O, dahi idi... Və ana dilini sevirdi

 

...Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinin müzakirəsi gedirdi. Azərbaycan Prezidenti (və Azərbaycan xalqının lideri!) Heydər Əliyev dövlət dilinin adının Konstitusiyada necə yazılıcağı (və bundan sonra rəsmən necə adlandırılacağı!) ilə bağlı geniş müzakirəyə start verdi. Bu, olduqca vacib bir qərar idi... Dahilər yalnız hansı qərarı qəbul edəcəklərini yox, həm də həmin qərarı nə zaman, hansı şəraitdə qəbul edəcəklərini yaxşı bilirlər.

Azərbaycan MEA-nın Rəyasət Heyətinin Böyük akt zalında alimlərin, yazıçıların iştirakı ilə geniş müzakirə keçirilirdi. Məclisin əvvəlində Heydər Əliyev özü çıxış elədi, göstərdi ki, bu gün cəmiyyətdə dövlət dilimizin adı üç cür səslənir: “Azərbaycan dili”, “türk dili”, bir də “Azərbaycan türk dili (Azərbaycan türkcəsi)”. Konstitusiya Komissiyasının iclaslarında da bu məsələ müzakirə edilib. Biz elə oradaca qərar qəbul edə bilərdik. Ancaq bu, ümumictimai, ümummilli iş olduğundan belə qərara gəldik ki, dövlət dilinin adı məsələsini əvvəl ölkənin görkəmli ziyalıları, elm, mədəniyyət xadimləri ilə müzakirə edək...

Prezident həmin sözlərdən sonra rahat bir atmosfer yaratmaq üçün əlavə etdi ki, mən sizi sərbəst müzakirəyə dəvət edirəm, özüm də gedirəm ki, heç bir təzyiq hiss etmədən fikirlərinizi bildirəsiniz.

Və getdi.

Ramiz Mehdiyevin sədrlik etdiyi yığıncaqda çox adam çıxış elədi. Fikirlər şaxələndi. Ancaq heç bir müdaxilə, təzyiq olmadı... Mən də çıxış elədim. Və dedim ki, elmi şəkildə yanaşsaq, bizim dilimizin adı nə “türk dili”, nə də “Azərbaycan dili”dir – “Azərbaycan türkcəsi”dir. Yadımda deyil, səhərisi, ya o biri gün Prezident Aparatında toplaşdıq. Müzakirə Dövlət Arxivinin direktoru Ataxan Paşayevin məruzəsi ilə başladı. Açığı məruzə o qədər yüksək səviyyədə olmadı. Əsas çatışmazlıq isə onda idi ki, Ataxan müəllim dövlət dilimizin adlanma xronologiyasını yalnız Azərbaycan sovet rəsmi sənədləri əsasında şərh etdi. Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin məsələyə münasibətinə toxunmadı. Və yenə də qızğın müzakirələr başladı. Bəxtiyar Vahabzadə, Anar, Elçin və b. ziyalılarımız “Azərbaycan türkcəsi”ni müdafiə etdilər. Vaqif Cəbrayılzadə yerindən “türk dili” dedi...

Respublikada böyük vəzifələr daşımış, o zaman isə xarici işlər naziri olan, ruhən türkçü Həsən Həsənovun çıxışı maraqlı idi; o dedi ki, “Azərbaycan türkcəsi”, yaxud “Azərbaycan türk dili” tərəfdarlarının məntiqi ilə razılaşsaq, onda gərək dilimizin təşəkkül tarixinin miqyasını qədimə doğru genişləndirib belə deyək: “türk-oğuz-Azərbaycan dili”; yəni ümumtürk dilinin bütün diferensiasiya tarixini həmin adda ifadə edək... Və Həsən müəllimin dövlətçilik təfəkkürü onun elmi- dilçilik təfəkkürünü, tamamilə təbii olaraq, üstələdi...

Prezidentin bu cür gərgin şəraitdə nə qərar verəcəyi çox maraqlı idi... Siyasi- ideoloji bir təmkinlə deyilənləri ümumiləşdirdi, “kim bizim mənşəcə türk olmağımızı inkar etmək fikrindədirsə, həmin fikri başından çıxarsın” – dedi, – “ancaq dövlət dilimizin adına gələndə təmkinli olmalıyıq, 30- cu illərdən sonra keçilmiş böyük bir tarix var, o tarixdən imtina edə bilmərik...”

Və əlavə etdi: “Gəlin, dövlət dilinin adı ilə bağlı maddəni referendumda ayrıca səsverməyə qoyaq, cəmiyyət öz fikrini bildirsin”.

Belə də oldu, “Azərbaycan dili” adı ümumxalq səsverməsində böyük səs çoxluğu ilə qəbul edildi.

Heydər Əliyev, sözün böyük (və humanist!) mənasında, siyasət – dövlət adamı idi. O, gözəl bilirdi ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə ölkənin separat qüvvələr tərəfindən parçalanmasında dövlət dilinin adı ilə bağlı münaqişələr də az rol oynamamışdı. Ona görə də parçalayıcı – dağıdıcı yox, birləşdirici məqamları, anlayışları müəyyənləşdirib, məhz onları müdafiə edirdi. “Azərbaycan türkcəsi”ni müdafiə edən biz dilçilər isə “elmi həqiqət”i deyirdik ki, böyük dövlət adamı bunu da yaxşı bilir, mövqeyimizə hörmətlə yanaşırdı. Biz də “havanı iyləyib” elə əvvəldən “Azərbaycan dili” desəydik, nə dəyərimiz olacaqdı ki?..

Bir neçə il sonra yazıçıların X qurultayı ərəfəsində Prezident bir qrup gənc yazıçı ilə görüşdü. Və həmin görüşdə mən qısa, ancaq özündən demək olmasın, xeyli məzmunlu bir çıxış etdim. Heydər Əliyev özünəməxsus ciddi bir səmimiyyətlə mənim kim olduğumla maraqlandı. Səhərisi keçirilən qurultayda poeziya barədəki məruzəmə də, deyəsən, laqeyd qalmamışdı... Ölkə başçısının (özü də Heydər Əliyev kimi bir tarixi şəxsiyyətin!) rəğbətini qazanmaq kiçik iş deyildi. Burada Yazıçılar Birliyinin, şəxsən Anar müəllimin az-çox yaradıcılıq istedadı olan gəncliyə yaratdığı şərait, daha doğrusu, verdiyi geniş meydan da az rol oynamırdı.

...Həyatın parodoksları həmişə olub... Anar qədər gəncliyə qayğı göstərən Yazıçılar Birliyi rəhbəri olmadığı kimi, Anar qədər məhz gənclik tərəfindən tənqidə, hətta təhqirə məruz qalanı da təsəvvür etmək çətindir.

...MM-də Mədəniyyət Komissiyasının sədri idi. Məni yanına çağırdı. Və təklif etdi ki, “Azərbaycan dilinin qorunması haqqında” qanun layihəsi hazırlayaq, işçi qrupunun başçısı da sən ol... İş elə gətirdi ki, layihənin müzakirəsi başa çatmamış mən də Ağstafadan YAP-ın (Prezidentin!) namizədi kimi MM-ə seçildim. İşçi qrupunun rəhbəri olaraq başladığım bu işi millət vəkili olaraq başa çatdırmağı da Anar müəllim Mədəniyyət Komissiyasının sədri kimi mənə həvalə etdi.

...Layihənin müzakirəyə çıxarılmasına hansısa qüvvələrin mane olmasından şübhələnirdik. MM rəhbərliyi birinci, xüsusilə ikinci oxunuşda layihəyə tutulmuş əsassız iradları bəhanə gətirib üçüncü oxunuşda müzakirəni gecikdirirdi.

Həmin “irad”ların biri belə idi ki, preambuladakı “türk mənşəli Azərbaycan dili” ifadəsindəki “türk mənşəli”ni çıxardaq. Çar-naçar razılaşdıq... İkincisi belə idi ki, Azərbaycanda azsaylı xalqların dilləri də var, Azərbaycan dilini qorumaq barədə xüsusi qanun olarsa, azsaylı xalqlar inciyər. Onu da izah etdik ki, Azərbaycan dili – dövlət dilidir, Azərbaycanda yaşayan bütün xalqlar üçün ümumi ünsiyyət vasitəsidir, onun xüsusi tarixi statusu var və s. və i... Üçüncü “irad” lap qəribə (Türkiyə türkləri demiş, “karib”!) idi: Azərbaycan dilinə belə bir səlahiyyət vermək Azərbaycana gələn rus, ingilis və s. beynəlxalq dillərin hüququnu məhdudlaşdırmaq olmayacaqmı?..

Üçüncü “irad”ın sahibinə dedim ki, filankəs müəllim, biz öz dilimizin namusunu qoruyaq, o dillərin namusunu qoruyan onsuz da kifayət qədərdir.

... Və bu məqamda Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” məşhur fərmanı dərc edildi. Mən belə bir fərmanın çıxacağı barədə əvvəldən bilirdim. Qanun layihəsində mövcud olan müddəaların çoxu həmin fərmanda da əks olunmuşdu. Və xüsusi olaraq demək istəyirəm ki, Azərbaycan dövlətçiliyinin tarixində Azərbaycan dilinin ictimai- siyasi, elmi, mədəni mövqeyini yüksəldən belə bir sənəd heç bir zaman qəbul edilməmişdi.

Fərmanın qəbulundan sonra MM rəhbərliyi belə qərara gəldi ki, daha ayrıca qanuna ehtiyac yoxdur. Bu da opponentimiz olan millət vəkillərində layihənin uğursuzluğu, “iradlar”ının isə əsaslılığı barədə yanlış təsəvvür yaratdı... “Mübarizə bu gün də var, yarın da; Mən də onun ən ön sıralarında” devizini rəhbər tutan Anar müəllim Prezidentlə danışdı. Layihəni bir az da təkmilləşdirib Prezident Aparatına göndərdik. Məsləhət belə oldu ki, layihə yenidən ikinci oxunuşda müzakirəyə, ancaq “Azərbaycan Respublikasının dövlət dili haqqında” adı ilə verilsin.

...Və müzakirə başlandı.

Yenə həmin “iradlar”, yenə həmin etirazlar... “Həmin dalğa, həmin koordinat”...

İclasın sonuna az qalırdı. Çıxış edib təklif elədim ki, layihə səsə qoyulsun. Etirazların çoxluğundan narahat olan sədr – Murtuz Ələsgərov bir az da əsəbi:

– Necə səsə qoyaq? Görmürsünüz ki, keçməyəcək... – dedi.

Yenidən söz aldım:

–Hörmətli Murtuz müəllim, biz bu layihəni cənab Prezidentin bu günlərdə verdiyi fərmandan, demək olar ki, köçürmüşük. Xahiş edirəm səsə qoyun, heç olmasa fərmana münasibəti bilək, – dedim. Bilirdim ki, risk edirəm, ancaq başqa yol yox idi... Murtuz müəllim ani tərəddüddən sonra layihəni səsə qoydu. Və yekdilliklə qəbul edildi.

Keçirdiyi gərginlikdən sonra Anarın çöhrəsində əmələ gələn yorğun təbəssümü görmək çox xoş idi.

Bir dəfə Yazıçılar Birliyinin yetmiş illik yubileyi ərəfəsində Anar müəllim elə MM-in iclasında məndən soruşdu ki, səni hansı fəxri ada təqdim edək?.. Bilirdim ki, qələm əhli onu fəxri ad, mükafat xahişi ilə yorub. Dedim:

– Anar müəllim, mən bütün adları almışam, bircə xalq şairi adım yoxdur.

Gülümsündü:

– Axı sən şeir yazmırsan, – dedi.

– İki- üç gecə yatmayıb yazaram.

– Onda yaz, baxaq.

Nə mən şeir yazası deyildim, nə də Anar müəllim məni xalq şairi adına təqdim edəsi... Ancaq yaxşı zarafat da bir əsərdir.

Anar müəllim danışırdı ki, bizim məşhur bir yazıçımız müsahibə verib deyib ki, elə ailələr var, orada üç xalq şairi, ya yazıçısı olub, belə də şey olar?..

Mən də Vaqif Səmədoğluna dedim ki, üç xalq şairi, ya yazıçısı bir sizin ailədə olub, bir də bizim ailədə. Gəl, onun cavabını verək... Dillənmədi. Gedib bir həftədən sonra mənə zəng elədi ki, Anar, o müsahibədə sizin ailə nəzərdə tutulur, bizdə artıq beş oldu, Xavər xanımla Aybəniz xanım da fəxri ad aldılar...

MM-in üçüncü çağırışında mən Anarı “əvəz eləməli” oldum. Mədəniyyət Komissiyasının sədri seçildim. Və həmişə çalışdım ki, onun rəhbərlik üslubunu davam etdirəm. Xırda əlavələrlə...

...Moskvada Dövlət Dumasında rus dilinin MDB-dəki vəziyyətinə həsr olunmuş dinləmələr keçirilirdi. MM- dən məni göndərdilər. Nə qədər qəribə olsa da, bu, Moskvaya ilk səfərim idi... Səfirliyimizin əməkdaşı ilə birlikdə Dumaya getdik. Dinləmələrə MDB ölkələrinin hər birindən nümayəndələr gəlmişdilər – əksəriyyəti öz ölkəsinin parlamentində elm, təhsil, yaxud mədəniyyət komissiyasının sədri idi. Görkəmli rus dilçiləri də iştirak edirdilər.

Ermənistanın nümayəndəsi çox məzmunsuz bir çıxış elədi. Dedi ki, bizdə rus dilinə böyük hörmət var, Rusiya prezidentinin xanımı Yerevana gələndə bunu öz gözləri ilə görüb etiraf etdi.

Söz mənə veriləndə dedim ki, bu yaxınlarda Rusiya prezidentinin özü Bakıda oldu, Slavyan Universitetini ziyarət elədi və məmnun qaldı. Ancaq məsələ bunda deyil, biz hamımız yaxşı bilirik ki, ermənilərin, gürcülərin, yaxud Baltikyanı xalqlarının rusca danışması ilə rus dili beynəlxalq dil ola bilməzdi... Rus dili ona görə bu səviyyəyə yüksəldi ki, iyirmi beşdən artıq türk xalqı rusca danışdı. Bəs həmin münasibətin qarşısında Rusiya neylədi?.. Bu gün isə vəziyyət on beş- iyirmi il bundan əvvəlki kimi deyil. Dünya elminin, texnikasının, mədəniyyətinin yeniliklərini bizim hamımız, o cümlədən Rusiya ingilis dili vasitəsilə öyrənir. Ona görə də, birincisi, rus dili elə bir səviyyəyə qalxmalıdır ki, onu öyrənməyə ehtiyac olsun; ikincisi, MDB ölkələrində Rusiyaya, rus xalqına xoş münasibət yaradılmalıdır ki, bu da Rusiyanın əlindədir. Əgər sovet dövründə rus dili – “Leninin dili” kimi “sevilirdi”sə, bu gün belə sevgilər yerimir...

Mənim fikrimlə, demək olar ki, hamı razılaşdı; çıxışlarında istinad da elədilər. Hətta Ukrayna nümayəndəsi rus dilinin Ukrayna dilini zaman- zaman sıxışdırdığını, bu gün də belə cəhdlərin olduğu barədə həyəcanlarını ifadə etməkdən çəkinmədi.

...Günlərin bir günü filologiya fakültəsinin dekanlığında gündəlik işimlə məşğul olduğum vaxt Prezident Aparatı Humanitar şöbəsinin müdiri Fatma Abdullazadə məni aparata çağırtdırdı. Dedilər ki, səliqəli geyin, cənab Prezident qəbul edəcək... Mən ümumiyyətlə, normal geyinən adamam, ancaq “səliqəli geyinmək” söhbəti olanda o dəqiqə başa düşürəm ki, bəli, qalstuk bağlamaq lazımdır.

Vaxtilə prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş, indi isə dekanlığın metodisti Aydın Rzayevdən xahiş etdim ki, qalstukunu bir- iki saatlığa mənə ver. Alıb cibimə qoydum, getdim Aparata... Fatma xanım ayaqdan başacan məni süzüb başını bulayanda dedim ki, qalstukum var, cibimdədir.

Dedi:

– Cənab Prezidentin qəbul otağına düş, məni gözlə.

Aşağı düşə-düşə qalstuku taxdım, üst-başıma fikir verdim... Məlum oldu ki, başımı çox qırxdırmışam, ayağımda idman ayaqqabısıdır – “Krassovka”... Ancaq eybi yox. Şalvarın balağı üstünü örtür.

Gəlib mühafizəçilərlə görüşüb yanlarında əyləşdim. Başladıq ordan-burdan danışmağa... Prezidentlə (Heydər Əliyevlə!) üzbəüz görüşün həyəcanı məni elə sarmışdı ki, görüşqabağı özümü toplamaq istəyirdim.

Birdən Fatma xanım gəldi, ətrafa boylandı və soruşdu:

– Nizami Cəfərov hara getdi?

Ayağa duranda təəccüblə:

– Elə bildim sən də mühafizədənsən, – dedi.

...Fatma Abdullazadəyə həmişə böyük hörmətim olub. Biliyinə, təmkininə, mübarizliyinə... Akademiyada partkom olandan qiyabi tanıyırdım. Prezident Aparatında işləyəndə “Dədə Qorqud Ensiklopediyası”nın hazırlanmasına məni də cəlb etmişdi. Onda gördüm ki, Fatma xanım elə bir təfəkkür sahibi, elə bir təşkilatçıdır ki, doğrudan da, heç nədən böyük bir “Ensiklopediya” yarada bilər...

Fatma xanım öndə, mən arxada Prezidentin kabinetinə daxil olduq. Yaxınlaşanda azacıq qalxıb əl uzatdı, “əyləş” dedi. Gözlədim, əvvəl Fatma xanım, sonra mən əyləşdim... Başımı qaldırmağa ehtiyat edirdim. Birdən çox mülayim bir səs eşitdim:

– Sən professorsan, dekansan, akademiyanın müxbir üzvüsən, millət vəkilisən.. Bir vəzifə də indi veririk... Baş gicəllənmə-filan əmələ gəlməyəcək ki?.. Yazıçıların qurultayı vaxtı dedilər gəncsən. İndi neçə yaşın var?

– Qırxı keçmişəm, cənab Prezident.

Gülümsündü:

– Yox, daha gənc deyilsən, deməli, başgicəllənmə əmələ gəlməz.

Dillənmədim. Nə deyəcəkdim? Dahi bir dövlət adamının qarşısında idim. Hərdən başımı qaldırıb ona baxa bilirdimsə, özü böyük iş idi.

– Yəqin xəbərin var, Azərbaycanda Atatürk Mərkəzi yaratmışıq. Səni oraya başqan məsləhət bilirik...

– Çox sağ olun, cənab Prezident.

– Mən Ankarada xəstəxanada olanda yanıma Rəşad Gənc, bir də Sadıq...

– Tural.

– Hə, Sadıq Tural gəlmişdi. Türkoloqdurlar... Tanıyırsan... Məsləhətləşdik ki, Bakıda belə bir mərkəz yaransın... Atatürk böyük tarixi şəxsiyyətdir... Onu öyrənmək lazımdır...

– Cənab Prezident, həm onu öyrənəcəyik, həm də Sizi...

Gülümsündü:

– Yox, Atatürkü öyrənin,- dedi.

Bəzi məsləhətlər verdi. Türkiyə iş adamlarının Azərbaycandakı fəaliyyəti, Azərbaycan xalqının Türkiyəyə məhəbbəti və s. barədə. O qədər mehriban mühit yaratdı ki, cəsarətlənib bir- iki sual da mən verdim...

– Cənab Prezident, deyirlər ki, Siz inqilab illərində İranda olmusuz, Səhənd Sizə poema həsr edib...

Yenə gülümsündü:

– Poema yox, iki şeir həsr edib, arxivimdədir, – dedi- Sən hardan bilirsən?

– Cənubi Azərbaycan ədəbiyyatını araşdırmışam.

– ...İrana rəsmi səfərə getmişdim. İstədim Təbrizi görəm. Etiraz elədilər, dedilər ki, orada Sizin mühafizənizi təmin edə bilmərik.

...Söhbət o qədər gözəl oldu ki, mənim buraya nə üçün çağrıldığım da yadımdan çıxdı.

Axırda Prezident sərəncama qol çəkdi, Fatma xanıma da dedi ki, gözəl bir bina var, onu çoxları istəyib, ancaq Atatürk Mərkəzinə qismət oldu... Mərkəzə bir maşın da verin...

Sağollaşıb çıxandan sonra Fatma xanım:

– Cənab Prezident hələ təyinata gələn heç kimlə bu qədər söhbət eləməyib, – dedi.

...Çox keçmədi ki, mərkəz fəaliyyətə başladı. Və Azərbaycan xalqının ümummilli liderinin bütün göstərişlərini həyata keçirməyə çalışdıq...

Türkiyənin dövlət xadimləri ilə görüşlərin birində Heydər Əliyevin Mərkəzin başqanı barəsində işlətdiyi – “çox böyük bir professor” ifadəsi mənim üçün indiyə qədər aldığım (və bundan sonra alacağım) adların ən böyüyü oldu...

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2010.- 25 sentyabr.- S.14.