun məsələdi bu
açar məsələsi, bir dəfə danışaram. –
F.Q. bu sözü işlətdiyinə elə o dəqiqə
peşman olsa da üzündə tələsik bir təbəssüm
“qayırıb” o təbəssümlə Bəhram kişiyə
baxdı, nəydisə Bəhram kişinin sifətində,
diqqətini çəkdi və bu dəfə də onun
yadına Birləşmiş Elmi Şuraların müzakirələri
– Böyük kitabxananın qiraət zalı və xüsusilə
də, qiraət zalının qapısının sağ tərəfində,
divardan asılmış yalançı bir qəfəsə nə
zamansa dürtüşdürülüb salınmış
yalançı Tutuquşu (canlı deyildi, müqəvva idi) gəlib
düşmədimi, gəlib düşdü.
Redaksiyadan: Görkəmli
yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox”
romanını tam həcmdə bu yaxınlarda çapdan
çıxacaq kitabından oxuya bilərsiniz.
Kamal ABDULLA
525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.16-17.